MEDIA-ISLAM.COM


 

 

Bu kiçik kitabda bu mövzu ilə əlaqədar nazil olan ayə və rəvayətlərin hamısını sayıb qurtarmaq olmaz.

Hənəfi məzhəbli alim olan Həskani 5-ci hicri əsrinin alimlərin­dən olmaqla, böyük tabein və müfəssirlərdən olan Mücahiddən nəql edir ki, «Əli (ə) üçün yetmiş fəzilət vardır ki, onun misli Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən biri üçün belə, yoxdur. Həmçinin deyir: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri üçün elə bir fəzilət yoxdur ki, Əli həmin fəzilətlərdə onlarla şərik olmasın.»[1]

İbni Abbasdan nəql olunur ki, Qur`anda “o kəslər ki, iman gətirib və əməli-saleh işlər görüblər”– deyə buyuran elə bir ayə yoxdur ki, Əli o ayənin əmiri və şərifi olmasın; Muhəmmədin səhabələrindən elə bir kəs yoxdur ki, Allah onu məzəmmət etməmiş olsun. Amma Əlini yaxşılıqdan başqa bir şeylə yad etməmişdir.»[2]

Həmçinin deyir ki, «Əli üçün 18 fəzilət vardır ki, əgər onlardan hər hansı biri bu ümmətdən olan bir kişidə olsaydı onun vasitəsilə mütləq nicat tapardı. Onun üçün (əlavə) 12 fəzilət vardır ki, bu ümmətdən heç birində yoxdur.»[3]

İbni Əbil-hədid deyir: Ustadımız Əbul-hüzeyldən soruşuldu: «Allahın yanında Əbu Bəkrin məqamı yüksəkdir, yoxsa Əlinin?»

Dedi: «Allaha and olsun ki, Xəndək günündə Əlinin Əmrlə müharibəsi nəinki Əbu Bəkrin, üstəlik mühacir və ənsarın bütün yaxşı əməl və itaətlərinə bərabərdir.»[4]

Hənbəli məzhəbinin başçısı Əhməd yazır:

مٰا جٰاءَ لِاَحَدٍ مِنْ اَصْحٰابِ رَسُولِ اللَّهِ  صلي الله عليه و آله سلم  مِنَ الْفَضٰائِلِ مٰا جٰاءَ لِعَلِىِّ بْنِ اَبِى طـٰالِبٍ

“Əliyyibni Əbitalib barəsində gələn heç bir fəzilət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən olan bir kəs üçün gəlməyib.” [5]

Əruz elminin tə`siscisi, ədib və lüğət imamı Xəlil ibni Əhmədin dediyi kimi: «Hər bir şəxsin fəzilətləri ya dostunun ya da düşməninin vasitəsilə yayılmalıdır; amma o həzrətin dostları qorxudan, düşmənləri isə həsəd üzündən fəzilətlərini gizlətməyə çalışdılar, lakin bütün bunlarla belə, onun fəzilətləri bütün aləmə yayılmışdır.»[6]

Görəsən, əgər düşmənlərin həsədi və dostların qorxusu olmasaydı, Bəni-üməyyə və Bəni-Abbas hökumətlərinin qaranlıq, zülmətli, irticası dövranları bu fəzilət günəşinin qarşısına hicab çəkməsəydi, onda imam Əlinin fəzilət nurları üfüqləri necə işıqlandırardı?! Bu şərif bəhsi o həzrətin şə`nində nazil olan iki ayə ilə sona çatdırırıq:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Budur və bundan başqa ola bilməz: Sizin vəliniz Allah, Onun Rəsulu, iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”[7]

Böyük sünnü alimləri bu ayənin Əli (ə)-ın şə`nində nazil olmasını e`tiraf etmişlər. Fəxr Razinin nəql etdiyi bir hədisi, onların hamısının məzmununa yaxın olan şəkildə və ixtisarla nəql edirik:

Əbuzər dedi: Zöhr namazını Peyğəmbər (s)-lə birlikdə qıldım, bir sail (yolçu) məscidə gəlib bir şey istədi, heç kəs ona bir şey vermədi. Bu zaman Əli rüku halında idi, üzük olan barmağı ilə sailə işarə etdi, o gəlib üzüyü çıxartdı. Peyğəmbər (bu mənzərəni görüb) Allah dərgahına yalvarış etdi, sonra dedi: “Pərvərdigara! Qardaşım Musa Səndən bir şey istəyib dedi: “Pərvərdigara, mənim qəlbimi genişləndir!” Sən də ona bu ayəni nazil etdin: “Tezliklə sənin qollarını qardaşının vasitəsilə qüvvətləndirəcək və sizin ikiniz üçün sultan, səltənət qərar verəcəyik.” Pərvərdigara, mən Muhəmməd, Sənin bəndənəm, belə isə, mənim də qəlbimi genişləndir, işlərimi asanlaşdır, öz əhlimdən olan bir şəxsi mənim vəzirim qərar ver – Əlini. Mənim arxamı onun vasitəsilə möhkəmləndir.”

Əbuzər deyir: – “Allaha and olsun ki, Peyğəmbər (s)-in sözü qurtarmamış Cəbrəil bu ayəni («Maidə», 55) nazil etdi.[8]

Peyğəmbər (s)-in duasından dərhal sonra bu ayənin nazil olması o həzrətin duasının qəbul edildiyini göstərir: belə ki, Harunun Musa ilə əlaqədar hər bir vəzifəsi var idisə, Peyğəmbər (s)-lə müqayisədə Əli (ə)-a verilmişdir.

Bu ayədə, bağlayıcı hərfinin (وَ «və») tələbinə əsasən, mə`lum olur ki, Peyğəmbər (s) üçün mövcud (sabit) olan Allah vilayəti, elə Əliyyibni Əbitalib üçün də sabitdir.

Həsrə dəlalət edən «innəma» kəlməsi sübut edir ki, bu ayədə olan vilayət yalnız Allaha, Peyğəmbərə və Əliyə məxsusdur, elə bir vilayətdir ki, bu üç nəfərə həsr olunur və bu vilayət, «vəli» kəlməsinin mə`nalarından vilayəti əmrdən başqa heç biri ilə uyğun gəlmir:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

 “Hər kəs səninlə, sənə elm gəldikdən sonra höcətləşsə, de: Gəlin oğlanlarımızı və oğlanlarınızı, qadınlarımızı və qadınlarınızı, canlarımızı və canlarınızı çağıraq, sonra mübahilə edək və Allahın lə`nətini yalançılara göndərək.”[9]

Bu şərif ayədə nəzər və təfəkkür əhli üçün elə incəliklər, dərin mə`nalar vardır ki, şərh etmədən sadəcə üçünə işarə edirik:

Peyğəmbər (s)-in duası (düşməni qarğışlaması) və mübahiləyə çağırması peyğəmbərlik və risalətinin bürhanı, məsihilərin də bu işdən boyun qaçırması məsihiliyin batil, islamın haqq olmasına dəlildir. Bu ayədəki “ənfusəna” kəlməsi Əli (ə)-ın Peyğəmbər (s)-dən sonrakı fasiləsiz xilafətinə dəlildir, çünki Peyğəmbər (s)-in tənzili (ondan sonrakı mərhələyə nazil olunar) nəfsi olan bir şəxsin varlığı ilə belə– Allahın kəlamında buyurduğu kimi, o, Peyğəmbər (s)-in vücudunun davamıdır – başqalarının canişinliyinin caizliyi ağılasığan deyildir.

Təfsir və hədis alimlərinin müttəfiq fikirdə olduqları məsələ budur ki, bu ayədə “oğlanlarımız” dedikdə məqsəd Həsənlə Hüseyn, “qadınlarımız” dedikdə isə məqsəd Fatimeyi-Zəhradır. Amma “ənfusəna” dedikdə isə Əliyyibni Əbitalib nəzərdə tutulur.

Bu barədə Fəxr Razinin öz təfsirində qeyd etdiyi bir hədisi qeyd etməklə kifayətlənirik, onun xülasəsi və məzmunu bu şəkildədir: Peyğəmbəri Əkrəm (s) Nəcran məsihilərinə dəlil gətirdikdə, onlar da öz cəhalətlərinə israr etdilər, bu zaman həzrət buyurdu: “Allah mənə əmr etmişdir ki, əgər höccət və dəlili qəbul etməsəniz, sizinlə mübahilə edəm.” Dedilər: “Ya Əbəl-Qasim! Biz qayıdıb öz işimiz barəsində yaxşı-yaxşı fikirləşərik. Sonra sənin yanına gələcəyik.” Qayıtdıqları zaman öz başçıları olan Aqibə dedilər: “Ey Əbdül-Məsih! Sən nə (məsləhət) görürsən, nəzərin nədir?”

Dedi: “Ey məsihilər! Siz mə`rifət tapdınız ki, Muhəmməd Allahın göndərdiyi peyğəmbərdir, İsa barəsində haqq kəlamını sizin üçün gətirmişdir. Allaha and olsun, elə bir qövm Peyğəmbər (s)-lə mübahilə etməmişdir ki, onların böyükləri diri qalmış, kiçikləri böyümüş olsun. Əgər bu işi görsəniz, kökünüz yer üzündən kəsiləcəkdir. Əgər öz dininizdən əl çəkməməyə, onunla vidalaşmamağa israr edirsinizsə, öz şəhərinizə qayıdın!”

Peyğəmbər (s) Hüseyni qucağına almış, əlindən Həsənin tutmuşdu, Fatimeyi-Zəhra onun arxasından, həzrət Əli də Fatimənin arxasınca gəlirdi. Həzrət onlara buyurdu: “Mən dua etdiyim zaman, siz «amin» deyərsiniz!”

Nəcran yepiskopu dedi: – “Ey məsihilər! Mən elə nurani üzləri görürəm ki, əgər Allahdan, dağı yerindən qoparmasını istəsələr, bu nurani şəxslərin hesabına mütləq yerindən qopar. Siz mübahilə etməyin, əks halda həlak olarsınız və Qiyamətə qədər yer üzündə bir məsihi belə, qalmaz.

Bununla da mübahilə fikrindən keçdilər və sülhə razılaşdılar. Mübahilədən sonra Peyğəmbər (s) buyurdu: “Canım qüdrət əlində olan Allaha and olsun ki, həlakət Nəcran əhlinə yaxınlaşmışdı əgər mübahilə edib qarğışlansaydılar, meymun və donuz surətinə düşərdilər, vadi onlar üçün cəhənnəmə dönər, bir il keçməmiş bütün məsihilər məhv olardı.”

Rəvayət olunmuşdur ki, o həzrət qara əbasında çıxan zaman əvvəlcə Həsəni onun altına daxil etdi, sonra Hüseyni, sonra Fatiməni, sonra Əli (ə)-ni ... Sonra bu ayəni tilavət etdi:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Fəxr Razi sonra deyir:

و َعْلَمْ اَنَّ هذِهِ الرِّوَايَةَ كَالْمُتَّفَقِ عَلَى صِحَّتِهَا بَيْنَ اَهْلِ التَّفْسِيرِ وَالْحَدِيثِ

«Bil ki, bu rəvayət təfsir və hədis alimləri arasında səhihliyinə ittifaq olunmuş rəvayətlərdəndir.»[10]

İttifaq olunmuş bu ayə və hədisin əlavə şərhinə macal olmasa da, bir-iki incə nöqtəyə işarə edirik:

a) Peyğəmbər (s) evdən xaric olan zaman adları qeyd olunanları əbanın altında bir yerə yığaraq «Təthir» ayəsini oxudu. Çünki, təbii qanunları pozan, təbii səbəbləri tə`sirdən salan və Allahın iradəsinin vasitəsiz olaraq gerçəkləşməsinə səbəb olan bu dua hər növ rics, aludəlikdən pak olan ruhlardan çıxaraq Allah dərgahına doğru yüksəlməlidir: “İləyhi yəs`udul-kəlimut-təyyibu – pak-pakizə sözlər Ona doğru qalxar».[11] Allahın iradəsinin təəllüq tapdığı o paklıq da məhz bu beş nəfərin nəfslərində mövcud idi.

b) Peyğəmbəri Əkrəm (s)-in Nəcran məsihiləri ilə mübahiləsi o qövmün Allahın rəhmətindən uzaq olması istəyi idi, qəbul olunacağı surətdə isə insanın heyvan surətinə düşməsi, torpağın oda çevrilməsi və bir ümmətin yer üzündən silinməsi ilə nəticələnəcəkdi. Bu da yalnız elə bir «əmr» ilə mümkün ola bilərdi ki:

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

“Budur və bundan başqa ola bilməz: Allahın əmri budur ki, bir şeyi iradə etdiyi vaxt ona “ol!”! deyər, o da dəhal vücuda gələr.”[12]

Bu da kamil insanın nail olduğu məqamdır ki, onun razılığı və qəzəbi Allahın razılıq və qəzəbinin məzhəri, cilvəsidir, bu məqam Xatəm və onun canişininin məqamıdır, bu məqama çatan yeganə qadın Siddiqeyi-Kubradır. Bu da onu göstərir ki, isməti-kubradan ibarət olan ümumi imamət və külli vilayət Fatimeyi Zəhrada mövcuddur.

Sünnü alimlərinin düzlüyünə e`tiraf etdikləri bir hədisdə bu məsələ açıqlanır ki, Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:

فٰاطِمَةُ بَضْعَةٌ مِنِّى فَمَنْ اَغْضَبَهٰا اَغْضَبَنِى

“Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirər.”[13]

Əql, kitab və sünnənin hökmünə əsasən, Peyğəmbərin qəzəbi Allahın qəzəbi olsa da, sünnü alimləri bu hədisi də nəql etmişlər: Peyğəmbər Fatiməyə buyurur: “Həqiqətən, Allah sənin qəzəbinlə qəzəblənər, razılığınla razı olar.”[14]

Bir şəxs ki, heç bir qeyd və şərt olmadan Allah onun razılığı ilə razılaşır, qəzəbi ilə qəzəblənir, əqlin zəruri və qəti hökmü ilə onun razılığı, qəzəbi hər növ həvayi-nəfsdən, xətadan uzaq olmalıdır ki, bu da məhz isməti-kubra məqamından ibarətdir.

 

 

 

 

 

 


 

[1] «Şəvahidut-tənzil», 1-ci cild, səh.24

[2] «Şəvahidut-tənzil», 1-ci cild, səh.30

[3] «Şəvahidut-tənzil», 1-ci cild, səh.22

[4] «Nəhcül-bəlağə»nin şərhi, İbni Əbil-Hədid, 19-cu cild, səh.60

[5] «Əl-Müstədrək ələs-Səhiheyn», 3-cü cild, səh.107

[6] «Tənqihul-məqal», 1-ci cild, səh.402

[7] «Maidə» surəsi, ayə:55

[8] «Təfsiru əl-Kəbir», Fəxr Razi,12-ci cild,səh. 26

[9] «Ali-İmran» surəsi, ayə:61

[10] «Təfsiru əl-Kəbir», Fəxr Razi, 8-ci cild,səh. 85

[11] «Fatir» surəsi, ayə:10

[12] «Yasin» surəsi, ayə:82

[13] «Səhihi Buxari», 4-сü, cild, səh. 210; Əhməd ibn Hənbəl «Müsnəd» 4-cü cild, səh. 5, 328; «Səhihi Müslim», 7-ci cild, səh. 141; «Sünəni İbni Macə», 1-ci cild, səh. 644; «Sünən Əbu Davud», 1-ci cild, səh. 460; «Sünəni Tirmizi», 5-ci cild, səh. 359, 360; «Əl-müstədrək ələs-səhiheyn», 3-cü cild, səh. 159; “Əs-Sünənul-kubra», Beyhəqi, 7-ci cild, səh. 307, 10-cu cild, səh. 210; «Əl-Müsənnəf», İbni Əbi Şeybə, 7-ci cild, səh. 226; «Əl-Ahadu vəl-məsani», 5-ci cild, səh. 361, 362; «Əs-Sünənul-kubra», Nisai, 5-ci cild, səh. 97, 148; «Xəsaisu Əmiril-mюminin ´» səh. 120; «Səhihi İbni Həbban», 15-ci cild, səh. 406; «Əl-Mö`cəmul-kəbir», 22-ci cild, səh. 404, 405; «Nəhcül-bəlağənin şərhi», İbni Əbil-Hədid, 16-cı cild, səh. 273, 279; «Nəzmu dürəris-səmteyn», səh. 176; «Əl-Cameus-səğir», 2-ci cild, səh. 208; «Kənzül-ummal», 12-ci cild, səh. 107; «Təfsiru İbni Kəsir», 3-cü cild, səh. 267; «Təfsiru Sə`ləbi», 5-ci cild, səh. 315; «Tarixu mədinəti Dəməşq», 3-cü cild, səh. 155, 58-ci cild, səh. 159; «Təhzibul-kəmal», 12-ci cild, səh. 392, 22-ci cild, səh. 599, 35-ci cild, səh. 250; «Siyəru ə`lamin-nübəla», 5-ci cild, səh. 90; «Əl-İsabə», 8-ci cild, səh. 265; «Əl-bidayətu vən-nihayə», 6-cı cild, səh. 366; «Səbilul-huda vər-rəşad», 10-cu cild, səh. 349, 11-ci cild, səh. 444; «Yənabiul-məvəddət». 2-ci cild, səh. 46, 52 və başqa çoxlu sünnü mənbələri.

[14] «Əl-Müstədrək ələs-Səhiheyn», 3-cü cild,, səh. 154; «Əl-Mö`cəmul-kəbir»,. 1-ci cild,, səh. 108, «Əl-ahadu vəl-məsani», 5-ci cild, səh. 363

 

 


al-shia, Media-islam.Com 2008.