MEDIA-ISLAM.COM


 

 

QƏLB TƏBIBLƏRI

Keçən dərsdə qeyd olundu ki, qəlblər də bədənlər kimi sağlam və ya xəstə ola bilər, insanın axirət səadəti də bu məsələyə, yə`ni qəlbin sağlam halda dünyadan getməsinə bağlıdır.

Indi qəlbin sağlam və ya xəstəliyinin əlamətlərini öyrənməliyik ki, onun müxtəlif növ xəstəliklərə yoluxduğunu dərk edə bilək. Xəstəliyin səbəb və amillərini tanımalıyıq ki, onların qarşısını ala bilək, nəfsimizin sağlamlığına riayət etmək üçün çalışaq.

Görəsən bu barədə ehtiyacsızıqmı, yoxsa peyğəmbərlərə ehtiyacımız vardır? Şübhəsiz, bizim nəfs kimi mələkuti varlığın xüsusi yaradılışı və sirləri barəsində kifayət qədər mə`lumatımız yoxdur. Ümumiyyətlə özümüzün batini və nəfsani həyatımızdan xəbərsizik, buna görə də nəfsin xəstəlik amillərini tanıyıb ayırd edə bilmərik. Biz nəfs və ruhun müxtəlif növ xəstəliyi, onların müalicə edilməsi və qarşısının alınması yollarından kifayət qədər agah deyilik. Buna görə də bizi bu yolla hidayət etsinlər deyə, peyğəmbərlərin varlığına ehtiyac duyulur. Peyğəmbərlər bəşər ruhlarının həqiqi mə`nada təbibləri və mütəxəssisidir, onlar Allah tərəfindən olan köməklə nəfslərin dərdlərini və onun müalicə yollarını daha yaxşı şəkildə bilirlər. Onlar vəhy məktəbində insanşünas və ruhşünas olmuşlar, bu mələkuti varlığın sirlərindən tamamilə agahdırlar. Onlar həm təkamülün düzgün yolunu və insanı Allah dərgahına yaxınlaşdıran yolları, həm də onu azğınlığa salan səbəbləri yaxşı-yaxşı bilirlər. Buna görə də bu çətin yolu ötüb keçməkdə insanlara kömək edərək onların azğınlığa düşməsinin qarşısını ala bilərlər.

Bəli, peyğəmbərlər tarix boyunda insanlara layiqli köməklər edən ilahi təbiblərdir. Bu xidmətlər bədən təbiblərinin göstərdiyi xidmətlərdən qat-qat dəyərlidir. Peyğəmbərlər ruhun mələkuti cövhərini kəşf edərək insana təqdim etmiş, onların insani şəxsiyyətlərini dirçəltmişlər. Insanları gözəl əxlaq, mə`nəviyyat və məariflə məhz onlar tanış etmiş, Allah dərgahına yaxınlaşma yollarını onlara öyrətmişlər. Onlar insanları Allahla və qeyb aləmi ilə tanış etmiş, ruhlarının saflaşdırılmasına, nəfslərinin pərvəriş verilməsinə çalışmışlar. Insanların arasında mövcud olan mə`nəviyyat, atifə, məhəbbət, gözəl əxlaq və sifətlər də məhz ilahi təbiblərin göstərdiyi ardıcıl sə`ylərin bərəkətinədir. Peyğəmbərlər olmasaydı şübhəsiz insanların vəziyyəti indiki kimi olmazdı.

Doğrusu, peyğəmbərlər həqiqi təbiblər və bəşəriyyətin ən üstün həkimləridir. Buna görə də hədislərdə “təbib” ünvanı ilə qeyd olunmuşdur.

Əliyyibni Əbitalibyyibni Əbitalib (ə)İslam Peyğəmbəri (s)barəsində buyurur: “Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm səyyar bir təbib idi. Nəfslərin müalicə olunması üçün daim çalışırdı, o, (nəfsdə olan yaraları müalicə etmək, xəstəliklərin kökünü kəsmək üçün) məlhəmləri və cərrahiyyə əməliyyatı vasitələrini hazırlamışdı və münasib vaxtlarda onlardan istifadə edirdi. Kor qəlblərə, kar qulaqlara, lal dillərə şəfa verirdi. Öz dərmanlarını insanların qəflət və heyrət yerlərində hikmət nurundan istifadə etməyən, həqiqət və maarifləri istixrac etməyən və buna görə də ot yeyən heyvanlar və bərk daşlar kimi yaşayan insanlara sərf edirdi.”[1]

Qur`ani Kərim peyğəmbərləri qəlblərə şəfa verən şəxs kimi tanıtdıraraq buyurur: “Pərvərdigarınız tərəfindən sizə moizə və sinələrdə (qəlblərdə) olan dərdlərə şəfa (Qur`an) gəldi.”[2]

Yenə buyurulur: “Qur`andan, mö`minlər üçün şəfa və rəhmət olan şeyləri nazil etdik.”[3]

Əmirəl-mö`minin Əliyyibni Əbitalibyyibni Əbitalib (ə)Qur`ani Kərim barəsində buyurur: “Qur`anı öyrənin, çünki o, kəlamların ən yaxşısıdır. Onun ayələrində yaxşı-yaxşı fikirləşin, çünki o, qəlblərin baharıdır (bahar yağışı kimi qəlbləri dirildir) və Qur`anın nurundan şəfa alın, çünki o qəlblərə şəfa verir.”[4]

Başqa bir yerdə buyurur: “Bilin! Hər kəs Qur`ana malik olsa heç bir şeyə ehtiyacı olmaz. Hər kəs Qur`andan məhrum olsa heç vaxt zəngin olmaz. Qur`ani Kərim vasitəsilə öz qəlblərinizin xəstəliklərini müalicə edin və çətinliklərlə mübarizə aparmaq üçün ondan kömək diləyin. Çünki ən böyük xəstəliklərin, yə`ni küfr, mə`nəvi korluq və zəlalətin şəfası Qur`andadır.”[5]

Bəli, İslam Peyğəmbəri (s)nəfsləri müalicə edən ən yaxşı təbibdir. O, bizim dərdlərimizi və dərmanlarımızı yaxşı-yaxşı bilirdi. Bizim daxili və ruhi xəstəliklərimizə şəfa verən ən yaxşı proqramları, yə`ni Qur`anı bizim ixtiyarımıza vermişdir. Bundan əlavə müxtəlif nəfsani xəstəliklərin tanınması, qarşısının alınması və müalicə yollarını Peyğəmbəri Əkrəm (s)və ümumən bütün imamlar şərh etmişlər və bunlar da bizə hədis şəklində gəlib çatmışdır. Deməli əgər öz nəfsimizin xoşbəxtlik və sağlamlığını istəyiriksə Qur`an və hədislərdən istifadə etməli və bununla da öz nəfsimizin sağlamlığına, ruhumuzun təmizliyinə çalışmalıyıq. Qur`an ayələrindən, Peyğəmbəri Əkrəm (s)və imamların yol göstərmələrindən istifadə edərək öz nəfsimizin xəstəliklərini tanıyıb onların müalicəsinə ciddi əhəmiyyət verməliyik. Bu həyati və müqəddəratı həll edən işdə səhlənkarlıq etsək böyük ziyana, ağır xəsarətə düçar olacağıq ki, onun da nəticəsi axirətdə aşkar olacaqdır.

NƏFSIN SAFLAŞDIRILMASI VƏ TƏKMIL EDILMƏSI

Əvvəldə qeyd olundu ki, nəfsin saflaşdırılması və pərvəriş verilməsi bizim üçün ən zəruri məsələlərdəndir. Çünki dünya və axirətdəki səadətimiz bu məsələyə bağlıdır. Ilahi peyğəmbərlər də həmin hədəfi həyata keçirmək üçün məb`us olunmuşlar.

Ruhi quruculuq və nəfsin saflaşdırılması iki mərhələdə yerinə yetirilir:

Birinci mərhələ: nəfsin pis işlərdən, yaramaz əməllərdən saflaşdırılması, yə`ni qəlbin çirkin əxlaqdan təmizlənməsi və günahdan uzaq olmaq. Bu əmələ təzkiyə və təxliyə də deyilir.

Ikinci mərhələ nəfsə pərvəriş verilməsi və onun təkmilləşdirilməsidir. Bu da haqq məarifin, elmlərin əldə olunmasıdır ki, gözəl əxlaqi fəzilətlərə sahib olmaq və saleh əməl görməklə müyəssər olur. Bu əmələ təhliyə də deyilir. Yə`ni nəfsə pərvəriş verilməsi, onun zinətləndirilməsi və təkmilləşdirilməsi.

Insan özünü qurmaq üçün hər iki mərhələni ötməlidir, çünki əgər nəfs pisliklərdən paklanmasa haqq məarifin və elmlərin pərvəriş verilməsi, gözəl əxlaqlara və əməli salehə nail olmaq üçün qabiliyyəti olmayacaqdır. Aludə və şeytanın mərkəzi olan bir qəlb ilahi nuru qəbul etmək üçün necə mərkəz ola bilər? Allahın müqərrəb mələkləri belə bir qəlbə necə yol tapa bilər? Digər tərəfdən əgər İman, mə`rifət, əxlaqi səciyyələr və gözəl əməllər olmazsa insanın nəfsi hansı vasitələrlə pərvəriş tapıb təkamülə çatar? Deməli insan, öz nəfsini saflaşdırmaq üçün hər iki mərhələni birlikdə görməlidir: bir tərəfdən qəlbini paklaşdırmalı, digər tərəfdən isə saleh əməli görməlidir. Şeytanı qəlbdən çıxarıb mələyi ora daxil etməlidir. Allahdan başqasını qəlbdən çıxarıb ilahi işraqları və ifazələri cəlb etməlidir. Bu iki mərhələ bir-birini qarşılıqlı şəkildə tamamlayır. Əvvəlcə qəlbi saflaşdırıb saleh əməli sonraya saxlamaq, eləcə də batini çirkinliklərə göz yumaraq saleh əməlin ardınca getmək olmaz. Bu iki mərhələ eyni zamanda və bir-birinə uyğun şəkildə yerinə yetirilməlidir. Pisliklərin və çirkin əxlaqların tərk edilməsi insanı yaxşı işlərə doğru sövq edir, saleh əməlin yerinə yetirilməsi də günahın və çirkin əxlaqın tərk edilməsinə səbəb olur. Biz bu bəhsdə bu iki mərhələnin bir-birindən ayrı şəkildə araşdırır və nəfsin saflaşdırılması məsələsini irəli salırıq.

 


 

[1] “Nəhcül-bəlağə”

[2] “Yunüs” surəsi, 57-ci ayə

[3] “Isra” surəsi, 82-ci ayə

[4] “Nəhcül-bəlağə”, 110-cu xütbə

[5] “Nəhcül-bəlağə”, 176-cı xütbə

 


al-shia, Media-islam.Com 2008.