MEDIA-ISLAM.COM


 

بِسمِ الله الرحمن الرَحِيمِ   اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bİsmİllahİrrəhmanİrrəhİm

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə   həzrət Məhdiyə  olsun!

 

Allahın varlığının isbat olunması

 

Əbu Deysan imam Riza (əleyhissalam)ın yanına gəlib dedi: – Aləmin hadis (sonradan yaranan) olduğuna, dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

 “Sən əvvəl yox idin, sonra vücuda gəldin. Sən bilirsən ki, özün özünü vücuda gətirməmisən və sənin kimi başqa birisi də səni vücuda gətirməyib.”[1]

O, imam Sadiq (əleyhissalam)dan soruşdu: – Səni yaradanın varlığına dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

“Mən nəfsimi iki haldan başqa bir halda görmədi: ya nəfsim mövcud olduğu halda mən onun yaranmışıyam, ya da o, yox ikən mən onun yaranmışıyam.

Əgər o, var ikən mən onun yaranmışıyamsa, onda o, var ikən məni yaratmağa ehtiyac yoxdur

Əgər o yox ikən mən onun yaranmışıyamsa, onda sən bildiyin kimi, yox olan bir şey heç nə yarada bilməz.

Deməli, üçüncü yol sübut olunur ki, mənim yaradanım vardır. O, da aləmlərin rəbbi olan Allahdır”.[2]

Əvvəlcə vücudu olmayıb sonradan vücuda gələn bir şey ya özü özünü yaradıb, ya da başqası onu yaradıb. Əgər o, özü-özünü yaradıbsa, onda yaratdığı zaman ya özü mövcud olub, ya da olmayıb.

Əgər mövcud olubsa, onda vücudu olan bir şeyi (yenidən) vücuda gətirmək lazım gələr ki, bu da qeyri-mümkündür. Əgər yaratdığı zaman vücudu olmayıbsa, onda yoxun varlığa səbəb olması lazım gələr ki, bu da eynilə qeyri-mümkündür.

Əgər başqası onu yaradıbsa və həmin (başqa) vücud da onun kimi, əvvəl olmadığı halda sonradan vücuda gəlibsə, onda onun hökmü elə yaradılan vücudun hökmüdür.

Məhz buna görə də ağıl zəruri şəkildə hökm edir ki, əvvəl yox olub, sonradan vücuda gələn hər bir şeyin elə bir yaradıcısı olmalıdır ki, yoxluğun onun zatına yolu olmasın.

Deməli, aləmdə olan bütün varlıqlar və onlarda olan dəyişikliklər elə bir yaradanın varlığına dəlildir ki, onun yaradanı olmasın. Bütün varlıqlar və yaranmışlar yaranmış olmayan bir yaradıcının varlığına dəlildir.

İkinci yol (nəticəni görməklə səsəbi dərk etmək)

Əgər səhrada, üstündə «a» hərfindən «ş» hərfinə qədər tərtiblə yazılmış bir kağız parçası tapılsa, hər bir insan daxilən qəti şəkildə deyər ki, bu hərflərin yazılması və tərtibi idrak və düşüncənin nəticəsidir.

Əgər vərəqin üstündə həmin hərflərdən təşkil olunmuş bir kəlmə və kəlmələrdən toplanmış bir cümlə görünsə, onda həmin kəlmə və cümlə ilə, bunların quruluşu ilə əlaqədar yazanın idrak, elm və fikrinə inam yaranar, bu yazı ilə onun elm və hikmətinə dəlil gətirilər.

Bir bitkinin qeyri-üzvi maddələrdən  yaranmasının yaradanın elm və hikmətinə dəlalət etməsi, kəlmələrdən tərkib tapmış bir kəlamın aşkar surətdə yazanının elminə dəlalət etməsindən aşağıdırmı?!

Məgər insana layiq olarmı ki, yazı ilə onu yazanın elm və hikmətinə dəlil gətirsin, amma bitki ilə onun yaradanının elm və hikmətinə dəlil gətirməsin?!

Bu necə elm, necə hikmətdir ki, su ilə torpağın birləşməsi ilə toxumun qabığını yarıb içinə bitkilərə xas olan bir həyat verir, bitkinin gövdəsinə torpağı yarıb çıxmaq üçün qüdrət, güc verir, onun qidasını, gübrə və minerallarını yerin qaranlıqlarından çəkib gətirir?!

Torpağın hər bir yerində müxtəlif növdən olan bitkilər, ağaclar üçün faydalı maddələr qərar verir ki, hər bir bitki və ağac özünə lazım olan xas maddəni orada tapır?!

Hər bir ağacın köklərini elə qərar verir ki, yalnız özünə xas olan və nəticədə özünə xas meyvə verəcək maddələri sorub cəzb etsin?!

Onları elə edir ki, köklər yerin cazibə qüvvəsinə qarşı çıxaraq suyu və mineral maddələri sorub ağacın budaqlarına göndərsin?!

Köklər yerin qaranlıq, zülmətli dərinliklərində öz işini gördüyü zaman, budaqları və yarpaqları elə edir ki, enerji və havanın cəzb edilməsi üçün havada açılsın:

 “Hər bir varlıq, hansı bir məqsəd üçün yaradılıbsa, onun üçün də müyəssərdir”.[3]

İnsan hər bir nöqtəsi hikmətli olan bu işi dəyişdirmək istəsə; belə ki, torpağın dərinliklərinə getmək üçün yaradılmış köklərin səmaya doğru inkişafına, bunun müqabilində də havada olmaq üçün yaradılmış budaqların yerin dərinliklərinə doğru getməsinə çalışsa, görər ki, onlar ilahi qanunun əksi ilə qarşılaşır və ona görə də öz təbii yollarına qayıdırlar:

 “Sən Allahın hikmətli işində heç bir dəyişiklik tapmazsan!”[4]

Kökündən tutmuş, minlərlə yarpağına qədər bir ağacın yaradılışı, onun ağılları heyrətə salan əzəmətli quruluş və nizamı, köklər vasitəsilə yerin dərinliklərindən yarpaqlardakı hüceyrələrin hər birinə su və qida cəzb etmək üçün verilən qüdrət, onların göy, yer və bunların arasında olan­larla sıx və qırılmaz rabitəsi, onun yaşaması üçün tə`sir gös­tərən amillər, gecəgündüzün birbirini əvəz etməsi, yer və gö­­yün tə`siri və gücü, onu cücərtmək üçün birləşərək kök və bu­daq­­larını əmələ gətirən bircə toxumu parçalaması, meyvənin içə­risində toxumlar yaratmaqla öz növünü saxlaması və s.də də­rin­dən fikirləşmək insan üçün kifayətdir ki, bunların ar­xasında sonsuz elm və hikmət sahibinin olduğuna əmin olsun:

 

“O kəs ki, göyləri və yeri yaratdı, sizin üçün göydən su gön­dərdi ki, onunla çox gözəl bağlar bitirdi. Siz onun ağaclarını əsla cücərdə bilməzsiniz! Allahdan başqa bir mə`bud varmı?! Yox, onlar (müşriklər) elə bir dəstədir ki, (məxluq­ları Allah ilə) eyni tuturlar”.[5]

 “Onun ağaclarını siz cücərtdiniz, yoxsa cücərdən Bizik?!”[6]

 “Biz orada hər bir şeydən müəyyən ölçüdə, lazım olan qədər cücərtdik”.[7]

Baxdığın hər bir bitki və ağacın kökündən meyvələrinə qədər hər bir şeydə Yaradanın elm, qüdrət və hikmətinə dəlil taparsan, onların becərilməsi və inkişaf etməsi üçün müəyyən olunmuş sünnətə, qanuna tabe olduqlarını görərsən:

 “Bitkilər də, ağac da səcdə edərlər.”[8]

Hər bir heyvanın yaşayışını, həyat tərzini fikirləşmək insanı Allahın varlığına doğru hidayət edir. Əbu Şakir Deysani imam Sadiq (əleyhissalam)ın yanına gəlib dedi: – Ey Cə`fər ibni Muhəmməd, öz mə`budunu mənə göstər!»

İmam (əleyhissalam) ona dedi: – Əyləş!

Bu zaman bir uşağın əlində yumurta var idi və o, yumurta ilə oynayırdı. İmam (əleyhissalam) dedi: Ey oğlan, yumurtanı bura gətir!

Oğlan yumurtanı imama verdi. İmam (əleyhissalam) dedi:– Ey Deysani, bu, gizli bir hasardır. Onun möhkəm qabığı, möhkəm qabığın altında isə yumşaq bir qabıq vardır.

Yumşaq qabığın altında gümüşü maye və qızılı maye var. Nə qızılı maye gümüşüyə qarışır, nə də gümüşü maye qızılıya; hər biri öz halında qalır.

Nə oradan hələ islahatçı bir şey çıxmayıb ki, onun islahatından xəbər versin, nə də fəsad törədən bir şey ora daxil olmayıb ki, fəsad yaranmasından xəbər versin. Heç kəs bilmir ki, bu yumurta erkək (xoruz) üçün yaradılıb, ya dişi (toyuq) üçün.[9]

Hansı yaradılış bu möhkəm qalanı təmiz əhəngdən yaradıb ona əsrarəngiz sirlər bəxş etdi?!

Hansı yaradılış bu qalanı toyuqların yediyi dəndən ayıraraq onu yumurtalığa qoydu, oranı cücənin inkişaf etməsi üçün əminamanlıq yer etdi, lə`li (gövhəri) sədəfə qoyan kimi, orada nütfəni yerləşdirdi?!

Bala anadan ayrı olduğu və qidalanmaq üçün ana bətni olmadığı üçün onun qidasını hasarın içində hazırladı, cücə ilə onun yemi və qalın əhəng divarın arasında incə pərdə qoydu ki, o bərk əhəng divar ona və onun yeminə zərər çatdırmasın.

Sonra bu qaranlıq, zülmətli yerdə cücənin bütün qüvvə və bədən üzvlərini – sümüklərini, əzələlərini, damarlarını, əsəb və hissiyyat sistemini yaratdı, onların hər birini öz yerində qərar verdi.

Bu bədən üzvlərindən onun yalnız gözünün quruluşu haqqında fikirləşmək ağılları heyran edir; onun incə yaradılışı lazım və layiq olduğu yerdə yerləşdirdi.

Yumurtadan çıxdığı zaman öz yemini torpaq və daşlar arasından götürməli olduğundan, ona sümük maddəsindən olan bərk dimdik verdi ki, yerə vuranda xəsarət və zərər görməsin.

Ruzisi əlindən çıxmamaq üçün ona çinədan verib ki, tapdığı hər bir dəni ora yığıb saxlasın, sonra onu tədriclə həzm sisteminə ötürsün. Onun incə dərisini tük və lələklərlə örtüb ki, istisoyuqdan, kənardakı zərərvericilərdən və düşmənlərdən qorusun.

Yaradan onun yalnız həyatı üçün zəruri olan şeylərlə kifayətlənməmiş, xarici görünüşünə də gözəllik vermişdir: onun tüklərini və lələklərini rəngbərəng edib ki, baxanları sevindirsin. İmam demişdi ki, tovuzun əlvan rəngləri kimi açılır.[10]

Cücənin yumurta daxilində inkişaf etməsi üçün davamlı və mütənasib hərarət lazım olduğundan gecənin qaranlığından savayı həmişə hərəkət etməkdən yorulmayan toyuq uzun müddət sakit halda yumurtanın üstündə oturur.

Daim hərəkətdə olan bu quşa sakit olmağı hökm edən hansı hikmətdir ki, cücənin timsalında yeni bir həyat hərəkətə gəlsin?!

Hansı ustaddır ki, cücənin bədən üzvləri öz mütənasibliyini itirməsin deyə, toyuğa gecəgündüz yumurtaları çevirməyi, cücəyə vaxt tamam olanda hasarın divarını dimdiyi ilə sındırmağı və bədən üzvlərini, qüvvəsini sərf edəcəyi yeni bir həyata gəlməsini öyrədib?!

Hansı rəhmətdir ki, cücəli toyuğun təbiətində lazımi hərəkətləri icad edib?! Belə ki, onun təbiətində yalnız özünü qorumaq və müdafiə etməkdən başqa tə`sir olmazdı.

Buna baxmayaraq bir dəyişikliklə o, öz balalarına məhəbbət bəsləyir, onları qoruyur və himayə edir, öz sinəsini onları qorumaq üçün sipər edir. Bu mehribanlıq cücə müstəqil öz həyatını yaşaya bilənə qədər uzun müddət davam edir.

Bir yumurta barədə fikirləşmək bizə kifayət etməzmi ki: “Yaradan və nizamlayan, ölçü qoyan və hidayət edən”[11] Allahı dərk edək?!

İmam (əleyhissalam) bu səbəbə görə buyurdu:  “Onun üçün bir tədbir edən görürsənmi?

O, uzun müddət sükuta daldıqdan sonra Allahın yeganəliyinə, Peyğəmbər (səlləllahu əleyhi və alih)in nübüvvət və risalətinə, həzrət İmam Sadiq (əleyhissalam)ın imamətinə dair şəhadət verdi, özünün keçmiş əməl və rəftarlarından tövbə etdi.»[12]

Bəli, müəyyən hədəf və məqsəd üçün torpağın qaranlıq qatlarında çərdəyi yaran, yumurta qabığının əmələ gətirdiyi zülmətlərdə cücəni böyüdüb boya-başa çatdıran həmin elm, qüdrət və hikmət ana bətninin zülmətlərində elə bir insan nütfəsini qərar verir ki, ilk əvvəldə zərrəbinlə görünən (mikroskopik) bir canlıdır, onda insana məxsus olan heç bir bədən üzvü və qüvvə yoxdur, ana bətnindən kənarda yaşamaq üçün lazımi vasitələrə də malik deyildir.

Nümunə üçün, rüşeymdə müxtəlif quruluş, görünüş və ölçülərdə, eləcə də yerinə yetirməli olduğu vəzifələrə mütənasib olaraq sümükləri, müxtəlif hərəkətləri icra etmək üçün əzələləri vücuda gətirir; həmçinin insan təfəkkürünü heyrətə salan beyin kimi mürəkkəb quruluşlu bir üzvü – idrak məş`əlini işıqlandırır, oyaqlıqda və yuxuda hər il milyonlar dəfə döyünən qəlbin fəaliyyətini tənzim edərək yaşayış hərarətini məhz bu həyat ocağında qoruyub saxlayır.

İnsanın bədən quruluşunun ən sadə tərkibində belə, təfəkkür etmək elm və izzət sahibi olan Allahın tədbirinə iman gətirmək üçün kifayətdir.

Məsələn, insanın ağzında üç növ diş qoyulmuşdur: qabaqda olan kəsici dişlər, ondan sonra kiçik dəyirman dişləri və ondan sonra ağzın axır tərəfində yerləşən böyük dəyirman dişləri.

Əgər dəyirman dişləri qabaqda, kəsici və azı dişləri isə onun yerində – arxada yerləşsəydi, onda bu dişlər yeməyi dişləyib çeynəməkdə, həmçinin insanın gözəl və ya çirkin olmasında necə tə`sir qoyardı?!

Əgər qaşlar gözün üstündə deyil, gözün aşağı hissəsində olsaydı və yaxud burnun deşikləri aşağı istiqamətdə deyil, yuxarı istiqamətdə olsaydı, necə olardı?!

Yer üzərində aparılan bütün abadlıq işlərinin hamısı – əkinçilikdən tutmuş, ən böyük sənaye mərkəzlərinə qədər bütünlüklə insanın barmaqlarına, onun üzərində olan dırnaqların inkişafına bağlıdır.

Bu necə hikmətdir ki, insanın qidasında dırnaq maddəsini qoymuşdur ki, mürəkkəb və heyrətamiz həzm dəsgahı ilə maddələri soraraq damarlara daxil edir və onu insanın barmağının başında olan dırnaqlara çatdırır?!

Nəzərdə tutulmuş müxtəlif məqsədləri yerinə yetirmək üçün dırnaq ilə dırnağın yapışdığı ət arasında elə bir sıx rabitə bərqərar etmişdir ki, onların birbirindən ayrılması insana üzücü əziyyət verir, məqsəd həyata keçdikdən sonra isə o, «küsüb» özözünə ayrılır və dırnaqlar çox asanlıqla kəsilə bilir?!

Qəribədir! Dırnaq maddəsinin qoyulduğu və insanın inkişafı üçün nəzərdə tutulan həmin qida maddələri son dərəcə lətif, incə olan şəffaf maddə – görmə üzvü üçün də hazırlamışdır ki, həzm prosesini ötüb keçdikdən sonra qana sorularaq gözə gedib çatır.

Əgər bu ikisinin mə`lum ruzisinin bölgüsü bir-birinin əksinə olsaydı: yə`ni dırnaq gözün içindən cücərib çıxsaydı və o şəffaf maddə isə barmaqların başına gəlsəydi, bəşər həyatında necə nasazlıqlar əmələ gələrdi?!

Bu da Allahın elm və hikmət əsərlərinin ən sadə nümunə­ləridir ki, çox da dərindən fikirləşməyə ehtiyac duyulmur:  “Öz quruluşunuzu görmürsünüzmü?!”[13]

Halbuki, zərrəbinlərin və təfəkkür qüvvəsinin çox dərin və incə tədqiqi, bədən üzvlərinin vəzifələrinin ayırd edilməsində aparılan ən dəqiq ixtisaslarla əldə olunan sirlər bundan qatqat yüksəkdədir:  “Öz (maddi-mə`nəvi qüvvələrində, əzalarının quruluşunda) təfəkkür etməzlərmi?!”[14]

Bəli, insan elə bir varlıqdır ki, onun təkcə dərisinin hikməti belə, bu qədər elmi axtarış və kəşflərdən sonra, hələ də sirli qalmaqdadır, onda görəsən onun batinində və beynində nələr vardır!

Ona, öz meyl və istəklərini həyata keçirmək üçün verilən şəhvət və pis, xoşagəlməz işləri dəf etmək, onlardan qorunmaq üçün verilən qəzəb qüvvəsindən tutmuş, bu ikisini əməli cəhətdən mö`tədil vəziyyətə salmaq və duyğu üzvlərini nəzəri cəhətdən hidayət etmək üçün verilən əql qüvvəsinə qədər:

 “Və əgər Allahın ne`mətlərini saymaq istəsəniz, heç vaxt onları sayıb qurtara bilməzsiniz.”[15]

Belə bir hikmət kitabı necə bir elm və qüdrət qələmi ilə bir damla suyun üzərinə yazılmış, həkk olunmuşdur?!  “İnsan nədən yaradıldığına baxmalıdır; o, atıcı bir sudan xəlq olunmuşdur.”[16]

 “(Allah) sizi, analarınızın bətnində (və) bir xilqətdən sonra digər bir yaranış verməklə, üçlük təşkil edən qaranlıqlarda xəlq etdi.”[17]

Bu necə elm, qüdrət və hikmətdir ki, üfunətli suda üzən canlı (heyvan) zərrələrindən elə bir insan xəlq etmişdir ki, onun idrak məş`əli kainatın və özünün ənginliklərində seyr edir, tədqiqat aparır?!

 “Oxu; və Sənin Pərvərdigarın Kərimdir. Həmin şəxs ki, qələm vasitəsilə (elm) öyrətdi, insana bilmədikləri şeyləri tə`lim verdi.”[18]

Yeri və asimanı onun təfəkkür və qüdrətinin cövlangahı qərar verir:

 “Görməyirsinizmi ki, Allah asimanda və yerdə olanları sizin üçün ram, Özünün aşkarda və gizlində olan ne`mətlərini sizin üçün bol etmişdir?! Camaatdan bə`ziləri Allah barəsində nə elm, nə hidayət, nə də nur verən bir kitab olmadan mübahisə edirlər.”[19]

İnsan bu qədər əzəmətli elm, qüdrət, rəhmət və hikmət müqabilində nə deyə bilər?! Yalnız bunu deyə bilər:

 “Uca mərtəbəli, uca məqamlıdır yaradanların ən yaxşısı olan Allah!”[20]

Sonra torpağa düşüb o əzəmətli dərgahda üzünü yerə baş qoymaqdan və “subhanə Rəbiyələzimi və bihəmdih” (mənim Rəbbim hər bir eyib və nöqsandan pakdır, mən də Ona həmd deməklə məşğulam) deməkdən başqa bir iş görə bilərmi?!


 

[1] «Biharul-ənvar», 3-cü cild, səh.36

[2] Səduq «Tovhid», səh.290

[3] «Biharul-ənvar», 4-cü cild, səh.282

[4] «Əhzab» surəsi, ayə:62

[5] «Nəml» surəsi, ayə:60

[6] «Vaqiə» surəsi, ayə:72

[7] «Hicr» surəsi, ayə:19

[8] «Ər-Rəhman» surəsi, ayə:6

[9] «Biharul-ənvar», 3-cü cild, səh.31

[10] «Biharul-ənvar», 3-cü cild, səh.32

[11] «Ə’la» surəsi, ayə:2-3

[12] «Biharul-ənvar», 3-cü cild, səh.32

[13] «Zariyat» surəsi, ayə:21

[14] «Rum» surəsi, ayə:8

[15] «Nəhl» surəsi, ayə:18

[16] «Tariq» surəsi, ayə:5-6

[17] «Zümər» surəsi, ayə:5-6

[18] «Ələq» surəsi, ayə:3-5

[19] «Loğman» surəsi, ayə:20

[20] «Mu`minun» surəsi, ayə:14


al-shia, Media-islam.Com 2008.