MEDIA-ISLAM.COM


 

ÜMUMİ NÜBÜVVƏT

PEYĞƏMBƏRLƏRİN GƏLİŞINİN LÜZUMUNA AİD DƏLİLLƏR

 

Hikmətli Allah insanlara doğru yol göstərilməsi ilə mə`nəvi təkamülə çatması üçün yüksək məqama malik olan insanlar göndərmiş və onları, qeybi xəbərləri insanlara çatdırmaq üçün vasitə seçmişdir. Onlar insanların təkamülə çatması üçün Allah tərəfindən göndərilən peyğəmbərlərdir. Peyğəmbərlik məqamı İslamın əziz Peyğəmbərinin dövrünədək davam etmişdir. Hər hansı bir peyğəmbərin gətirdiyi din, onun dövründə yaşayan ümmətlər üçün ən kamil bir din olmuşdur. Əgər bu ilahi ne`mət davam etməsəydi, bəşər övladı mə`nəvi təkamülə çata bilməzdi.

İnsanın xilqəti hikmətli Allahın fe`li, işi olduğu üçün, təbiidir ki, onun yaranması da hədəfsiz və səbəbsiz deyildir. İnsan heyvanla müştərək olduğu nəfsani ehtiraslardan əlavə, əql, düşüncə və idrak qüvvəsinə də malikdir. Buna görə də insanın yaradılmasında ağlabatan, əsaslı  bir səbəb olmalıdır.

Digər tərəfdən, insanın əql və düşüncəsi, onun təkamülə çatmasında tam tə`sirli və zəruri olsa da, buna baxmayaraq, kafi şərt deyildir. İnsanın hidayət olunmasında əql və düşüncə ilə kifayətlənsək, o, heç vaxt təkamülə çatma bilməz. Bəşəri daim maraqlandıran məsələlərin ən mühümü Allah və məad (ölümdən sonrakı həyat) buna misal ola bilər. İnsan həmişə bilmək istəyir ki, haradan gəlmişdir, nə üçün gəlmişdir və haraya gedəcək. Əql və düşüncə təklikdə bu suallara mükəmməl cavab verməyə qadir deyildir. Müasir dövrdəki insanların elm və texnologiyada yüksək nailiyyətlər əldə edib elmi-texniki tərəqqiyə çatması ilə yanaşı, yenə də insan cəmiyyətinin bir çox hissəsinin bütpərəst olması bu müddəaya açıq-aşkar bir şahiddir.

Əql və düşüncənin kafi olması, yalnız məbdə (Allah) və məad mövzusuna məxsus deyildir; əksinə, o, həyati məsələlərin çoxunun həllində də aciz qalmışdır. İnsanların iqtisadiyyat, əxlaq, ailə münasibətləri və s. kimi məsələlərdə olan ixtilaflı fikirləri əqlin bu məsələləri düzgün dərk edə bilmədiyini göstərir.

Qeyd olunan incəliyə diqqət yetirməklə, sağlam əql belə hökm edir: Allahın hikməti tələb edir ki, insanlara düzgün yaşayış tərzini öyrətmək üçün ilahi rəhbərlər göndərilsin.

Əqlin yol göstərməsini asimani hidayətləri əvəz edə biləcəyini təsəvvür edənlər aşağıda qeyd olunan iki mətləbə diqqət yetirməlidirlər:

1-Bəşərin elmi və əqli insanı tam və mükəmməl surətdə tanımaqda, habelə varlıqların sirrini kəşf etməkdə acizdir. Halbuki, bəşərin Xaliqi insandan və onun vücudunun sirlərindən tamamilə xəbərdardır. Qur`ani-kərim buna işarə edərək buyurur:

 “Məgər yaradan (öz yaratdığı hər şeyi) bilməzmi? Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır.”[1]

2-İnsan nəfsani istək və ehtirasların tələbinə əsasən, istər-istəməz, həmişə öz şəxsi mənafeyini güdür, müəyyən proqram tökərkən, şəxsi və ümumi mənafelərin tə`sir dairəsindən tam surətdə ayrıla bilmir. Buna görə də bəşərin proqramları yüksək səviyyədə olmayacaq. Peyğəmbərlərin proqramları isə Allah tərəfindən olduğu üçün hər növ eyb və nöqsandan uzaqdır.

Deməli, bəşər ilahi hidayətlərdən və peyğəmbərlərin proqramlarından heç vaxt ehtiyacsız olmayıb və olmayacaqdır da.

 

QUR`AN VƏ PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNİN HƏDƏFLƏRİ

Qur`an ayələri və hədislər nöqteyi-nəzərindən peyğəmbərlərin göndərilməsinin lüzumu, zəruri olması, onların hədəflərini araşdıraq. Bunu da nəzərə alaq ki, Qur`anın bu məsələ barəsindəki nəzəri bir növ əqli tədqiqat hesab olunur.

Qur`ani-kərim peyğəmbərlərin göndərilməsinin hədəf-lərini aşağıda qeyd olunanlarda bilir:

1-Tovhid ideologiyasının və əqidəsinin möhkəmlən-məsi və bu məsələ ilə əlaqədar yaranan hər növ inhirafla mübarizə aparmaq:

 “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” - deyə, peyğəmbər göndərdik.”[2]

Buna görə də ilahi peyğəmbərlər daim müşriklərlə barışmaz mübarizə aparmış və bu yolda ağır əzab-əziyyətlərə mə`ruz qalmışlar. Həzrət Əmirəl-mö`minin Əli (əleyhis-salam) peyğəmbərlərin göndərilməsinin hədəfi barədə buyurur:

“Allah ona görə peyğəmbərləri göndərdi ki, bəndələri tovhid və Allahın sifətləri haqqında bilmədiklərini öyrənsinlər, habelə, (əvvəllər) inkar etdikdən sonra Onun birliyinə, yeganəliyinə inansınlar.”[3]

2-Xalqı qeybi xəbərlərlə, ilahi mə`rifətlə, düzgün tərbiyə yolları ilə tanış etmək:

 “Ümmi (savadsız) xalqın özlərinin içindən olan bir peyğəmbər göndərən O Allahdır. Bu peyğəmbər Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırar, onlara kitab və hikməti (elmi) öyrədər.”[4]

3-Xalq arasında ictimai ədaləti bərqərar etmək. Qur`ani-kərim bu barədə buyurur:

 “Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və mizan (ədalət tərəzisi) nazil etdik ki, insanlar (bir-birləri ilə) ədalətlə rəftar etsinlər.”[5]

Ədaləti bərqərar etmək dedikdə məqsəd budur ki, insanlar ictimaiyyətin müxtəlif sahələrində bir-birləri ilə ədalətlə rəftar edib, ilahi hökumət vasitəsi ilə onu həyata keçirsinlər.

4-İxtilaflı məsələlərdə düzgün mühakimə etmək:

 “İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasında, onların ixtilaflı olduqları məsələlər barədə hökm (mühakimə) etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi.”[6]

Şübhəsiz, bu ixtilaflar yalnız onların əqidələrinə məxsus deyildi, əksinə, həyatın müxtəlif sahələrinə də aiddir.

5-İnsanlara (bəndələrə) höccəti tamamlamaq:

 “Biz peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün, peyğəmbərlərdən sonra Allaha qarşı bir höccət yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir.”[7]

Şübhəsiz ki, insanın xəlq olunmasında bir hədəf vardır. Bu hədəf bəşərin həyatının bütün sahələrində mükəmməl proqramların nizama salınması ilə gerçəkləşir. Bu proqramlar Allah tərəfindən insanlara elə çatdırılmalıdır ki, onlara höccət tamamlansın və heç bir bəhanə yeri qalmasın.

***

 

Nübüvvət Allah-Taala tərəfindən tə`yin edilən bir vəzifə, Rəbbimizə məxsus olan bir elçilikdir ki, Allah-Taala bu vəzifəni Özünün saleh, insaniyyətdə kamil həddə çatmış övliyalarından olan bəndələrinə həvalə edir ki, sair insanları dünya və axirət səadətləri, məsləhət və mənafelərinə doğru hidayət edib, pis əxlaqlardan, yanlış adətlərdən paklasın, saflaşdırsın, onlara mə`rifət və hikmət öyrətsinlər, xeyir və səadət yollarını bəyan etsinlər, nəticədə insaniyyət özünə layiq olan kamal həddinə çatıb, dünya və axirətdə (Allah dərgahında) yüksək dərəcələrə yüksəlsin.

Həmçinin mə`nası gələcəkdə qeyd olunacaq “lütf qaydası”na əsasən vacibdir ki, Öz bəndələrinə qarşı lətif olan Xaliq, bəşərin düz yola hidayət olunması və cəmiyyətdə islahat işləri aparmaq üçün peyğəmbərlər göndərsin. O peyğəmbərlər də Allahın yer üzündəki səfirləri, canişinləri olsunlar. Allah-Taala camaata peyğəmbər tə`yin etmək, seçmək hüququ verməmişdir; onların peyğəmbər seçmək üçün heç bir ixtiyarları yoxdur. Bu işlərin hamısı Allahın əlindədir, çünki O,  “Öz risalətini harada qərar verməsini daha yaxşı bilir.”[8]

Allah-Taalanın xalqın hidayətçisi, bəşir (ilahi ne`mətlərə müjdə verən) və nəzir (ilahi əzabdan qorxudan) şəxs kimi göndərdiyi adam - peyğəmbər və onun gətirdiyi hökmlər, sünnət və şəriət barədə xalqın mühakimə haqqı yoxdur.

 

Əliyyibni Əbitalib (əleyhissalam) bir xütbədə asimanların, yerin, həmçinin Adəm peyğəmbərin yaranışını vəsf edib Peyğəmbərin be`səti barədə buyurur: “...və Allah (Adəmi yer üzündə məskunlaşdırdıqdan sonra onun) nəslindən peyğəmbərlər seçib onlardan əhd-peyman aldı (ki, Allahdan onlara əmr olunanları yerinə yetirib camaatı Allahı tanımağa də`vət etsinlər və bu yolda heç vaxt səhlənkarlıq etməsinlər və) vəhyə vəfalı qalıb ilahi vəzifəni təbliğ etsinlər.

İnsanların əksəriyyəti Allahın onlarla bağladığı əhdi pozub Onun haqqında cəhalətə düşdülər (və Onu yeganə bilmədilər). Ona şəriklər qoşdular, şeytanlar Allahı tanımaq, ilahi mə`rifət kəsb etmək yolundan azdırıb (və aldatdı), bəndələrin Ona ibadət və pərəstiş etməkdən yayındırdı. Belə olduqda, Allah Öz bəndələri arasından peyğəmbərlər seçib bir-birinin ardınca göndərdi ki, Allahın onların fitrətlərində olan əhdi-peymanını, unudulmuş ne`məti (fitri tovhidi) onların yadına salsınlar, insanlara təbliğ etməklə höccət gətirsinlər. Onların (küfr, zəlalət və azğınçılıqla örtülmüş) gizli əql xəzinələrini kəşf edib işə salsınlar, müqəddər edilmiş nişanələri, ayələri: başları üzərində ucaldılmış tavanı (atmosfer qatını), ayaqları altında qərar verilmiş döşəməni (həyati əhəmiyyət kəsb edən münbit yer qabığını), onları diri saxlayan məişət (qanunlarını), öldürüb fani edən əcəlləri, qocaldıb əldən salan xəstəlikləri, tə`qib edən qəbirləri xatırlatsın. Mütəal Allah (heç vaxt) bəndələrini göndərilən bir peyğəmbərdən, yaxud nazil edilən bir kitabdan, yaxud qaçılmaz höccətdən, yaxud da mətin yoldan  boş etməmişdir. Elə peyğəmbərlər göndərmişdi ki, saylarının az, təkzib edənlərinin isə sayının çox olması onların işinin (ilahi vəzifənin təbliğat işinin) qarşısını ala bilmədi. Hər bir peyğəmbərə, ondan sonrakı peyğəmbərin adı əvvəlcədən deyilmiş, yaxud sonra gələn peyğəmbər əvvəlkini xalqa təqdim etmişdi. Bu qayda ilə qərinələr, əsrlər gəlib keçdi, oğullar ataların yerini tutdu, peyğəmbərlər bir-birini əvəz etdi. Nəhayət, Allah-Taala Öz peyğəmbəri Mühəmməd (s)-i seçdi ki, onun vasitəsi ilə (xalqa verdiyi) və`dləri həyata keçirsin, nübüvvəti tamamlasın. Elə Peyğəmbər ki, əvvəlki peyğəmbərlərdən onun barəsində əhd-peyman alınmışdı (ki, onun peyğəmbərliyini təsdiq edib be`sətini, peyğəmbər olmasını öz ümmətlərinə xəbər versinlər, nəticədə onun) əlamət və nişanələri hamıya aşkar, milad vaxtı mübarək və kəramətli idi. Bu zamanda yer əhli dağınıq, müxtəlif tayfalarda, dinlərdə, bid`ətlərdə, yollarda olub haq yoldan azmışdılar. Onlardan bə`ziləri Allahı Onun məxluquna oxşadır, bə`ziləri Onun adlarını özlərinin düzəltdikləri bütlərə qoyur, yaxud Ondan qeyrisinə işarə edirdilər. Allah-Taala onları Peyğəmbərin vasitəsi ilə düşdükləri zəlalətdən haqq yola hidayət edib, nadanlıqdan və cəhalətdən xilas etdi.” (“Nəhcül-bəlağə”, 1-ci xütbə)

 


 

[1] “Mülk” surəsi, ayə 14.

[2] “Nəhl” surəsi, ayə 36.

[3] “Nəhcül-bəlağə”, 143-cü xütbə.

[4] “Cümə” surəsi, ayə 2.

[5] “Hədid” surəsi, ayə 25.

[6] “Bəqərə” surəsi, ayə 213.

[7] “Nisa” surəsi, ayə 165.

[8]“Ən`am” surəsi, 124

 


al-shia, Media-islam.Com 2008.