«…belə addımlar radikalizm və ekstrimizmin meydanını genişləndirir, onun üçün bəhanəni, manipulyasiya etmək imkanını artırır…»
Məscid hansı halda bağlana bilər? Bunun qanuni mexanizmi necədir? Son günlər Bakıdakı Əbu Bəkr məscidinin bağlanması məsələsi ətrafında gedən söz-söhbəti nəzərə alaraq «Media forum» saytı bu suallara aydınlıq gətirməyə çalışıb.
«Dini etiqad azadlığı» haqqında qanunun «Fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində sərəncam» adlı 20-ci maddəsində də bu məsələ eyni şəkildə əksini tapıb. Burda göstərilir ki, dövlət təşkilatının, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak onların fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qaytarılır.
20-ci maddədə daha sonra bildirilir: «Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində olmuş əmlak barəsində onun nizamnaməsinə (əsasnaməsinə) və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərəncam verilir. Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorların iddiaları üzrə haqq tutula bilməz. Hüquqi varis olmadıqda əmlak dövlət mülkiyyətinə keçir».
Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu «Media forum»a açıqlamasında deyib ki, müstəqillik dövründə ayrı-ayrı vaxtlarda təmir adı altında məscidlərin fəaliyyəti məhdudlaşdırılıb, ancaq hansısa məscidin bağlanması barədə heç bir qərar çıxarılmayıb: «Bizim «Cümə» məscidi də təmir adı altında bağlı saxlanmışdı, ancaq məscidin qapadılması haqda qərar olmamışdı. Son vaxtlar paytaxtın bəzi iri məscidləri də təmir adı altında fəaliyyətsiz qalıb».
İ.İbrahimoğlu qeyd edib ki, bu baxımdan «Əbu Bəkr» məscidi ilə bağlı situasiya fərqlidir, çünki burda söhbət birbaşa məscidin bağlanmasından gedir. İ.İbrahimoğlu istənilən halda belə söhbətlərin gündəmə çıxmasına müsbət yanaşmadığını vurğulayıb: «Məscid bağlanmamalıdır. Hətta radikalizm və ekstrimizim elementləri varsa da, bunun məscidin divarına, yəni özünə aidiyyəti olmamalıdır.
Kimsə bu kimi yollarla radikalizmin, ekstrimizmin qabağını alacağını düşünürsə, yanılır. Əksinə, belə addımlar radikalizm və ekstrimizmin meydanını genişləndirir, onun üçün bəhanəni, manipulyasiya etmək imkanını artırır».
«Əbu Bəkr» məscidi yaxınlığında yaşayan qonşuların məscidin qapadılması üçün imza toplaması barədə yayılan xəbərlərə münasibət bildirərkən İ.İbrahimoğlu bildirib ki, bu, imzatoplama həqiqətən varsa belə, o, Allah evinin bağlanmasına əsas yarada bilməz: «İstər ənənəvi Şərq dünyasında, istər Azərbaycanın inteqrasiya etmək istədiyi Avropa məkanında, Amerikada belə bir presedent yoxdur. Məscid kafe, restoran, şadlıq evi deyil ki, onu qapadasan. Bu bir Allah evidir və bu kimi məsələlərə məsuliyyətlə yanaşmaq lazımdır».
«Media forum»
|