HACI iLQAR: ŞÜKRU NECƏ ETMƏLİ? - 28 Июля 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 22:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 28 » HACI iLQAR: ŞÜKRU NECƏ ETMƏLİ?
    12:35
    HACI iLQAR: ŞÜKRU NECƏ ETMƏLİ?
     
     
     
     
     
     
     
     
     
    Bugünkü bəhsimiz Allah Təalanın bizlərə bəxş etdiyi nemətlərlə bağlıdır.
    Əziz Rəbbimiz yaratdığı varlıqlara, yaratdığı məxluqatın hamısına saysız-hesabsız nemətlər əta edib. Bu sırada insana olunan nemətlər xüsusi yer tutur. Uca Allah hər bir insana ağıl, düşüncə, təfəkkür, səbr, iradə, hiss orqanları, hər növ maddi və mənəvi nemətlər əta etmişdir. Bütün bunların bir vahid sistemdə birləşdirmək istəsək, mövcudiyyət neməti, yaşamaq neməti – ömür, həyat adına bir nemət və bunun içində olan bütün nemətlər kimi vahid bir sistem alınar.

        NEMƏTLƏR və VƏZİFƏ


        Bəs bizim bu nemətlər müqabilində vəzifəmiz nədir? Üzərimizə nə kimi məsuliyyətlər düşür bu nemətlərə sahib olmaq baxımından?

        Ariflər hesab edirlər ki, yaradılış aləminin, xüsusilə həyat kimi xüsusi İlahi nemətlərin insana verilməsində hədəflərdən biri – insanların diqqətini çox mühüm, çox gözəl və çox nurani bir əmələ – şükür etməyə yönəltməkdir. Bu böyük və nəcib  nemətlərin əta olunmasında məqsəd çoxdur. Bunların ən əsaslarından biri – insanın şükür adlanan bir əmələ yönəlməsidir.

        Bəs şükür nədir? Bizlər şükür etmək məsələsinin mahiyyətinə nə dərəcədə varırıq? Şükür məsələsi bizim həyatımızda nə qədər yer tutur?

        Təbii ki, öncə «şükür» məfhumuna bir aydınlıq gətirməliyik. Toplumda adət üzrə yayımlanan «şükür» anlayışı ilə İslam dininin məntiqində olan «şükür» anlayışı arasında həqiqətdə böyük fərq vardır. Şükür təkcə o deyil ki, insan ona əta olunan nemətlərin müqabilində Allaha təşəkkür mənasında şükür etsin. Desin ki, «Allahım! Təşəkkür edirəm Sənə ki, məni yaratmısan, mənə bu qədər nemət əta etmisən, mənə ağıl, düşüncə, təfəkkür, göz, qulaq, mal-dövlət, övlad vermisən». Bu, kifayət deyil. Mahiyyət etibarilə kifayət deyil. Sözsüz ki, yaxşılıq edənə təşəkkür etmək ən zəruri əxlaqi xislətlərdəndir. Amma söhbət bundan getmir. Biz araşdırmaq istəyirik ki, nədir əslində bu şükür, nədən ibarətdir insanın şükür etmək vəzifəsi?  

        ŞÜKRÜN YERİ

        İslami mətnlərə diqqət etdikdə görürük ki, şükür etmək yalnızca nemətlərin nemət olduğunu dərk etmək və buna görə təşəkkür etmək anlamına gəlmir. Təbərrük üçün, İmam Hüseynin (ə) məntiqində şükür nədir məsələsinə toxunaq. İmam Hüseyn (ə) şükrü yalnızca dillə deyilən bir kateqoriya kimi hesab etmir. Həzrətin (ə) nəzərində şükür – əməli proqrama aid bir işdir. O Həzrətin (ə) buyurduğuna görə, şükür ibarətdir ondan ki, insan ona əta olunan nemətləri, Aləmlərin Böyük Rəbbi tərəfindən onun üçün müəyyən olunan, təyin olunan yerdə istifadə etsin, sərf etsin. Yəni, Həzrətin (ə) mübarək nəzərinə görə, şükür, nemətləri başa düşməklə, dərk etməklə, onlara görə təşəkkürləri izhar etməklə bitmir. Nemətə görə şükrün əsas cəhəti odur ki, insan neməti o yerdə xərcləməlidir ki, nemət verən o nemət üçün müəyyən etmişdir.

        Məsələ çox dəyişir. Mövzu başdan-ayağadək fərqlənir. Bizə ömür, həyat verən Allaha şükür etmək istəyiriksə, bu neməti sadəcə qavrayıb təşəkkür bildirməklə iş bitmir. Əsas odur ki, insan həmin həyatı Allah müşəxxəs edən yerdə sərf etsin. İnsan ona hədiyyə edilən fikirləşmək qabiliyyətini, ağlı, əzalarını, məhəbbətini, qəzəbini, malı, mülkü, dini-imanı, elmi – bütün maddi və mənəvi nemətləri o yerdə xərcləsin, sərf etsin ki, bunları əta edən Uca Rəbbimiz müəyyən edib. Onlar üçün təyin olunan yerlərdə insan nemətləri sərf edərsə, bu olar həqiqi şükür. Peyğəmbəri (s), İmamları (ə) tanımaq neməti də, Quranı bilmək neməti də, bütün digər nemətlər də belədir. Əgər bu tanımaqları insan Allah təyin edən yerdə istifadə etsə – bu nemətlərə şükür etmiş olur. Əks təqdirdə isə – şükrü natamam olur.
      
     NEMƏTLƏRİ TƏYİNATI ÜZRƏ İŞLƏTMƏK


        İnsana verilən ən böyük nemətlərdən biri – təfəkkür qabiliyyətidir. İnsanı insan edən bir keyfiyyətlərdəndir təfəkkür. İnsan təfəkkürü Allah təyin etdiyi yerdə, Allah müəyyən etdiyi istiqamətlərdə, Allah müəyyən etdiyi cəhətlər və şeylər haqqında tətbiq edərsə, şükür etmiş olur. Yox əgər, onun təfəkkürü haram işlər və haram yollar barədə, haram mövzular ətrafında olursa – naşükürdür. Təfəkkürün nemət olaraq realizəsi – Rəbbin müşəxxəs etdiyi yerdə, müəyyən etdiyi yerdə istifadəsindən keçir.

        Əgər insan təfəkkürü insanların əleyhinə yönəldirsə, məzlumlara qarşı işlədirsə, min oyundan çıxmaq üçün bir vasitə olaraq istifadə edirsə, deməli nemətə qarşı nankorluq etmişdir. Əgər Uca Allahın Quran və Məsumlar (ə) vasitəsilə çatdırışlarında açıq-aydın təfəkkürün haqqa və ədalətə xidmət etmək buyuruşlarına rəğmən, insan təfəkkürü nəfsani və batil yerlərdə işlədirsə – vay halına.

        Görmək qabiliyyəti ki, verilib insana – böyük nemətdir. Əgər insan gözündən icazə verilən yerlərdə istifadə edilirsə, tətbiqi nəzərdə tutulan yerlərdə işlədirsə – şükür etmiş olur. Yox əgər harama baxırsa – gündə 1000 dəfə «bu gözə görə şükür olsun Sənə, ey Rəbbim!» desə də, yenə naşükürlük edir. Eşitmək qabiliyyəti, danışmaq neməti və digər də belədir. Əgər insan yalana, böhtana qulaq asır, qeybət edir, söyüş söyürsə, nə qədər dildə şükür desə də xeyri yoxdur. Yenə naşıkırlərdən sayılacaq İlahi nəzərdə. Yaxud qəlbinə pislikləri buraxan insan. O qəlb ki, İlahi məhəbbət, şəfqət, insanlara yaxşılıq və gözəlliklər üçün verilib insana, onu kin, yersiz qəzəb, yersiz nifrət, sui-zənn üçün bəsləyirsə, yaman iş görmüşdür. Amma dililə də şükür deyib, əzalarını da Uca Allahın təyin etdiyi işlərdə sərf edən insanın vəziyyəti ayrıdır. Beləsi kamil şükür etmiş olur.

        Uca Allah müsəlman yaratmış bizi – ən böyük nemətlərdəndir bu. Peyğəmbər (s), İmam (ə) tanıyan mühitdə dünyaya gəlmək, Quran tanımaq, salamat ruhiyyəli, əxlaqlı ailədə tərbiyə almaq – böyük nemətlərdir. Yaddaşı yaxşıdır insanın, zehni açıqdır, qabiliyyətləri var, istedadları var, yaxşı insanların əhatəsindədir – nemətləri saymaqla qurtarmaq olmur. Bəndə təşəkkür edir Rəbbinə bu və digər böyük nemətlərə görə – çox gözəl. Amma bu təşəkkürlə bitmir məsələ. Şükür etmək istəyən, gərək  bu nemətləri təyinatı üzrə işlətsin. Yalnız bu halda şükrü düzgün olar. Verənin, öz verdiyini necə təbiq etmək lazım bildiyini bilmək və o cür də yerinə yetirmək – şükür etməyin şərtidir.

       
        ŞÜKÜR – ƏMƏL MÜSTƏVİSİNDƏDİR

        Qeyd etdik ki, İmam Hüseynin (ə) mübarək nəzərində İlahi nemətlər müqabilində şükür – əməli müstəviyə aid olan məsələdir. Yəni, yalnız o halda ki, nemət verən Rəbbinə təşəkkür etməklə yanaşı, Onun müşəxxəs etdiyi yerdə bu nemətləri sərf edərsə, bu insan şükür etmiş və həm dünya, həm də axirət səadətinə yetişmiş olur.

        Bu, istər fərd müstəvisində, istər ailə müstəvisində, istərsə də toplum müstəvisində eynilə belədir. Bir toplumun kişi və xanım üzvləri onlara əta olunan nemətlər müqabilində həqiqi şükür edən olsalar, bu o deməkdir ki, verilən nemətləri düzgün tətbiq edirlər, müəyyən olunmuş yerlərdə sərf edirlər. Bu halda o toplumlarda fəsad olmaz, günah olmaz.

        Ariflər hesab edirlər ki, şükür etmək hansısa mücərrəd məsələ deyildir. İnsanlar cəmi əməllərində şükür edərsə, nemətlərdən düzgün istifadə edərsə, əyinti və mənfiliklər topluma necə yol tapa bilərlər? Əgər toplumun hər bir fərdi Allahın verdiyi nemətlərin fərqinə vararaq, bu nemətlərin müqabilində şükür etmək mədəniyyətinə malik olarsa, verilən nemətlərdən öz yerlərində istifadə etməyi bacarsalar, o toplumda eybəcərliklərə hətta zəmin belə yaranmaz.  Fərd o vaxt kamil olar ki, İlahi proqram əsasında nemətləri tətbiq edir. Ailə o vaxt kamil olar ki, onun üzvləri nemətləri dərk edib düzgün istifadə etsin. Yalnız o zaman insanlar nuraniyyətə çata bilərlər.

        Necə ki, bir əkinçi toxumun bar verməsi üçün onun üçün münbit bir yer axtarır, suyunu, havasını nəzərə alır, zəruri amilləri təmin etməyə çalışır, və bunlar təmin olunanda dəyərli məhsul əldə edə bilir – eləcə də nemətlər o nemətlərin Həqiqi Sahibinin  buyurduğu yerdə, Onun razılığına uyğun sərf edilərsə, bu halda Əta Edənin razılığına uyğun da ən gözəl nəticə hasil olar.

        Nemətlər öz-özlüyünldə nəticə verən deyil. Nemətlərin belə iqtidarı yoxdur. Nemətlər əslində bir vasitədəir – düzgün istifadə olunarsa nicat, zülmanə tətbiqatda isə əzab gətirər.  

        NƏ DAHA ÇOX SƏADƏT QAZANDIRIR?

        Şükür edənin şükrü, onun bu şükrünə səbəb olan nemətin özündən daha çox qazanc gətirir. İmam Hadi (ə) buyurur: «Şükür edən, öz şükrünün bərəkətindən, onun şükrünə səbəb olan nemətdən daha çox səadət qazanar. Çünki, nemətlər dünya malıdır, amma şükür, nemətləri özü ilə axirətə aparar».

        İnsanın bu dünyada gördüyü hər bir işin axirət inikası var. İnsanın hər bir əməli onun əbədi həyatı üçün bir iz qoyur, bir mövcudat meydana gətirir. Axirət əbədidir, dünya müvəqqəti. Nemət də dünyadadır, onu görə də müvəqqətidir, ötəridir. Amma nemətə görə edilən şükür – axirət üçün bir azuqədir. Axirət isə əbədi olduğu üçün, bu şükrə səbəb olan neməti də sanki əbədiləşdirir. Beləliklə, şükür neməti dünya malından axirət azuqəsinə çevirir.

        Həzrət Əlinin (ə) bir mübarək buyuruşu vardır: «Allah qarşısında sizə ən vacib olan əməl – Onun nemətlərinə şükür etmək və Onun razılığına səbəb olan şeyləri hazırlamaqdır».

        Şükür dillə iqrar olunan bir anlayışdan nə vaxt ən vacib əməl dərəcəsinə yüksələr? O zaman ki, onu Əta Edən istəyən işlərdə, razılığı olduğu yerlərdə istifadə olunsun. Rəbbin verdiklərini bəndə Onun dediyi kimi xərcləsə, ibadət etmiş olur. Rəbbin razılığı hazır olacaq belə olan halda. O zaman ki, nemətin tam surətdə realizəsi baş verir, o zaman ki, nemətin öz mahiyyətinə uyğun tətbiqatı həyata keçirilir – nemət razılıq vəsiləsi olur. Və razılıq vasitəsi olaraq, bu şükür ən vacib əməl dərəcəsinədək yüksəlir. Əməli şükür yerinə yetirildikdə, nemətin tam mahiyyəti ortalığa çıxmış olur.

        Digər yerdə İmam Əli (ə) buyurur: «Hər bir nemətin şükrü – Allahın haram etdiklərindən çəkinməkdir».

        Yəni, insan neməti haram tətbiqdən uzaq saxlamalıdır. Nemətin realizəsi yalnız halal müstəvidədir. Haram müstəvidə nemətdən istifadə – naşükürlükdür, Allaha qarşı asi olmaqdır.

        Pul neməti veribsə insana Allah, yalnız  halal yerdə xərcləməlidir – yoxsa, naşükürlük olar. Əgər dil neməti veribsə, halal yolda işlətməlidir, haramı dilinə yaxın buraxmamalıdır. Əgər göz neməti veribsə, harama baxmamalıdır. Əgər güc neməti veribsə, zülm etməməlidir. Əgər dost neməti veribsə, sui-istifadə etməməlidir, tənəzzülə aparacaq işlərdən, haram mətləblərdən uzaq tutmalıdır bu dostluğunu.  

        ŞÜKRÜN ƏN AZI NƏDİR?

        İnsanın edə biləcəyi ən minimal şükür dərəcəsi hansıdır? İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Şükrün ən azı – insanın nemətin bilavasitə Allah tərəfindən olduğunu bilməsi və nemət üçün Ondan başqa bir səbəb görməməsidir. Həmçinin, Allahın bəxş etdiyinə razı olması və Onun nemətilə günaha tərəf getməməsi, ya da Allahın nemətindən Onun heç bir əmrinə və qadağasına zidd olan yolda istifadə etməməsidir».

        Demək, şükrün ən azı odur ki:

              o insan nemətin mənbəyini bilsin. Hər bir nemətin yalnız Mütəal Allah tərəfindən əta olunmasını dərk etsin;
              o unutmasın ki, nemət üçün digər səbəblər yoxdur. Heç kəsin qarşısında əyilməsin, çünki nemətin Həqiqi Sahibi onu azad yaratmışdır və onun belə davranışının heç bir əhəmiyyəti yoxdur;
              o nemətin əta olunma miqdarı, Allah Təalanın hikmətinə əsasəndir, insana ən məsləhət olunan səviyyədədir. Odur ki, insan ona bəxş edilən nemətlərə razı olmalıdır. Özgəsinin malında, malikiyətində gözü olmamalıdır. Zəruri bir haşiyə vardır ki, burada söhbət qətiyyən məzlumluqdan getmir. Əgər kimsə insanın halal malını qəsb edibsə, haqqını basıbsa, bununla barışmamalıdır;
              o nemətlər günah ünvanlarda işlənə bilməz. Nemət yalnız halal müstəvidə tətbiqatını tapmalıdır. Nemət heç bir zaman Allah Təalanın qadağasını pozmaq üçün vasitə olmamalıdır. Məsələn, insana əta edilən mal-dövlətdən insan heç zaman günah işlər üçün istifadə edə bilməz. Yaxud, sağlamlığını, zəkasını, ağlının itiliyini insanlara zülm üçün tətbiq edə bilməz.

     

        İmam Həsən Əsgəridən (ə) nəql edilən hədisdə isə nemətə görə şükürlə onun qədrini bilmək arasında vücudi əlaqəni göstərilir: «Nemətin qədrini şükür edəndən başqa bir kəs bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz».

        Allahım! Cəmi iman əhlini nemətləri tanıyanlardan, onun qədrini bilənlərdən və bu nemətlərə görə həqiqi şükür edənlərdən əqrar ver! AMİN!
     
     
                     Hacı İlqar İbrahimoğlu
                      ilahiyyatçı-filosof,

                       İçərişəhər «Cümə» məscidinin imam-camaatı


    Категория: Cümə söhbətləri | Просмотров: 1036 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər