MEDIA-ISLAM.COM


 

HƏZRƏT MUHƏMMƏD (S)-İN NÜBÜVVƏTİNİN İSBATI

Ondan əvvəl gələn peyğəmbərin onun peyğəmbərliyini təsdiq etməsi:

İlahi peyğəmbəri tanıma yollarının biri də onun özündən əvvəlki peyğəmbərin təsdiq edərək xəbər verməsidir. Çünki, əgər əvvəlki peyğəmbərin nübüvvətini qəti dəlillər isbat edirsə, şübhəsiz, onun özündən sonrakı peyğəmbərin gəlişi haqda verdiyi xəbərlər də qəti və mö`təbər bir sənəd olacaq. Qur`ani-kərimin bə`zi ayələrindən mə`lum olur ki, kitab əhli, İslam Peyğəmbərini öz övladları kimi yaxşı-yaxşı tanıyırdılar. Yə`ni o Həzrətin nübüvvət əlamətləri, onların asimani kitablarında çox aşkar şəkildə bəyan olunmuşdur. Hətta İslam Peyğəmbəri (s) bu sözü dedikdə, kimsə onu təkzib etmədi. Qur`ani-kərim buyurur: “Kitab verdiyimiz şəxslər (yəhudilər və məsihilər) onu (Mühəmməd peyğəmbəri (s)) öz övladlarını tanıdıqları kimi (yaxşı) tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.”[1]

Həzrət Peyğəmbər (s) buyurdu ki, İsa (ə) onun gəlişini müjdə vermişdir. Qur`ani-kərim İsanın dilindən belə buyurur: “Məndən sonra Əhməd adlı bir peyğəmbərin gəlməsini müjdə verirəm.”[2]

Kitab əhli Həzrətin bu sözünü eşitdikdə onu təkzib etmədilər, lakin onların bir qismi həqiqəti bilə-bilə gizlədirdilər. İncilin təhrif olunmasına baxmayaraq, yenə də “Yuhənna” İncilində (14-15-16-cı fəsillərdə) Həzrət İsa (ə) “Farqilata” (bəyənilmiş = Mühəmməd) adlı bir şəxsin gəlişini xəbər vermişdir. Bu barədə əlavə mə`lumat almaq üçün   “Ənisül-ə`lam” kitabına müraciət edə bilərsiniz.

***

Həzrəti Mühəmməd (s)-in mö`cüzələri, Qur`ani-kərimlə bitmir. O Həzrət müxtəlif münasibətlərdə xalqı razı salmaq üçün mö`cüzə göstərirdi. Əqli mühasibələr də Həzrət Peyğəmbərin (s) həyatında Qur`ani-kərimdən başqa, göstərdiyi sair mö`cüzələri sübut edir. Həzrət Peyğəmbər (s) Musa (ə)-ın doqquz mö`cüzəsindən, İsa (ə)-ın beş mö`cüzəsindən söhbət etmişdir. Görəsən, özünü digər peyğəmbərlərdən üstün sayan və onların sonuncusu olan Həzrət Mühəmməd (s) özündən qabaqkı peyğəmbərlər üçün müxtəlif mö`cüzələr saydığı halda, özünün təkcə bir mö`cüzəsi olmasını qəbul etmək olarmı?! Görəsən, insanlar qabaqkı peyğəmbərlərin o qədər mə`cüzəsini eşitməklə, Peyğəmbərdən (s) müxtəlif mö`cüzə göstərməsini istəməmiş, amma bir mö`cüzə ilə kifayətlənmişlər?!

Qur`ani-kərim Peyğəmbərin (s) müxtəlif mö`cüzələrini bəyan etmişdir ki, aşağıda onları qeyd edəcəyik:

1-Şəqqul-qəmər (ayın parçalanması): Müşriklər Peyğəmbərə (s) dedilər ki, işarə ilə Ayı iki hissəyə bölməyincə, biz sənə iman gətirməyəcəyik! Həzrət də Allahın izni ilə Ayı iki hissəyə böldü. Qur`ani-kərimdə buyurulur:

 “Qiyamət yaxınlaşdı, Ay (Peyğəmbərin mö`cüzəsi ilə) parçalandı. Əgər müşriklər (Mühəmmədin (s) peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mö`cüzə görsələr, üz döndərib, “Bu uzun müddət davam edən sehrdir!” deyərlər.”[3]

Axırıncı ayədən mə`lum olur ki, ayın parçalanması deyiləndə məqsəd qiyamət gününə deyil, Peyğəmbərin (s) dövrünə aiddir.

2-Me`rac: Həzrət Peyğəmbər (s) bir gecədə Məkkədən (Məscidül-həramdan) Fələstindəki Məscidül-əqsaya, oradan da göy aləminə səyahət etdi. Bu, Həzrətin Qur`ani-kərimdə bəyan olunan digər mö`cüzəsidir:

“Bə`zi ayələrimizi göstərmək üçün bəndəsini (Həzrət Peyğəmbəri (s)) gecə ikən Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir! O, doğrudan da, (hər şeyi) eşidən və biləndir.”[4]

3-Kitab əhli ilə mübahilə etmək (Mübahilə - iki şəxs münaqişəli məsələdə hansının haqq olduğunu isbat etmək üçün ən əziz adamlarını Allah dərgahına gətirib yalançı lə`nətləyirlər)

Peyğəmbər (s) öz peyğəmbərliyinin haqq olmasını sübut etmək üçün bir qrup kitab əhlini mübahiləyə də`vət edib buyurdu: “Gəlin, özümüzü, övladlarımızı və arvadlarımızı bir yerə yığıb mübahilə edək.”

Şübhəsiz, mübahilə iki qrupun birinin məğlub olması ilə tamamlanmalı idi. Amma o Həzrət öz hazırlığını e`lan etdikdə, kitab əhlindən olanlar onun müqavimətini, möhkəmliyini, habelə öz əzizlərini mübahiləyə gətirdiyini gördükdə, onun qoyduğu şərtləri qəbul edib məğlub oldular.

***

Həzrət İsa (ə) qeyb aləmindən xəbər verdiyi kimi İslam Peyğəmbəri (s) də vəhy vasitəsi ilə qeyb aləmindən xəbər verirdi. Onların biri romalıların iranlılara qalib gəlməsi, digəri isə Məkkənin fəth olunması idi.

Bunlar da Qur`ani-kərimdə qeyd olunan mö`cüzələrdəndir. İslam mühəddisləri və tarixçiləri o Həzrətin digər mö`cüzlərində də nəql etmişlər,

HƏZRƏT MÜHƏMMƏDİN (S) NÜBÜVVƏTİNİN XÜSUSİYYƏTLƏRİ

İslam Peyğəmbərinin də`vətinin ən mühüm xüsusiyyətləri dörd dənədir.

İslam dini xüsusi irqə, müəyyən millətə, hansısa iqlim qurşağına və zonaya məxsus deyildir. O, bütün dünya millətləri üçün gəlmişdir. Qur`ani-kərim buyurur:

 “(Ya Mühəmməd!) Biz səni (təkcə öz qövmünə deyil,) bütün insanlara müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik.”[5]

Həmçinin buyurur:

 “(Ya Mühəmməd!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.”[6]

Gördüyümüz kimi, o Həzrət öz də`vətini “Ən-nas” (bütün insanlar) kəlməsi ilə başlayaraq buyurur:

“Ey insanlar! Peyğəmbər Rəbbiniz tərəfindən sizə haqla gəldi. Ona iman gətirin ki, sizin üçün xeyirli olar.”[7]

Əlbəttə, Həzrət Peyğəmbər (s) öz də`vətini başlayarkən, ilk dəfə öz qövmünü ilahi əzabdan qorxutdu. Onlar üçün o Həzrətdən başqa, ilahi əzabdan qorxudan bir peyğəmbər gəlməmişdi. Qur`ani-kərim bu barədə buyurur:

 “O (Qur`an) səndən əvvəl heç bir peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmaq üçün Rəbbindən nazil olan bir haqdır.”[8]

Əlbəttə, bu mətləbin mə`nası o demək deyildir ki, o Həzrətin risaləti xüsusi bir qövmə məxsusdur. Çünki, bə`zən Qur`ani-kərim xüsusi bir qövmü haqqa də`vət etdiyi halda, dərhal həmin də`vəti bütün insanlar üçün də höccət qərar verib buyurur:

 “Bu Qur`an mənə vəhy olundu ki, sizi və ona yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxudum.”[9]

Mə`lum olduğu kimi, bütün peyğəmbərlər ilk növbədə öz qövmünü gətirdiyi dinə də`vət etməlidir  - istər onların də`vəti bütün insanlar üçün olsun, istərsə də təkçə bir məntəqə üçün. Qur`ani-kərim:

 “Biz hər bir peyğəmbəri, yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) onlara izah edə bilsin.”[10]

Əlbəttə, hər bir peyğəmbərin öz millətindən göndərilməsi, heç vaxt onun də`vətinin hansısa bir qövmə məxsus olması demək deyildir. İslam dininin müqəddəs kitabı olan Qur`ani-kərimin ərəb dilində nazil olması, da ilahi sünnət (davranış) sayılan “peyğəmbərlərin öz millətlərinin dilində danışması və onları başa salması” qanununa riayət etmək məqsədi daşıyır.

***

İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) gətirdiyi islam şəriətin ilahi şəriətlərin sonuncusu, o Həzrətin özü sonuncu peyğəmbər, gətirdiyi kitab da sonuncu asimani kitabdır. Yə`ni o Həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcək, onun şəriəti və dini Qiyamət gününə qədər əbədi qalacaq. Həzrət Peyğəmbərin (s) sonuncu peyğəmbər olmasından iki mətləb başa düşülür:

1-İslam dini, ondan əvvəl gəlmiş dinləri qüvvədən salır və onun gəlişi ilə keçmiş dinlər rəsmiyyətdən düşür.

2-Gələcəkdə hansısa yeni bir asimani din, şəriət gəlməyəcək. Yeni asimani din gətirməsini iddia edən hər kəsin iddiası əsassızdır.

İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) sonuncu peyğəmbər olması məsələsi, Qur`anda və hədislərdə aşkar şəkildə bəyan olunmuşdur. Belə ki, heç kim üçün şəkk-şübhə yeri qoymur. Bu ayə və hədislərin bir neçəsini qeyd edirik:

Ayə: “Mühəmməd, siz kişilərin heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.”[11]

 “Xatəm” - lüğətdə üzük mə`nasını ifadə edir. İslam dini zahir olan dövrdə məktublara möhürlü üzük vasitəsilə imza vururdular. Bu iş də məktubdakı xəbərin sona yetməsinə dəlalət edirdi. Bu məsələni nəzərə almaqla yuxarıdakı ayədən başa düşülür ki, İslam peyğəmbərinin gəlişi ilə nübüvvət və peyğəmbərlik məqamın möhürlənib sona yetdi.

Bunu da qeyd etmək lazımdır ki, “risalət” ilahi xəbərlərin vəhy vasitəsi ilə xalqa çatdırılması mə`nasınadır. Deməli, ilahi risalət peyğəmbərsiz həyata keçməz. Peyğəmbərin sonuncu olmasından, risalətin də sona yetməsi başa düşülür.

Bu barədə olan müxtəlif hədislər içərisində “Mənzilət” adı ilə məşhur olan hədisi qeyd etməklə kifayətlənirik.

Həzrət Peyğəmbər (s) “Təbuk” müharibəsinə yola düşərkən Əli (ə)-ı Mədinədə öz yerinə canişin və vəsi tə`yin edərək ona buyurdu:

 “Ya Əli, buna sevinməzsən ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir?! Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.[12]

 “Mənzilət” hədisindən başqa, digər hədislər də Həzrət Peyğəmbərin (s)peyğəmbər sonuncu olmasını sübut edir.

 


 

[1] “Bəqərə” surəsi, ayə 146.

[2] “Səff” surəsi, ayə 6.

[3] “Qəmər” surəsi, ayə 1-2-3.

[4] “Isra” surəsi, ayə 1.

[5] “Səba” surəsi, ayə 28

[6] “Ənbiya” surəsi ayə 107

[7] “Nisa surəsi ayə 170”

[8] “Səcdə” surəsi, ayə 3.

[9] “Ən`am” surəsi, ayə 19.

[10] “İbrahim” surəsi, ayə 4.

[11] “Əhzab” surəsi, ayə 40.

[12] “ëəhihi Åuxari”, 3-cü cild. səh. 54 və 58; “ëəhihi-Müslüm”, 2-ci cild səh. 323, 4-cü cild, səh. 1871; “Əmali” (Şeyx ëəduq), səh. 28, 47 və 81, “Åiharul-ənvar” 37-ci cild, səh. 254-289; “ëünəni Termezi”, 2-ci cild, səh. 301; “ëireyi Ibni Hişam”, 4-cü cild, səh.162; “Müsnədi Əhməd”, 1-ci cild, səh.174.

 


al-shia, Media-islam.Com 2008.