MEDIA-ISLAM.COM


 

 

BATİNİ HƏYAT

İnsanın bu dünyada bir zahiri həyata malikdir ki, onun cismi və bədəni ilə əlaqədardır. O yeyir, içir, yatır, hərəkət edir, iş görür, lakin eyni halda onun zatının batinində nəfsani bir həyatı da vardır. O, bu dünyada yaşaması ilə eyni zamanda zatının batinində ya səadətə, kamala və nuraniyyətə doğru seyr edir, ya da bədbəxtliyə, qaranlıqlara doğru yuvarlanır; ya insaniyyətin həqiqi yolunda Allaha doğru hərəkət edir, ya da insaniyyət yolundan azaraq heyvanlığın qaranlıq, zülmətli və alçaq vadilərinə yuvarlanır; ya kamalın yüksək dərəcələrindən nura, sevincə, camala gedən yoldadır, ya da zülmətlərə, əzab və süquta aparan yoldadır. Camaatın əksəriyyətinin bu batini həyatdan qafil olmasına baxmayaraq bunun gerçəkliyi vardır.

Allah Qur`anda buyurur: “Dünya həyatının zahirindən agahdırlar, lakin axirət həyatından (batini həyatdan) qafildirlər.”[1]

Amma bilməyin, yaxud bilməməyin real gerçəklikdə heç bir tə`siri yoxdur. Qiyamətdə maddiyyat pərdələri insanın gözləri önündən çəkildikdə özünün fe`liyyətə çatmış gerçəkliyindən agah olacaqdır. Mütəal Allah Qur`anda buyurub: “(Qiyamətdə insana deyilər:) Sən dünyada bu məsələdən qafil idin, lakin bu gün sənin gözlərin daha itidir.”[2]

Bu ayədən mə`lum olur ki, axirətlə əlaqədar olan işlər elə bu dünyada və insan vucudunun batinində mövcuddur, lakin insan ondan qafildir, o, qəflət pərdələrinin götürüldüyü axirət aləmində hər bir şeyi əyani olaraq müşahidə edəcəkdir. Qur`ani Kərim ayələrindən və hədislərdən mə`lum olur ki, insanın nəfsi bu dünyada müəyyən şeylər kəsb edir, onun kəsb etdiyi şeylər həmişə onunla yanaşı olacaqdır, onun axirətdəki gələcəyi üçün müqəddəratı həll edən rol ifa edəcəkdir. Nümunə olaraq aşağıdakı ayələri qeyd edirik:

“Hər bir nəfs gördüyü əməllərin girovundadır.”[3]

“Hər bir nəfs kəsb etdiyi şeyləri qiyamətdə tamam-kamal olaraq alacaqdır.”[4]

“Allah sizi, bihudə andlarınız vasitəsi ilə cəzalandırmaz, lakin qəlbinizin kəsb etdiyi şeylərin vasitəsi ilə cəzalandırar. Allah bağışlayan və helm sahibidir.”[5]

Digər bir ayədə buyurulur: “Allah heç bir nəfsi, onun qüdrətindən artıq olaraq mükəlləf etməz. (Nəfsin) kəsb etdiyi bütün yaxşılıqlar onun özününküdür, onun bütün pis işləri də öz ziyanına tamam olacaqdır.”[6]

Yenə buyurulur: “O gündə ki, hər bir nəfs yerinə yetirdiyi yaxşı işi öz qarşısında hazır görəcəkdir, eləcə də yerinə yetirdiyi pis işləri görəcək və arzu edəcəkdir ki, kaş onunla pis işləri arasında uzun-uzadı fasilə olaydı!”[7]

“Hər kəs saleh bir əməl yerinə yetirsə öz nəfsi üçün yerinə yetirmişdir, hər kəs çirkin bir işə mürtəkib olsa öz nəfsinin ziyanına olacaqdır. Sonra sizin hamınız Pərvərdigarınıza doğru qaytarılacaqsınız.” [8]

“Hər kəs zərrə miqdarında yaxşı iş görmüş olsa onu qiyamətdə görəcəkdir, hər kəs zərrə qədər pis iş görmüş olsa onu müşahidə edəcəkdir.”[9]

Başqa ayədə buyurulur: “İnsan üçün özünün sə`ylərinin hasilindən başqa bir şey qalmaz və o qiyamətdə öz sə`ylərini görəcəkdir.”[10]

Yenə buyurulur: “Əvvəlcədən (bu dünyada) öz nəfsləriniz üçün göndərdiyiniz şeylərin hamısını Allah yanında tapacaqsınız.”[11]

“O gündə (qiyamətdə) insanın mal-dövləti və övladları ona heç bir fayda yetirməz; yalnız Allahın görüşünə sağlam qəlblə gələnlərdən başqa.”[12]

Peyğəmbəri Əkrəm (s) səhabələrdən birinə buyurdu: “Ey Qeys! Sən hökmən özün üçün bir munis hazırlayacaqsan və o, qəbirdə səninlə olacaq. O diridir və sən onunla birlikdə dəfn olunacaqsan. Əgər o yaxşı və əziz olsa səni də əziz edəcək, əgər alçaq olsa səni də alçaldacaqdır. Sonra sən qiyamətdə onunla birlikdə diriləcəksən, səndən hesab-kitab çəkiləcəkdir. Çalış, özün üçün əməli saleh bir munis seç; əgər saleh olsa onunla ünsiyyətdə olacaqsan, əgər azğın və fasiq olsa sənin vəhşətin və əzabın onun tərəfindən başqa bir şey olmayacaqdır. O munis sənin əməllərindir.”[13]

İnsan elə bu dünya da özünün axirət həyatının tə`min olunmasına və nəfsinin pərvəriş edilməsinə məşğuldur. Əqidə və fikirlər, səciyyə və xasiyyətlər, məhəbbət, bağlılıq və ünsiyyətlər, eləcə də nəfsdə tə`sir qoyan sair işlərin vasitəsi ilə tədrici olaraq qurulur və pərvəriş tapır. Onun necə olması bu kimi işlərlə bağlıdır. Haqq mə`rifət və əqidələr, gözəl əxlaq və insani səciyyələr, Allaha məhəbbət və bağlılıq, Allahla ünsiyyət və Ona diqqət yetirmək, Allaha itaət edib Onun razılığını qazanmaq, Allahın əmr etdiyi saleh əməlləri yerinə yetirmək insanın mələkuti ruhunu kamal dərəcələrinə doğru yüksəldir və Allahın qürb məqamına çatdırır. İnsan İman və saleh əməl vasitəsi ilə elə bu dünyada yeni və pak-pakizə bir həyata malik olur, bu da axirət aləmində aşkar olur.

Qur`ani-kərimdə buyurulur: “Hər kəs – istər qadın, istərsə də kişi İmanı olduğu halda saleh bir əməl görsə Biz onu pak və gözəl bir həyatla dirildərik.”[14]

İnsan, bu dünyada bədən və cismi ilə ləzzət alıb bəhrələndiyi ne`mətlərdən əlavə mə`nəvi ne`mətlərdən də bəhrələnir, onların vasitəsi ilə öz ruhuna pərvəriş verir, özünün mə`nəvi və axirət həyatını qurur. Bunun da nəticəsi axirət aləmində zahir olur.

İmam Cə`fər Sadiq (ə)buyurur: “Allah Öz bəndələrinə buyurur: Ey mənim siddiq (sadiq) bəndələrim! Dünyada Mənə ibadət ne`mətindən istifadə edin ki, axirət aləmində elə bunlardan bəhrələnəsiz.”[15]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurub: “Allah zikrinə müdavimət etmək ruhların qidasıdır.”[16]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)yenə buyurub: “Allahı zikr (yad) etməyi heç vaxt unutmayın, çünki o, qəlblərin nurudur.”[17]

Behişt və onun ne`mətləri, eləcə də cəhənnəm və onun əzabları elə bu dünyada, insanın əqidə, əxlaq və əməllərinin vasitəsi ilə əmələ gəlir. Biz ondan qafil olsaq da, axirət aləmində, sirlərin aşkar olduğu bir gündə həqiqətlər aşkar olacaqdır.

İmam Səccad (ə)buyurub: “Agah olun! Hər kəs Allah övliyası ilə düşmənçilik etsə, Allah dinindən başqa bir din seçsə, Allah vəlisinə e`tina etməsə və öz rə`yinə əməl etsə bədənləri yeyən atəş şö`lələrində olar; elə bədənlər ki, ruhlarını əldən vermiş və bədbəxtlik onlara qələbə çalmışdır. Bunlar elə ölülərdir ki, atəşin hərarətini dərk etmirlər. Əgər diri olsaydılar atəşin əzabını və hərarətini dərk edərdilər. Ey bəsirət sahibləri! İbrət alın və Allaha həmd edin ki, sizi hidayət etmişdir.”[18]

Qur`anda buyurulur: “Yetimlərin mal-dövlətini nahaq yerə yeyənlər öz qarınlırına od daxil edirlər və bu odlar tezliklə şö`lələnəcəkdir.”[19]


 

[1] “Rum” surəsi, ayə…7

[2] “Qaf” surəsi, ayə…22

[3] “Muddəssir” surəsi, ayə…38

[4] “Ali-İmran” surəsi, ayə…161

[5] “Bəqərə” surəsi, ayə…225

[6] “Bəqərə” surəsi, ayə…286

[7] “Ali-İmran” surəsi, ayə…30

[8] Casiyə 15

[9] “Zilzal”, surəsi, ayə…7

[10] “Nəcm” 39

[11] “Bəqərə” 110

[12] “Şüəra” surəsi, ayə…85

[13] “Camius-səadat”, 1-ci cild, səh.17

[14] “Nəhl” surəsi, ayə…97

[15] “Biharul-ənvar”, 70-ci cild, səh.253

[16] “Ğürərul-hikəm”, səh.764

[17] “Ğürərul-hikəm”, səh.479

[18] “Qürrətul-üyun”, (Mərhum Feyz Kaşani), səh.466

[19] “Nisa” surəsi, ayə…100

 

 


al-shia, Media-islam.Com 2008.