MEDIA-ISLAM.COM


 

PEYĞƏMBƏRLƏRIN əsas HƏDƏFI – NƏFSIN SAFLAŞDIRILMASIDIR

Peyğəmbərlərin ən böyük və əsas hədəfi insanların nəfslərini aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhunu pərvəriş vermək, çiçəkləndirməkdir. Allah-taala Qur`ani Kərimdə buyurub: “Allah mö`minlərə minnət qoyaraq onların arasından özlərindən olan bir peyğəmbəri seçdi ki, Allahın ayələrini onlara tilavət etsin, onların nəfslərini, ruhıarını (aludəliklərdən və rəzil sifətlərdən) saflaşdırsın, onlara kitab və hikmət öyrətsin, həqiqətən (çünki)  əvvəllər onlar azğınlıqda idilər.”[1]

Tə`lim və tərbiyə məsələsi o qədər mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuşdurş  Mütəal Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud xoşbəxtliyi özünün şəxsiyyətini necə qurmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması müqəddəratı həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, insanlara nəfsin təmizlənməsi, pərvəriş verilməsi və təkmilləşdirilməsini öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin əxlaqlardan, rəzil xüsusiyyətlərdən və heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl, əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, çirkin əxlaqları tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda onlara kömək etmək, onları ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi səciyyələri onların nəfslərində aşılayıb pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə təşviq etməklə, rəğbətləndirməklə onlara köməkçi olsunlar.

Peyğəmbəri Əkrəm (s)  buyurmuşdur: “Sizi gözəl əxlaqlara tövsiyə edirəm; Allah məni həmin məqsədlə göndərmişdir.”[2]

Başqa bir hədisdə buyurur: “Mən buna görə məb`us olmuşam ki, nəfslərdə gözəl əxlaqları tamamlayam.” [3]

İmam Cə`fər Sadiq (ə) buyurur: “Mütəal Allah Öz Peyğəmbərini gözəl əxlaqlar üçün seçdi. Deməli hər kəs özündə gözəl əxlaqların olduğunu görsə gərək bu böyük ne`mət üçün Allaha həmd, şükür  etsin. Hər kəs öz nəfsinin gözəl əxlaqlardan məhrum olduğunu görsə Allah dərgahında yalvarıb raz-niyaz etsin və Ondan gözəl əxlaqları istəsin.”[4]

Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə) buyurub: “Əgər behiştə ümidvar olmağımızı və cəhənnəm odundan qorxmamağımızı, savaba və əzaba əqidəli olmadığımızı fərz etsəydik belə, yenə də gözəl əxlaqların axtarışında olmağımız təqdirəlayiq bir iş olardı. Çünki gözəl əxlaq qələbə və səadət yoludur.”[5]

İmam Məhəmməd Baqir (ə) buyurub: “Mö`minlərin iman cəhətindən ən kamili o kəsdir ki, onun əxlaqı gözəl olsun.”[6]

Peyğəmbəri Əkrəm (s)  buyurmuşdur: “Qiyamətdə əməl dəftərinə, gözəl əxlaqdan da fəzilətli bir şey qoyulmaz.”[7]

Peyğəmbəri Əkrəm (s) başqa bir hədisdə buyurur: “Mənim ümmətimin behiştə daxil olmasına ən çox səbəb olacaq şey ilahi təqva və gözəl əxlaqdır.”[8]

Bir nəfər Peyğəmbəri Əkrəm (s) -in yanına gəlib dedi: “Ya Rəsuləllah, din nədir?” Peyğəmbəri Əkrəm (s) buyurdu: “Gözəl əxlaq”. O kişi gedib Peyğəmbəri Əkrəm (s) -in sağ tərəfindən qayıtdı və soruşdu: “Din nədir?” Peyğəmbəri Əkrəm (s) dedi: “Gözəl əxlaq”. Yenidən gedib onun sol tərəfində durdu və dedi: Din nədir? Peyğəmbəri Əkrəm (s) buyurdu: “Gözəl əxlaq”. Sonra onun arxasında dayanıb soruşdu: Din nədir? Peyğəmbəri Əkrəm (s) ona baxıb buyurdu: “Başa düşmürsənmi? Din bundan ibarətdir ki, qəzəblənməyəsən.”[9]

İslam dini gözəl əxlaq məsələlərinə xüsusi diqqət yetirmişdir, buna görə də Qur`anda əxlaqa dəlalət edən ayələr əhkama dəlalət edən ayələrdən qat-qat çoxdur. Hətta Qur`an hekayələrində də əsas məqsəd olaraq əxlaq nəzərdə tutulur. Hədis kitablarında minlərlə əxlaqi hədis gözə dəyir ki, sair mövzulardan çox olmasa da, az deyildir. Gözəl əxlaq üçün nəzərdə tutulan müjdə və savablar, sair əməllər üçün nəzərdə tutulan savablardan heç də az deyildir, eləcə də çirkin əxlaq barəsində nəzərdə tutulan cəzalar və təhdidlər sair əməllər barəsində edilən təhdidlərdən az deyildir. Deməli əxlaq məsələsi islamın əsasını təşkil edir və onu ikinci dərəcəli din hökmlərindən, dindarların gözəllik və zinətlənmə vasitəsi hesab etmək olmaz. Dini hökmlərdə əmr və qadağanlar mövcuddursa əxlaqda da əmrlər və qadağanlar vardır. Din hökmlərində bir əmələ təşviq etmə, savab, yaxud qorxutma və cəza və`dəsi vardırsa əxlaq məsələlərində də eynilə bu cürdür. Bunların nə kimi fərqi ola bilər?! Deməli biz kamal və səadət axtarırıqsa əxlaqi məsələlərə qarşı e`tinasız olmamalıyıq. Əxlaqi vacib əməlləri sadəcə olaraq “əxlaqi vacib” olduqlarına görə tərk eməməli, əxlaqi cəhətdən qadağan olunanların da sadəcə olaraq “əxlaq cəhətindən haram olduğunu” bəhanə edərək yerinə yetirməməliyik.

Namazın vacib, onun tərk edilməsinin isə haram olub ağır cəzası olduğu kimi, əhdə vəfa etmək də eynilə vacib, əhdə vəfasız çıxmaq isə haramdır və onun cəzası vardır. Bu kimi işlərin arasında heç bir fərq yoxdur. Həqiqi və xoşbəxt dindar o kəsdir ki, həm dini vəzifə və hökmlər qarşısında vəfadar olsun, həm də əxlaqi məsələlərə diqqət yetirsin. Hətta əxlaqi məsələlərə diqqət yetirilməsi mə`nəvi-nəfsani kamalda və səadətdə daha artıq əhəmiyyət kəsb edir (bu məsələ sonradan qeyd olunacaqdır).

 


 

[1] “Ali-Imran” surəsi, ayə…164

[2] “Biharul-ənvar”, 69-cu cild, səh.375

[3] “Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282

[4] “Müstədrəkul-vəsail”, 2-ci cild, səh.283

[5] “Müstədrəkul-vəsail”, 3-cü cild, səh.383

[6] “Kafi”, 2-ci cild, səh.99

[7] “Kafi”, 2-ci cild, səh.99

[8] “Kafi”, 2-ci cild, səh.100

[9] “Məhəccətul-beyza”, 5-ci cild, səh.89

 

 


al-shia, Media-islam.Com 2008.