MEDIA-ISLAM.COM


 

 

الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bismillahirrəhmanirrəhim

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə   həzrət Məhdiyə  olsun!

 

 

بسم الله الرحمن الرحیم

قُلْ هُوَ اللَّهُ أَحَدٌ * اللَّهُ الصَّمَدُ * لَمْ يَلِدْ وَلَمْ يُولَدْ * وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

“Qul huvəllahu əhəd “O Allah (zat baxımından) əhəddir (bəsitdir), Allah səməddir – hər bir şeydən ehtiyacsızdır, nə doğmuş, nə də doğulmuşdur, heç bir şey və şəxs Onun bərabəri, şəriki deyildir.”

***

Dərs 11

ALLAHIN ƏDALƏTİ

Bütün müsəlmanlar Allahın ədalətli olduğunu bilirlər. Ədalət Allah taalanın cəmal (sübuti) sifətlərindən biridir. Qur`ani-kərim bu məsələni təsdiqləmiş, hər növ zülmü Allahdan uzaq bilmiş, Onu “ədalət əsasında hökm edən” deyə vəsf etmişdir:

 “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz.”[1]

Həmçinin buyurur: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz.”[2]

Başqa bir ayədə buyurur: “Allah, Özündən başqa heç bir mə`bud olmadığına şahiddir. Mələklər və elm sahibləri də Allahdan başqa heç bir mə`bud olmadığına, habelə Onun ədalət əsasında hökm etməsinə şahiddirlər.”

Bu ayələrdən əlavə, sağlam əql də Allahın ədalətli olmasına hökm edir. Çünki ədalət kamal, zülm isə nöqsanlı və çatışmayan sifətlərdəndir. İnsan əqli Allahın bütün kamallara malik olmasına, hər növ eyb və nöqsandan uzaq və pak olmasına hökm edir.

Adətən, zülm aşağıda qeyd olunan amillərin vasitəsilə baş verir:

1-Zülm edən şəxs zülmün pis və qəbahətli bir iş olmasını bilmir. Başqa sözlə, zülm xəbərsizlik üzündən baş verir.

2-Zülm edən şəxs zülmün qəbahətli olmasını bilir, amma ədaləti icra etməyi bacarmır və zülm etməyə ehtiyac duyur. Başqa sözlə, zülm acizlikdən irəli gəlir.

3-Zülm edən şəxs zülmün qəbahətli olmasını bilir və ədaləti icra etməyi də bacarır, lakin həmin şəxs hikmət sahibi olmadığı üçün, pis və yaramaz işləri görməkdə heç bir qorxusu yoxdur. Başqa sözlə, zülm nadanlıq, ağılsızlıq üzündən baş verir.

Bu amillərin heç biri Allah barəsində təsəvvür oluna bilməz, buna görə də hökm edib deyirik ki, Allahın bütün işləri və fe`lləri tamamilə ədalət və hikmət üzündəndir.

Bu dəlil İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə qeyd edilmişdir. Mərhum Şeyx Səduq belə nəql edir: Bir yəhudi Peyğəmbər (s)-in hüzuruna gəlib bə`zi suallar verdi, o cümlədən Allahın ədaləti haqqında soruşdu. Həzrət, Allahın heç vaxt zülm etməməsini bəyan edərək buyurdu: “Allah taala zülmün qəbahətli və pis olmasını bildiyinə və zülm etməyə ehtiyacı olmadığına görə heç vaxt zülm etməz.”[3]

Şiə alimləri də Allahın ədalətli olması barədə bəhs edərkən, bu dəlilə əsaslanırlar.[4]

Yuxarıdakı ayələrdən əlavə, bütün müsəlmanlar arasında Allahın ədalətli olması haqqında fikir birliyi vardır, amma onun necə təfsir olunmasında fikir ayrılığı nəzərə çarpır. Onların hər biri aşağıda qeyd olunan iki nəzəriyyədən birini qəbul edirlər:

1-İnsanın əqli, işlərin yaxşı və ya pis olduğunu dərk edir, yaxşı işi onu görənin kamalına, pis işin isə onun nöqsanlı olduğuna dəlil bilir. Allah taala da zatən bütün kamallara malik olduğu üçün onun işləri gözəl və mükəmməldir, pak zatı da hər növ pis işlərdən uzaq və pakdır.

Əql heç vaxt Allahın barəsində hökm vermir və “Allah mütləq ədalətli olmalıdır” demir. Əksinə, burada əqlin işi yalnız Allahın işlərinin həqiqət və mahiyyətini aşkar etməkdir. Yə`ni əql, Allahın zatının mütləq kamala malik olmasını və hər növ nöqsandan uzaq olmasını dərk etdiyi üçün, Onun bütün işlərinin kamal həddində olmasını başa düşür  və nəticədə başa düşür ki, Allah, Öz bəndələri ilə mütləq ədalətlə rəftar edəcək. Yuxarıda qeyd olunan ayələr də həqiqətdə insanın əql vasitəsilə dərk etdiyi məsələləri təsdiqləyir. Buna ilahiyyat elmində “əqlin yaxşı ilə pisi ayırd etməyə səlahiyyətli olması” adı vermişlər. Bu nəzəriyyənin tərəfdarlarını “ədliyyə” və ya “imamiyyə” adlandırmışlar.

2-Bu nəzəriyyənin müqabilində başqa bir nəzəriyyə də vardır. Onun tərəfdarları əqlin yaxşı ilə pisi (hətta ümumi şəkildə belə) dərk etməkdə aciz hesab edir, habelə işlərin yaxşı və ya pis olmasını ayırd etmək üçün yeganə yolun ilahi vəhy olmasını iddia edirlər. Bu nəzəriyyəyə əsasən, əgər Allah günahsız bir şəxsin cəhənnəmə, günahkarın isə behiştə aparılmasını əmr etsə, bu, ədalət əsasında və yaxşı işlərdən sayılacaq! Bu nəzəriyyənin tərəfdarları deyirlər ki, biz Allahın ədalətli olmasını yalnız ona görə qəbul edirik ki, bu sifət məhz Qur`ani-kərimdə gəlmişdir.

***

Əqlin yaxşı işi pis işdən ayırd etməyə səlahiyyətli olması şiələrin əqidələrinin əsası olduğu üçün, bu barədə olan iki dəlili qısa şəkildə qeyd edirik:

1-Hər insanın əqli hansı dinə itaət etməsindən, dünyanın hansı məntəqəsində yaşamasından asılı olmayaraq ədalətin yaxşı, zülmün isə pis iş olmasını, həmçinin əhdə vəfa etməyin yaxşı, əhdi pozmağın isə pis, “yaxşılığa yaxşılıqla, pisliyə də yaxşılıqla” cavab verməyin yaxşı bir iş olmasını dərk edir. Bəşəriyyət tarixində aparılan tədqiqatlar bu məsələnin bir həqiqət olmasına şəhadət verir. Hələ indiyə qədər görünməmişdir ki, ağıllı bir adam bu mətləbi inkar etsin.

2-Əgər fərz etsək ki, əql işlərin yaxşı və ya pis olmasını dərk etməkdə tamamilə acizdir və insanların bütün işlərin yaxşı və ya pis olmasını ayırd etmək üçün mütləq şəriətə müraciət etməlidir, onda hökmən bunu da qəbul etməliyik ki, şəriətdə də hansı işin yaxşı və hansı işin pis olmasını sübut etmək qeyri-mümkündür. Çünki, şəriətin hər hansı bir işin yaxşı və ya pis olmasını xəbər verməsini fərz etsək, onda biz bu xəbərin vasitəsilə onların yaxşı və ya pis olmasını dərk edə bilməyəcəyik. Bununla da şəriətin dediyi sözün düzgün olmaması ehtimalını verəcəyik. Amma əgər əvvəlcədən yalanın pis olmasını, qanun qoyanın isə bu sifətdən pak və uzaq olmasını isbat etsək, onda başqa məsələ. Onu da yalnız əqlin vasitəsilə qəbul etmək olar.

Bundan əlavə, Qur`an ayələrindən aydın olur ki, insanın əqli işlərin bir qisminin yaxşı və ya pis olmasını dərk etməyə qadirdir. Məhz buna görə də Allah taala onların əql və vicdan əsasında hökm etməyə də`vət edib buyurur:

 “Məgər biz müsəlmanları kafirlər (günahkarlar) ilə eynimi tutacağıq?! Sizə nə olub, necə mühakimə yürüdürsünüz?”[5]

Başqa bir ayədə buyurulur: “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!”[6]

Burada cavab veriləsi bir sual qarşıya çıxır. Allah taala Qur`ani-kərimdə buyurur: “Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün insanlar) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəkdir.”[7]

SUAL: Bu ayədə buyurulur ki, Allah gördüyü işlər barəsində sorğu-sual olunmayacaq. Halbuki əql yaxşını və pisi dərk etdiyi üçün hökm edir ki, əgər Allah pis bir iş görərsə, Ondan “nə üçün bu işi gördün?” - deyə sorğu-sual olunmalıdır

CAVAB: Allahın sorğu-sual olunmamasının səbəbi, Onun hikmət sahibi olmasıdır. Hikmət sahibindən də heç vaxt pis iş baş verməz. Hikmət həmişə yaxşı işlə yanaşıdır. Beləliklə, sual üçün yer qalmır.

***

Allahın ədaləti üç qismə bölünür:

1-Təkvini işlərdə (kainatın yaradılışında) olan ədalət: Allah taala hər hansı bir məxluqa, onun iste`dad və bacarığı qədər əta edir. Heç vaxt icad etmə məqamında iste`dadları yaddan çıxartmır. Qur`ani-kərim buyurur:

 “Rəbbimiz hər hansı bir şeyə onun xilqətini əta edən, sonra da onu doğru yola hidayət edən Allahdır.”[8]

2-Təşrii (şəriət qanunu qoymaqla əlaqədar) işlərdəki ədalət:

Allah taala mə`nəvi kamalları kəsb etməyə qadir olan insanı, peyğəmbər göndərmək və dini qanunları qoymaqla hidayət edir. Həmçinin insanın imkan və qüdrəti dairəsindən xaric olan hər hansı bir işə vəzifəli etmir:

 “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi əmr edir, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir.”[9]

Ədalətli olmaq, yaxşılıq etmək, qohum-əqrəbanın əlindən tutmaq insanın yaxşı sifətlərindən, zina etmək, pis işlər görmək və zülm etmək isə pis sifətlərdən olduğu üçün ilk üç sifəti vacib, sonrakı üç sifəti isə qadağan edilmişdir. Həmçinin, Allah taala insanı, onun gücü çatmayan işlərlə mükəlləf (vəzifəli) etməməsi barədə buyurur: “Allah taala heç kəsi gücü çatmayan işi görməyə vadar etməz.”[10]

3-Cəzalandırma məqamında ədalət: Allah taala heç vaxt mükafatlandırmaq və ya cəza vermək baxımından mö`minlə kafirə, əməli salehlə günahkara bir səviyyədə baxmaz. O, hər bir insana, onun bacarıq və ləyaqətinə görə mükafat və ya cəza verir. Beləliklə, peyğəmbərlərin vasitəsilə insanlara, vəzifələrini çatdırmayınca, höccəti onlara tamamlamayınca, heç vaxt onları sorğu-suala tutmaz. Qur`ani-kərimdə buyurulur:  “Biz, peyğəmbər göndərməmiş, heç vaxt əzab vermərik.”[11]

Başqa bir ayədə buyurulur: “Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq və heç kəsə əsla zülm edilməz.”[12]

 

***

Allah insanı hədəfsiz, boş yerə yaratmamışdır. Onun yaranmasında əsas hədəf, ibadət və bəndəçilik nəticəsində hasil olan insani kamallara çatmaqdan ibarətdir. Əgər insanın bir hədəfə çatması, Allah tərəfindən göstəriş verilən müqəddimələrə əməl etməklə şərtlənsə, Allah taala mütləq həmin müqəddimələri göndərər. Əks təqdirdə insanın yaradılışı hədəfsiz olar. Məhz buna görə də Allah insanları hidayət etmək üçün peyğəmbərlər göndərmiş və Özünün mö`cüzə və bəyanatlarını onların ixiyarında qoymuşdur. Həmçinin insanları ibadət-itaətə rəğbətləndirmək və günahdan çəkindirmək üçün mükafat və cəza və`dəsi vermişdir.

Bu deyilənlərin hamısı ədliyyə məzhəbində bir çox e`tiqadi məsələlərin əsası və eləcə də əqlin yaxşını və pisi dərk etməkdə səlahiyyətli olması qaydasının təfərrüatından hesab olunan “lütf və kərəm qaydası”-nın xülasəsi idi.


 

[1] “Nisa” surəsi, ayə 40.

[2] “Yunis” surəsi, ayə 44.

[3] “Tovhid”, səh. 397-398.

[4] “äəşful-murad”, səh. 305.

[5] “Nun” surəsi, ayə 35-36.

[6] “Ər-Rəhman” surəsi, ayə 60.

[7] “Ənbiya” surəsi, ayə 23.

[8] “Taha” surəsi, ayə 50.

[9] “Nəhl” surəsi, ayə 90.

[10] “Mu`minun” surəsi, ayə 62.

[11] “Isra” surəsi, ayə 15.

[12] “Ənbiya” surəsi, ayə 47.

 


al-shia, Media-islam.Com 2008.