Yezid ibni Müaviyənin törətdiyi cinayətləri, İslam tarixinə yazdığı silinməz ləkələri yazmaq üçün illərlə vaxt, onlarla kitab lazımdır. Allahın dinini və qiyaməti açıq-aşkar təkzib edən bu fasiq çox böyük məharətlə atasının törətdiyi cinayətlərə kölgə saldı. Görəsən nadan təəssüb gözlərini örtən qərəzli qələm sahibləri Yezid ibni Müaviyənin törətdiyi cinayətləri, Peyğəmbərin (s) dizləri üstündə böyüyən imam Hüseyn (ə)-ın faciəli qətlini, Әhli-beyt namuslarının əsir götürülüb küçə-bazarlarda gəzdirilməsini necə izah edirlər?
Sibt ibni Cuzi, Әbul-həsən Mədaini və başqa tarixçilər yazırlar:
«Mədinədə Təvvabin qiyamı yatırıldıqdan sonra Yezid ibni Müaviyənin əmri ilə Peyğəmbərin (s) şəhərinə basqın edildi. Bu basqında o qədər müsəlman öldürüldü ki, hətta Peyğəmbərin (s) məscidi və mübarək qəbrinə qədər qan axmışdı. Yezidin qoşunu xalqa amansızcasına divan tutur, müsəlmanların namusuna təcavüz edirdilər. Belə ki, həmin hadisədə zorlanmış mindən artıq ərsiz qadın sonradan dünyaya qanunsuz uşaq gətirdilər.»
Yezid ibni Müaviyənin açıq-aşkar Allahın dini və qiyamət gününü təkzib etməsini isbat etmək üçün onun «Divan»ından bə᾿zi şe᾿rləri oxuculara təqdim edirik. Yezidin söylədiyi bu şe᾿rləri Әbul Fərəc, Şeyx Abdullah Şəbravi Şafei, Xətib Xarəzmi və İbni Әbil Hədid kimi böyük əhli-sünnət alimləri öz kitablarında yazmış və o fasiqin lə᾿nətlənməsinə hökm vermişlər.
Şe᾿rlərin bir hissəsinin tərcümələri:
«Şərab bir günəş kimi saqinin əlində çıxır, mənim ağzımda qürub edir. Әgər Məhəmmədin dinində haramdırsa, gəlin İsanın dinində içək.»
(Öz mə᾿şuqəsinə üz tutaraq) «Әzizim, yaxın gəl ki, sənə öz qəlbimdəkiləri deyim..., hər kəs qiyamətdən nə danışsa, əbəs və yalan sözlərdir ki, bizi eyş-işrətdən uzaqlaşdırır...»
İmam Hüseyn (ə)-ın əhli-beytini Şama əsir gətirən zaman, onları görən kimi bu şe᾿ri oxumağa başladı:
«Bu əsirlər görünən kimi, bu günəşlər mənim sarayıma saçan kimi bir qarğa qarıldadı (bunu ərəblər tərslik əlaməti bilirlər), dedim: sən qarıldasan da, qarıldamasan da mən Məhəmməddən öz intiqamımı aldım...»
Xətib Xarəzmi, Әbul-fərəc ibni Cuzi, Şeyx Abdullah Şəbravi Şafei yazırlar:
İmam Hüseyn (ə)-ın kəsilmiş başı Yezidin qarşısına qoyulanda o, yəhudi və xristian qonaqlarının qarşısında, bu gün Bədr gününün müqabilində bir gün oldu ya Məhəmməd! – deyərək bu şe᾿ri oxumağa başladı:
«Kaş Bədr günü ölən babalarım burda olaydılar. Sevincdən fəryad edib deyərdilər: Әl-qolun var olsun Yezid! Onların ən böyüklərini öldürdün, bu Bədrin cavabı idi, indi oldu heç-heçə.
Bəni-haşim (Peyğəmbərin tayfası) səltənətlə oyun oynadılar. Yoxsa, nə bir xəbər var idi, nə də vəhy gəlmişdi. Xəndəfin (babalarından biri) oğlu olmazdım əgər Məhəmmədin balalarından intiqam almasaydım. Әziz övladını öldürüb Әlidən öz qisasımızı aldıq...»
Bu şe᾿rlərin sahibinə müsəlman demək onu lə᾿nətləməmək İslamın əsaslarını ayaq altına qoymaq deyilmi?
Yaxşı olardı ki, şiə məzhəbinə böhtanlar yağdırıb onlara müşrik, kafir deyənlər bu cümlələri söyləyən şəxs barədə diqqətlə fikirləşsinlər. Bir tərəfdən təəssübü kənara qoymaq istəməyənlər, digər tərəfdən də gün kimi aydın olan bu həqiqətlərdən qaça bilməyən şəxslər qəribə bir anlaşılmazlıq qarşısında qalırlar..!
Dəməşq şəhərində hər gün təkrarlanan qəribə bir mənzərə ilə rastlaşdım. Bu şəhərin əhli-sünnət əhalisi hər gün böyük Әməvi məscidinə gəlir, əvvəlcə imam Hüseyn (ə)-ın mübarək başı qoyulduğu yeri öpüb ziyarət edir, daha sonra hündürlüyü 3-4 metr olan Yezidin taxtının altında namaz qılırlar. Әziz qardaşlarımızın dediyinə görə bu taxtın altında qılınan namazı Allah-taala Yezidə xatir qəbul edir..!
Çox qəribə məntiqdir..., ölənə Allah rəhmət eləsin, öldürənə əl-qolun var olsun demək, özünü başqalarına güldürmək deyilmi?
“Yezid ictihad edib”, yə᾿ni “İslamın məsləhətini imam Hüseyni öldürməkdə görüb”, deməklə özümüz özümüzü aldatmırıqmı?
Yezid ictihad edib Peyğəmbərin əziz övladını öldürə bilirsə, şiələr ictihad edib onu və fasiq atasını lə᾿nətləyə bilməzlərmi?