Aşağıda deyilənlər Peyğəmbərin (s) Əli-ibn-Əbu-Talibi özündən sonra xəlifə tə'yin etməsinə dair olan dəlillərdir. Bu əvvəldə sübuta yetirilmiş qəti dəlillərə əlavədir. Məxsusəndə "Səqəleyn" hədisi. Əlinin (ə) xilafətə tə'yin olunması barədə rəvayət olunan ən məşhur hədis, hicrətin on birinci ilin də vida həccindən sonra edilən "Qədir" xütbəsidir. Tirmizi Zeyd-ibn-Ərqəmdən rəvayət olunan sənədli bir hədisdə deyir: "Peyğəmbər (s) vida həccini bitirdikdən sonra bütün insanlara e'lan edərək dedi: - Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır." { Səhihi-Tirmizi. Cild 6. Səh 298 }
İbn Macə "Səhih" kitabında bu müfəssəl hədisin bir qismini öz sənədilə Bəra-ibn-Azibdən rəvayət edərək deyir: Peyğəmbərlə (s) həccdə idik, yolun yarısında o, miniyindən yerə endi və camaat namazı qılmaqa əmr etdi. Sonra Əlinin (ə) əlindən tutaraq dedi: "Məgər mən mö'minlərə canlarından daha üstün deyiləmmi?" Dedilər: "Bəli". Dedi: - Hər kimin mövlası mənəm, bu da onun mövlasıdır. Ey mənim Allahım! Hər kim onunla dost olsa, səndə onunla dost ol. Ey mənim Allahım! Hər kim onunla düşmən olsa, səndə onunla düşmən ol". { İbn-Macə. "Sünən” kitabı. Cild 1. Səh 43. "Fəzlu Əli-ibn-Əbu-Talib babı. "Dar ihyaut-turasul-ərəbiy" mətbəəsi" }
Həmçinin Əhməd-ibn-Hənbəl "Müsnəd" kitabında öz sənədilə Bərra-ibn-Azibdən rəvayət edərək deyir: - Peyğəmbərlə (s) səfərdə idik. "Qədir-Xum" adlı məntəqədə miniklərdən yerə endik. Bizi camaat namazına səslədilər. Peyğəmbər (s) üçün iki ağacın altında yer düzəldildi. Zöhr namazını qıldıqdan sonra Əlinin (ə) əlindən tutaraq dedi: 'Məgər bildmirsiniz ki, mən mö'minlərə öz canlarından daha üstünəm?" Dedilər: "Bəli". Dedi: "Məgər bilmirsiniz ki, mən hər bir mö'minə öz canımdan daha üstünəm!. "Dedilər: "Bəli". Dedi: Bu zaman Əlinin (ə) əlindən tutaraq dedi: - Hər kimin mövlası mənəm Əli onun mövlasıdır. Ey mənim Allahım! Hər kim onunla dost olsa, Sən də onunla dost ol. Ey mənim Allahım! Hər kim onunla düşmən olsa, Sən də onunla düşmən ol." Dedi: "Bu zaman Ömər-ibn-Xəttab gələrək Əliyə dedi: "Mübarək olsun, ey Əbu-Talibin oğlu. İndi sən hər bir mö'min kişi və qadının ağası oldun.” { Müsnədi-Əhməd. Cild 4. Səh. 211 }
Bu hədis, hadisənin Məkkə yaxınlığında yerləşən "Qədir-Xum" adlanan yerdə baş verdiyi üçün "Qədir-hədisi" ilə məşhurdur. Bu hədis, sünnü hədis kitablarının çoxunda rəvayət olunduğu üçün bir kəs onun rəvayət olunmasında şəkk edə bilməz. Hətta bə'zi alimlər, bu hədisi yalnız sünnülərdən 80 dəfədən artıq rəvayət olunduğunu qeyd etmişlər.
Keçən hədislərdən belə aydın olur ki, Peyğəmbər (s) öz vilayətini müsəlmanlara şəhadət etdirərək onlardan soruşmuşdur: "Məgər bilmirsiniz ki, mən mö'minlərə öz canlarından daha üstünəm?... Demək yalnız (mö'minlərə öz canlarından üstün olan) şəxs mö'minlər üçün rəhbər ola bilər. Necə ki, Peyğəmbər (s) özü rəhbər idi. Peyğəmbər (s) özü ilə Əlini (ə) bu sifətlə müqayisə edərək "hər kimin mövlası mənəm Əli də onun mövlasıdır" dedikdə, artıq özündən sonra rəhbərliyi Əliyə (ə) vermişdir. Şiələr də hər il Zilhiccə ayının 18-i bu münasibətlə bayram edirlər və bunu "Qədir" bayramı adlandırırlar.
Amma sünnülər bu hədisi başqa mə'nada tə'vil edirlər. Onların dediyinə görə "Mövla" sözü xilafətə dəlalət etmir. Hətta onlar "mövla" sözünü "ümumi rəhbərlik" yox, "sevimli" və ya "dost" mə'nasında təfsir edirlər. Onların rəyinə görə həmin hədisin mə'nası budur: - Hər kimin dostu mənəm Əli də onun dostudur!!
Həqiqətəndə "Mövla" sözünün ərəb dilində bir neçə mə'nası vardır. Deyilənlərə görə bu sözün on yeddi mə'nası var. Eyni zamanda bu söz "azad olunmuş qul" və ya "xadim" mə'nasında da işlədilir. Əvvəldə deyilən müqayisələrə əlavə olaraq deyə bilərik ki, hədisdə işlədilən "Mövla" sözü rəhbərlik mə'nasına dəlalət edir. Həmin müqayisələrə misal olaraq deyə bilərik:
1. «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq». { 5.Maidə surəsi, 67 }
Bir çox təfsir kitablarında deyildiyi kimi bu ayə "Qədir" xütbəsindən əvvəl nazil olmuşdur. Bu ayə öz mə'nası ilə, Allah-təala tərəfindən olan bir əmrin təbliğ olunmasına dəlalət edir. Ayənin kəskin dialekt və axarından belə mə'lum olur ki, bu əmr böyük əhəmiyyətə malikdir və yalnız "dostluq" və "tərəfdarlıq" mə'nasına dəlalət etmir.
2. «Bu gün dininizi tamamlayıb, mükəmməl etdim, sizə olan ne'mətimi tamamladım və bir din kimi sizin üçün islamı bəyənib seçdim». { 5.Maidə surəsi, 3 }
Bir çox təfsirçilər bu ayənin "Qədir" hadisəsindən sonra nazil olduğunu söyləmişlər. Bu ayə Muhəmmədin (s) risalət təbliğinin tamamlanmasına dəlalət edir ki, o da Əli (ə) və ümumilikdə Əhli-Beytin (ə) vilayətini təbliğ etmədən tamamlanmaz. Ağla sığılmaz bir sözdür ki, təbliğin tamamlanması, Peyğəmbərin (s) Əliyə (ə) olan dostluq və məhəbbətini təbliğ etməklə həyata keçsin.
3. Peyğəmbər (s) "Qədir" xütbəsini edərkən yaranmış vəziyyət. O Həzrət (s) yandırıcı səhrada müsəlmanların bir yerə cəm olmasına əmr etdi. Deyilənlərə görə onların sayı 90 mindən artıq idi. Peyğəmbər (s) Allah və Peyğəmbərinin vilayətini müsəlmanlara iqrar etdirdikdən sonra Əlinin (ə) vilayətini qəbul etməyi onlara əmr etdi. Deməli belə mə'lum olur ki, bu iş yalnız Əliyə (ə) olan məhəbbət və dostluqla əlaqədar deyildir.
4. Keçən hədislər, məxsusən "Səqəleyn" hədisi və həmçinin qarşıda gələn hədislərin hamısı şəkk-şübhəsiz Əlinin (ə) xilafətinə dəlalət edir.
Əlinin (ə) xilafətə tə'yin olunmasına aid əlavə dəlillər:
Tirmizi "Səhih" kitabında öz sənədilə İmran-ibn-Həsindən rəvayət edərək deyir: -Peyğəmbər (s) bir ordunu muharibəyə göndərərək Əli-in-Əbu-Talibi (ə) ona başçı tə'yin etdi. O bir dəstə qoşunla gedərkən bir kənizi yaraladı. Bu zaman qoşunda olanlar ona e'tiraz etdilər. Onlardan 4 nəfər şikayət etmək üçün Peykəmbərin (s) yanına gəldilər. Bu zaman Peyğəmbər (s) qəzəbli halda dedi: "Əlidən nə istəyirsiniz?" Həqiqətəndə Əli məndən və məndə ondanam. Əli məndən sonra hər bir mö'minin vəlisidir. { Səhih-Tirmizi. Cild 2. Səh. 298 }
Allah-təala Qur'ani-Kərimdə buyurur: Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər. {5.Maidə surəsi, 55} Sünnü təfsirçilərin əksəriyyəti bu ayənin Əli (ə) barəsində nazil olduğunu söyləmişlər. Bununda səbəbi Əlinin (ə) namaz qılarkən ruku halında bir fəqirə öz üzüyünü sədəqə verməsidir.
Buxari "Səhih" kitabında Məs'əb-ibn-Sə'b, o da öz atasından rəvayət edərək deyir: - Peyğəmbər (s) Təbuk döyüşünə gedərkən Əlini öz yerində xəlifə tə'yin etdi. Əli dedi: "Məni uşaqlar və qadınlara tərk edirsən? Peyğəmbər (s) dedi: "Məgər razı deyilsənmi mənə Harunun Musaya olan mənziləsində olasan. Lakin məndən sonra peyğəmbər yoxdur". {Səhihi-Buxari. Cild 5. Səh 492. "Əhməğazi" kitabı. }
Bu hədis dəlalət edir ki, Əli (ə), - peyğəmbərlikdən başqa - Harunun (ə) Bəni-İsraildə tutduğu bütün mövqelərə malikdir. Bunu Allah-təala Qur'anda bəyan etmişdir: (ayə). Bu ayələrdən mə'lum olur ki, Harun (ə) Musanın (ə) vəziri, məxsusi müavini və ümmət üzərində olan rəhbərlikdə şərikdir. Əlinin (ə) ümmət üzərində xəlifəlik kimi yüksək mənzilətə layiq olmasını sübut edən işlərdən biri də budur ki, o, bütün səhabələrdən daha elmli idi. Buna dəlil Buxarinin Ömər-ibn-Abbasın Ömər-ibn-Xəttabdan rəvayət etdiyi sözdür ki, deyir: "Ömər dedi: "Bizim ən gözəl Qur'an oxuyanımız Übey və elmli qazimiz Əlidir". { Səhih-Buxari. Cild 6. Səh.10 "Əttəfsir babu qovlihi-nənsuxu ayətən əv nəsaha" kitabı. } Elmli qazi sözünün mə'nası qanun və hökümlərdə elmli olmaq deməkdir.
Əlinin (ə) bütün səhabələrdən elmli olmasını sübuta yetirmək üçün onun Peyğəmbərin (s) elm və hikmət şəhərinin qapısı olması kifayət edər. "Mustədrəkus-səhiheyn" kitabında İbn-Abbasdan rəvayət olunan sənədli hədisdə deyilir, Peyğəmbər (s) buyurub: "Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Hər kim elmi istəsə, gərək qapıdan gəlsin". { Müstədrəkus-Səhiheyn. Cild 3. Səh 126}
Tirmizi "Səhih" kitabında Peyğəmbərdən (s) rəvayət edərək deyir: "Mən hikmət şəhəri, Əli də onun qapısıdır". { Səhih-Tirmizi. Cild 2. Səh 299 }
"Müstədrəkus-səhiheyn" kitabında deyilir: "Peyğəmbər (s) Əliyə (ə) dedi: - Sən məndən sonra ümmətimin ixtilaflarını aydınlaşdıracaqsan". { Müstədrəkus-Səhiheyn. Cild 3. Səh 122. }
Peyğəmbər (s), Əlini (ə) sevməməyi nifaqın əlamətlərindən olduğunu bildirmişdir. Necə ki, Müslim "Səhih" kitabında öz sənədilə Əlidən (ə) rəvayət edərək deyir: "And olsun toxumu cücərdənə və havanı təmizləyənə. Peyğəmbər (s) mənimlə əhd bağlayaraq dedi: "Səni yalnız mö'min sevər və səninlə yalnız münafiq ədavətli olar".
Hətta əgər Peyğəmbər (s) özündən sonra xəlifə tə'yin etməsəydi belə, ümmət özü üçün daha elmli və rəhbərliyə layiq olan bir şəxsi seçə bilməz.
Keçən bəhslərdə bəyan etmişdik ki, Əli (ə) bütün səhabələrdən elmili idi. Hətta hər hansı dini problemlərlə üzləşdikləri halda, ona müraciət edərmişlər. Buna misal olaraq Əbu-Davudun öz sənədilə İbn Abbasdan rəvayət etdiyi hədisi qeyd edə bilərik. İbn Abbas deyir: - Ömər zina etmiş bir qadını gətizdirib bu barədə müşavirə etdikdən sonra, onun daş-qalaq olunmasına əmr etdi. Bu zaman Əli-ibn-Əbu-Talib (ə) gələrək soruşdu: "Bunun məsələsi nədir?". Dedilər: "Filankəsin qızı olan bu dəli qadın zina etmişdir. Ömər də onun daş-qalaq olunmasına əmr edib". İbn-Abbas dedi: "Əli (ə) dedi: -Onu geri qaytarın": Sonra Əli (ə) Ömərin yanına gələrək dedi: - Ey Ömər! Məgər bilmirsən ki, üç nəfərə hesab yoxdur? Sağalmamış dəli, yuxudan oyanmamış yatmış şəxs və ağlı olmayan həddi buluğa yetməmiş uşaq". - Ömər dedi: "Bəli". Əli (ə) dedi: "Bəs nə üçün daş-qalaq etdirirsən?" - Ömər dedi: - Bir şey deyir." İbn Abbas dedi: "Əli (ə) onların ikisini də tərk etdi və Ömər "Allahu-əkbər" dedi."{ Əbu-Davudun "Sünən" kitabı. "Əlməğnun yəsruqu əv yusibu həddən" babı. }
Həmçinin Buxari də bu hadisənin bir qismini "Səhih" kitabında qeyd etmişdir. {Səhih-Buxari "Əlmüharibin" kitabı. "Lə yurcəmul-məcnun vəl-məcnunə" babı. }
Buna əlavə olaraq deməliyik ki, Əli (ə) zahidlərin imamı kimi tanınaraq, özünün xariqularə qəhrəmanlıq və şücaətilə şöhrət tapmışdır. O, İslamın ən ilk fədaisi idi. Onun, Peyğəmbərlə (s) İslam müharibələrində həlledici rolu olmuşdur. Bədr döyüşündə O, öz "Zülfüqar” qılıncı ilə Qüreyşin 30 cənkavərini qətlə yetirmişdir. Ühüd və Hüneyn müharibələrində əksər əzəmətli səhabələrin Peyğəmbəri (s) qoyub qaçdıqları bir vaxtda O, fədakarcasına Peyğəmbəri (s) müdafiə etdi!! "Xəndək" müharibəsində müşriklərin ən nəhəng cəngavəri Əmr-ibn-Əldəvəid-əl-Amirinin qarşısına çıxaraq onu məhv etdi. Halbuki, başqa səhabələrdən bir kəs onun qarşısına çıxmaqa cür'ət etmirdi. Peyğəmbər (s) Əliyə (ə) meydana çıxmaq üçün izn verməzdən əvvəl, səhabələri 3 dəfə bu işə də'vət etmişdir. Bunu da deməliyik o zaman Əlinin (ə) yaşı əksər səhabələrin yaşından az idi. Həmçinin "Xeybər" müharibəsində qalanın qapısını Allah-təala onun əlilə açdı. Çünki o vaxt onun açılması müsəlmanlar üçün çətinləşdi və səhabələrin əksəriyyəti bu işdən aciz qaldılar.
Eyni zamanda o, cahiliyyət dövründə bütpərəst olmaması ilə başqa səhabələrdən seçilirdi. Həzrət (ə) öz tərbiyəsini bəşəriyyətin ilk müəllimi Muhəmməddən (s) almışdır. O Həzrət həyatı boyu bir an belə Peyğəmbərdən (s) ayrılmadı. Hətta Peyğəmbər (s) dünya ilə vidalaşarkən Əli (ə) onun yanında idi. Ömrü uzunu elm və hikməti Peyğəmbərdən (s) öyrəndi. Bu səbəbdən də onun, Peyğəmbərin (s) elm və hikmət şəhərinin qapısı və qardaşı olmasına ləyaqəti vardır.
Buxari "Səhih" kitabında öz sənədilə İbn-Ömərdən rəvayət edərək deyir: "Peyğəmbər (s) səhabələrini bir-birilə qardaş etdi. Bu zaman Əli (ə) gözləri dolmuş halda gələrək dedi: "Ey Allahın elçisi! Səhabələrini bir-birilə qardaş etdin. Amma məni bir kəslə qardaş etmədin." Peyğəmbər (s) dedi: "Sən mənim həm dünyada, həm də axirətdə olan qardaşımsan." { Səhihi-Tirmizi: c.2. səh.299. } Hətta Peyğəmbər (s) Əlini (ə) özündən hesab etmişdir. Necə ki, Buxari öz "Səhih" kitabında rəvayət edərək deyir: "Peyğəmbər (s) Əliyə (ə) dedi: "Sən məndən və mən də səndənəm." { Səhihi-Buxari. c.5. səh.43. "Fəzailus-səhabə" kitabı. }
Həmçinin O Həzrət (ə) daha çox fəzilətli sifətlərə malik olmağı ilə başqa səhabələrdən seçilirdi. Necə ki, Hakim öz "Müstədrək" kitabında Əhməd-ibn-Hənbəldən nəql edərək deyir: "Peyğəmbərin (s) səhabələri sırasında Əli-ibn Əbu-Talibdən (ə) fəzilətli səhabə yoxdur.” { Müstədrəkus-səhiheyn. c.3. səh.107. }
"Kənzül-Ümmal" kitabında zikr olunan bir hədisdə deyilir: Peyğəmbər (s.ə) dedi: "Allah mənə, Fatiməni Əli ilə evləndirməyi əmr etdi." { Kənzül-Ümmal. c.13. hədis 37753. Zəxairul-üqba. }
Peyğəmbər (s) bə'zi səhabələrin bu şərəfə nail olmaq üçün göndərdikləri elçiləri rədd etdikdən sonra, qızını Əli (ə) ilə evləndirdi. O, Peyğəmbərin (s) ciyər parəsi, dünya və cənnət qadınlarının xanımı Fatimə (ə) idi ki, Allah-təala onun qəzəbilə qəzəblənərdi. Həqiqətən də doğru deyiblər: "Əgər Əli xəlq olunmasaydı Fatiməyə tay bir şəxs olmazdı." {Əlmənavinin "Künuzul-hənaiq" kitabı bunu deyləmi rəvayət etmişdir.}
Onu da deməliyik ki, əgər xəlifəni seçmək insanlara həvalə olunsaydı, Əli (ə) səhabələrdən daha çox fərqli olduğu üçün xilafətə daha layiq olardı.
|