بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن
Bismillahirrəhmanirrəhim
XÜSUSI NÜBÜVVƏT
Ötən fəsildə, ümumi nübüvvət haqqında söhbət etdik. Bu fəsildə isə İslam Peyğəmbəri Həzrət Mühəmməd ibni Əbdüllah (səlləllahu əleyhi və alihi və səlləm)-in xüsusi nübüvvəti (peyğəmbərliyi) barədə danışacağıq. Əvvəldə qeyd etdik ki, peyğəmbərlərin nübüvvəti üç yolla sübut olunur:
1-Nübüvvət iddiası ilə yanaşı mö`cüzə gətirməklə;
2-Peyğəmbərlik iddiasının doğruluğuna şəhadət verən müxtəlif əlamət və dəlillər;
3-Öncə gələn peyğəmbərlərin onu təsdiq etməsi.
İslam Peyğəmbərinin nübüvvətini də qeyd olunan üç yolla sübut etmək olar. Biz burada onları qısa şəkildə bəyan edirik:
Tarix şəhadət verir ki, İslam Peyğəmbəri (s) öz də`vətində müxtəlif mö`cüzələrdən istifadə etmişdir. Lakin bu mö`cüzələrin içərisində, o Həzrət özünün əbədi mö`cüzəsi sayılan Qur`ani-kərimə digər mö`cüzələrə nisbətən daha çox tə`kid etmişdir.
İslam Peyğəmbəri (s) öz nübüvvətini bu səmavi kitabı gətirməklə e`lan etmiş və xalqı onun əmr və göstərişlərinə əməl etməyə də`vət etmişdir. O Həzrət İslam müxaliflərini Qur`an surələrinə bənzər bir surə gətirməyə də`vət etdi, lakin heç kəs bu işi bacara bilmədi. Hətta müasir dövrdə də əsrlərin keçməsinə baxmayaraq, Qur`ani-kərim həmin sözü təkrar e`lan edərək buyurur:
“Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur`ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.”[1]
Qur`ani-kərim burada müxalifləri mübarizəyə də`vət məqamında buyurur: “Ey Peyğəmbər, de ki, əgər qüdrətiniz varsa, bu Qur`ana bənzər bir kitab gətirin.” Başqa bir yerdə isə bu miqdarı azaldaraq belə buyurur: “Onlara (müşriklərə) de ki, onun (Qur`an) kimi on surə uydurub gətirin.”[2]
Daha sonra buyurur: “De ki, ona bənzər bir surə gətirin.”[3]
Bildiyimiz kimi, İslam dininin zühur etməsindən 14 əsr keçir. Bu müddət ərzində islam düşmənləri bu dinə zərbə vurmaq üçün əllərindən gələnlərini əsirgəməyiblər. Hətta İslam Peyğəmbərinə (s) sehrkar, məcnun və s. kimi töhmətlər vurmaqdan belə çəkinmirdilər. Amma bununla belə, heç vaxt Qur`ana bənzər bir şey gətirə bilmədilər. Müasir dövrün elm və texnologiya əsri olmasına baxmayaraq, yenə də bu sözün müqabilində aciz qalmışlar. Bu da onu göstərir ki, Qur`an bəşər kəlamının fövqündə olan bir kitabdır.
***
Tarix kitablarında və hədislərdə qeyd olunduğu kimi, İslam Peyğəmbərinin müxəlif mö`cüzələri olmuşdur. Amma onların arasında bütün əsrlər boyu parlaq nur kimi işıq saçan əbədi mö`cüzəsi Qur`ani-kərimdir. Rəsuli Əkrəm (s) özünün bu mö`cüzəsi ilə digər peyğəmbərlərdən fərqlənir. Səbəbi də budur ki, onun gətirdiyi din əbədi və bütün ilahi dinlərin sonuncusudur. Əbədi bir dinin də hər bir əsrdə nübüvvətə qəti dəlil olsun deyə, əbədi bir mö`cüzəyə ehtiyacı vardır. Bununla da insanlar əsrlər boyu başqalarının nəzəriyyələrinə yox, yalnız ona müraciət etməlidirlər.
Qur`ani-kərim müxtəlif cəhətlərdə mö`cüzə sayılır. Biz burada onları qısa şəkildə bəyan edəcəyik. Qur`ani-kərimin nazil olduğu dövrdə ərəblərin, həmçinin gözəl bəyana, ali dərəcədə fəsahətə malik olduqları üçün xalq arasında hörmətə layiq görülən söz ustalarının diqqət mərkəzində olan ilk şey - Qur`anın dərin mə`nası, gözəl kəlmələri, bir sözlə, yüksək söz ustalığından söz açan bəlağət və fəsahəti idi. Qur`an bəlağət ustalarını dəhşətə gətirirdi. Qur`ani-kərim belə bir səciyyəvi xüsusiyyətə malik olduğu üçün İslam Peyğəmbəri daima onun ayələrini tilavət etməklə söz ustalarını mübarizəyə çağırır, onları məğlub edir və başa salırdı ki, onunla qarşılaşa bilməzlər. Məşhur şair və bəlağət ustası Vəlid ibni Müğeyrə Rəsuli Əkrəmdən bir neçə ayə eşitdikdən sonra belə dedi: “And olsun Allaha, indicə Mühəmməddən (s) bir söz eşitdim ki, nə insanların sözünə oxşayır, nə də cinlərin. O, dərin mə`nalı, xüsusi gözəlliyə malik olan bir söz idi. Heç bir söz ondan üstün ola bilməz. Onunla mübarizə aparmaq qeyri-mümkündür.”[4]
Qur`anın zahiri gözəlliyi və mə`nəvi şövkəti müqabilində baş əyən təkcə Vəlid ibni Müğeyrə deyil, həm də ərəblər arasında Ütbə ibni Rəbiə, Tüfeyl ibni Əmr və s. kimi söz ustaları da Qur`anın müqabilində acizliklərini izhar edərək, onun ədəbi e`cazkarlığını iqrar etdilər. Əlbəttə, cahil ərəblərin mədəniyyəti çox aşağı səviyyədə olduğu üçün, Qur`anın yalnız bu cəhətdən mö`cüzə olduğunu başa düşürdülər. Amma İslam dini dünyanın dörddə bir hissəsinə günəş kimi nur saçarkən, dünya mütəfəkkirləri Qur`anın dərin mə`nalı ayələrinin ədəbi yönündən əlavə, onun digər xüsusiyyətlərindən də bəhrələndilər, hər əsrdə onun tükənməz həqiqətlərindən yeni-yeni elmi məsələlər öyrənməyə başladılar.
Qur`ani-kərimin başqa səbəblərə görə mö`cüzə sayılmasını qısa şəkildə izah edəcəyik. Qur`anın ədəbi cəhətdən mö`cüzə olmasını yalnız ərəb dilini yüksək səviyyədə bilən şəxslər başa düşürsə, amma xoşbəxtlikdən onun digər yönlərdə mö`cüzə olmasını dərk etmək başqaları üçün də müyəssər oluna bilər. Çünki:
1-Qur`anı dərs oxumamış, tə`lim görməmiş, savadsız bir şəxs gətirmişdir, o, nə məktəbə getmiş, nə müəllimdən dərs almış, nə də bir kitab oxumuşdur. Belə ki, Qur`ani-kərim buyurur:
“(Ya Mühəmməd!) Sən bu Qur`andan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. (Əgər belə olsaydı), batilə düşənlər (sənin risalətinin haqq olmasında) şəkk-şübhəyə düşərdilər.”[5]
Həzrət Peyğəmbər (s) bu ayəni xalqa tilavət edərkən, onlar Peyğəmbərin tərcümeyi-halından tamamilə xəbərdar idilər. Deməli əgər Həzrət təhsil almış olsaydı, hamı onun bu iddiasını təkzib edərdi. Onların bə`zilərinin (müşriklərin) Həzrət Peyğəmbərə (s) “Qur`anı ona bir insan öyrədir” - deyə ittiham vurmalarına gəldikdə isə, bu, sair ittihamlar kimi məntiqsiz, əsassızdır. Qur`ani-kərim bu ittihamı rədd edərək buyurur: “Onların nəzərdə tutduqları adamın dili başqa dildir (ərəb deyil əcəmdir). Bu (Qur`an dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir.”
2-Qur`ani-kərim Peyğəmbəri Əkrəmin (s) vasitəsilə 23 il ərzində və müxtəlif şəraitlərdə (sülh, müharibə və s.) tilavət olunmuşdu. Bu da təbii olaraq tələb edir ki, (şəxsin öz sözləri olduqda) deyənin sözlərində bir növ uyğunsuzluq və qeyri-mütənasiblik olsun. Hətta eyni bir şəraitdə, mətləblərin bir-biri ilə mütənasibliyini qoruyaraq kitab yazan müəlliflərin kəlamlarında belə, çox vaxt ziddiyyət və qeyri-mütənasibliyə rast gəlmək olur. Belə olduqda müxtəlif şərait və vəziyyətlərdə bir şəxsə tədricən öyrədilən mətləbin ziddiyyətlə və ixtilafla qarışması adi bir işdir.
(Deməli, Peyğəmbərə 23 ildə nazil olan Qur`an bəşər tərəfindən deyil, Allah tərəfindən ilham olunmuşdur.)
[1] “Isra” surəsi, ayə 88.
[2] “Hud” surəsi, ayə 13.
[3] “Bəqərə” surəsi, ayə 23.
[4] “Məcməül-bəyan”, 5-ci cild, səh. 387.
[5] “Ənkəbut” surəsi, ayə 48.
al-shia, Media-islam.Com 2008.