Çerşenbe, 04.12.2024, 12:43
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 12
    Qonaq: 12
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » HACI iLQARIN cume SOHbetlerinden bir meqaleni size teqdim edirem
    15:36
    HACI iLQARIN cume SOHbetlerinden bir meqaleni size teqdim edirem



       Cümə söhbətləri

      
        Bugünkü bəhsimiz izzət mövzusunun davamı olacaq. Bu mövzunun bu cür dərin işlənməsi, təbii ki, – onun inanclı insanın həyatında kəsb etdiyi əhəmiyyətlə bağlıdır. İzzət məsələsi  həm nəzəri baxımdan, həm əməli baxımdan İslam dininin ən mühüm sütunlarındandır. Bu mövzu həm də onunla əlamətdardır ki, əxlaqa baxış nöqteyi-nəzərindən bütün önəmli nəzəriyyələr mahiyyət etibarilə izzətə qayıdır.
       
    ALLAHIN BUYRUQLARI və NƏFSİN İSTƏKLƏRİ


        Günümüzlə bağlı da izzət mövzusu misilsiz əhəmiyyət kəsb edir. Biz əgər çox sadə formada istəsək formulə edək ki, bu böyüklükdə olan, bu qədər insan ehtiyatı, təbii sərvəti, zəngin mədəniyyəti və tarixi olan İslam ümməti hansı səbəblər ucbatından bugünkü xoşagəlməz duruma düşübdür – mütləq izzət mövzusuna müraciət etməliyik. «İnsan niyə fərdi həyatında, ailə həyatında, ictimai həyatda, iqtisadi fəaliyyətində – həyatın müxtəlif səhnələrində İslamın əzəmətinə, aliliyinə uyğun duruma malik deyil» sualının cavabı da izzətlə bağlıdır. Ümumi halda sadələşdirsək, demək olar ki, müsəlman toplumu Həzrət Peyğəmbərin (s) mübarək təlim-tərbiyəsinin nəticəsində izzətə sahb çıxmış və bunun nəticəsində dünyanın ən yüksək mədiniyyətini, sivilizasiyasını ortalığa qoymuşdur. Lakin, o zaman ki, müsəlman toplumu bundan uzaq düşür, izzətli həyatdan, izzətli yaşayışdan kənarlaşdırır özünü – bu mənəvi və mədəni zirvədən enməyə başlayır. O zaman ki, müsəlmanlar Uca Allahın buyruqlarını  deyil, öz nəfsani istəklərini rəhbər tutmağa başlayırlar – tənəzzül prosesi başlayır.

        Günümüz üçün izzət mövzusu xüsusi aktuallıq daşıyır. Əgər istər fərd olaraq, istər toplum, millət, ümmət olaraq bəşər yüksəlişə – Allah istəyən yüksəlişə – çatmaq istəyirsə, bunların hamısının açarı izzətdədir.

        İnsan hər an seçim qarşısındadır. Toplumlar hər an seçim qarşıındadır. Bu seçimin mahiyyəti ondadır ki, kimin və ya nəyin ardınca getmək, kimə və ya nəyə bəndəlik etmək – Allah Təalaya, yoxsa müxtəlif bütlərə. Mütləq Kamilliyəmi tapınmaq, yoxsa qeyri ötəri və asılı nəsnələrəmi – insan və toplum özləri üçün müəyyən edirlər, seçirlər. Və bu seçim bütün əməl və tərzlərdə öz əksini buraxır.

        İZZƏTİ QORUMAQ VƏZİFƏSİ

        İlk olaraq, izzəti qorumaq – bir inanc vəzifəsidir. İzzət məsələsi elə deyil ki, kim istəyir izzətli olsun, kim istəyir – olmasın. İzzətli olmaq və izzəti qorumaq – müsəlmanın bir dini vəzifəsidir. Müsəlman mühəndis olub-olmamaqda, şair olub-olmamaqda, tacir olub-olmamaqda, riyaziyyatçı, ədib, fizik olub-olmamaqda, digər peşələri seçib-seçməməkdə və bu kimi məsələlərdə tam asudədir. Amma elə vəzifələr var ki, inanclı insan bunu yerinə yetirməyə borcludur. Ata-anaya ehtiram kimi, namaz-oruc kimi, ailəyə diqqət kimi, zülmü qəbul etməmək kimi, yalan deməmək, rüşvət almamaq, əxlaqsızlıq etməmək, qumar oynamamaq, şərab içməmək kimi müsəlmanın vacibi bir vəzifəsi, yerinə yetirilməsi mütləq olan bir təhəddüdü var – izzətini qorumaq.

        Daha dəqiq desək, insanın mənəvi namusu, mənəvi şərəfi olan bir şeyi qorumaqdan söhbət gedir. Namus, şərəf kimi anlayışların kökünü təşkil edən, bazis dəyərlərə aid olan mental bir anlam var. Və əslində izzət elə budur. İnancımızın da tələbi vardır ki, həmin inanca sahibliyə iddialı olan insan gərək bu dəyərə malik olsun və onu hifz etsin.

        Hər hansı şəraitdə, hər hansı durumda, hər hansı vəziyyətdə olursa-olsun, inancı insanın bir ilahi mükələfiyyəti var – izzəti qorumaq. Elə bir daxili vəziyyəti qorumaq ki, bu, insanı zəlil olmağa qoymur, hər hansı bir şey qarşısında zəlil olmağa qoymur.

        İnsanlar bir çox hallarda bunu unudurlar. Əgər insan öz mənliyinin, şərafətinin, kəramətinin, aliliyinin, dəyərliliyinin hər an qorunmasının qeydinə qalsa – heç vaxt əyilməz, heç vaxt sınmaz. Həmişə vücudi inkişafa doğru gedər. Hansısa ani, müvəqqəti, ötəri, zahiri parıltılı məsələlər insanı özünə çkib, rəzil, əsir etməz. İnsanı təsir altına alıb, izzətdən məhrum edə bilməz.

        SINMIŞ İNSANIN AQİBƏTİ

        İzzət mövzusu hansısa mücərrəd bir kateqoriya deyildir. Hər zaman üçün, xüsusilə də, təbii ki, günümüz üçün çox aktual məsələdir izzətin qorunması. Niyə zalımlar dünyanın istənilən yerində insanların başına istədikləri zülmü gətirirlər? Çünki, sınmış insanlardır. Sınmış insana aid isə şərafəti, izzəti qorumaq baxımından nəsə danışmaq lazım gəlmir. O, özünü zəlil duruma saldığından, artıq hər hansı bir şərafət, kəramət, mənlik qorumaq, öz haqqını müdafiə etmək kimi məsələlərə tam laqeyd və süstdür. Milyonlarla müsəlman Qüdsün, Qarabağın işğalına laqeyd durumdadırlar. Amma axı əgər qəsbkar, təcavüzkar hiss etsə ki, izzətlə üz-üzədir, törətdiyi cinayətərdə israr etməz!

        Təcavüzlə də bağlı, geriliklə də bağlı, kasıblıqla, cəhalətlə, bütün ictimai mərəzlərlə bağlı problemlərin həlli izzətdən keçir. İnsan və ya toplum böyük sərvətə, imkana, texnikaya malik ola bilr. Amma izzətə sahib olmasa, heç bir məqsədə nail olmayacaqdır.

        Qəzza nalə çəkəndə, aclıq və susuzluğun mənğənəsində vurnuxanda özərini onların həmdinləri, həmmillətləri adlandıran ünsürlər böyük israflar edir, mənasız müsabiqələr və şoular keçirirlər. Amma düşmən izzətlə üz-üzə olduqda, geri çəkilir, təslim olur. İzzətə sahib olan insan hər çeşidli düşmənin – məlun iblisdən tutmuş, nökərlərinə və tör-töküntülərinədək – cavabını layiqincə verər. Yaxın tarixdə bəşəriyyət bunun bir çox təsdiqlərini müşahidə etmişdir.

        İkinci mühüm məsələ – izzətin aradan aparılmasına səbəb olan məsələlərə diqqət yetirməkdir. Bunlara ilk növbədə məqampərəstlik, dünyapərəstlik, sərvətpərəstlik və bu kimi xislətlər aid edilir.

        Çox ciddi məslədir bu. Baxırsan, çox gözəl bir insandır. Əqidəli, əxlaqlı, mənəviyyatlı, tərbiyəli, elmə can atan. Bir də görürsən, hansısa parıltılı şey onu cəzb edir, bu da öz nəfsini toxtada bilmir. Ayağını bir balaca əyri qoyur. Və tənəzzülü də elə bu məqamdan başlayır. Hansısa parıltılı şeyə yetişmək istəyi, yaxud əgər yetişibsə, itirməmək arzusu insanı qoymayacaq izzətli həyat sürsün. İnsanın əqli aşağıda qalacaq, iradəsi əlindən alınacaq. Həmin o ötəri nəsə insanı üstələyəcək. İnsan onun nökərinə, köləsinə çevriləcək.

        Tarixdə çox elə hadisə olub ki, hansısa böyük simadır, şəxsiyyətdir. Amma hansısa mərhələdə özünü qoruya bilməyib və məqam, yaxud sərvət, yaxud şəhvət, ya digər bir şey onun gözünə xoş gəlib. Bir balaca özünü boş buraxıb, nəticədə aşağıdan da aşağı səviyyəyə enib.

        Alimlər olub ki, böyük elm və mənəviyyat xəzinəsinə sahib olublar. Amma müəyyən məqamda lazımi miqdarda təvazökarlıq etməyiblər, nəticəsi də mənəvi aşağılanmaları, nəfsələrinin qulu olmağı kimi ağır bir aqibət olub. Əzbər bildiyi, illərlə insanlara tədris etdiyi məsələlərə də riayət edə bilmir artıq bu şəxs. Nə vaxtsa istəyib onun adını daha çox hallandırsınlar, daha çox ona istinad etsinlər, daha çox ondan danışsınlar. Və bu həvəs onu məhvə sürükləyib. Bir də ayılırsan ki, bu alim öz əqidəsini, məfkurəsini tapdayır, əqidədaşlarını pisləyir. Nə üçün ki, bir vaxt öz nəfsini saxlaya bilməməsi ucbatından tənəzzülə doğru ilk addımını atmışdı.  

        TAMAHIN MEYVƏSİ

        İstisna deyil heç kəs bu məsələdə. Bir də görürsən, əqidəli insandır, mübariz insandır. Hansısa məqamda bir kiçik inciklik, yaxud bir pul, maşın, ev, şərait arzusu bunu bir zillətə salır ki, bir nökərliyə salır ki, heç təsəvvürə gələ bilməzdi. İblisin də hərəyə bir yanaşması var. Hərənin tutumuna görə bir şeyi onun gözündə parıldadır. Buna yol verməmək üçün, insan gərək daima özünü təftiş etsin, nəyin birinci, nəyin ikinci dərəcəli olmasının hesabatını həmişə özü üçün versin. Diqqətli olmaq gərəkdir. Hərənin öz silkələnəcəyi, tərpənəcəyi mövzular  var. İnsanın öz zəif yerini, tərpənəcək yerini bilməsi və bu zəifliyi bilmərrə aradan qaldırması gərəkdir. Və bu işdə Allaha sığınmaq, Allaha pənah aparmaq gərəkdir.

        Tamah – izzəti aradan aparan ən yayılmış, ən geniş təsirli xislətlərdən biridir. İnsan deyir: «Onda var, məndə niyə olmasın?!». Və bu fikri beyninə yaxın buraxdıqda, onun mənəvi aşınmasına bir növ start verilir.

        İnsan əvvəl təsəvvürlər edir. Yanlış təsəvvürlər, günah təsəvvürlər edir. Bu təsəvvürləri qovmasa, sonra bunlar onu cəzb edəcək, əməl əməqamına gətirib çıxaracaq. Günaha aparıb çıxaran mərhələlər var. İlk mərhələ – təsəvvürlərdir. Təsəvvürlər olmasa, insan günahın özünə çətin gedib çıxsın. İnsan təsəvvür etapında dirəniş göstərsə, o birisi tərəflərə heç gedib çıxmaz.

        Məsələ nədən başlayır? Tamah lazımi toxumlarını atır. O toxumlar əgər münbit yerə düşəcəklərsə, insan onu bir qədər «suvaracaqsa», bir qədər «işıq verəcəksə» - becərilib, qulluq edilib, «yaxşı» bir «bar» da verəcək. Tamahın toxumlarından zillət meyvələri çıxacaqdır. Həzrət Əli (ə) buyurur: «Tamahın meyvəsi – dünya və axirət zillətidir. Tamah toxumunun barı – dünya və axirət zillətidir».

        İnsanın zəlil duruma gəlməsidir, xar duruma gəlməsidir tamahın meyvəsi.  İmam Muhəmməd Baqir (ə) öz səhabələrindən birinə buyurmuşdur: «Öz izzətinin davamlılığını və qalmasını, özündə tamahı məhv etmək yolu ilə istə və əldə et. Və tamahın zillətini, insanların əlində olana qarşı ümidsizlik izzəti ilə dəf et»».

        İnsan əgər izzətinin qalmasını istəyirsə, dinimizin tövsiyəsi budur ki, daxilindəki tamahı məhv etsin. Tamahın gətirdiyi zilləti insan onunla dəf edir ki, digər insanın əlində olana qarşı öz nəfsini ümidsiz edir. Və bu «ümidsizlik» - elə izzətdən irəli gələndir. Özgə malına, uğuruna, müvəffəqiyyətinə paxıllıq olan yerdə, tamah olan yerdə izzətdən söz gedə bilməz.
       

        ŞƏXSİYYƏTİN DƏYƏRİ NECƏ ÖLÇÜLÜR?


        Həzrət Əlinin (ə) İmam Həsənə (ə) yazdığı mübarək məktublardan birində deyilir: «Əziz övladım! Hər növ alçaqlıqdan və aşağılıqdan çəkin! Hərçənd o alçaqlıq istədiyinə çatmağa bir vasitə olsa da belə. Çünki, öz nəfsinin şərafət və izzət sərmayəsindən xərcləməyinin müqabilində heç vaxt bir əvəz əldə etməyəcəksən ki, ona bərabər olsun.

        Və qeyrisinin bəndəsi olma! Çünki, Allah səni hürr və azad yaratmışdır!».

        Necə mübarək bir buyuruş! Hər zaman üçün aktual olan bir dəvət var burada. Heç bir hədəf, alçaq vasitə hesabına ona yetişməyə dəyməz. İnsanın ən böyük sərvəti – onun izzəti və şərafətidir. Və insan nəyi əldə etmək istəyəcəksə, izzətdən xərcləməməlidir. Çünki, o əldə edəcəyəi izzətə bərabər olmayacaqdır. Allah yolunda nə xərclənirsə – artır. Allahdan qeyri yolda xərclənən isə – azalır, itirilir.

        Həzrət Əlinin (ə) buyurduğu bu son cümlə isə, müsəlman kimliyi olan hər bir insan üçün ən mühüm həyati prinsiplərdəndir. Heç kəsin və heç nəyin mütisi və qulu olmamaq! Allah Təala insanı azad yaradıb. Əziz Rəbbimiz bizi öz mübarək hikməti əsasında azad yaradıb. Seçimi bizə qoyub. İzzətli həyatı da seçə bilərik, zillətli rəzilliyi də. İzzətimizi qoruya bilərik və ya zillətə baş əyə bilərik. Hər bir halda seçim insanın özünündür.

        Həzrət Əli (ə) buyurmuşdur: «Hər bir insanın şəxsiyyətinin dəyəri – onun seçdiyi üsluba, metoda və yola bağlıdır. Əgər (insan) öz nəfsini alçaqlıq və aşağılıqdan kənarda saxlaya və qoruyarsa – ali insanlıq məqamına nail olar. Və əgər öz izzət və mənəvi şərəfini zəlil və dəyərsiz etsə – tənəzzül etmiş olar».

        Həzrət Peyğəmbərdən (s) nəql edilib: «Əgər bir kəs dünya sahibini böyük tutsa və dünya tamahına görə onu sevsə – Allahın qəzəbinə düçar olar».

        İnsanın digər insana ehtiram bəsləməsi, ehtiram təzahür etməsi – onun mənəvi keyfiyyətlərinə, təqvasına görə olmalıdır. Mənsəbə görə, var-dövlətə görə, vəzifəyə görə, digər nəyəsə görə kimisə uca tutmaq – İlahi yoldan çıxmaq deməkdir. Allah Təala hamını bu aqibətdən qorusun!

        Allahım! Cəmi iman əhlinə izzətli həyat yaşamağı qismət et! Tövbəkarların günahlarına əfv qələmi çək! İşğal olunmuş torpaqların tezliklə azad olunmasını qismət et! Bizləri Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunu gedənlərdən qərar ver! Öz Höccətin – Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! AMİN!

        Hacı İlqar İbrahimoğlu

        ilahiyyatçı-filosof,

        İçərişəhər «Cümə» məscidinin imam-camaatı
    Категория: Cümə söhbətləri | Просмотров: 1349 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər