MEDIA-ISLAM.COM


 

بِسمِ الله الرحمن الرَحِيمِ   اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bismillahirrəhmanirrəhim

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə   həzrət Məhdiyə  olsun!

 

İslamın ilk çağlarına müraciət edib, Həzrət Peyğəmbərin (s) vəfatı zamanı ümumiyyətlə dünyaya və ya hansısa bir məntəqəyə hökm sürən şəraitə diqqətlə nəzər yetirdikdə, Peyğəmbərdən sonra bir imam tə`yin olunmasının zəruri olması isbat olunur. Çünki, o Həzrət vəfat edərkən, İslam ölkələrini üç tərəfdən təhlükə gözləyirdi: 1-Roma imperatorluğu. 2-İran imperatorluğu. 3-Daxili münafiqlər.

 Roma imperatorluğunun yaratdığı təhlükə haqda bunu demək kifayətdir ki, Həzrət Peyğəmbər ömrünün sonuna kimi, bir an belə onun barəsində fikirdən yayınmadı. Məhz buna görə də ömrünün son anlarında romalılarla müharibə etmək üçün Üsamət ibni Zeydin başçılığı ilə böyük bir qoşun göndərdi və bu əmr ilə müxalifət edən hər bir şəxsi lə`nətlədi. İran imperatorluğu da İslamın ən qatı düşmənlərindən idi. İran padşahı Həzrət Peyğəmbərin (s) məktubunu cırdıqdan sonra, Yəmənin valisinə yazdı ki, Peyğəmbəri tutub zindana salsın, yaxud başını kəsib onun üçün göndərsin. Nəhayət daxili münafiqlərin yaradacağı təhlükə barədə bunu qeyd etmək lazımdır ki, onlar həmişə Mədinədə, yaxud Mədinədən kənar bir yerdə Peyğəmbərə çoxlu əzab-əziyyət verir, özlərinin müxtəlif hiyləgərlik planları ilə o Həzrətin qəlbinə od vururdular. Qur`anın müxtəlif surələrində onların Peyğəmbərə daş atmaqları barədə çox şeylər bəyan edilmişdir. Qur`anın tam bir surəsi onların adı, çirkin əməlləri və fikirləri barədə nazil oldu.

İndi belə bir sual qarşıya çıxır: Görəsən, bu üç təhlükənin mövcud olması ilə yanaşı, doğrudan da Peyğəmbər dini və ümməti rəhbərsiz qoyub getdi?!

 Peyğəmbər (s) bilirdi ki, ərəblər qəbilə-tayfa şəklində yaşayırlar və onların tayfa böyüklərinə qarşı təəssübləri onların ətlərinə-qanlarına hopmuşdur. Deməli, belə bir xalqa rəhbər tə`yin etməyib, rəhbərin işini camaat ixtiyarına qoymaq tayfalar arasında ixtilafa səbəb olacaq, düşmən də bu ixtilafdan sui-istifadə edəcəkdi. Buna görə də Əbu Əli Sina (r) deyir: “Peyğəmbər (s)-in özündən sonra ümmətə rəhbər və canişin tə`yin etməsi həqiqətə çox yaxındır. Çünki rəhbər tə`yin olunması ilə bütün ixtilaf və çəkişmələr aradan qaldırılacaqdı.”[1]

***

 Peyğəmbərin (s) agahlığı və uzaqgörənliyi tələb edirdi ki, özündən sonra İslam ümməti üçün bir rəhbər tə`yin etsin. İndi görək o Həzrətin imamət barəsindəki fikirləri necə olmuşdur?!

Burada iki nəzəriyyə vardır:

1-İslam Peyğəmbəri (s) Allahın əmri ilə ümmətə rəhbərlik etməyə layiq olan bir şəxsi, özündən sonrakı rəhbər və canişin tə`yin edərək onu xalqa tanıtdırsın.

2-Həzrət Peyğəmbər (s) rəhbərin tə`yin olunmasını xalqın öhdəsinə qoysun, onlar da özləri üçün bir şəxsi rəhbər seçsinlər.

İndi İslam tarixi, Qur`anda və rəvayətlər arasında bu iki nəzəriyyənin hansı birinin düzgün olmağını araşdıraq.

Həzrət Peyğəmbər (s) öz dinini ilk əvvəl yaxın adamlarına, qohum-əqrəbasına, sonra isə ümumi xalqa e`lan etməyə əmr olunduğu gündən e`tibarən ömrünün sonuna kimi müxtəlif yerlərdə özündən sonrakı xəlifəni dəqiq şəkildə bəyan etmiş və bu işi xalqın ixtiyarına qoymamışdır. Bu mətləb aşağıda qeyd olunanlarla isbat olunur:

1- “Yovmud-dar” hədisi:

Be`sətin başlanmasından 3 il keçəndən sonra, Allah taala Peyğəmbərə əmr etdi ki, öz də`vətini aşkar şəkildə xalqa çatdırsın:

 “Ey Peyğəmbər! Ən yaxın qohumlarını qorxut” ayəsi nazil olduqda Peyğəmbər (s) Bəni-Haşim tayfasının böyük şəxsiyyətlərini də`vət edib buyurdu: “Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə əmr etmişdir ki, sizi Ona tərəf də`vət edim. Sizin hansı biriniz bu dini təbliğ etməkdə mənə kömək edə bilər? Bilin ki, hər kəs mənə kömək etsə, məndən sonra sizin içərinizdə mənim canişinim və vəsim olacaq.”

 Həzrət bu sözü üç dəfə təkrar etdi, hər dəfədə də yalnız Əli (ə) ona kömək etməyə hazır olduğunu e`lan etdi. Bu zaman Peyğəmbər (s) buyurdu: “Bu mənim qardaşım, (və məndən sonra) sizin içərinizdə canişinim və xəlifəmdir.”[2]

2- “Mənzilət” hədisi:

Həzrət Peyğəmbər (s) müxtəlif yerlərdə Həzrət Əlinin (ə) özü ilə müqayisədə olan məqam və mənzilətini Harunla Musanın münasibətinə bənzətmiş və Harunun yalnız nübüvvət məqamının Əlidə (ə) olmadığını bəyan etmişdir. Və buyurmuşdur:  “Ya Əli, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.”[3]

Qur`ani-kərimin buyurduğuna əsasən, Harun Musanın (ə) zamanında nübüvvət, xilafət və vəzirlik məqamlarına malik idi. “Mənzilət” hədisi də Harunun nübüvvətdən başqa, bütün məqamlarının Əli (ə) üçün olduğunu isbat edir. Əgər hədisdə məqsəd Əli (ə) üçün nübüvvət məqamından başqa bütün məqamları isbat etmək olmasaydı, onda nübüvvət məqamını istisna etməyə ehtiyac qalmazdı. Deməli, Əli (ə) nübüvvət məqamından başqa bütün məqamlara malikdir.

3- “Səfinə” hədisi:

İslam Peyğəmbəri Həzrət Mühəmməd (s) öz Əhli-beytini Nuhun gəmisinə bənzədərək buyurmuşdur ki, hər kəs bu gəmiyə minsə, nicat tapar və hər kəs onunla birgə hərəkət etməzsə, şübhəsiz günah dənizində bataraq məhv olacaqdır:

 “Agah olun, həqiqətən, mənim Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir: Hər kəs ona minsə nicat tapar və hər kəs ondan uzaq düşsə, məhv olar (cəhənnəm oduna düşər).”[4]

Bildiyimiz kimi, Həzrət Nuhun gəmisi insanların tufandan nicat tapması üçün yeganə yol idi. Deməli, “Səfinə” hədisinə əsasən, Peyğəmbərin (s) Əhli-beyti (ə) insanların azğın yollardan nicat tapması üçün yeganə nicat gəmisi, sığınacaq yeridir.

4- “Əman” hədisi:

Həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) ümmətin bütün gələcək məsələlərdəki ixtilaf və təfriqələrdən amanda qalma səbəbi kimi tanıtdırıb buyurur:

 “Ulduzlar yer sakinlərini (gecələr dənizlərdə gedərkən yolu tapmaqda) qərq və həlak olmaqdan amanda saxlayırlar, mənim Əhli-beytim isə yer üzünün sakinlərini ixtilafdan amanda saxlayır. Əgər ərəblərin bir tayfası onlarla müxalifətə qalxsa, ixtilafa düçar olub, İblisin hizbinə çevrilərlər.”[5]

5- “Səqəleyn” hədisi:

Səqleyn hədisi, həm şiə, həm də sünnü alimlərinin öz hədis kitablarında nəql etdikləri mütəvatir (yəqin həddinə çatmış) hədislərindəndir. Həzrət Peyğəmbər (s) bu hədisdə İslam ümmətinə xitab edərək buyurmuşdur:

 “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir. Əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşüb yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki əmanət “Kövsər” hovuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqdır.”[6]

Bbu hədis zahiri cəhətdən Qur`anla Əhli-beytin (ə) bir-birindən ayrılmaz olduğunu bəyan etdiyi kimi, mə`nəvi cəhətdən də onların arasında vəhdət olduğunu izah edir. Çünki Qur`ani-kərimdən sonra, müsəlmanların müraciət yeri (mənbə) Əhli-beytdir. Müsəlamanlara da vacibdir ki, dini işlərində Allahın kitabı Qur`anla birlikdə Əhli-betin göstərişlərinə də əməl etsinlər. Amma çox təəssüflər olsun ki, bə`ziləri Əhli-beytdən başqa, bütün qapıları döyüb, onlardan kömək istəyirlər. Şiə və sünnülərin qəbul etdiyi “Səqəleyn” hədisi bütün dünya müsəlmanları arasında vəhdət yaratmağa qadirdir. Çünki Peyğəmbərdən sonra ümmətin siyasi rəhbərliyini tə`yin etməklə əlaqədar şiə və sünnülər arasında ixtilaf yaranmış və islam ümməti iki hissəyə bölünmüşdür. Hər iki firqənin qəbul etdiyi “Səqəleyn” hədisinə əsasən, onların arasında mütləq vəhdət və birlik olmalıdır. Xəlifələrin xilafəti zamanı elmi müraciət yeri, əməli olaraq Əli (ə) idi və dini işlərdəki ixtilaflar Əlinin (ə) vasitəsi ilə araşdırılırdı. Həqiqətdə Peyğəmbərin Əhli-beyt kənara çəkildiyi gündən e`tibarən müxtəlif firqələr yarandı, və onların arasında ixtilaf düşməyə başladı.

***

Bu hədislərin hər biri həqiqət axtaran və insaflı şəxslər üçün höccəti tamamlayır, bəhanə yeri saxlamır. O Həzrət həm də bu xəbərləri yaxında və ya uzaqda olan bütün müsəlmanlara çatdırdı. Hər növ şəkk-şübhəni aradan qaldırsın deyə, ömrünün son anlarında, “Vida həccindən” (sonuncu həcc mərasimindən) qayıdarkən, “Qədir Xum” adlı bir məntəqədə dayanıb və hamını bir yerə yığışmağa də`vət etdi. Günorta vaxtı, səhranın qızmar havasında zöhr namazını camaatla qıldı. Sonra ayağa qalxıb xütbə oxudu. Əvvəldə Allaha həmd və səna etdi. Bir qədər mövizə və nəsihət etdikdən sonra belə buyurdu: “Mənə Allah tərəfindən əmr olunub ki, Allahdan mənə nazil olan böyük bir vəzifəni sizə çatdırım. Əgər bu böyük İlahi vəzifəni yerinə yetirməsəm, elə bil ki, öz peyğəmbərlik risalətimi yerinə yetirməmişəm.”

Ayə budur:  “Ey Peyğəmbər, Allahdan sənə nazil olanı (xalqa) çatdır və təbliğ et. Əgər bu əmri xalqa çatdırmasan, sanki peyğəmbərliyini təbliğ etməmisən. (Yə`ni 23  illik zəhmətin hədərə gedir) Allah səni xalqdan (və onların şərindən) qoruyacaqdır.”[7]

Daha sonra xalqa belə buyurdu:

 “Mənim Allah tərəfindən də`vət olunmağım və o də`vətə cavab verəcəyim vaxt yaxınlaşıb. (Yə`ni dünyadan köçmə vaxtımdır.) Şübhəsiz həm mən, həm də siz məs`uluq (və qiyamət günü sorğu-suala tutulacağıq). İndi nə deyirsiniz?”

Müsəlmanlar dedilər: “Biz şəhadət veririk ki, sən Allahın əmrlərini layiqincə yerinə yetirdin, xeyirxahlıq etdin, çoxlu zəhmətlər çəkdin və müsəlmanlara mövizə və nəsihət etdin. Allah sənə xeyir versin.!”

Sonra Peyğəmbər (s) buyurdu: “Siz yeganə Allahın varlığın; Peyğəmbərin Onun elçisi və bəndəsi olmasına, qiyamət gününün haqq olmasına şəhadət verirsinizmi?”

Dedilər: “Bəli! Biz bunların hamısına şəhadət veririk.”

Peyğəmbər (s) buyurdu: “Mən sizdən qabaq “Kövsər” hövuzunun kənarında hazır olacağam və siz behişt hovuzunda mənim yanıma gələcəksiniz. O zaman mən sizdən iki ağır və qiymətli əmanət haqqında sual edəcəyəm ki, məndən sonra onlarla necə rəftar etdiniz?”

Müsəlmanlardan biri səsləndi: Ey Allahın Peyğəmbəri! O iki ağır və qiymətli əmanət nədir?Peyğəmbər (s) cavabında buyurdu: “Onların biri Allahın kitabı (Qur`an)-dır, ikincisi əmanət isə, mənim itrətim olan Əhli-beytimdir. Mehriban və hər bir şeydən xəbərdar olan Allah mənə xəbər verib ki, o iki qiymətli şey (Qur`an və Əhli-byet) Kovsər hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Ey camaat! Onlardan qabağa keçsəniz və ya geri qalsanız, həlak olarsınız. Heç vaxt onlara bir şey öyrətməyə təşəbbüs göstərməyin.”

Bu zaman Həzrət Əlinin (ə) əlindən tutub yuxarı qaldırdı, sonra buyurdu:  “Həqiqətən, Allah mənim mövlamdır, mən də mö`minlərin mövlasıyam. Mən hər hansı bir mö`minə, onun özündən artıq ixtiyar sahibiyəm.”

Daha sonra üç dəfə buyurdu:  “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” Sonra belə dua etdi:

 “İlahi! Hər kim Əli ilə dost olsa, Sən də o şəxslə dost ol və hər kim Əli ilə düşmən olsa, Sən də o şəxslə düşmən ol, ona kömək edənlərə Sən də kömək et! Onu yalqız qoyub tərk edəni, Sən də yalqız və köməksiz qoy, onu xar və zəlil etmək istəyəni, Sən xar və zəlil et! Burada hazır olanlar qaiblərə xəbər versin.”

***

Qədir hədisi, İslami hədislər arasında mütəvatir və məşhur hədislərdən biridir. Bu hədisi 110 nəfər səhabə, 89 nəfər tabein (səhabələri görənlər), həmçinin, 3500 nəfər İslam hədisçiləri və alimləri öz kitablarında nəql etmişlər. Onun səhih və düzgün olmasında heç bir şəkk-şübhə yoxdur. Bir qrup alim Qədir hədisi barədə böyük kitablar yazmışlar. Bu kitabların içərisində ən geniş yazılanı və hədisinin sənədlərini tamamilə nəql olunanı Əllamə Əbdülhüseyn Əmininin “Əl-qədir” kitabıdır.

***


 

[1] “Şəfa”, İlahiyyat bölməsi, 10-cu məqalə, 5-ci fəsil, səh. 564.

[2] “Müsnədi Əhməd”, 1-ci cild, səh. 159; “Tarixi Təbəri”, 2-ci cildə, səh. 406. “Təfsiri Təbəri” “Çameül-bəyan”, 19-cu cild, səh. 74-75.

[3] “Səhihi Buxari”, 6-cı cild, səh.3; “Səhihi Müslüm”, 7-ci cild, səh. 120; “Sünəni ibni Macə”, 1-ci cild, səh. 55; “Müsnədi İmam Əhməd”, 1-ci cild, səh. 173,175,177,179,182,185 və 230.

[4] “Müstədrəki Hakim”, 3-cü cild, səh.351; “Əssəvaiqul-muhriqə”, səh.913 “Mizanul-e`tidal, 1-cild, səh.224; “Tarixi xüləfa” səh.573; “Əl-xəsaisul-kubra”, 2-ci cild səh. 266; “Yənabiul-məvəddət”, səh.18; “Fəthul-qədir”, səh.113 və s.

[5] “Müstədrəki Hakim”, 3-cü cild, səh. 149.

[6] “Səhihi Müsiüm”, 7-ci cild, səh. 122; “Sünəni Termizi”, 2-ci cild, səh. 307; “Sünəni Darəmi”, 2-ci cild, səh 432; “Müsnədi Əhməd”, 3-cü cild, səh. 14,17,26 və 59; 4-cü cild, səh. 366 və 371; 5-ci cild, səh. 182 və 189.

[7] “Maidə” surəsi, ayə 67.

 

 


al-shia, Media-islam.Com 2008.