MEDIA-ISLAM.COM


 

 

NƏFSİN SAFLAŞDİRİLMASİ

Bu mərhələdə üç əməli yerinə yetirmək lazımdır:

a) Nəfsin batil əqidələrdən, yanlış fikirlərdən və xurafatlardan təmizlənməsi.

b) Nəfsin çirkin əxlaq və rəzil sifətlərdən təmizlənməsi.

v) Günah işlərin tərk edilməsi.

Batil əqidələr və xurafatlar cəhalət, zəlalət və nadanlıqdan ibarətdir. Onlar qəlbi, nəfsi qaraldır, insanı təkamülün düz yolundan və Allah dərgahına yaxınlaşmaqdan saxlayır. Batil əqidə sahibləri təkamül yolunu tanımadıqlarından və azğınlıq vadisində qaldığından şübhəsiz məqsədə çatmayacaqlar. Qaranlıq olan bir qəlb Allahın müqəddəs nurunun saçmasına necə mərkəz ola bilər? Eləcə də çirkin əxlaqlar heyvani xislətləri və səciyyələri gücləndirir, insani ruhu tədrici olaraq sönüklüyə doğru çəkir. Belə bir şəxs kamala və ilahi qürb məqamına çatmaqdan ibarət olan insaniyyətin əsl hədəfinə çatmayacaqdır. Günaha mürtəkib olmaq da nəfsi aludə edərək insanı təkamül yolundan saxlayır, Allaha yaxınlaşmaqdan azdırır və onu daha da uzaqlaşdırır. Belə bir şəxs yekun hədəfə nail olmayacaqdır. Deməli nəfsin saflaşdırılması bizim üçün müqəddəratı həll edən, həyati və çox zəruri işlərdən hesab olunur. Buna görə də əvvəlcə çirkin əxlaq və günahlarla tanış olmalı, daha sonra əmələ başlayıb nəfsimizi paklamalıyıq.

Xoşbəxtlikdən birinci qismdə heç bir çətinliyimiz yoxdur, çünki nəfslərin həqiqi təbibləri və ilahi insanşünaslar, yə`ni peyğəmbərlər və imamlarımız rəzil əxlaqi xüsusiyyətləri bizə tamamilə aydınlaşdırıb vəsf etmiş, hətta onların müalicə yollarını da bəyan etmişlər, həmçinin günahları sadalamış, onların tərk edilmə yollarını bizə öyrətmişlər. Bizim hamımız rəzil sifətləri tanıyır və onların çirkinliyini bilirik. Biz nifaq (münafiqlik), təkəbbür, həsəd, kin-küdurət, qəzəb, sözgəzdirmək, xəyanət, xudbinlik, bədxahlıq,  töhmət, nalayiq söz danışmaq, kobud xasiyyətlilik, zülm etmək, e`timadsızlıq, qorxaqlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, dünya malına məftun olmaq, məqam və vəzifə aşiqi olmaq, riyakarlıq, aldatmaq, hiyləgərlik, sui-zən, qəlbin qəsavəti, nəfsin zəifliyi və bu qəbildən olan digər xüsusiyyətlərin pis və yaramaz olduğunu bilirik.

Bizim hamımız fitri olaraq bunların çirkinliyini dərk edirik. bundan əlavə yüzlərlə ayə və minlərlə hədis də bu xüsusiyyətlərin çirkin və qəbahətli olmasına şəhadət verir. Bu barədə hədis baxımından azacıq belə çatışmamazlıq hiss olunmur. Eləcə də bütün haramlar və günah əməllər Qur`ani-kərimdə və şərif hədislərdə şərh olunmuş, onların cəzaları bəyan edilmişdir. Biz əksər hallarda onların hamısını bilirik, buna görə də rəzil xüsusiyyətlərin, kəbirə və səğirə günahların tanınmasında heç bir çətinliyimiz yoxdur. Eyni halda əksər hallarda şeytanın və əmmarə nəfsinin əlində əsirik, nəfsimizi günahlardan, çirkin əxlaqlardan təmizləməyə müvəffəq olmuruq. Bizim əsas çətinliyimiz bundan ibarətdir və bunun üçün çarə yolu fikirləşməliyik.

Mənim nəzərimcə hadisənin ən mühüm amili iki şeydən ibarətdir: 1-Öz əxlaqi və mə`nəvi xəstəliklərimizi tanımırıq, ruhən xəstə olduğumuzu e`tiraf etmirik. 2-Əxlaqi və ruhi xəstəlikləri kiçik sayırıq, onların pis nəticələrindən və acınacaqlı aqibətindən qafilik. Buna görə də onları müalicə etmək üçün ciddi-cəhdlə sə`y göstərmirik. Məhz bu iki amil səbəbilə biz nəfsin islah edilməsi və saflaşdırılmasından qafil oluruq. İndi isə bu barədə müəyyən qədər bəhs edib müalicə yollarını araşdırırıq.

RUHİ XƏSTƏLİKDƏN QAFİLLİK

Biz əxlaqi xəstəlikləri adətən tanıyır, onların çirkinliyini dərk edirik, lakin özümüzdə yox başqalarında. Əgər başqalarında müəyyən bir pis əxlaq, yaxud pis rəftarı görsək onun çirkinliyini yaxşı-yaxşı dərk edirik, halbuki həmin çirkin sifətin, bəlkə də ondan artığının bizdə olduğu halda ümumiyyətlə ona diqqət yetirmirik. Məsələn başqalarının hüququnu tapdalamağın pis iş olduğunu bilirik, təcavüzkara nifrət edirik, halbuki özümüzün də təcavüzkar olmağımız mümkündür, lakin ümumiyyətlə təcavüzkar olduğumuzu dərk etməyə bilərik. Öz işimizi ümumiyyətlə təcavüz hesab etmirik, bə`zən də onu dəyərli və əxlaqi bir əməl kimi özümüzə təlqin edir, bununla da öz nəfsimizi, vicdanımızı qane edirik. Həmçinin sair çirkin sifətlər də eynilə. Buna görə də heç vaxt özümüzün islah edilməsi fikrinə düşmürük, çünki bir kəs özünü xəstə hesab etməzsə müalicə fikrinə də düşməz. Biz özümüzü xəstə hesab etmədiyimiz üçün müalicə fikrinə də düşmürük, bizim ən böyük çətinliyimiz də elə budur. Deməli öz xoşbəxtlik və səadətimizin fikrində olsaq gərək mümkün olan hər bir vasitə ilə bu çətinliyin həll edilməsi və nəfsani xəstəliklərimizin tanınmasına çalışaq.

NƏFSİN XƏSTƏLİKLƏRİNİN AYİRD EDİLMƏSİ YOLLARİ

Özümüzün müxtəlif nəfsani xəstəliklərimizin tanınmasında istifadə olunası müəyyən vasitə və yolların qeyd edilməsi yerinə düşərdi:

1-Əql qüvvəsinin gücləndirilməsi. İnsanın mələkuti və ali mərtəbəsi, onun sair məxluqlardan seçilməsində imtiyazın mənşəyi olan vücud varlığının ən kamili Qur`an və hədislərdə müxtəlif adlarla qeyd olunmuşdur: ruh, qəlb, nəfs və əql. Bunların hamısı vahid bir həqiqəti göstərir, lakin müxtəlif səbəblərə görə müxtəlif cür adlandırılmışdır. Həqiqi təfəkkür və düşüncənin mənşəyi olduğuna görə əql adlandırılır.

Hədis kitablarında əqlə çox böyük imtiyaz verilir. Hətta xüsusi bir fəsil də bu məsələyə məxsus edilmişdir. Hədislərdə əql varlıqların ən şərafətlisi, təklif, savab və cəzanın mənşəyi kimi təqdim edilmişdir. Nümunə üçün:

İmam Baqir (ə):“Allah əqli yaratdıqdan sonra onunla danışıb dedi: “Gəl”. Əql itaət edib gəldi, sonra buyurdu: “Qayıt”. Yenə də itaət etdi. Sonra buyurdu: “Öz izzət və cəlalıma and olsun! Elə bir varlıq yaratmamışam ki, səndən yaxşı və sevimli olmuş olsun. Səni yalnız sevdiyim kəslərdə kamil edərəm. Agah ol! Mənim əmr və nəhyim sənə doğru yönəlib, sənə də savab verib yaxud cəzalandırıram.”[1]

İnsan məhz əqlin vasitəsilə düşünüb həqiqətləri dərk edir, yaxşı ilə pisi, faydalı şeylə zərərli şeyləri bir-birindən ayırır, məhz əql vasitəsilə Allahı və özünü tanıyır, vəzifəsinin nə olduğunu ayırd edir. Əgər insanın əqli olmasaydı onunla sair heyvanlar arasında heç bir fərq olmazdı. Məhz buna görə də Mütəal-Allah Qur`ani Kərimdə təəqqül, təfəkkür, təəmmül və təfəqqüh barəsində tə`kid edir, insandan öz varlığında əqlini fəallaşdırmasını istəyir.

Nümunə: “Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə əqlinizi işə salasınız.”[2]

“Nə üçün yer üzündə seyr etmirlər ki, onlar üçün təəqqül edə biləcək qəlblər olsun?!”[3]

“Allahın yanında canlıların ən pisi o kəslərdir ki, lal-kardırlar və əql qüvvəsini işlətmirlər.”[4]

Mütəal Allah əqlə, qulağa, dilə malik olub real gerçəkliklərin, həqəqətlərin tanınmasında onlardan istifadə etməyən şəxsləri heyvanlarla bir cərgədə, hətta onlardan da alçaq səviyyədə təqdim edirik. Çünki onlar öz əql qüvvələrindən istifadə etmirlər.

“Allah çirkinliyi o kəslərə qərar verər ki, əql qüvvəsini işlətmirlər.”[5]

İnsanın malik olduğu bütün yaxşılıqlar onun əqli tərəfindəndir. Əql vasitəsilə Allahı tanıyır, Ona ibadət edir, məadı qəbul edir və onun üçün hazırlaşır, peyğəmbərlərin haqq olduğunu qəbul edir və onlara itaət edir, gözəl əxlaqi səciyyələri tanıyıb, özünü onlar əsasında tərbiyələndirir, çirkin xüsusiyyətləri, rəzillikləri tanıyır və onlardan uzuq olur. Buna görə də Qur`an və hədislərdə əql böyük məqama layiq görülür. Nümunə üçün:

İmam Cə`fər Sadiq (ə)bir nəfərin cavabında buyurdu: “Əql o şeydir ki, onun vasitəsilə Allaha ibadət edilir və behişt kəsb olunur.”[6]

İmam Cə`fər Sadiq (ə)yenə buyurur: “Hər kəsin ağlı olsa dini vardır. Hər kəsin dini olsa behiştə daxil olar.”[7]

İmam Musa ibni Cə`fər (ə)Huşama buyurdu: “Allahın insanlar üzərində iki hüccəti vardır. Onlardan biri zahir, digəri isə batinidir. Zahiri hüccətlər peyğəmbərlər və imamlar, batini hüccət isə əqllərdir.”[8]

İmam Cə`fər Sadiq (ə)buyurur: “Əql baxımından insanların kamili o kəsdir ki, əxlaqı hamıdan yaxşı olsun.”[9]

İmam Cə`fər Sadiq (ə)buyurur: “Əql – mö`minin yol göstərənidir.”[10]

İmam Riza (ə)buyurur: “Hər kəsin dostu onun əqli, düşməni isə onun cəhalətidir.”[11]

Əmirəl-mö`minin Əliyyibni Əbitalibyyibni Əbitalib (ə)buyurur: “İnsanın xudbinliyi onun əqlinin zəifliyini göstərir.”[12]

İmam Musa (ə):“Hər kəs mal-dövləti olmadan ehtiyacsız, qəlbinin həsəd baxımından aram və dində sağlam olmasını istəyirsə Allahdan onun əqlini kamilləşdirməsini istəyib yalvarsın.Hər kəs ağıllı olsa güzəranını tə`min edəcək miqdarla qənaətlənər. Hər kəs güzəranını tə`min edəcək miqdarla qənaətlənsə ehtiyacsız olacaqdır.Hər kəs güzəranını tə`min edəcək miqdarla qənaətlənməsə heç vaxt ehtiyacsız olmayacaqdır.”[13]

İmam Musa ibni Cə`fər (ə)buyurur: “Əql sahibləri nəinki günahları, hətta dünyanın artıq işlərini belə tərk edirlər. Halbuki dünyanı tərk etmək fəzilət, günahı tərk etmək isə vacibdir.”[14]

 “Əql sahibi heç vaxt yalan danışmaz. Baxmayaraq ki, nəfsi ona meyl edir.”[15] : “Hər kəsin mürüvvəti olmasa nuru yoxdur. Hər kəsin əqli olmasa mürüvvəti yoxdur. İnsanların ən dəyərlisi o kəsdir ki, dünyanı öz nəfsinin dəyəri bilməsin. Bilin ki, sizin bədənlərinizin qiyməti cənnətdən başqa bir şey olmaz. Onu cənnətdən başqa bir şeylə müamilə etməyin.”[16]

Bu hədislərdən əqlin dəyəri, onun məarif, elm kəsb etməkdə, İman qazanıb Allaha pərəstiş etməkdə, əxlaqi səciyyələrdən istifadə etməklə və onları tanımaqda, günahlardan və çirkin xasiyyətlərdən çəkinməkdəki mühüm rolu mə`lum olur.

 


 

[1] “Kafi”, 1-ci cild, səh.10

[2] “Bəqərə” surəsi, 242-ci ayə

[3] “Həcc” surəsi, 46-cı ayə

[4] “Ənfal” surəsi, 22-ci ayə

[5] “Yunüs” surəsi, 100-cü ayə

[6] “Kafi”, 1-ci cild, səh.11

[7] “Kafi”, 1-ci cild, səh11

[8] “Kafi”, 1-ci cild, səh.16

[9] “Kafi”, 1-ci cild, səh.20

[10] “Kafi”, 1-ci cild, səh.25

[11] “Kafi”, 1-ci cild, səh.11

[12] “Kafi”, 1-ci cild, səh.27

[13] “Kafi”, 1-ci cild, səh.18

[14] “Kafi”, 1-ci cild səh.17

[15] “Kafi”, 1-ci cild, səh.19

[16] “Kafi”, 1-ci cild, səh.19

 


al-shia, Media-islam.Com 2008.