Cüme, 29.03.2024, 09:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    Azad düşüncelik ve mütereqqilik
      Şəhid Ayətullah Mütəhhəri 1298-ci hicri şəmsi ilinin 13 bəhmən tarixində müqəddəs Məşhəd şəhərinin 75 kilometrliyində yerləşən Fəriman məntəqəsində köklü bir ruhani ailəsində dünyaya göz açdı. O 12 yaşında Məşhəd şəhərinə getdi və elmi hövzədə İslami elmlərin müqəddimə dərslərini oxumağa başladı. Murtuza Mutəhhəri 1316-ci ildə Rza xanın ruhaniyyətə qarşı kəskin mübarizəsinə və dost-tanışların narazılıqlarına rəğmən rəğmən dini təhsilini təkmilləşdirmək üçün Qum elmi hövzəsinə yollandı. O Qumda 15 il qalaraq Mirzə Mehdi Şəhidi Rəzəvi, Seyid Məhəmməd Təqi Xansari, Seyid Məhəmməd Höccət, Seyid Sədrəddin Sədr, Seyid Məhəmməd Damad, Hacıağa Hüseyn Burucerdi kimi ustadların məhzərində təhsil almışdır. Ustad Mütəhhəri fiqh və üsul dərslərini mərhum Ayətullahül-üzma Burucerdidən, Molla Sədra fəlsəfəsini, ürfan və əxlaqı İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynidən, Əbu Əli Sina fəlsəfəsini mərhum Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbaidən öyrənmişdir. Güclü istedada. Geniş və dərin dərrakəyə malik olması onu Qum elmi hövzəsinin ən məşhur alimlərindən birinə çevirdi və müəllimlərinin xüsusi ehtiramını qazandı. Ayətullah Mütəhhəri problemləri tanıyan, zəmanənin fikri ehtiyaclarına agah olan bir alim idi. O Qumda olduğu vaxt elmi fəaliyyətdən əlavə siyasi işlərdə də yaxından iştirak edirdi. Belə ki. o İslam Fədailəri qrupu ilə yaxın münasibətdə idi.
    O hövzənin ən məşhur və parlaq gələcəyə malik müəllimlərindən biri hesab olunduğu halda 1331-ci ildə Tehrana mühacirət etdi. 1334-cü ildə Tələbələrin İslam Cəmiyyətinin ilk təfsir dərsləri Ustad Mütəhhəri tərəfindən təşkil olundu və elə həmin ildən də Tehran Universitetinin İlahiyyat və İslam maarifi İnstitutunda tədrisə başladı. Ümumiyyətlə Ustad Mütəhhəri dini sapmalar və çaşqınlıqlarla qətiyyətlə mübarizə aparmış, bu sahədə elmi dairəyə, xüsusilə ziyalılara qiymətli əsərlər töhfə etmişdir.
    Ustad Mütəhhərinin ən mühüm xidmətlərindən biri bərəkətli həyatı boyu dərsləri, mühazirələri, çıxışları, yazdığı məqalələr və kitabları vasitəsilə əsl İslam ideologiyasını bəyan etməsidir. Bu proses xüsusilə 1351-1357-ci illərdə solçu qrupların təbliğatının şiddətlənməsi, sol yönümlü müsəlmanların və "iltiqat" fenomeninin yaranması səbəbindən özünün kulminasiya nöqtəsinə çatmışdı.
    Nəhayət İslamın həqiqi əsaslarının işıqsaçan çırağı və parlaq yolgöstərəni 1358-ci ilin 11 ordibeheşt tarixində gecənin qaranlığında təfəkkür-siyasət dərslərinin birindən qayıtdıqda cahil və cinayətkar "Fürqan" qrupu tərəfindən terrora tuş gəldi və elm dairəsini böyük bir matəmə qərq etdi.
    Bu məqalədə elmsevərlərə Ustad Mütəhhəri təfəkkürünün əsas mehvərləri, həmçinin əsərləri haqqında qısaca məlumat vermək istəyirik. Qeyd olunacaq mehvərlərin hər birinin müfəssəl izahı sonrakı məqalələrə həvalə olunur.
    Ustad Mütəhhəri dini təfəkkür sahəsində əvəzolunmaz müəllim olmaqdan əlavə, qərb fəlsəfəsi, sosiologiya və tarix kimi sahələrdə də güclü və mahir təhlilçi idi. Şəhid Mütəhhəri dini təlimləri dövrün dili və vasitələri ilə bəyan, digər tərəfdən mövcud ictimai, siyasi və mədəni problem və ehtiyacların dini prinsiplər əsasında cavablandıran yeganə ruhani şəxs idi. Başqa sözlə Ustad Mütəhhəri həm universitet təhsil sisteminə, həm də hövzə və dini təhsil sisteminə yaxşı bələd idi. Bu səbəbdən də ziyalı təbəqəsi üçün çox dəyərli müvəffəqiyyətlər əldə etmişdir. Digər tərəfdən o ruhani bir şəxs olduğu üçün müxtəlif məclislərdə sıravi insanlarla ünsiyyətdə olurdu. Ustad Mütəhhərinin bütün təbəqəli insanlarla hərtərəfli ünsiyyətdə olması cəmiyyətin problem və ehtiyaclarını daha dəqiq öyrənməsinə yardımçı olmuşdur. O Allahın xüsusi inayəti sayəsində cəmiyyətin mövcud ehtiyacları haqqında dəyərli əsərlər yaradaraq insanlara ərməğan etmişdir. Ustad Şəhid Mütəhhərini zəmanəsinin digər mütəffəkirlərindən fərqləndirən ən bariz xüsusiyyətlərindən biri də budur ki, o bütün sahələrdə, o cümlədən iqtisadiyyat, siyasət, mədəniyyət, fəlsəfə, tarix, idarəetmə, əxlaq, hüquq və sosiologiya sahələrində öz baxışlarını müqəddəs İslam dini və şəri hökmlər çərçivəsində cəmiyyətin zəmanəsinin dili və ədəbiyytatı ilə insanlara çatdıra bilmişdir. O cəmiyyətə bütün bu sadaladığımız sahələrdə kitab, məqalə və çıxışlar formasında qiymətli əsərlər təqdim etmişdir.
    Ustad Mütəhhəri təfəkkürünün əsas mehvərləri
    Həqiqi və xalis İslamı tanıması və tanıtması
    Şəhid Mütəhhəri təkallahlıq nurunu onu dinləyənlərin və yazılarını oxuyanların canlarına üfürən parlaq nur idi. O çaşqınlıq pasını örəklərdən təmizləyən idi. O İslam maarifinin, əqli və nəqli elmlərin təcəssümü, İslam dünyasının əzəmətli islahçısı, İranın və İslam dünyasının əvəzolunmaz mütəfəkkürlərindən biri idi. O haqq olaraq İslam təfəkkür binasının ən böyük memarlarından biri sayılır. Şübhəsiz bu İslam ideoloqunun yaratdığı əsərlər İslam dünyası üçün həyati əhəmiyyətli əsərlərdir. İslamın həqiqi prinsiplərinə diqqət Ustad Mütəhhərinin dəyərli əsərlərində əşkar şəkildə görünür. Ustad Mütəhhərinin "İslam və onun tələbləri" (2 cild), "İslam elmləri ilə tanışlıq" (3 cild), "Quranla tanışlıq" (8 cild), "Bəşər həyatında qeybdən gələn köməklər", "Quranda insan", "Kamil insan", "İnsan və iman", "Tövhid", "İmam Hüsyn qəhrəanlığı" (3 cild), "Əbədi həyat və axirət həyatı", "Ümmi peyğəmbər", "Peyğəmbərin həyatına bir baxış", "İlahi ədalət", "Məad", "Fitrət", "Mənəvi söhbətlər", "Peyğəmbərlik (Nübuvvət)", "Vəhy və peyğəmbərlik", "Cihad və tövhid ideologiyası" kimi əsərləri onun İslamı dərindən bilməsinin və insanlara tanıtmasının göstəricisidir. Göründüyü kimi ustadın əsərlərinə hakim olan bu ruh onun İslam sütunlarının insanlara tanıtdırmaqda olan xüsusi eşqindən xəbər verir. Qeyd olunmalıdır ki, hal-hazırda Ustad Mütəhhərinin çoxlu əsərləri elm və təhsil mərkəzlərinin və dini hövzələrin tədqiqat mənbələrindən hesab olunur.
    Fəlsəfi və ictimai baxışları
    Şəhid Murtuza Mütəhhəri nəzər sahibi olan bir filosof, fiqhi və ürfanı yaxşı bilən bir alim idi. O məşhur İslam filosofları arasında yeganə şəxsdir ki, onun fəlsəfi baxışları ictimai, siyasi və hətta həyat məsələlərinə sirayət edir və bu onun özünəməxsus fəlsəfi məktəbə malik olmasını göstərir. Ustad Mütəhhəri tarix və İslam fəlsəfəsi üzrə kamil bir mütəxəssis olmaqla bərabər qərb və şərq fəlsəfi məktəblərini də yaxşı tanıyırdı. O qərb və şərq fəlsəfi cərəyanlarından təsirlənən ictimai quruluşları diqqətlə araşdırır, Quranın və İslam fəlsəfəsinin nurani təlimlərindən ilham alaraq onların naqisliklərini və problemlərini müasir dildə bəyan edirdi. Ustadın "Marksizmə bir tənqid", "Fəlsəfə və realizm metodunun əsasları" (5 cild), "Tarixin fəlsəfəsi" (2 cild), "Əxlaqın fəlsəfəsi", "İslam fəlsəfəsində hərəkət və zaman", "Xatəmiyyət", "Nübuvvətin sonu", "Mənəvi söhbətlər", "Riba", "Hicab", "İslamda qadın hüququ", "Son yüz ilin İslam cərəyanları", "Cinsi əxlaq", "İslamda təlim və tərbiyə", "İnsanın ictimai təkamülü", "Cam aynası", "Doğrudanışanların dastanı" (2 cild) kimi əsərləri onun ictimai problemlərin mahiyyətinin və onların necə formalaşdığının araşdırılmasına olan diqqətindən irəli gəlirdi. Ustad Mütəhhəri özünün elmi fəaliyyəti ilə insanları bu problemlərdən agah etmək və cəmiyyəti təkamülə çatdırmaq üçün çalışırdı.
    Təfəkkür cərəyanlarını tama doğru-düzgün tanıması
    1332-1357-ci illər İranın müasir tarixində mühüm bir dövr idi. 28 mordad çevrilişindən sonra materialist təfəkkürünün məğlubiyyətini ardınca İslamın yenidən dirçəlişi dövrü başlanır. Ümumiyyətlə bu dövrdə İslam bayrağı altında dörd mühüm təfəkkür cərəyanı fəaliyyət göstərirdi:
    islahatçı sağçı cərəyan
    iltiqat solçu cərəyan
    xalis İslam cərəyanı
    iltiqat solçu cərəyanlar
    Ustad Şəhid Mütəhhəri bu cərəyanların əsl həqiqətini və mahiyyətini müəyyən edir və onların hədəflərini səlis, elmi və tənqidi dil və vasitələrlə insanlara çatdırırdı. O hər bir mövzunu və mövcud şübhələri aydın nümunələrlə xalqa bəyan edirdi. Bu dövrdə elə cərəyanlar var idi ki, zahirən elmi bəhslərlə təcrübə elmlərini Quran və hədislərə tətbiq etməklə dinin ictimai məna kəsb etdiyini sübut etməyə çalışır və öz baxışlarını qətiyyətlə müdafiə edirdilər. Ustad Mütəhhəri İranın belə bir ictimai və mədəni vəziyyəti dövründə meydana atılaraq bir tərəfdən qərbin mədəni hücumları, digər tərəfdə isə "iltiqati" və "mütəhəccir" təfəkkürləri qarşısında üzərinə düşən tarixi və həssas vəzifəni layiqli şəkildə yerinə yetirdi. O özü filosof olduğuna görə yanlış təfəkkürlərlə tam elmi və tənqidi metodlarla mübarizə edirdi.
    İltiqat və təhəccür ilə ciddi və amansız mübarizə
    Ustad Mütəhhərinin mübarizə etdiyi cərəyanlardan biri də çox çətin və qəliz "mütəhəccir" cərəyanı idi. Bu mübarizədə döyüşmək və qələbəyə nail olmaq üçün incəlik və zəriflik tələb olunurdu. Bu cərəyan insanların İslama gəlişi dövründən inkişaf etdiyinə görə onunla mübarizə aparmaq çətin, zərif və qəliz bir iş olmuşdur. Ustad Mütəhhəri deyirdi ki, əgər İslam dini yalnız dua və ibadətlərdən ibarətdirsə onda onun ictimai və siyasi ruhu olmayacaq və beləliklə İslam dinini kamil və hərtərəfli bir din kimi insanlara təqdim etmək olmaz. Elə bu səbəbdəndir ki, Ustad Mütəhhəri elmi hövzələrdə islahatların aparılmasına ehtiyac olduğunu bildirən ilk şəxslərdən biri idi. O özünün həyatı boyu dinin dirildilməsi, dini mərifət problemlərinin öyrənilməsi, bidətlərin və təhriflərin həqiqi dindən ayrılması yolunda çoxlu səy göstərdi. Onun "Materializmə yönəlmənin səbəbləri", "Hikmətli sözlər və nəsihətlər məcmuəsi", "Ustad Mütəhhəri və ziyalılar" kimi əsərləri bu mövzudadır.
    "Dini hökumət" məsələsində münasib meyarın təqdim edilməsi
    Ustad Mütəhhəri dini hökumətin münasib meyarının və onun təbliğində İslam cəmiyyətinə misilsiz xidmətlər etmişdir. O məharətlə və düzgün şəkildə hövzə və universitet dərslərində, konfranslarda, elmi bəhslərdə dini hökumətin əsaslarını insanlara bəyan edə bilmişdir. Onun əqidəsinə görə İslam cümhuriyyəti hökuməti iki kəlmənin, cümhuriyyət və İslam kəlmələrində təşkil olunmuşdur. Cümhuriyyət kəlməsi hökumətin formasını və strukturunu, İslam kəlməsi isə bu hökumətə hakim olan ruhu təyin edir. Dini hökumətin strukturu cümhuriyyətdir, yəni burada seçim hüququ qadın və ya kişi, ağ və ya qara, hansı əqidə sahibi olmasından asılı olmayaraq bütün insanlara məxsusdur. Burada şərt yalnız müəyyən yaş həddinə çatmaq və əqli inkişafdan ibarətdir və başqa heç bir şey. Lakin İslam kəlməsi qeyd etdiyiniz kimi bu hakimiyyətin məzmununu ehtiva edir, yəni təklif edir ki, bu hökumət İslam prinsipləri və qaydaları ilə idarə olunmalı və bundan kənara çıxmamalıdır. İslam hərtərəfli və kamil bir dindir, həm özündə məktəb və ideologiyaya malikdir və həm insan həyatının bütün mərhələləri üçün kamil bir proqrama malikdir.
    Ustad Mütəhhərinin "Vəlilər və vilayətlər", "İslamın iqtisadi strukturuna bir baxış", "İslam inqilabı ətrafında" (2 cild), "Nəhcül-bəlağəyə bir baxış", "İmamət və rəhbərlik", "Əlinin cazibə və dafiəsi", "İslamla İranın qarşılıqlı xidmətləri", "Haqq və batil" kimi əsərləri mövzunun onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.
    Şübhələrə cavab və zəmanənin ehtiyacları fonunda yölgöstərmə
    Ustad Mütəhhəri öz dövrünü həqiqi alimlərindən idi. O ətrafda baş verən hadisələri öyrənməklə özünün elmi vəzifəsini yerinə yetirmişdir. Mütəhhəri dinə və dini hökumətə tutulan iradları dəqiq şəkildə öyrənir və onları cavablandırmaq üçün mövcud metod və vasitələrdən istifadə edirdi. Hər bir dövrün elmi ehtiyaclarını tanımaq alimlərin vəzifələrindən biridir ki, həqiqətən də Ustad Mütəhhəri bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bilmişdir. "Hüseyn qəhrəmanlığı", "İslamda qadın" və "İlahi ədalət" kimi kitablar Ustad Mütəhhərinin bu zəmində yaratdığı əsərlərindəndir.
    Məcid Kamran
    Mədəniyyət işləri üzrə ekspert
    Категория: İslam alimleri | Добавил: media-islam (09.03.2008) | Автор: ilkin E W
    Просмотров: 2359 | Рейтинг: 1.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər