İslam dininin mühüm əqidələrindən biri də qiyamət günü bə`zi şəxslərin Allahın izni ilə şəfaət etməsidir.
Şəfaət o kəslərə ediləcəkdir ki, onlar heç vaxt Allah-taala ilə olan rabitələrini tamam şəkildə qırmamış və şəfaət olunmağa ləyaqətli olsunlar. Belə şəxslər bə`zi günahlara mürtəkib olduqlarına baxmayaraq şəfaətçilərin vasitəçiliyi ilə bağışlanacaq və bir daha Allahın rəhmətinə nail olacaqlar.
Qeyd etmək lazımdır ki, şəfaətə əqidə Qur`an və rəvayətlər əsasındanır:
1-Qur`ani-kərimdə şəfaət:
Bə`zi Qur`an ayələri qiyamət günündə şəfaət ediləcəyindən xəbər verir və eyni halda şəfaəti yalnız Allahın rizası və izni ilə şərtləndirir:
“Şəfaət edənlər Allahın razı olduğu insanlardan başqa, ayrı kəslər üçün şəfaət etməzlər."[1]
Ayrı bir ayədə isə belə buyurulur:
“Yalnız Allahın izni ilə şəfaət ediləcəkdir."[2]
Buna əsasən Qur`ani-kərimin nəzərində şəfaət Allahın razılığı və izni ilə qəbul olunmuş bir həqiqətdir.
İndi isə şəfaət edə bilən şəxslər haqqında danışaq:
Bə`zi ayələrdə mələklərin şəfaətçi olmasından xəbər verilir:
“Göylərdə nə çox mələklər vardır ki, onların şəfaəti yalnız Allahın izni, istəyi və razılığından sonra fayda verəcək."[3]
Qur`an təfsirçiləri “İsra" surəsinin 79-cu ayəsinin təfsirində Həzrət Mühəmmədin (s) şəfaətçi olacağını söyləmişlər. Allah-taala belə buyurur:
“Ümid var ki, Rəbbin səni bəyənilmiş məqama çatdırsın."[4]
Müfəssirlər “məhmud" (bəyənilmiş) məqam sözünü İslam Peyğəmbəri (s) üçün şəfaət məqamı kimi təfsir etmişlər.
2-Rəvayətlərdə şəfaət:
Qur`ani-kərimdən əlavə, bir çox rəvayətlərdə İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) şəfaətçi olacağından söz gedir. Onlardan bə`zisini diqqətinizə çatdırırıq. Həzrət Mühəmməd (s) buyurur:
“Həqiqətən mənim şəfaətim, ümmətimdən böyük günahlar əncam verənlər üçün olacaqdır."[5]
Şəfaətin böyük günahlara aid edilməsi bu səbəbdən ola bilər ki, Allah-taala Qur`ani-kərimdə böyük günahlardan çəkinənlərin bağışlayacağına və`də vermişdir.[6] Ona görə də kiçik günahlar üçün şəfaətə və bu kimi şeylərə ehtiyac duyulmur.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah-taala mənə beş şey əta etmişdir ki, onlardan biri də şəfaətdir. Mən onu öz ümmətim üçün zəxirə etmişəm (ehtiyat saxlamışam). Mənim şəfaətim Allaha şərik qoşmayanlar üçün olacaqdır."[7]
Həmçinin qeyd etmək lazımdır ki, qiyamət günü Əhli-beyt imamları (ə), alimlər və şəhidlər də şəfaət edəcəklər. Bu haqda ətraflı mə`lumat almaq üçün əqaid kitablarına baxa bilərsiniz.
Bunu da qeyd etməliyik ki, şəfaətə e`tiqad bəsləmək insanları günah əməllərə cür`ətləndirməməli, əksinə onlar üçün ümid vasitəsi sayılmalıdır. Onlar bu ümidlə doğru yola qayıtmalı, naümid şəxslər kimi tövbə edib Allah dərgahına qayıtmaqdan boyun qaçırmaqla özlərini axirət əzabına düçar etməməlidirlər.
Buradan mə`lum olur ki, şəfaətin əsas faydalarından biri də onun vasitəsi ilə bə`zi günahların bağışlanmasıdır. Buna əsasən mö`təzilə firqəsi kimi bə`zi bə`zilərinin dediyi “şəfaətin fayda və nəticəsi yalnız şəfaət olunanların məqamlarının ucalmasında xülasə olunur” sözü düz deyildir.[8]
Axirət aləmində Allahın izni ilə şəfaət etmək, İslam dininin mühüm əqidələrindən sayılır və bu haqda heç bir şübhə yoxdur. Amma belə bir sual yaranır ki, görəsən bu dünyada misal üçün, Həzrət Peyğəmbərdən (s) şəfaət diləmək olarmı? Biz Həzrət Peyğəmbərimizdən (s) diləyərək “Ey Allahın elçisi! Allah yanında mənə şəfaət et" deməyimiz düz işdirmi?
Cavabda qeyd olunmalıdır ki, bu iş (əməl) hicri-qəməri tarixi ilə səkkizinci əsrə qədər bütün müsəlmanlar tərəfindən qəbul olunmuş və caiz bir əməl idi. Amma səkkizinci əsrin yarısından sonra bə`zi şəxslər onun əleyhinə qalxıb, belə bir işi caiz bilmədilər. Halbuki, Qur`an ayələri, Həzrət Peyğəmbərin (s) mö`təbər hədisləri və müsəlmanların ardıcıl ən`ənəsindən əsasən bu əməlin caiz olması başa düşülür. Çünki bir şəxsin şəfaət etməsi onun şəfaət istəyənlər haqqında dua etməsi deməkdir. Mö`min şəxsdən dua diləmək şübhəsiz, caiz və bəyənilmiş bir işdir. Həzrət Peyğəmbərdən (s) bir işi diləmək məsələsində isə heç bir söz ola bilməz. İbni Abbasın Peyğəmbərdən (s) nəql etdiyi hədisdə bu əməlin caiz olması aydın şəkildə başa düşülür. O hədis belədir:
Həzrət Mühəmməd (s) buyurur: “Hərgah, dünyadan getmiş bir müsəlmanın cənazəsinə qırx nəfər müvəhhid (Allahın yeganəliyini qəbul edən) kişi namaz qılarsa, Allah-taala onların həmin müsəlmanın haqqındakı şəfaətini qəbul edər."[9]
Mə`lum məsələdir ki, qırx nəfərin bir şəxs haqqındakı şəfaəti, onların meyyit haqqında dua etməsindən başqa bir şey deyildir.
Tarix kitablarında Peyğəmbərin (s) səhabələrinin o Həzrətdən (s) şəfaət diləməsinə şahid oluruq.
Termezi Ənəs ibni Malikdən belə nəql edir: Həzrət Peyğəmbərə (s) ərz etdim: “Xahiş edirəm, qiyamətdə mənə şəfaət et." Həzrət Peyğəmbər (s) buyurdu: “Bunu edərəm." Soruşdum: Qiyamət günü sizi harada tapım? O Həzrət buyurdu: “Sirat körpüsünün kənarında."[10]
Şəfaət istəmək şəfaətçidən bir şey diləmək mə`nasını daşıdığına görə, ilahi peyğəmbərlərin də vaxtında bu cür nümunələrin baş verməsinə şahid ola bilərik. Onların bə`zisi Qur`ani-kərimdə zikr olunmuşdur. O cümlədən:
1-Yə`qub peyğəmbərin övladları, günahlarının üstü açıldıqdan (Yusif (ə)-ın başına nə gətirdikləri mə`lum olduqdan) sonra o Həzrətdən xahiş etdilər ki, Allahdan onlar üçün bağışlanmalarını istəsin. Həzrət Yə`qub da onların xahişini qəbul edib, Allahdan onların bağışlanmağını istədi.[11]
2-Qur`anda buyurulur ki, hərgah islam ümmətindən özünə zülm etmiş (yə`ni günahkar) bir şəxs Peyğəmbərin (s) hüzuruna gəlib onun vasistəsi ilə Allahdan əfv diləyərsə, onun öz tövbəsi və və Peyğəmbərin (s) Allahdan əfv diləyi qəbul olunur. Allah-taala Öz rəhmətini belə şəxslərə şamil edər.[12]
3-Həmçinin münafiqlər (iki üzlülər) haqqında buyurulur:
“Hərgah onlara “gəlin və Peyğəmbərdən istəyin ki, sizin üçün Allahdan əfv diləsin" - deyildikdə, boyun qaçırır və təkəbbülük edirlər.”[13]
Deməli, mahiyyəti eynilə şəfaət istəmək olan istiğfardan boyun qaçırmaq ikiüzlük nişanəsidirsə, onda onu əncam vermək Allah dərgahında iman və təvazökarlıq əlaməti sayılacaqdır.
Həmçinin qeyd etmək lazımdır ki, məqsədimiz şəfaətin caiz olduğunu isbat etmək olduğundan bu ayələrdə şəfaət edənlərin diri olmaması bizim məqsədimizə xələl yetirmir. Hətta bu ayələr yalnız diri şəxslərdən şəfaət diləməyi yetirsə belə, yenə də bizim sözümüz üçün heç bir irad qarşıya çıxmır. Çünki, diri şəxsdən şəfaət diləmək caiz olarsa, dünyadan getmiş şəxsdən də şəfaət diləməyin heç bir eybi olmayacaq. Bildiyimiz kimi şəfaətçinin ölü və ya diri olması tovhid və şirk üçün me`yar deyildir. Burada əsas məsələ onların eşitməsidir. Biz “təvəssül" fəslində onun bə`zi faydalarını diqqətinizə çatdıracağıq.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, tovhidə inanan bir şəxsin peyğəmbərlərdən və ilahi övliyalardan şəfaət istəməsi, bütpərəstlərin öz bütlərindən şəfaət istəməsi ilə kökündən fərqlənir. Çünki mö`minlər iki şeyi nəzərə almaqla ilahi övliyalardan şəfaət istəyirlər: Onlar aşağıdakılardan ibarətdir:
1-Şəfaət məqamı Allaha məxsus və Onun ixtiyarında olan bir məqamdır. Qur`ani-kərimdə buyurulur:
“De ki, şəfaət tamamilə Allaha məxsusdur."[14]
Həmçinin buyurulur:
“Kimdir ki, Allahın izni olmadan şəfaət etsin və şəfaəti qəbul olsun?"[15]
2-Mö`minlərin əl uzatdığı şəfaətçilər Allahın seçilmiş bəndələri və Onun dərgahına yaxın bəndələrdən olduğu üçün duaları da qəbul olunur.
Aşağıdakı iki şərtə nəzər salmaqla müvəhhid mö`minlərlə be`sət dövründəki bütpərəst müşriklərin əsaslı fərqi aydın olacaqdır:
Birinci: Müşriklər öz bütləri üçün heç bir məhdudiyyətə inanmır və belə hesab edirdilər ki, Allah taala Öz məqamını kar və kor bütlərə vermişdir! Halbuki, müvəhhid mö`minlər şəfaət məqamını yalnız Allaha aid bilir və bir kəsin yalnız Onun izni və rizası ilə başqalarına şəfaət edə bilməsinə inanırlar.
İkinci: Həzrət Peyğəmbərin əsrində yaşayan müşriklər cəhalət və puç gümanlar üzündən öz əlləri ilə düzəltdiyi bütləri Allahlıq məqamında hesab edir və bu cansız əşyalara sitayiş edirdilər. Halbuki, müvəhhid mö`minlər peyğəmbərləri və imamları, Allah-taalanın xalis bəndələri bilib, daimən bu sözləri təkrar edirlər: “əbduhu və rəsuluh” (yə`ni Həzrət Peyğəmbər (s) Allahın bəndəsi və elçisidir) və ya: “ibadillahis-salihin” (Allahın saleh bəndələri) və s.
Gördüyünüz kimi, bütpərəstlik ilə şəfaət arasında çox böyük fərq vardır. Buna əsasən müşriklər və bütpərəstlərin puç əqidələrini məhkum edən ayələrin islam dininin məşhur əqidələrindən sayılan şəfaətə aid edilməsi əsassız, heç bir şər`i me`yara sığmayan qiyas və müğalitə (sofistika) olacaqdır.
[1] “Ən·iya» surəsi, ayə 28.
[2] “Yunis» surəsi, ayə 2.
[3] “Nəcm» surəsi, ayə 26.
[4] “Isra» surəsi, ayə 79.
[5] “Əl-mizan», 13-cü cild, səh. 191-192; “Məcməul-·əyan», 10-cu cild, səh. 549.
[6] “Mən la yəhzuruhul-fəqih» (Şeyx Səduq), 3-cü cild, səh. 376.
[7] “Xisal», (Şeyx Səduq», ·eşlik ·a·ları; “Səhihi Buxari», 1-ci cild, səh. 42; “Müsnəd Əhməd», 1-ci cild, səh. 301.
[8] “Ə‚ailul-məqalat», (Şeyx Mufid), səh. 54 ‚ə ·aşqa kita·lar.
[9] “Səhihi Müslüm», 3-cü cild, səh. 54.
[10] Bu hədis “Səhih Termezi» kita·ının 4-cü cildinin 42-ci səhifəsində nəql olunmuşdur.
[11] “Yusif» surəsi, ayə 97.
[12] “Nisa» surəsi, ayə 64.
[13] “Münafiqun» surəsi, ayə 5.
[14] “Zümər» surəsi, ayə 44.