eslu-dini-eleql |
Tarix: Bazar, 17.02.2008, 23:15 | Mesaj # 1 |
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 4
Tərif: 0
Status: Xetden kenar
| İMAMLARIN ELMİ QAYNAQLARI Məsum İmamların elmi barədə diqqəti cəlb edən mühüm məsələlərdən biri onların elmi mənbələridir. Onlar öz elmlərini adi qayda ilə öyrənməmişlər. Onlar Quranın təbirincə desək, “lədunni elmə” (Allah tərəfindən verilmiş elmə) sahibdirlər. Elə bu səbəbdən də onların ixtiyarında qoyulan elmi qaynaqlar onları sair insanlardan ayıraraq fərqləndirir. Onlar aşağıda deyiləcək qaynaqlarla əldə etdikləri biliklə şəriət məsələləri, İslam və müsəlmanların məsləhət və xeyri və habelə ümmətin hidayətində zəruri sayılan keçmiş və gələcəyə aid həqiqətlərdən agah olurlar. Quran ayələri və islami rəvayətlərə nəzər saldıqda beş elmi qaynaqla rastlaşa bilərik. Bu qaynaqlar aşağıda sadaladığımız kimidir. 1)Qurani-Kərimin bütün məna və həqiqətlərindən kamilcəsinə agahlıq. 2)Peyğəmbərdən keçmiş irs. 3)Mələklərlə rabitə 4)Ruhulqudusun təlqin etməsi. 5)İlahi nur. İndi isə gəlin yuxarda qeyd olunan bu beş elmi qaynaqla bağlı ətraflı danışaq. 1) Qurani-Kərim imamların birinci dərəcəli elmi qaynağı sayılır. Belə ki, onlar Quranın təfsir, təvil, zahir, batin, möhkəm və mütəşabih ayələrini yaxşıca bilirlər və ümumiyyətlə Qurani-Kərimin bütün həqiqətlərindən xəbərdardılar. Qurani-Kərim bu barədə Rəd surəsinin 43-cü ayəsində belə deyir: Kafirlər: “Sən Peyğəmbər deyilsən!” deyirlər. Onlara belə cavab ver: ”Mənimlə sizin aranızda Allahın və birdə kitabın bütün elmindən xəbəri olan kəsin şahid olması yetər!” Bu ayədən aydın olur ki, kitabın yəni Qurani-Kərimin bütün elmindən xəbəri olan birisi vardır. Şübhəsiz Allah kitabı bütün elmlərin axıcı çeşməsidir və ondan agah olmaq bütün işlərin açıcı açarıdır. Yuxarıda qeyd etdiyimiz ayədə gəlmiş “kitabın bütün elmi” İfadəsinin həqiqətinə azacıqda olsa belə varmaq üçün Qurani-Kərimin Nəml surəsinin 40-cı ayəsində gəlmiş Həzrəti Süleyman peyğəmbərin vəziri olan Asəf ibn Bərxiyanın əhvalatını nəzərdən keçirsək “kitabın bütün elmindən xəbəri olan kəsin”-elminin nəqədər geniş və əhatəedici olduğunu yaxşıca görə bilərik. Quran bu hadisəni xatırladaraq belə buyurur: “Kitabdan bir qədər xəbəri olan birisi (yəni Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!”. Şübhəsiz məlumdur ki, kitabın bütün elmindən xəbəri olan kəs bundan dahada mühüm olan işləri də həyata keçirə bilər. “Kitabın bütün elmindən xəbəri olan kəsin” kim olması haqda təfsirçilərin əksəriyyəti o kəsin Əli (ə) və onun on bir məsum övladı olması görüşündədirlər. Lakin bir qurup təfsirçilər isə o kəsin əhli kitab alimlərinə və habelə İslam Peyğəmbərinin nişanələrini keçmiş asimani kitablarda görüb oxumuş Səlman və Abdullah ibn Salam kimi şəxslərə işarə olması qənaətindədirlər. Amma təfsirçilər bu görüşü heç də məqbul nəzərə çarpmır. Çünki, bu surə Məkkədə nazil olmuşdur. Halbuki, Salman və Abdullah ibn Salam və sair əhli kitab alimləri islam dinini Mədinədə qəbul etmişdilər. Şiə aləminin məşhur və görkəmli təfsirçilərindən sayılan mərhum Təbərsi öz dəyərli “Məcməul-bəyan” əsərində İmam Sadiq (ə)-dən bu ayədə gəlmiş “kitabın bütün elmindən xəbəri olan kəsin” kimlərə işarə olması haqda belə bir rəvayət nəql edir. Orada belə gəlmişdir: İmam Sadiq (ə) belə buyurdu: “Allah bizləri nəzərdə tutubdur”. 2) Məsum imamların ikinci dərəcəli elmi qaynağı Peyğəmbərdən onlara çatmış irsdir. Belə ki, sevimli Peyğəmbərimiz bütün islam maarifini Əli (ə)-ma öyrətmiş daha dəqiq desək peyğəmbər (s) diktə etmiş, Həzrəti Əli (ə) isə onları yazmışdır və bu kitab Həzrəti Əli (ə)-ın ailəsində ata-oğul silsiləsi ilə daima əldən-ələ keçmiş və halhazırda zəmanımızının imamı Məhdi (ə.c)-dədir. Bu kitabın gözəllikləri Əhli-Beyt İmamlarından nəql olunan hədislərdə açıqlanmışdır. Nümunə olaraq: “Üsuli-kafidə” Əbu Bəsirdən nəql olunmuş bir hədisdə belə oxuyuruq: Əbu Bəsir deyir: Imam Sadiq (ə)-dan soruşdum ki, sizin tərəfdarlarınız deyirlər ki, Rəsulullah (s) Əli (ə)-ma içərisindən min qapı açılan bir elm qapısı öyrətmişdir. İmam Sadiq (ə) buyurdu: Rəsulullah (s) Əli (ə)-ma (bir qapı yox) min qapı öyrətdi və hər bir qapıdan da min qapı açıldı. Sonra belə buyurdu: Ey Əbu Bəsir! Camiə bizdədir. Əbu Bəsir dedi camiə nədir? İmam buyurdu: Uzunluğu Peyğəmbərin dirsəki ilə səksən dirsək olan bir kitabdır. Bu kitab Peyğəmbərin diktəsi və Həzrəti Əlinin xətti ilə yazılmışdır. O kitabda bütün halal və haramlar və habelə insanların ehtiyac duyduğu hər bir şey hətta bədəni cırmağın diyəsi belə orada öz əksini tapmışdır. Bir çox rəvayətlərdə açıqca görürük ki, Əhli-Beyt imamları buyururdular: “Bizim nəql etdiyimiz hədislərin hamısını siz Peyğəmbərin dilindən nəql edə bilərsiniz, çünki biz onların hamısını öz ata-babalarımızın vasitəsi ilə Peyğəmbərdən eşitmişik!” İmam Sadiq (ə)-ın dostlarından biri o həzrətdən belə bir sual soruşdu: Biz bəzi vaxtlar sizdən bir hədis eşidib sonra şəkk edirik ki, görəsən sizdən eşitmişik yoxsa atanızdan? İmam belə cavab verdi: Məndən eşitdiyin hədisi atamın dilindən rəvayət et. Məndən eşitdiyin hədisi Rəsulullahın dilindən rəvayət et”. Başqa bir yerdə İmam Sadiq (ə) belə buyurur: “Mənim hədisim atamın hədisidir. Atamın hədisi isə babamın hədisidir. Babamın hədisi Huseynin hədisidir. Huseynin hədisi isə Həsənin hədisidir. Həsənin hədisi Əmirəl-Mömininin hədisidir. Əmirəl-Mömininin hədisi isə Rəsulullahın hədisidir. Rəsulullahın hədisi də Allah-Təalanın sözüdür. 3) Əhli-Beyt imamlarının üçüncü dərəcəli elmi qaynağı isə onların mələklərlə ünsiyyət və əlaqədə olmalarıdır. Mələklərlə əlaqə yaratmaq yalnız peyğəmbərlərə xas deyil. Tarix boyu bir çox övliyalar da ondan bəhrələnmişlər. Tarix peyğəmbər olmadan qeyb aləminin sirlərini bir çoxlarına mələklərlə rabitə yaratma yolu ilə ilham edilməsi haqda xəbər verməkdədir. Qurani-Kərim də onlardan bəziləri haqda məlumat verir. Nümunə olaraq Xızır, Zul-Qərneyn və Həzrəti Mərəyəm kimi kəsləri misal çəkmək olar. Beləliklə peyğəmbər olmamaları bəzi dahi insanların o cümlədən pak və məsum imamların mələklərin onlarla ünsiyyətə girməsi qarşısında maneə sayıla bilməz. Həm şiə həm də sünnilərin nəql etdikləri hədislərdə bu cür insanlar “muhəddəs” adlanmışlar. Yəni bunlar o kəslərdir ki, peyğəmbər olmaya-olmaya mələklər onlarla ünsiyyətə girib söhbət etmişlər. “Muhəddəs” məsələsi ilə bağlı şiə və sünni mənbələrində bir hədis nəql etmək yerinə düşərdi. Mərhum şeyx Kuleyni öz “Üsuli-kafi” əsərində İmam Baqir (ə)-dan nəql olunan bir hədisdə belə buyurduğunu deyir: “Həqiqətən də Əli (ə) muhəddəs idi (yəni onunla danışılırdı) elə ki, o həzrətdən kimin onunla danşdığını sual etdikdə o həzrət belə buyurdu “Onunla mələk danışırdı” O həzrətdən onun peyğəmbər olması barədə sual olunduqda isə o həzrət öz əlini inkar əlaməti olaraq tərpədərək deyir: “O Süleymanın dostu (Asif ibn Bərxiya) ya Musanın dosdu (Yuşə ya da Xızır) ya da Zul-Qərneyn kimi mələklə danışardı” Buxari isə öz “Səhih” əsərində həzrəti Peyğəmbər (s)-ın belə buyurduğunu nəql edir: “Sizdən öncə Bəni-İsraildən elələri olmuşlar ki, peyğəmbər olmadığları bir halda mələklər onlarla danışmışlar. 4) Pak İmamların üçüncü dərəcəli elmi qaynağlarından biri də ruhulqudusun təlqin etməsi sayılır. Qurani-Kərimdə dəfələrlə “ruhulqudus”-dan söz açılmışdır. Bu ifadə üç yerdə həzrəti İsa (ə) barədə, bir yerədə isə İslam peyğəmbəri barəsində işlədilmişdir. “Ruhulqudus”-un kim yada nə olması barədə təfsirçilər arasında fərqli və müxtəlif təfsirlər irəli sürülmüşdür. Bir qrup təfsirçilər onu “Cəbrail” deyə təfsir etmişlər. Həzrəti İsa (ə) barəsində isə onu o həzrətdə olan pak və müqəddəs ruh deyə yaxud da o həzrətə göndərilmiş İncil olaraq təfsir etmişlər. Bəzən də onun, İsanın onunla ölüləri diriltdiyi Allahın ismi-əzəmi olduğunu demişlər. Təfsirçilərin arasında olan bu fikir ayrılıqları heç də həqiqətlə üst-üstə düşmür. Çünki Qurani-Kərimin təbirlərindən və habelə müxtəlif islami rəvayətlərdən “ruhulqudus”-sun çoxlu mənalara gəldiyi açıqca görünə bilər. Beləliklə “ruhulqudus” ifadəsi işlənmə yerindən aslı olaraq hər bir yerdə xüsusi bir məna daşıyır. Məsələn Qurani-Kərim Nəhl surəsinin 102-ci ayəsində belə buyurur: “De: Ruhulqudus onu (Quranı) Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir.” Göründüyü kimi burada “ruhulqudus” Quranı Allah tərəfindən peyğəmbərə nazil edən, “Cəbrail” mənasındadır. Amma Qurani-kərimin həzrəti İsa (ə) barəsində gəlmiş üç digər ayəsinə gəldikdə isə “ruhulqudus”-un başqa bir məna ifadə etdiyi nəzərə çarpır. Çünki, Quranda bu barədə gəlmiş təbirlər “və onu (İsanı) ruhulqudusla qüvvətləndirdik” ya “o zaman səni ruhulqudusla qüvvətləndirmişdim” həmişə həzrəti isa ilə birlikdə olub onu daima qüvvətləndirən bir ruha işarə olduğunu açıqca göstərir. Əhli-beyt məktəbinin mənbələrində gəlmiş hədislərdən yaxşıca məlum olur ki, ruhulquds bütün peyğəmbərlər və məsum imamlarla birlikdə olub İlahi yardımları müxtəlif şəraitlərdə onlara daşıyan müqəddəs bir ruh olubdur. Hətta əhli-sünnət mənbələrində gəlmiş çoxlu hədislərdən belə aydın olur ki, mühüm işlər və ya mənalı ş`er və sözlər birisindən çıxdığı zaman “bu ruhulqudusun köməyi ilə baş verdi” deyirdilər. Nümunə kimi əhli-sünnətin görkəmli məşhur alimi kimi tanınan Cəlaləddin Süyutinin “Əddur-rul mənsur” təfsirində gəlmiş bir hədisi göstərmək olar. Orada belə qeyd olunur: “Peyğəmbəri Əkrəm (s) məşhur İslam şairi Həssan ibn Sabit barədə belə buyurdu: İlahi Həssanı ruhulquduslə gücləndir necə ki, o öz peyğəmbərini müdafiə etdi!” Müslimdə öz “Səhih” əsərində yuxarıda nəql olunan hədisi məzmununa yaxın iki rəvayət qeyd etmişdir. Əhli-Beytin məşhur şairi Kumeyt ibn Zeyd Əsədi barədə oxuyuruq: İmam Baqir (ə) ona belə buyurdu: “Peyğəmbəri-Əkrəmin Həssan ibn Sabitə nə qədər ki, bizi müdafiə edirsən ruhulquds həmişə səninlə birlikdə olacaqdır” buyurduğu söz sənə də aiddir” Başqa bir hədisdə qeyd olunur ki, şücaətli şair Dubəl Xəzai məşhur qəsidəsi “Mədarisul ayat”-in bəzi hissələrini oxuduğu zaman İmam Rza (ə) şiddətlə ağlayıb sonra isə belə buyurdu: “Ruhulqudus bu iki beytdə sənin dilinlə danışdı”. Beləliklə yuxarda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, “ruhulqudus” insana mühüm, mənəvi və ilahi işləri görən zaman kömək edən yardımçı bir ruhdur. İnsanların Allah dərgahında məqamlarının fərqli olduğundan bu yardımçı ruhunda gördüyü funksiya o fərqlilikdən asılı olacaqdır. İmam Sadiq (ə)-dan nəql olunmuş mübarək bir hədisdə belə gəlmişdir: “İmam Sadiq (ə) “Və bir də öndə olanlar, öndə olanlar. Bunlar yaxın olanlardır”. Ayəsinin təfsirində belə buyurur: Öndə olanlar yalnız İlahi peyğəmbərlər və birdə Allahın öz xəlqinin içərisindən seçmiş olduğu xüsusi kəslərdir. Allah onlarda beş ruh yaratmışdır. Ruhulqudusla onları gücləndirmiş və elə onlar onunla da əşyaları tanımışlar.......” 5) İmamların üçüncü dərəcəli elmi qaynaqlarından bir başqası da “Üsuli-kafi” və “Biharul-ənvar”da çoxlu rəvayətlərdə gəlmiş “İlahi nur” adlanan bir qaynaqdır. Numünə üçün “Üsuli-kafi”dən bir hədis işarə edirik. Həsən ibn Raşid deyir: İmam Sadiq (ə)-dan belə buyurduğunu eşitdim: “Qabaqki İmam dünyadan getdikdə sonrakı İmam üçün nurdan bir çıraq qaldırılar ki, onun vasitəsi ilə insanların əməllərinə baxa bilsin. Elə Allah bu yolla höccəti öz xalqına tamam edər”.
|
|
| |