Qur`ani-Kərim Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in əbədi mö`cüzəsidir və hər bir zamanda öz təravətini saxlamaqdadır. Bununla belə, həmişə təzə olan mö`cüzələrdən biri də, Islamın yenidən qayıtdığı dövrə (və`dəsi verilən vaxta) qədər insanların gələcəyinin və Islamın seyr xəttinin o həzrətin vasitəsi ilə bəyan edilməsidir. Bu elə bir əsrdir ki, Allah-taala Öz dinini bütün dünya dinlərinə və məktəblərinə – müşriklərin və kafirlərin xoşlarına gəlməsə belə – qalib edəcəkdir. Bu əsr həqiqi mə`nada zühur əsridir ki, kitabın mövzusu da elə bu barədədir. Zühur əsri dedikdə, həzrət Məhdi (əleyhis-salam)-ın zühur etdiyi dövr nəzərdə tutulur. Bunu Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) yüzlərlə rəvayətdə müjdə vermişdir, həmçinin, səhabələr, tabeinlər və “Sihah” müəlliflərinin bu iki əsr (Islam və zühur) barəsində nəql etdiyi rəvayət məcmuələrində yüzlərlə rəvayət vardır ki, fərq yalnız onların bəyan üslublarındadır. Əgər onlara mə`sum Imamlardan nəql olunan hədisləri də əlavə etsək, sayı mindən artıq olar. Imamlar (əleyhimus-salam) öz hədislərini həmişə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə istinad verməsələr də, dəfələrlə təkrar etmişlər ki, bəyan etdiklərini öz ata-babalarından, onlar da əziz ulu babaları Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql etmişlər.
Bu rəvayətlər dünyanın zühur əsrindəki vəziyyətindən, xüsusilə, o həzrətin zühur etdiyi məntəqə barəsində, o cümlədən Yəmən, Hicaz, Iran, Iraq, Şam, Fələstin, Misir, Məğrib (Mərakeş) kimi məntəqələr barədə oxuculara kamil bir təsəvvür yaradır. Belə ki, hadisələrdən bir çoxu, o cümlədən ayrı-ayrı şəxslərin və məkanların adlarınıorada gəlmişdir. Mən çalışmışam ki, onları çoxlu rəvayətlər arasından seçərək mümkün olan qədər aşkar və dəqiq şəkildə müsəlmanların istifadəsinə verəm. Bu bölmədə həmin rəvayətləri şərh etməzdən qabaq onların xülasəsini bəyan edirik ki, zühur əsrinin ümumi siması aydın olsun.
Rəvayətlərdə göstərilir ki, həzrət Məhdi (əleyhis-salam)-ın zühur hərəkatı və inqilabı həm dünya, həm də məntəqə səviyyəsində hazırlıq və müqəddimə işlərinin baş verməsindən sonra, Məkkədən başlanmalıdır. Rəvayətlərin bəyan etdiyinə əsasən, dünya səviyyəsində romalılarla (qərblilərlə) türklər arasında, yaxud onların havadarları olan zahirən ruslar arasında ağır müharibə baş verəcək və dünya müharibəsinə səbəb olacaqdır.
Amma məntəqə səviyyəsindəki hadisələrə gəldikdə isə, həzrət Məhdi (əleyhis-salam)-ın havadarı olan iki dövlət – biri Iranda, digəri isə Yəməndə təşkil olunacaq, o həzrətin iranlı köməkçiləri zühurdan bir müddət öncə öz hökumətlərini tə`sis edəcək, uzun müddətli müharibə başlandıqdan sonra, nəhayət qələbə çalacaqlar.
O həzrətin zühurundan azacıq öncə iranlılardan iki böyük şəxsiyyət – Xorasanlı Seyyid siyasi rəhbər və Şüeyb ibni Saleh hərbi rəhbər ünvanında zahir olacaqdır. Iranlılar bu iki şəxsin rəhbərliyi altında o həzrətin zühur hərəkatında mühüm rol ifa edəcəklər.
Həzrət Məhdi (əleyhis-salam)-ın yəmənli köməkçilərinə gəldikdə isə, onların qiyam və inqilabları zühurdan bir neçə ay öncə olacaq və zahirən onlar Hicazda yaranan siyasi böhranı sahmana salmaq üçün həmkarlıq edəcəklər. Bu siyasi boşluğa səbəb Hicazın axırıncı padşahı və “filan xanədandan” olan səfeh bir şəxsin öldürülməsi olacaqdır ki, sonra onun canişinlik məsələsində ixtilaf yaranacaq və bu ixtilaf həzrət Məhdi (əleyhis-salam)-ın zühuruna qədər davam edəcəkdir.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Əbdüllahın əcəli gəlib çatanda, camaat heç kəsin onun canişini olması barədə razılığa gəlməz və bu hadisə Məhdinin zühuruna qədər davam edər. Bir neçə illik səltənətlərinin ömrü sona çatar, bir neçə aylıq və bir neçə günlük padşahlığın növbəsi gəlib çatar.” Əbu Bəkr soruşdu: Bu vəziyyət çox davam edəcəkdirmi? Həzrət buyurdu: “Əsla!”
Onun (Əbdüllahın) öldürülməsindən sonra Hicaz qəbilələri arasında çəkişmələr yaranacaqdır. “Zühurun əlamətlərindən biri də bu hərəmlər (Məkkə-Mədinə) arasında baş verən hadisədir.” Soruşuldu: Hansı hadisə baş verəcəkdir? Buyurdu: “Iki hərəm arasında qəbilə təəssübləri yaranacaq və “filankəsin övladlarından olan bir şəxs” yuxarı (səviyyəli) qəbilənin böyük şəxsiyyətlərindən və başçılarından, yaxud öz müxaliflərinin övladlarından 15 nəfərini qətlə yetirəcəkdir.”
Bu zaman həzrət Məhdi (əleyhis-salam)-ın zühurunun əlamətləri aşkar olacaqdır. Bəlkə də bunun ən böyük əlaməti onun adı ilə Ramazan ayının 23-də eşidiləcək səmavi nidadır.
Seyf ibni Ümeyr deyir: Əbu Cə`fər Mənsurun yanında idim, o heç bir müqəddimə olmadan dedi: Ey Seyf ibni Ümeyr! Şübhəsiz, səmadan nida edən şəxs Əbu Talibin övladlarından birinin adı ilə nida edəcəkdir. Dedim: Sənə fəda olum, ey əmirəl-mö`minin! Bu sözünüz rəvayətdirmi? Dedi: Bəli, and olsun O kəsə ki, canım Onun əlindədir, bunu öz qulağımla eşitdim. Dedim: Ey əmirəl-mö`minin! Mən indiyə qədər belə bir hədisi heç kəsdən eşitməmişdim! O dedi: Ey Seyf, bu, haqq sözdür. Bu əmr vaqe olanda onun də`vətinə müsbət cavab verən ilk şəxslər bizik. Məgər o nida bizim əmioğlanlarımızdan bir kişini çağırmırmı? Dedim: O kişi Fatimə (əleyha salam)-ın övladlarındandır? Dedi: Bəli, ey Seyf. Bu rəvayəti Əbu Cə`fər Mühəmməd ibni Əli – Imam Baqir (əleyhis-salam) – dan eşitdim. Əgər bunu yer üzündəki insanların hamısı desəydi, mən qəbul etməzdim, amma, o, Mühəmməd ibni Əli (Imam Baqir (əleyhis-salam)-dır.”
Rəvayətlərə əsasən, bu səmavi nidadan sonra həzrət Məhdi (əleyhis-salam) öz köməkçiləri və havadarları ilə gizli rabitə bərqərar edəcəkdir. O həzrətin barəsində bütün dünyada çoxlu sözlər danışılacaq, onun adı dillər əzbəri olacaq və ona olan məhəbbət bütün qəlblərdə özünə yer açacaqdır.
Düşmənləri o həzrətin zühurundan bərk qorxuda olduqlarına görə onu ələ keçirmək üçün tam ciddiyyətlə sə`y göstərərlər. Camaat arasında şayiə salınar ki, o həzrət Mədineyi-Münəvvərədə yaşayır. Hicaz hökuməti, yaxud xarici qüvvələr daxili vəziyyəti nəzarət altında saxlamaq, qəbilə çəkişmələrinə son qoymaq üçün dövrün hökuməti ilə əlbir olub Suriyadan Süfyani ordusunu köməyə çağıracaqlar. Bu ordu Mədinəyə daxil olub tutduqları hər bir haşimi kişini qətlə yetirəcəklər. Onların əksəriyyəti və şiələrin çoxu öldürüləcək, qalanları isə zindana salınacaqdır: “Süfyani öz qüvvələrindən bir hissəsini Mədinəyə göndərəcək, onlar da həmin yerdə bir kişini qətlə yetirəcəklər. Məhdi və Mənsur oradan qaçacaq, Peyğəmbər övladlarının böyüklü-kiçikli hamısı tutulacaqdır, belə ki, tutulub zindana salınmayan bir kəs qalmayacaqdır. Süfyani qüvvələri o iki nəfəri tə`qib edərək şəhərdən kənara çıxaracaq, həzrət Məhdi (əleyhis-salam) həzrət Musa (əleyhis-salam) kimi nigaran halda oradan çıxıb Məkkəyə yola düşəcək.”
Sonra o həzrət Məkkədə öz köməkçilərindən bə`ziləri ilə əlaqə yaradacaq, nəhayət özünün müqəddəs hərəkatını məhərrəmin 10-cu gecəsi, işa namazından sonra Məkkə hərəmindən başlayacaq, camaat qarşısındakı ilk çıxışını Məkkədə söyləyəcəkdir. Bu zaman düşmənləri o həzrətə qarşı sui-qəsd etməyə çalışacaqlar. Amma o həzrətin köməkçiləri onu araya alaraq düşmənlərini uzaqlaşdıracaqlar. Onlar əvvəlcə Məscidul-Hərama, sonra isə Məkkə şəhərinə hakim olacaqlar.
Məhərrəmin 10-cu günü Məhdi (əleyhis-salam) dünya xalqlarını köməyə çağıracaq və Məkkədə qalacağını e`lan edəcəkdir. Nəhayət, əziz cəddi həzrəti Mühəmməd (səlləllahu əleyhi və alih)-in və`də verdiyi mö`cüzə baş verəcək: o həzrətin hərəkatını məğlub etmək üçün Məkkəyə doğru hərəkət edən Süfyani ordusu yerə batacaqdır: “Süfyani ordusu Mədinə çölünə çatdıqda Allah-taala onları yerə batıracaqdır. Bu da Allah-taalanın buyurduğu aşağıdakı ayənin xarici nümunəsidir: “Ey Peyğəmbər, əgər sən təxribatçıların ağır vəziyyətini müşahidə etsəydin... o zaman ki, qorxulu vəziyyətə düşərlər və onlar üçün heç bir əzab əsirgənilməz və yaxın bir yerdə müsibətə düçar olarlar”. “Onlar səhraya çatdıqları zaman yerə batarlar, öndə gedənlər qayıdarlar ki, o qoşunun necə olduğunu görsünlər, bu zaman özləri də onların aqibətinə düçar olarlar. Arxada qalanlar da gəlib çatdıqları və onların vəziyyətlərini bilmək istədikləri zaman həmin bəlaya düçar olarlar.”
O həzrət düşmənlərin yerə batma mö`cüzəsindən sonra on mindən artıq olan ordu ilə Mədinəyə doğru yola düşər, düşmən qüvvələri ilə apardığı müharibədə qələbə çaldıqdan sonra orada qərarlaşar. Məkkə-Mədinəni azad etdikdən sonra isə Hicazı fəth edər və məntəqədə hakim olar.
Bə`zi rəvayətlərdə qeyd olunur ki, o həzrət Hicazın fəthindən sonra Iranın cənubuna gələr, orada Xorasanlı Seyyidin və Şüeyb ibni Salehin başçılığı ilə olan iranlı qoşunla qarşılaşar. Onlar həzrətə bey`ət edər və çiyin-çiyinə düşmənlə vuruşar, nəhayət böyük və aşkar bir qələbəyə – fəthi-mübinə nail olarlar.
Sonra Imam (əleyhis-salam) Iraqa daxil olub oranın daxili vəziyyətini islah edər, Süfyani ordusunun oradakı qalıqlarını və qiyamçı qrupları tar-mar etdikdən sonra onların hamısını qətlə yetirər. Daha sonra Iraqı mərkəzi hökumət, Kufəni isə paytaxt qərar verər, beləliklə Yəmən, Iran, Iraq, Hicaz və Fars körfəzindəki ölkələrin hamısı o həzrətin hakimiyyəti altına keçər.
Imam böyük bir ordunu Qüdsə göndərəcəkdir. Bu zaman Süfyani o həzrətin müqabilində geri çəkiləcəkdir. Nəhayət, o həzrətin ordusu Dəməşqin yaxınlığındakı Mərəc-Əzrada düşərgə salacaq, o həzrətlə Süfyani arasında müzakirələr başlanacaqdır. Amma o həzrətin müqabilində Süfyaninin tutduğu mövqe, xüsusilə ümumxalq kütlələrindən böyük bir hissəsinin o həzrətə qoşulacağı zaman, zəifdir. Belə ki, rəvayətlərin göstərdiyi kimi, Süfyani çarəsiz qalaraq qüdrəti o həzrətə həvalə edəcəkdir, amma onun yəhudi və qərbli himayəçiləri, eləcə də əlaltıları onu məzəmət edib danlayacaq, öz qüvvələrini səfərbər etməklə yenidən Imamın ordusu ilə şiddətli müharibəyə girişəcəklər. Belə ki, o müharibənin hüdudları Fələstindəki Əkkadan tutmuş, Türkiyədəki Antakiyaya qədər, daxildə də Təbəriyyədən Dəməşqə və Qüdsə qədərdir. (Təbəriyyə və onun məşhur dəryası Fələstində yerləşir.)
Bu zaman Allah-taala Süfyani, yəhudi və qərb ordularına qəzəblənəcək, onlar müsəlmanların əli ilə qətlə yetiriləcəklər. Belə ki, əgər onlardan biri daşın arxasında gizlənmiş olsa belə, o daş fəryad edib deyəcəkdir: Ey müsəlmanlar! Yəhudilərdən biri burada gizlənmişdir, onu öldürün!
Nəhayət, Allahın qələbə və zəfəri həzrət Məhdi (əleyhis-salam)-a və müsəlmanlara nəsib olacaq və o həzrət qalib halda Qüdsə daxil olacaqdır. Xaçpərəst qərblilər gözlənilmədən yəhudilərin və onları himayə edən qoşunların o həzrətin qüdrətli əlləri ilə məğlub olmasını müşahidə etdikdə qəzəbləri daha da şiddətlənəcək, Imamın əleyhinə müharibə e`lan edəcəklər. Lakin gözlənilmədən Isa (əleyhis-salam) səmadan Qüdsə nazil olacaq və öz sözləri ilə dünya xalqlarına, xüsusilə məsihilərə xitab edəcəkdir. Həzrəti Isa (əleyhis-salam)-ın nazil olma əlaməti bütün müsəlman və məsihi millətlərinin sevincinə səbəb olacaqdır.
Isa (əleyhis-salam) həzrət Məhdi (əleyhis-salam) ilə qərblilər arasında vasitəçilik edəcək, tərəflər arasında yeddi illik sülh müqaviləsi imzalanacaqdır: “Sizinlə rumlular (qərblilər) arasında dörd dəfə sülh müqaviləsi bağlanacaqdır ki, onların dördüncüsü Herqel sülaləsindən olan bir kişinin vasitəsi ilə baş verəcək və yeddi il davam edəcəkdir”. Əbdül-Qeys qəbiləsindən olan Məstur ibni Ğəylan soruşdu: “Ey Peyğəmbər! O gündə insanların rəhbəri kim olacaqdır?” Buyurdu: “Mənim övladlarımdan olan Məhdi. Zahirdə qırx yaşlı nəzərə çarpır. Onun üzü parlaq bir ulduz kimi nur saçır, sağ yanağında xal vardır, iki Qətvan qəbası geymişdir (Qətvan Kufədə bir məntəqənin adıdır). Bəni-Israilin böyük şəxsiyyətləri kimi cilvələnir. O, yerin xəzinələrini çıxaracaq və şirkə bulaşmış şəhərləri azad edəcəkdir.”
Bə`zi rəvayətlərdə qeyd olunur ki, qərblilər iki ildən sonra müqaviləni pozacaqlar. Bəlkə də bu işin səbəbi həzrət Isa (əleyhis-salam)-ın insanlar arasında yaratdığı həmrə`ylikdən törənən qorxu və vəhşət hissi olacaqdır. Çünki qərblilərdən çoxu müsəlman olaraq həzrət Məhdi (əleyhis-salam)-ı himayə edəcəklər. Buna görə də qərblilər gözlənilməz bir hücumla – bir milyona yaxın əsgərlə Şam və Fələstin üzərinə yürüş edəcəklər: “O zaman sizinlə əhd-peymanı pozacaraq, səksən ordudan ibarət olan bir qoşunla hücum edəcəklər ki, hər bir ordu on iki min əsgərdən ibarətdir.”
Islam qüvvələri onlarla qarşılaşacaq və Isa (əleyhis-salam) həzrət Məhdi (əleyhis-salam)-a olan mövqeyini e`lan edəcək və Qüdsdə onun arxasında namaz qılacaqdır. Qüdsün azadlığı uğrunda qərblilərlə aparılan müharibə Əkkadan Antakiyaya, Dəməşqdən Qüdsə və Mərəc-Əzraya qədər (işğal olunmuş Fələstində bir məntəqənin adıdır) baş verəcəkdir ki, qərblilər çox ağır məğlubiyyətə düçar, müsəlmanlar isə böyük və aşkar qələbəyə nail olacaqlar.
Bu müharibələrdən sonra Avropanı və xristian aləmini fəth etmək üçün qapılar o həzrətin üzünə açılacaqdır. Zahirən, bə`zi ölkələr öz millətlərinin başladığı inqilab vasitəsilə fəth olunacaqdır, çünki onlar özlərinin həzrət Məhdi və Məsih (əleyhiməs-salam) ilə müxalif olan hökumətlərini devirib o həzrətin tərəfdarı olan bir hökumət quracaqlar.
Imamın əli ilə qərbin fəth olunmasından, o ölkələrin həzrətə tabe olmasından və o yerlərin əhalisinin əksəriyyətinin Islamı qəbul etməsindən sonra həzrəti Isa (əleyhis-salam) vəfat edəcək, həzrət Məhdi (əleyhis-salam) da müsəlmanlarla birlikdə onun cənazəsinə namaz qılacaqdır. Rəvayətlərdə buyurulduğu kimi, Imam (əleyhis-salam) o həzrətə qıldığı namazı və dəfn mərasimini camaatın gözləri önündə yerinə yetirəcəkdir ki, əvvəldə olduğu kimi onun barəsində əbəs sözlər danışmasınlar. Sonra onun pak cəsədini anası Müqəddəs Məryəmin toxuduğu parça ilə kəfənləyib anasının şərif məzarının yanında – Qüdsdə torpağa tapşıracaqdır.
O həzrətin dünyanı fəth etməsindən və bütün dünya dövlətlərinin vahid Islam hökuməti altında birləşməsindən sonra Imam (əleyhis-salam) müxtəlif sahələrdə öz ilahi məqsədinin gerçəkləşməsi üçün dünya xalqları arasında müəyyən işlər görəcək. O, cəmiyyətin maddi həyatında ciddi irəliləyiş edilməsi, hamının rifahının yüksəldilməsi, elm və mədəniyyətin geniş səviyyəli inkişafı və nəhayət insanların dini və dünyəvi azadlıqlarının tə`min edilməsi üçün çalışacaqdır.
Bə`zi rəvayətlərdə buyurulur ki, o həzrətin insanların mövcud elminə əlavə etdiyi elmin miqdarı 25-in 2-yə olan nisbətidir, yə`ni əvvəllər insanların malik olduğu və 2 hissədən ibarət olan elmə digər 25 hissə əlavə ediləcək, beləliklə bütün elm 27 hissədən ibarət olacaqdır. O həzrətin hakimiyyəti dövründə insanlar göylərə səyahət edəcək, hətta qeyb aləminin qapıları bizim yaşadığımız maddi aləmə açılacaq, behişt əhli yer üzünə gələcək və bir sıra mö`cüzəli işlər baş verəcəkdir.
O həzrətin dövründə və ondan sonra peyğəmbərlərdən və imamlardan bə`ziləri yer üzünə qayıdacaq və Allahın iradə etdiyi müddət ərzində hakimiyyətdə olacaqlar ki, bu da Qiyamətin nişanələrindən, onun müqəddimə işlərindən hesab olunur.
Belə nəzərə çarpır ki, məl`un Dəccalın hərəkatı və onun törətdiyi fitnə-fəsadın səbəbi Imam Zaman (əleyhis-salam)-ın dövründə bəşər cəmiyyətlərinin elmdən azğın yollarda istifadə etməsi və rifah içində yaşaması olacaqdır. Dəccal son dərəcə inkişaf etmiş gözbağlayıcılıqdan istifadə edərək öz ardıcıllarının əksəriyyətini təşkil edən qadınları, cavan qız və oğlanları aldadacaqdır. Buna görə də dünyanı fitnə-fəsad bürüyəcək, çoxları onun hiylələrinə inanacaqlar. Amma həzrət Məhdi (əleyhis-salam) onun hiylələrini ifşa edərək onun və havadarlarının həyatına son qoyacaqdır.
Imam Məhdi (əleyhis-salam)-ın dünya səviyyəli hərəkatı barəsində olan ümumi mətləblər bundan ibarət idi. Amma bu hadisələrin baş verdiyi dövrdə onun ən aşkar nişanələri rəvayətlərdə belə buyurulur:
Əvvəlcə Islam ümməti üçün bir fitnə qarşıya çıxacaq. Rəvayətlərdə o ən axırıncı və ən çətin fitnə kimi vəsf edilir ki, həzrət Məhdi (əleyhis-salam)-ın zühuru ilə aradan qaldırılacaqdır.
Diqqət yetirilməlidir ki, bu fitnə-fəsadın geniş və ümumi xüsusiyyətləri bu əsrin əvvəllərində qərblilərin və onlarla həmpeyman olan hegemon şərq ölkələrinin Islam ölkələrinə hakim kəsilməsi və fitnə-fəsad törətmələri ilə uyğun gəlir, çünki bu fitnələr bütün Islam ölkələrini və bütün müsəlman ailələrini bürümüşdür: “(O dövrdə) elə bir ev yoxdur ki, fitnə ona daxil olmasın, elə bir müsəlman qalmayacaq ki, xəsarətə düçar olmasın.”
Həris və acgöz adam yağlı tikələr və cürbəcür yeməklər olan süfrəyə hücum etdiyi kimi, kafirlər də müsəlman ölkələrinə hücum edirlər: “O fitnə-fəsad baş verən dövrdə bir qrup qərbdən, bir qrup da şərqdən gələrək mənim ümmətimə hökmranlıq edəcəklər.”
Bu fitnə Şamdan başlanacaqdır, o yer ki, bizim qatı düşmənlərimiz öz mənfur və istismarçı hakimiyyətlərini məhz oradan başlamış və oranı mədəniyyətin saçdığı yer adlandırmışlar. Nəticədə rəvayətlərdə “Fələstin fitnəsi” adı ilə qeyd olunan bir fitnə yaranacaqdır və bu fitnə nəticəsində Şam ölkəsi tuluqda çalxalanan su kimi bir-birinə qarışacaqdır: “Fələstin fitnəsi qalxan zaman Şam məntəqəsi suyun tuluqda bir birinə qarışdığı kimi, qarışıqlığa düçar olacaqdır. Onun vaxtı sona çatdığı zaman sizdən az bir qrupu peşman olacaqsınız.”
Rəvayətlərdə müsəlmanların övladları və nəsilləri belə vəsf olunur ki, onlar bu fitnəli mədəniyyətdə böyüyüb boya-başa çatacaq, sair mədəniyyətlərdən xəbərsiz qalacaq, həva-həvəs əsasında hökmranlıq edən zalım hökmdarların ən ağır işkəncələri altında olacaqlar.
Şərif hədislər bu fitnəni törədənlərin rumlulardan (qərblilərdən) və ruslardan ibarət olduğunu bəyan edir. Zühur ilində baş verən böyük hadisələrdə onlar öz qüvvələrini Fələstinin Rəmlə məntəqəsində, Türkiyə-Suriya sərhəddində yerləşən Antakiyada və Suriya-Iraq-Türkiyə sahillərindəki Cəzirədə yerləşdirəcəklər: “Rumlular (qərb) və Rusiya sizin əleyhinizə qiyam etdikləri və bir-birləri ilə də müxalifətdə olduqları zaman dünya səviyyəli çəkişmələr və müharibələr başlayacaq, onların havadarları Cəzirədə və Rəmlədə qərarlaşmaq üçün hərəkət edəcəklər.”
Həmçinin qeyd olunur ki, o həzrətin zühuru Irandan başlanacaqdır: “Onun zühurunun başlanğıcı şərq tərəfdəndir. O zaman gəlib çatdıqda Süfyani xüruc (qiyam) edəcəkdir.” Yə`ni, o həzrətin zühurunun şəraiti və müqəddiməsi Salman Farsinin tərəfdarlarının əli ilə olacaqdır. Əllərində qara bayraqlar olan şəxslər tərəfindən başlanacaq, hərəkatları da Qumdan olan bir şəxsin əli ilə olacaqdır: “Bir nəfər Qumdan qiyam edəcək və insanları haqqa doğru çağıracaqdır. Onun ətrafına toplaşanların qəlbləri polad parçaları kimi o qədər möhkəmdir ki, müharibə tufanından, güclü küləklərdən qorxmaz, müharibədən yorulub usanmaz, qəlblərində vəhşətə yol verməzlər. Onlar həmişə Allaha arxalanıb yalnız Ona təvəkkül edərlər. Yaxşı və xeyirli aqibət təqvalılara məxsusdur.”
Onlar qiyam etdikdən və inqilablarını qələbəyə çatdırdıqdan sonra öz düşmənlərindən (hegemon qüdrətlərdən) istəyəcəklər ki, onlarla işləri olmasın, onların işlərinə dəxalət etməsinlər. Lakin düşmənlər bu istəyə e`tina etməyəcəklər: “Onlar haqqı axtarırlar, lakin onlara verilməz. Yenə də haqqı istəyəcəklər, bu dəfə də onlara verilməyəcəkdir. Bu vəziyyəti müşahidə etdikləri zaman əllərinə silah alıb, arzu və istəkləri həyata keçənə qədər mübarizəni davam etdirəcəklər, lakin bu dəfə bunlar qəbul etməyəcək və nəhayətdə qiyam başlanacaqdır. Hərəkatın bayrağını sizin sahibinizin əlinə (Həzrət Məhdi (əleyhis-salam)-a) tapşıracaqlar. Onların öldürülənləri haqq yolunun şəhidləridir.”
Rəvayətlərə görə, onlar uzun müddətli müharibədə qələbə çalacaqlar, və`dəsi verilən iki şəxs də onların arasında zahir olacaqdır. Onlardan biri fəqih və mərcə, yaxud siyasi rəhbər ünvanı ilə olan Xorasanlı Seyyid, digəri isə Rey əhalisindən olan buğdayı rəngli, seyrək saqqallı Şüeyb ibni Saleh, hərbi sərkərdə ünvanı ilə qeyd edilmişdir.
Bu iki şəxs Islam bayrağını həzrət Məhdi (əleyhis-salam)-a təhvil verib öz qüvvələri ilə o həzrətin qoşununda iştirak edəcəklər. Şüeyb ibni Saleh o həzrətin bütün qüvvələrinin sərkərdəsi vəzifəsinə nail olacaqdır.
Həmçinin rəvayətlərdə digər bir hərəkatdan da söz açılır ki, Suriyada Osman ibni Süfyaninin vasitəsi ilə (o, rumluların havadarı və yəhudilərin həmpeymanıdır) başlanacaq və o, Suriyanı və Iordaniyanı tamamilə öz hökmranlığı altına keçirəcəkdir. “Süfyaninin xürucu labüd bir işdir ki, 15 ay davam edəcəkdir. Onun 6 ayı müharibə və kütləvi qırğınla yanaşı olacaq, beş məntəqənin ələ keçirilməsi ilə sona çatacaq və özü isə doqquz ay o məntəqələrə hökmranlıq edəcəkdir.”
Rəvayətlərə görə, bu beş məntəqə Suriya və Iordaniyadan əlavə, ehtimal üzrə, Livana da aiddir. Bu da Süfyani tərəfindən Şamda yaradılan xoşagəlməz bir vəhdətdir, çünki onun əsas məqsədi Israil üçün (ərəblər qarşısında) müdafiə xətti, həzrət Məhdi (əleyhis-salam)-ın hökumətinə şərait yaradanlar və iranlılarla qarşılaşmaq üçün cəbhə xətti hazırlamaqdan ibarətdir. Buna görə də Süfyani Iraqı işğal və öz qüvvələrini oraya daxil edəcəkdir. “O, yüz otuz min nəfərlik qoşunu Kufəyə göndərəcək və onlar Rovha və Faruq adlı məntəqələrdə yerləşəcəklər. Sonra onlardan altmış min nəfərini Kufəyə göndərəcək və onlar həzrət Hud (əleyhis-salam)-ın məqbərəsinin yaxınlığında – Nüxeylədə düşərgə salacaqlar. Sanki mən Süfyanini (yaxud onun havadarlarını) görürəm ki, Kufədə geniş və yaşıl yerlərdə mövqe seçəcəklər; onun carçısı car çəkib deyir ki, “hər kəs Əli şiəsinin başını gətirsə, ona min dirhəm pul veriləcəkdir.” Bu zaman qonşu öz qonşusuna hücum edərək “bu şəxs onlardandır!” - deyəcəkdir.”
Sonra Süfyanini Hicazda yaranan siyasi boşluğu doldurmağa vadar edəcək və adı dillərdə dolaşan, Məkkədə intizarı çəkilən həzrət Məhdi (əleyhis-salam)-ın hökumətini devirmək üçün Süfyani hökumətini gücləndirəcəklər. Buna görə də Süfyani öz ordusunu Hicaza göndərəcəkdir. O, öz qoşunlarını Mədinəyə daxil etməklə orada fitnə-fəsad törətməyə başlayacaq. Sonra Məkkəyə yola düşəcək; o yer ki, həzrət Məhdi (əleyhis-salam) öz hərəkatını oradan başlamışdır. Daha sonra Peğəmbər (səlləllahu əleyhi və alih)-in və`də verdiyi kimi, Süfyaninin ordusu Məkkəyə daxil olmamışdan qabaq mö`cüzəli şəkildə yerə batacaqdır. “Sığınacaq axtaran bir şəxs Allah evinə sığınar, ona doğru bir qoşun göndərilər. Onlar Mədinə çöllərinə çatdığı zaman yerə batarlar.”
Süfyani Iraqda iranlıların və yəmənlilərin vasitəsi ilə, Hicazda isə o həzrətin əli ilə məğlubiyyətə uğradıqdan və ordunun yerə batmasından sonra geri çəkiləcək, Dəməşqə və Qüdsə tərəf yola düşməkdə olan Imamın qarşısını almaq üçün öz qüvvələrini yenidən nizama salaraq Şam ölkəsinə hücum edəcəkdir.
Rəvayətlərdə bu, ağır bir döyüş hesab edilmişdir ki, dəniz sahillərində Əkkadan Sura qədər, məntəqə daxilində isə Dəməşqdən Təbəriyyəyə və Qüdsə qədər olan bir ərazini əhatə edir. Bu zaman Allah Süfyaniyə və onun yəhudi və rumlu (qərbli) tərəfdarlarına qəzəb edər, ağır məğlubiyyətdən sonra Süfyani əsarətə alınıb qətlə yetirilər, sonra Məhdi (əleyhis-salam) müsəlmanlarla birlikdə Qüdsə daxil olar.
Rəvayətlərdə o həzrətin zühuruna şərait yaradan və Yəməndə vücuda gələn digər bir hərəkatdan da söhbət açılır. Bu hərəkatın başçısı Yəməni adlı bir şəxsdir ki, ona kömək etmək müsəlmanlara vacib edilmişdir: “Bayraqlar arasında heç bir bayraq Yəməninin bayrağı qədər hidayət edən deyildir. Belə isə, o xüruc (qiyam) etdiyi zaman camaata silah satmaq haramdır. Bu zaman onun köməyinə tələsin, çünki onun bayrağı hidayət bayrağıdır. Ona kömək etməkdən imtina etmək heç bir müsəlmana caiz deyildir. Əgər imtina edərsə, cəhənnəm əhli olacaqdır. Çünki Yəməni insanları haqqa və düzgün yola çağırır.”
Rəvayətlərdə yəmənli qüvvələrin Iraqa daxil olub Süfyani ordusunun müqabilində iranlılara kömək etməyindən söhbət açılır. Onun ordusunda olanlar Hicazda həzrət Məhdi (əleyhis-salam)-a kömək yetirməkdə böyük və mühüm rol ifa edəcəklər.
Həmçinin Yəməninin hərəkatı və Süfyaninin xürucundan qabaq Misirdə bir sərkərdənin rəhbərliyi ilə olan hərəkatdan, eləcə də Misrin ətrafında qibtilərin hərəkatından söhbət gedir. Sonra qərbli, yaxud məğribli orduların Misrə daxil olması, bunun ardınca da Şamda Süfyaninin xürucu xatırladılmışdır.
Rəvayətlərdən aydın olur ki, həzrət Məhdi (əleyhis-salam) Misirdə dünya səviyyəsində xüsusi təbliğat mərkəzi yaradacaq və oranı özünün çıxış yeri – minbəri seçəcəkdir. Sonra o həzrətin öz ardıcılları ilə Misrə varid olması belə bəyan olunur: “Sonra onlar (Həzrət Məhdi (əleyhis-salam) və onun köməkçiləri) Misrə daxil olarlar. O həzrət minbərə çıxar və bütün insanlara xitab edər. Yer haqq-ədalət nəticəsində rövnəqlənər, asiman rəhmət yağışını nazil edər, ağaclar həddindən artıq barlı-bəhrəli olar, yer öz bitkilərini cücərdib öz sakinlərinə zinət verər, vəhşi heyvanlar o qədər əmin-amanlıqda və asudəlikdə olarlar ki, əhliləşmiş heyvanlar kimi, hər yerdə asudə dolanarlar. Elm və bilik mö`minlərin qəlbində özünə o qədər yer açar ki, heç bir mö`min öz din qardaşına ehtiyac duymaz. O gün bu şərif ayə gerçəkləşər: “Allah hamını, Özünün sonsuz ehtiyacsızlığından qüvvətli və qüdrətli edər.”
Amma müsəlman ölkəsi olan Məğribə gəldikdə isə, rəvayətlərin dediyinə görə oradan müəyyən qüvvələr Şama və bəlkə də Misrə, bə`ziləri isə Iraqa daxil olarlar. Onların mə`muriyyətləri ərəblərin, yaxud beynəlmiləlçi sülhməramlı qüvvələrin mə`muriyyəti kimidir ki, bu da Islamın və müsəlmanların xeyrinə olmayacaqdır. Onlar Şamda iranlı qüvvələrlə və həzrət Məhdi (əleyhis-salam)-ın dövlətinə şərait yaradanlarla qarşılaşacaq və onların arasında şiddətli döyüşlər olacaqdır. Sonra Iordaniyaya tərəf geri çəkiləcəklər. Onların qalıqları da Süfyaninin xürucundan sonra geri çəkiləcək, yaxud ona qoşulacaqlar. Daha sonra yerli əhalinin qiyamlarına mə`ruz qalan Misir hökumətinin köməyinə gedəcək, yaxud Süfyaninin Şamdakı hərəkatından azacıq öncə Misrə daxil olan qərb qüvvələrinin köməyinə tələsəcəklər.
Həzrət Məhdi (əleyhis-salam)-ın əsr və zamanı ilə əlaqədar rəvayətlər göstərir ki, yəhudilər zəmanənin axırında yer üzündə fitnə-fəsad törədəcək, təkəbbürə, özünü böyük sanmağa düçar olacaqlar. Belə ki, Allah-taala Qur`anda onları vəsf etmişdir. Onların hegemonluq xislətləri Xorasandan xüruc edən bayraqlılar tərəfindən məhv ediləcəkdir. “Çünki heç bir şey onları öz qət`i qərarlarından döndərə bilməz, nəhayət öz bayraqlarını Qüdsdə dalğalandırarlar.”
Iranlılar bir qövmdür ki, tezliklə Allah-taala onları yəhudilərin əleyhinə qaldıracaqdır. “Biz Öz tərəfimizdən olan güclü bəndələrimizi sizin (yə`ni yəhudilərin) əleyhinizə qiyam etdirəcəyik.”
Rəvayət yəhudilərin həzrət Məhdi (əleyhis-salam)-ın zühurundan öncə, yaxud ondan sonrakı mərhələdə olan həlakətlərindən konkret şəkildə söhbət açmır, lakin onun son mərhələsini belə vəsf edir ki, onlar həzrət Məhdi (əleyhis-salam)-ın və onun köməkçilərinin qüdrətli əlləri ilə (onların əksəriyyəti iranlılardan ibarətdir) həlak olacaqlar. Bu da böyük və ağır bir müharibə surətində baş verəcəkdir ki, orada Şamın hakimi Osman Süfyani yəhudilərin və qərblilərin cəbhəsində və onların müdafiə xəttində olacaqdır.
Nəql olunduğuna görə Imam Məhdi (əleyhis-salam) Tövratın əsl nüsxələrini Antakiyadakı bir mağaradan və Fələstindəki dağdan, eləcə də Təbəriyyə dəryasından çıxarıb, ona istinadən yəhudiləri məhkum edəcək, mö`cüzə və əlamətləri onlara göstərəcəkdir. Qüdsün azadlığı uğrunda aparılan döyüşlərdə salamat qalan yəhudilərdən bə`ziləri o həzrətə təslim olacaq, təslim olmayanlar isə Ərəb ölkələrindən çıxarılacaqlar.
Rəvayətlərdən mə`lum olur ki, o həzrətin zühurundan azacıq əvvəl rumlularla qərblilərlə ruslar arasında dünya səviyyəli bir müharibə baş verəcəkdir, onun başlanma səbəbi də məşriq tərəfdəndir. Bə`zi rəvayətlərdə də qeyd olunur ki, bu müharibə məntəqə daxilində olacaqdır. “O həzrətin zühur etdiyi ildə yer üzündə çoxlu müharibələr baş verəcəkdir ki, onun da xəsarətləri Amerikaya və Avropaya dəyəcəkdir.”; “Qərb ölkələrində müharibə atəşi odunların odda yandığı kimi şö`lə çəkəcəkdir. Şərq və qərb əhalisi, hətta müsəlmanlar arasında belə, ixtilaf yaranacaqdır. Camaat düçar olduqları qorxu və vəhşətdən dolayı çox çətinlik, giriftarçılıq və əzab-əziyyətdə yaşayacaqlar.”
Həmçinin rəvayətlərdə qeyd olunur ki, bu müharibənin vurduğu maddi xəsarətlər həm müharibədən əvvəl, həm də ondan sonra yayılan taun xəstəliyindən əlavə, dünya əhalisinin üçdə iki hissəsinin qırılmasına da səbəb olacaqdır. Bu da əsas e`tibarı ilə müsəlmanlara varid olmayacaqdır, yalnız bə`zi hallarda, müəyyən vasitələrlə onlara dəyəcəkdir. “Bu hadisə yalnız o vaxt baş verəcəkdir ki, dünya əhalisinin üçdə iki hissəsi aradan getmiş olsun.” Ravi soruşdu: “Camaatın üçdə iki hissəsinin həlak olub aradan getdiyi zaman kim yaşayacaqdır?!” Buyurdu: “Siz üçdə bir hissədən olmaq istəməzdinizmi?!”
Bə`zi rəvayətlərdə deyilir ki, bu müharibə bir neçə mərhələdə baş verəcəkdir, onun son mərhələsi isə həzrət Məhdi (əleyhis-salam)-ın zühuru, Hicazı azad etməsi və Iraqa daxil olmasından sonradır. Əlbəttə, Hicazın azad edilməsi orada yaranan siyasi boşluqla və hökumət böhranı ilə əlaqədardır ki, sonrakı fəsillərdə əlavə olaraq izah ediləcəkdir.
Qur`ani-Kərimdə və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsində fitnə həm ümumi, həm də xüsusi mə`nada işlənmişdir. Onun ümumi mə`nası insan üçün qarşıya gələn hər növ imtahan və sınaqdan ibarətdir, istər insanın özünün tərəfindən, istər şeytan, istərsə də camaat tərəfindən olmuş olsun. Həmçinin istər bu imtahandan üzüaçıq çıxıb fitnələrdən qurtarsın, istərsə onda süqut etsin. Onun xüsusi mə`nası isə müsəlmanları imtahana çəkən və onları dindarlıq hüdudlarından çıxarıb yoldan azdıran hadisələrdən ibarətdir. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in “daxili və xarici fitnələr” - deyə buyurduğu və xəbərdarlıq etdiyi hadisələr məhz həmin mə`naya yozulur. Əlbəttə, səhabələr və tabeinlərin bir-biri ilə təfavütlü nəql etdikləri çoxlu rəvayətlərdə Peyğəmbər (səlləllahu əleyhi və alih), ümmətini özündən sonrakı fitnələrdən çəkindirmişdir. Səhabələrin arasında Hüzeyfə ibni Yəman “fitnələr” barəsində olan rəvayətə agahlıq baxımından məşhur bir şəxs idi. Çünki o, gələcəkdə baş verəcək fitnələr haqqında Peyğəmbərdən daha çox rəvayət eşitmiş və əzbərləmişdi. Buna görə də fitnələrlə əlaqədar rəvayətlərin çoxu sənəd baxımından Hüzeyfənin vasitəsilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə, yaxud Əli (əleyhis-salam)-a istinad edilir. Çünki Hüzeyfə onların xas səhabələrindən idi. O, belə nəql edir: “Qiyamət gününə kimi elə bir fitnəçi yoxdur ki, (onların sayı 300 nəfərə çatacaq), onların özlərinin və atasının adını, yaşadığı yeri sadalamaya bilməyim. Çünki onların hamısını Peyğəmbər (səlləllahu əleyhi və alih) mənə öyrətmişdir.” Başqa bir yerdə belə deyir: “Əgər bildiklərimin hamısını sizin üçün sadalasam, mənə bir gecə belə möhlət verməyib, dərhal qətlə yetirərsiniz.”
Müsəlmanların fitnə ilə əlaqədar rəvayətlərə olan diqqətləri çox yüksək həddə çatdığından, rəvayət məcmuələrini bir yerə toplayanlar “fitən” (fitnələr), yaxud “məlahim” (fitnəli hadisələr) ünvanı altında müəyyən fəsillər yazmışlar. “Məlahim” kəlməsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in verdiyi mühüm hadisə və müharibələr mə`nasınadır. Buna görə də Islam raviləri və alimlərindən bir qrupu “Əl-fitənu vəl-məlahim” adlı ayrıca kitab yazaraq, bu barədə nəql olunan rəvayətləri bir yerə toplamışlar.
Burada olan ümdə məsələ fitnələrin və müharibələrin sayını araşdırmaq, onu müsəlmanların tarixi ilə uyğunlaşdırmaq deyildir; əksinə, əsas məsələ o fitnələrdən ibartdir ki, həzrət Məhdi (əleyhis-salam)-ın zühuru ilə eyni zamanda onların da tamamilə aradan gedəcəklərinə dair fikir birliyi mövcuddur. Həmin fitnələr və onun xüsusiyyətləri qərbin bu əsrdə müsəlmanlar əleyhinə törətdiyi fitnələrlə tamamilə uyğun gəlir ki, bunun ardınca da çoxlu problemlər və çətinliklər yaranır. Çünki qərblilər öz ölkəmizin daxilində bizimlə vuruşur, mə`nəvi və təbii sərvətlərimizə və müqəddəratımıza hakim kəsilmişlər. Bizim şərq blokundakı düşmənlərimiz də onlarla həmkarlıq edərək islami ölkələrdən çoxunu istila altına almış, həmin yerlərdə Islamın mövcudiyyətini və onun əsərlərini aradan apararaq hökmranlıq edirlər.
Indi isə həmin rəvayətlərin bə`zilərini qeyd edirik. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Mənim ümmətimə 4 fitnə varid olacaqdır: birinci fitnədə qan axıdılacaq, ikincidə qanlar və mal-dövlətlər aradan gedəcək, üçüncüdə qan, mal-dövlət və qadınlar halal hesab olunacaqdır. Dördüncü fitnədə isə kar və korluq hamını əhatə edəcək, təlatümlü dəryada olan gəmiyə oxşayacaqdır. Belə ki, heç kəs sığınacaq tapa bilməyəcəkdir. O fitnə Şamdan başlayaraq Iraqı (Cəzirəni) əhatə edəcək, bəla və giriftarçılıqlar insanları dabbağxanadakı dəri kimi əzişdirəcək, heç kəs: “Daha bəsdir, əl saxlayın!” – deməyə belə qadir olmayacaqdır. Əgər bu fitnəni bir nahiyədən dəf etsələr, başqa nahiyədən zahir olacaqdır.”
Başqa rəvayətdə belə buyurur: “Fələstin fitnəsi baş verən zaman Şamın vəziyyəti suyun tuluqda çalxalandığı kimi olacaqdır. Vaxtı sona yetdiyi zaman bu fitnə də sona çatacaqdır. Sizdən az bir qrupu peşman olacaqdır.”
Başqa bir rəvayətdə gəlmişdir: “Bu fitnə Şamı əhatə edəcək, Iraqı bürüyəcək və Cəzirəni təlatümə gətirəcəkdir.”
Yenə buyurulur: “O zaman elə bir fitnə yaranacaqdır ki, hər vaxt onun sona çatmasından söhbət açılarsa da, yenə davam edəcəkdir. Elə bir ev olmayacaqdır ki, fitnə oraya daxil olmamış olsun. Elə bir müsəlman qalmayacaq ki, fitnənin ona olan tə`sirini hiss etməmiş olsun. Nəhayət mənim xanədanımdan bir kişi zühur edəcəkdir.”
Çoxlu rəvayətlərdə bu fitnə və onun xüsusiyyətləri barəsində müxtəlif mətləblərlə qarşılaşırıq. Bütün rəvayətlərin dediyinə görə, dördüncü fitnə axırıncı fitnədir. Onun xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1-Sünnü və şiə mənbələrində bu rəvayət “icmali təvatür” həddindədir, yə`ni kəlmə baxımından fərqli olsalar da, çoxlu ravilər onu bir mə`nada nəql etmişlər. Belə ki, əgər bir kəs azacıq diqqət edərsə, bu rəvayətlərin məzmununun Peyğəmbər (səlləllahu əleyhi və alih) və onun Əhli-beyti (əleyhimus-salam) tərəfindən deyilməsi barədə yəqinə çata bilər.
2-Bu fitnə çox geniş miqyaslı bir fitnədir, bütün vəziyyət və şəraitlərə – təhlükəsizlik, mədəniyyət, iqtisadiyyata aid olur. Məsələn, bütün haram şeylər halal olacaqdır. Başqa rəvayətdə fitnə korluq və karlıq kimi vəsf edilmişdir, yə`ni kardır, onunla söz danışmaq və bu yolla dəf etmək olmaz. Kordur, yə`ni heç bir şeyi görmür ki, bununla digəri arasında fərq qoysun. O hamıya şamildir və hər bir evə daxil olacaqdır. Hər bir müsəlmanın şəxsiyyətinə zərbə endirib xəsarət vuracaq, müsəlman cəmiyyətini, təlatümlü dəryanın üzərindəki gəmi kimi ağır dalğalara mə`ruz qoyacaqdır. Heç kəs bu fitnənin öz dininə və ailəsinə qarşı törətdiyi xətər müqabilində müqavimət göstərə bilməyəcək, eləcə də Islam ümmətinin rəhbərliyini öhdəsinə alan və zülümkarlığa adət etmiş şərq-qərb hamilərinin zülmündən amanda olmayacaqdır. Belə ki, bir rəvayətdə deyilir: “O zaman şərqdən və qərbdən bir qrup gələrək mənim ümmətimə hökmranlıq edəcəkdir.”
3-Bu hərəkatın nəticəsində çoxlu şərlər, çətinliklər yaranacaq və onun başlanğıcı da Şamdan olacaqdır. “Tətəyyərə biş-Şam”, yə`ni bu, Şamdan başlanacaqdır. Ona görə də bizim düşmənlərimiz oranı “mədəniyyət günəşi” adlandırırlar. Əgər Şam ölkəsində Israil kimi bir dövlətin icad edilməsini də buna əlavə etsək, bir görün vəziyyət necə olacaqdır?! Başqa bir rəvayətdə isə “tətəyyəfə biş-Şam” gəlmişdir, yə`ni fitnələr Şamı əhatə edəcək, daha sonra oradan sair müsəlman və ərəb ölkələrinə yayılacaqdır. Hətta bir rəvayətdə o, “Fələstin fitnəsi” adlanır ki, bunun da Şama göstərdiyi təzyiq və çətinliklər başqalarından daha artıq olacaqdır.
4-Bu barədə tökülən tədbirlərin və çıxış yollarının heç bir faydası olmayacaq və bu fitnə uzun müddət davam edəcəkdir. Çünki mədəniyyətə aid olan fitnə elə dərin köklərə malikdir ki, islahat yolu ilə ona heç bir çarə etmək olmaz. Digər tərəfdən, ümmətdə müqavimət dalğalarının zəifləməsi, eləcə də düşmənlərin öz düşmənçiliklərində inadkarlıqları nəticəsində bu çıxış yollarının heç bir faydası olmayacaqdır. Belə ki, bir rəvayətdə buyurulur: “Hər hansı bir yerdə onu dəf edib aradan qaldırmaq fikrinə düşsələr, başqa yerdə zahir olacaqdır.”
Çünki onun çıxış yolu yalnız həzrət Məhdi (əleyhis-salam)-ın hökumətinə ümmət arasında zəmin yaratmağa sə`y göstərməkdən ibarətdir, bu fitnənin kökünün kəsilməsi də məhz o həzrətin zühuru ilə mümkün olacaqdır.
Həmçinin çoxlu rəvayətlərdə qeyd olunur ki, bu fitnələrin axırıncısı o həzrətin zühuru ilə eyni zamanda olacaqdır. Bə`zi rəvayətlərdə də qeydsiz-şərtsiz gəlməsinə, o həzrətin zühurundan azacıq öncə baş verməsinə işarə edilməməsinə baxmayaraq, onu “axırıncı fitnə” adlandırmış və həmin xüsusiyyətlərlə vəsf etmişlər. Çünki məqsəd elə həmin fitnədir ki, labüd olaraq “mütləq”i “müqəyyəd”ə nisbət verməliyik
Əlbəttə, bu fitnənin başqa hədislərdə gələn digər xüsusiyyətlərini də qeyd edəcəyik. Çünki bu xüsusiyyətləri Islam ümmətinin əvvəlindən indiyə qədər olan heç bir fitnə ilə – istər daxili, istərsə də xarici – bərabər hesab etmək olmaz, bunu yalnız qərbin törətdiyi fitnələrlə izah etmək olar. Çünki bu fitnə Islamın əvvəllərində, eləcə də ondan sonra baş verən müharibələrlə, hətta monqolların törətdikləri qarətçilik hərəkətləri, xristianların tərəfindən törədilən səlib yürüşləri ilə uyğun deyildir və onlarla müxtəlif cəhətlərdən fərqlənir.
Bəli, onun son mərhələsində qərblilər əlbir olaraq Islam ümmətinə hücum etdilər. Onların orduları Islam ölkələrinə daxil oldu, Islam ümmətini parçalayıb məhv etdilər və Islam ölkələrinin qəlbində öz yəhudi həmpeymanlarının qərargahlarını yerləşdirə bildilər.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Canım əlində olan Kəsə and olsun! Mənim ümmətimə elə bir qövm hakim kəsiləcəkdir ki, əgər (müsəlmanlar) səslərini çıxartsalar, onları öldürər, sükut etsələr, onların var-yoxunu mübah edər, mal-dövlətlərini öz ixtiyarlarına keçirər, namuslarını tapdalamaqla qanlarını axıdar, qəlblərini kin və vəhşətlə doldurar, onları daim qorxuda və qəm-qüssəli vəziyyətdə saxlayarlar. Bu zaman bir qrup şərqdən, bir qrup da qərbdən gələrək mənim ümmətimə hökmranlıq edərlər. Bu halda, vay olsun mənim ümmətimin zəiflərinin halına, zülmü özlərinə peşə edənlərin əlindən! Vay olsun zalımlara, ilahi əzabdan! Çünki onlar nə kiçiyə rəhm edər, nə böyüyün və qocanın hörmətini saxlayar; heç bir (çirkin və yaramaz) əməli əsirgəməzlər. Onların zahirləri adam, qəlbləri isə şeytan qəlbləridir.”
Bu dəyərli rəvayət daxili zülmkarlıqla xarici istismarçılıq arasında olan iki yönlü əlaqəni ifşa edir, şərq-qərb kafirlərinin Islam ümmətinə hakim kəsilməsinin səbəbini daxili hakimlərin müsəlman millətlərə qarşı olan zorakılıqları və təzyiqlərində, irticaçı şəraitin hakim olması və onların azadlığının əlindən alınmasında görür. Çünki zalımcasına olan belə rəftarlar insanları öz hakimlərindən intiqam almağa sövq edir və onların bu daxili çəkişmələri də xarici düşmənlərin xeyrinə tamam olur. Nəticədə düşmənlər onları istismar etdikləri halda, “öz zalım hakimlərinin əlindən xilas etmək” bəhanəsi ilə Islam ölkələrinin sərvətlərini qarət edirlər. Bunun nümunəsini Napaleonun Misrə hücum etdiyi zaman görmək olar. Onun gəmiləri sahilə yaxınlaşdıqda, misirlilərə bir məktub yazıb Islamı tə`riflədi, bu dini sevdiyini və ona meyilli olduğunu bildirdi, ora gəlməsinə, misirliləri qulların zülmündən xilas etmək adı ilə bəraət qazandırdı.
Bu hiyləgərlik siyasətini Misri işğal etdikdən sonra da davam etdirdi, nəhayət yerli əhali kimi milli paltar geyməklə özünü müsəlman kimi göstərdi və Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in milad gününü bayram keçirtdi! Sonralar Ingiltərə, Fransa, Amerika və Rusiya da buna oxşar üslublardan istifadə edərək iddia edirdilər ki, bizim yeganə məqsədimiz müsəlman xalqlarını azad etməkdir. Onlar Islam ölkələrində öz qanunsuz hakimiyyətlərini və istismarçılıq siyasətlərini davam etdirir və müsəlmanların daxili işlərinə qarışmaq üçün məhz bu yollara əl atırdılar.
Diqqət yetirilməlidir ki, hədislərdə bəyan olunan xüsusiyyətlər dəqiq şəkildə o dövlət başçılarına uyğun gəlir ki, hegemon dövlətlərin hakimiyyəti və istismarı, yaxud mövcud istismarçılıq şəraitinin davam etməsi üçün zəmin yaratsınlar. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
1-Azad düşüncə və vicdan azadlığı müqabilində irtica şəraitinin hakim olması, hətta haqq bir söz demək müqabilində belə öldürülmək;
2-Əgər sükut etsələr də belə, onların hər bir şeyi mübah (hədər) sayılır; çünki onların siyasəti budur ki, barələrində bir söz deyilməsə belə, yenə də insanların hüquqlarına təcavüz etməkdən əl çəkməsinlər;
3-Islam xalqlarının milli sərvətlərinin talan edilməsi təcavüzkar hakimlərin siyasətinin əsasını təşkil edir; belə ki, müsəlmanların mal-dövlətləri sanki irsən onların özlərinin, ailələrinin, yaltaq və ikiüzlü münafiqlərin və onların sarayında nökərçilik edənlərin mülkiyyətidir;
4-Müsəlmanların izzət, hörmət və toxunulmazlığının aradan getməsi; belə ki, bu onların canlarına təcavüz edilməsi, insani dəyərlərinin, azadlıqlarının və mal-dövlətlərinin aradan getməsi, abır, heysiyyət və namuslarına qarşı rəva görülən hörmətsizliyə şamildir;
5-Onların əleyhinə söz deyənlərin, həmçinin “bizim Pərvərdigarımız Allahdır” - deyənlərin qanının nahaq yerə axıdılması;
6-Müsəlmanların qəlblərinin kin və vəhşətlə doldurulması. Yə`ni, onların qəlbi zalım hökmranlara qarşı kin-küdurətlə dolar, yaxud belə bir zülm müsəlmanların bir-birlərinə qarşı kin-küdurətlərinə səbəb olar.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qərblilər və şərqlilər barəsində buyurduğu: “O zaman bir qrup şərqdən, bir qrup da qərbdən gələrək mənim ümmətimə hakimlik edərlər” - hədisi isə yalnız əşrqin və qərbin hegemon qüdrətlərinə uyğun gəlir. Belə ki, onlar yaranan fürsətdən və zalım hakimlərin zülmündən yararlanaraq müsəlmanların ölkələrinə hücum edər və onların işlərini öz öhdələrinə alarlar.
Bə`ziləri demişlər ki, “şərqdən və qərbdən gələn qruplar” dedikdə, məqsəd abbasilərin hərəkatı ola bilər. Çünki onlar Islam hökumətinin şərqindən gəlmişdilər; habelə qərblilər dedikdə, Islam ölkələrinin qərbindən gələn qüdrətlər ola bilər ki, əməvi hakimlərinin zülmünün ardınca hakimiyyətə gəlmişdilər.
Belə bir ehtimal da verilir ki, onlardan məqsəd monqolların hücumlarıdır. Belə ki, onlar şərqdən hücuma keçmişdilər;, yaxud da səlib yürüşləri ola bilər ki, abbasilərin törətdikləri cinayətlərə və zülmlərə görə qərbdə yaranmış idi.
Amma rəvayətlərin zahiri mə`nasından belə mə`lum olur ki, onlar müsəlman deyil, qeyri-müsəlman qruplarıdır ki, müsəlmanların bütün işlərinə hakim kəsiləcəklər. Buna görə də abbasilər və fatimilərlə uyğun gəlmir. Eləcə də monqolların yürüşləri və səlib müharibələri ilə də uyğun gəlmir, çünki qərblilərin müsəlmanlara hakim kəsilmələri bu hücumların vasitəsilə olmamışdı, əksinə, onlar Şam ölkəsinin sahil məntəqələrində kiçik hökumətlər tə`sis etmiş və orada yaşamışdılar. Monqollar da müsəlmanlara qısa müddət ərzində hökmranlıq etmiş, daha sonra onların qalıqları Islam ölkələrinə gətirilmiş və Islam ümməti içərisində həll olub aradan getmişdilər.
Daha mühüm məsələ budur ki, monqolların istilaçılıq və xristianların səlib yürüşləri həzrət Məhdi (əleyhis-salam)-ın zühuruna gətirib çıxartmadı, halbuki başqa rəvayətlərin bəyanına görə, qərblilərin müsəlmanlara hakim kəsilməsi və onların törətdikləri fitnələr həzrət Məhdi (əleyhis-salam)-ın zühuru ilə sona çatacaqdır. Buna əsasən onların işləri sırf şəkildə müasir dövrdəki ruslar, avropalılar və amerikalılardan ibarət olan şərq-qərb hegemon dövlətlərinə uyğun gəlir. Xüsusilə, bunu nəzərə alaq ki, hədisin sonunda onların siyasətləri və şəxsiyyətləri dəqiq şəkildə qeyd edilmişdir. Hər bir halda, onlar şərqdəki monqolların və qərbdəki səlib yürüşçülərinin varisləridir, çünki daha üstün nəzərə görə, rəvayətlərdə ruslar və qərblilər (rumlular) deyilmişdir ki, onları tezliklə qeyd edəcəyik.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən belə nəql olunur: “Sizin işləriniz adi qaydada davam edəcək, nəhayət övladlarınız fitnə və zülm dövründə dünyaya gələcək ki, fitnədən başqa bir şey tanımayacaqlar. Yer üzü zülm və haqsızlıqla o qədər dolacaqdır ki, Allahı çağırmağa heç vaxt cür`ət etməyəcəklər. Bu zaman Allah mənim zürriyyəmdən olan bir kişini seçəcək, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq-ədalətlə dolduracaqdır.”
Bu şərif hədis göstərir ki, sonuncu fitnələr nəsillər boyu davam edəcək, nəhayət müsəlmanların övladlarından elə bir nəsil yaranacaqdır ki, dindən münhərif (azğın) olan fikirdən başqa bir fikirləri, zülmdən başqa bir siyasətləri olmayacaqdır. Bu da dəqiq bir tə`bir olub, qərb mədəniyyətinin hakim olduğu fəzadan, onların istismarçı siyasətlərindən və bizim ölkələrə hakim kəsilməyindən xəbər verir. Belə ki, müsəlman övladı o iyrənc mədəniyyətin tə`siri altında böyüyüb boya-başa çatacaq, Islam mədəniyyətindən və ədalətdən xəbərsiz olacaqdır. Yalnız o kəslər istisna olunur ki, Allah-taala onun hidayət olunması və azğınlıqdan amanda qalması üçün müəyyən şəraitləri vücuda gətirmiş olsun.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “Yer üzü zülm və haqsızlıqla o qədər dolacaqdır ki, bir kəs “Allah” deməyə belə qadir olmayacaqdır” sözünün mə`nası budur ki, zülmkar hakimlərin siyasətləri və onların ədalətsiz qanunları həyatın bütün sahələrini əhatə edəcəkdir. Bu vəziyyət də qərblilərin Islam ölkələrinə hücum və oranı işğal etdikləri zaman yaranacaqdır. Çünki onların istilasından öncə olan zaman dövrlərində və müəyyən məntəqələrdə zülm və haqsızlıq müsəlmanların həyatına hakim deyildi. Lakin qərblilərin Islam ölkələrinə olan hücumlarından sonra, zülmə adət etmiş hakimlərin istismarçılıqları və zalımcasına olan siyasətləri get-gedə bütün mərkəzlərə və ölkələrə yayılmış idi. Belə ki, müsəlmanların səsi elə boğulmuşdur ki, öz müsəlmançılıqlarını belə izhar etməyə qadir deyildilər və “Pərvərdigarım Allahdır”, “biz Islam hökmlərinin bərqərar olunmasını istəyirik”, “Allah bizə göstəriş vermişdir ki, zülmdən uzaq olaq və onun əleyhinə qiyam edək”, “filan hakim barəsində Allahın hökmü filan cürdür və gərək e`dam edilsin, yaxud işdən uzaqlaşdırılsın”, yaxud “Allahın bu qanun barəsindəki hökmü budur ki, onun müqabilində dayanıb dəyişdirək” - kimi sözlər deməyə cür`ət edə bilmirlər. Bu o demək deyildir ki, heç bir kəs, ümumiyyətlə, Allahın adını çəkə bilməyəcəkdir. (Necə ki, bə`ziləri belə təsəvvür etmişlər.) Çünki Allahın zikri və adı kafirləri, zalımları və hətta dinsizləri belə o zaman təhrik edib qəzəbləndirəcəkdir ki, bu adla onların küfrləri, zülmləri və istilaçılıqları ilə mübarizəyə qalxmış olsunlar. Bir rəvayətdə belə deyilir: “Belə ki, heç kəs “La ilahə illəllah” deyə bilməyəcəkdir.” Yə`ni heç bir kəs Allahın yeganəliyini və mütləq hakim olmasını e`lan və Onun hökmü və qanunu əsasında əməl etməyən zalımların və kafirlərin hökumətini rədd edə bilməyəcəkdir.
Əli (əleyhis-salam)-dan belə nəql olunur: “Sizin Peyğəmbərinizin (səlləllahu əleyhi və alih) Əhli beytinin müəyyən əlamət və nişanələrə malik olan hökuməti zəmanənin axırında vücuda gələcəkdir: ... Sonra türklər rumlularla müxalifətə qalxarlar, dünyada müharibə və çarpışmalar artar.”
Aydındır ki, Imam Əli (əleyhis-salam)-ın rumlularla türklər arasında baş verən çəkişmələr, eləcə də onların Islam ölkələri əleyhinə apardığı yürüşlər barəsindəki sözü həzrət Məhdi (əleyhis-salam)-ın zühurunun nişanələrindəndir. Rəvayətdəki “isti`sarət” ibarəsi çox dəqiq bir tə`birdir. Yə`ni onlar Islam ölkələrini istismar etmək və istila altına almaq üçün özünəməxsus hərəkətlərə əl atacaqlar. Həmçinin “yətəxaləfut-turku vər-rum” (yə`ni türklər və rumlular bir-birilə ixtilafa düşəcəklər) ibarəsi də həmpeyman oduqları halda onların arasında yaranacaq ixtilafları çatdırır ki, bu da öz nüfuzları dairəsində olan məntəqələrin bölüşdürülməsi və ələ keçirilməsi ilə əlaqədar baş verəcəkdir. Amma elə həmin halda müsəlmanlara qarşı müttəhid olaraq dünya xalqlarını onların əleyhinə təhrik edəcək, hərbi qüvvələrini döyüş sursatı ilə təchiz etməkdə (hazırkı dövrdə də göründüyü kimi) bir-birilə tam mə`nada əməkdaşlıq edirlər.
“Və təksurul-hurubu fil-ərzi” (yə`ni dünya səviyyəsində müharibələr və çarpışmalar artar) ifadəsi də o cürdür. Çünki gördüyümüz kimi, elə bir materik və qit`ə yoxdur ki, orada müharibə olmamış olsun. Bir müharibə qurtarmamış başqa bir müharibə başlanır. Bütün bunların səbəbi də rumluların intiqamçılıq hisləri və bir-birilə müxalifət etməsidir. Hər dövrdə müharibə odunu şö`lələndirən də elə onların yəhudi himayəçiləridir.
Əli (əleyhis-salam) belə buyurur: “Ey insanlar! Nə qədər ki, məni əldən verməmisiniz, nə istəyirsinizsə, məndən soruşun. Çünki sinəmdə çoxlu elmlər vardır. Məndən o fitnə-fəsad barəsində sual edin ki, öz cilovlarını ayaqları altına salan, qorxu və iztirabını artıran hürkmüş bir dəvə kimi, sizin ölkələrinizi ölüm və həyatından sonra əzər, öz iyrənc kölgəsini ona salar, (eləcə də) qərbdən gələn və yanacağı çoxlu quru odunlar olan bir atəşdən xəbər verim ki, uca səslə nida edər. Vay olsun ona, intiqamçılıq cəhətindən! Ruzgarın gərdişi uzun olan zaman deyərsiniz ki, ya ölüb, ya da həlak olubdur. (Əgər diridirsə, onda) hara getmişdir?! Məhz bu zaman aşağıdakı ayə gerçəkləşər: Sonra onlar üzərində qələbəni sizə qaytararıq, mal və övladlarınızla kömək edərək sayınızı onlardan çox edərik” və bunun da müxtəlif əlamətləri vardır.”
Əli (əleyhis-salam) bu rəvayətdə qərb əhalisinin kütləvi şəkildə həlak olmasından xəbər verir. “Çoxlu quru odunlar” ifadəsi “çox şö`lənənən” mə`nasını verir. Bu müharibənin əsl səbəbi elə bir fitnədir ki, şərqdə vücuda gələcəkdir. Bununla əlaqədar olan rəvayətlər “dünya müharibəsi rəvayətləri” sırasında qeyd olunacaqdır. Orada onun baş verməsi ilə əlaqədar hədislərin məzmunu və həzrət Məhdi (əleyhis-salam)-ın zühur ilindəki nəzərimizi qeyd edəcəyik.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) belə buyururur: “Axirüz-zamanda mənim ümmətimə onların sultanlarının nahiyəsindən (çoxlu) bəlalar baş verəcəkdir ki, bundan da ağır bəla və giriftarçılıq eşidilməmişdir. Belə ki, yer öz genişliyi ilə onlara dar gələcək, çoxlu zülm və haqsızlıq olacaq, mö`min zülmdən qaçmağa heç bir sığınacaq tapmayacaqdır. Nəhayət, Allah-taala mənim sülaləmdən olan bir kişini seçəcək. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Səmanın və yerin sakinləri ondan razıdırlar. Yer öz sərvətlərini çölə çıxarar, asiman rəhmət yağışını yağdırmaqdan əsirgəməz.”
Hüzeyfə ibni Yəman deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurmuşdur: “Vay olsun bu ümmətə zalım padşahların əlindən ki, müsəlmanların hamısını – onlara itaət edənlərdən başqa – öldürüb özlərini ev-eşiklərindən didərgin salarlar. O zaman təqvalı mö`min dildə onlarla müvafiq olar, qəlbdə isə onlardan qaçar. Mütəal Allah Islamın izzətini iradə etdiyi zaman hər bir zalımın belini sındırar. O, istədiyi hər bir işə qadirdir. Məhz O, Islam ümmətini, ağır vəziyyətə düşdükdən sonra sahmana salar və islah edər. Ey Hüzeyfə! Əgər dünyanın axırına bir gündən artıq belə qalmamış olsa, Allah-taala həmin günü o qədər uzadacaqdır ki, mənim sülaləmdən olan bir kişi gəlsin, dünyaya hökmranlıq və Islamı aşkar etsin. Allah heç vaxt Öz və`dəsinə xilaf çıxmaz və O, hər bir şeyə qadirdir.”
Yenə buyurmuşdur: “Yaxın zamanlarda ümmətlər, bir süfrəyə də`vət olunanlar kimi, sizin əleyhinizə əlbir olarlar. Sizin sayınız çox olsa da, selin üzərində gedən çör-çöpə oxşayarsınız. Allah sizin heybət və əzəmətinizi düşmənlərinizin qəlbindən çıxarar, dünyaya məhəbbət bəslədiyinizə və ölümdən bezarlıq etdiyinizə görə zəifliyi və süstlüyü sizin qəlbinizə salar.”
Bu rəvayətlər üzərinə nübüvvət nuru saçan kəlamlardır və Islam ümmətinin zalım rəhbərlər və istismarçı düşmənləri ilə olan vəziyyətini şərh edir, bununla da həzrət Məhdi (əleyhis-salam)-ın zühurunu müjdə verir.
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğu nəql edilir: “Vay olsun ərəblərə onlara yaxın olan bir şərdən! Qanadlar... nədir o qanadlar?! Elə bir küləkdir ki, onun əsməsi məhv edəndir, elə bir külək ki, onun əsməsi qaldırandır və elə bir külək ki, onun əsməsi süstlük gətirəndir. Vay olsun onlara sür`ətli öldürmədən, ani ölümdən, dərdli aclıqdan, bəla və giriftarçılıqdan ki, hər tərəfdən onların başına tökülər.”
Bəlkə də “qanadlar” dedikdə məqsəd indiki təyyarələrdir ki, sür`ətli küləklər kimi əsir, sonra sakit olaraq çoxlu qətlə, ani fəlakətə və ölümə səbəb olur, yaxud külək dedikdə güclü və ya zəif bombaların partlayışı nəticəsində əmələ gələn qüvvətli səs dalğaları ola bilər. Belə bir ehtimal da verilir ki, bu qanadlar dedikdə həzrət Məhdi (əleyhis-salam)-ın Beytül-müqəddəsi azad etmək üçün Süfyani, yəhudilər, rumlular və onların tərəfdarı olan ərəblərlə apardığı müharibəyə işarə olsun. Belə ki, Ibni Həmmadın əlyazma nüsxəsində belə qeyd olunur: “O zaman Allah-taala küləyi və quşları rumlulara hakim edər, öz qanadları ilə onların yanaqlarına elə güclü zərbə vurarlar ki, onun nəticəsində gözləri kor olar, yer paçalanar və onları öz daxilinə çəkər.”
Mümkündür ki, qanadlar dedikdə qaranquş şəklində olan əbabil quşları kimi həqiqi quşların qanadı, yaxud Məhdi (əleyhis-salam)-ın istifadə etdiyi təyyarə kimi döyüş texnikası olsun. Bu barədə bəhs Qüdsün azad olunması uğrunda aparılan müharibədə qeyd olunacaqdır.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) belə buyurur: “Müşriklər müsəlmanları özlərinə xidmətçi edər və onları şəhərlərdə satarlar, yaxşı və ya pis əməl sahibi olan heç bir kəs bu işdən qorxmaz. Bu bəla və giriftarçılıq camaatı o qədər narahat edər ki, hamı naümid, mə`yus və bədbin olar, təsəvvür edər ki, onlar üçün heç bir asudəlik, dinclik yoxdur. Məhz bu zaman Allah-taala mənim zürriyyəmin paklarından, yaxşı insanlarından olan adil, görkəmli və pak-pakizə bir şəxsi seçər, o, Islamın qanun və göstərişlərini icra etmək yolunda heç nəyi əsirgəməz. Allah dini, Qur`anı, Islamı və müsəlmanları onun əli ilə izzətli və başıuca, şirki və müşrikləri isə zəlil və xar edər. O həmişə Allahdan qorxan vəziyyətdədir, Allahın hökmlərini icra etməkdə qohumlar tərəfindən aldadıla bilməz. Özü üçün daşı-daş üstə qoymaz, bir imarət tikməz. Öz hakimiyyəti dövründə heç kəsi şallaqlamaz, yalnız şər`i hüdudları (cəza qanunlarını) icra edərkən şallaq vurar. Mütəal Allah bütün bid`ətləri onun vasitəsilə məhv edər, bütün fitnə-fəsadları aradan aparar, haqq qapıları onun vasitəsilə açılar, batil qapıları bağlanar. Allah həbsdə olan müsəlmanları – hər yerdə olsalar – onun vasitəsilə öz vətənlərinə qaytarar.”
Bu rəvayətlər müsəlmanların riqqətli, acınacaqlı və zəif vəziyyətlərini, onların başqa ölkələrdə qul kimi alınıb-satılmasını və əsarətə alınmasını göstərir. Bu vəziyyət təkcə bizim zamanımıza və müşriklərə həqarət hissi ilə xidmət edən müsəlmanlara aid deyil, əksinə müsəlman xalqları ilə aparılan müharibələrdə öz vətənlərindən qovulub çıxarılan, müşriklər tərəfindən əsarətə alınan bütün müsəlmanlara şamildir. Bu rəvayətlərdə qeyd edilir ki, bəşəriyyət mə`yusluq və sərgərdançılıq vəziyyətində olarkən dahi xilaskar həzrət Məhdi (ərvahuna fidah) zühur edəcəkdir.
Əli (əleyhis-salam)-dan belə nəql olunur: “Ramazan ayında, sübh çağı şərq tərəfdən nida edilər və uca səslə belə deyilər: “Ey iman əhli! Bir yerə toplaşın.” Qərb tərəfdən də, (axşamçağı) şəfəqin saraltısı aradan getdikdən sonra bir nəfər nida edib deyər: “Ey batil əhli! Bir yerə yığışın.” Rumlular Əshabi-kəhf mağarasının yaxınlığındakı dəryanın sahilinə üz gətirərlər, Allah-taala o cavanları itləri ilə birlikdə (mağaradan) dirildər. Onların arasında Məlixa və Xəmlaha adlı iki nəfər vardır ki, onlar Qaimin əmrlərinə təslim olacaqlar.”
Cabir Co`fi nəql edir ki, Imam Baqir (əleyhis-salam) belə buyurdu: “Rum qiyamçıları tezliklə (Islam ölkələrinə tərəf) üz gətirib Rəmlədə düşərgə salarlar. Ey Cabir! Həmin ildə bütün yer üzündə – qərb tərəfdən çoxlu ixtilaflar yaranacaqdır.”
Burada diqqət yetiriləsi lazım olan mühüm məsələ Əhli-beyt (əleyhimus-salam)-dan “Rum” surəsinin ilk ayələri ilə əlaqədar nəql olunan rəvayətlərdir: “And olsun bu hərflərə (Əlif, Lam, Mimə)! Rumlular yer üzünün ən yaxın yerində məğlub oldular. Onlar məğlub olduqdan sonra tezliklə – bir neçə il ərzində – qalib gələcəklər. Keçmişdə də, gələcəkdə də iş Allaha məxsusdur. O gün Allaha iman gətirənlər beləcə şad olarlar. Istədiyi şəxsə kömək edən də, qalib və mehriban da məhz Odur.”
Imam Baqir (əleyhis-salam)-dan nəql olunan hədisdə “Allah-taalanın mö`minlərə köməyi” – Məhdi (əleyhis-salam)-ın zühuru kimi təfsir olunur, yə`ni Allah-taala o həzrəti rumlulara qalib edəcəkdir.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə nəql olunur: “Ey Ovf! Qiyamətdən qabaq altı hadisənin (mütləq) baş verməsini yadında saxla... Onlardan biri də fitnə-fəsaddır ki, hər bir ərəb evinə daxil olacaqdır. Sizinlə Bəni-Əsfər (qərblilər) arasında sülh imzalanacaqdır. Sonra onlar bu müqaviləni pozacaq, hər biri 12000 nəfər əskərdən ibarət olan səksən ordu ilə sizə hücum edəcəklər. Başqa hədisdə isə belə buyurmuşdur: “Sizinlə rumlular arasında dörd sülh müqaviləsi imzalanlanacaqdır ki, onların dördüncüsü Herqel sülaləsindən olan bir kişinin vasitəsi ilə olacaq və bir neçə il (2 il) davam edəcəkdir.” Bu zaman Əbdul Qeys qəbiləsindən olan Su`dəd ibni Qəylan soruşdu: “O zaman insanların rəhbəri kim olacaqdır?” Həzrət buyurdu: “Mənim övladlarımdan olan Məhdi.”
. Imam Baqir (əleyhis-salam) belə buyurur: “Qaim qiyam edən zaman öz ordusunu Bəni-Üməyyəyə (süfyanilərə) tərəf göndərəcəkdir. Bu zaman süfyanilər Ruma qaçacaqlar. Rumlular onlara deyər: “Nə qədər ki, bizim dinimizi qəbul etməmisiniz, sizə yol verməyəcəyik.” Onlar qəbul edər və rumlular onlara daxil olmaq icazəsi verərlər. Məhdinin köməkçiləri rumlularla qarşılaşan zaman onlar sülh və aman istəyərlər. O həzrətin köməkçiləri cavab verib deyərlər ki, “bizim dinimizdə olanları azad etməyincə, sizə aman verməyəcəyik.” Sonra rumlular onları azad edər və o həzrətin köməkçilərinin sırasına qaytararlar.”
, Şeyx Tusinin “Qeybət” kitabında belə qeyd olunur: “Rumlu bir qövmün sərkərdəsi olan Süfyani məsihilər kimi boynuna xaç asaraq hərəkata başlayar.”
Zühur əsrində Azərbaycanda baş verəcək hadisələr barədə Imam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur:
لاَ بُدَّ لَنَا مِنْ آذَرْبِيجَانَ لاَ يَقُومُ لَهَا شَيْءٌ وَ اِذَا كاَنَ ذلِكَ فَكُونُوا اَحْلاَسَ بُيوتِكُمْ وَ اَلْبَدُوا مَا اَلْبَدْنَا فَاِذَا تَحَرَّكَ مُتَحَرِّكُنَا فَاسْعَوْا اِلَيْهِ وَ لَوْ حَبْوًا
“Azərbaycan bizim üçün hökmən lazımdır. Heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. Bizim inqilabçımız qiyam edən zaman, hətta qarın üzərində sürünə-sürünə getməklə olsa belə, ona doğru tələsin.
Bu hədisin məfhumu belə də ola bilər: Azərbaycanda, hidayətçi bir hərəkat başlanacaq ki, bu ölkədə, yaxud onun əhalisinin tərəfindən baş verəcək, bundan sonra ona yaxın olan nişanələrin başlanacağı vaxta qədər gözləmək lazımdır. Aşağıdakı rəvayətdən də aydın olduğu kimi, bu hadisənin ruslarla qarşılaşma zamanı olduğuna ehtimal verilir: “Türklər üçün iki qiyam baş verəcəkdir ki, onlardan birində Azərbaycan viran olacaqdır. Digər qiyam da Cəzirədən başlanacaqdır ki, hiclədə olan gəlinləri vəhşətə salacaqdır. Məhz bu zaman Allah-taala müsəlmanlara kömək edəcək, Allahın böyük qurbanlığı da onların arasında vücuda gələcəkdir.”
Bu rəvayət təklikdə araşdırıldıqda, ehtimal üzrə, onu monqolların Islam ölkələrinə hücumu kimi yozmaq olar. Belə ki, onlar ilk mərhələdə Azərbaycana çatmış və oranı dağıtmışlar, daha sonra Fərat sahillərinə və müsəlmanlara qarşı hücum edərək qələbə çalmış, “Caluq” çeşməsində və başqa yerlərdə böyük qurbanlıqlar vermişdilər.
Amma bu rəvayətləri əvvəldə qeyd olunan rəvayətlərlə birlikdə nəzərə aldıqda belə ehtimal verilir ki, məqsəd ruslar olsun ki, onların ikinci dünya müharibəsindən əvvəl və sonrakı qiyamı, eləcə də zühurun yaxın əlamətlərinin görünməsindən öncə Azərbaycanı işğal etmələri ola bilər.
Ikinci qiyam da Cəzirə səmtindəndir ki, bu da Iraq-Suriya arasında yerləşən Qirqisiyada bir yerin adıdır. Onlar bu məntəqədə Süfyani ilə müharibə aparacaqlar. Müsəlmanların oradakı bilavasitə qələbələri də zalım düşmənlərin həlak olması ilə baş verəcəkdir. Gələcəkdə görəcəyiniz kimi, Qirqisiyadakı çarpışmalarda hidayətçi bir bayraq, yaxud öz ardınca müsəlmanların qələbəsini gətirən bir hərəkat yoxdur. Imamların və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu hadisə barəsində müjdə verməsi də məhz buna görədir ki, bu müharibədə zalımlar özlərinin bə`zi havadarlarının qılıncları (silahları) ilə məhv ediləcəklər.
Digər rəvayətlərdə türklərin Cəzirədə və Fərat sahillərində düşərgə salması göstərilir ki, yenə də ehtimal üzrə türklər dedikdə, ruslar nəzərdə tutulur. Çünki onların bu məntəqəyə gəlişi rumluların Fələstin sahillərində və Rəmlədə düşərgə salması ilə eyni zamana təsadüf edir. Əvvəlcə işarə etdiyimiz kimi, Qirqisiya Cəzirənin yaxınlığında yerləşən bir məntəqənin adıdır ki, Diyarbəkir və Cəzireyi-Rəbiə adı ilə məşhurdur. Tarix kitablarında ümumi şəkildə qeyd olunan “Cəzirə” də Ərəbistan yarımadası, yaxud başqa yarımadalar deyil, məhz həmin məntəqədir. Bu məsələnin də monqol türklərinin yeddinci hicri əsrində Cəzirəyə və Fərata gəlib düşərgə salmaları ilə ziddiyyəti yoxdur. Çünki bə`ziləri onu o həzrətin zühuruna yaxın olan əlamətlərdən hesab etmişlər, halbuki, zühurun yaxın əlamətlərindən biri onların əvvəlcə həmin yerdə düşərgə salmaları, sonra isə Qirqisiyada Süfyani ilə müharibə aparmalarıdır.
Həmin münasibətlə monqolların fitnəçi hərəkatlarını və Islam ölkələrinə hücum etmələrini göstərən rəvayətlər Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-in mö`cüzəli şəkildə qeybdən xəbər verdiyi hadisələr sırasındadır. Müsəlmanlar onları bilir və Islamın əvvəllərindən e`tibarən nəql edirdilər. Monqolların hücumu zamanı və ondan sonrakı dövrlərdə də bu qəbildən olan rəvayətlər daha çox yayılmış idi. Eyni halda, bu kimi rəvayətlər onların törətdiyi fitnələrin yatırılmasını və müsəlmanların qələbə çalmasını xatırladır, amma onlarda həzrət Məhdi (əleyhis-salam)-ın zühuruna işarə edilmir. Bu, bizim türklərlə əlaqədar bəhs etdiyimiz rəvayətlərdə də qeyd olunmuşdur.
Indi isə monqolların hücumlarını göstərən rəvayətlərin nümunələrini həzrət Əli (əleyhis-salam)-dan nəql edirik: “Sanki elə bir qövmü görürəm ki, onların üzləri çəkiclə döyülən qalxanlar kimidir. Onlar ipək və kətandan toxunan paltar geymiş, əsil atları öz ardınca çəkirlər. Orada o qədər ölüm və qətl hadisələri olacaqdır ki, yaralılar ölülərin cəsədləri üzərindən keçiriləcəkdir. Bu müharibədə qaçanların sayı əsirlərin sayından çox azdır. Imam (əleyhis-salam)-ın köməkçilərindən biri soruşdu: “Ya Əmirəl-mö`minin! Siz qeyb elmini bilirsiniz?!” Əli (əleyhis-salam) təbəssüm edərək Bəni-Kəlb qəbiləsindən olan o kişiyə dedi: “Ey Kəlbi qardaş! Bu qeyb elmi deyildir, əksinə bir növ agahlıqdır ki, mən onu elmin sahibi Rəsulullah (səlləllahu əleyhi və alih)-dən öyrənmişəm. Çünki qeyb elmi yalnız Qiyamət və Allah-taalanın bu ayədə buyurduğu şeylərlə əlaqədardır: “Yalnız Allahdır ki, Qiyamətin baş verəcəyi zamanı bilir; həmçinin yalnız Odur ki, yağışı nazil edir, bətnlərdə olanlardan xəbərdardır. Heç kəs bilmir ki, ömrü nə vaxt sona çatacaqdır.” Allah-taala bilir ki, bətndə olan oğlandır, yoxsa qızdır; çirkindir, yoxsa gözəl; əliaçıqdır, yoxsa paxıl; bədbəxtdir, yoxsa xoşbəxt. O, kimin cəhənnəm oduna yanacaq olması, kimin də behiştdə və Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə yanaşı olacağını bilir. Buna əsasən, Allahdan başqa heç bir kəsin bilmədiyi qeyb elmi məhz bunlardır. Bundan başqa deyilənlər isə, Allah-taalanın Öz Peyğəmbərinə öyrətdiyi elmlərdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) də onları mənə öyrətmiş, sonra mənim barəmdə dua etmişdir ki, Allah-taala onu Mənim qəlbimdə yerləşdirsin.”
Əyyaşinin təfsirində nəql olunur ki, Imam Baqir (əleyhis-salam) “bəəsna ələykum ibadən ləna uli bə`sin şədid” ayəsindən sonra buyurdu: “Bu ayədən məqsəd Qaim və onun güclü və qüvvətli köməkçiləridir.”
“Nurus-səqəleyn” təfsirində “Kafi”nin “Rovzə” kitabından nəqlən deyilir ki, Imam Baqir (əleyhis-salam) yuxarıdakı ayənin təfsirində buyurdu: “Allah-taala Qaimın qiyamından əvvəl bir qövmü seçəcəkdir. Ali-Mühəmməd (əleyhimus-salam)-in düşmənlərindən elə birisi qalmayacaqdır ki, bu qövm onu həlak etməsin.”
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə nəql olunur: “O, Tövratı və Incili Antakiya adlanan bir yerdən çölə çıxaracaqdır.”
Yenə buyurur: “(Müqəddəs sandığı) Antakiyadakı bir mağaradan, Tövratın nüsxələrini isə Şamdakı dağlardan çıxaracaq, onun vasitəsilə yəhudilərə dəlil-sübut gətirəcək, nəticədə onların böyük bir hissəsi Islamı qəbul edəcəklər.”
Başqa yerdə buyurur: “Müqəddəs sandıq Təbəriyyə dəryasından onun (Qaim (əleyhis-salam)-ın) əli ilə aşkar olunacaq, onu Beytül-Müqəddəsə gətirib onun hüzuruna qoyacaqlar. Yəhudilər onu müşahidə etdikdə az miqdar istisna olmaqla, hamısı iman gətirəcəklər.”
Ibni Həmmadın əlyazmasında Əli (əleyhis-salam)-dan belə rəvayət olunur: “Süfyani bir ordunu Məhdiyə tərəf göndərdiyi zaman Beyda çölündə həlak olar. Bu xəbər Şam əhlinə çatdıqda, onlar öz hakimlərinə deyərlər ki, “Məhdi zühur etmişdir, onunla bey`ət et və onun itaətinə keç, əks halda səni öldürəcəyik!” O, bir dəstə adamı bey`ət etmək üçün o həzrətin yanına göndərəcək. Məhdi digər tərəfdən hərəkət edərək Beytül-müqəddəsdə düşərgə salacaqdır.”
Həmin nüsxədə deyilir: “Məhdi deyər: Mənim əmi oğlumu (Süfyanini) yanıma gətirin, onunla danışım.” O, həzrətin yanına gələr və onunla söhbət aparar. Sonra işlərini Məhdiyə həvalə edər və onunla bey`ət edər! Süfyani öz köməkçilərinin yanına qayıtdığı zaman Kəlb qəbiləsi onu öz əməlindən peşman etdirər. Buna görə də o qayıdar, bağlanan əhd-peymanın qüvvədən salınmasını istəyər. Imam da onun bey`ətini qüvvədən salar. Bu zaman Süfyani Imamla müharibə aparmaq üçün öz ordusunu səfərbər edər, lakin Imam onu məğlub edər, romalılar da o həzrətin əli ilə məhv olarlar.”
Yenə buyurur: “Süfyaninin, Yəməninin və Xorasaninin qiyamı bir ildə, bir ayda və bir gündə baş verəcək və onlar silsiləvar şəkildə, bir-birinin ardınca, tərtiblə baş verəcəkdir. Bu zaman hər tərəfdə pərişanlıq və çətinlik yaranar. Vay olsun o kəsə ki, onlarla müxalifət və düşmənçilik edə! Bayraqlar arasında ən çox hidayət edən Yəməninin bayrağıdır. Çünki o, haqq bayrağıdır və sizi öz sahibinizə tərəf də`vət edəcəkdir. Yəməni qiyam etdiyi zaman camaata silah satmaq haramdır. O qiyam etdiyi zaman ona tərəf tələsin, çünki onun bayrağı hidayət bayrağıdır. Heç bir müsəlman üçün ona köməkdən imtina etmək caiz deyildir. Əgər bir kəs belə edərsə, Cəhənnəm əhlindən olacaqdır. Çünki o, camaatı haqqa və düzgün yola də`vət edəcəkdir.”
Imam Riza (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Bu əmrdən əvvəl Süfyani, Mərvani və Şüeyb ibni Saleh olacaq, amma necə olur ki, o-bu deyirsiniz?”
Əli (əleyhis-salam) həzrət Məhdi (əleyhis-salam) və onun köməkçiləri barəsində belə buyurur: “Bu zaman (Məhdi və onun köməkçiləri) Misrə yollanarlar. Həzrət oranın minbərinə çıxar və camaata xitab edər, onlar üçün danışar. Yer onun ədaləti sayəsində sevincə qərq olar, səma rəhmət yağışını nazil edər, ağaclar barlı-bəhrəli olar, yer öz bitkilərini cücərdər, çöhrəsini yer əhli üçün güllərlə bəzəyər. Vəhşi heyvanlar o qədər əmin-amanlıq hiss edərlər ki, yollarda əhliləşmiş heyvanlar kimi yol gedərlər. Elm və mə`rifət nuru mö`minlərin qəlbinə saçılar. Belə ki, heç bir mö`minin öz alim qardaşına elmi cəhətdən ehtiyacı olmaz. “Allah-taala Öz geniş rəhmətindən hər kəsi ehtiyacsız edər” - ayəsi xaricdə gerçəkləşər.”
Bə`zi hədislərdə “Məğrib qüvvələri”, “Məğrib əhli”, “Məğrib süvariləri”, “məğribilər”, yaxud “sarı rəngli bayraqlılar” barəsində müəyyən mətləblər qeyd edilmişdir ki, onlar Şamın hər yerində, Iraq-Türkiyə sərhədlərindəki Qirqisiya müharibəsində mühüm rol ifa edəcəklər. “Ibni Həmmadın əlyazması”nda olan bu rəvayəti qeyd etmək olar: “Sarı bayraqlılar Şamda bir-birilə vuruşduğu zaman... Vay olsun oranın sakinlərinə, məğlub olmuş bir qoşunun əlindən! Vay olsun Şama, qalib gələn bir ordudan! Vay olsun onlara, məl`un və iyrənc sifətli bir kişinin əlindən!”
“Məl`un və iyrənc sifətli bir kişi” Süfyaninin xüsusiyyətlərindəndir. Həmin kitabda belə qeyd olunur: “Qara və sarı bayraqlılar Qəntərə şəhərində bir-birilə qarşılaşacaqlar. Onlar müharibə törədib camaatı qıracaq, nəhayət Fələstinə daxil olacaqlar. Bu zaman Süfyani məşriq əhlinin üzərinə qoşun yeridəcək. Məğrib qoşunları Iordaniyada düşərgə salan zaman onların sərkərdələri dünyadan gedəcək və onlar üç firqə şəklinə düşərək bir-birindən ayrılacaqlar. Onların bir dəstəsi gəldiyi yerə qayıdacaq, bir dəstəsi orada qalacaq. Süfyani onlarla müharibəyə başlayaraq onları məğlub edəcək və öz itaətinə keçirəcəkdir.”
Həmçinin belə qeyd olunur: “Həqiqətən, məğribilərin, Bəni-Mərvanın və Bəni-Qüzaənin sərkərdələri qara bayraqlılarla qarşılaşmaq üçün Şamın mərkəzində bir-birilə birləşəcəklər.”
Imam Baqir (əleyhis-salam) belə buyurur: “Qaim (əleyhis-salam) yeni mə`muriyyət və yeni qəzavətlə qiyam edəcək; ərəblərlə çox kəskin şəkildə davranacaq, onun işi qılıncdan başqa bir şey olmayacaq, bir kəsdən də tövbə etməsini tələb etməyəcəkdir. Onun, Allah yolunda məzəmmət edən heç bir şəxsin məzəmmətindən qorxusu yoxdur.”
Imam Sadiq (əleyhis-salam) buyurur: “Həzrət Qaim (əleyhis-salam) öz müharibəsində, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in qarşılaşmadığı (yeni) məsələlərlə qarşılaşacaqdır. Çünki Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) camaat arasında peyğəmbərliyə məb`us olan zaman onlar yonulmuş daş və taxta parçalarına (bütlərə) pərəstiş edirdilər. Amma Qaimin dövründə camaat onun əleyhinə qalxacaq, Allahın Kitabını o həzrət üçün tə`vil və təfsir edəcəklər. Buna görə də həzrət onlarla müharibə aparacaqdır.”
Bə`zi rəvayətlərdə deyilir ki, düşmənlərin məhv edilməsi zamanı müxalif qrupları tamamilə məhv edəcəkdir. Imam Baqir (əleyhis-salam) buyurur: “Qaim qiyam etdiyi zaman Kufəyə doğru hərəkət edəcək. Bu zaman “bətriyyə” adlanan on iki min nəfərlik bir dəstə şəhərdən çıxıb o həzrətin yolu üzərində dayanacaq və ona deyəcəklər ki, gəldiyin yolla da qayıt, bizim Fatimə övladına heç bir ehtiyacımız yoxdur! Sonra həzrət qılıncı onların arasına qoyacaq, onlardan bir nəfəri belə sağ qalmayacaqdır. Bundan sonra Kufəyə daxil olub şəkdə olan bütün münafiqləri və cəngavərləri qılıncdan keçirəcəkdir ki, Allah-taalanın razılığını cəlb etsin.”
Imam Baqir (əleyhis-salam) buyurmuşdur: “Bu əmrin sahibi bə`zi hökm və sünnələrdən danışanda, bir dəstə adam məsciddən çıxaraq onun əleyhinə qiyam etmək fikrinə düşəcəkdir. O həzrət öz köməkçilərinə göstəriş verəcək, onlar da hərəkət edərək Kufədənin Təmmarin (xurma satanlar) məhəlləsində onlara çatacaq və onları əsir tutacaqlar. Bundan sonra o həzrətin əmrilə onların hamısının başını kəsəcəklər. Bu da Ali-Mühəmmədin Qaiminin əleyhinə qiyam edən axırıncı dəstədir.”
Rəvayətlər göstərir ki, həzrət Məhdi (əleyhis-salam)-ın müqəddəs hərəkatı on dörd ay müddətində kamil olacaqdır. Birinci altı ay ərzində Imam (əleyhis-salam) iztirab və nigarançılıq halında yaşayacaq, hadisələrə gizli şəkildə və özünün köməkçilərinin vasitəsilə rəhbərlik edəcəkdir. Sonrakı altı ayda isə, Məkkədə zühur edəcək, sonra Mədinəyə, sonra Iraqa və Qüdsə gedərək öz düşmənləri ilə müharibəyə başlayacaq, Islam dünyasını vəhdət halına salaraq öz itaətinə keçirəcəkdir. Bundan sonra rumlularla (qərblilərlə) atəşkəs müqaviləsi bağlayacaqdır.
Həzrət Məhdi (əleyhis-salam)-ın zühur hərəkatından qabaq ilahi nişanələr kimi iki böyük hadisə baş verəcəkdir: (Həzrət müqəddəs zühuru üçün lazım olan hazırlıq mərhələsinə keçəcəkdir.)
Birinci hadisə: Şamda Osman Süfyaninin rəhbər+liyi ilə çevrilişin baş verməsidir. Amma camaat bu çevrilişin adətən, ərəb və Islam ölkələrində baş verən çevriliş qəbilindən olduğunu təsəvvür edəcəklər. Yəhudilər, qərblilər və sair Islam düşmənləri onu Fələstin ətrafındakı məntəqənin vahid bir hala salınması istiqamətində aparılan tə`sirli və əsaslı bir tədbir hesab edəcəklər. Bu da onların özlərinin tə`yin etdiyi qüdrətli rejimlər vasitəsilə baş verəcəkdir ki, məntəqədə vəziyyətin ciddi nəzarət altına alınmasına çalışaraq, onlara qarşı hərbi əməliyyatların keçirilməsinə nəzarət etsinlər. Daha mühüm məsələ budur ki, orada mövcud olan həmin hərbi qüvvələr Qüdsə doğru hərəkətdə olan iranlı qüvvələr qarşısında dayanan ilk qüvvələrdir və Iraq sərhədlərində onları özünə məşğul edəcəkdir.
Süfyani ilə əlaqədar rəvayətlərdən agah olan şəxslər bilirlər ki, bu hadisə Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən və`də verilmişdir. Orada buyurulur: “Allah və Onun Peybğəmbəri düz demişlər, bizim Pərvərdigarımız hər növ eyb və nöqsandan pak və münəzzəhdir. Əlbəttə, Allahın və`dəsi hökmən həyata keçəcəkdir...” Onların qəlbləri və`dəsi verilən Məhdi (əleyhis-salam)-ın zühuruna ümidvar olacaq, onun barəsində çox sözlər danışacaq və ona kömək çatdırmaq üçün hərtərəfli hazırlıqlarını bildirəcəklər.
Ikinci hadisə: Göydən gələn səsdir ki, bütün dünya xalqları onu öz dillərində eşidəcəklər. Bu çox qüvvətli və nüfuzlu bir səsdir ki, göydən hər tərəfə yayılacaq, yatanları oyadacaq və oturanları ayağa qaldıracaqdır. Camaat bu səsdən fəryad edəcək və evlərindən çölə çıxacaqlar ki, nə baş verdiyini görsünlər. Bu nida insanları zülm, küfr və nahaq qan axıdılması ilə mübarizəyə və Imam Məhdi (əleyhis-salam)-a tabe olmağa də`vət edəcək, o həzrəti adı və atasının adı ilə çağıracaqdır.
Rəvayətlərdə qeyd olunur ki, bütün insanlar və`dəsi verilən bu ilahi nişanə müqabilində təslim olacaqlar. Çünki o, Allah-taalanın buyurduğu bu ayənin təfsiridir: “Əgər istəsək, asimandan onlara bir mö`cüzə nazil edərik ki, onun qarşısında təslim olarlar.”
Bundan sonra “Məhdi kimdir? Haradadır?” sualı ardıcıl olaraq dünyanın hər bir yerində, çox israrla dillərdə deyilməyə başlayacaqdır. Amma şeytani qüvvələr onun müsəlmanların rəhbəri və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak xanədanından olması, eləcə də tezliklə Hicazda zühur edəcəyindən xəbərdar olduqları halda, asimani səs qarşısında şəkk-şübhə yaratmaq və yeni islami hərəkatlara zərbə vurmaq üçün məkrli planlar tökməyə, hərəkatın rəhbərini şəhadətə çatdırmağa sə`y göstərəcəklər. Lakin qeybə iman gətirənlər və bu səs ilə əlaqədar rəvayətləri eşidənlər ki, bu nidanın və`dəsi verilən haqq nida olmasını bildiklərinə görə şükür səcdəsi edəcək, qəlbləri Allah dərgahında xüşu məqamına çatacaqdır. Onlar hər yerdə o həzrət barədə danışacaq, onu axtaracaq və özlərini ona kömək etmək üçün hazırlayacaqlar.
Əsli şiə və sünnü mənbələrində camaatı Imam Məhdi (əleyhis-salam)-a kömək etməyə də`vət edən, onu özünün və atasının adı ilə çağıran asimani nida ilə əlaqədar rəvayətlər olduqca çoxdur. Hətta “mə`nəvi təvatür” həddinə çatmış olmasına da ehtimal verilir. Ibni Həmmad bu rəvayətləri öz əlyazmasının 59, 60, 92 və 93-cü səhifələrdə; Əllamə Məclisi “Biharul-ənvar”ın 52-ci cild, səh.119, 287, 289, 290, 293, 296 və 300-cü səhifələrində nəql etmişlər. Belə ki, Imam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Münadi asimandan bu əmrin sahibinin adını səsləndirəcək və deyəcəkdir ki, hakimlik filankəsin oğlu filankəsə məxsusdur, bəs qırğın nəyə lazımdır?!”
Həmçinin digər bir rəvayətdə buyurur: “Iki səyhə (qorxunc səs) baş verəcəkdir: biri (birincisi) gecənin əvvəlində, digəri isə ikinci gecənin sonunda.” Hişam ibni Salim deyir: “Bu necə olacaqdır?” - deyə soruşduqda, həzrət buyurdu: “Bir səs asimandan, digər bir səs isə Iblis tərəfindəndir.” Soruşdum: “Bunları bir-birindən necə ayırd etmək olar?” Həzrət buyurdu: “Hər kəs qulaq assa, vücuda gəlməzdən qabaq onları bir-birindən ayırd edəcəkdir.”
Məhəmməd ibni Müslüm deyir: “Münadi asimandan Qaimin adını çəkəcək, yerin şərqində və qərbində olan hər bir kəs onu eşidəcəkdir. Bu səsin sayəsində yatanlar oyanacaq, ayaq üstə olanlar oturacaq və oturanlar ayağa qalxacaq. Bu da Cəbrail Ruhul-əminin səsidir.”
Əbdüllah ibni Səlam deyir: Imam Sadiq (əleyhis-salam)-ın hüzurunda idim. Həmədandan olan bir şəxs Imama dedi: Ammə (sünnülər) bizi məzəmmət edərək deyirlər ki, siz asimandan bir nida edənin bu əmrin sahibinin adı ilə nida edəcəyinə inanırsınız. Həzrət bərk qəzəbləndi, qalxıb oturdu, sonra buyurdu: “Bu mətləbi məndən yox, atamdan rəvayət et! Bu cəhətdən sizə heç bir irad yoxdur. Şəhadət verirəm ki, atam belə buyururdu: Allaha and olsun ki, bu mətləb Allahın Kitabında aşkardır. Belə ki, buyurulur: “Əgər istəsək, asimandan onlara bir mö`cüzə nazil edərik ki, onun qarşısında təslim olarlar.”
Ibni Həmmadın əlyazmasında (səh.92) Səid ibni Müseyyibdən belə nəql olunur: “Elə bir fitnə yaranacaqdır ki, onun əvvəli uşaqların oyununa bənzəyir. Belə ki, hər vaxt bir tərəfdən yatsa, digər tərəfdən baş qaldıracaqdır. Bu fitnə yalnız o zaman sona çatacaqdır ki, münadi asimandan nida edərək belə desin: “Agah olun ki, sizin hakiminiz filankəsdir.” Ibni Müseyyib öz əl barmaqlarını bir-birinə keçirtdi, əlləri titrəməyə başladı. Sonra üç dəfə dedi: “Sizin haqq rəhbəriniz budur!”
Həmin mənbədə deyilir: “Asimandan nida edən bir şəxs belə deyər: “Haqq Ali-Mühəmmədlədir!” O zaman Məhdinin adı dillər əzbəri olacaq, onun məhəbbəti qəlblərdə özünə yer açacaq və camaatın ondan başqa fikri olmayacaqdır.”
Səid Cabir Imam Baqir (əleyhis-salam)-dan belə nəql edir: “Asimandan bir nəfər nida edib deyər: “Agah olun ki, haqq Mühəmmədin Əhli-beyti ilədir!” Digər bir nida da yerdən qalxar ki: “Bilin ki, haqq (ya) Isanın, (ya da) Abbasın xanədanı ilədir (şəkk ravidəndir). Həqiqətən, yerdən gələn nida şeytanındır ki, o, camaatı naümid edəcəkdir” (şəkk edən Əbu Əbdillah Nəimdir).
Həmin kitabın 60-cı səhifəsində Ibni Məs`ud Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə rəvayət edir: “Asimani səda mübarək Ramazan ayında eşidiləndə, bilin ki, Şəvval ayında şiddətli hay-küy vardır. Zil-qə`də ayında qəbilələr bir-birindən ayrılar, Zil-həccə ayında isə qan axıdılar.” Sonra üç dəfə buyurdu: “Amma Məhərrəm ayına gəldikdə isə... necə bir Məhərrəm olacaqdır! Necə də uzaqdır, uzaqdır! Bu Məhərrəm ayında (baş verən) iğtişaşlar nəticəsində çoxları öldürüləcək.” Soruşuldu ki, ya Rəsuləllah! Asimani səs nədir? Buyurdu: “Bu səs Ramazan ayının orta gecəsi (cümə axşamı – gecə) baş verəcəkdir. O səs yatan şəxsi oyadar, ayaq üstə olanı oturdar, nəcib və hicablı qadınları pərdə arxasından çölə çıxarar.... O ildə zəlzələlər çoxalar. Cümə günü sübh namazını qıldıqdan sonra evlərinizə gedin, qapı-pəncərələri bağlayın və özünüzü gizlədin.... O səsi eşitdiyiniz vaxt başınızı səcdəyə qoyub deyin: Sübhanəl-quddus, sübhanəl-quddus, sübhanəl-quddus. Hər kəs belə edərsə, nicat tapacaq, hər kəs etməzsə, həlak olacaq.”
(Bu barədə şiə-sünnü mənbələrində başqa rəvayətlər də nəql olunmuşdur.)
Rəvayətlərdəki “yerdən gələn müxalif nida” həqiqətən, Iblisin səsi ola bilər. Necə ki, “Ühüd” müharibəsində “Mühəmməd öldürüldü!” deyə səslənmişdi. Amma bu səsin Iblisin köməkçilərinin, yə`ni dünya səviyyəsində olan təbliğatçı şeytanların vasitəsilə olması da mümkündür. Belə ki, asimani nidanın dünya səviyyəsində icad etdiyi Islam hərəkatı ilə qaşılaşmaq məqsədilə Iblisin təklifi ilə – müxalif bir nida verəcəkdir.
Amma asimani nidanın atəşkəsə də`vət etdiyi müharibənin, əvvəllər barəsində söhbət etdiyimiz dünya müharibəsi olması da uzaq ehtimal deyildir. Orada deyilir ki, bu müharibədən məqsədin, atom müharibəsi olmaması da mümkündür. Əksinə, rəvayətlərdə qeyd olunduğu kimi, zühur ilində çox yerlərdə baş verən məntəqə daxili müharibələrə də işarə ola bilər.
Asimani nidanın nə vaxt baş verəcəyi ilə əlaqədar rəvayətlər arasında azacıq təfavüt mövcuddur: rəvayətlərdən bə`ziləri onun Ramazan ayında, bə`ziləri isə Rəcəb ayında baş verəcəyini qeyd etmişlər. Digər rəvayətlər də, o cümlədən Ibni Həmmadın əlyazmasında olduğu kimi, onu həcc mövsümündə, həmin nüsxənin başqa yerində isə Məhərrəm ayında və Nəfsi-Zəkiyyənin qətlə yetirilməsindən sonra baş verəcəyini qeyd etmişlər. Bə`zi rəvayətlərdən mə`lum olur ki, asimani nida bir neçə dənədir (bə`zi rəvayətlər bu məsələyə aşkar tə`kid etmişlər). Alimlərdən biri şiə mənbələrində nəql olunan nidaların sayını səkkiz qeyd etmişdir. Sünnü mənbələrində də ona uyğun rəqəm gözə dəyir. Amma daha yaxşı nəzər budur ki, o, sadəcə Ramazan ayında eşidiləcək asimani bir nidadır.
Onun sayının çox olması isə, rəvayətlər arasında onun zamanının tə`yin edilməsi ilə əlaqədar ixtilafdan irəli gəlir. Allah daha yaxşı bilir.
Bu iki nişanə, yə`ni Rəcəb ayında Süfyaninin qiyam etməsi və Ramazan ayında asimani nidanın eşidilməsi ilə Məhərrəm ayında baş verən zühur arasında təqribən altı ay vaxt vardır. Sünnü mənbələrində də Imam (əleyhis-salam)-ın görəcəyi tədbirlərdən bə`ziləri bəyan edilir. O cümlədən, həzrətin Mədinədə öz köməkçilərinə qoşulması, sonra Məkkəyə gedərək dünyanın müxtəlif yerlərindən şövq və iztirabla ona bey`ət etmək üçün Məkkəyə gələnlərlə görüşməsidir. Onların arasında müxtəlif Islam ölkələrindən gələn yeddi alim var ki, əvvəlcədən heç bir qərar olmadan Imamı Məkkədə görəcək və hər biri öz ölkələrinə qayıdıb dindar və müxlis şəxslərdən 313 nəfərdən bey`ət alacaq, sonra o həzrəti axtarmağa başlayacaqlar ki, öz ardıcılları tərəfindən o həzrətə bey`ət etsinlər. Imam (əleyhis-salam) da onları qəbul edəcəkdir. Onlar Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən və`dəsi verilən Məhdinin köməkçilərindən hesab olunurlar.
Şiə mənbələrində qeybəti-kübradan sonrakı bu 6 ay “qeyri-rəsmi olan zühur mərhələsi” adlandırılmışdır. Əli (əleyhis-salam)-ın buyurduğu “onun zahir olması bir qədər müəmmalıdır, nəhayət onun adı və xatirəsi hər yeri əhatə edər, sonra zühur edər” sözünün mə`nası budur ki, Imam (əleyhis-salam) əvvəldə tədrici şəkildə zühur edəcək, nəhayət zühur məsələsi camaat üçün tam aşkar olacaqdır. Ehtimal üzrə həzrətin tədrici zühur etməsinin səbəbi camaatın zühur məsələsini qəbul etmək üçün imtahan mərhələsinə qoyulması ola bilər ki, nəhayət zühur məsələsi tam aşkar olsun.
Bu dövr barəsində əvvəlki rəvayətlərdən əlavə, sənəd baxımından səhih hesab olunan digər rəvayətlər də vardır, onların ən aydını həzrət Məhdi (əleyhis-salam)-ın öz nümayəndəsi Əli ibni Məhəmməd Səmuriyə yazdığı bu məktubdur: “Tezliklə mənim ardıcıllarımdan olan bə`zi kəslər gələcək və məni gördüklərini iddia edəcəklər. Agah olun! Hər kəs Süfyaninin xürucundan və asimani səsdən qabaq məni gördüyünü iddia etsə, mənə iftira atıb yalan demişdir. La hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim.”
Sünnü-şiə mənbələrində qeyd olunur ki, həzrət Məhdi (əleyhis-salam)-ın Hicazda zühur etməsilə əlaqədar bu ölkə qəbilələrinin arasında baş verən çəkişmələrə görə siyasi boşluq yaranacaqdır. Belə ki, padşahın, yaxud xəlifənin ölməsi ardınca işlərdə genişlik yaranacaqdır. Bə`zi rəvayətlərdə onun adı Əbdüllah, digərlərində isə onun Ərəfə günündə ölməsi qeyd edilmişdir. Onun ölümündən sonra Hicazda baş verən hadisələr Süfyaninin qiyamı və asimani nida eşidilən vaxta qədər ardıcıl şəkildə davam edəcək, Hicaz tərəfindən Suriya qüvvələrinin çağırılması və həzrət Məhdi (əleyhis-salam)-ın zühuru ilə sona çatacaqdır. Bu barədə Imam Baqir (əleyhis-salam)-dan belə nəql olunmuşdur: “Hər kəs Əbdüllahın ölümünü mənim üçün zəmanət versə, mən də Qaimin zühurunu ona zəmanət verərəm. (Sonra buyurdu:) Əbdüllah dünyadan gedən zaman camaat ondan sonra heç bir kəsin hakimiyyəti barəsində razılaşmayacaqlar. Bu ixtilaf və çəkişmələr də Allahın istəyi ilə Sahibul-əmrin zühuruna qədər davam edəcək, (onların) bir neçə illik hakimiyyəti sona çatacaqdır.” Soruşuldu: ”Bu hadisə çox uzanacaqmı?” Buyurdu: “Əsla!”
Başqa rəvayətdə buyurur: “Camaat Ərəfatda vüquf halında olanda, yorğa dəvəyə minmiş bir şəxs oraya gəlib xəlifənin ölümündən xəbər verəcəkdir. Onun ölümü ilə Ali-Mühəmmədin fərəci və bütün insanların qurtuluşu gəlib çatacaqdır.
Bu rəvayətdə “yorğa dəvə” dedikdə məqsəd peyğam çatdırmaq və hacılara müjdə verməkdir ki, zahirən rəvayətdə peyğam çatdırmaq üslubu nəzərdə tutulmuşdur. Digər rəvayətdə qeyd olunur ki, dəvəyə minərək bu xəbəri Ərəfatdakı hacılara gətirən şəxsi qətlə yetirəcəklər.
Bəlkə də ölməsi, yaxud qətlə yetirilməsi xəbəri Ərəfatda e`lan olunan xəlifə əvvəlki rəvayətdə qeyd olunan Əbdüllah ola bilər: “Illərlə olan hakimiyyətin aradan getməsi və aylar və günlər hökumətinin vücuda gəlməsi” cümləsinin mə`nası budur ki, ondan sonra hər hansı bir şəxsi hakimiyyətə gətirsələr, onun hökuməti bir il belə davam edə bilməyəcək, bir neçə aydan, yaxud bir neçə gündən sonra digər bir şəxsi bu vəzifəyə tə`yin edəcəklər və nəhayət həzrət Məhdi (əleyhis-salam)-ın zühuru ilə nəticələnəcəkdir. Bə`zi rəvayətlərdə onun qətlə yetirilməsinin səbəbi əxlaqi bir hadisə, qatilin isə onun tərəfindən tə`yin olunan bir şəxs olduğu qeyd edilir və deyilir ki, o, Hicazdan xaricə qaçacaq, hökumət mə`murlarından bir neçə nəfər onu axtaracaq, amma onlar qayıtmazdan əvvəl hakimiyyət uğrunda mübarizə başlanacaqdır. Imam Baqir (əleyhis-salam) belə buyurur: “Onun ölümünün səbəbi budur ki, öz xacələrinin biri ilə evlənib sonra onu qətlə yetirəcək. Onun qətlə yetirilməsi 40 gün məxfi qalacaqdır. Süvarilər xacəni axtarmağa gəldiyi zaman onları qarşılayan birinci şəxəsdən axırıncı şəxsə qədər heç biri geri qayıtmayacaq. Beləliklə, onların hakimiyyəti sona çatacaqdır.”
Hicaz hakiminin öldürülməsindən sonra hakimiyyət uğrunda mübarizə ilə əlaqədar rəvayətlər olduqca çoxdur. Indi onların bir neçəsini qeyd edirik:
Bəzənti Imam Riza (əleyhis-salam)-ın belə buyurduğunu nəql edir: “Fərəcin nişanələrindən biri də Məkkə və Mədinə hərəmləri arasında baş verən hadisədir.” Soruşdum: “O hadisə nədir?” Buyurdu: “Iki hərəm arasında qəbilə təəssübləri vücuda gələcək və filankəsin xanədanından olan filankəs 15 qəbilə başçısını qətlə yetirəcəkdir.”
Yə`ni, Hicaz rəhbərlərindən biri hakimlər, yaxud rəhbərlər nəslindən olan 15 nəfəri qətlə yetirəcəkdir. Əbu Bəsir nəql edir ki, Imam Sadiq (əleyhis-salam)-a dedim: “Əbu Cə`fər (Imam Baqir) (əleyhis-salam) buyururdu ki, Ali-Mühəmmədin Qaimi üçün iki qeybət dövrü vardır ki, biri digərindən daha uzun olacaqdır.” Həzrət buyurdu: “Bəli, bu iş yalnız o vaxt baş verəcəkdir ki, bu filankəsin xanədanında ixtilaf yaransın, həlqələr daralsın və Süfyani zühur etsin, bəlalar şiddətlənsin, camaatın (kütləvi) ölüm və qırğınları hər yeri bürüsün, onlar da Allahın və Peyğəmbərin hərəminə sığınsınlar.”
Bu rəvayət göstərir ki, bu çəkişmələr hakim qəbilənin arasında baş verəcəkdir. Əli (əleyhis-salam)-dan da belə nəql olunur: “Qaimin qiyamı üçün müəyyən əlamət və nişanələr vardır. Onlardan birincisi Kufənin xəndək qazılıb pusqu qurulması ilə mühasirəyə alınmasıdır... Daha böyük olan məscidin ətrafında bayraqların yellənməsidir ki, bu müharibədə öldürən və öldürülən – hər ikisi Cəhənnəm əzabındadır.”
Zahirən “daha böyük məscid” dedikdə Kufə məscidi deyil, Məscidul-həram nəzərdə tutulur. Məkkədə və Hicazda bir-birilə müxalif olan bayraq sahibləri çarpışacaqlar, onların arasında haqq olan bir bayraq yoxdur. Ibni Həmmad öz əlayazmasında Həzrət Məhdi (əleyhis-salam)-ın zühur dövründə Hicazdakı siyasi böhran və hakimiyyət uğrundakı qəbilə çəkişmələri ilə əlaqədar iyirmidən artıq rəvayət nəql edir ki, onlardan biri də Səid ibni Müseyyibdən nəql olunan bu rəvayətdir: “Müsəlmanlar üçün bir zaman gəlib çatar ki, Ramazan ayında bir səs eşidilər, Şəvval ayında nisbi sakitlik bərqərar olunar, Zil-qə`də ayında qəbilələr bir-birinə qarşı dostluq göstərər, Zil-həccə ayında isə hacıların mal-dövlətləri qarət olunar. Məhərrəm ayında isə... bu necə məhərrəmdir!”
Ibni Məs`ud Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə rəvayət edir: “Ramazan ayında asimani səs eşidilən, Şəvval ayında iğtişaşlar yaranan, Zil-qə`də ayında qəbilələr bir-birilə ixtilafa düşən, Zil-həccə ayında qan axıdılan zaman... (sonra buyurdu:) Amma Məhərrəm... necə məhərrəmdir!”
Əbdüllah ibni Ömər deyir: “Camaat bir-birilə həccə gedər və rəhbər olmadan Ərəfata yollanarlar. Minada mənzil saldıqları zaman it kimi bir-birinə həmlə edərlər, qəbilələr bir-birinin canına düşüb o qədər qan axıdar ki, “Cəməreyi-əqəbəni” qan seli əhatə edər.”
Yə`ni onlar quduz xəstəliyinə tutulan it kimi bir vəziyyətə düşəcəklər, həcc mövsümündə gözlənilmədən onların arasında düşmənçilik aşkar olacaq və bir-birini qırmağa başlayacaqlar. Belə ki, onlardan axan qanlar “Cəməreyi-əqəbə”də cari olacaqdır.
Ibni Həmmadın rəvayəti asimani nidadan sonra Hicazdakı siyasi çəkişmələri bəyan edir. Amma digər rəvayətlər də bu siyasi böhranda iki mühüm məsələyə işarə edir:
Birincsi: Süfyaninin xürucundan qabaq baş verən hadisələrdir ki, əvvəllər işarə olundu. Ikincisi isə budur ki, bu böhran şərqlə qərbin ixtilafı ilə əlaqədardır, yə`ni dünya səviyyəsində və`dəsi verilən müharibədir. Ibni Əbi Yə`fur deyir ki, Imam Sadiq (əleyhis-salam) belə buyurmuşdur: “Əl barmaqlarınla belə say: Filankəsin həlak olması, Süfyaninin xürucu, Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi... Nəhayət buyurdu: Hamının qurtuluşu və fərəci filankəsin həlak olduğu vaxtdadır.”
Əlbəttə, bu hadisələrin rəvayətlərdə qeyd olunan baş vermə ardıcıllığında münaqişə edilməsi mümkündür. Amma rəvayətlərdən bir çoxu göstərir ki, filankəsin həlak olması və ondan sonra çəkişmələrin yaranması Süfyaninin xürucundan qabaq baş verəcəkdir. Imam Baqir (əleyhis-salam) buyurur: “Qaim tək illərdə – doqquz, bir, üç, beş kimi illərdə zühur edəcəkdir. (Sonra buyurdu:) O zaman Bəni-Abbas (filankəsin xanədanı) hakimiyyətə çatacaq, həmişə qüdrət və eyş-işrətin zirvə həddində yaşayacaqlar. Nəhayət onların arasında ixtilaf düşəcək, (çarpışma başlanan zaman) hökumətləri sonra çatacaqdır. Şərq-qərb, hətta qiblə əhli belə, bir-birilə çəkişməyə başlayacaq, camaat keçirdikləri iztiraba görə çox ağır əzab-əziyyətlərə düçar olacaqlar. Bu vəziyyət, asimandan haqq carçısının nida edib “köç edin, köç edin!” dediyi vaxta qədər davam edəcəkdir.”
Bu rəvayətdə diqqət yetiriləsi məsələ filankəsin xanədanının aralarında ixtilaf düşməsi, onların hökumətinin sona çatması, şərqlə şərb arasında çarpışmanın başlanması və bu çarpışmanın qiblə əhlini, yə`ni müsəlmanları da bürüməsidir ki, sanki dünya səviyyəli bu çəkişmələr Hiczada siyasi böhrana səbəb olacaq, yaxud onunla müəyyən qədər əlaqəsi olacaqdır. Həzrət Məhdi (əleyhis-salam)-ın zühurundan öncə aralarında ixtilaf düşən Bəni-Abbas dedikdə, filan xanədan nəzərdə tutulur ki, rəvayətlərin diliycə desək, həzrət Məhdi (əleyhis-salam)-dan qabaq Hicaza hakim olan sonuncu sülalədir. Rəvayətlərin məcmusundan aydın olur ki, həzrət Məhdi (əleyhis-salam)-ın Hicazda zühur etməsinə müqəddimə mərhələləri olan bir sıra ardıcıl hadisələr kimi Hicazda, yaxud onun şərqində baş verən sarı, yaxud qırmızı atəşin vücuda gəlməsidir ki, bir neçə gün davam edəcəkdir. Bundan sonra filankəsin xanədanının sonuncu hakimi öldürüləcək, onun canişinliyində ixtilaf yaranacaq və bu ixtilaf da Hicazın əsas e`tibarı ilə qəbilə təəssübləri əsasında qurulan siyasi qüvvələrinə sirayət edəcəkdir. Hicaz hökumətində siyasi böhrana səbəb olan məsələ şərq və qərb arasında dünya səviyyəli çəkişmələrdir. Bundan sonra Süfyani xüruc edəcək, asimani nida səslənəcək və daha sonra Süfyani orduları Suriya səmtindən Hicaza daxil olacaq, bunun ardınca da Mədinədəki və Məkkədəki hadisələr baş verəcəkdir. Sünnü mənbələrində bir çox rəvayət Qiyamətin əlamətləri kimi qeyd olunmuşdur. Misal üçün, “Səhihi Müslüm”də deyilir: “Qiyamət yalnız o zaman bərqərar olacaqdır ki, Hicazda bir od şö`lələndirilsin, onun işığı Busrada dəvənin boynunu işıqlandırar.”
Yə`ni onun işığı Suriyanın Busra şəhərinə qədər gedib çatacaqdır. Həmin rəvayətlərdən biri də “Müstədrəki Hakim”də (4-cü cild, səh.442-443) qeyd olunandır: “O od “Vərraq” dağından, yaxud “Həbsi Sil”dən, yaxud “Hüseyl” vadisindən qalxacaqdır. “Həbs Sil” Mədineyi-münəvvərənin yaxınlığında olan bir yerdir. (Bəlkə də “Vadiye-Hüseyl” səhvən qeyd olunmuşdur.) Bə`zi rəvayətlərdə deyilir ki, həmin atəş Həzrə-movtdakı “Ədən” məntəqəsindən vücuda gələcək və camaatı məşriqə, yaxud məğribə tərəf şövq edəcəkdir.
Göründüyü kimi, “Səhihi Müslüm”dəki rəvayət aşkar şəkildə çatdırır ki, bu atəş Qiyamət əlamətlərindən biridir və onun gələcəkdə baş verməsini qətiləşdirir. Mənim e`tiqadıma görə, Qiyamətin əlamətlərindən olan bu atəş, şiə və sünnü mənbələrində qeyd olunduğu kimi, Həzrə-movtdakı Ədən atəşidir. Amma rəvayətlərə əsasən, Mədinədə əmələ gələn Hicaz atəşinə gəldikdə isə, yalnız Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən irəlicədən və mö`cüzəli şəkildə verilən xəbər qəbilindən olması və onun baş verməsinin də müəyyən bir mətləbi göstərməməsi mümkündür, çünki tarixçilər 1-ci əsrdə Mədinənin yaxınlığında bir neçə gün davam edən iğtişaşın varlığını qeyd etmişlər. Amma zühurun əlamətlərindən olan atəşə gəldikdə isə, bə`zi rəvayətlərdə “məşriq atəşi”, bə`zi rəvayətlərdə isə “Hicazın şərqində olan bir atəş” kimi qeyd olunur. Ibni Həmmadın əlyazmasında (səh.61) Ibni Mə`dandan belə nəql olunur: “O zaman ki, Ramazan ayında asimanda şərq tərəfdən bir atəş sütununu müşahidə etdiniz, bacardığınız qədər yeyinti məhsulları hazırlayın ki, həmin il qəhətlik olacaqdır.”
Imam Sadiq (əleyhis-salam) belə buyurur: “Şərq tərəfdən böyük atəşi müşahidə etdiyiniz zaman – bə`zi vaxtlar yuxarı qalxar – insanların işində qurtuluş hasil olar və bu atəş Qaimin zühurundan azacıq qabaq baş verəcəkdir.”
Imam Baqir (əleyhis-salam) buyurur: “Hərdi (yaşıl və qırmızı rəngə boyanmış parça) kimi ki, məşriq tərəfdən üç, ya yeddi gün göyə qalxan bir atəşi müşahidə etdiyiniz zaman Allahın izni ilə Ali-Mühəmmədin fərəcinin intizarında olun. Allah yenilməzdir və hikmət sahibidir.”
Ehtimal üzrə bu atəş ilahi nişanə, yaxud vulkan, yaxud da neft məhsullarının partlayışından əmələ gələn böyük bir atəş ola bilər. Bu ehtimal da verilir ki, həzrət Məhdi (əleyhis-salam)-ın zühur əlaməti olan ilahi bir nişanə olsun. Imam Baqir (əleyhis-salam) buyurur: “Qaimin qiyamından əvvəl camaat, onlar üçün asimandan yuxarı gələn və qırmızılığı asimanı örtən bir atəşin vasitəsilə günahlarından saxlanılarlar.”
Rəvayətdən aydın olur ki, bu atəş qeyd olunan siyasi böhranın əsnasında vücuda gələcəkdir. Allah daha yaxşı bilir!
Rəvayətlərə əsasən, Süfyani ordusu Mədinəyə kamil hakim kəsilərək şəhəri üç gün ərzində öz ordusuna mübah edəcək, Bəni-Haşimdən tapdıqları hər kəsi tutub zindana salacaq və onlardan böyük bir qismini qətlə yetirəcəkdir. Bütün bu cinayətlər Imam Məhdi (əleyhis-salam)-ı ələ keçirmək məqsədi ilə törədiləcəkdir. Ibni Həmmad öz əlyazmasında (səh.88) belə rəvayət edir: “Süfyani Mədinəyə tərəf hərəkət edərək Qüreyşi qılıncdan keçirəcək, onların kişilərindən və ənsardan olan 400 nəfəri qətlə yetirəcək, qadınların qarnını yırtıb uşaqlarının başını kəsəcək, Qüreyşdən olan Məhəmməd və Fatimə adlı bacı-qardaşı qətlə yetirdikdən sonra cəsədlərini Mədinə məscidinin darvazasından asacaqlar.”
Həmin səhifədə Əbu Rummandan belə nəql olunur: “Süfyani Mədinəyə bir ordu göndərər ki, Peyğəmbər xanədanından hər kəsi tutsalar qətlə yetirsinlər. Bu hadisədə Bəni-Haşimdən çoxlu kişi və qadınlar qətlə yetiriləcəkdir. Bu zaman Məhdi və Mübəyyəz Mədinədən Məkkəyə doğru qaçar. Süfyani bir dəstəni onları tə`qib etmək üçün göndərər, lakin onlar artıq Allahın əmin-amanlıq hərəminə çatmış olarlar.”
“Müstədrəki Hakim”də (4-cü cild, səh.442) qeyd olunur ki, Mədinə əhalisi Süfyaninin qəzəbli hücumu və onun törətdiyi cinayətlər nəticəsində şəhəri tərk edərlər. Imam Baqir (əleyhis-salam) Cabir Co`fiyə belə buyurdu: “Süfyani bir dəstəni Mədinəyə göndərər, onlar orada bir kişini qətlə yetirərlər, Məhdi və Mənsur oradan qaçarlar. Süfyaninin ordusu Peyğəmbər xanədanından olanları – böyüklü-kiçikli hamını tutub qətlə yetirər, yaxud həbs edər. Süfyani ordusu o iki nəfəri tə`qib etməyə başlayar.”
Rəvayətlərə əsasən, Süfyaninin ordusunun vasitəsilə qətlə yetirilən kişi Mədinədə qətlə yetirilən cavandan başqa bir adamdır. Bu barədə Imam Sadiq (əleyhis-salam) Zürarəyə belə buyurdu: “Ey Zürarə! Hökmən Mədinədə bir yeniyetmə qətlə yetiriləcəkdir.” Soruşdum: “Sənə fəda olum, onu Süfyani ordusumu qətlə yetirəcək?” Buyurdu: “Xeyr! Onu filankəsin xanədanının ordusu qətlə yetirəcəkdir. Bu qüvvələr, camaatın səbəbini bilmədikləri halda, Mədinəyə daxil olacaq və bu zaman həmin cavanı tutub qətlə yetirəcəklər. O cavanı zülm üzündən öldükləri zaman Allah-taala onlara möhlət verməz. Bu zaman fərəcin intizarında olun.”
Bir neçə rəvayət bu yeniyetməni Nəfsi-Zəkiyyə adlandırmışdır, lakin o, həzrətin zühurundan azacıq qabaq Məkkədə öldürülən Nəfsi-Zəkiyyədən başqa adamdır.
Bu və digər rəvayətlərdən aydın olur ki, Hicazın tənəzzülə uğrayıb dağılmaqda olan hökuməti Bəni-Haşimi və onun ardıcıllarını tə`qib etdiyi zaman, xüsusilə Mədinədə çoxlu fəaliyyət göstərəcək və Nəfsi-Zəkiyyə ünvanı ilə tanınan cavan yalnız adının Məhəmməd ibni Həsən olduğuna, yaxud layiqli mö`minlərdən biri və həzrət Məhdiyə əlaqəsi olan şəxslərdən olduğuna görə qətlə yetiriləcəkdir.
Bundan sonra Süfyani ordusu Hicaza daxil olacaq, həmin qansız siyasəti daha şiddətlə və vəhşicəsinə icra etməyə başlayacaq. Belə ki, Bəni-Haşim xanədanına mənsub olan, yaxud onlarla əlaqədə olmasına ehtimal verdikləri hər bir kəsi tutub öldürərlər. Adı Məhəmməd, bacısı isə Fatimə olan iki nəfəri məhz adının “Məhəmməd” və atasının adının “Həsən” olduğuna görə qətlə yetirəcəklər!
Belə bir böhranlı anlarda həzrət Məhdi (əleyhis-salam) həzrət Musa (əleyhis-salam) kimi nigaran halda və köməkçilərindən biri ilə Mədinədən çıxacaq. Həzrətin həmin köməkçisinin adı da əvvəlki rəvayətdə Mənsur, digər bir rəvayətdə isə Müntəsər qeyd olunmuşdur. Bəlkə də əvvəlki rəvayətdə Mübəyyəz adlandırılan şəxs də Müntəsərdir və rəvayəti nəql edən zaman səhvə yol verilmişdir.
Bir rəvayətdə deyilir ki, həzrət Məhdi (əleyhis-salam) Mədinədən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mirası ilə – onun qılıncını əlinə almış, zirehli paltarını geymiş, bayrağını bir əlində tutmuş, əmmaməsini başına qoymuş və “ovdi-yəmani” əbasını geymiş halda xaric olacaqdır.
Mən şiə mənbələrində o həzrətin Mədinədən Məkkəyə nə vaxt gedəcəyi barədə heç bir şey tapmadım, lakin ümumi halda mübarək Ramazan ayındakı asimani nidadan sonra, yə`ni həcc mərasimində olmalıdır. Bir rəvayətdə deyilir ki, Süfyani ordusunun Mədinəyə daxil olması Ramazan ayında baş verəcəkdir.
Müfəzzəl ibni Ömərin Imam Sadiq (əleyhis-salam)-dan nəql etdiyi bir rəvayətdə deyilir: “Ey Müfəzzəl! Allaha and olsun, sanki onu (Həzrət Məhdini) indi görürəm ki, Məkkəyə varid olur; başında sarı rəngli əmmaməsi vardır. O, həzrəti Peyğəmbərin məxsus ayaqqabılarını geymiş, onun əsasını əlinə almışdır. Bir neçə aylıq çəpişi öz qabağında aparır ki, onları Allahın evinə çatdırsın. Amma heç kəs onu orada tanımaz.”
Bu rəvayət, sənədinin zəif olmasına baxmayaraq, düşmənlərin və onların əlaltılarının o həzrəti axtarmaq üçün əlbir olub öz qüvvələrini səfərbər etdiklərinə, o həzrətin də belə bir şəraitdə məxfi halda yaşamasına və bu dövrün kiçik qeybət dövrünə oxşarlığına dəlalət edir.
Təbiidir ki, zühur ilindəki həcc mərasimi çox rövnəqli və əzəmətli olacaqdır. Rəvayətlərdə qeyd olunan məsələlər – yə`ni o dövrdə dünyaya hakim olan qeyri-münasib şərait, Islam ölkələrindəki qarışıq vəziyyətlər, Hicazdakı siyasi böhran və Süfyani ordusunun oraya daxil olmasına görə fövqəladə şəraitin e`lan edilməsindən hekayət edir. Bütün bunlar da həcc mərasimini Hicaz hakimlərinə üzücü, qorxulu və iztirablı bir yük kimi qələmə verəcək və onlar hacıların sayını mümkün olan ən aşağı həddə endirəcək, Məkkə və Mədinədəki təhlükəsizlik mə`murlarını əvvəlki illərə nisbətən bir neçə qat artıracaqlar. Lakin bütün bu tədbirlər Islam ümmətinin Məkkeyi-müəzzəməyə diqqət yetirməsinə mane olmayacaqdır: onlar daim gözlərini oraya dikəcək və həzrət Məhdi (əleyhis-salam)-ın intizarında olacaqlar. O ildə yüz minlərlə, hətta milyonlarla müsəlman həcc mərasimində iştirak etmək üçün tam şücaətlə ayağa qalxacaq, həm öz dövlətlərinin, həm də Hicaz dövlətinin maneçilik törətmələrinə baxmayaraq, onlardan bir çoxu Məkkəyə gələcəklər.
Bu zaman həcdəki hacıların bir-birindən çox sevinclə soruşduqları, “həzrət Məhdidən nə xəbər vardır?” sualıdır. Əlbəttə, bu sualın irəli çəkilməsi zahirdə çox təhlükəli nəzərə çarpdığına görə hacılar bunu gizli şəkildə və öz aralarında irəli çəkəcək, o həzrətlə əlaqədar son xəbərləri və şayiələri, həmçinin Hicaz hökuməti və Süfyani ordusunun gördüyü son tədbirləri ahəstə şəkildə bir-birlərinə çatdıracaqlar.
IMAMIN KOMƏKÇİLƏRİ
Ibni Ərəbi “Fütuhatu Məkiyyə” kitabında yazır: “Onlar (Həzrət Məhdi (əleyhis-salam)-ın köməkçiləri) əcəmdəndir və onların arasında heç bir ərəb yoxdur, amma ərəb dilindən başqa bir dildə danışmazlar.”
Başqa bir rəvayətdə deyilir: “Məhdinin köməkçiləri arasında Misirdən layiqli insanlar, Şamdan həqiqi mö`minlər və Iraqdan əməli salehlər olacaqdır.”
Ibni Həmmadın əlyazmasında (səh.95) və digər mənbələrdə mövcud olan buna oxşar rəvayətlər o həzrətin köməkçiləri arasında bə`zi ərəblərin, eləcə də qeyri-ərəblərdən çoxları olduğunu göstərir. Amma Həzrət Məhdi (əleyhis-salam)-ın ordusunun əksər hissəsini iranlılar təşkil edəcəkdir.
Imam Baqir (əleyhis-salam)-dan nəql olunan rəvayətdə (“Biharul-ənvar”, 52-ci cild, səh.223) deyilir ki, onların arasında əlli nəfər qadın da vardır. Bir rəvayətdə isə qadınların on üç nəfər olacağı deyilmişdir ki, yaralılara tibbi yardım göstərəcəklər. Bu da qadının Islam cəmiyyətində ifa etdiyi yüksək rolu və qadının şəxsiyyətinə diqqət yetirmək, onunla yaxşı davranmaq, ona qarşı ədalətli, insaflı olmaq və cahiliyyət dövrünün vəhşilik xislətlərindən uzaq olmağın zərurətini göstərir ki, həzrət Məhdi (əleyhis-salam)-ın əsrində əməli olaraq həyata keçəcəkdir. Hal-hazırda da qərbin üzdəniraq mədəniyyətində qadınlar belə bir vəziyyətə düçar olmuşlar.
Bə`zi rəvayətlərdə deyilir ki, o həzrətin köməkçilərinin əksəriyyəti cavanlardan ibarətdir, onların arasında orta yaşlılar çox az, eynilə səfərə gedən adamın yol azuqəsi üçün götürdüyü duz miqdarındadır. Əli (əleyhis-salam) buyurmuşdur: “Məhdinin köməkçiləri cavanlardır, onların arasında orta yaşlılar yalnız gözün sürməsi, yaxud müsafirin yol azuqəsi olan duz qədərdir.”
Şiə və sünnü mənbələrində onların tə`rifi, yüksək məqamları və insani kəramətlərinə dair çoxlu rəvayətlər nəql olunmuş və deyilmişdir ki, “həzrət Məhdi (əleyhis-salam) öz köməkçilərinin sayı, adları və xüsusiyyətlərinin qeydə alındığı bir yazını özü ilə gətirəcəkdir”, “yer onların ayaqları altında ötüb keçər (teyyül-ərz edərlər), hər bir çətinlik onlar üçün çox az olar”, “onlar Allahın qəzəbli ordusu, şücaət və igidlik nümunələridirlər, mütəal Allah Qur`anda onların yəhudilərə hakim kəsiləcəklərinə dair “bə`əsna iləykum ibadən ləna uli bə`sin şədid” – ayəsi ilə və`də vermişdir.” Allah-taalanın buyurduğu “ümməti-mə`dudə” məhz onlardır: “Əgər əzabı, sayılmış (hesab olunmuş) bir ümmətdən (vaxtdan) tə`xirə salsaq, deyəcəklər ki, onu nə üçün saxladı! Agah olun! Onlara elə bir gün gələr ki, (əzab) onlardan heç vaxt qaytarılmaz və məsxərə etdikləri şey onlara nazil olar.”
Onlar ümmət içərisində Peyğəmbər (səlləllahu əleyhi və alih) itrətinin (Əhli-beytinin) kənarında olarlar; onlar fəqihlər, hakimlər və sərkərdələrdir, Allah onların qəlblərini bir-birinə mehriban etmişdir. Belə ki, heç kəsdən qorxu hissi keçirmirlər. Əgər bir kəs onların sırasına qoşularsa, xoşhal olmurlar, yə`ni ətraflarında olan insanların sayının artması onların imanlarına heç bir şey əlavə etmir. Onlar hər yerdə olsalar, həzrət Məhdini görür və həzrətlə danışırlar, halbuki həzrət də öz yerindədir; onlardan hər birinin üç yüz nəfər köməkçisi vardır.
Bə`zi rəvayətlərdə deyilir ki, “Əshabi-kəhf” də dirilərək həzrət Məhdi (əleyhis-salam)-ın köməkçiləri sırasına qoşulacaq, həmçinin həzrət Xızr və Ilyas (əleyhiməs-salam) da o həzrətin köməkçilərindən olacaqdır. Digər rəvayətlərdə deyilir ki, bu dünyadan gedənlərdən bə`ziləri də Allahın iznilə dirilərək o həzrətin köməkçiləri sırasında olacaqlar.
Rəvayətlərdə deyilir ki, zühura yaxın vaxtlarda həzrət Məhdi (əleyhis-salam)-ın köməkçiləri üç dəstəyə bölünəcəkdir: Birinci dəstə o həzrətlə birlikdə Məkkəyə daxil olacaq, yaxud özlərini digər qruplardan öncə Məkkəyə yetirəcəklər. Digər bir dəstə bulud və ya havadan ibarət olan miniklə onun yanına gələcəklər, üçüncü bir qrup da gecələr evlərində, yaxud öz şəhər və diyarlarında olduqları halda, gözlənilmədən özlərini Məkkədə görəcəklər. Imam Baqir (əleyhis-salam) buyurur: “Bu əmrin sahibinin bu qayalıqların bə`zilərində (bunu deyən zaman Məkkənin dərələrində olan Zituvaya işarə etdi) qeybət dövrü vardır. Nəhayət qiyamından iki gecə öncə öz qulamını göndərəcəkdir ki, həzrətin köməkçilərinin bə`ziləri ilə görüş keçirib onlardan soruşsun: “Siz burada neçə nəfərsiniz?” “Qırx nəfərik” – deyə cavab verərlər. O deyər: “Əgər öz əzizinizi və dostunuzu görsəniz nə edərsiniz?” Deyərlər: “Allaha and olsun, əgər dağlarda özünə məskən seçsə, onunla olacağıq.” Bu zaman onların qarşısına gəlib deyər: “Öz böyükləriniz və seçilmişlərinizdən olan on nəfərlə məşvərət edin.” Onlar birinci məsələ barəsində məşvərət etdikdən sonra onları aparacaqdır ki, öz sahiblərinə çatdırsın. Ondan sonra gələn və və`dəsi verilən gecəni onlara və`də verəcəkdir.”
Bu rəvayətdə “onun qeybəti” dedikdə, məqsəd zühurdan əvvəl baş verəcək qısa müddətli qeybət, “bu köməkçilər”dən məqsəd isə o həzrətlə birlikdə olan, yaxud onunla əlaqə yaradan “həqiqi mö`minlər”dən, eləcə də hamılıqla “Imamı görmüşük” deyən, lakin təkzib edilən on iki nəfərdən başqalarıdır. Onlar Imamı axtarmaqla məşğul olan – yeddi alim kimi – layiqli şəxslərdir. Imam Sadiq (əleyhis-salam) buyurur: “Qaim doqquz məntəqədən olan qırx beş nəfərlə gələcəkdir: Bir məntəqədən bir nəfər, bir məntəqədən iki nəfər, bir məntəqədən üç nəfər, bir məntəqədən dörd nəfər, bir məntəqədən beş nəfər, bir məntəqədən altı nəfər, bir məntəqədən yeddi nəfər, bir məntəqədən səkkiz nəfər və bir məntəqədən doqquz nəfər. Nəhayət onun köməkçilərinin sayı kamilləşər.”
Ehtimal üzrə, rəvayətdə qeyd olunan “iki dəstə”dən məqsəd özlərini həzrət Məhdi (əleyhis-salam)-ın sair köməkçilərindən qabaq Məkkəyə yetirən bir dəstə ola bilər.
Imam Sadiq (əleyhis-salam)-dan bu barədə belə nəql olunur: “Sahibul-əmrin köməkçiləri, hətta bütün insanlar aradan getsə də onun üçün qorunub-saxlanılır. Allah-taala Məhdinin köməkçilərini onun yanına gətirəcəkdir. Mütəal Allah onların barəsində buyurur: “Əgər ona qarşı küfr etsələr, Biz bir dəstəni bu ümmətə tə`yin edərik ki, onlar küfr etməzlər.” Həmçinin, onların barəsində belə buyurur: “Tezliklə Allah-taala onların yerinə bir qövmü tə`yin edəcəkdir ki, Allah onları sevir, onlar da Allahı sevirlər. Onlar mö`minlərə qarşı təvazökar, kafirlərin qarşısında isə şiddətlidirlər.”
Imam Baqir (əleyhis-salam) buyurur: “...Onlardan bir dəstəsi gecə ikən öz yataqlarından yoxa çıxar, sübh çağı Məkkədə olarlar. Bir dəstə də gündüz buludların vasitəsilə hərəkət edəcəklər. Onlar özlərinin və atalarının adları, nəsəb xüsusiyyətləri ilə tanınacaqlar.” Soruşuldu ki, iman cəhətindən hansı daha üstündür? Imam (əleyhis-salam) buyurdu: “O dəstə ki, gündüz zamanı buludlarla hərəkət edərlər.”
Əbu Bəsir Imam Sadiq (əleyhis-salam)-dan mərfu şəkildə belə nəql edir: “Qaim öz köməkçilərinə deyər: “Ey mənim dostlarım! Məkkə əhli məni istəmirlər, lakin mən höccəti tamamlamaq üçün öz nümayəndəmi onlara tərəf göndərirəm ki, mənə layiq olan tərzdə höccəti onlara tamam etsin...” Sonra öz köməkçilərindən birini çağırıb deyər: Məkkəyə get və bu peyğamı oranın əhalisinə çatdırıb de: “Ey Məkkə əhli! Mən filankəsin peyğamını sizə çatdırmaq üçün gəlmişəm.” O (Məkkəyə gedib) deyər: Biz rəhmət xanədanı, risalət ailəsi, ilahi xilafət məkanıyıq; biz Mühəmmədin sülaləsindən, peyğəmbərlər nəslindənik, Peyğəmbərimiz mələkuti-ə`laya getdiyi vaxtdan indiyə qədər bizim haqqımızda zülmlər rəva görülüb, danılmaz haqqımız əlimizdən alınıb. Indi sizdən kömək istəyirik, bizə kömək edin!” O cavan (Nəfsi-Zəkiyyə) bu sözləri dediyi zaman camaat hücum edər və onu Rükn ilə Məqam arasında şəhadətə çatdırarlar. Bu xəbər Imama çatan zaman öz köməkçilərinə buyurar: “Sizə demədimmi ki, Məkkə əhli bizi istəmir?!” Həzrətin köməkçiləri qiyam etdiyi vaxta qədər onu tək qoymazlar. O həzrət Tuva dağından üç yüz on üç nəfərlə birlikdə – eynilə Bədr müharibəsindəki Islam ordusunun sayı qədər – aşağı enər. Nəhayət Məscidül-Hərama daxil olub Məqami-Ibrahimdə dörd rək`ət namaz qılar, sonra Həcərül-əsvədə söykənər. Allaha həmd-səna etdikdən, Peyğəmbərə salavat göndərdikdən sonra söhbətə başlayar ki, camaatdan heç kəs belə danışa bilməz.”
Ibrahim Cəriri öz atasından belə rəvayət edir: “Nəfsi-Zəkiyyə Peyğəmbər (səlləllahu əleyhi və alih) xanədanından olan Məhəmməd ibni Həsən adlı bir cavandır ki, heç bir günahı olmadan qətlə yetiriləcəkdir. Onu öldürdükləri zaman asimanda və yerdə onlar üçün heç bir üzürxahlıq yeri qalmayacaqdır. Bu zaman Allah bir qrupun arasından Ali-Mühəmmədin Qaimini seçəcək, belə ki, onlar camaatın nəzərində gözün sürməsindən nazik və gizlindirlər. Qiyam etdikləri zaman camaat onların barəsində şəkk edərlər, çünki, onları tutacaqlarını təsəvvür edərlər. Amma Allah-taala dünyanın şərqini və qərbini onlar üçün fəth edəcəkdir. Agah olun, onlar həqiqi mö`minlərdir və bilin ki, cihadın ən yaxşısı axirəz-zamanda baş verəcəkdir.”
Imam Zeynul-abidin (əleyhis-salam) buyurur: “Məhdi Tuva dağının ətəyindən üç yüz on üç nəfərlə birlikdə – Bədr müharibəsindəki döyüşçülərin sayı qədər adamla – aşağı enib Məscidül-Hərama daxil olacaq, Məqami-Ibrahimdə dörd rək`ət namaz qılacaq və Həcərül-əsvədə söykənəcək, sonra Allaha həmd-səna edib Peyğəmbərə salavat göndərəcək. Bundan sonra elə (gözəl) danışacaq, belə ki, camaatdan heç biri belə sözlər deyə bilməz. Onunla bey`ət edən ilk şəxslər Cəbrail və Mikail olacaqdır.”
Əlbəttə, rəvayətlərdə o həzrətin buyurduğu xütbələrin, yaxud Məkkə əhli üçün göndərdiyi sözlərin bir qismi, eləcə də bütün dünya müsəlmanları üçün göndərdiyi peyğam da qeyd edilmişdir. O cümlədən, Ibni Həmmadın əlyazmasında Əbu Cə`fər Baqir (əleyhis-salam)-dan belə nəql olunur: “Məhdi işa namazı zamanı zühur edəcək, halbuki Peyğəmbərin bayrağı, köynəyi və qılıncı onunla yanaşıdır; o, nişanələrə, nur və bəyana malikdir. Işa namazını qıldıqdan sonra uca və aşkar səslə buyurar: “Ey insanlar! Allahı sizə xatırladıram! Siz hal-hazırda Allahın hüzurunda dayanmısınız. O, Öz höccətini seçmiş, peyğəmbərləri göndərmiş... asimani Kitabı nazil etmiş və sizə əmr etmişdir: Heç bir şeyi Ona şərik qoşmayın, Allahın və Onun Rəsulunun fərmanlarına itaət edin, Qur`anın diri saxladığı şeyi diri saxlayıb, öldürdüyü şeyi öldürün (Qur`anın qadağan etdiyi şeyləri tərk edin), düzlük və hidayət tərəfdarı, təqvaya arxa olun, çünki dünyanın məhv olub zavala uğraması yaxınlaşıbdır, artıq o, vidalaşmanı e`lan etmişdir... Mən sizi Allaha, Onun Rəsuluna itaət və Allahın Kitabına əməl və batil işləri tərk etməyə, Peyğəmbər sünnəsini dirçəltməyə də`vət edirəm. (Sonra 313 nəfərlə – Bədr müharibəsindəki cəngavərlərin sayı qədər adamla – və əvvəlcədən qərar qoyulmadan zühur edər. Onun köməkçiləri payız buludları kimi pərakəndədir; onlar gecənin zahidləri, gündüzün şirləridir. Allah Hicazı Məhdi üçün fəth edər. O, zindanda olan hər bir Bəni-Haşimi azad edər. Bundan sonra Kufədə qara bayraqlar sancılar, həzrət Məhdi (əleyhis-salam)-la bey`ət etmək üçün bir qrup adam göndərərlər. O həzrət öz əsgərlərini dünyanın müxtəlif yerlərinə göndərər, zülmü, haqsızlığı və zalımları aradan qaldırar, onun vasitəsilə ölkələrdə haqq-ədalət və düzlük hakim olar.”
Əbu Xalid Kabuli nəql edir ki, Imam Baqir (əleyhis-salam) belə buyurdu: “Allaha and olsun, sanki Qaimimizi görürəm ki, Həcərül-əsvədə söykənmişdir, sonra mütəal Allahı Öz haqqına and verib deyir: Ey camaat, hər kəs Allah barəsində mənimlə münaqişə etsə, (onda bilməlidir ki,) mən camaat arasında Allaha ən yaxın olan adamam. Ey insanlar, hər kəs Adəm barəsində mənimlə münaqişə etsə, (bilməlidir ki,) mən Adəmə qarşı camaatın arasında ən yaxınam. Ey camaat! Hər kəs Nuh barəsində mənimlə münaqişə etsə, (bilməlidir ki,) mən camaat arasında ona ən yaxın olanıyam. Ey insanlar! Hər kəs Ibrahim barəsində mənimlə münaqişə etsə, (bilməlidir ki,) mən Ibrahimə ən yaxın olan adamam. Ey insanlar! Hər kəs Musa barəsində mənimlə münaqişə etsə, (bilməlidir ki,) mən camaat arasında Musaya ən yaxın olanam. Ey camaat! Hər kəs Isa barəsində mənimlə münaqişə etsə, (bilməlidir ki,) camaat arasında ona ən yaxın olan mənəm. Ey camaat! Hər kəs Mühəmməd (səlləllahu əleyhi və alih) barəsində mənimlə münaqişə etsə, (bilməlidir ki,) mən camaat arasında ona ən yaxın olanam. Ey camaat hər kəs Allahın Kitabı barəsində mənimlə münaqişə etsə, (bilməlidir ki,) mən camaat arasında Allahın Kitabına ən yaxşı agah olan şəxsəm... Sonra Məqami-Ibrahimə gedərək iki rək`ət namaz qılar.”
Digər rəvayətdə bə`zi kəlmələr də əlavə olunmuşdur. O cümlədən: “Ey insanlar, biz Allahı köməyə çağırırıq. Sizdən hansı biriniz bizim də`vətimizə müsbət cavab verər?! Biz sizin Peyğəmbəriniz həzrət Mühəmməd (səlləllahu əleyhi və alih)-in Əhli-beyti və camaat arasında ona ən yaxınlarıq... Mən Adəmin canişini və varisi, Nuhun zəxirəsi, Ibrahim sülaləsindən və Mühəmməd xanədanından seçilmişəm... Agah olun, hər kəs Peyğəmbər sünnəsində mənimlə münaqişəyə qalxsa, (bilməlidir ki,) mən Peyğəmbər sünnəsinə hər kəsdən artıq agah və yaxınam... Allah 313 nəfər köməkçisini əvvəlcədən qərar olmadan bir yerə toplayar... Onlar Rükn ilə Məqam arasında o həzrətlə bey`ət edərlər. Onun yanında ata-babalarının Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən irs apardığı bir əhdnamə vardır.”
Imam Zeynul-abidin (əleyhis-salam) buyurur: “Ona bağlı olan bir şəxs ayağa qalxaraq uca səslə deyər: “Ey camaat, bu sizin istədiyiniz şəxsdir ki, indi sizin yanınıza gəlmişdir. O sizi elə Peyğəmbəri-Əkrəmin də`vət etdiyi işlərə çağırır.” Bu zaman camaat ayağa qalxar, Imam da ayağa qalxaraq söhbətə başlayar və deyər: “Ey camaat, mən filankəsin oğlu filankəs və Peyğəmbəri-Əkrəmin övladıyam. Sizi Allahın Peyğəmbərinin də`vət etdiyi şeylərə də`vət edirəm.” Bu zaman camaat ayağa qalxaraq onu öldürmək istəyər. Amma o həzrətin 313 nəfər köməkçisi bu hadisənin qarşısını alarlar.”
Imam Baqir (əleyhis-salam) buyurur: “Qaimlə Allahın Kitabı və Peyğəmbərin sünnəsi əsasında Məkkədə bey`ət alınacaq. Imam Məkkədə öz tərəfindən bir hakim tə`yin edəcək və bundan sonra Mədinəyə yollanacaq, yol əsnasında ona xəbər veriləcəkdir ki, onun nümayəndəsini qətlə yetirmişlər. Imam yenidən Məkkəyə qayıdacaq, yalnız onun qatillərini qətlə yetirəcəkdir.”
Imam Sadiq (əleyhis-salam) buyurur: “O, Məkkə əhlini hikmət və gözəl moizələrlə haqqa də`vət edəcək, onlar da itaət edəcəklər. Sonra öz xanədanından olan bir kişini onlara özünün nümayəndəsi tə`yin edərək Mədinəyə yola düşəcəkdir. Imam Məkkədən çıxdığı zaman onun nümayəndəsinə hücum edəcəklər. Buna görə də Imam onlara doğru qayıdacaq, onlar xəcalətli, ah-nalə edən bir halda Imama tərəf gələrək deyərlər: Ey Ali-Mühəmmədin Məhdisi, tövbə-tövbə!! (Öz əməlimizdən peşmanıq, bizə güzəştə get)! Bu zaman Imam onlara moizə və nəsihət edər, təhlükənin baş verdiyini bildirər və onları baş verən yaramaz işdən çəkindirər, digər bir nümayəndəni onların arasında seçər və bundan sonra Mədinəyə qayıdar.”
“Təfsiri Əyyaşi”də Imam Baqir (əleyhis-salam)-dan belə nəql olunur: “Onlardan (Ali-Mühəmməddən) olan bir kişi 313 nəfərlə birlikdə yola düşər, onlar Mədinəyə doğru gedərək Peyğəmbərin bayrağını özləri ilə apararlar, nəhayət (bir yerə çatarlar ki, orada) Imam buyurar: Bura qoşunların Allahın əmri ilə yerə batdığı yerdir və Allah-taala bu ayəni onların barəsində nazil etmişdir: “Məkr, hiylə və pislik edənlər yerin onları udacağından, yaxud bilmədikləri yerdən onlara əzab gələcəyindən, yaxud onları əhatə edəcəyindən və gediş-gəliş etdikləri zamanda onları aciz edəcəklərindən amandadırlarmı?!”
Rəvayətlərdə deyilir ki, həzrət Məhdi (əleyhis-salam) Məkkədə baş verənlərin əksinə olaraq Mədinədə bir neçə müharibə aparacaqdır. Imam Baqir (əleyhis-salam)-dan uzun bir hədisdə belə nəql olunur: “Mədinəyə varid olan zaman Qüreyş onlardan qaçıb gizlənər. Bu da Əli (əleyhis-salam)-ın onların barəsində buyurduğu bu kəlamdır: “Allaha and olsun, Qüreyş istəyər ki, mən, hətta bir dişi dəvənin öldürülməsi zamanı qədər belə – bütün var-dövlətləri və günəşin saçdığı şeylər müqabilində – onların yanında olaydım! Sonra Imam bə`zi işlər görəcək və müəyyən hadisələr vücuda gətirəcəkdir. Bu hadisələr baş verəndə Qüreyş deyər: “Bizi bu tüğyançının yanına aparın, Allaha and olsun, əgər o, Məhəmmədi, Ələvi və Fatimi olsaydı, bu işlərə əl atmazdı!” Sonra Allah qüreyşliləri o həzrətə təslim edər, həzrət də qatillərin özlərini həlak edər və onlara bağlı olanların hamısını əsir tutar, sonra hərəkət edib Şəqrədə (Hicazın Iran-Iraq səmtindəki yol üzərində yerləşən bir məntəqədir) düşərgə salar. Orada xəbər verərlər ki, onun nümayəndəsini qətlə yetirmişlər. Yenidən oraya qayıdar, elə bir qırğın törədər ki, ondan əvvəlki Hirrə qırğını əhəmiyyətsiz görünər. Sonra gedib camaatı Allahın Kitabına və Peyğəmbərin sünnəsinə də`vət edər.”
“Kafi” kitabında Imam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “O gündə Mədinədə olan Ələvilər Məkkəyə qaçarlar ki, orada bu əmrin sahibinə qoşulsunlar. Bu əmrin sahibi də ora gedərək Mədinəyə bir qoşun göndərəcəkdir ki, oranın əhalisinin təhlükəsizliyini tə`min etsin və camaat yenidən Mədinəyə qayıtsın.”
Imam Sadiq (əleyhis-salam) buyurur: “Bizim Qaimimiz qiyam edən zaman yer üzü Allahın nuru ilə aydın olub parlayar. Belə ki, camaat Günəşin nurundan ehtiyacsız olarlar. Onun hökuməti dövründə insanların ömrü bir neçə qat artacaq, hər bir şəxsin min oğlan uşağı dünyaya gələcəkdir. O, Nəcəfdə min qapısı olan bir məscid tikəcəkdir, Kufənin evləri Kərbəla çayına və Hiyrəyə birləşəcəkdir. Nəhayət əgər bir şəxs cümə günü orada cümə namazı qılmaq üçün yorğa yerişli bir qatıra minib həmin diyara gəlsə, buna müvəffəq ola bilməyəcəkdir.”
Imam Baqir (əleyhis-salam) buyurur: “Ikinci cümə gəlib çatanda camaat deyər: “Ey Peyğəmbər övladı, sizin imamətinizlə qılınan cümə namazı Peyğəmbərin arxasında qılınan namaza bərabərdir. Bu məscid bizim üçün kifayət etmir.” Sonra Imam bir məscidin layihəsini çəkər ki, onun min qapısı olar və camaatı özündə yerləşdirər.”
Imam Sadiq (əleyhis-salam) buyurur: “Allah Kərbəlanı səngər və qərargah qərar vermişdir, ora mələklərin və mö`minlərin gediş-gəliş yeri olacaq, özünün ən yüksək məqam və mərtəbəsinə çatacaqdır.”
Imam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Sanki mən Qaimi Nəcəfdə müşahidə edirəm: O, Peyğəmbərin zirehli paltarını geymişdir, bu paltar onun bədəninə (ağırlıq edib) təzyiq göstərir və onu yerindən hərəkət etdirir. Zireh onun bədənində genişlənir, nəhayət zirehi istəbrəqdən olan paltarla örtər, sonra iki gözünün arasından nur parlayan Əbləq atına minib onu hərəkətə gətirər. Elə bir ölkənin əhalisi yoxdur ki, bu nurun saçdığı işıq onlara çatmasın. Bu da onlar üçün bir nişanə və əlamətdir. Sonra Peyğəmbərin bayrağını qaldırar, bu zaman dünyanın şərqi-qərbi onun nuruna qərq olar.”
Həmin mənbədə Əli (əleyhis-salam)-dan belə nəql olunur: “Sanki mən onu görürəm; halbuki ayağı ağ olan və alnından nur saçan bəzənmiş bir ata minmişdir. O, Vadiyüs-səlamdan keçir, Səhlə çayına tərəf irəliləyir və öz duasında belə deyir:
Bə`zi rəvayətlərdə deyildiyi kimi, həzrət Məhdi (əleyhis-salam) rumlularla müharibə aparmaq üçün Antakiyaya – Imamın köməkçilərindən bə`zilərinin də iştirak etdiyi – bir ordu göndərəcəkdir. Sonra içində Tövratın və Incilin əsl nüsxələri mövcud olan müqəddəs sandığı Antakiya mağarasından çıxaracaqdır. Əlbəttə, “Yovmul-xəlas” kitabı onu “Biharul-ənvar”a və “Müntəxəbul-əsər”ə nisbət vermişdir, amma mən onu bu iki kitabda görməmişəm. Belə nəzərə çarpır ki, bu mö`cüzənin qərblilər üçün aşkar olması onların Antakiya sahillərində döyüşə hazırlaşmaqda olan qüvvələrini Qüdsün azad olunması üçün aparılan mühribədə iştirak etməkdən saxlayacaqdır. Rəvayətlərdə qeyd olunur ki, bu qüvvələr Ramazan ayındakı asimani nidanın ardınca həmin məntəqədə düşərgə salacaqlar və Allah-taala bir mö`cüzə olaraq Əshabi-kəhfi onlar üçün aşkar edəcəkdir. Əli (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Rumlular Əshabi-kəhf mağarasının yaxınlığında olan dəryanın sahilinə gələcəklər və Allah o cavanları itləri ilə birlikdə mağaradan dirildəcək. Onlardan iki nəfər Məlixa və Xəmlahadır ki, hər ikisi Qaimin əmrinə tabe olacaqdır.”
: Ibni Zərrin Qafiqi Əli (əleyhis-salam)-ın belə buyurduğunu deyir: “O, aşağısı on iki min, yuxarısı on beş min nəfərdən ibarət olan bir qoşunla xüruc edəcək, onun irəliləməsindən yaranan qorxu (düşmənlərin qəlbinə) oturacaqdır. Hər düşmən onunla qarşılaşsa, Allahın fərmanı ilə onu məhv edəcəkdir. Onların şüarları “öldür, öldür!” olacaq, Allah yolunda məzəmmət edən heç kəsin məzəmmətindən qorxmayacaqlar. Bu zaman Şamdan yeddi ordu onlara doğru hücum edəcək, Imam onların hamısını məhv edəcək və onları əsarətə alacaq. Onların məhəbbət, ne`mət, “qassə” və “bəzarələri” müsəlmanlara qaytarılacaqdır. Onlardan sonra Dəccalın xürucundan başqa heç bir hadisə baş verməyəcəkdir.” Soruşdular: Qassə və bəzarə nədir? Həzrət buyurdu: “Imam hökumətin idarə olunmasını öz əlinə alacaqdır, belə ki, hər kəs hər nə istəsə deyəcək və heç bir şeydən qorxmayacaq.”
Həmin mənbədə yenə deyilir: “Məhdi hərəkət edərək Beytül-müqəddəsə çatacaqdır, xəzinələri onun yanına gətirəcəklər. Ərəb və qeyri-ərəb, müharibəni törədənlər və rumlular (qərblilər) və başqaları hamılıqla onun itaətinə keçəcəkdir.”
Bu mənbənin digər bir yerində deyilir: “Məhdi deyəcək: “Mənim əmi oğlumu (Süfyanini) gətirin, onunla danışım.” Onu Imamın yanına gətirərlər və onunla söhbət edər, nəhayət o, Imamın əmrinə təslim olaraq onunla bey`ət edər. Amma Süfyani Bəni-Kəlbdən olan öz köməkçilərinin yanına qayıtdığı zaman onu öz işindən peşman etdirərlər. O, Imamın yanına gələrək bey`ətini geri götürər. Həzrət onun bey`ətini qüvvədən salar, sonra Imamla Süfyaninin ordusu arasında yeddi qrup və dəstə ilə müharibə başlanar. Hər dəstənin sərkərdəsi rəhbərliyi öhdəsinə almaq istəyərsə Imam onları məğlub edər.”
Yenə deyilir: “Süfyani Imama etdiyi bey`əti geri götürər və Imam onu qüvvədən salınmış e`lan edər. Sonra o həzrətlə mübarizə aparmaq üçün öz ordularını səfərbər edər, Imam onu məğlubiyyətə uğradar və Allah-taala rumluları (qərbliləri) də o həzrətin əli ilə məğlub edər.”
“Məlahim və fitən” kitabında Əli (əleyhis-salam)-dan bu müharibənin vəsfində belə nəql olunur: “Allah Süfyaniyə qəzəb edər, Allahın bəndələri də ilahi qəzəb səbəbi ilə ona qəzəblənərlər. Quşlar öz qanadları, dağlar öz daşları, mələklər öz səsləri ilə onlara xəsarət vurarlar. Bir saat keçməz ki, Allah Süfyaninin bütün köməkçilərini həlak edər və ondan (Süfyanidən) başqa, düşmənlərdən bir kəsi yer üzündə saxlamaz. Imam Məhdi (əleyhis-salam) onu tutaraq şaxələri “Təbəriyyə” gölünə doğru olan bir ağacın altında qətlə yetirər.”.
“Ilzamun-nasib”də (2-ci cild, səh.104) belə qeyd olunur: “Məhdi (əleyhis-salam)-ın ordu sərkərdələrindən biri olan Səyyah özünü Süfyaniyə çatdıraraq onu tutar və işa namazı zamanı onu Məhdi (əleyhis-salam)-ın yanına gətirər. Həzrət onun barəsində öz köməkçiləri ilə məşvərət edər və onlar Süfyaninin qətlini məsləhət görərlər. Bundan sonra şaxələri sallanmış olan bir ağacın altında qoyun kimi onun başını kəsərlər.”
Bə`zi rəvayətlərdə bu müharibə müsəlmanlar üçün qeybi yardımlardan digər biri kimi vəsf edilir: “O gündə asimandan bir səda eşidilər, münadi nida edərək deyər: “Agah olun, Allah övliyaları – Məhdinin köməkçiləridir, məğlubiyyət və bədbəxtçilik Süfyaninin köməkçilərinə məxsusdur.” Sonra onlar elə şəkildə öldürülər ki, avara və fərarilərindən başqa heç kəs onlardan salamat qalmaz.”
Sünnü mənbələrində mövcud olan ən məşhur rəvayətlərdən biri də Müslüm, Əhməd və Termizinin Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etdiyi aşağıdakı rəvayətdir: “Müsəlmanlarla yəhudilərin arasında müharibə baş verməyincə Qiyamət başlanmaz. Belə ki, müsəlmanlar onların hamısını qətlə yetirər, hətta əgər yəhudilərdən biri daşın, yaxud ağacın arxasında gizlənmiş olsa, o daş və ağac səsə gəlib deyər: “Ey müsəlman! Bu yəhudidir ki, mənim pənahımda gizlənmişdir, onu həlak et!” Bu ağaclar içərisində, yalnız yəhudi ağaclarından olan “ğərqə” ağacı istisna olunur.”
Müsəlmanlar zəmanənin axırında Isa (əleyhis-salam)-ın asimandan yerə nazil olması barəsində fikir birliyindədirlər. Təfsirçilərin əksəriyyəti “kitab əhlindən elə birisi yoxdur ki, ölümdən qabaq ona (Isaya) iman gətirməmiş olsun və Qiyamət günündə o, onların yaxşı və pisliklərinə şahid olacaqdır” – ayəsinin təfsirində həmin mə`nanı qeyd etmişlər. “Məcməül-bəyan”ın müəllifi bu təfsiri Ibni Abbasdan, Əbu Malikdən, Qütadədən, Ibni Zeyddən və Bəlxidən nəql etmişdir. O deyir ki, Təbəri də bu nəzəri bəyənmişdir. Məclisi onu “Biharul-ənvar”da Imam Baqir (əleyhis-salam)-dan nəqlən həmin mə`naya təfsir edərək deyir: “Qiyamətdən qabaq (Isa) dünyaya nazil olacaq, yəhudi və məsihilərdən elə birisi qalmayacaq ki, ölümdən qabaq ona iman gətirməmiş olsun. O, həzrət Məhdinin arxasında namaz qılacaqdır.”
Şiə-sünnü mənbələrində həzrət Isa (əleyhis-salam)-ın nazil olması ilə əlaqədar nəql olunan rəvayətlər olduqca çoxdur. O cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan bu rəvayət: “Vəziyyətiniz necə olar, o zaman ki, Isa ibni Məryəm sizin aranıza nazil olar, sizin rəhbəriniz isə özünüzdən olacaq?!”
Bu rəvayəti Buxari və başqaları da Isanın nazil olması bölməsində qeyd etmişlər.
Ibni Həmmad öz kitabında (səh.159-162) “Isa ibni Məryəm (əleyhiməs-salam)-ın nazil olması və onun tutduğu üslub”, eləcə də “Isa (əleyhis-salam)-ın nazil olmasından sonra həyat müddəti” adı altında təqribən otuz rəvayət qeyd etmişdir. “Sihah” və “Biharul-ənvar” kitablarında Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən belə bir hədis nəql olunur: “Canım əlində olan Allaha and olsun ki, o yəqin şəkildə Isa ibni Məryəmdir, ədalətli bir qazi ünvanında sizin aranıza nazil olacaq, xaçı sındıracaq, donuzu öldürəcək, maliyyəti (cizyəni) qoyacaq və o qədər mal-dövlət bağışlayacaqdır ki, artıq heç kim qəbul etməyəcəkdir.”
Həmin mənbədə yenə deyilir: “Peyğəmbərlər müxtəlif səbəblərə görə bir-birləri ilə qardaşdırlar. Onların ayinləri bir, anaları isə müxtəlifdir. Onların mənə ən yaxın və layiqli olanı Isa ibni Məryəmdir. Çünki mənimlə onun arasında başqa bir peyğəmbər yoxdur. O sizin aranıza nazil olacaqdır, sonra onu tanıyacaqsınız. O, enlikürək, böyük bədənli, al-qırmızı yanaqlıdır. Donuzu öldürəcək, xaçı sındıracaq, maliyyət qoyacaq və Islamdan başqa heç birini qəbul etməyəcəkdir. Onun də`vəti bir istiqamətlidir – yalnız aləmlərin Rəbbinə doğrudur.”
Ibni Həmmadın rəvayətlərində qeyd olunur ki, Isa (əleyhis-salam) Qüdsdə nazil olacaqdır. Bə`zi rəvayətlərdə Dəməşq darvazasının üzərindəki ağ körpüdə, bə`zi rəvayətlərdə Dəməşqin şərq darvazasında bir minarənin yanında, bə`zi rəvayətlərdə isə Fələstindəki Lüddə olacağı deyilir. Əlbəttə mümkündür ki, əvvəlcə Qüdsə nazil olsun, sonra isə Şama və digər məntəqələrə getsin.
Isa (əleyhis-salam)-ın nazil olması ilə əlaqədar “kitab əhlindən elə bir kəs yoxdur ki, ölümündən qabaq ona iman gətirməsin” – ayəsi barəsində demək olar ki, bütün məsihi və yəhudilər ona iman gətirəcəklər.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in belə buyurduğu nəql olunur: “Sizinlə Rum arasında dörd dəfə sülh müqaviləsi bağlanacaqdır ki, onların dördüncüsü Herqel sülaləsindən olan bir kişinin vasitəsilə olacaq və bir neçə (iki) il davam edəcək.” Əbdül-qeys qəbiləsindən olan Su`dəd ibni Qeylan soruşdu: “O gündə camaata kim rəhbərlik edəcəkdir?” Həzrət buyurdu: “Mənim övladlarımdan olan Məhdi.”
Bu, Hafiz Əbu Nəimin həzrət Məhdi (əleyhis-salam) barəsində nəql etdiyi qırx rəvayətin on ikincisidir. Hüzeyfə ibni Yəman nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Sizinlə Bəni-əsfər (sarı dərililər) arasında sülh bağlanacaqdır ki, onlar qadının hamiləlik müddətindən (doqquz aydan) sonra sizə xəyanət edəcək, hər birində on iki min nəfər olan səksən qoşunla quru və dənizdən sizə hücum edəcəklər. Onlar Yafa və Əkka arasında düşərgə salacaqlar. Onların rəhbərləri öz gəmilərini yandıracaq və öz köməkçilərinə göstəriş verəcəklər ki, öz ölkə və vətəninizi müdafiə edin. Bu zaman hər iki tərəfdən müharibə odu şö`lələnər. Ordular və əsgərlər bir-birinin köməyinə tələsər, hətta Yəməndəki Həzrə-movtda olanlar belə, sizin köməyinizə gələrlər. O gündə Allah-taala Özünün nizə-qılıncı və orduları ilə onlara zərbə vurub xəsarət yetirəcək və bu səbəblə onların arasında böyük bir qırğın başlanacaqdır.”
Başqa bir hədisdə deyilir: “O zaman Allah-taala küləkləri və quşları rumluların canına müsəllət edər. Quşlar da öz qanadları ilə onların üzlərinə elə çırpar ki, gözləri hədəqəsindən çıxar, yer onların səbəbi ilə yarılar, bundan sonra asimani saiqəyə (ildırım və zəlzələyə) düçar olar, dərələrə və uçurumlara yuvarlanarlar. Allah səbir edənlərə kömək edər və onlara gözəl mükafat verər, necə ki, Peyğəmbərin köməkçilərinə mükafat vermiş, onların qəlblərini şücaət və qüvvətlə doldurmuş idi.”
Digər rəvayətdə deyilir: “Fələstində rumlularla iki çarpışma baş verəcəkdir ki, onlardan biri “seçmək”, digəri isə “biçmək” adlandırılır.” Yə`ni ikincisi birincisindən daha çox məhv edəndir.
Qərb qüvvələrinin Fələstində və Şamda həzrət Məhdi (əleyhis-salam)-ın əli ilə məğlubiyyətə uğramaları qərb millətlərində və onların gələcəyində dərin tə`sirlər buraxacaqdır. Sözsüz ki, qərbdə kəlmə və qüdrətin nüfuzu həzrət Isa, Məhdi (əleyhiməs-salam) və onları müdafiə edən xalq kütlələrinə məxsus olacaq, bu insani dalğalar özlərinin kafir və zalım hökumətlərinin devrilməsində həzrət Məhdi (əleyhis-salam)-ın dövləti ilə həmrə`ylik e`lan edəcəklər.
Sünnü və şiə mənbələrindəki rəvayətlərə əsasən, həzrət Məhdi (əleyhis-salam) qərbə yola düşərək öz köməkçiləri ilə böyük şəhər olan Rumu və sair şəhərləri fəth edəcəkdir. Bə`zi rəvayətlərdə deyilir ki, o, öz köməkçiləri ilə təkbir deyərək oranı fəth edəcəkdir. “Qostəntəniyyə, Rum və Çini fəth edəcəkdir.” Başqa bir rəvayətdə: “O, Ruma yola düşəcək və öz köməkçiləri ilə birlikdə böyük Rum şəhərini azad edəcəkdir.” Digər bir rəvayətdə də: “Məhdinin fəth etdiyi Rum şəhəri zahirdə Rumun mərkəzi və paytaxtıdır.”
Imam Sadiq (əleyhis-salam) buyurur: “O zaman rumlular o həzrətin əli ilə Islamı qəbul edər və Imam onlar üçün bir məscid tikər, öz köməkçilərindən bir nəfəri özünün canişin və nümayəndəsi tə`yin edib qayıdar.”
Imam Məhdi (əleyhis-salam)-ın zühurunu müjdə verən ayə və rəvayətlər göstərir ki, o həzrətin ilahi mə`muriyyəti olduqca geniş səviyyəli, müxtəlif yönlü olub çox yüksək hədəflərə malikdir, elə geniş bir tədbirdir ki, bəşəriyyətin yer üzündəki həyatını tamamilə dəyişdirəcək, insaniyyətin üzünə tam mə`nada yeni bir fəsil açacaqdır.
Hətta o həzrətin mə`muriyyəti Islamı yenidən dirçəltmək, ədalət əsasında mədəniyyət qurmaq və onun nurunu dünyaya saçmaqdan ibarət olsa da belə, o həzrət bütün bunlardan əlavə öz əsrində və ondan sonrakı dövrlərdə bəşər həyatının maddi təkamül və tərəqqisini elə şəraitdə tə`min edəcəkdir ki, keçmiş mərhələlərlə nə qədər inkişaf etmiş və mütərəqqi olsa da belə, onunla müqayisə oluna bilməyəcəkdir.
Həmçinin, o həzrətin ilahi vəzifələrindən biri də varlıq aləminin ənginliklərinə, yuxarı aləmlərə yol tapmaqdan və onun əhli ilə əlaqə yaratmaqdan ibarətdir. Bunun özü də təkamül üçün bir yoldur və Qiyamətin bərqərar olunması ilə, qeybət aləmi ilə şühud aləmi arasında hakim olacaq bir bağlılığa müqəddimədir.
Indi bu ilahi vəzifələrin bir qismini – bu kitabın həcminə uyğun şəkildə – bəyan edirik:
Ilk baxışda belə nəzərə çarpır ki, yer üzünü zalımların, tağutçuların və zülmün mənfur simasından təmizləmək qeyri-mümkün olan bir işdir və sanki yer üzü məzlumların nalə və fəryadı ilə ünsiyyət tapmışdır, onların heç bir köməyə çatanı olmayacaqdır, dünya zalımların iyrənc vücudlarına dözməyə adət etmişdir; hətta belə təsəvvür olunur ki, zalımların vücudundan yer üzünün təmizləndiyi belə bir dövr gəlməyəcəkdir. Çünki onlar sanki cəmiyyətdə möhkəm köklər atmış mənfur və faydasız bir ağaca bənzəyirlər ki, əgər onun köklərindən biri kəsilsə, onun yerinə on qat artığı əmələ gələr və əgər zalımlar bir nəsildə məhv olsalar da, digər nəsillərdə dəstə-dəstə yaranmış olarlar.
Lakin hikmət sahibi olan Allah belə məsləhət görmüşdür ki, bəşər həyatı haqla-batilin, xeyirlə-şərin qarşılıqlı çarpışması əsasında bərqərar olsun və O, hər bir şey üçün müəyyən hədd-hüdud, hər bir əsr və zaman üçün müəyyən tale, nəhayət zülm və haqsızlıq üçün də müəyyən bir vaxt tə`yin etmiş olsun. “O gün bəd əməl sahibləri öz üzləri ilə tanınar, sonra onların alın tüklərindən və ayaqlarından tutularlar” – ayəsi barəsində Imam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Allah-taala onları həmişə tanıyır, lakin bu ayə Qaim barəsində nazil olmuşdur. O, müqəssirləri və zalımları üzlərindən tanıyar, öz köməkçilərinin qılıncları ilə onları möhkəm tənbih edər.”
Əli (əleyhis-salam) buyurur: “Allah-taala gözlənilmədən Əhli-beytdən olan bir kişinin vasitəsilə müsəlmanlar üçün qurtuluş vücuda gətirər. Atam ən yaxşı kənizin övladı olan o şəxsə fəda olsun! Və yalnız odur ki, (düşmənlər) səkkiz ay müddətində ondan qılınc və qətldən başqa bir şey görməzlər.”
Imam Baqir (əleyhis-salam)-dan belə nəql olunur: “Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ümməti arasında mülayimliklə, yaxşılıqla rəftar edir və camaatla ünsiyyətdə olurdu. Qaim (düşmənləri) qətlə yetirməklə rəftar edəcək və heç kəsin tövbəsi qəbul olunmayacaqdır. Onun (əlində) bir əhdnamə vardır ki, bu işə mə`mur olunmuşdur. Vay olsun o kəsə ki, onunla düşmənçilik edə!”
Bu əhdnamədən məqsəd Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən yadigar qalmış əhd-peymandır. Qeyd olunduğu kimi, həmin məktubda bu cümlələr vardır: “Öldür, yenə də öldür, bir kəsin tövbəsini qəbul etmə!” Yə`ni heç bir cinayətkarın və zalımın tövbəsini qəbul etmə.
Imam Baqir (əleyhis-salam)-dan belə rəvayət olunmuşdur: “Məhdi (əleyhis-salam)-ın öz cəddi Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-ə oxşaması – onun qılıncla qiyam və zühur etməsi, Allahın və Onun Peyğəmbərinin düşmənlərini, zalımları və tağutları qətlə yetirməsidir. O, düşmənlərin qəlbinə qılınc vasitəsilə qorxu salıb qələbə çalacaqdır – onun ordusu məğlubedilməzdir.”
Imam Cavad (əleyhis-salam) belə buyurur: “O, Allah düşmənlərini Allah-taala razı olana qədər öldürər. Allahın razı olmasından o zaman agah olar ki, öz qəlbində rəhm və ürəyi yananlıq hissi keçirər.”
Həmin mənbədəki başqa bir rəvayətdə o həzrət belə buyurur: “Onun (Məhdinin) ordusunun sayı tə`yin olunmuş həddə – yə`ni on iki min nəfərə çatan zaman Allahın əmri ilə qiyam edəcək, Allah düşmənlərini qılıncdan keçirəcək, nəhayət Allah ondan razı olacaqdır.” Soruşdum: Allahın razılığından necə agah olacaqdır? Buyurdu: “Allah (razı olduğu zaman) onun qəlbinə mehr-məhəbbət salacaqdır.”
Hətta rəvayətlərdə qeyd olunduğu kimi, o həzrətin köməkçilərindən bə`ziləri zalımların onun əli ilə (belə kütləvi şəkildə) qətlə yetirilməsindən şəkk-şübhəyə düşəcək, ona e`tiraz edəcəklər. Imam Baqir (əleyhis-salam)-dan belə rəvayət olunur: “O (Məhdi), Sə`ləbiyyəyə çatdıqda onun qohumları içərisində – həzrət Məhdidən əlavə – şücaət və cismi baxımdan ən güclü olan bir şəxs ayağa qalxıb deyəcək: “Ey filankəs! Nə edirsən?! Allaha and olsun, sən camaatı öz qabağında qoyunlar kimi qovursan (yə`ni çoban kimi qoyunları öz qabağına qatıb qovursan)! De görüm, Peyğəmbərdən sənin yanında (bu işinə dair) əhd-peyman, yaxud başqa bir şey vardırmı?” Bu zaman camaatdan Imama bey`ət almağı öz öhdəsinə alan şəxs deyər: “Sakit ol, əks halda boynunu vuraram!” Sonra Qaim buyurar: “Ey filankəs, sakit ol! Allaha and olsun ki, Peyğəmbərdən (mənə çatan) yazılı bir əhdnaməni özümlə gətirmişəm. (Sonra köməkçilərinə deyər:) O sandıqçanı gətirin.” Sandığı onun yanına gətirərlər. Imam Peyğəmbərin yazdığını oxuyar, bu zaman e`tiraz edən şəxs deyər: “Sənə fəda olum, icazə ver alnından öpüm.” Imam başını qabağa əyər və o, Imamın iki gözünün arasından öpüb, yenə deyər: “Allah məni sənə fəda etsin. Mənimlə yenidən bey`ət et.” Imam da yenidən onunla bey`ət edər.”
“O həmin Allahdır ki, Öz Rəsulunu haqq dinlə (camaatın hidayəti üçün) göndərdi ki, bütün aləm dinlərinə hakim edib üstünlük versin, hərçənd kafirlər narazı və müxalif olsalar da belə” – ayəsinin təfsirində Əli (əleyhis-salam)-dan belə nəql olunmuşdur: “Məgər Allah bu ayənin nümunəsini indi aşkar edibdirmi? Əsla! Canım əlində olan kəsə and olsun, (bu ayənin nümunəsi aşkar olanda) elə bir abadlıq qalmayacaqdır ki, hər sübh və axşam onda Allahın vəhdaniyyətinə və Mühəmmədin risalətinə şəhadət verilməmiş olsun.”
Ibni Abbas belə rəvayət edir: “Heç bir yəhudi və məsihi, yaxud sair din ardıcılı qalmaz ki, Islama üz gətirməmiş olsun. Nəhayət cizyə (adam başına olan maliyyət) aradan qaldırılar, xaç sındırılar, donuz öldürülər. Allah-taalanın buyurduğu “Islamı bütün dünya dinlərinə qalib edəcək, hətta kafirlər narazı və müxalif olsalar da belə” – ayəsinin xarici nümunəsi Qaimin qiyamı dövründə vücuda gələcəkdir.”
“Cizyənin götürülməsi” dedikdə məqsəd budur ki, Kitab əhlindən Islamdan başqa bir şey qəbul olunmayacaqdır. Əbu Bəsir deyir: Imam Sadiq (əleyhis-salam)-dan “O həmin Allahdır ki, Öz Rəsulunu haqq dinlə (camaatın hidayəti üçün) göndərdi ki, Islamı bütün dünya dinlərinə qalib etsin, hətta kafirlərin xoşuna gəlməsə də belə” – ayəsinin təfsiri barəsində soruşduqda həzrət buyurdu: “Allaha and olsun, bu ayənin təfsiri hələ gerçəkləşməmişdir.” Ərz etdim: “Sənə fəda olum, bəs nə vaxt həyata keçəcəkdir?” Həzrət buyurdu: “O zaman (gerçəkləşər) ki, Qaim Allahın iradəsi ilə qiyam etsin. Zühur edən zaman kafirlər və müşriklər onun zühur və qiyamından narazı və nigaran olacaqlar. Çünki əgər bir nəfər kafir və ya müşrik bir daşın arxasında gizlənmiş olsa belə, o daş səslənib deyəcək: “Ey müsəlman, mənim pənahımda bir kafir və ya müşrik gizlənmişdir, onu qətlə yetir!” O da həmin şəxsləri həlakətə çatdıracaqdır.”
Imam Baqir (əleyhis-salam) belə buyurur: “Qaim (düşmənlərin qəlbində) qorxu yaradılması səbəbilə qələbə çalacaq, Allah tərəfindən bir köməklə qüvvətləndiriləcək, yer onun üçün “teyy” olunacaq (teyyül-ərz edəcək). Yerdəki xəzinələr onun üçün aşkar olacaq, onun hakimiyyət və səltənəti dünyanın şərqini və qərbini əhatə edəcək. Allah Öz dinini onun vasitəsilə bütün dünya dinlərinə qalib edəcək, hətta müşriklərin xoşuna gəlməsə və onlar müxalifət etsələr də belə. Yerin viranlıqları abad olunacaq, Allahın ruhu Isa yer üzünə nazil olacaq və o həzrətin arxasında namaz qılacaqdır.”
O həzrətdən yuxarıdakı ayənin təfsirində belə nəql olunur: “Elə bir kəs qalmayacaqdır ki, həzrət Mühəmməd (səlləllahu əleyhi və alih)-in risalətinə iqrar və e`tiraf etməmiş olsun.”
Imam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Bu ayə barəsində atamdan (Imam Baqir (əleyhis-salam)-dan) soruşduqda buyurdu: (Onun mə`nası budur ki,) bütün müşriklərlə mübarizə edin, necə ki, onlar hamılıqla sizinlə mübarizəyə qalxmışlar. Nəhayət yer üzündə heç bir fitnə qalmasın və din Allaha məxsus olsun.” Sonra buyurdu: “Bu ayənin təfsiri hələ gerçəkləşməmişdir. Qaim qiyam edən zaman onu görənlər bu ayənin necə təfsir olunmasını biləcəklər və nəhayət, Allah-taalanın buyurduğu kimi, Mühəmmədin ayini gecənin sonu kimi sadiq sübhlə aydın olacaq, yer üzündə şirkdən heç bir əsər-əlamət qalmayacaqdır.”
Imam Baqir (əleyhis-salam) “Bu, yalnız dünya əhli üçün bir xatırlatmadır və şübhəsiz, onun xəbərini o zamandan sonra biləcəklər” – ayəsinin təfsirində buyurur: “O, Qaimin qiyam etdiyi zaman olacaqdır.”
Həmçinin, “Tezliklə Öz nişanələrimizi asimanlarda və yerdə onlara göstərəcəyik ki, Onun haqq olması onlar üçün aşkar olsun” – ayəsinin təfsirində Imam Baqir (əleyhis-salam)-dan belə nəql olunur: “Allah onların məsx olunmasını (donuz və meymun şəklinə düşmələrini) onların özlərinə göstərəcək; həmçinin asiman üfüqlərinin tökülməsini və şəhərlərin iztirablı olmasını onlara göstərəcək, onlar Allahın qüdrətini öz vücudlarında və dünyanın başdan-başında hiss edəcəklər. Allah-taalanın buyurduğu “Onun haqq olması onlar üçün aşkar olsun” – dedikdə məqsəd Qaimin qiyamıdır ki, Allah tərəfindən olan bir haqdır və bu insanlar hökmən onu görəcəklər.”
Imam Kazim (əleyhis-salam) “asimanlarda və yerdə olanlar istər-istəməz Ona təslimdirlər” – ayəsinin təfsirində buyurdu: “Bu ayə Qaim barəsində nazil olmuşdur. O, zühur edən zaman Islamı yəhudilərə, məsihilərə, ulduzpərəstlərə, dinsizlərə, mürtədlərə, kafirlərə və yerin şərqində-qərbində olanlara təqdim edəcək, hər kəs Islamı öz xoşu ilə qəbul etsə, onu namaza, zəkata və bütün müsəlmanlara vacib olan sair göstərişlərə mükəlləf (vəzifəli) edəcəkdir. Islam dinini qəbul etməsə boynunu vuracaqdır. Belə ki, başdan-başa yer üzündə yeganəpərəst müvəhhiddən başqa bir kəs qalmayacaqdır.” Ravi ərz etdi: “Sənə fəda olum, axı camaat (kafir və dinsizlər) olduqca çoxdur?!” Həzrət buyurdu: “Əlbəttə, Allah bir işin icra olunmasını iradə etsə, azı çox və çoxu da az edər.”
Azı çoxaltmağın bir nümunəsi o həzrətin mö`cüzəli informasiya vasitələrinin bütün dünyaya hakim olmasıdır. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən belə rəvayət olunur: “Əgər dünyanın axırına bir gündən artıq qalmasa belə, Allah-taala adı mənim adımla eyni, əxlaqı mənimlə eyni və künyəsi Əbu Əbdillah olan bir şəxsi göndərəcək, camaat Rüknlə Məqam arasında onunla bey`ət edəcək, ona çoxlu fəthlər nəsib olacaq və bütün yer əhli “la ilahə illəllah” deyəcəklər.” Bu zaman Salman Farsi ayağa qalxıb dedi: Ey Rəsuləllah! (Bu kişi) sizin hansı övladınızın nəslindəndir? Həzrət, Imam Hüseyn (əleyhis-salam)-a işarə edərək “bu oğlumun övladlarındandır” – deyə buyurdu.
Amma sünnü və şiələrin nəzərində mö`təbər olan rəvayət budur ki, o həzrətin künyəsi, eynilə Peyğəmbərin künyəsi kimi Əbul-Qasimdir. Peyğəmbəri-Əkrəmin belə buyurduğu nəql olunmuşdur: “Məhdi mənim xanədanımdan, Fatimənin övladlarındandır. O, mənim üslubum əsasında mübarizə edər, necə ki, mən vəhy əsasında mübarizə edirdim.”
Başqa rəvayətdə isə belə buyurur: “O, axirəz-zamanda Islam dinini bərpa etmək üçün qiyam edər, necə ki, mən Islamın əvvəlində onu bərpa etmək üçün qiyam etmişdim.”
Digər rəvayətdə buyurur: “Dünyada Islam hakimindən başqa heç bir hakim olmayacaq və yer üzü gümüş lövhə kimi olacaqdır.” Yə`ni xalis gümüş parladığı kimi, yer üzü də küfr və nifaqın iyrənc simalarından paklanaraq tərtəmiz olacaq. Əli (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Başqaları Qur`anı öz rə`y və düşüncələri əsasında açdıqları zaman o (Qaim) rə`y və nəzərini Qur`andan əxz edər, ədalət üslubunu onlara göstərər, Kitab və Sünnəni – artıq tərk olunduğu bir halda – yenidən dirildər.”
Imam Sadiq (əleyhis-salam) buyurur: “Islam xar olduqdan sonra Allah onun (Qaimin) vasitəsilə ona izzət bağışlayacaq, tərk olunmuş bir halda qaldıqdan sonra onu yenidən canlandıracaq, cizyə (illik maliyyat) qərar verəcək və (kafir və münkirləri) qılıncla Allaha doğru də`vət edəcəkdir. Hər kəs inadkarlıq göstərib imtina etsə, qətlə yetiriləcək, hər kəs onunla qarşılaşmaq istəsə, xar və biçarə olacaqdır.”
Həmçinin, buyurur: “Allah onun vasitəsilə hər növ bid`əti aradan qaldıracaq, hər növ azğınçılığı məhv edəcək və hər növ sünnəni dirçəldəcəkdir.”
Imam Baqir (əleyhis-salam) buyurur: “Yer üzündə elə bir virançılıq olmaz ki, abad olunmamış qalsın. Allahdan başqa heç bir mə`bud və büt qalmaz, bunların hamısı oda düçar olub yanar.”
Həzrət Məhdi (əleyhis-salam)-la əlaqədar rəvayətlərdə deyilən ən bariz məsələlərdən biri də o həzrətin dünya səviyyəli hökumətində iqtisadi firavanlıq və texnologiyanın sür`ətlə inkişafıdır. Xüsusilə, nəzərə alaq ki, bu rəvayətlər Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründən hazırkı əsrə qədər – təbii elmlərin inkişafından əsrlər öncə – nəql olunmuşdur. Buna diqqət yetirməklə bilməliyik ki, maddi həyat bəşəriyyəti elə ümumi bir mərhələdə qərar vermişdir ki, gündəlik həyat hadisələrinin çoxunda, ictimai həyatda, beynəlxalq şəraitdə əvvəlki dövrlərə nisbətən çoxlu fərqlərə malikdir. Bundan əlavə, Imam Zaman (əleyhis-salam)-ın əsrində maddi həyatdan söhbət açan rəvayətlərdən mə`lum olur ki, onlar bizim öz əsrimizdə tanıdığımız şeylərdən çox-çox artıq olacaqdır. Bizi firavanlığa çatdıran şeylər adi bəşərin sə`yi və fəaliyyətləri ilə əldə olan elmi dəyişikliklər və inkişaflardır. Indi isə bu barədə nəql olunan rəvayətlərdən bir qismini qeyd edirik:
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in belə buyurduğu nəql olunur: “Yer öz xəzinələrini onun üçün xaric edəcək, o, hədsiz miqdarda malı və sərmayəni camaatın arasında paylayacaqdır.”
Digər rəvayətdə deyilir: “Belə ki, o, yerdən qızıl sütun kimi bir şey çıxaracaqdır.”
Başqa bir rəvayətdə deyilir: “O, saysız-hesabsız mal-dövlət və sərvəti camaata əta edəcəkdir.”
Şiə-sünnü mənbələrində məşhur olan bu rəvayətlər misli görünməmiş firavanlıqdan söhbət açır, o həzrətin insanlara qarşı səxavət və məhəbbət ruhiyyəsini bəyan edir. Imam Baqir (əleyhis-salam) belə buyurur: “Əhli-beytin Qaimi qiyam edən zaman (imkanatları) bərabər şəkildə bölüşdürəcək və rəiyyət arasında ədaləti bərqərar edəcəkdir. Hər kəs ona itaət etsə, Allaha itaət etmiş olacaq, hər kəs ona qarşı üsyan etsə, Allaha qarşı üsyan etmiş olacaqdır. Tövratı və digər səmavi kitabları Antakiyadakı mağaradan çıxaracaq və yəhudilərə Tövrat əsasında, məsihilərə Incil əsasında, Zəbur əhlinə onun göstərişləri, müsəlmanlara isə Qur`an ayələri əsasında hökm edəcəkdir. Dünya sərvətləri və mal-dövlətləri yerin daxil və xaricindən gəlib onun yanında toplanacaq və camaata deyəcək: “Gəlin o şeyə tərəf ki, onun xatirinə bir-birilə qohumluq əlaqələrini kəsib haram qanları axıtmış və Allahın haram buyurduğu şeylərə mürtəkib olmuşdunuz...” Hər kəsə o qədər mal-dövlət əta edər ki, ondan qabaq heç kəs o miqdarda əta etməmişdir, yer üzünü zülm, haqsızlıq və şərlə dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Məhdinin dövründə mənim ümmətim elə ne`mətlərdən bəhrələnəcəklər ki, onun kimi heç vaxt bəhrələnməmişlər. Səma öz yağışını onlara nazil edəcək, yer üzərində cücərməmiş heç bir bitki qalmayacaqdır.”
Başqa bir rəvayətdə buyurur: “Ümməti onun yanına elə sığınacaqlar ki, sanki bal arısı ana arının yanına yığışmışlar. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Belə ki, insanlar ilk cəmiyyətdəki kimi olacaqlar – o, yatmış adamı oyatmayacaq, qan axıtmayacaq.”
Bəlkə də, “insanlar ilk cəmiyyətdəki kimi” sözünün mə`nası budur ki, bəşər, ilk cəmiyyətində vahid ümmət kimi səfa-səmimiyyətdə, insani fitrət əsasında yaşadıqları, aralarında ixtilaf olmadığı kimi olacaqdır. Necə ki, Qur`anda “Camaat vahid bir ümmət idi.” –deyə buyurulur.
Bu da bə`zi rəvayətlərdə deyilən nəzəriyyəni təsdiqləyir, yəni bəşər cəmiyyəti Məhdi (əleyhis-salam)-ın dövründə heç bir fəqirlik olmayan ehtiyacsız bir cəmiyyət olacaqdır. Hamı eşq-məhəbbət, dostluq şəraitində yaşayacaq, ixtilaf və çəkişmələrdən uzaqda olacaq, məhkəməyə ehtiyac duyulmacaq, sonrakı mərhələdə isə al-verlər pulsuz olaraq yerinə yetiriləcəkdir. Belə ki, insanlar “qürbətən iləllah” niyyəti ilə bir-birinə xidmət edəcək, öz ehtiyaclarını bir-birinə hədiyyə verməklə, Peyğəmbərə salavat göndərməklə aradan qaldıracaqlar.
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Asimanın və yerin sakinləri ondan razı olacaq, asiman bir damlanı belə yağdırmaqda, yer öz bitkilərini cücərtməkdə heç nəyi əsirgəməyəcək. Belə ki, dirilər arzu edərək deyərlər ki, kaş ölülər də diriləydilər” ki, bütün bu ne`mətlərdən bəhrələnə bilsinlər.
Imam Baqir (əleyhis-salam) buyurur: “Mütəal Allah Öz dinini, hərçənd müşriklərin xoşuna gəlməsə belə, onun vasitəsilə aşkar edəcək, yerin bütün viranlıqları abadlaşacaq.”
Imam Sadiq (əleyhis-salam) buyurur: “Məhdi insanların qəlbində sevilir. Allah-taala onun vasitəsilə xoşagəlməz fitnə atəşini söndürəcəkdir.”
O həzrətdən “müdhammətan” ayəsinin təfsirində belə nəql olunmuşdur: “Məkkə-Mədinə arasındakı fasilə xurma ağaclarının vasitəsilə bir-birinə birləşəcək.”
Səid ibni Cübeyr belə nəql edir: “Qaim qiyam etdiyi ildə yer üzünə iyirmi dörd dəfə yağış yağacaq və onun xeyir-bərəkəti görünəcəkdir.”
Ibni Həmmad belə qeyd edir: “Məhdinin nişanəsi – öz məs`ul işçilərinə qarşı ciddi tələbkarlıq, fəqir-füqəraya isə ürəyiyananlıq və mal-dövlət əta etməkdir.” Həmçinin, “Məhdi sanki biçarələrin ağzına kərə yağı qoyur.”
Məhdi (əleyhis-salam)-la əlaqədar rəvayətlərdə həm keçmiş, həm də müasir nəsillər üçün kütləvi informasiya vasitələri, radio-televiziya, iqtisadi, təhqiqat və müharibə texnikaları, hökumət, qəzavət və digər şeylərdə qeyri-adi olan bir çox işlər qeyd edilir ki, zahirən onlardan bə`ziləri kəramət və mö`cüzə sayılır və Allah-taala bunları o həzrətin və köməkçilərinin əli ilə həyata keçirəcəkdir. Lakin onların çoxu yerdə və göylərdə olan maddələr surətində insanın ixtiyarına verilən təbii elmlərdə dərin irəliləyiş, ilahi ne`mət və qanunlardan bəhrələnmək sayəsində olacaqdır. Çoxlu rəvayətlərdə deyilir ki, həzrət Məhdi (əleyhis-salam)-ın vasitəsilə təbii elmlərdə dərin dəyişikliklər icad olunan zaman bəşəriyyətin yer üzərindəki həyatının bütün yönlərində sıçrayışlı inkişaf baş verəcəkdir. Imam Sadiq (əleyhis-salam) buyurur: “Elm iyirmi yeddi hərfdən (şö`bə və şaxədən) ibarətdir. Peyğəmbərlərin gətirdiklərinin məcmusu iki hərfdir, camaat o günə qədər iki hərfdən başqa bir şey bilməyəcəklər. Qaim qiyam edən zaman yerdə qalan iyirmi beş hərf də aşkar olacaq və camaatın arasında yayılacaq. Beləliklə də, elmin iyirmi yeddi hissəsi məcmu halında yayılacaqdır.”
Bu rəvayət Allahı tanımaq, Onun risaləti və axirətə adi olan ilahi peyğamları gətirən elmlər barəsində olsa da, təbii elmlərə də diqqət yetirir ki, rəvayətlərə əsasən, həmin elmlərin bə`zilərinin əsaslarını da peyğəmbərlər insanlara öyrətmiş, onun pəncərələrindən cüz`i bir hissəsini onların üzünə açmışlar. Misal üçün, həzrət Idrisin vasitəsilə dərziliyin, həzrət Nuhun vasitəsilə gəmi qayırma və dülgərliyin, Həzrət Davud və həzrət Süleymanın vasitəsilə zireh hazırlanması və sairəni göstərmək olar. Ehtimal verilir ki, bu rəvayətdə elm dedikdə, həm dini, həm də təbii elmlər nəzərdə tutulsun, yə`ni camaatın ixtiyarında olan elmlərlə nisbətdə həzrət Məhdi (əleyhis-salam)-ın onlara öyrətdiyi elm iyirmi beşdə iki faiz təşkil edir.
Imam Baqir (əleyhis-salam)-dan belə bir rəvayət nəql olunur: “Bilin ki, Zül-qərneyn iki buludu: ram olunmuş və inadkar buludu seçməkdə ixtiyar sahibi edildikdə o, ram olunmuş buludu seçdi, inadkar bulud isə sizin sevimliniz (Məhdi) üçün ehtiyat saxlandı.” Ravi deyir: “Soruşdum ki, inadkar bulud hansıdır?” Həzrət buyurdu: “O buluddur ki, onda şimşək və ildırım vardır və sizin sevimliniz onun üzərinə minəcəkdir. O, buludun üzərində hərəkət edəcək və bu vasitələrlə yuxarılara gedəcəkdir. Bunlar yeddilik təşkil edən göylərin və yerin vasitələridir ki, onun beş təbəqəsi abad, yerdə qalan ikisi isə virandır.”
Imam Sadiq (əleyhis-salam) belə buyurmuşdur: “Qaimin dövründə məşriqdə yaşayan mö`min bir şəxs məğribdə yaşayan mö`min qardaşını, məğribdə olan şəxs də məşriqdə olan din qardaşını görəcəkdir.”
Yenə buyurur: “Qaimimiz qiyam edən zaman Allah-taala şiələrimizin qulaq və gözlərini o qədər iti edəcəkdir ki, onlarla Məhdi arasında heç bir poçt olmayacaqdır. Belə ki, Imam onlarla danışdığı zaman onlar eşidəcək və onu görəcəklər, halbuki Imam öz yerində olacaqdır.”
Başqa bir hədisdə isə belə buyurur: “Işlər Sahibul-əmrin ixtiyarında qərar tutan zaman mütəal Allah yerin alçaqlıqlarını yüksəldəcək, yüksəkliklərini düzəldəcək, belə ki, dünya onun nəzərində əlin içi kimi olacaqdır. Sizdən hər hansı biriniz əlinizin içində olan bir tükü görməzmi?!”
Həmçinin rəvayət olunmuşdur ki, onun üçün nurdan olan bir sütun yerdən səmaya tərəf qaldırılacaqdır, o, Allah bəndələrinin əməllərini orada görəcəkdir. Misir ehramlarındakı bir daşın altında onun üçün bir elm zəxirə olunmuşdur ki, ondan qabaq heç kəsin əli ona çatmayacaq.
Çoxlu rəvayətlər də var ki, onları tam şəkildə araşdırıb izah etməyə macal yoxdur. Misal üçün, onlardan bə`ziləri ümumi şəkildə elmdə irəliləyişləri, mö`minlərin zehinlərini və xüsusi vasitələrin inkişafını bəyan edir, bə`ziləri də Imam (əleyhis-salam)-ın özü və onun köməkçilərinin kəramət və vasitələrindən söhbət açır. Misal üçün, Imam Baqir (əleyhis-salam)-ın buyurduğu bu rəvayəti qeyd etmək olar: “Sanki mən Qaimin köməkçilərini görürəm, onlar dünyanın şərqinə və qərbinə əhatə tapmışlar, hər bir şey onların fərmanı altındadır, hətta yer üzünün yırtıcıları və göylərin şikarçı quşları da onların razılığı ardınca olacaqdır. Hər bir şey, hətta yerin bir nöqtəsi digər bir nöqtəsinə fəxr edərək deyəcəkdir ki, bu gün Qaimin köməkçilərindən biri mənim üstümə qədəm qoyaraq buradan keçdi.”
Başqa rəvayətdə isə belə buyurur: “Qaim qiyam edən zaman yer üzünün hər bir məntəqəsinə (nümayəndə ünvanı ilə) bir nəfər göndərəcək və deyəcəkdir ki, sənə veriləcək göstərişlər öz əlindədir, əgər başa düşmədiyin və hökmünü bilmədiyin bir məsələ qarşıya çıxsa, öz əlinin içinə bax və onda olanlara əsasən əməl et.”
Bu rəvayət “Yovmul-xəlas” kitabında bə`zi mənbələrə nisbət verilmişdir ki, onu kitablarda tapa bilmədim. Mümkündür ki, bu hadisə onlar üçün mö`cüzəli və kəramət şəklində baş versin və çox inkişaf etmiş elmi vasitə və qanunlar əsasında həyata keçmiş olsun.
Həzrət Məhdi (əleyhis-salam)-la əlaqədar rəvayətlərdən mə`lum olur ki, o həzrətin təşkil edəcəyi dünya səviyyəli Islam hökuməti Süleyman və Zül-qərneynin hakimiyyətlərindən də daha əzəmətli və şövkətli olacaqdır. Bə`zi rəvayətlərdə bu mövzu aşkar şəkildə qeyd olunmuşdur. O cümlədən, Imam Baqir (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Bizim hakimiyyət sərhədlərimiz Süleyman ibni Davudun ölkə sərhədlərindən, hökumət və səltənətimiz isə onun səltənətindən böyükdür.”
Sonrakı rəvayət göstərir ki, Zül-qərneynin ixtiyarında olmayan vasitələr həzrət Məhdi (əleyhis-salam)-ın ixtiyarında olacaqdır. Bə`zi rəvayətlərdə deyilir ki, peyğəmbərlərin, o cümlədən Süleymanın mirası o həzrətin ixtiyarında olacaq, dünya onun nəzərində sanki əlin içi qədər görünəcəkdir. Çünki rəvayətlərin dediyinə görə, həzrət Süleymanın hakimiyyət dairəsi Fələstin və Şamdan ibarət idi, amma Misrə və ondan aşağı tərəflərə, yə`ni Afrika qitəsinə qədər gedib çatmırdı, Yəməndən-Hindistana, Çinə qədər ərazilər və digər ölkələr də onun ixtiyarında olmamışdır, hətta Iranın cənubundakı Istəxr şəhəri də o həzrətin hakimiyyətindən kənarda idi. Halbuki rəvayətlərə əsasən, həzrət Məhdi (əleyhis-salam)-ın hakimiyyəti bütün dünyanı əhatə edəcək, elə bir abadlıq qalmayacaqdır ki, orada Allahın yeganəliyinə, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in risalətinə şəhadət verilməsin; habelə yer üzündə abad olunmamış bir virançılıq qalmayacaqdır.
Digər tərəfdən, o həzrətin ixtiyarında olan imkanlar – istər mö`cüzəli şəkildə və Allahın inayəti ilə onun ixtiyarında qoyulan şeylər olsun, istərsə də elmi inkişaf və təbii vasitələrdən istifadə etmək baxımından – həzrət Süleymana verilən imkanlardan artıq olacaqdır. Zaman baxımından isə, rəvayətlərin və tarixçilərin dediyinə əsasən, Süleyman peyğəmbərin hakimiyyət dövrü yarım əsr davam etmiş və miladdan əvvəl 931-ci ildə vəfat etməsindən sonra onun dinində azğınlıq və inhiraflar yaranmış, nəticədə dövləti süqut etmişdir. Bundan sonra iki ölkə olan Qüds və Nablos arasında müharibə başlanmışdır.
Həzrət Məhdi (əleyhis-salam)-ın hakimiyyət dövrü ilə əlaqədar – onun həyatında və ondan sonra – rəvayətlərin müxtəlif olmasına baxmayaraq, bizim nəzərimizdə üstün sayılan budur ki, o həzrətin dünya səviyyəli hökuməti dünyanın axırına qədər davam edəcək və onun özündən sonra o həzrətin yolunu davam edəcək övladları hakimiyyətə çatacaqlar. Daha sonra peyğəmbərlərdən və Əhli-beyt imamlarından bə`ziləri dünyaya qayıdacaq və dünyanın axırına qədər hakimiyyətdə olacaqlar.
al-shia, Media-islam.Com 2008.