MEDIA-ISLAM.COM


 

بِسمِ الله الرحمن الرَحِيمِ   اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bİsmİllahİrrəhmanİrrəhİm

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə -  həzrət Məhdiyə  olsun!

 

NÜBÜVVƏT İLAHİ MƏRHƏMƏT VƏ LÜTFDÜR

İnsan çox sirli bir varlıqdır, onun zatında (təbiətində) nəfs və əql, hətta hər ayrı-ayrı fərdlərin şəxsiyyəti cəhətindən mürəkkəb quruluşa malikdir. Onun təbiətində bir-biri ilə zidd olan yönlər qoyulmuşdur. Bir tərəfdən onun zatında çirkinlik və fəsada, digər tərəfdən isə xeyirxah və gözəl əməllərə sövq edən qüvvələr qoyulmuşdur.[1]

Digər tərəfdən, insan zatında olan özünü sevmək, həvayi-nəfsə itaət etmək, xudbinlik, şan-şöhrət pərəstlik, hamıya qələbə çalmaq, təkəbbür, hamıdan üstün olmaq, dünya həyatı və onun bər-bəzəklərinə hərislik və s. kimi qərizələr və emosional xüsusiyyətlər əsasında xəlq edilmişdir. Allah-Taala buyurur:

 “And olsun Əsrə ki, bütün insanlar xəsarətdədirlər.”[2]

 “Həqiqətən insan elə ki özünü qəni görür, tüğyan edir.”[3]

 “Həqiqətən nəfs (əmmarə nəfsi) insanı pisliklərə sürükləyir.”[4]

Və s. kimi qərizələr və emosional xüsusiyyətə malik bir nəfsin varlığını göstərən sair ayələri qeyd etmək olar.

Digər tərəfdən, Allah-Taala insanda əql qüvvəsi də yaratmışdır ki, bu qüvvə insanı xeyir işlərə, saleh əməllərə doğru hidayət edir. Həmçinin Allah onun batinində vicdan qüvvəsi xəlq etmişdir ki, onu pis, çirkin əməllərdən, zülmdən və s. çəkindirib, qəbahətli, pis işlərin aqibətindən agah edir.

İnsanın bu iki daxili qüvvəsi–nəfs və əql arasında daimi çəkişmələr davam etməkdədir. Hər kəsin əqli nəfsinə qələbə çalsa, ən yüksək məqamlara, insaniyyətin kamal həddinə çatar, mə`nəvi və ruhi cəhətdən kamilləşmiş bir insan olar. Amma hər kəsin nəfsi əqlinə qələbə çalsa, ən alçaq dərəcələrdə olar, insaniyyət yolundan uzaqlaşar və heyvanlıq dərəcəsinə enər.

İnsandakı bu iki düşmən qüvvələrdən ən güclüsü nəfsani ehtiraslar və onların “qoşunu”dur. Məhz buna görə də insanların əksəriyyəti şəhvətə, nəfsani ehtiraslara itaət edib, onun çağırışlarına müsbət cavab verdiklərinə görə zəlalətdə qərq olaraq düz yoldan, hidayətdən uzaq düşürlər.

 “(Ya Peyğəmbər) İnsanların əksəriyyəti–sənin istədiyinə baxmayaraq–iman gətirməzlər”[5]

Bundan əlavə, insan (əqlinin) qüsurlu olduğuna görə, bütün həqiqətlərdən, onu əhatə edən varlıqların və öz nəfsindən yaranan işlərin sirlərindən və s. lazımi qədər mə`lumatı deyil, ona faydalı və yaxud zərərli olan şeyləri, onu səadətə və ya bədbəxtliyə aparan yolları ayırd edə bilmir – istər təkcə özünə, istərsə də hər hansı insan növünə və cəmiyyətinə aid olan işlərdə. Üstəlik onun təbiət və maddi aləm barəsindəki elmi artdıqca həmişə öz nəfsi barəsində cəhalətdə olur, cəhli artır, yaxud cəhlini daha yaxşı dərk edir.

Buna əsasən, insan, səadət dərəcələrinə çatmaq üçün səadət və aşkar hidayət yolunu göstərə bilən bir hidayətçiyə daha çox ehtiyac duyur ki, bu şəxsin (hidayətçinin) vasitəsilə əqlini qüvvətləndirib əql və nəfsani qüvvələrlə mübarizəyə hazırlaşdığı bir vaxtda, özünün inadkar düşməninə - nəfsani istəklərə sövq edən qüvvələrə qələbə çalsın.

İnsan bu yolda ən çox nəfsinin onu aldatdığı (əksər hallarda da nəfsin işi aldatmaqdır) pis əməllərini gözəl, yaxşı əməllərini cilvələndirib azğınlığa yuvarlanmasını tə`riflədiyi bir vaxtda belə bir şəxsə (hidayətçiyə) ehtiyac duyur ki, onun əlindən tutub, xeyirli, gözəl işlərə tərəf çəksin. Çünki nəfs, əql üçün yaxşı və xeyirli işləri pis və zərərli işlərdən seçmək üçün bir mə`rifət olmadığı vaxtda yaxşı şeyləri pis, pis şeyləri yaxşı cilvələndirir, məsləhətli, səadətli və ne`mət dolu yolu ona səhv göstərir.

Allahın ismət bəxş etdiyi şəxslər istisna olmaqla insanlardan hər biri də nəfs və əql arasındakı bu mə`rəkədə qərq olur.

Bu səbəbdən də nəinki vəhşi və cahil, hətta hər mütərəqqi və ziyalı şəxs özünü bütün xeyirli və məsləhətli yollara çatdırıb dünya və axirətdə ona faydalı, yaxud zərərli olan şeylər–istər şəxsən özünə aid olan, istərsə də cəmiyyətdə olan işlərə aid olsun–barəsində mə`rifət kəsb etməsi olduqca çətin bir işdir. Hətta bu yolda özü ilə həmfikir olan şəxslərdən kömək alsa da, böyük miqyaslı konfranslar, şuralar və s. təşkil etsələr də belə.

Deməli, Allah-Taalanın bəndələrə qarşı olan rəhmət və lütfü vacib edir ki:

 “Onların öz içindən olan peyğəmbər seçsin ki, Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırsın, kitab və hikməti (elmi) onlara öyrətsin”,[6] və o peyğəmbər bəndələri fəsad törədən işlərdən çəkindirib qorxutsun, səadəti və mənafeyi olan şeylərə müjdə versin.

Allahın bəndələrinə lütf (mərhəmət) göstərməsinin vacibliyinin səbəbi odur ki, lütf Onun mütləq kamalındandır və O, Öz bəndələrinə qarşı Lətif (lütf və mərhəmət sahibi), Kərim (kəramət sahibi) və Cəvaddır (ehsan edəndir). Əgər məhəll bəndələrin lütf,ə mərhəmət və ehsan üçün qabiliyyəti olsa, Allah Öz lütfünü onlara mütləq çatdırmalıdır. Çünki, Onun rəhmət dairəsində paxıllığa, kərəm və ehsanında nöqsana yol yoxdur.

Allahın lütfü barəsində deyilən “vacibdir” sözünün mə`nası bu deyil ki, kimsə Onu bu işi görməyə əmr etsin və əmrə itaət etmək də Ona vacib olsun. Amma qeyd olunan “vacib”in mə`nası “vacibül-vücud”da deyilən mə`nadır. Yə`ni bu işi görmək Onun Zatındadır və Ondan ayrılması qeyri-mümkündür.

***

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏLƏRİNİN FAYDALARI

İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yolu göstərməkdən, vəhyi alıb camaata çatdırmaqdan əlavə insanların təkamülündə digər mühüm bir tə`sirlərə də malik olmuşlar ki, onların ən mühümləri aşağıdakılardır:

1-İnsan əqli çox mətləbləri dərk edə bilər, amma onun ya zamanın keçməsinə və çoxlu təcrübə əldə etməsinə ehtiyacı vardır, ya da insanların maddi işlərə baş qoşması, heyvani xislətlərin və meyllərin onlara qələbə çalması nəticəsində qəflət və unutqanlığa düçar olur, yaxud da düzgün olmayan tə`limlər və pis təbliğatlar sayəsində xalq kütlələrinə gizlin qalır. Belə mətləblər də peyğəmbərlərin vasitəsilə bəyan olunur, ardıcıl xatırlatmalar vasitəsilə onların tamamilə unudulmasının qarşısı alınır, düz’ün və məntiqi tə`limlərlə pis tə`limatların və müğalitələrin qarşısı alınır.

Buradan da peyğəmbərlərin müzəkkir (xatırladan) və nəzir (ilahi əzabdan qorxudan), Qur`ani-Kərimin isə zikr (xatırlatma) və təzkirə adlanmasının mühüm səbəbi bəyan olunur.

Əli (ə) peyğəmbərlərin be`sətinin hikmətin bəyan edərkən buyurur: “Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca göndərmişdir ki, fitrət əhdi-peymanına vəfadar qalmağı camaatdan istəsin, unudulmuş ne`mətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ və bəyan edilməsi ilə höccəti onlara tamam etsin.”

2-İnsanın tə`lim-tərbiyə, inkişaf və təkamül amillərindən ən mühümü davranış və rəftarda nümunə və ülgünün varlığıdır ki, onun əhəmiyyəti psixologiya elmində sübuta yetmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gözəl formada ifa edir, müxtəlif tə`limatlardan əlavə, insanların ruhən tə`lim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə sə`y edirlər. Qur`ani-Kərim tə`lim (elm öyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bə`zi hallarda təzkiyə tə`limdən qabaqda gəlir.

3-Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi və mühakimə nəzərindən rəhbərliyini öz öhdələrinə alsınlar. Aydındır ki, mə`sum və günahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən böyük ne`mətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların çoxunun qarşısı alınır, cəmiyyət ixtilafdan, pərakəndəlikdən, əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunurlar.

***

Əli (ə) buyurub: “Əgər Mütəal Allah istəsəydi peyğəmbərləri göndərən zaman qızıl-gümüş xəzinələrini, əldəyməz gövhər mə`dənlərini, bol meyvəli bağları və ağacları onların ixtiyarına verər, havadakı quşları, qurudakı heyvanları onlara xidmətçi edərdi. Əgər Allah belə etsəydi onda imtahan və mükafat üçün olan şərait aradan gedərdi... Əgər (Allah) istəsəydi peyğəmbərlərə heç kəsin əli çatmayan bir qüdrət, heç vaxt məğlubedilməz bir izzət, eləcə də mülk və səltənət əta edərdi ki, başqaları qorxu və yaxud tamah üzündan onlara təslim olsunlar, inadkarlıq və təkəbbürdən çəkinsinlər. Amma belə olan təqdirdə məqsədlər və dəyərlər eyni səviyyədə olardı. Lakin Mütəal Allah istəmişdir ki, peyğəmbərlərə tabe olmaq, Onun kitabını təsdiq etmək, təvazökarlıq və təslim olmaq (kimi işlər) yalnız ilahi məqsədlə, heç bir riyakarlıq olmadan baş versin. İmtahan və bəla nə qədər böyük olsa ilahi mükafat və savab da bir o qədər artıq olar.”[7]

 


 

[1]“Əş-şəms” surəsi, 7-8.

[2]“Əsr” surəsi, 1-2.

[3]“Ələq” surəsi, 6-7

[4]“Yusif” surəsi, 53

[5]“Yusif” surəsi, 103

[6]“Cümə” surəsi, 2-ci ayə.

[7] “Nəhcül-bəlağə”, “Qasiə” xütbəsi; “Fürqan” surəsi, 7-10-cu ayələr; “Zuxruf” surəsi, ayə:31-35

 


al-shia, Media-islam.Com 2008.