Bazar, 22.12.2024, 06:29
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    ReCeB, ŞABAN Ve RAMAZAN
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
     
    Müqəddəs Rəcəb, Şaban və Ramazan ayları münasibətilə bütün müsəlman bacı-qardaşları səmimi qəlbdən təbrik edir və onlara bütün aylarda müvəffəqiyyətlər diləyir, uca Yaradandan bərəkət və məğfirət təmənna edirik.

    Bu ayların qiymət və fəziləti, onlarda bəndələr üçün nəzərdə tutulan sonsuz savab və mənəvi bəhrələrə dair hədis və rəvayətlərimizdə o qədər söz deyilib ki, insanı heyrətə salmaya bilmir. Peyğəmbər (s) buyurur:

    “Rəcəb Allahın əzəmətli ayıdır. Fəzilət və ehtiramda ona yetişən ay olmaz. Kafirlərlə müharibə haramdır. Rəcəb Allahın, Şaban mənim, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allahın razılıq və sevincini qazanar, İlahinin qəzəbindən uzaq və cəhənnəm qapılarından biri üzünə bağlanar”.

    İmam Musa ibn Cəfərdən (ə) nəql olunur:

    “Hər kəs Rəcəbdən bir gün oruc tutsa, bir illik cəhənnəm odunu özündən uzaqlaşdırar və hər kəs üç gün oruc tutsa, cənnət ona vacib olar”.

    Peyğəmbər (s) Rəcəbin başlanğıcında asimanda ayı müşahidə edərkən belə deyərdi:

    “İlahi, Rəcəb və Şabanı bizə bərəkətli et və sonra bizi Ramazan ayına yetir! Bu ayda bizə orucu, ibadəti, dil və qulağımızı qorumağı nəsib elə və bizi yalnız ac və susuz qalmaqdan saxla!”

    Rəcəbi bərəkətli edən, onda baş verən ən böyük hadisə–Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür. Rəcəbin 27-də baş verən bu ilahi töhvə İslamda “Məb`əs Bayramı” adı ilə təntənəli surətdə qeyd olunur. İslamda məb`əs axşamı ən mübarək gecələrdən sayılır. Əmirəlmö`minin Əlinin (ə) ziyarəti bu gecənin ən fəzilətli əməllərindəndir.

    600 il öncə yaşamış sünni alimlərindən olan Əbu Abdullah Məhəmməd ibn Bətutə özünün “İbn Bətutənin səfəri” adlı səfərnaməsində Məkkədən qayıdarkən yolunun Nəcəf-əşrəfdən düşməsi və mövlamız Əmirəlmö`minin Əlinin (ə) hərəmi ətrafında gördüyü hadisələri belə yazır:

    “Bu şəhərin əhalisi bütünlüklə rafizidirlər. Lakin burada yerləşən mübarək hərəmin ziyarətçiləri üçün bir çox kəramət və möcüzələr baş vermişdir. Deməliyəm ki, burada Rəcəb ayının iyirmi yeddinci gecəsi xüsusi qeyd olunur və oranın əhalisi onu “Ləylətül-məhya” (dirilik gecəsi) adlandırırlar. İraqın özündən, Xorasandan, Fars və Rum vilayətlərindən bura çoxlu şil, iflic, çolaq insanlar gəlib otuz-qırx nəfərcən bir yerə yığışır və işa namazından sonra onları müqəddəs zərihin yanına gətirirlər. Onların necə şəfa tapmasına, ayağa durub gəzməsinə tamaşa etmək üçün camaat da ora toplaşır. Namaz qılan kim, zikr edən kim, Qur`an oxuyan kim, rövzəyə qulaq asan kim, düzü hərə bir ibadətlə məşğul olur. Gecənin yarısı yaxud üçdə ikisi keçmiş bayaqdan bəri dura bilməyən, yerindən tərpənməyən xəstələr yavaş-yavaş ayağa qalxıb, sağsalamat dolanmağa başlayırlar. Adam inana bilmir ki, bayaqkı xəstələr onlar deyildilər. Onlar ucadan deyirdilər: “La ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun vəliyyullah!” Burada bu çox məşhur bir hadisədir. Mən özüm o gecədə iştirak etməsəm də bunları e`tibarlı şəxslərdən eşitmişəm. Özümün o həzrətin qonaq evi sayılan mədrəsədə yerindən tərpənə bilməyən üç nəfərlə söhbətim oldu. Onların biri Rumdan, biri İsfahandan, o birisi isə Xorasandan idi. Onlardan soruşdum ki, bəs siz niyə sağalmamısınız? Dedilər ki, bizə iyirmi yeddinci gecə qismət olmadı. Amma o gecədə iştirak edib şəfa tapmaq üçün, burada qalıb gələn ilə qədər gözləyəcəyik. Həmin gecəyə görə başqa şəhərlərdən bura çoxlu cəmiyyət toplaşır və on gün müddətində o ətrafda böyük bazar qururlar”.

    Şaban ayı…

    Bu ay Peyğəmbərə (s) mənsubdur. Peyğəmbər (s)

    bu ayı oruc tutar və onu Ramazana birləşdirərdi. Həzrət buyurardı:

    “Şaban mənim ayımdır. Hər kəs mənim ayımda bir gün oruc tutsa, cənnət ona vacib olar”.

    Şaban ayı daxil olarkən imam Zeynəlabidin səhabələrini başına yığıb belə buyurarmış:

    “Ey mənim əshabım, heç bilirsinizmi bu ay hansı aydır? Bu ay, Şaban ayıdır. Peyğəmbər (s) buyurub: “Şaban mənim ayımdır. Bu ayı mənə məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq üçün oruc tutun!” O Allaha and içirəm ki, Əli ibn Hüseynin canı onun əlindədir, atam Hüseyn ibn Əlidən eşitdim ki, deyirdi: Əmirəlmö`minin belə buyurub: “Hər kəs Şaban ayını Peyğəmbərə (s) məhəbbət və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah da onu sevər, qiyamət günü onu öz kəramət və rəhmətinə bürüyər və cənnəti ona vacib edər”.

    İmam Sadiq (ə) Səfvan Cəmmala belə buyurmuş:

    “Öz ətrafındakıları Şabanda oruc tutmağa məcbur et”. Dedim: “Canım sənə fəda olsun, onda bir fəzilət varmı? Buyurdu: “Bəli, həqiqətən Peyğəmbər (s) Şabanın ilk gününün ayını görərkən carçıya deyərdi ki, Mədinə əhlinə belə elan etsin: “Agah olun, Şaban mənim ayımdır! Allah rəhmət eləsin mənə bu ayda kömək edən kəslərə, yə`ni bu ayı oruc tutanlara”.

    İmam Sadiq (ə) cəddi Əlidən (ə) belə nəql edir:

    “Mən Peyğəmbərin (s) carçı-sının Şaban ayında səsini eşidəndən bəri Şaban ayının orucunu buraxmamışam. Nə qədər də ömrüm icazə versə, onu davam etdirəcəyəm”.

    İsmayıl ibn Əbdülxaliq deyir ki, İmam Sadiqin (ə) yanında idim, Şaban ayının orucundan söz açıldı. İmam (ə) Şabanın fəzilətindən bir az danışdıqdan sonra buyurdu:

    “Hətta əli qana bulaşan insan əgər Şaban ayını orucla başa vura bilsə, ona xeyri olar və bağışlanar”.

    İmam Sadiqdən (ə) Rəcəb ayının orucu barədə soruşulduqda, həzrət belə buyurdu:

    “Niyə Şaban ayının orucundan qafilsiniz?! Ravi deyir, həzrətdən soruşdum: Ey peyğəmbər övladı, Şabandan bir gün oruc tutan kəs üçün nə kimi savab vardır?

    Buyurdu:

    “Allaha and olsun, onun savabı cənnətdir”.

    Yenə soruşdum: Ey peyğəmbər övladı, bu ayda ən yaxşı əməl nədir? Buyurdu:

    “Sədəqə vermək və istiğfar etmək. Hər kəs Şabanda sədəqə versə, Allah-taala onu dəvə öz balasını qoruduğu kimi qoruyar və qiyamətdə Ühüd dağı qədərində savab qazanar”.

    15 Şaban...

    15 Şaban “Son xilaskar”–Sahibəzzamanın (ə) təvəllüdü günüdür ki, İslamda xüsusi qeyd olunan ən böyük bayramlardan sayılır. Başqa cür adlandıra bilsək, bu gün bütün dünya müstəz`flərinin bayramı kimi də qeyd olunur. 15 Şabanın gecə və gündüzü müqəddəs Kufə şəhərində yerləşən “Səhlə məscidi” və Qum şəhərində yerləşən “Cəmkəran məscidi” dünyanın müxtəlif ölkələrindən Həzrətin aşiqlərini öz ağuşuna çəkib gətirir. İmam Baqirdən (ə) Şabanın on beşinci gününün fəziləti haqqında soruşulduqda, həzrət buyurdu:

    “Bu gecə, “qədr” gecəsindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah öz fəzli ilə bəndələrini qarşılayar, öz kərəm və səxavəti ilə onları bağışlayar. Bu gecədə Allaha yaxın olmağa çalışın. Həqiqətən bu elə gecədir ki, Allah-taala öz müqəddəs zatına and verməklə bu gecədə günah fikrində olandan başqa heç kəsi əliboş qaytarmayacağına söz verib. Bu elə gecədir ki, qədr gecəsini Peyğəmbərə məxsus etdiyi kimi onu da bizim üçün seçmişdir. Bu gecədə Allaha dua və həmd etməyi qənimət bilin..”.

    Bu mübarək gecənin bir neçə fəzilətli əməli vardır ki, onlardan biri İmam Hüseynin (ə) hərəminin ziyarətidir. Kim 124 min peyğəmbərinin ruhunun onunla görüşməsini istəyirsə, bu gecədə o həzrəti ziyarət etsin. O həzrəti ən sadə ziyarət qaydası budur ki, evin damına çıxıb əvvəl sağa, sonra sola, daha sonra başını göyə qaldırıb, bu ifadələrlə onu ziyarət etsin: Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahu və bərəkatuh”. Hər kim harda olur-olsun bu qayda ilə o həzrəti ziyarət etsə, həcc və ümrənin savabını əldə edər.

    İmam Rzadan (ə) nəql olunur ki, hər kim Şaban ayının axırıncı üç gününü oruc tutub onu Ramazan ayına birləşdirsə, Allah-taala ona ardıcıl iki ayın savabını yazar. Əbu Səlt Hərəvi rəvayət edir ki, Şaban ayının axırıncı cüməsi İmam Rzanın (ə) hüzuruna yetişdim. Həzrət buyurdu:

    “Ey Əbu Səlt, Şaban ayından bir şey qalmayıb, bu axırıncı cümədir. Məsləhətim budur ki, qalmış bu neçə gün ərzində ayın keçmiş günlərində etdiyin xətaları aradan qaldır, faydalı şeylərdən yapış, daim dua və istiğfar elə, çoxlu Qur`an oxu. Mübarək Ramazan ayı gəlir, günahlarını yada salıb Allah dərgahında tövbə et. Boynunda əmanət yaxud kiminsə haqqı varsa, onları qaytar. Qəlbində kimsənin kini qalmasın. Keçmiş günahlarını daha təkrarlama. Allahdan qorx və hər bir halda ona təvvəkkül et. Hər kəs Allaha təvəkkül etsə, Allah özü ona bəsdir..”.

    RAMAZAN AYI

    “ALLAH-TAALA RAMAZAN AYININ EHTIRAMINA XATIR BU AYDA BIR ÇOX BƏNDƏLƏRINI CƏHƏNNƏM ODUNDAN XILAS EDƏR!”

    Ramazan, ayların ən şərəflisi, bütün bəndələrin ayıdır. Bu ayda asimanların, behiştin və Allahın rəhmət qapıları onların üzünə açılar və cəhənnəmin qapıları bağlanar. Bu ayın bir gecəsinin ibadəti min ay ibadətdən üstündür. Bu ayda çəkilən nəfəs də ibadət sayılır. Rəvayətdə var ki, Ramazanın hər günü sona çatanda, iftar zamanı Allah-taala minlərlə günahkarı cəhənnəmdən azad edər. Cümə axşamı yaxud cümə günü olduqda isə, hər saatda minlərlə əzaba layiq görülən bəndə cəhənnəmdən nicat tapar. Ayın sonuncu gecə-gündüzündə isə, bütün ay boyu azad olunduğu qədər bəndəni xilas edər.

    Bu ayda gecələri yatıb, gündüzləri Allahın zikrindən qafil olmaq ən böyük xəsarətdir. Məbada günahla-rımız bağışlanmamış Ramazan ayı gəlib sovuşa! Oruc tutanlar zəhmətlərinin bəhrəsini görəndə, insan özünü ziyankarların sırasında gördüyü vaxt nəyi itirdiyini anlayacaqdır. Gecə-gündüzləri Qur`an oxumaq, qiymətli vaxtlarımızı ibadətlə keçirmək, fəzilətli vaxtlarda namaz qılmaq və çoxlu istiğfar və dua etməklə özümüzü Allaha yaxınlaşdırmalıyıq. İmam Sadiq (ə) buyurub:

    “Kim Ramazan ayında bağışlanmasa, heç vaxt bağışlanmaz. Belə şəxs gərək Ərəfə gününü gözləsin”.

    Bu ayda haramlardan qorunmaq ən vacib məsələlərdəndir. Mövlamız İmam Sadiq (ə) buyurub:

    “Hər zaman oruc tutsan, gərək qulağın, gözün, tüklərin, dərin və bütün bədən üzvlərin haramlardan, hətta məkruh əməllərdən qorunmalıdır”.

    “Gərək bəndənin oruc günü oruc olmayan günü ilə bərabər olmasın”.

    “Oruc təkcə yemək-içməkdən çəkinmək deyildir. Oruc olanın gərək dili yalandan, gözləri haramdan qorunsun. Oruc halında bir-birinizlə dalaşmayın, həsəd, qeybətdən uzaq olun, yersiz mübahisə etməyin, yalandan hətta haqlı da olsanız and içməyin, söyüş söyməyin, zülm etməyin, nadanlıqdan uzaq olun və ürəyinizi cılız işlərə bağlayıb Allahın zikr və namazından qafil olmayın. Yersiz danışmayın, təmkinli olub həmişə düz danışın, şər əhlindən uzaq olun, pis söhbətlərdən, yalan və iftiradan, düşmənçilikdən, sui-zənn, qeybət və söz gəzdirməkdən çəkinin. Özünüzü axirətin iki addımlığında bilin. Zühurun intizarında olub, Sahibəz-zamanın fərəcini diləyin. Axirət savabları arzusunda olun və əbədi səfər üçün saleh əməl toplayın. Ruh və bədəninizə aramlıq verin, təvazökar olun, sahibindən çəkinən nökər, ilahinin əzabından qorxan, rəhmətinə ümid bəsləyən bəndə kimi olun. Ey oruc tutan kəs, gərək qəlb qüsurlardan, batin hiylələrdən, bədən çirkinliklərdən pak olsun. Allahdan qeyrisinə bel bağlama. Orucu xalis Allaha görə tut. Aşkarda və gizlində Allahın qadağan etdiyi şeylərdən çəkin, qəhri tükənməz Allahdan özünü qoru, Ondan aşkarda və gizlində layiqincə qorx. Oruc halında ruh və bədənini Allaha tapşır, qəlbini onun məhəbbət və zikri üçün boşalt, bədənini onun əmrlərinə tabe et. Əgər bütün bunlara əməl edə bilsən, deməli orucu layiqincə tutmusan, Allahın buyuruğuna itaət etmisən. Bu deyilənlərdən nə qədər azaltsan, orucundan (onun savabından) azaltmısan. Atam deyərdi:

    “Bir gün Peyğəmbər (s) eşitdi ki, bir qadın oruc halda öz kənizini söyüb. Peyğəmbər (s) yemək gətizdirib o qadına dedi: Al ye! Qadın dedi: Mən orucam. Həzrət buyurdu: Orucsan? Bəs kənizini söymək nə deməkdir?!”

    Oruc ancaq yemək-içməkdən çəkinmək deyil. Allah taala orucu hər bir pis iş, pis rəftar, pis sözlərin qaşısında sədd qərar verib. Həqiqi oruc tutanlar çox azdır, çoxları isə aclıq çəkənlərdir. Həzrət Əli (ə) buyurub:

    “Nə çox oruc tutan var ki, aclıq və susuzluqdan savayı bəhrəsi yoxdur. Nə çox ibadət edən var ki, əziyyət çəkməkdən başqa qazancı yoxdur. Ağıllı insanların yuxusu, axmaq adamların oyaq qalmağı və ibadətindən üstündür. Ağıllı insanların orucu yeməsi, axmaqların oruc tutmasından yaxşıdır”.

    Bilməliyik ki, mübarək Ramazan ayının gecə və gündüzlərində ən yaxşı əməl Qur`an oxumaqdır, özü də bacardıqca lap çox. Çünki Qur`an bu ayda nazil olmuşdur. Hər şeyin mövsümü var, Qur`anın da mövsümü mübarək Ramazan ayıdır. Başqa aylarda Qur`anı bir dəfə xətm etmək sünnədirsə (ən azı altı gün ərzində), amma mübarək Ramazan ayında hər üç gündə bir dəfə xətm etmək sünnədir. Gündə bir dəfə xətm olunsa, daha lap əladır. Hədislərə əsasən imamlar bu ayda qırx yaxud daha çox Qur`an xətm edərmişlər. Əgər hər bir xətm bir mə`sumun ruhuna hədiyyə edilsə, savabı iki bərabər olar.

    Bu ayda mümkün qədər dua, istiğfar edilsin, çoxlu salavat deyilsin. “La ilahə illəllah” zikrini çox demək məsləhətdir. Rəvayətdə var ki, imam Zeynəlabidin (ə) Ramazan ayı girəndən sonra dilinə dua, zikr, istiğfar və təkbirdən başqa şey gətirməzdi.

    Bu ayın gündüzləri kimi gecələri də bərəkətlidir. Hədislərdə deyilənə görə bəndənin ən gözəl anı iftar zamanıdır. İftarı Şam namazından sonra etmək müstəhəbdir. Haram, şübhəli qida ilə orucu açmaq olmaz. Yaxşı olar, xurma ilə iftar edilsin. Bundan sonra su, süd, halva, nabat və isti su ilə də iftar etmək yaxşıdır. İftar vaxtı onun duası oxusun: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu”. yaxud “Bismillah, Allahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna, innəkə əntəs səmiul-əlim”. Bəndə əgər iftarın duasını oxusa, Allah-taala ona bütün oruc tutanların savabını verər. Hər kəs birinci tikəsində “Bismillahir rəhmanir rəhim, ya vasiəl məğfirəti iğfirli”–desə Allah taala onu bağışlayar.

    İftar vaxtı Qədr surəsini oxumaq yaxşıdır. Sədəqə vermək, oruc tutanlara bir xurma ya bir içim şərbətlə də olsa iftar verməyin savabı çoxdur. Pey-ğəmbərdən (s) rəvayət olunur ki, kim oruc tutan bir bəndəyə iftar versə, özündən bir şey azaltmadan onun savabı qədər savab qazanar. İftar edən şəxsin özü də yediyinə görə savaba nail olacaqdır. Hər kəs Ramazan ayında mö`min bəndəyə bir tikə də olsa bir şey yedizdirsə, ona otuz mö`min bəndəni azad etmiş şəxsin savabı yazılar və duası Allah dərgahında rəva olunar.

    Bu ayda gecələr min dəfə “Qədr”, yüz dəfə “Duxan” surəsini oxumaq nəql olunmuşdur. Rəvayətdə deyilir ki, hər kəs Ramazan ayının hər gecəsi “Fəth” surəsini müstəhəb namazdan sonra oxusa, həmin il amanda qalar.

    Obaşdanlığa da qalxarkən heç vaxt bir şey yeməmiş oruc tutulmasın. Heç olmasa bir xurma dənəsi ya bir içim şərbətlə də olsa təğziyə olunsun. Rəvayətə görə qovut və xurma lap yaxşıdır. Allah taala və mələklər səhərlər istiğfar edib obaşdanlıq yeyənlərə salavat göndərirlər. Qədr surəsi obaşdanlıqda da oxunsa yaxşıdır. Birinci gecəni qüsllə başlamaq müstəhəbdir...

    Bu ayın ən şərəfli, ən əziz gecələri “qədr” yaxud “ehya” gecələridir. Rəvayətlərə əsasən Ramazanın 19, 21, 23-cü gecələri qədr gecələri adlanır. Qədr gecəsi min aydan üstündür, çünkü Qur`an o vaxt nazil olmuşdur. Mə`sumlarımız bu gecələri oyaq qalıb vaxtlarını ibadətlə keçirər, dua, zikr, istiğfar edərmişlər. Bu gecələrin bir sıra xüsusi ə`mal və göstərişləri vardır ki, məscid və ibadətgahlarda ümumi surətdə keçirilməyi adətən məsləhət görülür.

    İlahi, səni and veririk Qur`anın haqqına,onu nazil etdiyin kəsin hörmətinə, müqəddəs kitabında təriflədiyin mö`min bəndələrinin ehtiramına, yəqin ki, sənin haqqını özündən başqa kimsə dərk edə bilməz, bu ayda bizim oruc və ibadətlərimizi qəbul et!

    Amin, ya Rəbbəl-aləmin!

    (Məfatihdən ixtisarla)
    tər. E. Rəhimli
     
     


    Источник: http://WWW.SONUMID.COM
    Категория: Dini meqaleler | Добавил: media-islam (08.07.2008) | Автор: WWW.SONUMID.COM E W
    Просмотров: 5031 | Комментарии: 1 | Рейтинг: 5.0/1
    Всего комментариев: 1
    12.07.2008
    1. Huseynli (al-shia) [Material]
    Доступно только для пользователей
    Amin! Allah bu məqaləni yazandan və yerləşdirəndən razı olsun!
    Oxudum faydalı məqalədir!

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər