Cüme, 29.03.2024, 01:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Sentyabr » 13 » KƏRAMƏT SAHİBLƏRİNİN KƏRAMƏTLƏRİ
    22:17
    KƏRAMƏT SAHİBLƏRİNİN KƏRAMƏTLƏRİ
     
     
     
     
     
     
    Bu yazımda bizə nümunə olacaq şəxslərin başına gələn əhvalatları sizlərə nəql edəcəm.

    Dövrün kamil arif və müctəhidi Ayətullah Məhəmmədtəqi Bəhcət: "Hacı Məhəmmmədəli Fəşəndi İmam Zamanın məhzərinə yetişən zaman, İmama (ə) deyir ki, camaat təvəssül duası oxuyur və sizin intizarınızdadır, onlar sizi səsləyirlər; dostlarınız narahatdır. Həzrət buyurub: "Bizim dostlarımız narahat deyillər". Kaş əyləşəydik və həzrət Qaibin (əc.) nə zaman zühur edəcəyi barədə bir-birimizlə söhbətləşəydik, bununla da, heç olmasa, ən azı fərəcin intizarında olanlardan hesablanaydıq. Bu yola yalnız o həzrət üçün olan adamları istəyirlər. O kəslər zühurun intizarında olanlardan sayılırlar ki, Allah üçün və Onun yolunda İmam Mehdinin intizarında olmuş olsunlar, şəxsi ehtiyaclarını ödəmək üçün deyil. Görəsən nə üçün biz heç olmazsa, xristianlar sıxıntı və çaşqınlıqda olarkən İncillə rabitələri olduğu kimi o Həzrətlə rabitəmiz yoxdur?!"


    Ayətullah Hüseyni Tehrani Ustad Qazinin tərbiyəvi göstərişləri barədə belə deyir:

    "Qazi şagirdlərindən hər birinə onların istedadlarına uyğun, şəri əməllərin batini ədəb-ərkanına riayət etməklə qanunlar çərçivəsində xüsusi əxlaqi tapşırıqlar verirdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazır edirdi. Onun “Səhlə” və “Kufə” məscidlərində kiçik bir hücrəsi (otaq) var idi. Bəzən gecələr bu hücrələrdən birində sübhə qədər ibadətlə məşğul olar və bunu öz şagirdlərinə də tövsiyyə edərdi".

    Son dövrümüzün nadir incilərindən olan Ustad Qazi 1366-cı il rəbiül-əvvəl ayında əbədi dünyaya qovuşdu. O, öz hicrəti ilə mənəviyat oduyla yanan ürəklərdə matəm qurdu. ("Nubəqaul-bəşər”, Ağa Bozorg Tehrani, 4-cü cild, səh. 1566)

    Qazinin elmi-tərbiyəvi metodu
    Rəhmətlik Qazi dövrünün adlı-sanlı müctəhidlərindən olmasına baxmayaraq, öz evində tədris etməyi daha üstün tutardı. O, fiqh bölməsindən dərs deyər və camaat namazını da tələbələri ilə öz evində qılardı. Ustad Qazi namazı çox yavaş qıldığı üçün, onun namazları həmişə uzun çəkərdi. Günəş qürub edən kimi “şam” namazını qılar və sonra isə namazın təqibatını oxumağa başlayardı.

    Mübarək ramazan ayında tələbələr onun camaat namazından feyz almaq üçün mənzilinə gedərdilər. Bəzi tələbələr günəş batan vaxtı göyün üzündəki qızartı tam itməmiş namaz qılmadıqları üçün, Qazidən bir az da səbir etməsini xahiş edəndə, o da gözləyərdi. Rəhmətlik Qazi günəş tam batan kimi iftar edərdi.

    Ramazan ayının yalnız birinci və ikinci ongünlüyündə gecələr təlim və tədris edərdi. Amma ramazanın sonuncu ongünlüyündə dərsləri tətil edərdi və ayın sonuna qədər heç kim Ağa Qazini görməzdi. Bu müddət ərzində tələbələr onu görmək üçün Kufə və Səhlə məscidlərinə və Kərbəlaya gedər, amma ondan xəbər tuta bilməzdilər. Bu, onun ömrünün sonuna qədər icra etdiyi proqramlardan biri idi.

    Rəhmətlik Qazi ərəb dilini çox gözəl bilirdi. Onun öz dediyinə görə, qırx min ərəb sözünü hifz etmişdi. Ərəbcə şer oxuyanda, hətta ərəblər belə onun qeyri-ərəb (İranlı) olduğunu ayırd edə bilməzdilər.

    Bir gün Şeyx Abdullah Mamaqani sözarası Qaziyə deyir: "Mən ərəb dili və ədəbiyyatını kamil bildiyim üçün əgər bir şəxs ərəb dilində şer desə, onun ərəb və ya qeyri-ərəb olduğunu dərhal deyə bilərəm. Hətta əgər o şer gözəl fəsahət və bəlağətlə deyilmiş olsa da".

    Qazi ərəb şairlərin birindən bir qəsidə oxumağa başlayır. Qəsidənin ortalarında barəsində qabaqcadan fikirləşmədiyi şerlərindən bir neçəsini də əlavə edir. Sonra Şeyx Mamaqaniyə buyurur: “Bunlardan hansını qeyri-ərəb yazmışdır". Şeyx ayırd edə bilmir.

    Ayətullah Qazi Quranı təfsir və məna etməkdə çox yüksək istedada malik idi. Rəhmətlik Əllamə Təbatəbai buyurmuşdur: “Quranda ayəni ayə ilə təfsir etmək metodunu bizə Qazi öyrətmişdir. Biz onun kəşf etdiyi yolun davamçılarıyıq. Həmçinin “Fiqhul-hədis” deyilən on dörd məsumdan nəql olunmuş hədislərin mənasını dərk etmək metodunu da ondan öyrənmişdik".

    Rəhmətlik Qazi nəfsin və əxlaqın paklaşdırılmasında, ilahi maarif sahəsində, seyri-süluk məqamında, qeybi mükaşifələr və eyni müşahidələr xüsusunda əsrinin yeganəsi olmuşdur. İlahi sirlərlə dolub-daşan və əzəmətli bir dağa bənzəyən Qazi, tələbələrinin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirərdi. Gündüzlər tələbələri üçün öz evində xüsusi məclis təşkil edər, onlara moizə və nəsihət etməyə çalışardı. Onun verdiyi tərbiyəvi dərslər nəticəsində böyük şəxsiyyətlərin bir çoxu haqq yolunda addımlayaraq yüksək kamal və məqam sahibi olmuşlar ("Mehri taban”).


    Müvəhhidlər ağası
    Əxlaq ustadlarından biri nəql edirdi ki, Əllamə Təbatəbai deyirdi: “Rəhmətlik Qazi Allah təqdirinə razı və tövhiddə qərq olmuş bir şəxs idi. O, otuz altı nəfərlik bir ailəyə başçılıq etməsinə baxmayaraq, özünü elə göstərirdi ki, sanki heç qəm-qüssəsi yoxdur. Bəzən Qazinin mənzilinə gedəndə onun ucadan güldüyünü görərdik. Biz onun bu hərəkətindən problemlərinin daha da çoxaldığını başa düşərdik. Çünki o, nə qədər çətinlikdə olsa, bir o qədər də şad olurdu.

    Seyid Əhməd Kərbəlayinin göz yaşları
    Şeyx Məhəmməd Hüseyni Xorasani Seyid Əli Qazidən belə nəql edir:

    “Bir dəfə gecəni oyaq qalmaq üçün “Səhlə” məscidinə getmişdim. Gecə yarısı bir nəfər məscidə daxil olub, İbrahim məqamı deyilən yerdə ibadətlə məşğul olmağa başladı. Sübh namazını qılandan sonra səcdəyə gedərək, gün çıxana qədər başını səcdədən qaldırmadı. O, səcdədə yanıqlı-yanıqlı ağlayıb, Allah-təala ilə münacat edirdi.

    Mənə çox maraqlı idi ki, bu şəxsin kim olduğunu bilim. Yaxınlaşanda, onun Seyid Əhməd Kərbəlayi olduğunu gördüm. O, o qədər göz yaşı axıtmışdı ki, səcdəyə getdiyi yer palçıq olmuşdu. Səhər açılan kimi qalxıb hücrəsinə getdi. Amma Seyid Əhməd Kərbəlayi dərs deyərkən onun gülüş səsi hətta məsciddən çölə də yayılırdı. (Tarixi hükəma və ürəfayi mutəəxxir bər Sədrul mütəəllihin, Mənuçehr Səduqi “Suha” səh: 135)

    Zahidlik nümunəsi
    Ustad Qazi şagirdlərindən hər birinə istedadına uyğun, əməllərin batini ədəb-ərkanına riayət etməklə şəri qanunlar çərçivəsində xüsusi əxlaqi tapşırıqlar verərdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazırlayırdı. Şagirdlərinə tapşırmışdı ki, namaz qıldığınız, Quran oxuduğunuz və zikr etdiyiniz vaxt, əgər gözəl sima və ya qeyb aləminə aid olan bəzi şeylər müşahidə etsəniz, onlara diqqət etmədən öz ibadətinizlə məşğul olun!

    Rəhmətlik Qazi əməl baxımından canlı nümunə idi. Nəcəf camaatı, xüsusilə də elm əhli ondan qəribə əhvalatlar nəql edirlər. Böyük bir ailə ilə ağır maddi durumda yaşamasına baxmayaraq, təvəkkül, təslim və tövhid məqamına elə qərq olmuşdu ki, bu çətinliklər onu az da olsun haqq yolundan ayıra bilmirdi. Nəcəf müctəhidlərindən biri deyir: “Bir gün meyvə-tərəvəz dükanına getmişdim. Qazi də dükanda idi. O, əyilib kahı götürürdü. Amma başqalarının tam əksinə olaraq yarpaqları qoca və solmuş kahıları seçirdi. Qazi yığdığı kahıları tərəzidə çəkmək üçün dükançıya verdi. Sonra bu kahıları əbasının altına tutub evə yollandı. O vaxtlar mən cavan bir tələbə, Qazi isə yaşlı qoca idi.
    Onun dalınca gedib dedim: "Ustad, mənim sizə bir sualım var. Niyə siz hamının etdiyi işin tam əksinə olaraq xarab və solmuş kahıları aldınız?"

    Dedi: “Ey cavan! Bu satıcı çox kasıb adamdır. Mən bəzi vaxtlar ona kömək edirəm. Amma iki səbəbə görə istəmirəm ona etdiyim bu kömək əvəzsiz olsun. Birincisi budur ki, onun izzət və şərəfinin aradan getməsini istəmirəm. İkincisi isə, Allah eləməmiş, zəhmətsiz qazanca adət edib öz alış-veriş işini boş tutmasın. Bizim üçün təzə kahı ilə solmuş kahının heç bir fərqi yoxdur. Mən bilirəm ki, bunları alan olmayacaq və satıcı günorta vaxtı dükanı bağlayanda bunları çölə tökəcək. Onun zərər çəkməməsi üçün mən onları aldım. ("Mehri taban", s. 30-32)

    Əllamə Qazinin xüsusi məclisləri
    Şeyx Məhəmməd Hüseyn Xorasani öz ustadı Əllamə Qazi haqqında belə deyir: “Ustad Qazi adətən gecələr əxlaq məclisi qurar və çıraq yandırmazdı. Nəcəf alimlərindən “batin əhli” olan bəziləri də məclislərində iştirak edərdilər. Adətən, əxlaqı necə islah etmək, mərifət və həmçinin irfan haqqında da söhbət edərdi. Amma əksər vaxtlarda insanın zati mərifəti və özünütanıma bəhslərindən söz açardı və əgər məclisə qəribə bir şəxs daxil olsaydı, dərhal sözünü dəyişib İmam Hüseynin (ə) ziyarətindən bəhs edərdi. Onun dediyinə görə insanların istedadları müxtəlifdir. Hər sözü hər adama demək düz deyil ("Tarixi hükəma və ürəfa", s. 141).


    Əllamə Qazinin Ayətullah Xoyi həzrətlərinə əməli tapşırığı
    “Nəcəfdə dini təhsillə məşğul olduğum illərdə müstəhəb əməllərə, həmçinin, vird və zikrlərə çox fikir verirdim. Hərdən Seyid Əli Qazinin mənəvi feyzlə zəngin olan məclislərində iştirak edir və o böyük şəxsiyyətin qüdsi nəfəsindən bəhrələnirdim. Bir gün ona dedim: “Mümkünsə, mənə də bir şey öyrədin, əməli bir tapşırıq verin".

    Qazi mənə əməli bir tapşırıq verib dedi: “Qırx gün bu tapşırığa əməl edərsən". Mən Qazinin verdiyi tapşırığa qırx gün əməl etdim. Qırxıncı gün mükaşifə halında gələcəkdə mənim üçün nə baş verəcəyini gördüm. Özümü, evdə minbərdə tədris etdiyimi və camaatın dəstə-dəstə mənim yanıma gəldiyini müşahidə etdim. Bütün bunlar sanki bir lent yazısı kimi gözümün önündən ötüb keçirdi. Birdən, İmam Əlinin (ə) hərəminin minbərindən “İnna lillah və inna iləyhi raciun” nidası səsləndi: Ey camaat! Ayətullah Xoyi vəfat etdi.

    Bu səsi eşidəndən sonra mükaşifə halından ayrıldım" ("Mərdane elm dər meydani əməl" c. 5, s. 386-387).

    Gecə namazı haqqında tövsiyyə
    Əllamə Təbatəbai buyururdu ki, təhsil üçün Nəcəf-Əşrəfə getmişdim. Qohumluq əlaqəmiz olduğuna görə bəzi vaxtlar rəhmətlik Qazinin hüzuruna gedərdim. Bir gün mədrəsənin darvazası önündə dayanmışdım. Qazi oradan keçib gedərkən məni görüb yaxınlaşdı və əlini çiynimə qoyub dedi: “Övladım, əgər bu dünyanı istəyirsən, gecə namazı qıl və əgər axirəti istəyirsən, yenə də gecə namazı qıl!”

    Onun bu sözü mənə çox böyük təsir etdi. Mən İrana qayıtmazdan əvvəlki beş il ərzində gecə-gündüz Qazinin qiymətli göstərişlərindən bəhrələnirdim. İrana qayıdandan sonra da vəfatına qədər onunla əlaqə saxlayırdım. O, məktub yolu ilə mənə xüsusi tapşırıqlar verirdi. Bizim aramızda ustad-şagird əlaqəsi var idi. Əllamə Təbatəbai deyirmiş ki, biz ələ gətirdiyimiz bütün nailiyyətlərə görə Ustad Qaziyə borcluyuq. ("Mehri taban”, s. 25-26.)

    Namazı ilk vaxtda qılmağın təsiri
    Rəhmətlik Əllamə və Ayətullah Behcət Qazidən nəql edirlər ki, “Əgər bir şəxs vacib namazlarını həmişə ilk vaxtında qılsa və ali məqamlara çatmasa, məni lənətləsin və gəlib üzümə tüpürsün" ("Dər məhzəri bozorqan”, s.99 ).

    İbrət dərsi
    Böyük ustadlardan biri xatirə dəftərində rəhmətlik Qazinin barəsində belə bir əhvalatı qeyd etmişdir:

    “Qazinin çox kasıb və pulsuz günlərindən biri idi. Bir nəfərin də ona borcu var idi. Qazi, dava gücünə də olsa gedib həmin şəxsdən pulunu almaq qərarına gəlir. Elə bu fikirlə mənzilindən çıxanda yolda iki nəfərin bir-biri ilə dalaşdığını görür. Onlardan biri digərinə belə deyirdi: "Dava etmək lazım deyil. Onsuz da mən sənin pulunu qaytaracağam".

    O, bu səhnəni görəndə, öz işi yadına düşür və geri qayıdır.

    Qazinin dediyinə görə həmin vaxtdan sonra maddi durumu yaxşılaşır və gözləmədiyi bir yerdən əlinə pul gəlir”.

    Məhbubla müzakirə
    Mötəbər şəxslərdən biri nəql edirdi ki, ustadlardan biri belə deyirmiş:

    “Rəhmətlik Qazi ömrünün son günlərini Məşhəddə ailəsinin yanında qalırdı və ağır xəstə olduğundan evdən çölə çıxa bilmirdi. Bu vaxtlarda Əllamə Təbatəbai ara-sıra ona baş çəkməyə gedər və Qazi üçün bir kitab (Onun dediyinə görə Əllamə Təbatəbai “Futuhati Məkkiyyə" kitabını oxuyardı) oxuyardı. Bəzən onların bu görüşü çox uzun çəkərdi. Bir dəfə rəhmətlik Qazinin xanımı Əllamə Təbatəbaiyə deyir:

    “Mümkünsə bizə tez-tez gəlin və Qazinin yanında çox qalın. Çünki siz burada olanda, sanki onun ağrıları sakitləşir və özünü daha gümrah hiss edir".

    Bəli, insan Allahla rabitə yaradıb “qürb” əhli olduğu zaman, istər-istəməz, qəlbində ilahi şövq artır, dərdi-qəmi və hətta ağır xəstəliklərin belə ağrısını unudur.

    “VADİÜS-SƏLAMDAN ANLADIM!”
    Seyyid Əli Qazinin əksər şagirdləri nəql edirdilər ki, Qazi Nəcəfin “Vadiüs-səlam” qəbristanlığına ziyarət üçün çox gedirdi. Onun ziyarəti üç, dörd saata qədər çəkirdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorulardı və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına etiraz edib öz qəlblərində deyərdilər: Axı ustad üç-dörd saat vaxtı niyə burda oturur? Görən yorulmur?

    Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Onun adı Məhəmmədtəqi Amuli və özü də Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən idi.

    Məhəmmədtəqi Amuli nəql edirdi: “Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiüs-səlamda oturur. Öz-özümə deyirdim ki, insan qəbristanlığa gəldi, gərək ziyarət edib, bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa bəsdir, daha bu qədər burda oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...

    Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, − hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim.

    Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mərifət dəryasından incilər toplayırdım.

    İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm, amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim, ikifikirli qalmışdım. Bu niyyətimi heç kimə bildirməmişdim.

    Bir axşam yatmaq istəyirdim. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstündə elmi və dini kitablar yığmışdım. Yatan vaxtı təbii olaraq mənim ayaqlarım kitablara tərəf uzadılmış olurdu. Öz-özlüyümdə dedim:

    Görən qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində durmurdu, bir az yuxarıda taxçaya yığılmışdı. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım.

    Səhər tezdən ustadım Qazinin yanına getdim, salaməleyk etdim, cavabımı verib dedi: Sənin İrana qayıtmağın məsləhət deyil, kitablara tərəf də ayağı uzatma, kitaba ehtiramsızlıq sayılır.

    Bu sözləri eşidəndə diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim:

    Ağa, siz hardan bildiniz?

    Dedi:

    -Vadiüs-səlamdan bildim.

    Qazi bu son cümləsi ilə uzun müddət Məhəmmədtəqi Amulinin xatirində ustadının Vadiüs-səlamda uzun müddət oturması ilə əlaqədar dolaşan şübhələrə də son qoydu”.

    “Kəramət sahibləri”
    Ə. Baqirzadə

     

     

     

    Məqamı əzəmətli arif Ayətullah Cavad Məliki Təbrizinin İmam Zamanla (əc.) münacatı

    Ey Əhmədin oğlu! Görəsən sənə tərəf gəlmək və səninlə görüşmək üçün bir yol varmı?

    Nə vaxt günlərimizi səninlə birgə keçirəcək, teşnəliyi yatıran çeşmələrinə varid olub sirab olacağıq?

    Susuzluğumuz çox uzun çəkdi, Mövlam! Nə vaxt sənin ləzzətli suyunla sirab olacağıq?

    Ey mənim mövlam və sərvərim! Görəsən nə vaxt bizi görəcəksən və biz də sənin qələbə bayrağını göylərə ucaltdığını görəcəyik?

    Ey mənim mövlam! Görəsən nə vaxt bir-birimizi görəcək və sənin məsləhətlərinlə hidayət olacağıq? Sonra da sən hər şeyin həqiqətini bizə öyrədəcək, düyünlərimizi açacaq, cəhaləti aradan qaldıracaq və naqislikləri kamil edəcəksən.

    Ey mənim ağam və mövlam! Ey ümid və arzum! Kaş aqibətimin necə olacağını biləydim! Görəsən camalının nuruyla gözlərim nurlanacaqmı? Görəsən vüsalına çata biləcəyəmmi? Yoxsa elə bu qəm-kədərlə qəbirə daxil olacaq, bu üzüntüylə də dünyanı tərk edəcəyəm?

    Ey ağa! Sənin hicranının uzunluğu məni öldürür, ancaq vüsalına olan ümid və zühur nişanələrin mənə həyat verir. Nə üçün belə də olmasın axı?! Əgər rəvayətlərdə verilən vədlər, zühurunun intizarı və onun böyük mükafatı olmasaydı, məhv olardıq. Allahın salamı olsun bizə bu vədlərlə, zühur intizarı ilə həyat bəxş edən kəslərə, bizi bu həqiqətlərdən agah edənlərə! Çünki bu məsələ aşiqlərinizin yaşamağa ümidli olmalarına səbəb olmuşdur. Bu bizim halımızın səsidir, Mövlacan:

    Nə vaxtacan səni axtarım, sərgərdan qalım? Necə və hansı dillə səndən söz açım? Bu çox ağırdır ki, yadlar sənin məmləkətində ağalıq iddiası ilə davamçılarına və hətta yaxınlarına hakimlik etsinlər, onlar da məzlumcasına sənə pənah apararaq kömək diləsinlər, lakin cavab eşitməsinlər. Allaha pənah bu dərdli müsibətlər əlindən: “İnna lillah və inna iləyhi raciun.”! Allaha pənah sənin olmamağından. Qeybinin uzanması nəticəsində tərəfdarlarının, çobansız sürü kimi başsız qalaraq qurdlara yem olmasından Allaha pənah aparırıq!

    “Mənə vəd ediblər, mənə vəd ediblər. Lakin eşq məhkəməsinin hökmü bunu gecikdirir. Axı eşq dini mənim dinimdir. Qəlbi məhbubu yad etməklə sevindir, qulaqlarımı vədləriylə nəvaziş et” (Şe`rin tərcüməsi).

    Ey ağam, çətinliklərdən sonra bir rahatlıq gələcəyini bilməsəydik, tab gətirə bilməzdik. Ancaq bunlar rahatlıq nişanələri olduğu üçün, bütün bunlara dözmək asandır və bu çətinliklər vasitəsilə sizə qovuşacağıqsa, sevimlidir, əzizdir.

    Ey mövlam, zaman sona çatdı. Sənin zühurun intizarındayıq. Sənin xatirənlə ömür sürür və zühur əlamətlərini izləyirik.

    Mövlam! İşlər çətinə düşüb, zülm və sitəm, çoxalıb, misli görünməmiş fəsadlar yer üzünü bürüyüb. Həvayi - nəfsin artması da buna əlavə olunub. Nəfsani istəklər bu cahanı yandırıb - yaxıb. Bu alçaq xislətin sayəsində şəhərlər, abadlıqlar xarabalığa çevrilib, insanlar, heyvanlar məhv olub.

    Ağa! Bəlalar çoxalıb, sirlər aşkar... Şikayətim yalnız sizə... Ağam! Sənin ayrılığın, hicranın bunların hamısından dözülməzdir. Axı səninlə olarkən bəlalara düçar olmaq, əzab-əziyyət çəkmək çox asan, çox rahatdır. Ağam! Bu məni sənə yaxınlaşdıracaqsa, sənə fəda olum, bu işdə tələs!

    “Nəylə və hansı işlə olursa-olsun, məni sənə qarşı olan məhəbbətimdə sınaya bilərsən. Bu zaman mən sənin razılığın olanı seçəcəyəm. Hər bir halda sən mənə özümdən də yaxınsan. Çünki, sən olmadığın zaman mən də olmayacağam” (Şe`rin tərcüməsi).

    Mövlam! “Sən hər bir qövmü məhv etməyə qadirsən. Sənin eşqin yolunda bütün canlılar məmnuniyyətlə başın qoyar. Sənin qulun heç zaman azadlıq istəməz. Sən onu azad etsən də, o səndən əl çəkə bilməz.

    O gözəllik ki, sən onu əzəmətinlə örtmüsən, hər növ əziyyətləri ləzzətli bilir” (Şe`rin tərcüməsi).

    Mövlam, ey arzum! “Ürəyim suya dönüb, incəlib, ona rüxsət ver ki, olan - qalanını da sənin yolunda fədfa etsin. Sən göstəriş ver yuxum da ərşə çəkilsin. Çünki, mən sənin bütün göstərişlərin müqabilində müti bəndəyəm. Bəlkə də yuxuda sənin mübarək vücudunu görmək mənə qismət oldu, bəlkə mənə bu inayət olundu“ (Şe`rin tərcüməsi).

    Ey Həbibim! “Əgər ömrüm vəfa etməsə, sənin qalmağın mənim getməyimə bağlı olar və əgər eşq yolu səni görməyimi himayə etməzsə, gözlərim qapanarsa, icazə ver, qoy gözlərim baxsın. Bəlkə bunun sayəsində ölümümdən öncə səni görən bir şəxsi görəm”.

    Ah! “Sənin istədiklərin necə məndə ola bilər?! Mənim bu göz kirpiklərim heç sənin ayaq tozun belə deyil” (Tərcümə).

    Mövlam! “Əgər can verən halda sənin tərəfindən mehribanlıqla bir müjdəçi gələrsə və canım ovcumda olarsa, dərhal ruhumu sənə təqdim edib deyərəm: Buyur!” (tərcümə)

    Ey sərvərim, mövlam! Ey mənim imamım! ”Mənim qəlbimin sınıqlığına, kiçikliyimə, yazıqlığıma, fəqirliyimə, və sənin ehtiyacsızlığına and verirəm, məni xain insanlara tabe etmə. Çünki mən sənin zəif aşiqlərindən biriyəm” (Şe`rin tərcüməsi) .

    Ey Ağam! Sənə qovuşmaq, səninlə birgə olmağın ləzzəti barədə və bir də öz yanında onlara yer verdiyin, ehsan etdiyin, səninlə görüşməklərinə icazə verdiyin, onlara elm öyrətməklə ucaltdığın, tövhid camlarını içirtməklə minnət qoyduğun, tövhid əhli məclisinə gəlməklərini qismət etdiyin şəxslərin halı barədə düşündükcə az qalır qəlbim həsrətdən parçalansın, ürəyim qeyrətdən iki yerə bölünsün.

    Ah! Ah! “Vay olsun mənim kimi qəlbi olanların halına” .

    “Ey bədənimin dərisi! Təmizlik məni səadətə çatdırmır. Ey ciyərim! Vusala yetməsən parça-parça olmalısan” (Tərcümə).

    Ey Ağam! Sənin aşiqlərin digər aşiqlərdən fərqlidir. Ona görə ki, sənin gözəlliyin digər mə`şuqların gözəlliyi ilə əsla müqayisə ediləsi deyil, sənin əzəmətin digər böyüklər kimi deyil. Çünki sən qəlblərin özünə məftunluq bəxş edirsən və onlar hər bir işdə sənə möhtacdırlar. Ancaq digər mə`şuqlarda bu xüsusiyyət yoxdur. Əslinə qalsa, aləmdə sizin gözəllik məzhərinizin bir cilvəsi olan şeylərdən savayı ayrı bir gözəllik və sizin böyüklüyünüzdən nəş`ət götürənlərdən savayı özgə bir böyüklük yoxdur.

    Sizin gözəlliyiniz Allahın gözəlliyinin, digər gözəlliklərsə sizin gözəlliyinizin tərənnümüdür. Sizin böyüklüyünüz Allahın əzəmətindən, sair məxluqların böyüklüyü isə sizin böyüklüyünüzdən qaynaqlanır.

    Sizdən ayrılıq başqa sevgililərin ayrılığı kimi deyil. Ona görə ki, məsələn, əgər birini məhbubu tərk edibsə deyirlər ki, məhbub onu tərk edib. Məhbubun onu tərk etməsinə görə həmin şəxsi sərzəniş etmirlər. Lakin siz birini tərk etsəniz həm camaat o şəxsi, həm də şəxs özü-özünü sərzəniş edir, qınayır və özünə heç bir şeylə təsəlli verə bilmir. Çünki demək olmaz ki, siz vəfasız olmusunuz və sizi sevənlərə rəğbətiniz yoxdur. Sizin bütün aşiqləriniz qəbul edirlər ki, sizin dostluğunuz və vəfanız onların dostluq və vəfasından çox-çox üstündür. Buna görə də sən onları tərk etdikdə mə`lum olur ki, onlar səhlənkarlıq etmişlər. Onların məhəbbətlərinin azlığı nadanlığın göstəricisidir. Buna görə də sənin tərk etdiyin kəs ən zərərə düşmüş, ziyana uğramış şəxsdir. Onun yeganə təsəllisi yalnız bu ola bilər ki, özünə təskinlik verərək desin:

    Gələcəkdə sizə qovuşar və hicran mükafatını alaram. Amma hansı mükafat sənin görüşündən daha qiymətli ola bilər axı?!

    Ey Mövlam! Hamımız sənə fəda olaq! Canım fəda olsun bənzəri olmayan uca məqam sahibinə! Canım fəda tayı-bərabəri olmayan şan-şərafət sahibinə! Nə vaxtacan səni axtarım, sərgərdan qalım? Necə və hansı dillə səndən söz açım? Bu çox ağırdır ki, yadlar sənin məmləkətində ağalıq iddiası ilə davamçılarına və hətta yaxınlarına hakimlik etsinlər, onlar da məzlumcasına sənə pənah apararaq kömək diləsinlər, lakin cavab eşitməsinlər. Allaha pənah bu dərdli müsibətlər əlindən: “İnna lillah və inna iləyhi raciun.”! Allaha pənah sənin olmamağından. Qeybinin uzanması nəticəsində tərəfdarlarının, çobansız sürü kimi başsız qalaraq qurdlara yem olmasından Allaha pənah aparırıq!

    Ey Sərvərim! Bunlar bizim dərdimiz. Amma sənin bunlara narahat olmağın bizim üçün daha dözülməzdir. Bu bizim qəlbimizi, başımıza gələn bəlalardan daha çox ağrıdır. Ona görə ki, sizin öz tərəfdarlarınıza olan mehribanlığınız, qeyrətiniz və riqqətinizdən xəbərdarıq. Müaviyənin əsgərləri İslam ölkəsi himayəsində yaşayan bir qarının boyunbağını zorla qarət etdikləri zaman: “Əgər bir müsəlman buna dözməyərək ürəyi partlasa, onu qınamaram”− deyə buyuran məgər sizin cəddiniz Əmirəlmö`minin deyildimi?!

    Bəs görəsən müsəlman qadınların başına min oyunlar gətirildiyi zaman siz hansı haldasınız?! Allah millətinə kömək olsun!

    Mövlam, səni and verirəm Allaha, məxluqatın şərəflisi Məhəmməd-Mustafaya, Əliyyi-Murtəzaya, qadınların seyyidəsinə, mə`sum babalarına, hidayət imamlarına, müharibə şirlərinə, şəhidlər sərvəri Həmzəyə və mələklərlə qoşa pərvaz edənə (Cə`fər Təyyara), bezmişik, başımıza gələn bəlalardan sənə şikayət edirik.

    İlahi, zəif qullarına kömək et, ey dərdlilərin pənahı! Onların şadlığını özlərinə qaytar ey mehribanların mehribanı! Zalımların zülmünü, küfr hakimiyyətini və düşmənlərin hiylələrini onlardan uzaqlaşdır. Öz vəlinin zühuruyla onların çətinliklərini tezliklə həll et və zülmlə dolmuş yer üzünü ədalətlə doldur.

    İlahi, mö`minlərin gözlərini din sahibinin camalıyla işıqlandır və onların mükafatını artır. Öz əzəmətli, adil hökumətini aşkar et və onun sayəsində haqqı dirçəlt, batili məhv et! Övliyalarına onun sayəsində izzət bəxş et, ucalt və düşmənlərini alçalt! O hökumətlə, seçilmiş insanlarının intiqamını al! Möminlərə verdiyin qələbə vədini və təqvalıların xeyirli aqibətini tezləşdir. Ey ən doğru danışan, ey ən qadir olan!

    “’əl-Müraqibat” kitabından
    Çevirən: M. Şahmərdanlı

    Və sonda böyük alimimizin bir buyruğun sizə çatdırıram

    “Həzrət Höccətin (ə.f.) zühurundan qabaq baş verən bu cinayətləri sezərkən məlum olur ki, o Həzrətin zuhuru bu amansız cinayətlərin qarşısını almaqda nə böyük sədd olacaq. Çünki, Həzrət zühur edəndən sonra hamı istər-istəməz Həzrətə tabe olacaq.

    Həmçinin məlum olur ki zülm və cinayətlər gərək o qədər baş versin ki, “muliət zulmən və cövrən-Yer üzü zülm və cinayətlə doldu”- kəlamı hamıya əyan olsun. Gərək bütün yer əhli harada, hansı diyarda yaşamağından asılı olmayaraq hiss etsin ki, zülm və cinayətin kölgəsi onların başı üstündədir. Eləcə də bütün dünya əhli, hətta kafirlər belə zülm və cinayətin sıxıntısını hiss etməlidirlər və bu bəladan onları nicat verəcək bir şəxsin yolunu gözləməlidirlər.

    İmamlarımız (ə) hədislərdə bizə xəbər veriblər:

    “İmamın qeybdə olduğu dövrdə iman və əqidə sahiblərinin çoxu çətinlik və sıxıntılar nəticəsində yollarından dönəcəklər”.

    Allah eləsin ki, bizim imanımız ta o vaxta kimi sağlam qalsın. Əgər belə olmasa, hətta zühur ərəfəsində imanımızı itirəndən sonra daha bizim o Həzrətin zühuru ilə nə işimiz, o Həzrətin bizimlə nə işi?!”

    Həzrət Ayətullah Behcət başqa yerdə buyurmuşdur:

    “Möminlərin Həzrətin zühuruna qədər sabitqədəm qalmaları, imanlarını qorumaları, o həzrətin zühurundan daha mühümdür”.

     

    HEKAYƏTLƏR WWW.SONUMID.COM  SAYTINDAN GÖTÜRÜLÜB
    iLKiN HÜSEYNİ MEDİA-İSLAM YAZARI
    Категория: DİNİ MƏQALƏLƏR | Просмотров: 1839 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Sentyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər