MEDIA-ISLAM.COM


 

 

NƏFS ILƏ CIHAD

Nəfs bizim ən böyük düşmənimizdir, daim əql ilə mübarizə aparır. O, şeytanın vəsvəsələrindən ilham alıb, öz ordusu ilə əqlə hücum edir ki, onun nurunu söndürsün və ona qalib gəlsin. Əsas məqsədi də bundan ibarətdir ki, mələkləri nəfs ölkəsindən çıxarıb onu işğal etsin və kamil şəkildə şeytanların ixtiyarına versin. Çoxlu üzür gətirən və bəhanə axtaran bu düşməni məğlub etmək o qədər də asan iş deyildir. Bu iş üçün tam qətiyyətli olmaq, güclü müqavimət göstərmək, hətta cihad aparmaq belə lazım gəlir. Özü də bir-iki dəfə, bir-iki gün, yaxud bir-iki il deyil, insan ömrünün axırına kimi davam etdiriləsi bir cihaddan, ciddi mübarizədən ibarətdir. Nəfsin və onun istəklərinin cilovlanması, qərizələrin nəzarət altına alınması üçün çox ciddi mübarizə aparmalıyıq. Biz Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in və mə`sum imamların (ə)fərmanlarından ilham almalı, əqlə və onun qoşununa gömək etməli, nəfsin təcavüzlərinin və yersiz əməllərinin qarşısını almalı, müqavimət göstərib onun ordusunun kökünü kəsməliyik ki, əql bədən ölkəsinə hakim olsun, şəriət göstərişlərindən ilham almaqla bizi insaniyyətin kamal yolunda qərar versin və Allah dərgahına yaxınlaşdırsın.

Nəfslə heç vaxt sülh və saziş etmək olmaz: onu məğlub edincəyə və öz yerində oturduncaya qədər həmişə onunla mübarizə aparmalıyıq ki, özünün hiyləgərlik işlərindən əl çəksin. Səadətə çatmaq üçün bundan başqa bir yol yoxdur, buna görə də “nəfslə mübarizə” barəsində olan hədislərdə “nəfs ilə cihad” ifadəsi gözə dəyir. Nümunə olaraq Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)-ın kəlamlarından bə`zilərini nəql edirik.

Həzrət Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Cihadı davam etdirməklə öz nəfsinizə müsəllət olun (hakim kəsilin).”[1]

Yenə buyurur: “Nəfsin istəklərinə, həvayi-nəfsə qələbə çalın və onunla mübarizə edin, çünki əgər o, sizi zəncirə çəkə bilsə həlakətin ən alçaq dərəcələrinə sürükləyəcəkdir.”[2]

Yenə buyurur: “Agah olun (və bilin ki, nəfs ilə) cihad elə bir ne`mətdir ki, onun vasitəsilə behişt qazanılır. Belə isə hər kəs öz nəfsi ilə cihad etsə və ona qalib gəlsə behişt (yaxud nəfsin özü) onun qüdrətini tanıyan kəs üçün ən yaxşı mükafatdır.”[3]

Yenə buyurur: “Düşmənin öz düşməni ilə cihad apardığı kimi, siz də nəfs ilə cihad edərək onu Allaha itaət etməyə vadar edin, ziddin ziddə qələbə çaldığı kimi, siz də ona qələbə çalın. Çünki camaatın ən güclüsü o kəsdir ki, öz nəfsinə qələbə çalmış olsun.”[4]

Yenə buyurur: “Aqil o kəsdir ki, öz nəfsi ilə mübarizəyə – cihada məşğul olsun, onu islah etsin, həvəslərdən və ləzzətpərəstlikdən saxlasın, bunun vasitəsilə onu cilovlasın və öz nəzarəti altına salsın. Həqiqətən ağıllı və aqil insan öz nəfsinin islahına o qədər məşğuldur ki, dünyaya, onda olanlara və dünya əhlinə diqqət yetirməz (əhəmiyyət verməz).”[5]

Nəfs ilə cihad müqəddəratı həll edən mühüm bir mübarizədir, belə ki, bizim necə yaşamağımız, dünya və axirətdə necə olmağımız, hətta bizim nə olmağımız belə, ona bağlıdır. Əgər biz cihad ilə nəfsimizi məğlub etməsək, onu cilovlamasaq o bizi məğlub edərək istədiyi tərəfə sürükləyəcəkdir. Əgər biz onu əsarət altına almasaq o bizi əsir və özünə qul edəcəkdir. Əgər biz onu gözəl əxlaqlara və insani davranışlara vadar etməsək o bizi çirkin işlərə və yaramaz əxlaqlara vadar edəcəkdir.

Deməli nəfs ilə cihad Allah dərgahına seyr edənlərin öhdəsinə qoyulan ən mühüm və ən çətin vəzifədir, insan bu yolda nə qədər qüvvə sərf eləsə, yenə də dəyərlidir.

ƏN BÖYÜK CİHAD

Nəfs ilə cihad etmək o qədər mühümdür ki, Peyğəmbəri Əkrəm (s) onu “ən böyük cihad” (“cihadi əkbər”) adlandırmışdır və hətta silahlı cihadlardan da böyük bir məsələ kimi təqdim olunmuşdur.

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)nəql edir ki, Peyğəmbəri Əkrəm (s)bir ordunu düşmənlə müharibəyə göndərdi. Onlar (qələbə çalıb) müharibədən qayıtdıqda buyurdu: “Əhsən o kəslərə ki, kiçik cihadı yerinə yetirdilər, lakin onlara daha böyük bir cihad da vacibdir.” Soruşdular: Ya Rəsuləllah! Ən böyük cihad hansıdır? Buyurdu: “Nəfs ilə olan cihad.”[6]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Cihadların ən yaxşısı o kəsin cihadıdır ki, iki böyrü arasında yerləşən nəfsi ilə cihad etmiş olsun.”[7]

Peyğəmbəri Əkrəm (s)həzrət Əliyə vəsiyyət edərkən buyurdu: “Ya Əli! cihadların ən yaxşısı o kəsin cihadıdır ki, bir kəsə zülm etmək qəsdi olmadan sübhə çıxmış olsun.”[8]

Bu hədislərdə nəfs ilə cihad ən böyük və ən fəzilətli cihad kimi təqdim olunur. Bu, hətta Allah yolunda aparılan cihadlardan belə fəzilətli və üstündür. Allah yolunda aparılan cihadın ən yaxşı ibadət və son dərəcə böyük fəzilətə malik olmasına diqqət yetirməklə nəfs ilə aparılan cihadın əhəmiyyət və dəyəri aydın olur. Nəfs ilə cihadın ən üstün cihad olmasını üç yöndən araşdırırıq:

Birinci yön: hər bir ibadətdə, hətta Allah yolunda aparılan silahlı mübarizədə belə, nəfs ilə cihada iki yöndən ehtiyac vardır: Əvvəla, ibadətin özünün kamil şəkildə və bütün şərtləri ilə yerinə yetirilməsində nəfs ilə cihada ehtiyac vardır. Görəsən namazı mö`minin me`racı olacaq və insanı çirkin işlərdən çəkindirəcək dərəcədə hüzuri-qəlb ilə, bütün şəraitlərinə riayət etməklə qılmaq cihad və sə`y olmadan mümkün ola bilərmi?

Görəsən orucun, cəhənnəm odundan bir sipər olacağı kamil şəkildə tutulması nəfs ilə cihad olmadan mümkündürmü? Görəsən nəfs ilə cihad olmadan mücahid bir insan müharibə meydanında öz canından keçərək islam düşmənlərilə yaxşı mübarizə apara bilərmi? Sair ibadətlərdə də məsələ eynilə belədir.

Ikincisi, hər bir ibadət Allah tərəfindən yalnız o zaman qəbul olunur və bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olur ki, yalnız Allahın razılığı üçün yerinə yetirilsin, hər növ şirkdən, riyadan, xudbinlikdən və s. kimi nəfsani qərəzlərdən, məqsədlərdən pak və xalis olsun. Belə bir iş də nəfslə cihad olmadan əsla mümkün deyildir. Hətta silahlı mübarizə və şəhadət də o zaman dəyərə malik olur və insanın Allah dərgahına yaxınlaşıb təkamülə çatmasına səbəb olur ki, tam mə`nada Allahın razılığı və tovhid kəlməsinin yüksəldilməsi məqsədilə olsun. Lakin əgər bu böyük ibadət şan-şöhrət qazanmaq, düşməndən intiqam almaq, yaxud insanın adının tarixdə əbədi qalması, özünü göstərmək, riyakarlıq, məqam kəsb etmək, həyat çətinliklərindən xilas olmaq, yaxud sair nəfsani qərəz və məqsədlər xatirinə olsa heç bir mə`nəvi dəyərə malik olmayacaq, insanın Allah dərgahına yaxınlaşması amili sayılmayacaqdır. Deməli nəfs ilə aparılan cihad bütün ibadət və xeyir əməllərdən, hətta Allah yolunda aparılan cihaddan belə üstündür, çünki onların hamısının düzgünlüyü və kamilliyi nəfs ilə aparılan cihada bağlıdır. Məhz buna görə də nəfs ilə aparılan cihad “ən böyük cihad” adlandırılmışdır.

Ikinci yön: silahlı cihad xüsusi zaman və şəraitlərlə vacib olur, bundan əlavə o vacibi-eyni deyil, kifaidir, yə`ni bə`zilərinin bu cihada getməsi ilə başqalarının öhdəsindən götürülür. Bə`zi dövrlərdə bu kimi cihad ümumiyyətlə vacib deyildir, vacib olduğu təqdirdə də vacibi-kifaidir, yə`ni əgər lazımi qədər əsgər iştirak edərsə başqalarından götürülür. Bundan əlavə qadınlara, qocalara, acizlərə və xəstələrə də vacib deyildir. Amma nəfs ilə aparılan cihadda məsələ belə deyildir: bütün dövrlərdə, bütün şərait və zamanlarda hər bir şəxsə vacibi-eynidir və həyatın axır anlarına qədər davam etdirilməlidir. Mə`sumlardan başqa heç kəs heç vaxt ondan ehtiyacsız deyildir.

Üçüncü yön: nəfs ilə aparılan cihad bütün ibadətlərdən, hətta mücahidlərin öz canlarını təhlükəyə qoyub şəhadət məqamına çatmaq istədikləri silahlı mübarizədən belə üstündür. Çünki haqqın qarşısında qeydsiz-şərtsiz təslim olmaq və bir ömür nəfsani istəklərlə mübarizə apararaq təkamülün düzgün yolunda irəliləmək insanın bir neçə gün cihad meydanında islam düşmənləri ilə döyüşərək axırda şəhadət məqamına çatmasından qat-qat çətindir. Nəfs ilə mübarizə o qədər çətindir ki, nəfs ilə ağır, müdavimətli döyüş aparmadan, ağır çətinliklərə sinə gərmədən və Allah tərəfindən inayət və kömək olmadan mümkün deyildir. Buna görə də namazlarda təkrar deyirik: “Ihdinəssiratəl-mustəqim” Pərvərdigara, bizi düzgün yola hidayət et.” Düzgün təkamül yolunu ötmək o qədər çətin və zərifdir ki, Peyğəmbəri Əkrəm (s)də daim belə dua edərdi: “Ilahi bir göz qırpımı belə, məni öz nəfsimə həvalə etmə!”

 


 

[1] “Ğurərul-hikəm”, 1-ci cild, səh.131

[2] “Ğurərul-hikəm”, 1-ci cild, səh.138

[3] “Ğurərul-hikəm”, 1-ci cild, səh.164

[4] “Ğurərul-hikəm”, 1-ci cild, səh.371

[5] “Ğurərul-hikəm”, 1-ci cild, səh.237

[6] “Vəsailuş-şiə”, 11-ci cild, səh.124

[7] “Vəsailuş-şiə”, 11-ci cild, səh.124

[8] “Vəsailuş-şiə”, 11-ci cild, səh.123

 


al-shia, Media-islam.Com 2008.