MEDIA-ISLAM.COM


 

بِسمِ الله الرحمن الرَحِيمِ

اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bismillahir-rəhmanir-rəhim

Bütün həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhli-beytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə (həzrət Məhdiyə) olsun!

 

 

MÜASIR INSANLARIN DINƏ YÖNƏLMƏSI VƏ ƏQIDƏ ÜSULLARININ BƏYAN EDILMƏSININ ZƏRURƏTI

 

Müasir dünyanı elm və texnologiya əsri adlandırırlar. Bəşər övladı son əsrdə bu sahələrdə çox ciddi irəliləyişlər əldə edərək elmi-texniki tərəqqiyə nail olmuşdur. Bunu da onun səciyyəvi xüsusiyyətlərindən hesab etmək olar. Amma bu xüsusiyyətlə yanaşı, müasir insanın dinə və dini məfhumlara diqqət yetirməsi kimi böyük və əzəmətli bir mədəniyyət də yaranmışdır.

Dinə yönəliş tarix boyu insanların ən mühüm təmayüllərindən biri olmuşdur. Mö`təbər tarixi sənədlərə əsasən, tarixin heç bir dövründə insanlar din məsələlərindən ayrı olmamışlar. Buna baxmayaraq, elmdə dərin və köklü dəyişikliklər edildiyi renesans dövründən sonra, bəşər övladı maddi təbiətə hakim kəsilmiş, müəyyən siyasi və mədəni amillərin tə`siri nəticəsində dinə olan meylləri nisbətən zəifləmiş, qərb cəmiyyətlərində dinə qarşı bir növ e`tinasızlıq yaranmışdır.

Bu ruhi xəstəlik də tədricən şərq ölkələrinə nüfuz edərək müəyyən qrupları öz tə`siri altına almışdır. Bu cərəyanlar o qədər irəlilədi ki, müasir elmin bəşəriyyətin bütün ehtiyaclarını tə`min etməsi, eləcə də dinin öhdəyə aldiği məsələləri həll edə biləcəyi təsəvvürü yarandı.

Lakin bir sıra təxribatçı və viranedici amillərin büruz etməsi bu təsəvvürün yanlış olmasını sübut etdi və bir daha göstərdi ki, bəşəriyyətin dini - mə`nəvi ehtiyacları nəyinsə gəlməsi ilə aradan qalxmır, heç bir şey dinin yerini verə bilməz. Biz bu amillərin üçünü qeyd etməklə kifayətlənirik:

1. 20-ci əsrdə Dünya müharibəsinin baş verməsi: On milyonlarla insan tələfatına səbəb olan birinci və ikinci dünya müharibələri dinə yadlaşan elmin vasitəsi ilə idarə olunurdu. Bəşəriyyətin arzularını gerçəkləşdirməyə qadir olduğu təsəvvür olunan elm isə, gözlənilmədən insanları belə bədbəxtçiliklərə, uçurumlara doğru sürüklədi!

2. Əxlaqsızlıqlara rəvac verilməsi nəticəsində ailə ocaqlarının dağılması: Qərb dünyasının əksər bölgələrində müqəddəs ailə ocağı özünün əsl mahiyyətini əldən verərək müvəqqəti və davamsız bir ictimaya çevrilmişdir. Məhz yeni elm də bu barədə müəyyən qədər rol oynamışdır. (Əlbəttə, məqsədimiz düzün yol göstərilməyən və başqa sözlə, dindən ayrı olan elmdir.)

Bu  o demek deyildir ki, müasir elm tam mə`nada ziyanlı bir şeydir. Əksinə, məqsədimiz budur ki, müasir elm və texnologiya dini və mə`nəvi rəhbərdən məhrum olduğu üçün, bütün ictimai və fərdi çatışmamazlıqların, nöqsanlı halların mənşəyi olmuşdur.

3. Bə`zi elmi fərziyyələrin özünü doğrultmayıb e`tibardan düşməsi: Bəşəriyyətin müasir elmə ifrat dərəcədə olan bağlılıq və nikbinliyini şiddətlə azaldan bu iki amildən əlavə, bə`zi elmi fərziyyələrin özünü doğrultmaması bəşəriyyətin dünya barəsindəki mə`rifətini göstərən yeni elmə inamının aradan getməsinə səbəb oldu, 19-cu əsrdə qərb dünyasının gözlərini örtən xam xəyal pərdələrini aradan qaldırdı.

Bu və sair amillər insanların bir daha özünün ilkin fitrətinə qayıtmasına, dini maarifə üz tutmasına səbəb oldu. Bəşərin özünü öz əli ilə dini məziyyətlərdən məhrum etdiyi zaman müddəti keçdikdən sonra teşnə insanlar kimi din adlı bir zülal çeşməsinin ardınca düşdü.

Bu məsələ o qədər aşkardır ki, heç bir dəlil-sübuta ehtiyac duyulmur. Dünyada baş verən dəyişiklikləri diqqətlə izləyən şəxslər həmin məsələdən tam agahdırlar. Yeni meydana gəlmiş bu təmayüllər yüksək sür`ətlə irəliləmişdir. Belə ki, dini məsələlər elmi-təhiqqat mərkəzlərində diqqət mərkəzində saxlanılır, mütəfək-kirlər və elm xadimləri onun barəsində təhqiqat aparırlar. Qısa müddət ərzində din və dini məsələlər barəsində külli miqdarda məqalə və kitab nəşr olunmuşdur.

Məşhur yazıçılardan birinin dediyi kimi:  “Dinə və mə`nəviyyata qayıdış qərbin cəmiyyətşünaslıq prinsiplərinin bünövrəsini təhdid edir. Buna görə də qərb mütəxəssisləri müsəlmanların bir daha dinə qayıtmasından vəhşət hissi keçirdikləri kimi, məsihilərin də öz dinlərinə qayıdışından narahatlıq hissi keçirirlər. Onlar həqiqətdə qərb cəmiyyətlərində insanların hər hansı formada olursa olsun, hətta fərdi həyatında olsa da belə, dinə və mə`nəviyyətə yönəlişindən, iman və mə`nəviyyətin hakim olacağından qorxurlar.

Qərb icmalçılarından biri həm müsəlman, həm də qeyri-müsəlman cəmiyyətlərində imanın artması və insanların dinə qayıdışı barəsində nümunələri qeyd etdikdən sonra qərbdəki ifratçı məsihilərə işarə edərək son illərdə nəzərə çarpacaq dərəcədə irəliləyiş olduğunu belə vurğulayır:  “Din ardıcıllarının sayının gündən-günə və müxtəlif formalarda artması son illərdə baş verən və yayılmaqda olan reallıqdır ki, ölkələrin çoxu üçün ciddi təhlükə sayılır.”[1]

Qeyd olunan qərəzli təhlillərə baxmayaraq, biz bu hadisələri müsbət qiymətləndirir və bəşəriyyətin bir daha dinə, imana qayıdışından sevinc hissi keçiririk. Lakin bu müjdə ilə yanaşı, nigarançılıq yaradan bir məsələ də vardır: Əgər bəşəriyyətdə yaranan bu teşnəlik düzgün şəkildə tə`min olunmasa və Allah eləməmiş, xam və yanlış əqidələr din adı ilə onlara təlqin edilsə, yenə də müasir insan öz axtardığını tapmayacaq və bir daha dindən üz çevirəcəkdir. Buna görə də cəmiyyətin dərdinə şərik olmaq istəyən qayğıkeş yazıçılara vacibdir ki, bu fitri çağırışa düzgün cavab verməklə, dini məsələləri səhih tərzdə irəli çəksinlər və bu kəsilməz ilahi feyzi haqq axtaran insanların ixtiyrına versinlər.

Dini məsələlərə yönəlişin dünya səviyyəsində olan bir hadisəyə çevrildiyi və dindən çıxanların bir daha dinə qayıtdıqları belə bir şəraitdə, şübhəsiz ki, öz şəxsi mənafelərini həqiqi dinə yönələnlərin məhv olmasında axtaran hər hansı dəstə və ya qruplar din adı ilə zəhərli qidanı din axtaranların ixtiyarına verəcəklər ki, onların dini yanğılarını söndürməklə yanaşı, öz çirkin niyyətlərini də həyata keçirsinlər.

Biz islam dinini səmavi dinlərin sonuncusu və ən kamili hesab edir və inanırıq ki, bu din bəşəriyyətin bütün sahələrdəki fərdi və ictimai ehtiyaclarını tə`min etməyə qadirdir. Buna görə də onun yüksək maarifini açıqlamaqda müxtəlif vasitələrdən istifadə etməli və bu qızıl fürsətlərdən düzgün din tə`limlərinin yayılması yolunda istifadə etməliyik.

Digər tərəfdən, biz inanırıq ki, Əhli-beyt (ə) məktəbi elə Qur`an və Peyğəmbərin vasitəsilə əlimizə gəlib çatan həqiqi və əsl islamdır. Həqiqətdə Əhli-beyt yolu elə bir haqq yoldur ki, heç bir məkrli əllərin uzadılmadığı halda bizi həqiqət zirvələrinə doğru aparır.

Tarix boyu Peyğəmbər Əhli-beytinə mənsub olan yüksək islam maarifinin özünəməxsus cazibədarlığı olmuş və həqiqət aşiqlərini özünə doğru cəlb etmişdir ki, bu da həqiqət aşiqlərinin onu müdafiə etmək yolunda canlarından keçmələrinə səbəb olmuşdur.

Dini həqiqətləri səmavi şəriətlərin sonuncu rəhbəri olan Peyğəmbəri Əkrəm (s) və onun pak Əhli-beytinin vasitəsi ilə axtarıb tapmaq istəyənlər bu yığcam kitaba müraciət etməklə öz yollarını ötüb keçmək üçün işıqlı bir çıraq tapmış olacaqlar. Bəli, onlar bu mö`təbər və qısa kitabı mütaliə etməklə Əhli-beyt (ə) məktəbinin həqiqətini dərk edə bilərlər. Daha artıq mə`lumat əldə etmək üçün isə yeri gəlmişkən qeyd olunan mö`təbər mənbələrə müraciət edə bilərlər.

Bu kitab bütün dünyaya e`lan edib bildirir ki, Əhli-beyt (ə)-ın əqidə üsulları və dini maarifi (əməl və əqidə çərçivəsində) bu kitabda qeyd olunanlardan ibarətdir. Bu kitabda qeyd olunanlarla uyğun gəlməyən mətləblər töhmətdən başqa bir şey deyildir və onun heç bir e`tibarı və dəyəri olmayacaqdır.

Burada sözümüzü xülasələndirərək Əhli-beyt (ə)-ın məktəbində olan islam e`tiqadiyyatının əsaslarını bəyan edirik.

Islam e`tiqadiyyatının hərtərəfli şəkildə araşdırılması onun külli məsələlərinin bəyan olunmasından asılıdır. Islami mə`rifət və bu dinin insan və kainat barəsindəki dünyagörüş yolları barəsində bəyanlar, bu dinin bütün imkan aləmi barəsindəki nəzəriyyəsini bəyan edir.

***

Allah barəsində mə`rifət nəzəriyyəsi məsələsini islam alimləri müfəssəl şəkildə bəyan etmişlər. Habelə, şiə alimləri də Allah barəsində mə`rifət kəsb etməyin (mə`rifətullahın) vacib olması barədə fikir birliyindədirlər. Çünki bu (mə`rifətullah), dinin kamilliyi olmaqla yanaşı, ilkin, zəruri vacibatdan sayılır. Bu barədə mərhum Əllamə Hillinin ifadəsinə nəzər salmağımız kifayətdir. O, “Hadi-əşər”in şərhində buyurur: “Bütün alimlər Allah, Onun sübuti və səlbi sifətləri (yə`ni Onun üçün səhih olan, Ondan uzaq olan sifətlər) barədə, habelə nübüvvət, imamət, məad barəsində təqlid əsasında deyil, möhkəm və kəsərli dəlil-sübut yolu ilə mə`rifət kəsb etməyin vacib və zəruri olmasında fikir birliyindədirlər. Bu məsələnin əhəmiyyətinə sübut olaraq bu şərif elm barəsində bütün müsəlmanlar arasında yazılan həddindən artıq kitabları göstərmək olar.

Biz isə, qeyd olunanlar barədə təfəkkür və düşüncənin vacibliyi dəlillərini qeyd edirik:

1-Əqli dəlil. Əqli dəlil dedikdə, ehtimal verilən təhlükəni, zərəri dəf etmək nəzərdə tutulur. Belə ki, əql bu barədə arxayınlıq, xatircəmlik əldə etmək, mümkün qədər bəhs aparıb istidlal, dəlil-sübut gətirməyi lazım bilir. Yalnız bu yolla həqiqəti aşkar etmək olaræ elə bir həqiqət ki, xətər və təhlükədən (cəhənnəm əzabından, ilahi əzabdan) uzaqlıq, mənafeyi (ilahi ne`mətlər və behişti) cəlb edib əbədi səadətə çatmaqla əldə olunur. Səbəbi də budur ki, e`tiqad üsullarına gətirilən məntiqi və əqli dəlillər nəticəsində ehtimali təhlükə dəf olunur və təhlükəni dəf etmək də əqlən vacibdir.

2-Əxlaqi dəlil. Əxlaqi dəlildən məqsəd budur ki, Ne`mət Sahibinə şükür etmək vacibdir, şükür də Onun barəsində mə`rifət kəsb etmədən qeyri-mümkündür.

Burada vacib dedikdə, şükür etməməyin əql sahibləri nəzərində məzəmmətə layiq olması nəzərdə tutulur. Digər tərəfdən isə, edilən şükür, Şükür Sahibinə layiq olmalıdır. Müxtəlif ideologiya və məzhəb sahiblərindən olan aqillər bu əxlaqi qanunun düzlüyünü təsdiq edirlər. Deməli, bu əxlaqi vacibi yerinə yetirmək üçün bu barədə “bəhs aparmaq” və “mə`rifət kəsb etmək” iki əsas prinsipdir.

3-Nəqli dəlil. Bu dəlil də qeyd olunan müqəddimələrdən sonra gəlir ki, dinin vacib etdiyi şər`i dəlilləri (çoxlu Qur`an ayələri və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətindən ibarət olan Islam şəriəti mənbələri) ehtiva edir.

Islam alimlərinin e`tiqad bəslədiyi bu üç dəlildən əlavə, qeyri-müsəlman filosoflarının da–istər onların mə`rifət bazislərinin əsası əqli bədihiyyata əsaslanan olsun, istərsə də təcrübi mə`rifətlərə–nəzərində müştərək nöqtə “mə`rifətin səhih dəlillə əldə olunması”dır.

 ELM VƏ MƏ`RİFƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 

Biz inanırıq ki, həqiqətən Allah-Taala bizə təfəkkür, idrak qüvvəsi verib, əql bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi mövcudat barəsində fikirləşək, şüurumuzu işə salıb dərindən təfəkkür edək, hikmətində, kainatdakı nişanələrində dərindən düşünüb, onun kainatda (afaq) və insanın daxili aləmində (ənfüs) təfəkkür edək. Belə ki, Allah-Taala buyurur:

 “Biz afaq və ənfüsdə (kainat və insanın mürəkkəb quruluşunda) olan ayələrimizi (əlamət, nişanə, mö`cüzə) onlara göstərəcəyik ki, Onun haqq olması onlar üçün aydın olsun.” “Fussilət” surəsi, 53

Başqa bir yerdə, ata-babaların yanlış və batil adət-ən`ənələrinə kor-koranə, qeyri-aqilanə təqlid etməyi məzəmmət etmişdir:

 “Onlara deyiləndə ki, “Allahın nazil etdiyinə tabe olun”, “yox! Biz ata-babalarımızın getdiyi yolla gedəcəyik”, deyə cavab verirlər Onların ata-babaları bir şey düşünməyib və hidayət yolunu tapmamış olsalar da (onlara tabe olacaqlarmı)?!” Bəqərə” surəsi, 170

Bunun kimi öz gümanları əsasında əməl edib haqqa tabe olmayanları da məzəmmət edir:

 “(Yolunu azanlar və müşriklər) Zənn və gümandan başqa bir şeyə tabe olmurlar.” “Ən`am” surəsi, 116

Həqiqətdə isə, bizim e`tiqadımız budur ki, əqlimiz xilqətdə təfəkkür edib kainatın Xaliqini tanımağı, Onun barəsində mə`rifət kəsb etməyi bizə öz əqlimiz, nübüvvət iddiası edən şəxs və onun mö`cüzəsi barədə təfəkkür etməyi vacib etdiyi kimi zəruri edir və bu barədə əqlimizdən başqa heç kimə təqlid etməyi–şəxsin məqam və mənziləti nə qədər böyük olsa da belə–səhih hesab etmir.

Çoxlu Qur`an ayələrində insanın təfəkkür, elm və mə`rifətə təşviq etdirilməsi həqiqətdə əql sahiblərinin müvafiq olduqları ideya və fikir azadlığını, müstəqilliyi bəyan edir. Həqiqətdə Qur`an bizim ruhumuzu qeyd olunan həqiqətlərlə agah olmaq, onlar barədə təfəkkür etmək üçün mə`rifət və təfəkkür iste`dadını hərkətə gətirir, insan zəkasını ayıldıb çiçəkləndirməklə onu, əqlin fitri tələbinə cəlb edir. Belə olan halda insanın e`tiqadi məsələlər qarşısında laqeyd qalması, onlara əhəmiyyət verməməsi və özünə bir yol seçməməsi, kiminsə dediklərini təqlid üzündən qəbul edib ona arxalanması səhih deyil. Əksinə, Qur`an ayələrinin təsdiqlədiyi əqli fitrətin tələbinə əsasən, hər insana vacibdir ki, “üsulid-din” adlanan e`tiqad əslləri barədə təhqiqat aparsın, dərindən düşünsün. Bu üsulların ən mühümü tovhid, nübüvvət, İmamət və məaddan ibarətdir.

 

“Ənkəbut” surəsinin 20-ci ayəsi:“De: yer üzündə seyr edin və baxın görün (O) xilqəti necə başladı!”

“Yunis” surəsinin 10-cu ayəsi: “De: baxın görün yerdə və göylərdəki nədir?”

“Ğaşiyə” surəsinin 17-21-ci ayələri də bu qəbildəndir:“Onlar dəvəyə baxmırlar ki, necə yaradılıb? Və səmaya baxmırlar ki, necə ucaldılıb? Və dağlara baxmırlar ki, necə bərkidilib? Və yerə baxmırlar ki, necə hamarlanıb? Bunları xatırlat, sən yalnız xatırladansan.”

(“Rum”, 8 “Öz nəfsləri barədə təfəkkür etmirlərmi?”)

(“Mühəmməd”, 48 “Bəs bil ki, Allahdan başqa heç bir mə`bud yoxdur.”)

“Ənbiya” surəsi, 24 “Yoxsa Ondan (Allahdan) başqa şeyləri özlərinə mə`bud seçirlər?! De: Öz dəlillərinizi gətirin!”)

 

 

Hər kəs bu kimi e`tiqad üsullarında ata-babalarına, yaxud başqa şəxslərə təqlid etsə, hökmən səhvə düçar olub haqq yoldan uzaqlaşar, inhirafa yuvarlanar və heç vaxt üzrlü sayılmaz.

Bu barədə əsas e`tiqadımız iki mətləbdən ibarətdir:

1-E`tiqad üsulları barəsində mə`rifət kəsb etməyin vacibliyiæ belə ki, bu barədə başqalarına təqlid etmək caiz deyildir.

2-Qeyd olunan vacib, şər`ən vacib kimi qəbul edilməzdən öncə əqlin hökmü ilə olan vacibdir.

Yə`ni rəvayətlərin əqli dəlilləri təsdiqləməsinə baxmayaraq, e`tiqad üsullarında mə`rifət və baxış dini rəvayətlərə əsaslanmamalıdır.

Əqlən e`tiqad üsulları barədə mə`rifət kəsb etməyin vacibliyi dedikdə əqlin bu üsullarda mə`rifətin, agahlığın zəruriliyini, onlar barədə təfəkkürün vacib olduğunu dərk etməsi nəzərdə tutulur.

 

 


 

[1] Henri Tinca  “Lomond” qəzetinin xüsusi buraxılışı, səh.150

 

 


al-shia, Media-islam.Com 2008.