Qurani Kərimin möcüzələrindən biri budur ki, onun hər bir kəlməsinin çoxlu mənaları var. Ona görə də Quranı həm tərcümə və həm də təfsir edirlər. Tərcümə Quran ayələrinin bir-bir ərəb dilindən hər hansı bir dilə çevrilməsinə deyilir. Təfsir isə onların açıqlanması, izahı deməkdir. Alimlər Qurani Kərimi iki variantda təfsir edirlər. Bunun birinə tərtibi, digərinə isə mövzui təfsir deyilir. Tərtibi təfsir - Quranın əvvəlindən başlayıb, ayə-ayə axıradək izahına deyilir. Mövzui təfsir isə hər hansı bir mövzu barəsində Quranda olan ayələri bir yerə toplayıb, birlikdə təfsir etməkdir. Məsələn, namaz mövzu kimi götürülür, onun barəsində Quranın hər yerində olan ayələr toplanır və izah olunur. Bu izah vasitəsilə mövzu barəsində Quranın rəyi məlum olur. Əlbəttə, Quranın namaz barəsində xüsusi bir paraqrafı və ya fəsli yoxdur ki, ona aid olan bütün ayələr orada cəmlənsin. İstər namaz və istərsə də hər hansı bir mövzu haqqında olan ayələr pərakəndə şəkildə Quranın müxtəlif surələrində və müxtəlif yerlərində səpələnmişdir. Buna görə də bir mövzunu araşdırmaq və onun barəsində Quranın fikrini, rəyini bilmək istəyən adam gərək Quranın müxtəlif yerlərindən mövzuya aid olan ayələri toplasın və araşdırsın. Bu növ araşdırma və bu cür izaha mövzui təfsir deyilir.
Burada bizim məqsədimiz, Qurani Kərimin çoxsaylı və müxtəlif mövzularından Fürui-din mövzusunu seçib, onun barəsində olan ayələri toplayaraq mövzui təfsir etməkdir.
Üsuli-din insanın ağlını qidalandırır, əqidəsini, yolunu işıqlandırır. Fürui-din isə bu yolu getməyi öyrədir. Üsuli-din əqli, fürui-din isə ruhu möhkəmləndirir, qidalandırır. Ruh qidalanmazsa zəifləyər və əqlin düşündüyünü həyata keçirə bilməz. İradə zəifləyər, ayaq əsər və yol getmək iqtidarında olmaz. Fürui-din ruhu qidalandırır dedikdə, yəni bir növ insan ayağına qida verib möhkəmlədir, ona vitamin olur və bu yolu gedə bilməsini təmin edir. Ruha xüsusi qida olan o vitamin namazdır, orucdur, xumsdur, zəkatdır və s.
Fürui-dinin ilk göstəricisi namazdır. Namaz idman deyil mənəvi qidadır. O insanı yuxuya, işə, nəfsani istəklərinə qalib gəlməyi öyrədir. Fürui-dinin bütün maddələri insanı qüvvətləndirir. O cümlədən oruc da insanın iradəsini, ruhunu böyüdür, nəfsinə qalib gəlməyi öyrədir. Zəkat da bu qəbildəndir. Yəni mal, sərvət toplayıb özü onun quluna çevrilən insan, həqiqətdə dünyapərəstlik, simiclik, xəsislik mücəssiməsidir. Mal insan üçün bir sıra əngəllər yaradır. Hərislik, tamahkarlıq kimi sifətlər bu əngəllərdəndir. Bu əngəllərə qalib gələ büməyən insan zəkat, xums verə bilməz. Qalib gəlmək üçün gərək ruhu qidalandırıb möhkəmlədəsən. Bunu isə Fürui-din həbləri, fürui-din maddələri bacarır və mövzumuz da budur.
Bizim hamımızın az-çox üsuli-din barəsində məlumatımız vardır. Fürui-dinin də zahiri barəsində fiqhdən öyrənmişik. Qeyd etdiyimiz kimi bunlar zahiri görüntülərdir, skeletdir. Yəni məsələn namazın skeleti budur ki, durub Allahu əkbər deyərlər, həmd, surə oxuyarlar, rüku, sücud əmələ gətirərlər. Bütün bunlar namazın skeleti, heykəli, yəni zahiri görüntüləridir. Lakin bunun ruhu, məğzi, batini nədir? Bunlar fiqhidə dеyilmir. Onu Quran dеyir. Bütün bunlara əsasən Fürui-din barəsində olan Quran ayələrindən istifadə еdib namazın, zəkatın və s. nə еtdiyini dеyəcəyik.
«Oxu onu ki, sənə vəhy olunub kitabdan və namazı bərpa et. Həqiqətən namaz fəhşa və münkərdən çəkindirir və Allahı zikr etmək (yada salmaq) birincidən də böyükdür. Siz nə edirsinizsə Allah bilir.»
Bunlar ayənin qısa, hərfi tərcüməsi idi. İndi isə ayənin izahına nəzər salaq: Ayədə Allah bizə dörd şeyi tapşıraraq əmr edir.
1. İnsan həyatı üçün iki şey lazımdır. Bunlardan biri yolu görməkdir. (Həqiqət yolunu görməkdir.) Yolu görmək üçün Allah buyurur: Oxu onu ki, vəhy olunub sənə kitabdan. Yolu getmək üçün isə buyurur: Bərpa et namazı.
Bunlardan biri görmək üçündür, digəri isə getmək üçündür. Əgər yolu görürsənsə və getmirsənsə naqissən və əgər yolu görməyib gedirsənsə yenə də naqissən. Həm görməlisən və həm də getməlisən.
Ayə bu məqsədi güdür ki, əgər sən həqiqəti axtarırsansa, başqa səmtə müraciət etmə «oxu onu ki, sənə vəhy etmişik». Elə onu oxumaq haqqı tapmaq üçün kifayət edər. Əgər dözümlü olmaq, istiqamət tapmaq, ruhunu əzəmətli etmək üçün yollar axtarırsansa, yenə də başqa səmtə yönəlmə, eləcə namaz qılsan istəyinə çatarsan.
2. Sonra Allah təala namazın faydasını sadalayır. Buyurur ki, namazın iki böyük faydası vardır. Bunlardan biri inkar, digəri isə təsdiq faydasıdır. İnkar faydası budur ki, insanı günahdan (fəhşa və münkər) çəkindirir. Təsdiq faydası budur ki, Allahı insanın yadına salır, xatırladır. İndi görək namaz insanı necə çəkindirir və Allahı necə yada salır? Biz namaza başlayarkən əvvəldən axıradək gördüyümüz işlər, istər-istəməz Allahı yadımıza salır. Belə ki, namazda deyirik: «Allah böyükdür, Allahın adı ilə başlayıram, Allaha həmd edirəm, Allahı qiyamətin maliki, sahibi kimi tanıyıram, Rəhman (bağışlayan) kimi tanıyıram, Əhəd (tək) kimi tanıyıram, Səməd (еhtiyacsız) kimi tanıyıram, onu bütün eyiblərdən uzaq bilirəm və axıra qədər biz Allahı xatırlamaqla məşğuluq. Namaz qılarkən biz sanki Allahşünaslıq dərsində iştirak edirik. Bir sözlə namazın işləri və sözləri Allahı bizə xatırladır. Allahı xatırlayan, yadına salan insan günah edə bilməz. Allah yaddan çıxarsa, günah da ayaq açar. «Üsuli Kafi» kitabında bir hədis vardır, buyurur ki, insan oğurluq, zina, ümumiyyətlə günah etdiyi zaman imanı yoxdur. Əgər iman olarsa, yəni Allah yadında olarsa, günah etməz.
Yuxarıda qeyd etdiyimiz kimi namazın iki faydası vardır. Təsdiq və inkar faydaları. İnkar faydası təsdiqin nəticəsidir. Çünki Allah xatırlanır və günahdan çəkinirik. Ona görə də Allahı xatırlamaq daha mühümdür və daha böyükdür. Çünki günah etməmək bunun nəticəsidir. Elə ayə də ona görə buyurur ki, «Allahı zikr etmək (yada salmaq) birincidən də (fəhşa və münkərdən çəkindirməkdən) böyükdür.»
3. Sözü sahibinə çatdırmağın üç üsulu vardır. Biri budur ki, çoxlu cümlə işlədirik, çoxlu söz işlədirik, lakin bir mənanı çatdırırıq. İkincisi budur ki, bir cümlə işlədirik və bir məna çatdırırıq. Üçüncüsü isə budur ki, bir cümlə ilə iki məna çatdırasan. Bu çox çətindir. Quranın da üslubu bu üçüncü növdəndir. Quran çox vaxt bir sözlə neçə məna çatdırır. Onun möcüzələrindən biri də budur. Bir sözlə neçə məna çatdırır və bütün mənalar da həqiqətdir. Odur ki, ayədə buyurur: «Həqiqətən namaz insanı fəhşai-münkərdən çəkindirir və Allahı xatırlatmaq daha böyükdür.» Daha demir ki, namaz insanı fəhşai-münkərdən çəkindirir, Allahı insanın yadına salır və bu Allahı yada salmaq fəhşai-münkərdən çəkindirməkdən daha əhəmiyyətlidir, daha böyükdür. Eləcə müqayisə yolu ilə fəhşai-münkərdən çəkindirir və Allahı xatırlatmaq daha böyükdür - deyib bunların üçünü də bir cərgədə olduğunu və üçüncüsünün, yəni xatırlatmağın daha mühümlüyünü vurğulayır.
Bura qədər üç söz barəsində danışdıq. Birincisi bu oldu ki, insan həm yolu tapmalı və həm də yolu getməlidir. İkincisi namazın iki böyük faydası olduğunu aydınlaşdırdıq. Üçüncüsü isə bir cümlədə müqayisə yolu ilə iki mənanın çatdırıldığını öyrəndik. İndi isə görək fəhşai-münkər nə deməkdir?
Əgər fəhşa və münkər ayrılıqda, hərəsi bir başqa cümlədə işlənərsə, günah mənasını verir. Lakin, bu ayədəki kimi ikisi də bir yerdə işlənərsə, mütləq bunların mənalarının fərqi olmalıdır. Çünki Allah bir fikri çatdırmaqdan ötrü iki eyni məna verən sözdən istifadə etməzdi. Deməli Allah bu iki söz vasitəsi ilə iki məna çatdırmışdır. Odur ki, alimlər bunu müxtəlif cür izah ediblər. Bu izahlardan biri budur ki, fəhşa-yəni gizlində olan böyük günahlar, münkər isə yəni aşkar olan böyük günahlardır. İzahlardan digəri də budur ki, fəhşa-yəni şəhvət qüvvəsindən doğan günahlar, münkər isə-yəni qəzəb qüvvəsindən doğan günahlardır. Məsələn adam öldürmək, söyüş söymək və s. bu kimi günahlar münkər, əxlaqsız iş tutmaq isə fəhşa adlanır. Fəhşa və münkər bir cümlədə gələrsə onları bu məna ilə mənalandırırlar. Qeyd etdiyimiz ayədən məlum olur ki, namaz insanı həm şəhvət və həm də qəzəb qüvvəsindən doğan günahlardan çəkindirir. Bütün bunları dedikdən sonra meydana belə bir sual çıxır. Çoxları namaz qılır və eyni zamanda əyri işlər görürlər. Allah da ayədə «namaz insanı fəhşai raünkərdən çəkindirir» buyurur. Bəs niyə namaz bu insanları pis işlərdən çəkindirmir?
Bu sualı alimlər iki cür cavablandırmışlar. Onlardan biri Əllamə Təba-Təbainin «Əl-Mizan» təfsirində öz əksini tapmışdır. Əl Mizanda olan fəlsəfı ibarələri aşağıdakı misalla aydmlaşdıraq.
Soba istilik vermək üçün istifadə olunur. O yanırsa, deməli istilik verir. Lakin biz sobanı yandırıb, otağın qapı-pəncərəsini də açıq qoysaq otaq isinməz. Otağın isinməməsinin səbəbi isə sobanın istilik verməməsi deyil, qapı pəncərənin açıq olmasıdır. Namazın da fəaliyyəti belədir. Yəni namaz təsir göstərir, lakin bizim «qapı pəncərəmiz» açıq olduğundan təsiri itir. İmam Əli (ə)-dan soruşdular: Ya Əli (ə) sən bu səviyyəyə hansı əməlinlə çatdın? İmam buyurdu: «Mən öz qəlbimə qapıçı idim». Alimlər hiss üzvlərini qəlbin qapıları adlandırırlar. Qulaq, göz, əl (lamisə) qəlbin qapılarıdır. Yəni insanın gözü görərsə, qulağı eşidərsə yavaş-yavaş qəlbi də onu istəyər. Bu üzvlər kontrol olunmalıdırlar. Dili qorumaq, nəzarətdə saxlamaq çox çətindir. O qeybət də edər, böhtan da danışar, yalan da deyər və iman da yavaş-yavaş əriyib gedər. Çünki onlar qapılardır. O qapılara özün sahib durmasan, özün qapıçı qalmasan o iman istilikləri uçub gedər. Məsciddə namaz qılarkən özünü xüsusi bir mənəvi halda hiss edən insan, məsciddən çıxdıqdan sonra imanı günəş qabağına qoyulmuş qabın içindəki su kimi buxarlanıb gedər. Namaz adamı fəhşai-münkərdən çəkindirir. Bu şərtlə ki, özün də qəlbinə qapıçı olasan.
İkinci cavab isə təfsiri «Nümunə»dədir. Bu da doğru cavabdır. Bu suala orada cavab verilir. Biz burada təfsirdə deyilən mənaya uyğun bir misal vuraq. Əli azacıq palçığa bulanmış adamın əlini yuması üçün cəmi iki-üç stəkan su bəs edər. Amma qolları bulanmış adama artıq yarım vedrə su lazımdır. Bədən bütövlükdə palçığa bulaşıbsa, bu zaman çimmək lazım gələr. Məlum olur ki, çirklənmənin miqdarına uyğun su da tələb olunur. Günah da bu qəbildəndir. Yəni günah da o palçığa bulanmağa bənzəyir. Hər namaz da özünə uyğun günahı yox edir. Əgər sən səthi namaz qılırsansa, yəni namazın zahirini, skeletini əmələ gətirirsənsə, etdiyin səthi günahlardan səni çəkindirər. Yox əgər, sən kimin qarşısında dayanaraq nə etdiyini hiss edirsənsə və Allahın əzəmətini duyaraq və bu səviyyədə namaz qılırsansa bu artıq bir vedrə su deməkdir və bu su çoxlu çirkləri yuyub təmizləməyə qadirdir. Namazın dərəcələri olduğu kimi, günahın da dərəcələri vardır. Hər səviyyədə olan namaz öz səviyyəsində olan günahlardan çəkindirər.
Peyğəmbər (s) buyurur: «Mənim ümmətimdən iki nəfər namaza durar və ikisinin də səcdəsi, rukusu eyni olar, lakin onların namazlarının arasındakı fərq göylə-yerin arasındakı məsafə qədərdir.»
İkisi də namaz qılır. Lakin biri adət edib qılır, digəri isə düşünərək qılır. Biri bütün yaddan çıxanları namaz qılarkən yadına salır, digəri isə namazda hər şeyi yaddan çıxarır. Bu da düzgün cavabdır. Yəni namaz qılıb pis işlərlə məşğul olan adam nə dərəcədə namaz qılırsa, o dərəcədə də günahdan çəkinir. Əgər bu adam namaz qılmasaydı, görün nələr edərdi? Bataqlıqdan çıxıb bir stəkan su ilə özünü təmizləmək olmaz. Amma o su təkcə bir barmağı təmizləyər. Ona görə də namaz qılıb, layiq olmayan işlər görən adamlara rast gəlirik. Bütün bunlarla yanaşı heç kəsə namaz qılmağı, oruc tutmağı irad etmək olmaz. Çünki hər hansı səviyyədə qılınan namaz o səviyyədə də pislikdən, günahdan çəkindirir. Namaz heç qılınmazsa daha fəsad olar, daha da çirkaba yuvarlandırar. Hər səviyyədə olursa-olsun, yenə də pis əməllərdən çəkindirir, təmizləyir və heç olmazsa bəzi səthi işlərə riayət etməyə vadar edir.
Həqiqətən, insan namaz qılmazsa bir sıra günahlar onu özünə cəlb etmək imkanı tapar. Namaz mühüm bir sipərdir, qalxandır. Namaz qılan insan halal harama, təmizliyə, paklığa daha çox diqqətli olur, bəzi şeylərdən çəkinir, utanır. Əlbəttə namaz qılan dərhal mömin olmaz. Namazın zahirini qılan olur namazqılan adam, batininə fikir verən adam isə olur mömin. Görürük ki, ayənin axırmda Allah buyurur ki, nə edirsinizsə məni aldada bilməzsiniz. Nə edirsinizsə Allah bilir. Allah bizim niyyətimizi təmizləmək istəyir. Deyir ki, namaz qılırsan Allaha xatir qıl, çünki Allah bilir ki, siz nə edirsiniz. Əməllərini buna əsasən düzəlt.
|