Bağışlayan və mehriban Allahın adı ilə
Fatiməni incitmək Quran və sünnətə zid çıxmaqdır!
“Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbə gətirib” Səhih Buxari, kitab fəzailu əshabin nəbiy, bab mənaqibu Fatimə, hədis 3767, Rəsulullah (s).
“Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incidib” Səhih Muslim, kitab fəzailul səhabə bab 15, hədis 6308, səh 1108, Rəsulullah (s).
Hakim Nişaburi “əl Mustədrək ələl səhihəyn”, kitab mərifətu səhabə, zikru mənaqibi Fatimə, hədis 4730, 3/167. Rəsulullah (s) Fatiməyə buyurdu: “Allah sənin qəzəbinə görə qəzəblənər və sənin razılığınla razı olar”.
Əhli sünnətin sair mötəbər saydıqları kitablarda bu mənada çoxlu hədislər nəql olunub. Amma digər tərəfdən Buxari və Muslimdə bu hədis də nəql olunub: “Rəsulullahın qızı Fatimə Əbu Bəkr və Ömərə qəzəbləndi. Onlardan üz döndərib ömrünün axırına qədər onları bağışlamadı. Fatimə Rəsulullahdan sonra altı ay yaşadı. Fatimə vəfat edəndə əri Əli ibn Əbu Talib xəlifə Əbu Bəkrə xəbər vermədi və onun cənazəsinə namaz qılıb gecə dəfn etdi”(Səhih Buxari kitabul xums, bab 837, hədis 1256, 4/504, Səhih Muslim, kitabul cihadi vəl seyr, bab 16, hədis 4580, səh 989)
“Allahı və Onun Peyğəmbərini incidənləri Allah dünyada və axirətdə lənətləmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!”(Əhzab, ayə 57).
İslam tarixini oxuyub baş vermiş faciələrdən xəbərdar olan insan bu ayənin hökmünü necə izah edəcək? Əhli sünnətin tanınmış alimlərindən olan Mənavi Süheylidən (vəfat 581 hicri) bu rəvayəti dəlil gətirməklə deyib: “Hər kəs Fatiməyə zülm və hörmətsizlik etsə kafirdir. Çünki bu iş Fatiməni qəzəbə gətirər. Fatimə şeyxlərdən əfzəl olub”(Feyzul qədir, “Fa” hərfi, hədis 5833, 4/544).
İbn Həcər Əsqəlani Süheylinin sözlərini “izah” etməyə çalışaraq deyib: “Həzrət Zəhra ona söyüş söyüb, lənət edənlərə qəzəblənər. Fatimənin qəzəbi Rəsulullahın (s) qəzəbidir. Rəsulullahı qəzəbləndirən də kafirdir”(Fəthul Bari, kitab fəzailussəhabə, bab mənaqib Fatimə, hədis 3767, 7/105).
Mənavi “Feyzul Qədir” “mim” hərfi hədis 8267, 6/24. “Rəsulullah (s) buyurub: Fatimə mənim canımın bir parçasıdır. Hər kəs onu incitsə elə bil məni incidib, hər kəs məni incitsə elə bil Allahı incidib”Əbu Nəim İsfəhani və Deyləmi bu hədisi nəql etdəndən sonra bunu da əlavə ediblər: “....ona Allahın lənəti olsun”(Covhəri “əl Səqifə və Fədək”, ikinci qism Fədək-102, Şərhu nəhcil bəlağə 45-ci xütbənin şərhi 16/215, Təbəri “Dəlailul imamət”, hədisu Fədək, səh 123)
İndi isə yuxarıda nəql etdiyimiz hədisləri və xəlifə Əbu Bəkrin məsciddə Fatimənin söylədiyi xütbədən sonra ona qarşı göstərdiyi hörmətsizliyə və cəsarətə diqqətinizi yönəltmək istəyirəm. Bütün bunları mutaliə edəndən sonra insafla hökm etməyi sizin öhdənizə buraxırıq. Hər kəs insaf əhli olsa Allah da onu haqqa tərəf hidayət edər. İbn Əbil Hədid “Nəhcul bəlağə”-nin şərhində yazıb: Xəlifə Əbu Bəkr Fatimənin xütbəsini eşidəndən sonra canına vahimə düşdü. Məbada müsəlmanlar Fatimənin sözlərindən vəcdə gəlib onu sorğu suala çəkəcəklər. Nəticədə ara qarışıb onun əleyhinə qiyam baş verər. Əbu Bəkr fürsəti əldən verməmək üçün mənbərə qalxıb dedi: “Camaat! Bu nə işdir ki, hər sözə qulaq asırsınız? Fatimənin bu arzuları və istəklər Peyğəmbərin zamanında harda idi. Hər kəs bunları eşidibsə gəlsin şəhadət versin. Bu iddiaları irəli sürən qadın (yəni Fatimə) bir dişi tülküdür ki, quyruğu (yəni Əli) onun şahididir.(Əslində bu misalla Əbu Bəkr ərəb ədəbiyyatında nəql olunmuş təmsil vasitəsilə Fatiməni xəcil etmək istəyirdi. Təmsil bu cür nəql olunub: Tülkü istəyirdi bir oyun oynayıb canavarı şirin əli ilə məhv etdsin. Ona görə də bir gün şirə dedi ki, mən istəyirdim sənə bir qoyun hədiyə gətirim, amma bu canavar zorla məndən aldı.Şir dedi: Sənin sözlərini təsdiq edə biləcək şahidin varmı? Tülkü bəli deyib qana bulanmış quyruğunu göstərdi. Şir tülkünün quyruğunu şahid kimi qəbul edib qoyunun əldən çıxdığına qəzəbləndi və canavarı parça parça etdi.) Hər cür fitnənin yaradıcısıdır. Fitnə yatandan sonra təzədən onu alovlandırdı. Bu yolda qadınlardan istifadə edir. O fitnə yaratmaqda Ummu Təhal kimidir.(Ummu Təhal cahiliyyət dövründə məşhur olan fahişə bir qadın idi. Ona görə də hər kəsi ləkələyib yerə vurmaq üçün deyirdilər: “Ummu Təhaldan da pisdir”) Camaat agah olun! Əgər istəsəm içimdə gizlətdiklərimi dilə gətirəcəyəm və çox şeyi açıb ağardacağam. Əgər mənimlə işləri olmasa sakit qalacağam. Ey “ənsar” bilin və agah olun ki, sizdən olan bir dəstə ağılsızın sözləri mənim qulağıma çatıb. Siz Pəsulullahın zamanında ən yaxşı insanlar idiniz. Çünki Peyğəmbər (s) ən çətin zamanda sizin yanınıza gəldi və siz onu şad halda ağuşunuza aldınız. Çətin bir zamanda şəhərinizdə ona yer verib ona kömək olmağa himmət etdiniz. İndi ağlınızı başınıza toplayın ki, mən əlimi və dilimi lənətə və məzəmmətə layiq olmayanların üstünə qaldırmaram!Əbu Bəkr xütbəsini hədə qorxu və təhqirlərlə başa vurub Peyğəmbərin mənbərindən aşağı düşdü” (Covhəri “əl Səqifə” ikinci qism,fədək 102, Şərhu nəhcil bəlağə, 45-ci xütbə, 16/215, Dəlailul imamət Təbəri, səh. 123 hədis Fədək).
Allah-təalanın bütün eyiblərdən təmizləyib paklığına şəhadət verdiyi Peyğəmbər Əhli-beytinin kökü və yeganə qızı Fatiməyə və əmisi oğlu Əliyə bu iyrənc nisbətləri verməklə özünü xilafət kürsüsündə yektaz görən Əbu Bəkr həya etmədimi? Biz bir dünya hüznlə qiyamətin gününün hesab meydanını gözləyirik. Görək bu sözlərin sahibinin Allah-təala bəndələrindən hesab çəkdiyi zaman onun sorğulara cavabı necə olacaq?
Sual: Rəsulullahın risalətinin əcri bu idimi?
“Bu Allahın iman gətirib saleh əməllər edən bəndələrinə verdiyi müjdədir. Peyğəmbər! Onlara de! Mən sizdən risaləti yerinə yetirdiyimin müqabilində heç bir əcr istəmirəm. Yalnız əqrəbalarıma məhəbbət göstərməyinizi istəyirəm. Hər kəs bir yaxşı iş görsə, Biz onun işinin yaxşılığına əlavə edərik!” Həqiqətən, Allah bağışlayandır və bəndələrinin şükrünü qəbul edəndir” (Şura, ayə 23)
Rəsulullahın (s) Fatimənin (s.ə) haqqında etdiyi tövsiyə və sifarişlərin nəticəsi bu idi ki, ömrünün 18-ci baharında dünyaya əlvida desin?
İbn Əbil Hədid Əbu Bəkrin hədələrini nəql edəndən sonra yazır: Mən xəlifənin ihanətli sözlərini Əbu Yəhya Bəsriyə oxuyandan sonra soruşdum: Əbu Bəkr bu kinayələri və ihanətləri kimə ünvanlamışdı?
Əbu Yəhya dedi: Onun sözlərində kinayə və sifariş yox idi əslində o sözlərini bir başa ünvanlamışdı.
Dedim: Əgər kinayə olmasaydı onda sizdən soruşmazdım.
Əbu Yəhya gülüb dedi: Əbu Bəkrin hədəfi Əliyə ihanət idi.
Dedim: Doğrudan da bütün bu ihanət və kinayələri Əlinin ünvanına söyləyirdi?
Əbu Yəhya dedi: Bəli oğlum, söhbət rəyasət və qüdrətdən gedir, bu iş zarafat deyil.
Dedim: Bəs ənsar ona nə cavab verdi? Ədalət və istibdad arasında hansı tərəfə üstünlük verdilər?
Əbu Yəhya dedi: Onlar Əlinin haq çağırışına səs verib ədalətli mövqeyini alqışladılar. Əbu Bəkr vəziyyətin nəzarətdən çıxzmasından qorxub onları yerində oturdub, qiyam etməkdən çəkindirdi.
Şeyx Cəmaluddin “əl-Durrul nəzim” kitabında yazıb: Əbu Bəkrin Peyğəmbər məscidində Fatiməyə qarşı söylədiyi təhqiramiz sözləri möminlərin anası Ummu Sələməyə yetişəndə dəhşətə gəldi. Ummu Sələmə dedi: “Əbu Bəkr Rəsulullahın (s) qızı Fatimə haqqında bu təhqirləri deməyə cürət edib? And olsun Allaha Fatimə insanların arasında huriyədir. Təqva əhli arasında, mələklərin əlləri üstündə, pak xanımların qucaqlarında böyüyüb ən ali tərbiyə və dəyərlərə nail oluib. Doğrudanmı siz güman edirsiniz Allahın Rəsulu onu xəbərdar etmədən irsdən məhrum edib? Allah-təala Qurani-kərimdə buyurub: “Və yaxın qohumlarını qorxut!” (Şuəra, ayə 214) Siz güman edirsiniz Rəsulullah (s) bunu qızından gizli saxlayıb? Ya güman edirsiniz Rəsulullah qizına deyib, amma O, atasının vəsiyyətinə məhəl qoymaq istəmir?Məgər bilmirsiniz Fatimə dünya və axirət xanımlarının ən şərafətlisi, cənnət cavanlarının ağaları Həsən və Hüseynin anası, Məryəmin həmtayıdır? Allah-təala Onun atasının besəti ilə risalət misiyasını kamilləşdirib. And olsun Allaha Rəsulullah onu istidən və soyuqdan qoruyub, bir əlini onun başı altında qoyub digər əlini onun başı üstində kölgə kimi saxlayırdı. Agah olun Rəsulullah sizin bütün əməllərinizə nəzarət edir! Vay olsun sizə, tezliklə, tezliklə onun hüzuruna qayıdacaqsınız. Onda əməllərinizin cəzasını görərsiniz!”
Cəmaluddin Şami Ummu Sələmənin atəşin məzəmmətlərini nəql edəndən sonra yazır: Ummu Sələmənin şücaətlə zalımların istibdadına etiraz edıb məzəmmət etməsi onu bir il beytul-maldan məvacib almaqdan məhrum etdi.
Bakı şəhəri: İbadov Elman, 055-752-27-40, email: hajielman2004@mail.ru
Media-islam.Com
Другие материалы по теме
|