Bismillahirrəhmanirrəhim
BU GÜNKÜ DƏRSİ BAŞA DÜŞMƏK VƏHHABİLƏRƏ CAVABDIR
Allahın sifətlərini cəmal və cəlal olaraq iki qismə böldük. Allahın kamalını göstərən sifətlərə “cəmal” və yaxud “sübuti”, nöqsan və eybin Onun zatından uzaq olmasını göstərən sifətlərə isə “cəlal” və yaxud “səlbi” sifətlər deyilir. Səlbi sifətlər dedikdə, Allah taalanın hər hansı bir eyb və nöqsandan uzaq olması nəzərdə tutulur. Allahın zatı ehtiyacsız və mütləq (sonsuz, heç bir şeylə hüdudlanmayan) kamal olduğu üçün, nöqsan və ehtiyac göstərən hər hansı bir sifətdən uzaq və pakdır. Məhz buna görə də ilahiyyat alimləri deyirlər: Allah cisim deyil, Onun məkanı yoxdur və heç bir şeyə də daxil ola bilməz. Çünki bu kimi xüsusiyyətlərin hamısı varlığın nöqsan və ehtiyaclı olmasından irəli gəlir.
Nöqsanlı hal sayılan sifətlərdən biri də gözə görünməkdir. Çünki, bir şeyin görünə bilməsi üçün, gözə görünmənin müəyyən şəraiti yaranmalıdır. Məsələn, aşağıdakı şərtlər olmalıdır:
1-Məkanda və xüsusi bir yerdə olsun;
2-Qaranlıqda olmasın. Yə`ni onun olduğu yer işıqlı olsun;
3-Onunla onu görənin arasında müəyyən qədər fasilə olsun.
Aydındır ki, bu şərtlər Allahın deyil, əksinə maddənin və cismani varlıqların xüsusiyyətlərindəndir.
Bundan əlavə, əgər Allah gözlə görünsə, onda iki hal təsəvvür oluna bilər: Ya Onun vücudu bütünlüklə, ya da bir hissəsi görünməlidir. Birinci halda hər şeyi əhatə edən Allah məhdud olacaq. İkinci surətdə isə müxtəlif hissələrdən təşkil olunacaq. Bunların hər ikisi də Allahın uca məqamından uzaqdır.
Bu deyilənlərin hamısı Allahın hissi və gözlə görünməsinin qeyri-mümkün olmasını göstərir. Amma güclü iman və mə`nəviyyat nəticəsində qəlb (bəsirət) gözü ilə Allah taalanı müşahidə etmək olar.
Həzrət Əli (ə)-ın səhabələrindən sayılan Zə`ləb Yəmani o Həzrətə ərz etdi: Öz Allahını görübsənmi?
İmam cavabında buyurdu: “Mən görmədiyim Rəbbə ibadət etmərəm!”
Zə`ləb Yəmani yenə soruşdu: Onu necə görürsən?
İmam buyurdu: “Onu zahiri gözlər görə bilməz, amma qəlblər həqiqi iman sayəsində görə (dərk edə) bilərlər.”[1]
Allahın gözlə görünməsinin qeyri-mümkün olmasını əqli dəlildən əlavə, Qur`an ayələri də açıq-aşkar sübut edir.
Həzrət Musa (ə) Bəni-İsrailin israrı ilə, Allahdan gözə görünməsini istədikdə, inkar cavabı eşidir:
“Musa dedi: Ey Rəbbim, Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!”[2]
Burada bir sual yaranır: Əgər Allahın gözə görünməsi qeyri-mümkündürsə, onda nə üçün Qur`ani-kərim “Qiyamət günündə layiqli bəndələr Ona baxacaqlar”-deyə buyurur?
“O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.”[3]
Sualın cavabı budur ki, bu şərif ayədə baxmaq kəlməsindən məqsəd, Allah taalanın rəhmətini gözləməkdir. Çünki, ayənin özündə bu mətləbə iki dəlil vardır:
1-Baxmağı gözə deyil, üzlərə nisbət verib buyurur: “O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.” Əgər məqsəd Allahı görmək olsaydı, onda görməyi üzlərə yox, gözlərə nisbət verməli idi.
2-Bu surədə iki qrupdan söhbət açılır:
a) Üzləri sevinib gülənlər: Onların mükafatı: “Allaha tərəf baxacaqlar ” ifadəsi ilə ilə bəyan edilir.
b) Üzləri qəm-qüssəli olanlar: Onların cəzası isə “Sahiblərinin bel sümüklərinin dəhşətli bir əzabla qırılacağını anlayacaqlar”[4] ifadəsi ilə bəyan edilir.
İkinci cümlədə məqsəd bundan ibarətdir ki, onların bel sümükləri dəhşətli bir əzabla qırılacaq və təbiidir ki, onlar da bu əzabın baş verəcəyini gözləyəcəklər.
Bu şahidlərin vasitəsilə, qeyd olunan birinci ayədə məqsədin nə olduğunu başa düşmək asan olar. O da budur ki, sevinib gülən üzlər Allahın rəhmətini gözləyəcəklər. “Allaha tərəf baxacaqlar” ifadəsi, məcazi mə`nada rəhmətin gözlənilməsini göstərir. Bu məsələ ilə əlaqədar çoxlu dəlillər qeyd olunmuşdur. Məsələn: “Filankəsin gözü, başqasının əlindədir”, yə`ni ondan kömək umur.
Qur`anın müəyyən bir ayəsini təfsir edərkən, heç vaxt həmin ayənin özü ilə kifayətlənmək olmaz, əksinə, həmin mövzu ilə əlaqədar bütün oxşar ayələr də qeyd olunur və onların məcmusundan o ayənin həqiqi mə`nası başa düşülür. Gözə görünmək məsələsinə gəldikdə də, əgər ona aid olan bütün ayələr, habelə bu barədəki hədislər toplanarsa, məhz onda İslam nöqteyi-nəzərindən Allahın gözlə görünməsinin qeyri mümkün olması aydın olacaq.
Mə`lum olur ki, Həzrət Musa (ə) yalnız Bəni-İsrailin israrına görə Allahdan, gözə görünməsini istəmişdi. Onlar deyirdilər:
“Ey Musa, Allahın səsini eşidib, nəql etdiyin kimi, elə Onu gözünlə də gör və bizim üçün vəsf et.” Qur`an buyurur:
“Yadınıza salın o zamanı ki, (Musaya) dediniz: Ya Musa, Allahı aşkar surətdə görməyincə heç vaxt sənə inanmayacağıq.”[5]
Məhz bu səbəbə görə də Həzrət Musa Allahdan gözə görünməsini istədi, amma inkar cavabı eşitdi:
“Musaya və`d etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı. Musa dedi: Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!”[6]
İndiyə qədər, danışmaqdan başqa bəyan olunan sair ilahi sifətlərin Allahda olub-olmamasını əql hökm edir. Amma Qur`ani-kərimdə və hədislərdə bir sıra sifətlər vardır ki, onların nəql olunan hədislərdən başqa, digər bir mənbəsi yoxdur. Məsələn:
1-Yədullah (Allahın əli):
“(Ey Peyğəmbər!) Sənə bey`ət edənlər, şübhəsiz ki, Allaha bey`ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.”[7]
2-Vəchullah (Allahın siması):
“Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və hər şeyi biləndir.”[8]
3-Eynullah (Allahın gözü):
“Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt.”[9]
4-İstəva ələl-ərş (Ərşdə əyləşdi):
“Rəhman Allah, ərşi (hökmü) altına almışdır.”[10]
Bunlara ona görə “xəbəri sifətlər” deyirlər ki, onlar barəsində yalnız nəqli (nəql olunan) dəlillər xəbər verir.
Əqli baxımdan bu sifətləri adi camaat arasında düşünülən mə`naya yazmaq olmaz. Əks halda əqli və nəqli dəlillərin qəbul etmədiyi halda Allahın cisim olması, onun oxşarı (bənzəri) olması lazım gəlir. Məhz buna görə də bu sifətlərin həqiqi mə`nasını anlamaq üçün, mütləq Qur`ani-kərimin ayələrini ayrı-ayrılıqda deyil, bir məcmuə halında nəzərə almalıyıq. Bilmək lazımdır ki, ərəb dili, başqa dillərdə olduğu kimi, məcazi mə`nalarla doludur. Qur`ani-kərimdə bu mə`nalardan istifadə eilmişdir.
İndi isə xəbəri sifətlərin bəyan etməyə başlayırıq.
a) Qur`ani-kərim yuxarıda qeyd etdiyimiz birinci ayədə buyurur: “Sənə bey`ət edənlər, şübhəsiz ki, Allaha bey`ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.” Bu ayədə məqsəd Allahın cisim olması və Onun əli olması, eləcə də əlinin onların əllərindən üstün olması deyil, Allahın qüdrətinin onların qüdrətindən üstün olması nəzərdə tutulur. Ayənin davamında deyilənlər bu mətləbə tutarlı sübutdur:
“Kim bey`əti pozsa, ancaq öz əleyhinə pozmış olar. äim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər.”
“Bey`ət pozanları hədələyib, bey`ətə vəfalı olanlara müjdə və mükafat vermək” ifadələri göstərir ki, Allahın əli dedikdə Onun qüdrət və hakimiyyəti nəzərdə tutulur. Adətən, bə`zi vaxtlar müxtəlif mədəniyyətlərdə “yəd” (əl) kəlməsi məcazi mə`nada qüdrəti göstərir. Məsələn belə deyirlər: “Əl, əl üstədir.”
b) Allah taalanın siması dedikdə isə məqsəd, insana məxsus olan üzv deyil, əksinə, Onun zatı nəzərdə tutulur. Qur`ani-kərim insanın məhv olması haqda xəbər verərək buyurur:
“Yer üzündə olan hər kəs fanidir.”[11]
Ayənin davamında yalnız Allahın vücudunun sabit qalmasından söhbət açılaraq buyurulur:
“Yalnız əzəmət və kərəm sahibi olan Rəbbinin zatı əbədi qalar.”[12]
Ayənin əsl və həqiqi mə`nası budur ki, uca Tanrı xüsusi bir yerdə deyil, əksinə, Onun vücudu hər bir şeyi əhatə etmişdir, hər tərəfə üz tutsaq, Allah oradadır. Bu mətləbi sübut etmək üçün Allahın iki sifətinə işarə edirik:
1-Vasi`: Yə`ni Allah taalanın vücudu sonsuzdur.
2-Alim: Yə`ni Allah hər şeyi biləndir.
v) Qur`ani-kərimdə buyurulur: “Nuh Allah tərəfindən gəmini düzəltməyə mə`mur oldu.” Halbuki, gəminin dənizdən çox uzaq bir yerdə düzəldilməsi sonrakı hadisələrdən xəbərsiz bir qrupun istehza etməsinə səbəb olurdu. Məhz belə bir şəraitdə Allah ona “gəmini düzəlt, sən Bizim gözümüz -nəzarətimiz altındasan, bu işi Biz sənə vəhy etdik” buyurdu. Burada məqsəd budur ki, Həzrət Nuh (ə) Allahın əmrinə əməl edib, Onun himayəsi və nəzarəti altında olduğundan, istehza edənlər ona heç bir zərər yetirə bilməzlər.
q) “Ərş” kəlməsi ərəb dilində “taxt” və “kürsü” mə`nasını ifadə edir. “İstəva” fe`li “əla” kəlməsi ilə birgə olduqda, “qərarlaşma” və “bir şeyin üzərində oturmaq” mə`nasını daşıyır. Padşahlar hakimiyyət kürsüsündə qərar tapandan sonra ölkə işlərini sahmana salmağa başlayırdılar. Allahın məkanının olmamasını həm əqli, həm də nəqli dəlillər sübut edir. Bundan başqa, taxt və kürsü üzərində əyləşməyi ifadə edən cümlələrdə Allahın cisim olması deyil, əksinə, mə`cazi mə`nada kainatın işlərini tədbir etmək, sahmana salmaq nəzərdə tutulur. Bu mətləbin şahidi kimi aşağıdakıları qeyd etmək olar:
1-Qur`ani-kərimin müxtəlif ayələrində, bu cümlədən qabaq Allah taala göyü və yeri, habelə kainatda olan sair şeyləri gözə görünməz sütun üzərində yaratmasından söz açır.
2-Qur`anın müxtəlif ayələrində bu cümlədən qabaq dünyanın işlərinin tədbirindən söz açılır.
Bu cümlə iki məsələni bəyan edən ayələr arasında, (yə`ni yaradılış və dünyanın tədbiri) yerləşdiyindən, ərş üzərində oturmaqdan məqsədin nə olacağını asanlıqla dərk etmək olar. O da budur ki, Qur`ani-kərim bizə başa salmaq istəyir ki, kainat özünün bu qədər əzəməti ilə belə, onun idarə olunması Allah taalanın ixtiyarından xaric deyil, yaradılışdan əlavə, dünyanın işlərinin tədbiri də tamamilə Onun ixtiyarındadır.
Bu barədə olan ayələrdən təkcə birini qeyd etməklə kifayətlənirik:
“Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi hökmü altına alan, hər işi öz yerinə qoyan (sahmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən olmaz.”
[1] “Nəhcül-bəlağə”, 179-cu xütbə.
[2] “Ə`raf” surəsi, ayə 143.
[3] “Qiyamət” surəsi, ayə 22-23.
[4] “Qiyamət” surəsi, ayə 25.
[5] “Bəqərə” surəsi, ayə 55. “Nisa” surəsi, ayə 153.
[6] “Ə`raf” surəsi, ayə 143.
[7] “Fəth” surəsi, ayə 10.
[8] “Bəqərə” surəsi, ayə 115.
[9] “Hud” surəsi, ayə 37.
[10] “Taha” surəsi, ayə 5.
[11] “Ər-Rəhman” surəsi, ayə 26.
[12] “Ər-Rəhman” surəsi, ayə 27.
al-shia, Media-islam.Com 2008.