İnsan da iki “öz” vardır: Heyvani və insani “öz”. İnsanın dəyəri heyvani “öz” ilə yox, onun insani “öz”ü ilə ölçülür. Heyvani “öz” həqiqətdə özününkü deyildir. İnsanın bir növ heyvan olmasına, özünün heyvani həyatının tələblərinə diqqət yetirməli olmasına baxmayaraq bu dünyada heyvan kimi yaşamaq üçün gəlməmişdir; o, insani həyatını təkmilləşdirmək üçün öz heyvani həyatından istifadə etməlidir.
İnsanın hər iki həyatında – heyvani və insani həyatında müxtəlif ehtiyacları vardır və onların mənbəyi də vücudunda qoyulmuşdur. Heyvan olub inkişaf etməli olduğuna görə suya, qidaya, yaşayış məskəninə, paltara və s. -yə ehtiyacı vardır. O, diri qalmaq üçün suya, qidaya ehtiyac duyur, onun tə`min olunması üçün ciddi cəhdlə sə`y göstərir, onun varlığında aclıq, susuzluq, yeməyə, suya olan meyl və ləzzət hissləri qoyulmuşdur. İnsan növünün qalıb davam etməsi üçün onun varlığında cinsi qərizə və həyat yoldaşına olan meyl qoyulmuşdur.
İnsan öz nəslinin qalıb davam etməsini sevir, öz həyatını davam etdirmək üçün heyvani həyatının tələblərini də ödəməlidir. Yeməyi gördükdə, aclıq hiss edib yemək istədikdə öz-özünə deyir ki, yemək hazırlayıb yeməliyəm, əgər bu məqsədin həyata keçməsi yolunda müəyyən maneələr olsa onunla mübarizə aparmalıyam. Bu hiss pis bir şey deyildir, çünki insan, öz həyatını davam etdirmək üçün işləməli, yeməli və içməlidir. İslamda nəinki onun qarşısı alınmamış, əksinə bu işə tövsiyə də edilmişdir., lakin bunu da bilmək lazımdır ki, heyvani həyat hədəf deyil, sadəcə bir müqəddimə, vasitədir. Deməli əgər bir kəs heyvani həyata üstünlük versə və özünün heyvani meyl və istəklərini tə`min etmək üçün gecə-gündüz ciddiyyətlə çalışsa, öz həyatının hədəfini yemək, içmək, istirahət etmək, geyinmək, şəhvətbazlıq etmək, heyvani qərizələri tə`min etmək qərar versə belə bir şəxs tam mə`nada azğınlığa düçar olmuşdur. Çünki bu halda özünün mələkuti ruhunu və insani əqlini kənara qoymuş və onu “unutqanlıq evində” həbs etmiş olur. Belə bir şəxsi insan hesab etmək olmaz: əslində o, insan surətində olan bir heyvandır, onun əqli vardır, lakin öz əqlinə o qədər əhəmiyyət vermir ki, insani səciyyələri, əxlaqi fəzilətləri tanıyıb onun ardınca gedə bilmir. Gözü və qulağı vardır, lakin həqiqətləri görüb eşitmir.
Qur`ani Kərim belə şəxsləri heyvan, hətta ondan da artıq azğınlar adlandırır. Çünki heyvanın ağlı yoxdur və dərk eləmir, lakin belə insanın əql qüvvəsi ola-ola heç bir şeyi başa düşmür.
Qur`anda buyurulur: “Əgər sənin də`vətini qəbul etməsələr bil ki, onlar öz həvayi-nəfslərinə tabe olurlar. Allahın hidayətini boşlayıb öz həvayi-nəfslərinə tabe olanlardan da azğın bir şəxs ola bilərmi?! Allah zalımları heç vaxt hidayət etməz.”[1]
Başqa bir ayədə buyurulur: “Həqiqətən cin və insanlardan çoxunu cəhənnəm üçün yaratmışıq (yə`ni onlar düzgün olmayan seçki əsasında cəhənnəmə gedərlər), çünki onların qəlbi var, lakin onunla başa düşmürlər, gözləri vardır, lakin onunla görmürlər, qulaqları vardır, amma onunla eşitmirlər. Bunlar heyvanlar kimi, hətta onlardan da daha azğındılar. Onlar qafil olandırlar.”[2]
Başqa bir yerdə buyurulur: “O şəxsi gördünmü ki, alim (elmli) ola-ola öz həvayi-nəfsini öz mə`budu qərar verdi, Allah da onu zəlalətə saldı, qulaqlarına və qəlbinə möhür vurdu, gözlərinə pərdə saldı?! Allahdan başqa kim onu hidayət edə bilər?! Nə üçün öyüd-nəsihət (ibrət) almırsınız?!”[3]
Mələkuti nəfsini, insani kamal və səadətini nəfsani istəklərə və heyvani həyata qurban verənlər nə qədər ziyankar və bədbəxtdirlər! Onlar öz insani nəfslərini heyvani ləzzətlərə dəyişmişlər.
Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “(Əsl) xəsarət görən o kəsdir ki, dünyaya baş qoşsun və axirət həyatında olan bəhrəsini əldən versin.”[4]
Yenə buyurur: “Öz nəfsini çirkin, yaramaz işlərdən saxla, baxmayaraq ki, o, səni rəğbətli olduğun işlərə çəkir. Çünki öz nəfsindən verdiyin şeylər müqabilində əvəz almırsan. Özünü başqasına qul etmə, halbuki Allah səni azad yaratmışdır. Bir xeyir ki, şərdən başqa bir şey ilə əldə olunmaz, xeyir deyildir. Çətinlikdən başqa şey ilə əldə olunmayan xeyir asan olmaz.”[5]
Başqa bir yerdə buyurur: “Necə də pis ticarətdir ki, dünyanı öz nəfsinin dəyəri kimi biləsən və onu Allah yolunda olanların əvəzində satasan.”[6]
Amma insan “heyvani öz”də xülasələnmir, onun insani bir “öz”ü də vardır və onun səbəbi ilə müqəddəs aləmdən gələn mücərrəd və mələkuti bir gövhər sayılır və heyvani istəklərdən tamamilə başqa olan dəyərləri tələb edir. Əgər insan öz zatına, mələkuti ruhuna baxsa, özünü yaxşı-yaxşı tanısa biləcəkdir ki, qüdrət, kərəm, elm, rəhmət, bəxşiş, nur, ehsan, xeyir və ədalət aləmindən, bir sözlə kamal aləmindən gəlmişdir və həmin aləmlə mütənasibdir.
Burada insanın başqa bir bəsirəti olmalı və digər bir aləmə baxmalıdır. O, Mütləq kamala baxaraq onun dəyərlərinə meyl edir, həmin dəyərlərdən istifadə edərək öz nəfsini heyvaniyyətin aşağı mərhələsindən hərəkət etdirərək kamalın yüksək mərhələlərinə çatdırır və ilahi dərgaha yaxınlaşır.
Məhz burada əxlaqi dəyərlərin yüksək məqamı aydın olur. İnsanın elm, ehsan, xeyirxahlıq, fədakarlıq, ədalət, bəxşiş, məhrumları, zəifləri müdafiə etmək, doğruçuluq, düzgünlük, əmanətdarlıq kimi dəyərləri istəməsinin səbəbi də məhz budur ki, özünün kamal aləmindən gəldiyini bilir, belə dəyərlərin özünün yüksək insani məqamına mütənasib olduğunu görür, məhz buna görə də bunları sevir, hətta öz heyvani “öünü” və onun istəklərini bu dəyərlərə çatmaq yolunda qurban verməyə razı olur.
Əxlaqi dəyərlər və insani keyfiyyətlər bir sıra ruhani-mə`nəvi kamallardan ibarətdir ki, insanın mələkuti ruhu özünün kamal istəyən ehtiyacları ilə onlarla olan tənasübünü dərk edir və deyir ki, bu işləri görmək lazımdır. Əxlaqi cəhətdən “yerinə yetirilməli” lərin mənşəyi nəfsin şərafət və kəramətindən qaynaqlanır və ruhani kamala, zatın yüksəkliyinə çatmaq üçün istifadə olunur. “Haqq yolunda fədakarlıq etməliyik” deməsinin mə`nası budur ki, fədakarlıq mənim zatımın təkamülə çatması, tərəqqi etməsi üçün faydalıdır və bu yüksəkliyə çatmalıyam. İnsanların mə`nəvi kamallara çatmasının yeganə bir vasitəsi vardır və bütün insanlar dəyərlərin və dəyərlərə zidd olan şeyləri tanınmaqda bir-birinə oxşar yaradılmışdır.
İnsan özünün pak və kamal sevən fitrətinə müraciət etdikdə, həvəslərdən uzaqda düşünsə həm əxlaqi fəzilətləri və dəyərləri, həm də əxlaqa zidd olan fəzilətləri anlaya bilər. Bu, bütün insanlarda və bütün dövrlərdə belə olmuşdur. Amma insanlardan bə`zilərinin belə müqəddəs bir idrakdan məhrum olmalarının səbəbinə gəldikdə isə, demək lazımdır ki, onların güclü heyvani meylləri və şiddətli həva-həvəsləri əqllərinin nurunu söndürmüşdür və özləri nəfsin tə`siri altına düşmüşdür. Qur`an da fəzilətlərin və rəzilətlərin dərk olunmasını insanların fitri bir xüsusiyyəti hesab edərək buyurur: “And olsun nəfsə və o kəsə ki, nəfsi gözəl yaratdı, azğınlıq və təqva yolunu ona öyrədib ilham etdi. Belə isə hər kəs öz nəfsini saflaşdırıb pərvəriş versə qurtuluşa nail olacaqdır, hər kəs onu günah və çirkin əxlaqla aludə etsə ziyan görəcəkdir.”[7]
Peyğəmbərlər bu məqsədlə gəlmişlər ki, insanların yatmış fitrətlərini oyatsınlar, onların agah olmayan əxlaqi şüurlarını agah şüura çevirsinlər, insanları fəzilətlərə, əxlaqi səciyyələrə diqqət yetirməkdə, onları tanımaqda, kamal mərhələlərini dəf etməkdə və Pərvərdigarın qürb məqamına çatmaqda kömək etsinlər. Onlar gəlmişlər ki, insanları, insaniyyətin yüksək dərəcəsinə çatmaq, yüksək insani dəyərlərin dirçəldilməsi və qorunmasının zərurətindən agah etsinlər, insanlara bu mühüm məsələni xatırladıb desinlər ki, siz heyvan deyil, insansınız və mələkdən yüksək bir varlıqsınız. Dünyəvi işlər və heyvani təzahürlər sizin mələkuti məqamınıza layiq deyildir, özünüzü onlara satmayın.
İmam Səccad (ə)-dan “İnsanların ən yüksəyi, ən şərafətlisi kimdir?” deyə soruşulduqda, buyurdu: “O kəsdir ki, dünyanı öz nəfsinin şərəf və dəyəri müqabilində görməsin.”[8]
Əgər insan özünün insani şəxsiyyətini tanıyıb insani “öz” ünü gücləndirsə onda batinində əxlaqi fəzilətlər dirçələcəkdir və rəzil xislətlərə qalib gələcəkdir. Məhz bu zaman insanın şəxsiyyəti ona icazə vermir ki, insani dəyərləri boşlayıb əxlaqa zidd olan şeylərin ardınca getsin, məsələn doğruluqdan, düzgünlükdən əl çəkib yalanın ardınca getsin, əmanətdarlıqdan əl çəkərək xəyanətin ardınca getsin, izzəti-nəfsi (nəfsi əziz saxlamağı) buraxaraq zəlilliyə tərəf getsin, ehsanı boşlayaraq camaata əzab-əziyyət vermək və sair kimi işlərin ardınca getsin.
Əmirəl-mö`minin Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Hər kəs öz nəfsini əzizləsə nəfsani istəklər onun nəzərində alçalacaqdır.”[9]
Peyğəmbərlər daim çalışmışlar ki, insanların fitrətlərini oyatsınlar, nəticədə öz varlıqlarının cövhərinin nədən ibarət olduğunu anlasınlar, Allahla olan əlaqə və bağlılıqlarını dərk etsinlər, hər bir şeylərini Allah dərgahına yaxınlaşmaq və razılıq məqamını əldə etmək üçün sərf etsinlər, belə ki, hətta yemək, içmək, yatmaq, baxmaq, danışmaq, işləmək, yaşamaq, ölmək və s. kimi işlər hamılıqla əxlaqi və müqəddəslik yönünə malik olsun. İnsan Allahın bəndəsi olub Onun razılığından başqa bir şeyi nəzərində almasa onun bütün işləri ibadət, əxlaq və dəyər olacaqdır.
“De: Mənim namazım da, həcc əməllərim də, ölməyim də, diriliyim də hamısı aləmlərin Rəbbi olan Allah üçündür, Onun heç bir şəriki yoxdur, mən də bu işə əmr olunmuşam, mən birinci müsəlmanam.”[10]
Məhz buna görə də islam dinində insanın özünün tanımasının xüsusi dəyəri vardır. Əmirəl-mö`minin Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurub: “Nəfsi tanımaq mənfəətlərin ən faydalısıdır.”[11]
Yenə buyurur: “Hər kəs öz nəfsini tanısa onun işləri əzəmətli olar.”[12]
Özünü və nəfsini tanımaq dedikdə məqsəd pasportda qeyd olunanlar deyil, əksinə bu mə`nayadır ki, insan özünün yaradılış aləmindəki həqiqi məqamını tanısın və başa düşsün ki, yer üzündə yaşayan sadə bir canlı deyil, o, rübubi aləmindən gəlmiş bir nur, Allahın yer üzündəki xəlifəsi və Onun əmanətdarıdır, agah, ixtiyarlı və azad yaradılan bir mələkuti varlıqdır ki, sonsuz kamal mərhələlərinə doğru seyr etməli, özünün xüsusi yaradılışı ilə özünü paklaşdırmalı və nəfsinə pərvəriş verilməsi mə`suliyyətini öhdəsinə almalıdır. İnsan belə bir mə`rifət əsasında kəramət və şərafət hiss edir, özünün varlıq dəyərini və müqəddəsliyini anlayır, həmçinin əxlaqi səciyyələr və insani fəzilətlər onun üçün həqiqi mə`na və dəyər kəsb edir.
Məhz belə olan surətdə ümidsizlikdən, mə`yusluqdan, puç fikirlərdən, bihudəlikdən və gündəlik təkrarlardan xilas olur, həyat onun üçün dəyərli, müqəddəs və hədəfli gözəl olur.
[1] “Qəsəs” surəsi, ayə…50
[2] “Ə`raf” surəsi, ayə…179
[3] “Casiyə” surəsi, ayə…23
[4] “Ğürərul-hikəm”, 1-ci cild, səh.88
[5] “Nəhcül-bəlağə”, (Sübhi Saleh) səh.9
[6] “Nəhcül bəlağə”, 32 və 75-ci xütbələr
[7] “Şəms” surəsi, 7-10-cu ayələr
[8] “Tuhəful-üqul”, səh.285
[9] “Nəhcül-bəlağə”, qisar kəlmələri, 449
[10] “Ən`am” surəsi, ayə…162
[11] “Qurərul-hikəm”, səh.768
[12] “Qurərul-hikəm”, səh.628
al-shia, Media-islam.Com 2008.