MEDIA-ISLAM.COM


 

HƏDİSLƏRDƏ QƏLB

Din rəhbərləri və həqiqi insanşünaslar insanların qəlbləri barəsində çox maraqlı mətləblər bəyan etmişlər ki, onlardan bə`zilərini burada qeyd edirik. Hədislərin bə`zilərində qəlblər üç qismə bölünür.

İmam Mühəmməd Baqir (ə)buyurur: “Üç növ qəlb vardır: Birincisi, heç bir xeyir işi dərk eləməyən çevrilmiş qəlbdir, bu da kafirin qəlbidir. Ikinci növ qəlbdə qara bir nöqtə əmələ gəlmişdir. Belə bir qəlbdə xeyr və şər daim bir-biri ilə çarpışmadadır. Onlardan hər biri güclü olsa qəlbə qələbə çalar. Üçüncü qism isə açıq-aydın qəlbdir. Bu qəlbdə heç vaxt sönməyən bir çıraq vardır, o da mö`minin qəlbidir.”[1]

İmam Cə`fər Sadiq (ə)öz atasının belə buyurduğunu nəql edir: “Qəlb üçün günahdan da pis bir şey yoxdur. Qəlb günahla qarşılaşır və onunla mübarizə edir. Nəhayət günah qəlbə qələbə çalaraq onu tərsinə çevirir.”[2]

İmam Səccad (ə)buyurur: “Insanın dörd gözü vardır, onun ikisi (zahiri gözlər) din və dünya ilə əlaqədar işləri, digər ikisi (batini gözlər) isə axirətlə əlaqədar işləri görür. Hərgah Allah bir bəndəsinin xeyrini istəsə onun iki qəlb gözünü açar, bəndə onların vasitəsilə qeyb aləmini və axirət işlərini müşahidə edər. Lakin hər vaxt ona xeyir iradə etməsə onun qəlbini elə həmin vəziyyətdə buraxar.”[3]

İmam Cə`fər Sadiq (ə)buyurub: “Qəlbin iki qulağı vardır: İman ruhu onu ahəstə xeyir işlərə də`vət edir, şeytan isə ahəstə olaraq onu pis işlərə çağırır. Onlardan hər biri digərinə qələbə çalsa qəlbi öz ixtiyarına keçirmiş olur.”[4]

İmam Cə`fər Sadiq (ə)Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql edir: “Qəlbin korluğu ən pis növ olan korluqdur.”[5]

İmam Baqir (ə)buyurur: “Bəndənin qəlbində ağ və parlaq bir nöqtə vardır. Əgər günaha mürtəkib olarsa onda qara bir nöqtə də əmələ gəlir. Tövbə edərsə qara nöqtə aradan qalxır, amma əgər günah işə israr edərsə qaralıq tədricən artaraq ağ nöqtənin hər bir yerini örtür. Belə olan halda həmin qəlbin sahibi artıq yaxşılığa, xeyrə qayıtmaz və Allah-təalanın Qur`anda buyurduğu aşağıdakı ayənin nümunəsi olar: “Onların əməlləri qəlblərinə qələbə çalaraq onu puç etmişdir.”[6]

Əmirəl-mö`minin Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Hər kəsin təqvası və vərə`si az olsa qəlbi öləcəkdir. Hər kəsin də qəlbi ölsə cəhənnəmə daxil olacaqdır.”[7]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)öz övladına vəsiyyət edərək buyurdu: “Oğlum! Yoxsulluq bəlalardan biridir, ondan da çətini fiziki xəstəlikdir. Qəlbin xəstəliyi canın xəstəliyindən qat-qat artıqdır. Mal-dövlətin genişliyi Allahın ne`mətlərindən biridir, ondan yaxşısı bədənin sağlamlığıdır, ondan da yaxşısı isə qəlbin taqvalı olmasıdır.”[8]

Peyğəmbəri Əkrəm (s)buyurur: “Davud peyğəmbər Allaha belə ərz etdi: Pərvərdigara, bütün padşahların xəzinəsi vardır, bəs Sənin xəzinən hardadır? Allah-təala cavabında buyurdu: Mənim xəzinəm ərşdən böyük, kürsüdən geniş, behiştdən daha ətirli, mələkutdan daha gözəldir. Bu xəzinənin yeri mə`rifət, asİmanı İman, günəşi şövq, ayı məhəbbət, ulduzları xatirələr (Allaha diqqət və ilhamlar), buludları əql, yağışı rəhmət, meyvələri itaət, səmərəsi hikmətdir. Mənim xəzinəmin dörd qapısı vardır: 1-Elm, 2-Əql, 3-Səbr, 4-Razılıq. Bil ki, Mənim xəzinəm qəlbdir (mö`min bəndələrimin qəlbidir).”[9]

Ilahi qəlbşünaslar bir hədisdə çox maraqlı mətləblər buyurmuşlar ki, onların bə`zilərini qeyd edəcəyik. O cümlədən qəlbləri üç qismə bölmüşlər:

1-Kafir qəlbi. Kafir qəlbi barəsində buyurmuşlar ki, o, tərsinə çevrilmişdir və onda heç bir xeyir yoxdur. Belə qəlb özünün əsl fitrətindən azmışdır və yuxarı aləmə baxa bilmir, yalnız dünya işlərinə baxır. Buna görə də Allahı və axirət aləmini müşahidə edə bilmir. Belə bir qəlbin sahibi barəsində xeyirxahlıq, yaxşılıq və məsləhət təsəvvür oluna bilmir. Çünki xeyir işlər o zaman kamal dərəcələrində və Allah dərgahında olur ki, Allaha doğru və Onun razılığını cəlb etmək məqsədilə olsun. Amma kafir qəlbi tərsinə çevrilmişdir ki, Allahı görməsin. Onun, bütün işlərində dünyadan başqa bir hədəfi yoxdur. O, Allaha yaxın olmağı yox, yalnız dünyaya nail olmağı istəmişdir. Belə bir qəlbin əsl fitrətində gözü olmuşdur, lakin öz gözünü kor etmişdir. O, ən aydın həqiqəti, yə`ni Allahı dərk etmədiyindən kordur, axirət aləmində də kor halda dirildiləcəkdir. Bu dünyada yalnız dünya işlərinə ürək bağladığından axirət aləmində də dünya işlərinə bağlılıq ona qalacaqdır, onları tapa bilməyəcəkdir. Deməli onlardan ayrılaraq hər addımda yanacaqdır. Belə qəlbə İman nuru saçmaz və büsbütün qaranlıq və zülmətdən ibarətdir.

2-Kafirin qəlbi müqabilində kamil və saleh mö`minin qəlbi dayanır. Mö`minin qəlbinin qapısı yüksək aləmlərə və qeybə doğru açılır, onda heç vaxt sönməyən İman nuru parlayır. Onun qəlbinin iki gözü görür, qeyb aləmini və axirət işlərini onunla müşahidə edir. Belə bir qəlb həmişə kamala, camala və mütləq xeyrə, yə`ni Mütəal-Allaha doğru yönəlir və Ona yaxın olmaq istəyir. O, Allahı istəyir, gözəl əxlaq və yaxşı əməllərlə Onun dərgahına doğru hərəkət edir. Belə bir qəlb ərş və kürsüdən geniş, behiştdən daha ətirlidir və ilahi xəzinələrin, ilahi nurun saçdığı mərkəz ola bilər. Belə bir qəlbin yeri Allaha mə`rifət, asİmanı İman, günəşi Allahla görüşə şövq, ayı Allaha məhəbbət bəsləməkdir. Əql mö`minin bədəninə hakim kəsilmişdir, ilahi rəhmət yağışını öz qəlbinə doğru cəzb edir ki, onun meyvələri ibadət və itaətdən ibarətdir. Belə bir qəlbdə Allah və Onun dərgahına yaxın olan mələklərdən başqa heç bir şeyə yer yoxdur, başdan-ayağa nur, sevinc, şövq, səfadan ibarətdir. Axirət aləmində də belə məhşur olacaqdır.

3-Mö`minin, bə`zən günaha aludə olan qəlbi. Belə şəxslərin qəlbi tam qaranlıq və bağlı deyildir; o, İman nurunun vasitəsilə işıqlanır, kamalı əldə etmək və ilahi rəhmətə nail olmaq üçün açıqdır, lakin günah nəticəsində onda qara bulud əmələ gəlir, bununla da şeytan oraya yol tapa bilir. Onun batini gözü kor olmur, lakin günah nəticəsində xəstələnir və kor olmaq ərəfəsində qərar tutur. Belə qəlbdə həm mələklərə, həm də şeytanlara yol vardır. Mələklər İman qapısından daxil olaraq bəndəni xeyir işlərə çağırır, şeytanlar isə qara nöqtədən nüfuz edərək onu pis işlərə sövq edirlər. Belə bir qəlbdə mələklə şeytan həmişə bir-biri ilə çarpışmadadır. Mələk saleh əməl ilə bütün qəlbi öz ixtiyarına keçirmək və şeytanı ordan çıxarmaq istəyir. Şeytan da günaha mürtəkib olmaqla qəlbi daha da qaranlıqlaşdırır, mələyi ordan çıxartmaq və bütün qəlbi öz ixtiyarına almaq, İman qapısını tamamilə bağlamaq istəyir. Bu ikisi daim – hər biri qələbə çalana qədər bir-biri ilə çarpışır. Insanın axirət taleyi və batini həyatı bu məsələyə bağlıdır.

QƏLBIN QƏSAVƏTI (bərKiməsi)

Insanın qəlbi ilk əvvəldə səfa, nuranilik, mehribanlıq və xüsusi rəhmətə malik olur. Başqa insanların, hətta heyvanların belə, əzab-əziyyətdə olmasından, narahatlığından ruhən əzab çəkir. Başqalarının da xoşluqda, rahatlıqda və firavan yaşamasını istəyir, başqalarına ehsan etməkdən sevinir, mə`nəvi ləzzət alır. Özünün pak niyyəti ilə Allaha diqqət yetirir, ibadətdən, duadan, raz-niyazdan, yaxşı işlər görməkdən ləzzət alır, günah işə mürtəkib olduqda dərhal tə`sirlənərək peşmanlıq hissi keçirir.

Əgər fitrətin çağırışına cavab versə və ona uyğun əməl etsə günbəgün daha artıq səfalı, nurani, mehriban və ürəyi yanan olur. Dua və ibadət nəticəsində günbəgün Allahla ünsiyyətə, dua və ibadətə rəğbət tapır. Amma əgər öz daxili hislərini və atifələrini nəzərə almayaraq onun əksinə əməl edərsə tədrici olaraq azalmağa üz qoyur, axırda elə bir həddə çatır ki, hətta tamamilə məhv olub sönməsi də mümkündür. Belə olan halda başqalarının başına gələn acı hadisələri və xoşagəlməz şeyləri gördükdə azacıq belə tə`sirlənmir, hətta mümkündür ki, başqalarının yoxsulluq, aclıq və zəifliyindən, hətta zindana düşüb işgəncəyə mə`ruz qalmasından, qətlə yetirilməsindən belə sevinib ləzzət alsın.

Insan günaha mürtəkib olduğu ilk vaxtlarda narahat və peşman olur, lakin əgər bir dəfə günaha mürtəkib olarsa ikinci dəfə daha hazırlıqlı olur, üçüncü dəfə günah iş onun üçün daha asan olur. Günahın davam etdirilməsi nəticəsində elə bir həddə çata bilər ki, günahdan nəinki peşmançılıq hissi keçirməz, üstəlik onu qələbə hesab edərək şad olar.

Belə şəxslərin qəlbi qaralıb tamamilə dəyişilir və Qur`an və hədis istilahında “qəsavət bağlamış” (bərkimiş, daşlaşmış) hesab olunur. Şeytan onların qəlblərini özünün tam ixtiyarına keçirir, Allahın müqərrəb mələklərini oradan çıxarır. Nicat yolları bağlanır, artıq onun tövbə edib Allah dərgahına qayıdacağına bir ümid yoxdur.

Allah Qur`anda buyurur: “Nə üçün Bizim bəlamız onlara çatdığı zaman tövbə edib yalvarmırlar?! Lakin onların qəlbləri qəsavət bağlamış, şeytan onların çirkin işlərini onların nəzərində gözəl cilvələndirmişdir.”[10]

Başqa bir ayədə buyurulur: “Vay olsun o kəslərin halına ki, qəlbləri Allahı yad etməkdən (qafil olaraq) qəsavət bağlamışdır. Belə şəxslər aşkar azğınlıqdadırlar.”[11]

İmam Məhəmməd Baqir (ə)buyurub: “Hər mö`min bəndənin qəlbində ağ bir nöqtə vardır. Əgər günaha mürtəkib olaraq onu yenidən təkrar edərsə onda qara bir nöqtə əmələ gələcəkdir. Əgər özünün günah işlərini davam etdirərsə qara nöqtə tədrici olaraq genişlənir, qəlbin ağlığını bütünlüklə örtür. Belə olduqda həmin qəlbin sahibi heç vaxt xeyrə doğru qayıtmır. Allah-təalanın Qur`anda buyurduğu “əksinə, əməlləri onların bütün qəlblərini örtmüşdür” deyə buyurduğu şəxslərdən olur.”[12]

Əmirəl-mö`minin Əliyyibni Əbitalibyyibni Əbitalib (ə)buyurur: “Insanın gözünün yaşı heç vaxt qurumaz; yalnız qəlbin qəsavəti nəticəsində quruyar. Qəlb də yalnız günahın çoxluğu nəticəsində qəsavət bağlayır.”[13]

Peyğəmbəri Əkrəm ¡buyurur: “Dörd şey insanın bədbəxtçilik əlamətlərindəndir: Gözün quruması, qəlbin bərkiməsi, ruzi axtarmaq üçün həddən artıq hərislik və günahlara israr etmək.”[14]

Məhz buna görə də mə`sum imamlar (ə)dualarda qəlbin bərkiməsindən və qəsavətindən Allaha pənah aparmışlar. Nümunə olaraq aşağıdakıları qeyd edirik:

İmam Səccad (ə)dua edərək deyir: “Pərvərdigara! Qəlbin bərkliyindən Sənə şikayət edirəm. Elə bir qəlb ki, vəsvəsələr sayəsində daim dəyişilməkdədir. O, aludəlik və möhürlənməklə yanaşıdır. Sənin qorxundan ağlamayan bir gözdən Sənə şikayət edirəm! Halbuki, onu sevindirən şeylərə göz dikmişdir.”[15]

Deməli öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə günah işlərdən ciddi şəkildə çəkinməli, öz nəfsini həmişə yaxşı işlərlə zinətləndirməlidir, məsələn, ibadət, dua, raz-niyaz, nəvaziş, ürəyi yananlıq, mehribanlıq, başqalarına ehsan və kömək etmək, məhrumları, məzlumları müdafiə etmək, xeyirxahlıq, xeyir işlərdə həmkarlıq, ədaləti istəmək, ədalətli olmaq və s. Belə ki, tədrici olaraq yaxşı işlərə adət etsin, batini nur və səfası davam edərək təkamülə çatsın ki, onun qəlbi Allahın müqərrəb mələklərinin xüsusi yerinə çevrilə bilsin.

 


 

[1] “Biharul-ənvar”, 70-ci cild, səh.51

[2] “Biharul-ənvar”, 70-ci cild səh.54.

[3] “Biharul-ənvar”, 70-ci cild, səh.53

[4] “Biharul-ənvar”, 70-ci cild, səh.53

[5] “Biharul-ənvar”, 70-ci cild, səh.51

[6] “Kafi”, 2-ci cild, səh.273

[7] “Nəhcül-bəlağə”

[8] “Biharul-ənvar”, 70-ci cild, səh.51

[9] “Biharul-ənvar”, 70-ci cild, səh.59

[10] “Ən`am” surəsi, 43-cü ayə

[11] “Zumər” surəsi, 22-ci ayə

[12] “Biharul-ənvar”, 73-cü cild, səh.361

[13] “Biharul-ənvar”, 73-cü cild, səh.354

[14] “Biharul-ənvar”, 73-cü cild, səh379

[15] “Biharul-ənvar”, 94-cü cild, səh.143

 

 


al-shia, Media-islam.Com 2008.