MEDIA-ISLAM.COM


 

 

5-Xeyirxah və bilikli dosta müraciət etmək.

Yaxşı, bilikli və xeyirxah dost Allahın böyük ne`mətlərindən biridir ki, insan nəfsinin təmizlənməsində, çirkin sifətlərin tanınmasında insana layiqli kömək edə bilər, bu şərtlə ki, bilikli olsun və yaxşı-pis xasiyyətləri tanıya bilsin. Bundan əlavə o, insan üçün xeyirxah və e`timad olunusı bir şəxs olmalıdır. Çünki əgər yaxşı və pis sifətləri ayırd edə bilməzsə insana bu barədə heç bir kömək edə bilməz, hətta çox hallarda yaxşını pis, pisi də yaxşı cilvələndirə bilər. Əgər e`timadlı və xeyirxah olmazsa dostluğun qorunub-saxlanması və dostunun inciməməsinə görə öz dostunun eyblərini gizlətməsi, hətta onun xoşu gəlsin deyə pis işlərini yaxşı cilvələndirib tə`rifləməsi də mümkündür.

Əgər insan belə bir dostu tapsa ona deməlidir ki, gördüyü hər eyb və nöqsanlı vəziyyəti ona xatırlatsın, o da xatırlatdığı təqdirdə ona təşəkkür etsin, öz nəfsinin islah olunması üçün onlardan istifadə etsin. Bu kimi xatırlatmalardan istifadə etmək və təşəkkür etməklə əməldə ona başa salsın ki, eyblərinin xatırladılmasından nəinki narahat deyil, hətta sevinib xoşhal olur da.

Nəzər istənilən belə bir dost gərək əməldə özünün tam sədaqət və ixlasını isbat etsin, məsələyə insafla yanaşıb, məhəbbət və ədavəti kənara qoymaqla dostunun sifətlərini, xasiyyətlərini araşdırsın, onun nəzərinə çarpanları dostcasına və xeyirxahlıq dili ilə onun ixtiyarına qoysun, bu işləri mümkün qədər məxfi şəkildə görsün və onun eybinin başqalarının hüzurunda aşkar etməkdən ciddi şəkildə çəkinsin. Onun yeganə hədəfi həqiqətin izhar edilməsi olmalıdır. O, mübaliğə və şişirtmədən uzaq olmalıdır, çünki mö`min öz din qardaşı ilə müqayisədə, onun eyblərini, yaxud çirkinliklərini artırıb azalmadan göstərən güzgüsü sayılır.

Əlbəttə nəvazişlə, mehribanlıqla və islah etmək məqsədilə insanın eyblərini xatırladan dostlar çox azdır, lakin əgər bir şəxs belə adamı taparsa böyük xoşbəxtliyə nail olur. Şəxs onun qədrini bilməli, xatırlatmalarına sevinməli, onun qarşısında təşəkkür etməli və insanın eyblərinin islah məqsədilə xatırladan bir kimsənin dostların ən yaxşısı və ən faydalısı olduğunu bilməli, heç vaxt onun verdiyi xatırlatmalardan və xəbərdarlıqlardan inciməməli, intiqam almaq və özünü müdafiə etmək məqamına gəlməməlidir. Əgər bir şəxs “sizin paltarınızda bir neçə zəhərli əqrəb vardır” - deyə sizə xəbərdarlıq versə onun verdiyi bu xəbərdən inciyərək intiqam almaq məqamına gələrsinizmi, yoxsa sevinib ona təşəkkür edərsiniz? Çirkin sifətlər də əqrəb kimi hətta ondan da pisdir. Onlar insanın ruhunu sancıb zəhərləyir və həmişə insanın batinində yerləşir. Onların dəf edilməsində kömək edən şəxs bizə ən böyük xidmət etmiş olur.

İmam Cə`fər Sadiq (ə)buyurur: “Qardaşlarımın ən yaxşısı o kəsdir ki, eybimi mənə hədiyyə etsin.”[1]

6-Başqalarının eybindən ibrət götürmək

İnsan əksər hallarda öz eyblərindən qafildir, amma başqalarının eybini görərək onların çirkinliyini yaxşı şəkildə dərk edir. Atalar demişkən “başqasının gözündə tükü görür, öz gözündə isə tiri görmür”. Deməli nəfsani eyblərin tanınma yollarından biri də başqalarının eybləri ilə qarşılaşmaqdır; insan başqasında bir eybi gördükdə onun üzərində dayanmadan, onu tənqid etmək fikrinə düşmədən gərək öz eybini axtarmaq fikrinə düşsün və həmin məqsədlə öz nəfsini araşdırsın, öz nəfsinə müraciət etsin və həmin eybin onda olduğu surətdə islah edib aradan qaldırmaq fikrində olsun. Bu kimi hallarda başqalarının eybini görməklə ibrət alır və öz nəfsinin təmizlənməsinə çalışır.

Peyğəmbəri Əkrəm (s)buyurur: “Xoşbəxt o kəsdir ki, başqalarından ibrət alsın.”[2]

7-Tənqiddən nəticə çıxarmaq.

Dostlar əksər hallarda insanın eybini deməkdən çəkinirlər. Düşmənlər isə bunun əksinə olaraq əksər hallarda insanı tənqid edirlər. Əlbəttə onlar tənqid məqamında sədaqətli deyillər, onları bu işə həsəd, kin-küdurət, intiqamçılıq kimi hislər vadar edir. Hər bir halda insan onların tənqidlərindən öz xeyrinə istifadə edə bilər.

İnsan düşmənlərin tənqidləri müqabilində iki cür əksül-əməl göstərə bilər:

1-Özünü müdafiə məqamına gəlmiş olsun, bu sözlərin düşmən tərəfindən deyilməsini və xeyirxahlıq məqsədinin olmasını bəhanə edərək mümkün olan hər bir vasitə ilə özünü müdafiə etsin və onların səsini boğsun. Belə şəxs nəinki öz eybini islah etməmiş, əksər hallarda xəta və sair səhvlərə də aludə olmuşdur.

2-Düşmənlərin tənqidlərinə yaxşı-yaxşı qulaq assın, sonra həqiqəti axtarıb tapmaq məqsədilə öz nəfsinə müraciət etsin, onu insafla araşdırsın. Əgər düşmənin tənqidinin düzgün və öz nəfsinin eybli olduğunu görsə dərhal onu islah etmək fikrinə düşsün, hətta əgər məsləhət olarsa onun eybini deyərək nəfsinin saflaşdırılmasına səbəb olan düşmənə də təşəkkür etsin. Belə düşmənçilik şübhəsiz insanın eyblərini gizlədərək onu tə`rifləyən, bununla da insanı nadanlıq və cəhalətdə saxlayan mühafizəkar və yaltaq dostlardan çox yaxşı və faydalıdırlar. Amma əgər öz nəfsinə müraciət etdikdən sonra qeyd olunan eyblərin onda olmadığını görərsə Allaha şükr etsin və sonralar belə çirkin sifətlərə aludə olmaması üçün öz nəfsini gözləsin. Belə olan halda insan düşmənlərin tənqidlərindən bəhrələnir. Əlbəttə bu cür rəftarlar insanın xain düşmənlərin hiyləgərlik planlarını əqli və şər`i yollarla zərərsizləşdirməsinə mane olmamalıdır.

8-Qəlbin xəstəliyinin əlamətləri

Xəstəliyi tanımağın ən yaxşı yollarından biri onun əlamətlərinin görünməsidir. Bədəndə mövcud olan əzaların xəstəliyi iki yolla tanınır: ya ağrı hiss edilməklə, yaxud da hər hansı bir üzvün orqanizmdə öhdəsinə aldığı işi yerinə yetirməməsi ilə. Bədən üzvlərindən hər biri sağlam halda bədənin idarə olunmasında xüsusi funksiyanı, öz vəzifəsini lazımınca yerinə yetirir. Deməli əgər hər hansı bir üzv öz vəzifəsini yerinə yetirməkdə aciz olarsa xəstələnməsi mə`lum olur. Məsələn göz sağlam halda və xüsusi şəraitlərdə xaricii əşyaları müşahidə edir. Əgər bu şəraitlərin mövcud olması ilə ya ümumiyyətlə görməzsə, ya da yaxşı görməzsə xəstələnməsi mə`lum olur. Bədənin sair üzvləri, o cümlədən qulaq, dil, əl, ayaq, qəlb, böyrək, qara ciyər və sair hamısının özünə məxsus vəzifələri vardır ki, sağlam halda onu yerinə yetirir, əgər vəzifəsini yerinə yetirməzsə xəstələnməsi mə`lum olur.

İnsanın qəlbi və nəfsi də belədir, müəyyən işləri öhdəsinə almışdır və yaradılış qanunlarına uyğun olaraq onları yerinə yetirməlidir. O, mələkut aləmindən gəlmişdir, elm, rəhmət, qüdrət, ehsan, ədalət, məhəbbət, mə`rifət, nuranilik və sair fəzilətli sifətlər, gözəl əxlaqlar ilə uyğunluğu vardır. O, fitri olaraq hər şeyin səbəbini axtarır, Allahı istəyir. İnsanın Allaha İman gətirib diqqət yetirməsi, Onunla ünsiyyətdə olması, Ona məhəbbət bəsləməsi, Allaha ibadət və pərəstişi, Onunla dua və raz-niyaz etməsi, dərgahında yalvarması, həmçinin elm və biliyə, ehsan və xidmətə meyl, Allah xatirinə Onun məxluqatına xidmət etmək, fədakarlıq edib canından keçmək, ədalət istəmək və sair gözəl əxlaqi səciyyələr nəfsin sağlamlıq əlamətləri hesab olunur. Əgər insan bu qəbildən olan sifətləri özündə görürsə nəfsinin sağlam olduğu mə`lum olur. Amma əgər Allaha diqqət yetirməsə, ibadət, dua və munacatdan ləzzət almasa, bu kimi işlərdən qaçsa, Allahı sevməsə, dünya mal-dövlətinə, məqam və sərvətə, arvad-uşağa, şəhvətə və heyvani ləzzətlərə meyl etməyi Allahın razılığından üstün hesab etsə, həyatda şəxsi mənafeyini tə`min etməkdən başqa bir hədəfi olmazsa, fədakarlıq, ehsan, Allahın məxluqlarına xidmət etməkdən ləzzət almazsa, insanların əzab-əziyyət və narahatlığından narahatlıq hissi və vicdan əzabı keçirməzsə belə bir şəxs nəfsinin doğrudan da xəstə olduğunu bilməlidir. Əgər öz səadət və xoşbəxtliyini istəyirsə mümkün olan tez bir zamanda onu islah edirək müalicə məqamına gəlməlidir.

 

 

 


 

[1] “Tuhəful-üqul”, səh.385

[2] “Biharul-ənvar”, 71-ci cild, səh.324

 


al-shia, Media-islam.Com 2008.