Şenbe, 21.12.2024, 19:56
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 53
    Qonaq: 53
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qurani Kerim

    Quran ve hedis

    “Allahın bəyanı ilə faydalanın; Allahın öyüdüylə öyüdlənin; Onun öyüdünü qəbul edin, götürün. Çünki Allah sizin bəhanələrinizə qarşı açıq dəlillər göndərdi; sevdiyi işləri sizə bildirdi; xoşlanmadığı şeyləri anlatdı. Bütün bunları ona görə izhar etdi ki, buyruqlarına əməl edib, qadağalarından çəkinəsiniz.

    Doğrudan da, Allahın Rəsulu, Allahın səlatı Ona və soyuna olsun, şübhə yox ki, cənnət xoşa gəlməyən şeylərlə qapanmışdır, cəhənnəm də istəklərlə qapanmışdır», - buyurmuşdur Bilin ki, heç bir taət yoxdur, ancaq təbiətin xoşlanmadığı şeyə müqavimət göstərilər. Heç bir üsyan və günah yoxdur, ancaq nəfsin istəyi və diləyi ilə bağlıdır. Allah şəhvətindən çəkinən, nəfsinin diləyini qırıb atan adama rəhm etsin: çünki bu nəfs insanı mümkün olmayan şeylərə doğru sürüklər, aparar; insan onun tələblərini kəsib atmadıqca günaha, üsyana düşər. Bilin ki, inanan bəndələr gecə-gündüz nəfslərinə qarşı çıxar, onu qınayar, məzəmmət edərlər.

    Sizdən qabaqdakılar kimi olun, sizdən qabaqda gedənlərə meyl göstərin. Onlar köçəri adamlar kimi dünyada çadır qurdular, karvansara sakinləri kimi karvansaranı qoyub köçdülər.

    Bilin ki, bu Qur`an öyüdündə aldatmayan, yol göstərməkdə insanı azdırmayan, söyləyişdə yalan söyləməyən bir öyüdçüdür. Qur`anla oturub-duran, həqiqətdən başqa bir şeyə çatmayan, korluq nöqsanına düşmədən oturub-durar. Bilin ki, Qur`andan sonra heç kimə bir ehtiyac, bir yoxsulluq gəlib çatmaz. Ona uymaq heç kimsəyə zənginlik gətirməz. Dərdlərinizə ondan şəfa diləyin, çətinliyinizə ondan yardım istə`yin; çünki o, adı küfr, nifaq, azğınlıq, sapqınlıq olan ən böyük dərdə belə dərmandır. Allahdan diləyinizi Qur`anla diləyin, onunla Allaha yönəlin. Onu vasitə edərək xalqdan bir şey istə`yin; çünki bəndələr Allaha yönəlmək üçün ona bənzər, ona bərabər başqa bir şey tapa bilməzlər.

    Bilin ki, o, şəfaətçidir, şəfaəti qəbul edilər; elə bir söz deyəndir ki, sözü təsdiq olunar. Qiyamət günündə Qur`an kimə minnətçi düşsə, minnəti qəbul olunar və kimin əleyhinə bir söz söyləsə, sözü məqbul sayılar.

    Çünki qiyamət günü bir çağıran çağırıb deyər ki: Bilin, Qur`andan başqa bir şey əkən, əkdiyini biçərkən bəlaya düşər. Siz də ancaq onu əkin, ona uyun; Rəbbinizə onu dəlil edin, nəfsinizə onu öyüdçü edin, rə`yiniz ona uymasa, rə`yinizi məzəmmət edin, diləkləriniz ona zidd gəlsə, diləklərinizə xəyanət edin.

    Yaxşı işə başlayın, yaxşı işə; sonra isə sonadək çalışın, sonadək. Doğru olun, doğru; sonra isə doğruluqda möhkəm olun, möhkəm; çəkinin, çəkinin. Bilin ki, sizin bir sonunuz var, sonunuza yönəlin. Bilin ki, sizin üçün əlamətlər qoyulmuşdur, onlara uyğun yol tapın; bilin ki, islam üçün bir son dayanacaq vardır; o dayanacağa doğru gedin.

    Sizə haqqından vacib etdiyi şeyləri həyata keçirərək, öyrətdiyi vəzifələri yerinə yetirərək Allaha çatın. Mən sizə şahidlik edirəm, qiyamət günündə də sizə sübut gətirib dəlil göstərirəm. Bilin ki, qədər yerini tutar, qəza gəlib çatar. Mən Allahın və`diylə, dəlili ilə danışıram sizinlə. Uca Allah buyurmuşdur: «Rəbbimiz Allahdır deyən, sonra da doğru yolla gedən adamlara mələklər aşağı enib deyərlər: qorxmayın, kədərlənməyin, sizə və`d edilən cənnətlə sizə muştuluq olsun». Siz də Rəbbimiz Allahdır dedinizsə, o halda kitabına uyun, doğru olun; əmrinə tabe olub qulluğunda doğru yolla gedin, Sonra da o doğru yoldan çıxmayın; o yolda bid`ət etməyin; o yola zidd hərəkət etməyin. Çünki o yoldan çıxanlar həqiqətdən ayrılarlar; qiyamət günündə Allahın hüzurunda rəhm görməzlər. Bundan sonra da xalqı parçalamaqdan çəkinin, sözünüzə fikir verin; könlünüz başqa düşüncəylə, diliniz başqa sözlə məşğul olmasın. Hər kəs gərək öz dilini saxlaya bilsin. Çünki dili özbaşına qoyanda sahibini əyri yola aparar, azdırar. And olsun Allaha ki, mən çəkinən, amma dilini saxlaya bilməyən bəndənin çəkinməsindən bir fayda görmədim. Çünki mö`minin dili könlünün ardındadır; kafirin könlü isə dilinin ardında. Mö`min bir söz demək istəyəndə əvvəl o sözü könlündən keçirər, bir düşünər, xeyirdisə, deyər, şərdisə susar. Kafir isə dilinə gələni söylər; düşünməz ki, hansı söz ona xeyir verər, hansı zərər. Allahın səlatı Ona və soyuna olsun – Rəsulullah buyurmuşdur: «Bir bəndənin könlü (ürəyi) doğru olmadıqca, imanı da doğru olmaz».

    Kim müsəlmanların qanı və mallarından əli tərtəmiz uca Allaha yetişmək istərsə, dilini onların eyiblərindən qorusun.

    Bilin, ey Allah bəndələri, doğrudan da inanan bu il halal bildiyini keçən il də halal bilər, keçən il haram saydığını bu il də haram sayar. İnsanların halal saydıqları haram şeylər sizə halal olmaz: halal, Allahın halal etdiyi şeydir, haram da Allahın haram buyurduğu şey.

    İşlərdə təcrübəniz var, onlarda tədbir gördünüz; sizdən əvvəlkilərin halı ilə öyüd verildi, nümunə göstərildi sizə; açıq-aydın bir işə çağırıldınız; bunu ancaq kar eşitməz, kor görməz.

    Allahın bəlalarla sınadığı, təcrübələrlə yoxladığı adama heç bir öyüd fayda verməz; bilmədiyi, inkar etdiyi qüsur qarşısına çıxar; bildiyi şey önündə görünər; o vaxt inkar etdiyini anlar, iqrar etdiyini bilər, tanıyar.

    İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bid`ətə sapar. Bu ikinçi bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qur`ana bənzər başqa bir şeylə öyüd verməz; çünki Qur`an Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır.

    Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki, Allahın səlatı Ona və soyuna olsun, Rəsulullah buyurmuşdur: «Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan».

    Bilin ki, zülm üç qismdir: bir zülm var, bağışlanmaz; bir zülm var, gözdən yayınmaz, cəzası verilər; bir zülm də var, bağışlanar. Bağışlanmayan zülm Allaha şərik qoşmaqdır. Uca Allah buyurmuşdur: «Doğrudan da, Allah, ona şərik qoşanları bağışlamaz».

    Bağışlanan zülm, bəndənin bə`zi kiçik şeylərdə, xoşagəlməz işlərdə özünə zülm etməsidir.

    Gözdən yayınmayan zülmsə, bəndələrin bir-birlərinə zülmüdür. Burada qisas çox çətindir; həm də bıçaqla yaralamaq, qamçıyla vurmaq deyildir; bunlar onun yanında çox kiçik görünür, əhəmiyyətsiz sayılır.

    Allah dinində rəngdən-rəngə girməkdən çəkinin. Çünki həqiqətə aid olub xoşlanmadığınız, fəqət birləşərək etdiyiniz şey, batilə aid sevdiyiniz, fəqət bir-birinizdən ayrılaraq etdiyiniz şeydən xeyirlidir. Doğrudan da, nöqsan sifətlərdən münəzzəh olan Allah, ayrılıqla nə keçmiş tayfalardan birinə xeyir vermişdir, nə indiki cəmiyyətlərdən birinə xeyir verir.

    Ey insanlar, xoş o adamın halına ki, öz eybi onu insanların eybini görməkdən uzaqlaşdırır; xoş o adamın halına ki, evində oturur, ruzisini yeyir, Rəbbinin qulluğuyla məşğul olur, öz xətalarına ağlayır, öz-özüylə əlləşir; xalq ondan rahatdır, arxayındır.

    “Nəhcül-bəlağə”dən
    Qurani-kərimi tərifləyən bir xütbəsi
    (176-cı xütbə)
    menbe sonumid.com
    Категория: Qurani Kerim | Добавил: media-islam (20.02.2008) | Автор: ilkin E W
    Просмотров: 5835 | Рейтинг: 3.5/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər