Cüme, 19.04.2024, 20:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » “BASDIRMA PLOVU ÇOX XOŞLAYIRAM”
    18:34
    “BASDIRMA PLOVU ÇOX XOŞLAYIRAM”
     
    Onunla səfirlikdə, elə öz kabinetində görüşdük. Biləndə ki, bizim rubrikanın adət-ənənəsinə uyğun olaraq söhbətimizi təbiətin qoynunda davam etdirməliyik, əvvəlcə bir az tərəddüd etdi. Ancaq az sonra razılaşdı və səfirlər içərisində ilk nümunəni göstərdi.

    İranın Azərbaycandakı səfiri Nasir Hamidi Zare mətbuata kifayət qədər normal münasibət quran diplomatdır. Hətta mobil telefonu da xalqın “göz-qulağı” hesab etdiyi jurnalistlərə daim açıqdır. Elə iki saatdan artıq bu sətirlərin müəllifinə vaxt ayırması, özəl məsələlərdən heç bir sərhəd qoymadan bəhs eləməsi də onu müsbət xarakterizə etməyə imkan verir. Bismillahir-rəhmanirrəhimlə başlayan söhbətimizin bir bölümü onun kabinetində reallaşsa da, otaq şəraiti səmimi söhbətə mane ola bilmədi.

    “Sovet vaxtı da gizli əlaqələr var idi”

    Deyir ki, Azərbaycana həmsərhəd şəhərdən (səfir İran Astarasındandır - E.P.) olduğundan Azərbaycanın keçmişi ilə çox yaxından tanışdır: “Yaşadığım 53 il ərzində çox ölkələrlə, xalqlarla tanış olmuşam. Bizdə bir fars məsəli var: “Dostca danışanın sözü daha şirin olar”. Ötən müddətdə İran və Azərbaycan xalqlarının necə zəngin və dərin, fəxr edilə bilən mədəniyyətə sahib olduğunu görmüşəm. Mən İranın xoşniyyətli, səlahiyyətli və fövqəladə səfiri kimi bu əlaqələrin qorunub-saxlanılması və daha da inkişaf etdirmək niyyətilə bura gəlmişəm”. Keçmiş düşüncələrini də bölüşür: “O vaxt arzulardıq ki, bizim də burdakı bacı-qardaşlarımız işğaldan azad olaraq, müstəqillik əldə etsinlər. Mən həmişə azadlığı və müstəqilliyi sevənlərdən olmuşam. Onunçün mən bu gün çox xoşhalam ki, bacı-qardaş, qonşu və dost müsəlmanlarımızı sərbəst və azad görürəm”.

    - Sovet dövrünü xatırlatdınız. Sizin doğulduğunuz Astara şəhərinin bir hissəsi də bu taydadır. Elə olubmu ki, sərhəddən, tikanlı məftillər arxasından həsrətlə baxıb bir gün yolların açılmasına dua edəsiniz?

    - Bəzi deyilməz sözlər var ki, mən indi rəsmi vəzifədə olduğuma görə onları açmırıq. Tikanlı məftil, dəmir pərdə ki, deyirlər, bizim ona inandığımız yoxdur. Elə o vaxt da bəzi əlaqələr var idi. Onun qarşısını almağa nə rus imperatorluğunun, nə də indiki başqa qüvvələrin gücü yetərdi. İnsanlar arasında əlaqə hər zaman olub, olacaq da. Onu kəsmək, ayırmaq qeyri-mümkündür. Vaxtilə şəhər bir olub, aramızda bir çay var. Sonra tarixi münasibətlərdə bunlar bir-birindən ayrı düşüblər”.
    Nasir Həmidi Zaregilin ailəsində üç bacı, üç qardaş olub. Özü oğlanların kiçiyidir. Səfir isə üç övlad atasıdır, iki oğlan, bir qız. Qardaşları artıq təqaüddə olan Nasir bəy deyir ki, ailədə diplomatiyanı seçən yalnız o olub. Tehranda və Hindistanda universitet bitirib. 30 ildir ki, diplomatik fəaliyyətlə məşğul olur: “Naxçıvanda işləməzdən öncə İstanbulda baş konsul, Ankarada məsləhətçi olmuşam”.

    “Yol açıq olsa, 3 saata İrana çatıram”

    Alış-verişdə hansı ölkələrin mallarına önəm verməsi barədə suala “bunun xüsusi önəmi yoxdur” söyləyir. Ardınca əlavəsini də edir: “Bir İsrail adlı mallar xaric, başqalarına fərq qoymuram. Amma mən həmişə səy göstərirəm ki, öz vətənimdə istehsal olunan mallardan istifadə edim. Təbii ki, əgər keyfiyyətli olarsa. Yerli mallara, əşyalara, yeməklərə üstünlük verirəm. Ayaqqabıdan tutmuş digər məsələlərədək”. (Gülür) Bakı istehsalı olan mallardan da aldığını vurğulayır: “Bu gün Azərbaycanda istehsal olunan malların İrana, İran malının da bura ixrac olunmasında heç bir məhdudiyyət yoxdur”. Konkret hansı marketə və ya bazara getməsi ilə maraqlandıqda yenə də ad çəkmir: “Xüsusi bir yer yoxdur, müxtəlif yerlərə gedirik. Ən çox alış-verişləri evdə edərlər. İranda bir fərq var ki, evdə müdiriyyət xanımların əlindədir. Orda xanımlar hakimiyyətdədirlər. Burda da elədir”. (Gülürük)
    Ölkədəki bahalığın onun dolanışığına təsir edib-etmədiyinə gəldikdə, “bizə çox təsiri olmaz, çünki diplomatların vəziyyəti bir az yaxşıdır. Amma hiss edirik ki, bahalıq var” söyləyir. Səfir həm özü, həm də xanımı sərbəst şəkildə avtomobili idarə edir: “Mənim öz adıma maşınım yoxdur, amma xanımımın adına var”. İrana adətən maşınla getdiyini söyləyir. Burdan Astaraya neçə saata getməsi ilə maraqlandıqda deyir ki, sürətlə sürməyi xoşlayır: “Yol açıq olsa, bəlkə 3 saata da getmək olar. Amma 5 saata çox rahat çatmaq mümkündür. Qohum-əqrəbalara baş çəkmək üçün maşınla getməyə üstünlük verirəm”. Yolların getdikcə yaxşılaşdığını da deyir: “Görün zamanında bu yollar necəymiş. Dünya imperatorluğuna iddiası olan sovetin zamanında yollar necə bərbad imiş ki, hələ də neft və qaz gəlirlərinin sərf olunmasına baxmayaraq təmir eləyib yekunlaşdırmaq mümkün olmur”. Yol polisi tərəfindən dəfələrlə saxlanıldığını da deyir: “Sərhəddən aşıb gələndə bütün xarici maşınları saxlayırlar. Amma bəzən görürsən bir döngədə qalırlar və ora çatmağa iki saniyə qalmış yola çıxıb saxlayırlar. Nömrəni görəndən, diplomat olduğumuzu biləndən sonra ehtiram edir, deyir buyur. Biz səy edirik ki, qanunları pozmayaq”.
    İstirahətini necə keçirdiyi barədə sual etdikdə deyir ki, ailəsinə vaxt ayırmağı özünə borc sayır: “Ətraf şəhərləri gəzməyə gedirik. Qonaqlıqlarda oluruq”. Muğamı dinləməyi də çox sevir.

    “Xanımım başını bağlasa da, gözü açıqdır”

    - deyən səfir həyat yoldaşının, əslən Gilandan olan Bətül xanımın ictimai fəaliyyətindən də danışır: “Ziyalılar, şərqşünaslarla görüşləri olur, qəzetlərə müsahibə verir. Elm adamıdır, universitet bitirib. İranda olarkən universitetdə işləyirdi, məktəbdə kimya bölməsindən dərs deyirdi”.
    Azərbaycan efirindəki bayağı səhnələr, açıq-saçıq geyinən müğənnilərdən söz düşəndə öz ölkəsindən misal gətirir: “İranda da belə vəziyyət var idi. Hətta İranda olan vəziyyətə hələ Azərbaycan çatmayıb. Öz musiqimizin yerinə Qərb cazını, xalqın basdırma plovunun əvəzinə sendiviçləri, hazır yeməkləri gətirdilər. Bizim içdiyimiz ayran, meyvə şirələrinin yerinə “Koka-kola”, “Pepsi-kola”, nə bilim nə gətirildi. Rahat-rahat geyimlərimizin yerinə burası dar, orası gen libaslar, açıq-saçıq paltarlar gətirdilər. Ancaq yenə də bu dövr ötüb keçdi, xalq keçmişdəki inancından gələn adət-ənənəsinə qayıtdı”.
    Nasir Əmidi Zarenin iki övladı universitet bitirib və təhsillərini xaricdə davam etdirirlər: “Amma üçüncü uşaq bizimlədir, 6-cı sinifdə oxuyur”.

    “Biz özümüzü türk saymırıq”

    - Cənab səfir, siz Azərbaycan mahalındansınız da, elə deyil?

    - Mən Gilan ostanındanam. Oralar talış olub da. Özüm də talışam. Ata-anam talışca danışardılar. Amma necə ki, burda sizinkilər Azərbaycan dilində danışır, biz də fars dilində danışırdıq. Bu dil bizim milli dilimizdir. Amma özümüz öz aramızda azəri dilində də danışırıq. Biz özümüzü iranlı sayırıq, İranın azəri dilində danışanlarındanıq.

    - Deyirsiniz İran ən azad ölkədir. Bəs İranda milyonlarla azərbaycanlının ana dilində yazıb-oxuması məsələsi həlli niyə problemə çevrilib?

    - Siz gedib görməyibsiniz. İranda talış, giləki dilində belə radio, televiziya, mətbuat var. Amma milli dilimiz fars dilidir. Digər məsələlər dövlətin siyasəti ilə əlaqədardır. İranda azəri dili qadağan olsaydı, bu gün sizinlə necə danışardım? Hətta İranda azəri dilində müsahibə verirəm. Urmiyə, Təbriz, Ərdəbilin radio-televiziyası var, açın, baxın.

    - Bəs, “mən türkəm” dediyinə görə insanların həbs edilməsi barədə nə deyərsiniz?

    - Biz özümüzü türk saymırıq. Türk deyəndə Anadolu türklərini nəzərdə tuturuq. Onlar bu bölgəyə Şərqi Türkistandan təzə gəliblər. Bizlər neçə illərdir burda yaşayırıq. Ola bilər ki, onlar özlərini bizə yapışdırmaq istəyirlər. Azər od deməkdir, azərilər, atəşpərəstlər, oda inananlar İslamdan qabaq burda olub. Azərbaycan dediyimiz bir sistem də yaranıb və biz onu tanıyırıq. Biz Azərbaycan bura deyərik, İranda yaşayanlar azərilərdir.
    ROMAN YAZIRAM
     
     
    Azərbaycanda hətta İrana qarşı yazılar yazıb çıxışlar edənlərə də normal münasibətdə olduğunu, bəzən İran haqqında doğru-dürüst məlumatı olmayanlarla təmas qurduğunu da dilə gətirir. Hesab edir ki, Azərbaycanda İran haqqında bəzən yanlış təsəvvür, İranı yaxşı tanımamaq belə yazılara rəvac verir: “Sizin icra hakimləri var, sərhəddə yaşayır, neçə ildir orda vəzifədədir, hələ bir dəfə də İrana getməyib. Çünki “Dumanlı Təbriz”i, “Qorxulu Tehran”ı - Seyid Səid Ordubadinin o mənfi (? - E.P.) romanlarını oxuyub və oxuduqlarının təsiri altında qalıb. Amma bizimkiləri ayda dörd dəfə çağırsan da “can”, “qardaş” deyib gələrlər”.
    Söhbətimizin bu məqamında səfirin həm də yazıçılıq qabiliyyətinin olduğu aydınlaşır. “Mən özüm roman yazanam” deyən səfir ardınca şer yazdığını da etiraf edir. İsrarımızdan sonra “Əshabi-Kəhf” barədə yazdığı bir bəndi söyləyir. Bundan qabaqsa şer “azərbaycanca yox, azəri dilindədir” qeydini edəndə növbəti mübahisəyə yol açılır. Səfirsə dediklərini belə əsaslandırır: “Biz sizin dilinizə “Azərbaycan Cümhuriyyətinin dili” deyirik. Bu dil bizim azəri dil deyil. Çünki siz qarışıq kəlmələr işlədirsiniz. Məsələn, sizdəki respublika sözü bizdə yoxdur, biz cümhuriyyət deyərik. Mənim iddiam budur ki, İranda qalan dilimiz ən təmiz azəri dilimizdir”. Və şerlərindən yalnız bir bəndi söyləyir:

    Əshabi-Kəhf keçəndə
    Arazda əl yuyarmış
    Milli pasport almadan
    “Vıqladiş”lə keçərmiş.
    Bizdən viza almadan
    Qaçaq-qaçaq gedərmiş...

    Gülür və israrımıza baxmayaraq ardını demir: “Çox uzundur”. Ardınca da hələ ki yazılarının çap olunmadığını bildirir: “Elə-belə özümçün yazıram. Diplomatların həyatında belə hallar olur. Sonra nəşr olunaram”.

    “Yaxşı üzgüçüyəm”

    Dəniz qırağında davam edən söhbətimiz zamanı dalğalara baxıb bir az da fikrə dalan səfirdə deyəsən, nostalji hisslər baş qaldırır. Sözarası mavi Xəzərin o tayından, yaşadığı ərazilərdən danışır: “20 il orda yaşamışam. Həmişə bu dənizdə üzmüşük. Çox yaxşı da üzgüçüyəm”. Dəniz haqqında hələ şer yazmadığını deyir: “Mən daha çox ictimai-siyasi məsələlərdən yazmışam. Amma dəniz çox gözəldir. Dənizin ən gözəl zümzüməsi onun dalğalarının səsidir ki, gecə-gündüz oxuyur. Burda da bir sirr var”. Elə bu yerdə Xəzərin statusunda razılığa gəlinməməməsini xatırladıram. Səfirsə “əslində Tanrı bunu bütün bəşəriyyətə bəxş edib” deyir və məsələnin tezliklə həllini tapacağına ümidini ifadə edir.
    İndiyəcən keçdiyi ömrə görə peşman olmadığını da vurğulayır: “Mən həmişə cəhd göstərmişəm ki, əvvəl özümü, Allahımı tanıyım, onun əmr etdiyi yollarla gedim ki, ayağıma tikan batmasın. Görürsən tikanlar ki, batır, o, yoldan çıxanların ayağına batır”. 15 yaşından altı ay keçəndən ibadətə başlayan Nasir Həmidi Zare o vaxtdan oruc və namazından qalmayıb: “Ondan əvvəl də oruc tutub namaz qılardım. Bizim ailədə uşaqlar 10-12 yaşdan oruca başlayıblar. İranda hamı dindardır. Mənim nəzərimcə hər kəs ki dini, Allahı, Quranı, Peyğəmbəri inkar etməsə, o, özü mömindir, dindardır”.

    “7 dil bilirəm”

    Sözarası adına da aydınlıq gətirir: “Adım Nasir, familiyam Həmidi Zaredir. Böyük babamın adı Həmid olub. Əkinçi olduğundan “zare”, yəni əkinçi adı qoyulub”.
    Azərbaycan dilindən başqa fars, talış, ingilis, urdu, ərəb, fransız dillərini bildiyini deyir: “Fars bizim milli dilimi, azəri ana dilim, ərəbi dini dilim, ingilis təhsil dilim olub. Urdu dilini Pakistanda işləyərkən öyrənmişəm. Fransı dilinə də marağım olduğundan əxz eləmişəm. Rus dilinə maraq göstərmək istədim, amma istifadəsi olmadığına görə hələ başlamamışam. Mən dili tez öyrənirəm”.
    Dəniz gəzintisinə rəsmi şəxslərlə birgə çıxdığını bildirir. Səfiri katerlə dənizi seyr etməyə dəvət etsəm də, razılaşmır: “Gərək vaxt olsun ki, dostlarla, ailə ilə birlikdə seyrə çıxaq. Mən tək getmərəm, uşaqları da özümlə apararam. Çünki istirahətə vaxtımız az olur deyə, ailə ilə getməyi daha çox sevirəm. Belə istirahət canayatan olur. Hər halda ailə ilə yaşamaq, xoş anları birgə paylaşmaq daha gözəl olur”. Məlum olur ki, səfirin bir az da tələsməsi elə ailənin istirahətinə vaxt ayırması ilə bağlıymış: “Ailə bizim çox qiymətli varlıqlarımızdandır. Uşaqlar gələcəyə necə yetişsələr, bu, bizim işimizin, zəhmətimizin nəticəsi sayılacaq. Ailə də kiçik dövlətdir. Bizim inancımızda da var ki, uşaqlar gələcəkdə nə qədər yaxşı iş görsələr ata-anaya da o qədər savab sayılır. Amma pis iş görsələr tək özləri üçündür”.
    Bətül xanımın bişirdiyi xörəklərdən daha çox basdırma plovu xoşlayır: “Bizdə plov çox yeyilər. Hətta İranda yeməklərin də mənsub olunmuş münasibətləri var. Məsələn, İmam Hüseynin (ə.s.) azadarlığında qiymə xuruşu hazıranır. Hətta Tehrandakı başqa dini azlıqlar da gəlib imamın ehsanından aparırlar”.
    Səfir suallarıma can-başla cavab versə də, tələsdiyi də nəzərimdən qaçmır. Axı, ailəsinə vaxt ayırdığını demişdi. Ona görə də söhbətimizi tamamlayıram. Nasir bəy “yolunuz biz tərəfdirsə, bərabər gedə bilərik” deyə avtomobilinə dəvət edir. Minnətdarlıq edib ayrılıram...


    Elşad PAŞASOY
     
    MUSAVAT.COM
    Категория: Müsahibe | Просмотров: 1577 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər