MEDIA-ISLAM.COM


 

 

NƏFSİ MÜALICƏ ETMƏYƏ DAIR QƏRAR

Nəfsimizin xəstəliklərini tanıdıqdan, xəstə olduğumuza yəqin etdikdən sonra müalicəni dərhal başlamalıyıq. Bu mərhələnin ən mühüm mövzusu qərar və iradədir. Əgər doğrudan da özümüzü pisliklərdən, çirkin əxlaqlardan paklamaq istəsək bunu hökmən edə bilərik, lakin əgər məsələni kiçik və əhəmiyyətsiz nəzərə alsaq və qərara gəlməsək onun sağalması qeyri-mümkün olacaqdır. Məhz bu mərhələdə şeytan və əmmarə nəfsi meydana daxil olur və müxtəlif hiylələrə əl ataraq bizi həmin qərardan çəkindirmək istəyir, lakin tam ayıq olmalı və onların hiyləgərliklərinə aldanmamalıyıq. Bizim çirkin sifətimizə bəraət qazandırıb belə deyə bilərlər: sən cəmiyyətlə yaşamaq istəyirsən başqalarında da bu sifət vardır filankəslərə bax. Onlar bu sifətə, hətta bundan pisinə də düçar olurlar. Sən təklikdə yaxşı olmaq istəyirsən?! “Palaza bürün elinən sürün!”

Lakin bu hiylə qarşısında qətiyyətlə dayanaraq deməliyik ki, başqalarında belə bir xəstəlik varsa onun mənə nə dəxli var? Başqalarının nəfsani eyblərə mübtəla olması məni qane etmir, hər bir halda məndə eyb və xəstəlik vardır, mən bu eyblərlə ölməli və əbədi bədbəxtçiliyə düçar olmalıyammı?! Deməli nəfsin müalicə olunmasında və onun aludəliklərdən təmizlənməsində sə`y etməliyəm.

Bə`zən də şeytan “vaxtı keçirtmək”, “tə`xirə salmaq” kimi hiylələrlə meydana daxil olur və bizi öz iradə və qərarımızdan döndərmək istəyir. Deyir ki, düzdür, bu eyb səndə vardır və onu islah etməlisən, lakin hələ çox vaxt vardır, nə üçün bu qədər tələsirsən? Qoy filan iş tamam olsun, sonra vaxt genişliyində nəfsini saflaşdırarsan. Indi cavansan və sənin kef çəkmək vaxtındır, qocalıq vaxtı çatanda tövbə edib paklamağa başlayarsan.

Diqqət yetirməliyik ki, bu da bir növ şeytanın hiyləsidir. Həmin vaxta qədər sağ qalacağın haradan mə`lumdur? Bəlkə ondan əvvəl əcəlin çatdı və həmin nəfsani xəstəliklərlə dünyadan getdin?! Belə olan halda bizim müqəddəratımız necə olacaqdır? Tutaq ki, o dövrə qədər sağ qaldıq, lakin görəsən əmmarə nəfsi və şeytan o dövrdə bizdən əl çəkib hiylələrini bizim başımızda icra etməyəcəkmi və bizi nəfsimizin işləri ilə məşğul olmağa azad qoyacaqmı?! O zamanda da başqa bir hiylələrlə gəlib bizim qərarımızı döndərmək istəyəcəkdir. Deməli, yaxşı olar ki, elə indidən əmələ başlayaraq, əmmarə və inadkar nəfsi cilovlayaq.

Bə`zən əmmarə nəfsi bizə belə deyə bilər: “Axı sən filan günaha və sifətə adət etmisən, onun tərk olunması qeyri-mümkündür. Sən həvayi-nəfsin əsirisən, özünü bu əsarətdən necə xilas etmək istəyirsən? Sənin nəfsin günah vasitəsi ilə qaralmışdır və sənin qayıdışına bir yol yoxdur.”

Bilməliyik ki, bu da bir növ hiylədir. Əmmarə nəfsinə demək lazımdır ki, adətin tərk edilməsi qeyri-mümkün deyildir, tamamilə mümkün olan bir işdir. Əlbəttə çətindir, lakin hər bir halda əmələ başlayıb öz nəfsimi təmizləməliyəm.

Əgər günahın, çirkin sifətlərin tərk edilməsi və onlardan uzaqlaşmaq mümkün olmasaydı Peyğəmbəri Əkrəm ¡və imamlar bu qədər göstərişlər verməzdi, əxlaqi tövsiyələr etməzdi. Tövbə qapısı həmişə açıqdır və heç vaxt bağlanmır. Deməli qəti qərara gələrək öz nəfsimizi təmizləməliyik.

Mümkündür, şeytan və ya əmmarə nəfsi çirkin sifətləri və nəfsani xəstəlikləri kiçik, çox da mühüm olmayan bir şey kimi cilvələndirərək desin: Sən ki, vacibatı yerinə yetirirsən, filan-filan müstəhəb əməlləri görürsən, bil ki, Allah səni bağışlayacaqdır, yerin behişt olacaqdır. Səndəki çirkin xasiyyətlər çox da mühüm deyildir, müstəhəbləri yerinə yetirməklə onlar bağışlanacaqdır.

Burada da diqqət yetirmək lazımdır ki, bu cür bəraət qazandırmaq əmmarə nəfsinin və şeytanın hiylələrindəndir. Əmmarə nəfsinə deməliyik ki, saleh əməl yalnız müttəqilərdən qəbul olunur, təqvanın hasil olması da nəfsin təmizlənməsi olmadan mümkün deyildir. Əgər bizim nəfsimiz pisliklərdən təmizlənməzsə yaxşı xislətlərin pərvəriş tapmasına onda yer olmayacaqdır. Şeytan qəldən çıxmayınca mələk ora gəlməz. Əgər nəfs və qəlb günah işlər və rəzilətli sifətlər vasitəsilə aludə olubsa onun axirət aləmində də heç bir nuru olmayacaqdır.

Həmişə nəfsani xəstəliklərin təhlükəli və ağır aqibətinə (onlara yuxarıda işarə edildi) tam diqqət yetirməliyik. Bundan əlavə əxlaq kitablarına və hədis mənbələrinə müraciət etməklə nəfsani xəstəliklərin hər birinin pis tə`sirlərini, onların axirətdəki cəzalarını diqqət mərkəzində saxlamalı, bununla da əmmarə nəfsi, şeytanın hiylələri və əməllərin yaxşı cilvələndirilməsi müqabilində müqavimət göstərməli, nəfsin islah edilib təmizlənməsində qəti qərara gəlməliyik. Əgər iradə mərhələsindən keçsək əməl mərhələsinə daha yaxın olarıq.

NƏFSIN NƏZARƏT ALTINDA SAXLANMASI VƏ QƏLƏBƏ

Insanın bütün pis və yaxşı hərəkət, danışıq və əməllərinin mənşəyi onun nəfsidir. Əgər nəfs islah olunarsa insanın dünya və axirəti tə`min və abad olunar. Əgər fəsada, əxlaqsızlığa çəkilərsə bütün pisliklərin mənşəyi olacaq, dünya və axirətdə insanı fəlakətə sürükləyəcəkdir. Əgər insaniyyət yolunda qədəm götürərsə Allah dərgahına yaxın olan mələklərdən də daha artıq yüksələ bilər; yox əgər şərif insaniyyət gövhərini görməməzliyə vururaq heyvaniyyət yolunda qədəm götürərsə heyvanlardan da alçaq olar, hətta şeytanlıq məqamına qədər süqut edər. Bu iki yoldan hər birini ötməkdə lazım olan səbəb və vasitələr insanın daxilində mövcuddur. Onun həm əqli vardır və fitri olaraq əxlaqi fəzilətləri, insani keyfiyyətləri istəyir, həm də bir heyvan kimi heyvani qüvvələrə və qərizələrədə malikdir. Amma heyvani qərizələr, qüvvələr və meyllərin də tamamilə batil və ziyanlı olması, insanı süquta çəkməsi düşünülməməlidir. Əksinə onların varlığı insan həyatı üçün zəruridir. Əgər onlardan düzgün istifadə olunarsa insanın təkamülü və Allah dərgahına yaxınlaşması yolunda kömək olur.

Amma əsas çətinlik bundan ibarətdir ki, heyvani istəklər və təmayüllər heç bir müəyyən həddə dayanmır və başqalarını nəzərə almır. Nə insani istəklərə diqqət yetirir, nə də sair qərizələri nəzərə alır, əksinə hədəfi yalnız onları tam mə`nada tə`min etməkdən ibarətdir, bundan başqa heç bir hədəfi yoxdur. Yemək-içməyə, cah-cəlala, məqama, şan-şöhrətə, vəzifəyə, rəisliyə və mal-dövlətə məhəbbət, güzəranda eyş-işrətdən və firavanlıq kimi şeylərdən ləzzət almaq, qəzəb və intiqamçılıq kimi xüsusiyyətlər heç bir həddə dayanmır, onlardan hər biri tamam-kamal surətdə tə`min olunmağı tələb edir. Buna görə də insanın nəfsi həmişə müxtəlif qərizələrin çarpışmasına meydan yaradır, onda heç vaxt aramlıq və sükunət yoxdur, onlardan hansı biri qələbə çalsa nəfsi özünün kamil əsarəti altına alacaqdır.

Lakin bu çarpışma əsnasında əql çox mühüm mövqeyə və qüdrətə malik olur. O, şəriətin göstərişlərindən istifadə edərək nəfsani qərizələri, meylləri və istəkləri nəzarət altına ala bilər, onları mö`tədil hala salaraq baş verəcək təfrit və ifratın qarşısını ala bilər, hakimiyyət məqamını ələ keçirərək qərizə və istəklərin arasında müvazinət yarada bilər, bununla da “nəfs ölkəsini” hərc-mərclikdən, tüğyançılıqdan qurtararaq insaniyyətin düzgün yoluna və Allah dərgahına doğru seyr-süluka hidayət edə bilər.

Amma əqlin hakimiyyət tapması o qədər də asan deyildir, çünki o, çox güclü, hiyləgər və aldadıcı düşmənlə qarşı-qarşıya durur. “Əmmarə nəfsi” adlanan bu düşmən həddindən artıq bəhanə gətirir, onu himayə edən çoxlu köməkçiləri də vardır.

Allah-təala Qur`anda buyurur: “Nəfs insanı daim pis yollara (ketməyə) əmr edir, yalnız Pərvərdigarımın rəhm etdiyi şəxslərdən başqa.”[1]

Peyğəmbəri Əkrəm ¡buyurur: “Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.”[2]

Əmirəl-mö`minin Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Əql və şəhvət biri-birinin ziddidir. Elm əqli, həvayi-nəfs isə şəhvəti himayə edir. Nəfs bu iki qüvvənin çəkişdiyi, mübarizə apardığı meydandır: onlardan hər biri digərinə qələbə çalsa nəfsi öz ixtiyarına keçirir.”[3]

Həzrət Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)yenə buyurur: “Şər və pislik hər bir nəfsin daxilində gizlənmişdir. Əgər sahibi ona qələbə çalsa gizlənər, qələbə çalmazsa aşkar olar.”[4]

Deməli əql çox gözəl hakimdir, amma onun müəyyən qədər köməyə, həmkarlığa ehtiyacı vardır. Əgər bu batini çarpışmada əqlin tərəfini saxlasaq, nəfsani istəklərə, şəhvətlərə və həvayi-nəfsə həmlə etsək “bədən ölkəsinin” idarə olunmasını əqlin ixtiyarına vermiş oluruq, bunun ardınca da böyük nailiyyətlərə, qələbələrə çatırıq. Bunu da şəriət, təriqət və həqiqət rəhbərləri – Peyğəmbəri Əkrəm (s.ə.v.v), onun pak və ismətli Əhli-beyti (ə)bizdən istəmiş, bu barədə çoxlu tə`kidli göstərişlər vermişlər. Nümunə üçün:

Həzrət Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Ehtiyatlı olun, şəhvətlər (həvayi-nəfs) sizin qəlblərinizə qələbə çalmasın; çünki o, əvvəlcə sizi öz mülkiyyətinə keçirir, axırda isə sizi həlakətə salır.”[5]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Hər kəs özünün nəfsani istəklərini öz mülkiyyətinə (ixtiyarına) keçirməsə, öz əqlinin də maliki olmayacaqdır.”[6]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Nəfsani istəklərin (qəlbə) qələbə çalması ən böük həlakət (bədbəxtçilik), (insanın) ona qələbə çalması isə malikiyyətlərin ən yaxşısıdır.”[7]

İmam Cə`fər Sadiq (ə)buyurur: “Hər kəs rəğbət, qorxu, şəhvət, qəzəb və razılıq anlarında öz nəfsinə müsəllət olsa, Allah onun bədənini cəhənnəm oduna haram edər.”[8]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: Öz nəfslərinizə müsəllət olun və onu günahlardan çəkindirin ki, onu itaətə doğru çəkmək asan olsun.”[9]

Deməli nəfsə hakim kəsilib onun istəklərini nəzarət altına almaq nəfsin saflaşdırılması üçün zəruri və həyati bir məsələdir. Insanın nəfsi hələ minilməyən və ipə-sapa yatmayan inadkar bir ata bənzəyir: əgər riyazət vasitəsilə ram olub cilovlanarsa ona minib istifadə etmək olar. Amma əgər ram olmazsa və istədiyi hər tərəfə hərəkət edərsə insanı uçuruma salar. Inadkar və ipə-sapa yatmayan nəfsin ram edilməsi də çox çətindir. O, əvvəlcə sənin qarşında ciddi müqavimət göstərəcəkdir, lakin sən də müqavimət göstərsən axırda təslim olacaqdır. Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Əgər nəfsin sənin qarşında inadkarlıq göstərsə (tərslik edərsə) və təslim olsazsa sən də onun qarşısında ciddiyyət göstər ki, sənin üçün zəlil və ram olsun, onunla hiyləgərliklə rəftar et ki, özünə itaət etdirə biləsən.”[10]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)yenə buyurur: “Nəfsani istəklər və şəhvətlər öldürücü xəstəliklərdir, onların ən yaxşı müalicəsi də onların qarşısında səbr edib müqavimət göstərməkdir.”[11]

 


 

[1] “Yusif” surəsi, 53-cü ayə

[2] “Biharul-ənvar”, 70-ci cild, səh.64

[3] “Ğurərul-hikəm”,, 1-ci cild, səh.96

[4] “Ğürərul-hikəm”, 1-ci cild, səh.105

[5] “Ğurərul-hikəm”, səh.16

[6] “Ğurərul-hikəm”, 2-ci cild, səh.702

[7] “Ğurərul-hikəm”, 2-ci cild, səh.507

[8] “Vəsailuş-şiə”, 6-cı cild, səh.123

[9] “Ğurərul-hikəm”, 2-ci cild, səh.908

[10] “Ğurərul-hikəm”, səh.319

[11] “Ğurərul-hikəm”, 1-ci cild, səh.72

 


al-shia, Media-islam.Com 2008.