MEDIA-ISLAM.COM


 

بِسمِ الله الرحمن الرَحِيمِ   اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

 

Bismillahirrəhmanirrəhim

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə   həzrət Məhdiyə  olsun!

 

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.

Xisal 322.

 

PEYĞƏMBƏRLƏRİN İSMƏTİ (GÜNAHSİZLİĞİ)

 

 “İsmət” lüğətdə “qorunmaq, uzaq olmaq” mə`nasını ifadə edir. Nübüvvət haqqında olan ismətin mə`nası aşağıdakılardan ibarətdir:

1-Vəhyi almaq və onu hifz etmək məqamında ismət.

2-Günah və mə`siyət qarşısında ismət.

3-Fərdi və ictimai işlərdə səhv və xəta qarşısında ismət.

Birici mərhələdə peyğəmbərlərin ismətini hamı qəbul edir. Çünki bu mərhələdə onlardan hər hansı bir xəta və günah ehtimalı verilsə, xalqın onlara qarşı olan e`timadı aradan gedər, bir daha onların sözlərini qəbul etməzlər. Bununla da peyğəmbərlərin hədəfi natamam olacaq.

Bundan əlavə, Qur`ani-kərim bəyan edir ki, Allah, Peyğəmbəri vəhyi insanlara düzgün şəkildə çatdırmaq üçün Öz nəzarəti altında saxlayıb hifz edir:

 “Qeybi bilən ancaq Odur (Allah ) və Öz qeybini bəyənib seçdiyi şəxsdən - peyğəmbərdən başqa heç kəsə aşkar etməz. Allah onların önündə və arxasında gözətçilər qoyar ki, peyğəmbərlərin Rəbbinin göndərdiklərinin (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). Allah onlarda olanların hamısını əhatə etmişdir. O, hər şeyin sayını bilir.”[1]

Qeyd olunan ayədə vəhyin qorunması üçün iki gözətçi bəyan olunur:

1-Hər bir tərəfdən Peyğəmbəri gözləyən mələklər;

2-Həm Peyğəmbəri, həm də və mələkləri əhatə edən uca Tanrı.

Bunun səbəbi də Peyğəmbərin hədəfinin əməli olaraq həyata keçməsi, İlahi vəhyin xalqa çatdırılmasıdır.

***

İlahi peyğəmbərlər şər`i hökmlərə əməl etməkdə hər növ günah və üsyankarlıqdan uzaqdır. Peyğəmbərlərin göndərilməsində izlənən hədəf o zaman həyata keçər ki, onların özü bütün günah və xətalardan uzaq olsunlar. Çünki onların özləri, xalqa təbliğ etdikləri ilahi hökmlərə dəqiq əməl etməsələr, sözlərinin doğruluğu və malik olduqları e`timad aradan gedəcək, nəticədə peyğəmbərliyin hədəfi həyata keçirilməyəcəkdir.

Mərhum Şeyx Tusi bu dəlili belə bəyan etmişdir:

 “Peyğəmbərlərin dediklərində e`timad yaranması və nübüvvətin hədəfinin həyata keçməsi üçün, onların ismət məqamına malik olmaları lazım və vacibdir.”[2]

Müxtəlif Qur`an ayələrində peyğəmbərlərin günahdan mə`sum (pak) olması qeyd olunmuşdur. Onların bə`zilərinə işarə edirik:

1-Qur`an peyğəmbərləri Allah tərəfindən seçilən və hidayət olunan şəxslər kimi bəyan edərək buyurur:  “Biz onları seçdik və düz yola hidayət etdik.”[3]

2-Qur`an xatırladır ki, Allahın hidayət etdiyi bir kimsəni heç kəs azğınlığa sala bilməz:  “Allahın hidayət edib doğru yola saldığı kimsəni heç kəs yoldan çıxarda bilməz!”[4]

3-Qur`an günah və mə`siyəti zəlalət və azğınlıq bilir:  “Həqiqətən, şeytan içərinizdən çoxlarını yoldan çıxartdı.”[5]

Bu ayələrdən mə`lum olur ki, peyğəmbərlər hər növ azğınlıq və günahdan pak və uzaqdır.

Bundan əlavə, əvvəldə peyğəmbərlərin isməti barədə qeyd etdiyimiz əqli dəlil, onların peyğəmbərliyindən qabaq da mütləq mə`sum və günahsız olmalarına dəlalət edir. Çünki bir kəsin ömrünün yarısı günah və üsyankarlıqla keçdikdən sonra doğru yola hidayət olunsa, xalqın e`timadını lazımınca qazana bilməyəcəkdir. Amma ömrünün başlanğıcından hər növ ruhi aludəlik və günahdan uzaq olan şəxs, şübhəsiz ki, xalqın e`timadını qazanmağı qadir olacaq.

Cahiliyyət dövründə ömrünü tam paklıqla keçirib 40 yaşına çatan və “Mühəmmədi Əmin” (s) ləqəbini alan bir nəfər, özünün yüksək və ali məqamı ilə düşmənlərin zəhərli əks-təbliğatlarını zərərsizləşdirdi, səbir və dözümlük göstərməklə cahiliyyətin zülmətə bürünmüş mühitini tədricən işıqlandırdı.

Bunlardan əlavə, həyatın ilk çağlarından e`tibarən ismət (günahsızlıq) məqamına malik olan bir şəxs, be`sətdən sonra belə bir məqama nail olan şəxsdən qat-qat fəzilətli və üstündür. İlahi hikmət tələb edir ki, ilk əvvəldən gözəl və ali məqama malik olan bir şəxsi peyğəmbərliyə seçsin.

***

Peyğəmbərlər ismət (günahsızlıq)  məqamına malik olmaqla yanaşı, aşağıda qeyd olunan məsələlərdə də xətalardan uzaqdırlar:

1-Münaqişəli məsələlərdə hakimlik etməkdə; Peyğəmbərlərə Allah tərəfindən əmr olunub ki, mühakimə qayda-qanununa əsaslanaraq ədalətli şəkildə hökm versinlər. Yə`ni müəyyən bir şeyi iddia edən şəxsdən şahid tələb etsinlər. Əgər iddia edən şəxsin şahidi olmazsa, bu iddianı inkar edən şəxsdən (müqabil tərəfdən) and içməsini istəməlidirlər. Peyğəmbərlərdən heç biri bu ilahi ədalət qanunu ilə müxalifət etməmişdir. Amma şahidin qəsdən, yaxud səhvən həqiqətin əksinə olaraq şəhadət verməsi, yaxud inkar edən şəxsin yalandan və ya səhvən and içməsi mümkün olduğuna görə, bu kimi hallarda peyğəmbərlərin çıxardığı hökm həqiqətin əksinə olacaq. Lakin bu iş onların ismətinə (günahsızlığına) xələl yetirməz. Çünki onlara əmr olunmuşdur ki, mövcud şahidlərə istinad edərək mühakimə etsinlər. Onların mühakiməsi həqiqətin əksinə olsa da, öz hökmlərində xətaya yol vermələrindən xəbərdardırlar.

2-Dini hökmlərin mövzusunu ayırd etməkdə (günahsızlıq). Məsələn: filan mayenin şərab olub-olmamağını ayırd etməkdə xətaya yol verməməlidirlər.

3-İctimai məsələlərlə əlaqədar olaraq məsləhəti ayırd etməkdə də səhv və xəta etmirlər.

4-Gündəlik həyat və məişət məsələlərində.

Sonuncu üç halda peyğəmbərlərin mə`sum (günahsız) olmalarının dəlili budur ki, xalqın əksəriyyətinin nəzərində bu cür məsələlərdə xəta etmək, dini hökmlərdə xəta etməklə eynidir. Ona görə də bu cür sadə məsələlərdə səhv etmək, xalqın peyğəmbərə olan e`timadını zəiflədir, habelə be`sətin hədəfini aradan aparır. Baxmayaraq ki, qeyd etdiyimiz birinci və ikinci surətdə peyğəmbərlərin günahsızlığının lüzumu axırıncı surətə nisbətən açıq-aşkardır.

***

İsmətin (günahsızlıq) növlərindən biri də budur ki, peyğəmbərlərdə, xalqın onlardan uzaqlaşmasına səbəb olan bir şey olmasın. Bildiyimiz kimi, bə`zi fiziki xəstəliklər, yaxud insanın alçaqlığına səbəb olan bə`zi ruhi xəstəliklər xalqın nifrətinə, əzab-əziyyətə düşməsinə səbəb olur. Peyğəmbərlər də mütləq həm cismi, həm də ruhi eyb və xəstəliklərdən uzaq olmalıdır. Çünki onların camaata əzab-əziyyət verməsi və nəticədə xalqın onlardan uzaqlaşması, ilahi xəbərlərin peyğəmbər vasitəsi ilə xalqa çatdırılmasının (be`sətin) hədəfləri ilə ziddir.

Həmçinin qeyd etməliyik ki, burada əqlin verdiyi hökm həqiqətin aşkar olunması mə`nasınadır və ilahi hikmətə əsasən, elə şəxslər peyğəmbərliyə seçilməlidir ki, bu cür eyiblərdən tamamilə uzaq olsunlar.[6]

***

Amma zahirdə peyğəmbərlərin günaha düçar olmasını göstərən bə`zi ayələrə (məsələn: Həzrət Adəm (ə) və başqa peyğəmbərlərin günah etməsi haqda olan ayələrə) gəldikdə isə, demək lazımdır ki, Qur`anda əsla ziddiyyətli məsələ olmadığı üçün, sair ayələrdə mövcud olan bir sıra şahid və dəlillərə diqqət etməklə həmin ayələrdəki əsl məqsədin nə olmasını asanlıqla başa düşmək olar. Qur`an ayələrinin zahiri mə`nasına istinad edib ilahi peyğəmbərlərin günahkar və qeyri-mə`sum olduğuna hökm etmək, bir növ tələm-tələsik hökm verməyə bənzəyir. Xoşbəxtlikdən şiələrin böyük təfsirçiləri və ilahiyyat alimləri bu ayələri düzgün təfsir etmiş, onların bə`ziləri bu məsələ ilə əlaqədar ayrıca kitablar yazmışlar. Bu mətləbi ətraflı şəkildə bilmək istəyənlər Seyyid Mürtəzanın yazdığı “Tənzihul-ənbiya”, Fəxruddin Razinin “İsmətül-ənbiya”, Cə`fər Sübhaninin “Məfahimül-Qur`an” kitablarına müraciət edə bilərlər.

***

İlahi peyğəmbərlərin ismətinin (günahsızlıq) amili iki şeydən ibarətdir:

1-Peyğəmbərlər “Allahın xüsusi dostlarıdır”. Onlar ilahi mə`rifət baxımından heç vaxt Allah taalanın rizasını başqa şeylə əvəz etməz, onlar Allah dərgahında yüksək və ali məqama malikdirlər. Başqa sözlə, onların Allahın əzəməti, cəmalı və cəlalı barədəki mə`rifəti, Allahdan qeyrisi barədə fikirləşməyə mane olur. Onlar Allahın rizasından başqa bir şeyi fikirləşmirlər. Mə`rifətin bu mərtəbəsi Həzrət Əli (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədisdə cəm olmuşdur:  “Hər bir şeyi gördümsə, onunla birlikdə, ondan sonra və qabaq Allahı (bəsirət gözü ilə) gördüm.”

Həmçinin İmam Sadiq (əleyhis-salam) buyurmuşdur:  “Mən Allaha, Onu sevdiyim üçün ibadət edirəm. Bu da kəramətli şəxslərin ibadətidir.”[7]

2-Peyğəmbələrin isməti onların itaətin parlaq əməl, günahın isə dünya və axirətdə pis və acınacaqlı aqibətindən tamamilə xəbərdar olmasından irəli gəlir. Əlbəttə, hər sahədə ismət məqamına malik olanlar, yalnız Allahın bir dəstə xüsusi övliyalarıdır. Bə`zi təqvalı mö`minlər də əməllərinin çoxunda günahdan uzaqdırlar. Məsələn: təqvalı bir şəxs heç vaxt nə özünü, nə də günahsız kimsəni öldürməz. Hətta adi şəxslər də bə`zi işlərdə özünü günahdan qoruyurlar. Məsələn: bir kəs razı olmaz ki, əlini elektrik cərəyanına vurmaqla özünü öldürsün.

Göründüyü kimi, bu cür işlərdən qorunmaq şəxsin öz əməlinin pis olmasını qəti şəkildə bilməsindən irəli gəlir. Əgər belə bir elm və agahlıq ən pis günahlar barəsində də hasil olsa, şübhəsiz, şəxsi günahdan saxlayacaqdır. Deməli, peyğəmbərlər, günahların pis və acınacaqlı aqibəti barədə qəti elmi olduğu üçün, qətiyyən günah etməyə razı deyildirlər.

***

İsmətin (günahsızlıq)  amillərinə diqqət yetirməklə yanaşı, bunu da qeyd etmək lazımdır ki, peyğəmbərlərin isməti, onların ixtiyar və azadlığı ilə zidd deyildir. Əksinə, mə`sum və günahsız bir şəxs Allah barəsində, itaətin və ya günahın aqibətinə yüksək səviyyədə mə`rifətə malik olmaqla yanaşı günaha da düçar olmaq onun ixtiyarındadır, amma heç vaxt bu qüdrətdən istifadə etmir. Bu mətləb, eynilə mehriban atanın öz əziz oğlunu qətlə yetirməyə qadir olmasına bənzəyir; amma o, heç vaxt bu işi görmür. Həmçinin qüdrətli Allah təqvalı şəxsi cəhənnəmə, günahkar şəxsi isə behiştə apara bilər, amma Onun hikməti belə bir işi görməsinə mane olur. Deməli, günahı tərk etmək, ibadəti isə yerinə yetirmək mə`sumlar üçün böyük bir iftixardır. Onlar günah etməyə qadir olduqları halda, heç vaxt ona mürtəkib olmurlar.

***

Bütün peyğəmbərlər mə`sum və günahsızdırlar, amma mümkündür ki, bir şəxs peyğəmbər olmadığı halda, mə`sum və günahsız olsun. Qur`ani-kərim Həzrət Məryəm (ə) barədə buyurur:

 “Ya Məryəm, həqiqətən Allah səni seçmiş, (günahlardan) təmizləmiş, aləm qadınlarından üstün tutmuşdur.”[8]

Qur`ani-kərimin Həzrət Məryəm barəsində “istəfa” (seçdi) kəlməsini işlətməsindən mə`lum olur ki, o, mə`sum və günahsız olmuşdur. Çünki peyğəmbərlər barəsində də “istəfa” kəlməsindən istifadə olunmuşdur. Məsələn:  “Həqiqətən, Allah Adəmi, Nuhu, İbrahimin övladlarını və İmran ailəsini aləmlərə seçilmiş (üstün) etdi.”[9]

Bundan əlavə, yuxarıda qeyd olunan ayədə Həzrət Məryəmin paklanmasından söz açılır. Məqsəd də yəhudilərin, Məryəmin oğlu ilə əlaqədar töhmət vurduqları günahdan təmizlənməsi deyil, onun bütün çirkinliklərdən təmizlənməsidir. Onun günahdan təmizlənməsi Həzrət İsanın təvəllüdünün elə ilk günlərində dil açıb danışması ilə sübut olundu. Həmçinin, Həzrət Məryəmin bütün çirkinliklərdən təmizlənməsini bəyan edən ayələr onun hələ Həzrət İsaya hamilə olmadığı dövrə aiddir. Beləliklə, mə`lum olur ki, Həzrət Məryəmin günahsız olması ona vurulan töhmətə görə deyildir.


 

[1] “Cinn” surəsi, ayə 26-27-28.

[2] “Kəşfül-murad”, (nübüvvət bəhsi), səh. 349.

[3] “Ən`am” surəsi, ayə 87.

[4] “Zümər” surəsi, ayə 37.

[5] “Yasin” surəsi, ayə 62.

[6] Əqlin belə yerlərdə verdiyi hökm qəti hökm sayılır. Buna əsasən, Həzrət Əyyub (ə) haqqında varid olan bə`zi rəvayətlərdə onun insanda nifrət yaradan xəstəliklərə düçar olması əqlin qəti hökmü ilə, həmçinin Əhli-beyt (ə)-dan nəql olunan bir çox rəvayətlərlə ziddir. Belə ki, İmam Sadiq (ə) ata-babalarından belə nəql edir: “Həzrət Əyyubdan xəstəlik müddətində pis qoxu və qorxunc (iyrənc) surət görünmədi. Onun bədənindən heç vaxt çirk, qan və camaatın nifrət etdiyi şeylər çıxmadı. Xalqın ondan uzaq düşməsinin səbəbi, onun yoxsulluğu və zəifliyi idi, amma onun Allah yanında olan yüksək məqam və dərəcəsindən xəbərdar deyildilər.” ( “Xisal”, 1-ci cild, səh. 400.) Deməli, bu mətləbin əksinə olan rəvayətlər tam əsassızdır.

[7] “Biharul-ənvar”, 70-ci cild, səh. 22.

[8] “Ali-İmrans surəsi, ayə 42.

[9] “Ali-İmran” surəsi, ayə 33.

 


al-shia, Media-islam.Com 2008.