Bismillahir Rəhmanir Rəhim
Məhəmməd peyğəmbər (s) siyasi rəhbər kimi“Tarixmi qəhrəmanlar yaradır, yoxsa qəhrəmanlar tarix yaradırlar?” Bu sual uzun müddət qərb alimlərinin diqqət mərkəzində olmuşdur. Görəsən qəhrəmanlar tarixi zərurətdənmi meydana çıxırlar? Yoxsa onlar dövrün axarına əks hərəkət etməyi bacarıb, onda böyük dəyişikliklər yaratmağa qadir olurlar? Sualın cavabından asılı olmayaraq, burada qəhrəmanların əsas subyekt olmalarını inkar etmək olmaz. Elə isə, insanlar necə qəhrəman olurlar? Qəhrəmanları birləşdirən müştərək xüsusiyyətlər hansılardır? Bu silsilə məqaləmizdə həmin qəhrəmanlara, yə`ni ideal siyasi rəhbərlərə lazım olan xüsusiyyətlərdən danışacaq və tarixin misilsiz qəhrəmanı, bəşəriyyətin dahi rəhbəri həzrət Məhəmməd (s) peyğəmbərin həyatından nümunələr göstərməyə çalışacağıq. Məhəmməd peyğəmbərin (s) çoxşaxəli həyatı təkcə müsəlmanlar üçün deyil, hətta ən böyük xristian və yəhudi alimləri üçün də çox maraqlı tədqiqat mövzularından olmuşdur. Bernard Şou, Tomas Karlayl, Avqust Müller, Lev Tolstoy, Smit, Vat və bir çoxları bu barədə geniş araşdırmalar aparmışlar. ”100 böyük şəxsiyyət” kitabının müəllifi, amerika-lı alim doktor Maykl Hart yazır: “Məhəmməd dünyanın ən böyük dinlərindən birini tə`sis etmiş və dünyanın ən dahi siyasi liderlərindən olmuşdur. Vəfatından təqribən 13 əsr keçməsinə baxmayaraq, onun nüfuz dairəsi olduqca geniş və güclüdür.” (“100 böyük şəxsiyyət”, s. 19) İslam peyğəmbərini 100 böyük və nüfuzlu şəxsiyyət içərisində birinci olaraq qeyd edən müəllif əlavə edərək yazır: “Məhəmməd Məsihdən çox fərqlənir. O, dini rəhbər olmasıyla yanaşı, həm də dünyəvi rəhbər olmuşdur. Əgər məsələyə islami fəthlər nöqteyi-nəzərindən yanaşsaq, bir daha görərik ki, Məhəmməd əsrlər boyu ən böyük siyasi lider olaraq qalmışdır.” (Həmin, s. 24.) Allah taala Əhzab surəsinin 24-cü ayəsində Məhəmməd peyğəmbəri (s) müsəlmanlara nümunə rəhbər kimi təqdim edir. Odur ki, o həzrətin həyatının ictimai, siyasi, iqtisadi, əxlaqi və s. kimi bütün sahələri diqqətlə araşdırılmalı və onlardan örnək götürülməlidir. Özünün “Qəhrəmanlar” kitabını əsasən Məhəmməd Peyğəmbərə (s) həsr etmiş ingilis alim T. Karlayl yazır: ”Eşq olsun Məhəmmədə! O, ən sadə, dəyərsiz yemək və geyimlərlə kifayətlənib, dünyanı islah və Allahın birliyini təbliğ etməyə çalışdı. O, gecə-gündüz ağır zəhmətlərə qatlanaraq ədaləti və əxlaqi fəzilətləri yaydı. O, əzabəziyyətlərə dözərkən səviyyəsiz adamlar kimi şöhrətpərəstlik və ya hansısa dünyəvi məqama çatmaq məqsədi güdmür və heç zaman ağa olmağa çalışmırdı.” (“Qəhrəmanlar”, s. 66.) Giriş üçün bura qədər deyilənlərlə kifayətlənir və əsas mətləbə keçməzdən qabaq bə`zi məqamlara toxunmaq istəyirik: 1) Siyasi lider üçün sadalanacaq xüsusiyyətlər heç bir konkret mənbəyə əsaslanmır və müəllifin şəxsi görüşləri əsasında tənzimlənmişdir. 2) Bu xüsusiyyətlər ideal ictimai-siyasi rəhbər üçün təklif olunan stimullardır. Təbii ki, bir nəfərin bütün bunlara malik olması elə də asan deyil. Məsələn, Hitler, Stalin və s. kimi şəxslər müəyyən dövrlərdə siyasi lider olmuşlar. Halbuki, onlarda bizim qeyd edəcəyimiz bə`zi məqamların tam əksi müşahidə olunur. Deməli, liderin nisbi müvəffəqiyyət qazanmasında bu xüsusiyyətlərin rolu faiz e`tibarilə müxtəlifdir. Bəşəriyyətin fəxri olan Məhəmməd peyğəmbər (s) isə bütün bu keyfiyyətlərə sahib olaraq tarix boyu bütün millətlər üçün ideal rəhbərə çevrilmişdir. Təsadüfi deyil ki, Smit özünün “Məhəmməd və islam” kitabında yazır: “Cəsarətlə iddia edirəm ki, bir gün xristianlığın ən öncül filosofları və sadiq ardıcılları Qur`anın Allah sözü və Məhəmmədin Allah peyğəmbəri olduğunu e`tiraf edib, buna şəhadət verəcəklər.” 3) Həzrət Məhəmməd (s) Allahın elçisi olduğu üçün fövqəlbəşəri elm və mə`sumluq məqamına yiyələnmişdir. Peyğəmbərin həyatını tədqiq edərkən, bu iki amilin tə`sirini nəzərə almaqla, həm də unutmamalıyıq ki, o, təbii insan həyatı sürmüş və hamı kimi iradə və ixtiyar sahibi olmuşdur. Məhəmməd peyğəmbər (s) və sosial idarəetməa) İlkin bilgilərə aid olan prinsiplər: 1) Məqsədi yetərincə tanımaq. Hər hansı bir siyasi lider və icti-mai hərəkat başçısı hər şeydən öncə öz məqsəd və məramlarını lazımi səviyyədə bilməlidir. Məqsədinin nə olduğunu, tabeliyində olan kütlə və xalqı hansı ideallara doğru apardığını bilməyən rəhbər heç zaman uğur qazana bilməz. Məhəmməd peyğəmbər (s) hələ də`vətini başlamazdan öncə, ona ilk vəhy nazil olduğu zaman öz vəzifəsini, edəcəyi də`vətin nədən ibarət olduğunu və bu hərəkatın insanları hansı amala yetirəcəyini çox gözəl başa düşürdü. Qur`ani kərimdə bu barədə buyurulur: “(Ey Peyğəmbər!) De ki, bu, mənim yolumdur. Mən tam agahlıq içində Allaha doğru də`vət edirəm.” (Yusif/ 108.) Lakin, Səhih-Buxari, Səhih-Müslüm və bir neçə başqa kitabda yazılmış saxta rəvayətə görə, guya Peyğəmbərə vəhy nazil olarkən, o qorxmuş, nə baş verdiyini anlamamış və yalnız məsihi alim Vərəqət ibn Nofəlin sözlərindən sonra ona peyğəmbərlik verildiyini bilmişdir. Mövzudan yayınmamaq və ixtisara riayət etmək məqsədilə bu barədə geniş danışmaq istəmirik. “İslam tarixi” (131-136) və “Siyasi islam tarixi” (1/227-231) ki-tablarında bu əfsanəyə ətraflı cavab verilmişdir. 2. Məqsədin düzgünlüyünə inam. İctimai və siyasi rəhbər öz məqsədinin düzgünlüyünə inanmalı və mövcud şəraitdə özünün və ardıcıllarının həmin məqsədlə fəaliyyət göstərmələrini zəruri saymalıdır. Məhəmməd peyğəmbər (s), uğrunda mübarizə apardığı məqsədin ədalətli və ülvi bir məqsəd olduğuna əmin idi. O, Allahın son elçisi olaraq bəşəriyyəti mütləq həmin məqsədə çatdırmalı idi. O, bilirdi ki, gətirdiyi qanunlar və İslam doktrinası dünya və axirət səadətinin qarantıdır. Bu doktrina bəşərin bütün ehtiyaclarını tə`min etməyə və hər növ ədalətsizlikdən uzaq olan ideal cəmiyyət qurmağa qadirdir. Odur ki, İslam peyğəmbəri heç bir şübhə və tərəddüdə düşmədən öz məqsədi uğrunda mübarizə apardı. Bu barədə Qur`ani kərimdə buyrulur: “Peyğəmbər, Rəbbi tərəfindən ona göndərilənlərə iman gətirmişdir.” (Bəqərə/ 285.) Vüsal Hüseynzadə “İmam Xomeyni” adına İslamUniversitetinin “İslam tarixi” fakültəsinin tələbəsi
|