MEDIA-ISLAM.COM


 

QUR`ANDA QƏLB

“Qəlb” kəlməsi Qur`anda və hədislərdə çox işlənmişdir və çox əhəmiyyətə malikdir., lakin qəlb dedikdə məqsədin insanın döş qəfəsəsinin sol tərəfində yerləşən ət olması və özünün müntəzəm zərbələri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır. Çünki Qur`ani Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə uyğunluğu yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq:

1-Dərk etmək və əql qüvvəsini işlətmək: “Nə üçün yer üzündə seyr etmirlər ki, onunla təəqqül edəcəkləri qəlbə malik olsunlar?!”[1]

2-Düşünməmək, dərk etməmək əqli işə salmamaq: “Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlür.”[2]

“Onların qəlblərinə möhür vurulmuşdur və başa düşməzlər.”[3]

3-İman: “Allah bu insanların qəlbində İmanı təsbit etmiş və Öz tərəfindən olan ruhla onları qüvvətləndirmişdir.”[4]

4-Küfr etmək və İman gətirməmək: “Axirətə İman gətirməyənlərin qəlbləri inkar edir və təkəbbürlük göstərirlər.”[5]

“Onlar (kafirlər) elə kəslərdir ki, onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulmuşdur və onlar qafillərdir.”[6]

5-Nifaq (münafiqlik): “Münafiqlər bundan qorxurlar ki, Allah tərəfindən bir surə nazil olsun və onların qəlblərində olanlardan xəbər versin.”[7]

6-Hidayət: “Hər kəs Allaha İman gətirsə qəlbini hidayət edər. Allah hər bir şeydən agahdır.”[8]

Başqa bir ayədə buyurulur: “Həqiqətən bunda (keçmiş ümmətlərin həlak olmasında) qəlbləri olan, yaxud həqiqətlərə qulaq asıb şahid olanlar üçün böyük nəsihət və ibrətlər vardır.”[9]

7-Qəflət. Qur`anda buyurulur: “O kəs ki, qəlbini Bizi yad etməkdən qafil etmişik və o, həvayi-nəfsə tabe olur, ona itaət etmə.”[10]

8-Aramlıq və xatircəmlik. Qur`anda buyurulur: “Agah olun (və bilin) ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.”[11]

Yenə buyurulur: “Məhz O (Allah) mö`minlərin qəlblərinə aramlıq nazil etdi ki, İmanları artsın.”[12]

9-Iztirab və tərəddüd. Qur`anda buyurulur: “Səndən yalnız Allaha və qiyamət gününə İman gətirməyən və qəlblərində şəkk-şübhə olanlar (cihaddan qaçmaq üçün) icazə istəyirlər. Onlar həmişə şəkk və tərəddüddədilər.”[13]

10-Mehribanlıq və rəhmət. Qur`anda buyurulur: “Isaya tabe olanların qəlblərində mehribanlıq və rəhmət qərar verdik.”[14]

Yenə buyurulur: “Özünün köməyi və mö`minlərin vasitəsi ilə səni gücləndirən və onların qəlblərinə ülfət salan Allahdır.”[15]

11-Kobud rəftar və daşürəklilik. Qur`anda buyurulur: “Əgər daşürəkli və kobud xasiyyətli olsaydın camaat sənin ətrafından dağılışardı.”[16]

Bir sözlə, Qur`anda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir. O cümlədən İman, küfr, nifaq, təəqqül, dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir, halbuki zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz; bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır.

Deməli qəlb dedikdə insanın insaniyyətini tə`yin edən mələkuti mücərrəd gövhər nəzərdə tutulur.

Qur`anda qəlbin məqamı o qədər yüksəkdir ki, vəhydən, yə`ni insanla Allah arasında rabitə vasitəsindən söhbət açıldıqda qəlbin adı çəkilir, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə xitab edilərək belə buyurulur: “Ruhul-əmin (Cəbrəil) Qur`anı sənin qəlbinə nazil etdi ki, insanları (itaətsizlik edəcəkləri təqdirdə ilahi əzabdan) qorxudanlardan olasan.”[17]

Başqa ayədə buyurulur: “Hər kəs Cəbrəillə düşmənçilik etsə (Allahla düşmən olmuşdur, çünki) Cəbrəil yalnız Allahın izni ilə Qur`anı sənin qəlbinə nazil etmişdir.”[18]

Qəlbin məqamı o qədər yüksəkdir ki, vəhy mələyini görə, onun sözlərini eşidə bilər: “Allah Öz bəndəsinə (Həzrəti Muhəmmədə) vəhy etdi və Peyğəmbərin qəlbi müşahidə etdiyi şeydə (mələkdə) yalan demədi.”[19]

Qəlbin sağlamlığı və xəstəliyi

Bizim həyatımız qəlbimizə və ruhumuza bağlıdır. Bədəni idarə edən də odur. Bütün əza və bədən üzvləri ona tabedir, bütün əməl və hərəkətlər qəlbdən qaynaqlanır. Deməli insanın bədbəxt və ya xoşbəxt olması da onun qəlbinin necə olmasına bağlıdır. Qur`an ayələrindən və hədislərdən mə`lum olur ki, insanın bədəni bə`zən sağlam, bə`zən isə xəstə olduğu kimi onun qəlbi də bə`zən sağlam, bə`zən isə xəstə olur. Qur`anda buyurulur: “O gündə (qiyamətdə) insan üçün mal-dövlət və övladın heç bir faydası olmaz, yalnız o kəslər üçün (faydası olar) ki, Allaha doğru sağlam qəlblə qayıtmış olsun.”[20]

Yenə buyurulur: “Həqiqətən bunda (bəd əməl sahiblərinin həlak olmasında) qəlbi olan insanlar üçün xatırlatma vardır.”[21]

Yenə buyurulur: “Behişti müttəqilər üçün yaxına gətirərlər ki, azacıq belə, uzaq olmasın. Bu, həmin behiştdir ki, Allaha doğru qayıdaraq öz nəfslərini günahdan saxlayan insanlara və`də verilmişdi. O kəslərə ki, mehriban Allahdan qorxaraq xaşe olan qəlblə gəlmiş olsun.”[22]

Gördüyunüz kimi bu ayələrdə “sağlamlıq” qəlbə aid edilir və insanın axirət səadəti Allah dərgahına sağlam və xaşe qəlblə qayıtması ilə şərtləndirilir. Digər tərəfdən Qur`ani Kərim bə`zi qəlbləri xəstə deyə qeyd edir. O cümlədən:

“Onların (münafiqlərin) qəlblərində xəstəlik vardır. Allah da onların xəstəliklərini artırar.”[23]

“Qəlblərində xəstəlik olanların aludəliklərini artırdı.”[24]

“O zaman ki, münafiqlər və qəlblərində xəstəlik olanlar “Allahın və Rəsulun və`dələri qürur və aldadıcı şeydən başqa heç nə deyildir” - deyərlər.”[25]

“Sən qəlblərində xəstəlik olanları (yəhudi və məsihilərlə dostluq üçün) tələsən halda görərsən ki, deyərlər: “Qorxuruq ki, bizim üçün bir giriftarçılıq yaransın.”[26]

Bu ayələrdə küfr, nifaq və kafirlərlə dostluq qəlbin xəstəliyi ünvanı ilə qeyd olunur. Bu kimi ayələr, eləcə də Peyğəmbərdən və Əhli-beyt imamlarından nəql olunan yüzlərlə rəvayətlərdən mə`lum olur ki, insanın qəlbi və ruhu da bədəni kimi sağlam və ya xəstə ola bilər. Deməli qəlbin xəstəlik və sağlamlığını məcazi mə`naya götürməyin heç bir zərurəti yoxdur. Allahın qəlbin və nəfsin xaliqi olduğu, Peyğəmbər və pak imamların insanı və qəlbi tanıyıb qəlbin bə`zi xəstəliklərindən xəbər verdikləri halda nə üçün qəlbin xəstəliyi özünün həqiqi mə`nasına yozulmamalıdır?! Həqiqi insanşünas küfr, münafiqlik, haqqı qəbul etməmək, təkəbbür, kin-küdurət, qəzəb, siayət, söz gəzdirmək, xəyanət, xudbinlik, qorxu, bədxahlıq, töhmət, nalayiq danışmaq, qeybət etmək, kobud rəftar, zalımlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, şan-şöhrət istəmək, riyakarlıq, hiyləgərlik, sui-zən etmək, qəlbin daşlaşması, nəfsin zəifliyi və sair kimi çirkin sifətləri qəlbin və ruhun xəstəliyi kimi təqdim etmişlər. Deməli belə dərdlərlə dünyadan gedənlər Allah hüzurunda sağlam qəlbə malik olmayacaqlar ki, aşağıdakı ayənin nümunəsi olsunlar: “O gündə Allahın dərgahına sağlam qəlblə gələnlərdən başqa, mal dövlət və övlad heç kəsə fayda verməz.”

Qəlbin və nəfsin xəstəliklərini əhəmiyyətsiz hesab etmək olmaz; bunlar fiziki xəstəliklərdən qat-qat təhlükəli, müalicəsi də olduqca çətindir. Fiziki və cismi xəstəliklərdə bədənin normallığı, müvazinəti pozulur, müəyyən ağrılar, narahatçılıqlar baş verir, bə`zi hallarda üzvdə nöqsanlı hal irəli gəlir, lakin hər bir halda o məhduddur və ömrünün axırına qədər davam etmir. Amma qəlbin və nəfsin xəstəlikləri öz ardınca axirət bədbəxtçiliyini, işgəncəsini və əzabını gətirir, qəlbin dərinliklərinə işləyən və ruhu yandıran bir dərd gətirir. Bu dünyada Allahdan qafil olan, ilahi nişanələri müşahidə etməyən, bir ömür zəlalət, küfr və günahda keçirən qəlb həqiqətdə kor, qaranlıq və zülmətlidir. Qiyamətdə də elə həmin korluq və işıqsızlıqla dirildiləcikdir, dərdli, əzablı, işgəncəli və ağır həyatdan başqa bir taleyə malik olmayacaqdır.

Allah Qur`anda buyurur: “Hər kəs Bizim zikrimizdən üz döndərsə ağır həyata malik olacaqdır və qiyamətdə onu kor məhşur edəcəyik. O deyər: “Nə üçün məni kor diriltdin? Halbuki mən dünyada görürdüm!!” Allah onun cavabında buyurar: “Bizim ayələrimiz sənin üçün gəldi, lakin onları unutdunuz. Buna görə də sən də unudulacaqsan.”[27]

“Nə üçün yer üzündə seyr eləmirlər ki, onunla düşünə biləcəkləri qəlbləri, eşidən qulaqları olsun?! Həqiqətən (kafirlərin) zahirdəki gözləri kor deyil əksinə onların qəlblərinin gözü kordur.”[28]

“Hər kəsin bu dünyada (batini gözü) kor olsa axirətdə də kor və azğın olacaqdır.”[29]

“Hər kəsi Allah hidayət etsə o hidayət olunar, hər kəsi (öz əməli nəticəsində) azdırsa onun üçün heç bir dost və köməkçi tapmazsan və qiyamətdə onları üzü üstə dirildərik, halbuki kor lal və kar olacaqlar.”[30]

Bu sözdən təəccüblənərək “Qiyamətdə insanın batin gözü necə kor ola bilər? Məgər bizim zahirdəki qulaq-gözümüzdən başqa bir qulaq və gözümüz də varmı?” - deyə soruşa bilərsiniz. Cavabında demək lazımdır ki, insanın Xaliqinin və ilahi insanşünasların verdiyi xəbərə görə insanın qəlb və ruhunun da gözü, qulağı və dili vardır. Amma onun gözü, qulağı və dili öz növündəndir. Insanın nəfsi çox sirli bir varlıqdır, o, zatının batinində xüsusi bir həyata malikdir. Nəfsin özünəməxsus bir aləmi vardır: Bu aləmdə həm nur vardır, həm də zülmət, həm səfa və paklıq vardır, həm də küdurət, aludəlik; həm görmək və eşitmək vardır, həm də korluq və karlıq. Bu aləmin nuru və zülməti dünya aləminin nur və zülməti növündən deyildir; Allaha, məada, nübüvvətə və Qur`ana İman gətirmək nəfs aləminin nurudur.

Allah Qur`anda buyurur: “Ona (Muhəmmədə) İman gətirib onu əzizləyən və kömək edənlər, həmçinin onunla olan nura (Qur`ana) tabe olanlar qurtuluşa, səadətə nail olacaqlar.”[31]

“Həqiqətən Allah tərəfindən sizin üçün nur və bəyan edən kitab nazil olmuşdur.”[32]

“Allah, islamı qəbul etmək üçün sinəsini (qəlbini) genişləndirdiyi və Pərvərdigarının tərəfindən ruh alan bir şəxs (başqaları ilə birdirmi?!) Vay olsun o kəslərin halına ki, qəlbləri Allahın zikrindən (yayınmaqla) qəsavət bağlamışdır (daşlaşmışdır), belə şəxslər aşkar azğınlıqda olacaqlar.”[33]

Allah bizə xəbər verərək buyurmuşdur ki, islam, Qur`an, İman, islamın hökmləri və qanunları bütünlükdə nurdur və onlara tabe olmaq qəlbi nurani edir. Doğrudan da bunlar qəlbə elə bu dünyada nuranilik verir, lakin onun nəticəsi axirət aləmində aşkar olur.

Allah bizə yenə də xəbər verərək buyurmuşdur ki, küfr, nifaq, günah, haqdan imtina etmək zülmət və qaranlıqdır, qəlbi qaraldıb aludə edir. Əlbəttə bunun da nəticəsi axirət aləmində aşkar olacaqdır. Peyğəmbərlər də buna görə gəlmişlər ki, insanları küfr zülmətlərindən çıxardaraq İman və nur mühitinə daxil etsinlər.

Qur`anda buyurulur: “(Ey Peyğəmbər!) Biz Qur`anı sənə nazil etdik ki, insanları qaranlıqlardan, zülmətlərdən nura doğru çıxarasan.”[34]

Mö`minlər elə bu dünyada İman, nəfsin saflığı, gözəl əxlaq, zikr, Allahı yad etmək və saleh əməl kimi nurun vasitəsilə öz qəlb və nəfslərini nurani edir, batini göz və qulaqları ilə həqiqətləri eşidib müşahidə edirlər, kamal dərəcələrində ilahi qürb məqamına doğru hərəkət edirlər. Belə nəfslər bu dünyadan getdikdən sonra tam mə`nada nur, sevinc, şadlıq və gözəllikdə olacaq, axirət aləmində dünyada əldə etdikləri həmin nurdan bəhrələnəcəklər.

Allah Qur`anda buyurur: “Yada sal o zamanı ki, mö`min kişilər və qadınların nuru onların qabaqlarını və sağ tərəflərini işıqlandırar. (Onlara deyilər:) Bu gün sizin müjdəniz ağaclarının altından çaylar axan behişdir, bu behişdə həmişəlik qalacaqsınız. Bu da böyük qurtuluş və səadətdir.”[35]

Bəli, axirət aləminin nuru elə bu dünyada kəsb edilməlidir. Buna görə də axirət aləmində kafirlərin və münafiqlərin nuru olmayacaqdır.

Qur`anda buyurulur: “Yada sal o zamanı ki, münafiq kişilər və qadınlar mö`minlərə deyər: “Icazə verin, sizin nurunuzdan istifadə edək.” Onlara deyilər: “(Əgər bacarırsınızsa) dünyaya qayıdaraq özünüz üçün nur hazırlayın.”[36]

 


 

[1] “Həcc” surəsi, ayə…46

[2] “Ə`raf” surəsi, ayə…179

[3] “Tövbə” surəsi, ayə…78

[4] “Mucadilə” surəsi, ayə…22

[5] “Nəhl” surəsi, ayə…22

[6] “Nəhl” surəsi, ayə…28

[7] “Tövbə” surəsi, ayə…64

[8] “Təğabun” surəsi, 11

[9] “Qaf” surəsi, ayə…38

[10] “Kəhf” surəsi, 28

[11] “Rə`d” surəsi, ayə…28

[12] “Taha” surəsi, 4

[13] “Tövbə surəsi, ayə…45

[14] “Hədid” surəsi, 27

[15] “Ən`am” surəsi, ayə…63

[16] “Ali-Imran” surəsi, 159

[17] “Şüəra” surəsi, ayə…194

[18] “Bəqərə” surəsi, ayə…94

[19] “Nəcm” surəsi, ayə…11

[20] “Şüəra” surəsi, ayə…89

[21] “Qaf” surəsi, ayə…37

[22] “Qaf” surəsi, 31-32-ci ayələr

[23] “Bəqərə” surəsi, 10-cu ayə

[24] “Tövbə” surəsi, 125-ci ayə

[25] “Əhzab” surəsi, 13-cü ayə

[26] “Maidə” surəsi, 52-ci ayə

[27] “Taha” surəsi, 125-ci ayə

[28] “Həcc” surəsi, 46-cı ayə

[29] “Isra” surəsi, 72-ci ayə

[30] “Isra” surəsi, 97-ci ayə

[31] “Maidə” surəsi, 15-ci ayə

[32] “Maidə” surəsi, 15-ci ayə

[33] “Zümər” surəsi, 22-ci ayə

[34] “Ibrahim” surəsi, 1-ci ayə

[35] “Hədid” surəsi, 12-ci ayə

[36] “Hədid” surəsi, 13-cü ayə

 


al-shia, Media-islam.Com 2008.