Həzrət Fatimənin (s.ə) dünyaya gəlməsi barədə bəzi ixtilaflı rəvayətlər də mövcuddur. Bəzi tarixçilər deyirlər ki, Fatimə (s.ə) Fil hadisəsindən 25 il keçdikdən sonra dünyaya gəlib. Şeyx Mühəmməd İmam Mühəmməd Baqirdən (ə) nəql edir ki, Məbəsdən 5 il keçdikdə Fatimə (s.ə) dünyaya gəlib. Əhli-beyt (ə) şairi M. Füzuli iki dünya xanımının dünyaya gəlməsini "Hədiqətüs-sühəda" əsərində şeir dili ilə belə vəsf edir. Şər gülzarına rövnək verdi bir növrəs nihal, Asimani-dinə nərtöv saldı bir fərrux hilal. Ol nihalın bərgü barından dolub daməni-dəhr Ol hilalə qıldı ənvari-hidayət intiqal. Bir rəvayətdə deyilir ki, Rəsuli-Əkrəm buyurub: "Cəbrayıl (ə) mənə xəbər verib ki, onun adı asimanlarda - Mənsurə, yerdə isə Fatimədir. Fatimə-"kəsən", "ayıran" mənasındadır. Yəni o banu (ə.s) öz şiələrini Cəhənnəmdən, düşmənlərini isə öz məhəbbətindən və cənnətdən qət edib, ayırıbdır. O xanım (ə.s) öz dostlarına Axirətdə kömək edəcəyi üçün, göylərdə ona Mənsurə deyirlər. Rəsuli-Əkrəm (s) buyurub: "Fatimə (s.ə) zahirdə insan şəklindədirsə də, batində hürriyyədir". Həzrət Fatimə (s.ə) 5 yaşında ikən, besətin 10-cu ilində anası Xədicə (ə) vəfat etdi. Rəsuli-Əkrəm (s) Mədinəyə hicrət edəndən sonra Ümmi-Sələməni (ə) özünə nigah elədi və Fatiməni (s.ə) ona tapşırdı ki, tərbiyəsi ilə məşğul olsun. Həmin vaxt Fatimənin (s.ə) 8 yaşı var idi. Həzrəti Xədicədən (ə) sonra Peyğəmbərin (s) ən sevimli zövcəsi olan Ümmi-Sələmə (ə) deyərmiş ki: "Allaha and olsun, mən özüm Fatimədən (s.ə) ədəb öyrənirəm, azyaşlı olmasına baxmayaraq o, hər şeyi məndən və başqalarından çox bilir." Həzrət Fatimənin (s.ə) adları, künyələri və ləqəbləri Yunis ibn Zəyban deyir ki, İmam Sadiq (ə) buyurdu: "Fatimənin (s.ə) Allah dərgahında doqquz adı vardır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra." Sonra buyurdu: "Fatimə adının mənasını bilirsənmi?" Ərz etdim ki, ey sərvərim, onun mənasını mənə başa sal. Həzrət buyurdu: "Futimət minəşşər" ("Hər cür pislikdən ayrılmış (və ya seçilmiş) təmizlənmiş"). Sonra İmam (ə) buyurdu: "Əgər möminlər ağası Əli (ə) olmasaydı, Fatimə (s.ə) üçün Adəmdən (ə) tutmuş ta qiyamətə qədər Yer üzündə həyat yoldaşı tapılmazdı" (Üsuli-kafi, c.1, səh.461). Digər bir mənbədə rəvayət olunub ki, Fatiməyə (s.ə) aşağıdakı səbəblərə görə Fatimə deyirlər: - O, hər bir pislikdən və çirkinlikdən uzaqdır; - O və tərəfdarları cəhənnəm odundan uzaqdırlar. - Fatimə (s.ə) yüksək elm və kamal dərəcələrinə malik olduğu üçün başqalarından seçilirdi. - İnsanlar onu tanımaqda acizdirlər. O Həzrətin həqiqətini dərk edə bilməzlər. Bu Fatimənin "Ümmü Əbiha" məqamına dəlildir. - Heç kəsin əqli onu dərk etməyə çatmaz. Fatimənin (s.ə) ən kamil nümunəsi "Qədr" gecəsidir. Zəhra (s.ə) Allahın qədr gecəsidir. Qədr gecəsi sirli olduğundan, Zəhra da sirli bir varlıqdır və heç kəsin əqli onu dərk etməyə çatmaz. Əgər bir kəs Qədr gecəsini dərk edə bilsə, Həzrəti Fatimeyi-Zəhranın (s.ə) da məqam və mənzilətini anlaya bilər. İmam Həsən Əsgəri (ə) buyurur: "Fatimənin (s.ə) Zəhra (s.ə) adlanmasının səbəbi bundan ibarətdir ki, onun camalının nuru hər gün üç dəfə Həzrət Əli (ə) üçün cilvələnirdi. Fatimeyi-Zəhranın (s.ə) parlaq çöhrəsi səhərin ilk başlanğıcında günəş kimi, günorta vaxtı ay kimi, gün batan vaxt ulduz kimi nur saçırdı. Zəhra adın Xuda ona bəxş etdi Dəhrdə. Çün səcdə qıldı sidq ilə sübhanə Fatimə. (Axund Hacı Soltan) - Siddiqə - məsumə, ismətli, günah etməyən. - Mübarəkə - elm, fəzilət və kamalda bərəkətli. - Tahirə - nöqsanlardan pak olan. - Zəkiyyə - xeyir işlərdə və kamalda nümüvv edən. - Raziyyə - Allahın qəzasına razı olan. - Mərziyyə - Allahın və Onun dostlarının bəyənilmişi. - Mühəddisə - mələklə danışan. - Zəhra - həm zahiri, həm də mənəvi cəhətdən nurani. ...Ümmül-Əimətül-məsumiyn, Ümmül-Həsəneyn, Ümmül-Xiyərə, Ümmül-Fəzail, Ümmül-Əxyar, Ümmül-Nücəba, Ümmül-Əhzar, Ümmül-Ülum, Ümmül-Kitab. Bətul (pak olan), Xeyrün-nisa (qadınların ən yaxşısı), Seyyiddətü-nisail-aləmin (aləm qadınlarının sərvəri və xanımı), İbnətül-Muxtar (Peyğəmbərin qızı), Əzra (pakizə), Bəzətin-nübuvv (Peyğəmbərin (s) bədənin bir parçası), Dürrətül-beyza (ağ dürr). Həzrət Fatimə (ə) imamların anası olması ilə yanaşı, Peyğəmbərin (s) nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. O, sözündə və danışığında Peyğəmbərə (s) ən çox oxşayan şəxs idi. Fatimə (s.ə) Peyğəmbərin (s) yanına gələndə Həzrəti Rəsul (s) onu mehribanlıqla qarşılayar və əlindən öpərdi. Həzrət Fatimənin (s.ə) Behiştdəki məqamı Furat ibn İbrahimin təfsirində nəql olunur ki, Əli (ə) buyurdu: "Bir gün Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Həzrət (s) bir az Qiyamət günü barədə danışıb bu yerə yetişdi: "Ey Fatimə, sən Cənnət qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyəcək və səndən sonra da görüşməyəcək 12 min Behişt hurisi qarşılayar. Onların əlində nurdan düzəldilmiş silah olar. Onlar nurdan ibarət dəvəyə minərlər. O dəvələrin yəhəri qızıldan, sarı və qırmızı yaqutdan, yüyəni isə təzə mirvaridən olar. Hər dəvənin üstündə də sıx-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş "Sundus" süfrəsi açılır. Behiştə daxil olan zaman cənnət əhli sənin qədəmlərindən şad-xürrəm olarlar. Sənin tərəfdarların üçün nurdan ibarət kürsü üzərində xüsusi süfrə hazırlayarlar. Başqaları hələ hesab-kitab verən zaman onlar yeməklərdən meyl edərlər. Sənin tərəfdarların üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah, övliyaları Cənnətə yerləşdirən zaman Həzrət Adəm (ə), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər. Həzrət Fatimənin (s.ə) mehvəriyyət təşkil etməsi Həzrət Fatimə (s.ə) bir neçə mühüm məsələdə mehvəriyyət təşkil edir. O cümlədən: - İmkan aləmini xilqətində: Allah-Təala Peyğəmbərə (s) xitabən buyurur: "Lövlakə ləma xaləqtul-əflak. Lövla Əliyyun ləma xaləqtuq. Lövlə Fatimə vəma xaləqtukuma"-"Ya Məhəmməd! Əgər sən olmasaydın, fələkləri yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, heç birinizi yaratmazdım" (Hədisi-Qüdsi). Əbə - Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynin (ə) mübarək nurları nəzərdə tutulur. Haqq aşığı Dədə Ələsgər də bu hadisəyə əsaslanaraq Ruzi-Ələst də beş kimsənin nurunun mövcudluğunun Xilqət aləmindən əvvəl yarandığını qeyd edir və bir "Divani"sində deyir: Ələsdidən bəli dedim nə xoş iqbaldı yüküm, Beş gözəlin aşiqiyəm vəsfi, kəmaldı yüküm, Mətahım mətah olunca, bazarım bazar olsun, Nə alınmır, nə satılmır xeyli zavaldı yüküm. - Həzrət Fatimə (s.ə) İlahi mərifətdə mehvəriyyət təşkil edir. - Həzrət Fatimə (s.ə) Allah məhəbbətində də mehvəriyyət təşkil edir. Rəsuli-Əkrəm (s) buyurur: "Hər kəs Fatiməni (s.ə) sevsə, şübhəsiz məni sevmişdir və hər kəs də məni sevsə, şübhəsiz Allahı sevmişdir. - Həzrət Fatimə (s.ə) Allahın razılığında və qəzəbində mehvəriyyət təşkil edir. Peyğəmbər (s) buyurub: "Həqiqətən Allah Fatimənin (s.ə) razı olması ilə razı olar, qəzəblənməsi ilə qəzəblənər". - Həzrət Fatimə (s.ə) təvəssül olunmaqda da mehvəriyyət təşkil edir. Təvəssül duasında oxuyuruq: "İlahi, Səni and verirəm Fatimənin (s.ə) həqqi, onun atasının, onun ərinin və onun oğlanlarının həqqinə, salavat göndər Həzrəti Məhəmməd (s) və onun Əhli-Beytinə, mənim barəmdə mənim bəyəndiyim şeyləri deyil, özün məsləhət bildiyi şeyləri rəva gör!" - Peyğəmbər (s) Fatiməni (s.ə) "Ümmi-Əbiha"-yəni,"atasının anası" deyə səsləyərdi. "Ümmü" kəlməsi "ana" mənasından başqa "əsil" və "kök" mənasına da işlənibdir. Necə ki, Məkkəyə "Ümmül-qura" deyirlər. Buna görə də "Ümmi-əbiha" da vilayət və nübüvvətin əsli, kökü mənasınadır. Həqiqətən, Fatimeyi-Zəhra (s.ə) kölgə salan bir ağac idi. O, imamət və vilayətin şirin meyvələrini yetişdirdi. Peyğəmbər (s) öz əziz və sevimli qızına "Ümmi-əbiha" ləqəbi verdi. - Həzrət Fatimə (s.ə) "Kisa" və "Mübahilə" əshablarından biridir. Fatimeyi-Zəhra (s.ə) o şəxslərdən idi ki, onların şəni haqqında "Təthir" ("Əhzab", 33) ayəsi nazil oldu. Həzrət Fatimə (s.ə) İmamların anası və Allah Rəsulunun (s) yadigarıdır. Peyğəmbərin (s) nəsil-nəcabəti Qiyamət gününə qədər o xanımın və övladlarının nəslindən törənəcəkdir. (davamı var) "İnsan öz insani dəyərlərindən uzaq düşəndə fitrəti ac qalır və onu qidalandırmaq üçün ən azğın, şeytani, nəfsani yollara əl atır ki, bu da bizi sonu görünməyən uçuruma yuvarlada bilər" Cəvahir Azərbaycan xalqı istiqlaliyyət əldə edəndən sonra sözün həqiqi mənasında respublikamızda dinimizə, mənəviyyatımıza bir sözlə kökümüzə qayıdış sahəsində ciddi addımlar atıldı. Sovet dövründə bağlanaraq anbar, emalatxana, sex kimi istifadə olunan qədim məscidlərimiz bərpa edilərək, dindarlarımızın istifadəsinə verildi, yenilərinin tikintisinə başlanıldı. Amma illər keçdikcə ölkədə bu sahədə görülən işlər, yəni İslam dininin, milli-mənəvi dəyərlərimizin təbliği, inkişaf tempi, yeni məscidlərin inşası prosesi gözlənilmədən dayandırıldı. Əlbəttə, bütün bunların səbəbləri müxtəlif cür izah olunur. Əslində həqiqət nələrdən ibarətdir? Proseslərin bu fonda cərəyan etməsinə səbəb nədir? Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan İslam Partiyası sədrinin dini məsələlər üzrə müşaviri, ilahiyyatçı Hacı Seyid Həsənağa Həsənovla söhbətləşdik. Müsahibim ilk öncə respublika ərazisindəki kənd və şəhərlərdə ibadət etmək, dini mərasimlər həyata keçirmək üçün məscidlərin sayının azlığından, hətta bir çox yerlərdə ümumiyyətlə ibadətgahların olmamasından söz açdı: "Bismillahir Rəhmanir Rəhim. 70 illik sovet imperiyası çökdükdən sonra xalqlara mənsub adət-ənənə, mədəni, siyasi və dini fəaliyyətlər geniş vüsət almağa, İslama qarşı basqılar səngiməyə başladı. Ölkəmizdəki ibadətgahlar xalqın üzünə açıldı, dinimizə müstəqillik, azadlıq verildi. Nəticədə xalq yenidən əsl milli, mənəvi, dini dəyərlərinə tapındı. Lakin bu sevindirici məqamlar uzun çəkmədi. İmperiya dövründə İslam dininə qarşı yasaqlar indi başqa bir formada təzahür etməyə başladı və bu acınacaqlı vəziyyət davam etməkdədir. Fikir verin, müstəqilliyin ilk illərində yeni məscidlərin inşası, köhnələrinin təmiri, İslami maarifləndirmə geniş vüsət alsa da, sonra bu məsələlər tamamilə sıxışdırıldı. Bu gün Gəncə, Samux rayonlarının İslami dəyərlərə həmişə hörmətlə yanaşılan, onu dövrün hər dönəmində yaşadan cənub bölgəsinin bir çox kəndlərində, eləcə də ölkənin digər bir sıra kənd və qəsəbələrində məscidlər yoxdur. Rayon icra hakimiyyətləri məsələ ilə qətiyyən maraqlanmır, bu savab işi həyata keçirmək istəyənlərə isə dövlət tərəfindən icazə verilmir". - Yəni məscid inşa etmək problemli bir məsələdir? - Bəli, bu gün hər hansı kənddə belə, məscid, Hüseyniyyə, yaxud mədrəsə tikmək müşkülata çevrilib. Bunun üçün ən azı bir neçə dövlət orqanının icazəsi və qərarı olmalıdır. Amma mənəvi-əxlaqi dəyərlərimizə zidd olan, sağalmaz fəsadlar törədən obyektlərin inşa edilməsinə, fəaliyyət göstərməsinə heç bir qadağa yoxdur. Belə olan halda, məscidi olmayan yaşayış məntəqələrinin mömin bəndələri nə etməlidirlər, ibadi əməllərini harda həyata keçirməlidirlər, moizələr harda səsləndirilməlidir, gənc nəslin nümayəndələri İslamın gözəl mənəvi-əxlaqi dəyərləri, şəri hökmləri barədə harda məlumat əldə etməlidir? Bu yaxınlarda mömin gənclər yaşadıqları bir ərazidə məscid olmadığından camaat namazı qılmaq üçün bir ev kirayələyiblər. Amma həmin ərazinin sahə müvəkkili bu barədə məlumat alan kimi camaat namazının həyata keçirilməsinə imkan verməyib. Hərçənd məmləkətimizin hər yerində vəhhabilər, xristian missioner təşkilatlar və digər qeyri-ənənəvi təriqətlər icarəyə götürdükləri evlərdə batil ideologiyalarını təbliğ etməklə məşğuldur, amma necə deyərlər, onlara gözün üstə qaşın var deyən yoxdur. - Hacı, bizdə olan məlumatlara görə, Gəncə şəhərində bir neçə məscidin fəaliyyəti dayandırılıb. Bunun hansı səbəbdən baş verdiyi sizə məlumdurmu? - Əvvəla, qeyd edim ki, sovet dövründən sonra adıçəkilən şəhərdə heç bir yeni məscid tikilməyib. Halbuki, Gəncə Azərbaycanın ən böyük şəhərlərindən biridir və əhalisinin çoxu din-iman sahibləridir. Ən dəhşətlisi isə odur ki, ordakı qədim məscidlərin biri nigah şöbəsi, digəri isə oyuncaq istehsal edən sex kimi fəaliyyət göstərir. Bu ibadət ocaqlarının möminlərin ixtiyarına verilməsi ilə əlaqədar dövlət orqanlarına dəfələrlə müraciət edilsə də, indiyədək müsbət nəticəsi olmayıb. Gəncədə fəaliyyəti dayandırılan məscid isə şəhərin mərkəzində yerləşən "Şah Abbas" məscididir. Bu məscidə həm adi, həm də cümə günlərində namaz qılmağa yüzlərlə insan toplaşır. Vaxtilə bu ibadətgahın doğrudan da təmirə ciddi ehtiyacı vardı. Ölkə başçısı bölgəyə səfəri zamanı məscidə hədiyyələr bağışladı, daha sonra məsciddə təmir işləri aparıldı. Amma məsələ burasındadır ki, artıq heç bir təmirə ehtiyacı olmayan "Şah Abbas" məscidinin fəaliyyəti bir müddətdir ki, dayandırılıb. Guya ibadətgah təmir edilir. Bakının özündə də "Cümə", "Əjdərbəy" ("Göy məscid" - red.), "Təzəpir" ibadət ocaqları neçə vaxtdır ki, təmir adı ilə möminlərin üzünə bağlıdır. Halbuki, məscidi zinətləndirən bər-bəzək yox, möminlərdir. - Necə fikirləşirsiz, məscidlərin təmiri prezident seçkiləri öncəsi möminlərin rəğbətini qazanmağa hesablana bilərmi? - Mən belə düşünmürəm. Əksinə, bu cür işlər daha çox möminlərin toplaşdığı məscidləri bağlamağa, insanları dinindən azdırmağa xidmət edir. Əgər hökumət xalqın siyasi dəstəyini və məhəbbətini qazanmaq istəyirsə, həqiqi İslamın inkişafına, yeni məscidlərin, mədrəsələrin inşasına imkan yaratmalı, doğrudan da təmirə ehtiyacı olan ibadətgahları səliqə-sahmana salıb xalqın ixtiyarına verməlidir. Amma təəssüf ki, biz bunların şahidi olmuruq. Əksinə, cəmiyyətə hava və su kimi lazım olan, onun mənəviyyatına, əxlaqına müsbət təsir göstərə biləcək əsl İslamın təbliğinə, maarifçilik işinə maneələr yaradıldığı, məscidlər təmir adı ilə illərlə bağlandığı halda dövlətçiliyimizlə, əqidəmizlə ziddiyyət təşkil edən, İslama aid olmayan təlimlərlə gənclərin beynini zəhərləyən vəhhabi məscidinin - "Əbu-Bəkr"in fəaliyyətinə sədd çəkilmir. Daha doğrusu, "təmir" edilmir. - Dediyinizdən belə anlaşılır ki, hadisələrin bu cür inkişafı kimlərinsə maraq çərçivəsindən, yad ideologiyaların ölkəyə təsirindən irəli gəlir? - Bəli, açıq etiraf etmək lazımdır ki, bütün bu məsələlərin kökündə İslama düşmən kəsilən beynəlxalq sionizmin izi görünür. Onlar nəinki Azərbaycanda, bütövlükdə bütün dünyada müxtəlif vasitələrlə İslamı zəiflətməyə çalışır və bu məqsədlə Azərbaycan dövlətinə də təsir göstərirlər. Amma hər kəs anlamalıdır ki, İslamın inkişafını, məscidlərin fəaliyyətini, alimin moizəsini əngəlləməklə müsəlman Azərbaycan xlqının nicat yoluna sədd çəkir. Allah-Təala Qurani-Kərimin "Saff" surəsinin 8-ci ayəsində buyurur: "Onlar öz ağızları ilə üfürərək Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərə xoş gəlməsə də, Allah öz nurunu tamamlayacaqdır". Bu mənada demək olar ki, materialist kommunist ideologiyası İslamı yasaq etsə də, Allah həqiqətinin, Allah nurunun qarşısını ala bilmədi və bütün cəhdləri iflasa uğradı. Ona görə də indiki dönəmdə, yəni dinimizin bütün dünyada, ilk növbədə isə Qərb ölkələrində nüfuzu artdığı bir dövrdə onun inkişafının qarşısını almaq qətiyyən mümkün olmayacaq. Odur ki, İslam Partiyası olaraq səlahiyyət sahiblərinə tövsiyə edirik ki, Həzrət Məhəmməd Peyğəmbər (s), Əhli-beyt (ə), siratəl-müstəqim, bir sözlə, İslam yolundakı süni maneələri aradan götürsünlər. Çünki insan öz insani dəyərlərindən uzaq düşəndə fitrəti ac qalır və onu qidalandırmaq üçün ən azğın, şeytani, nəfsani yollara əl atır ki, bu da bizi sonu görünməyən uçuruma yuvarlada bilər. İnsan Allah-Təalanın buyurduğu əmrlərin hüdudunu aşsa, insanlığın kamil dərəcəsinə çatmaz və məhv olar. |