Bazar, 22.12.2024, 05:50
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    İmam Mehdi (a) baresinde tehqiqat

    İMAM MƏHDİ (Ə)

    BARƏSİNDƏ TƏHQİQAT

    Müəllif: Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədr

    Mehrİban və bağışlayan Allahın adı İlə

    İŞARƏLƏR VƏ KİNAYƏLƏR

    Allah-təala buyurur:

    وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

    «Peyğəmbər heç vaxt nəfsani istəklər üzündən danışmır. Onun sözləri ilahi vəhydən başqa bir şey deyildir.»[1]

    مَّا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاء مِنكُمْ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

    «Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin; və qadağan etdiyi bütün şeylərdən uzaq olun.»[2]

    Peyğəmbər (s) buyurmuşdur:

    «Mən sizin aranızda iki ağır əmanət (səqəleyn) qoyub gedirəm. Onlara arxalanıb diqqət mərkəzində saxlasanız, heç vaxt yolunuzu azmayıb zəlalətə düşməyəcəksiniz. Bu iki şey «Kövsər» hovuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır. Bu iki şey Allahın kitabı və mənim Əhli-beytim, itrətimdir.»[3]

    «Mənim canişinim və vəsilərim – məndən sonra Allahın insanlara olan höccəti – 12 nəfərdən ibarətdir ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur.»

    Sual olundu: – Ya Rəsuləllah, qardaşın kimdir?

    Buyurdu: – Əli İbni Əbi Talib.

    Soruşdular: – Oğlun kimdir?

    Buyurdu: – Məhdi. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Məni haqq olaraq peyğəmbərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən hətta bir gün də qalmış olsa belə, Allah o günü o qədər uzun edəcəkdir ki, oğlum Məhdi qiyam etsin. (O zühur etdikdən sonra) İsa ibni Məryəm Ruhulllah onun arxasında namaz qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məhdinin rəhbərlik və səltənətinin həddi-hüdudu məşriqlə-məğribin arasını dolduracaqdı r.[4]

    «Hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.»[5]

    «Hər kəs Məhdi (əleyhissalam)-ın qiyamını inkar etsə, həqiqətən kafirdir.»[6]

    Bu günkü ağır şəraitdə əllərimizi Allah dərgahına qaldırıb deyirik: «Pərvərdigara, həqiqətən biz Peyğəmbərin aramızdan getməsindən, İmamımızın qeybə çəkilməsindən, düşmənlərimizin çoxluğundan, dostlarımızın azlığından, fitnələrin bizə və dövrümüzə hakim kəsildiyindən Sənə şikayət edirik.»[7]

    Biz Qur`an ayələrinin və Peyğəmbər sünnətinin tə`limləri əsasında bütün varlığımızla e`tiqad bəsləyirik:

    Bəşərin ruhi xəstəliklərinin dərmanı yalnız elə bir İslama üz gətirməkdədir ki, onda İmam Zaman (əleyhissalam) aşkar şəkildə bəyan olunsun və bütün də`vətlər, sə`ylər və hərəkatlar Allah kitabının və Peyğəmbər itrətinin tə`limlərinin dirçəldilməsi istiqamətində olsun.

    Məhdi (əleyhissalam)-a inam, bu e`tiqada də`vət, adının hər yerdə çəkilməsi, onun varlıq aləmində və İslam dünyasında ifa etdiyi rolun və tə`sirin araşdırılması sadəcə bir fərdin və ya xüsusi qrupun vəzifəsi deyildir. Çünki İslamın əsaslarından olan Məhdəviyyət dərin köklərə və dolğun məzmuna malik olan əqidələrdən sayılır.

    Əgər Allahın kitabı və Peyğəmbərin itrəti həmişəlik olaraq ayrılmaz kimi e`lan olunubsa, onda nə üçün bu gün o iki əmanətin arasına ayrılıq salınıb?! Məgər bunların bir-birindən ayrılması İslam ümmətinin azğınlığa, zəlalətə düşməsi deyilmi?!

    Məgər Peyğəmbər (s) insanların zəlalətə düşməməsinin əsas rəmzini «Allahın kitabı və İmam Zaman (ə) məsələsinin» bir yerdə olmasıyla əlaqələndirməmişdirmi?

    Doğrudan da, görəsən qeyri-islami əqidələrdə, həmin qrupların həqiqi rəhbərlərinə də bu qədər e`tinasızlıq rəva görülürmü? İmam Zaman əleyhissalama diqqət yetirməmək, ona biganə yanaşmaq İslam barəsində inanc və əndişələrin müxtəlifliyi deyilmi?!

    Əli əleyhissalam sanki həyəcanlı fəryadlarla bizim dövrümüzün qarışıq və hərc-mərclik vəziyyətinə xitab edərək buyurur:

    «Necə də qəribədir bu həqiqətlər!! Əcaba, bu camaatın öz aralarında, bir-biri ilə bu barədə icad etdikləri əyrilikdən, iki tirəlikdən heyrətdə olmayım?! Nə Rəsuli-əkrəmin (s) ayininə itaət edirlər, nə də ondan sonra onun canişininin tövsiyələrinə qulaq asırlar! Nə qeyb aləminə e`tiqadları var, nə də çirkinliklərdən uzaq olurlar! Qəlblərini şübhəli və namə`lum şeylərə bağlayıb, nəfsani istəklərinin yerinə yetirilməsi yolunda başlarından-canlarından keçirlər.

    Hər nəyi çox istəyirlərsə nəzərlərində yaxşı cilvələndirir və hansı şey xoşlarına gəlməsə, onu inkar edib xoşagəlməz bilirlər.

    Çətinliklərdə və müşküllər tufanında öz xəstə ruhlarının sığınacağına pənah aparırlar. Məchul və qarışıq məsələlərdə öz gümanlarına arxalanırlar. Sanki onlardan hər biri təklikdə özünə İmamdır. Zahiri gözləri ilə gördüklərinə iman gətirir, öz puç xəyallarına əsasən dəlillər düzəldib onlara istinad edirlər və beləliklə özlərini asudə edirlər.»[8]

    Həqiqətdə əqidəvi ixtilafların əsaslı dəlillərindən biri dini məfhumları öz gümanlarımız əsasında araşdırmamız və bunları öz istədiyimiz kimi həll etməyimizdir.

    İlahi dinin sərhədlərinin həqiqi keşikçilərindən danışmırıq; onları elə haqqı öz həqiqi yolundan sapındırdığı yerdə və ən alçaq, rəzil insanları paklıqların məzhəri kimi kürsüyə oturtduğu faciənin əvvəlindəcə unuduruq.

    Peyğəmbərin əziz qızı fəryad edib buyurur:

    «Pərvərdigar... biz Peyğəmbər xanədanına itaət etməyi ictimai işlərin nizama salınması, imamətimizi isə ümmətin ixtilaflardan saxlanması üçün bir vasitə qərar verdi.»[9]

    Düzdür ki, həzrəti Məhdi (əleyhissalam) barəsində nəinki səthi bir səviyyəyə, hətta istidlali görüşlərə qane olmaq bizim razılığımıza səbəb ola bilməz. Təkcə, Həzrətin adını və ləqəbini bilməklə, bə`zən öz islami risalətimizi hal-hazırkı ağır şəraitdə yerinə yetirməyimiz və İmam Zamanın həqiqi ardıcıllarından olduğumuzu deməyimiz sadəcə özümüzü aldatmaq və qəlbimizə təskinlik verməkdir!!!

    Amma bundan xəbərsizik ki, yeganə mə`sum, ilahi rəhbər, qeyb aləminin vasitəsi, bütün peyğəmbərlər və ilahi övliyaların şəriksiz varisi, bütün asimani kitabların bəyan edicisi olan o həzrəti əsaslı şəkildə, elmi və məntiqi şəkildə müdafiə etmirik. İslami ideologiyamızın müdafiəsi sayılan bu işi lazımı şəkildə yerinə yetirməməyimiz bağışlanmaz səhvdir.

    İmam Əli ibni Məhəmməd (əleyhissalam) sanki belə bir vəziyyəti nəzərdə tutub buyurur:

    «Əgər sizin Qaiminiz qeybə çəkildikdən sonra alimlər arasında camaatı İmam Zaman əleyhissalama tərəf də`vət və hidayət edən, ilahi bürhanlarla dinin keşiyində dayanan, Allahın zəif bəndələrini İblis və onun dostlarının hiylələrindən, Əhli-beyt düşmənlərinin tələlələrindən xilas edib qurtara bilən adamlar olmasa, onda heç kəs bir yerə çata bilməz və hamı Allahın dinindən dönər.

    Belə alimlər Allahın yanında ən yaxşı insanlar sırasındadır.»[10]

    İmanlı, pak fikirli insanlar bilirlər ki, «hər qövm üçün bir hidayət edən vardır»[11] Hər əsrin bir İmamı vardır. İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Sadiq, İmami-əsr Həzrət Höccət İbnil-Həsən və ümumiyyətlə on iki imamın hər biri bizim ilahi rəhbərimizdir. Qeyd etdiyimiz kimi, hər bir imanlı müsəlman bu haqq İmamı tanımaqda, tanıtdırmaqda, onun həqiqi və müqəddəs yolunda addımlamaqda vəzifə və məsuliyyət daşıyır.

    1 - HƏZRƏT MƏHDİ (əleyhİssalam)-IN UZUN öMRÜ

    Belə bir sual yaranır: görəsən mümkün ola bilərmi ki, bir insan uzun əsrlər boyu yaşasın? Başqa sözlə, və`də verilən rəhbərin belə bir ömür yaşamasını qəbul eməklə deyə bilərikmi ki, o, hal-hazırda 1140 ildən artıq ömür sürmüşdür, adi bir insan həyatından təqribən 14 dəfə artıq yaşamışdır?!

    Bu sualın cavabında qeyd etməliyik ki, «mümkünlük» dedikdə, aşağıdakı üç mə`nadan birini başa düşürük:

    1-Əməli cəhətdən mümkünlük;

    2-Elmi cəhətdən mümkünlük;

    3-Məntiqi və ya fəlsəfi cəhətdən mümkünlük;

    Əməli mümkünlük dedikdə, məqsəd hər hansı bir işin həyata keçməsini elə bir şəkildə mümkün sanmaqdır ki, hamı tərəfindən qəbul edilə bilsin. Məsələn, okeanlara səfər edib onun dərinliklərinə daxil olmaq, aya səfər etmək və bu kimi digər işlər hal-hazırda əmələn mümkün olan işlər sırasındadır.

    Elmi mümkünlük dedikdə, məqsəd budur ki, müəyyən bir iş əməli cəhətdən mümkünlük mərhələsinə çatmayıbdır və müasir elmi texniki tərəqqi onun həyata keçrilməsinə sə`y göstərir. Eyni zamanda elmi nailiyyətlər və elmi texniki-tərəqqi onun mümkünlüyünü inkar etmir və ya bunun inkarına bir dəlil tapa bilmir.

    Misal üçün, insanın Marsa gedib çatması elmi nöqteyi-nəzərdən qeyri-mümkün sayılmır. Onun baş verməsinin inkar edilməsi üçün də heç bir məqsəd güdülmür, əksinə, elmin hazırkı naliyyətləri göstərir ki, qeyd olunan kosmik səfər bu vaxta qədər həyata keçməyibsə də, onun nə vaxtsa baş verəcəyinin mümkünlüyündə heç bir şəkk-şübhə yoxdur. Çünki insanın Marsa və ya Aya çatması astronomik və elmi kosmoloji baxımdan çox az fərqlənir. Yolun uzaqlığı kimi çətinlikləri nəzərə almasaq, Marsa çatmağı elmi nöqteyi-nəzərdən tam mümkün hesab etmək olar. Amma bunun əksinə olaraq, Günəşə getmək əməli cəhətdən əlavə elmi nəzərdən də qeyri-mümkündür. Çünki elm və təcrübə onun təsəvvür olunmasına heç bir ehtimal vermir. Hətta hərarətə qarşı davamlı olan maddələrin kəşf olunmasını mümkün hesab etsək də belə, bu səfərin nə vaxtsa baş tutacağını təsəvvür etmək mümkün deyildir.

    Fəlsəfi və ya məntiqi mümkünlük dedikdə, əql, yaxud təcrübi sınaqlar və qanunlar nəzərindən müəyyən bir işin təsəvvür olunması və baş verməsi üçün hər hansı bir maneənin mövcud olmaması, nəticədə əql tərəfindən onun baş verməsinin qeyri-mümkünlüyünə hökm edilməməsi nəzərdə tutulur.

    Misal üçün, üç ədəd portağalı heç biri kəsilmədən iki bərabər hissəyə bölmək mümkün deyildir. Çünki əql, əməl və təcrübi baxımdan hökm edir ki, üç tək ədəddir və təkliklərə toxunmadan cüt sayda bölünməz. Üç portağalı iki bərabər hissəyə ayırmaq əqlən mümkün deyildir. Çünki üçün iki bərabər hissəyə ayrılmasının şərti budur ki, üç eyni zamanda həm tək olsun, həm də cüt. Bu da paradoks adlanır və məntiq cəhətindən qeyri-mümkün sayılır.

    Amma insanın yanmadan od kürəsinin içərisinə getməsi, həmçinin yüksək hərarətə davam gətirməklə günəşə daxil olması məntiqi cəhətdən qeyri-mümkün sayılmır. Çünki burada heç bir ziddiyyət və paradoks irəli gəlmir.

    Əgər hərarəti çox olan bir cismin istiliyi az olan cisimdə tə`sir qoymadığını fərz etsək, onda artıq ziddiyət də aradan getmiş olur. Baxmayaraq ki, bu fərziyyə bizim keçmiş təcrübələrimizin əksinədir. Çünki mə`lum təcrübələr əsasında tempraturaları müxtəlif olan iki cisim bir-birinin yanında yerləşdirilsə, onların arasında enerji mübadiləsi başlayar və nəhayət hər ikisi eyni temperatura gəlib çatar.

    Buna əsasən, başa düşürük ki, məntiqi mümkünlüyün dairə və miqyası elmi mümkünlükdən, elmi mümkünlüyün sahəsi də əməli mümkünlükdən daha genişdir.

    Şübhə yoxdur ki, məntiqi nəzərdən bir insanın min illərlə yaşaması mümkündür. Çünki bu məsələ əqli nəzərdən qeyri-mümkün sayılmır və belə fərziyyələrdə paradoks da gözə dəymir. Çünki ölümün tez və ya gec gəlib çatması həyatın mə`na və məfhumunda yerləşməmişdir və belə bir işdə şəkk-şübhə yoxdur. Mə`lum məsələdir ki, həddən artıq uzun ömürlülük hal-hazırda əməli olaraq mümkün deyildir. Habelə bu, aya, yaxud okeanların dərinliklərinə getmək məsələsi kimi də deyildir ki, insanların ixtiyarında olan vasitələrlə yerinə yetirilsin; habelə elmi təcrübələr və sınaqlar nəticəsində hasil olan məsələ kimi də deyildir ki, insanın ömrünü yüz illərlə artırsın. Amma elmi nəzərdən bu məsələ ayrı şəkildə aydınlaşdırılır. Qeyd etməliyik ki, bəşərin hazırkı elmi uzun ömürlülüyün mümkün olmasını nəzəri cəhətdən inkar etmir.

    Uzun ömür barəsindəki elmi araşdırmalar həqiqətdə fiziologiyanın qocalıq və zəiflik (insan bədənində olan toxuma və hüceyrələrə aid olan təbii qanunun nəticəsi kimi qocalıq və əldən düşmək) barədə təqdim etdiyi anlayışdan asılıdır. Şəkk yoxdur ki, insan bədəni inkişafın son mərhələsinə çatdıqdan sonra yavaş-yavaş geriləməyə başlayır və həyatın davam etdirilməsi üçün daha az qüdrətə malik olur. Tədricən başlayan zəifləmə prosesi getdikcə dərinləşir və nəhayət bədən öz fəaliyyətini dayandırır. Görəsən bu qanun hətta hər növ xarici tə`sirlərdən uzaqda qalan bir bədən barəsində də doğrudurmu? Yoxsa qocalıq və bədən qüvvələrinin işdən düşməsi bədənin xarici amillərlə mübarizəsinin nəticəsidirmi ki, onlar insanın bədəninə yol tapırlar? Bu sual barəsində müasir elm dərindən maraqlanır və ona cavab verməyə çalışır.

    Müasir elmi nailiyyətlər çərçivəsində bu sual dərindən araşdırılmış və ona müxtəlif cavablar verilmişdir. Qeyd olunur ki, əgər qocalıq və zəiflik bədənin xarici amillərlə mübarizəsindən yaranırsa, onda nəzəri cəhətdən mümkündür ki, insan bədənini təşkil edən toxumalar onda tə`sir qoyan amillərdən uzaqda qalsın, nəticədə insanın ömrü uzun olsun. Amma əgər başqa bir cəhətdən araşdırsaq, bu nəticəyə çatarıq ki, qocalıq bir təbii qanundur və hər bir toxuma və hüceyrənin öz daxilində labüd və qaçılmaz «yoxluq» amili gizlənmişdir ki, zamanın keçməsi ilə canlı varlığı istər-istəməz qocalıq və ölümə çatdırır. Məsələni bu baxımdan da araşdırsaq zəruri deyildir ki, bu təbii qanunda heç bir istisna olmasın; əgər belə bir qanun danılmaz və həqiqi surətdə mövcud olarsa, yenə də onda istisna xarakteri daşıyan hal ola bilər. Çünki həm biz öz adi həyatımızda, həm də mütəxəssislər öz elmi təcrübələrində müşahidə edirlər ki, qocalıq bir fizioloji varlıq və fenomendir və zamanla heç bir rabitəsi yoxdur. Bə`zən yaxın, bə`zən də uzaq zaman fasiləsi ilə aşkar olur. Bə`zi şəxslər yaşlarının ötməsinə baxmayaraq gec qocalır və onlarda qocalıq əlamətləri çox gec müşahidə olunur. Bə`ziləridə isə bunun tamam əksi aşkar olur. Həkimlər və mütəxəssislər də bu qanunun müstəsna hallara malik olmasını təsdiq edirlər. Hətta alimlərdən bə`ziləri bir sıra mütəxəssislərin iddiasının xilafını sübuta yetirmiş və dəyişməz hesab olunan bu qanuna istisnalar gətirərək heyvanlardan bə`zilərinin ömrünü təbii ömürlərindən bir neçə yüz qat artıra bilmişlər.[12]

    Onlar gözə çarpacaq müvəffəqiyyətlər əldə etməklə təbii qocalmaq qanununu pozdular və sübut etdilər ki, qocalığın tə`xirə salınması müəyyən amil və şəraitlərin yaradılması ilə elmi cəhətdən mümkün olan bir işdir. Müasir elmin bu kimi təcrübələri insan üzərində aparmaqda aciz olması yalnız insanın heyvanla müqayisədə daha mürəkkəb quruluşa malik olması ilə əlaqədardır.

    Buna əsasən, elm özünün mütərəqqi fəaliyyətləri ilə göstərir ki, nəzəri baxımdan insan ömrünün uzun olmasının mümkünlüyünü inkar etmək üçün heç bir dəlil mövcud deyildir. İstər qocalığı bədənin xarici amillərlə mübarizə aparıb onlardan tə`sirlənməsinin nəticəsi, istərsə də canlı varlıqlara hakim kəsilən və onları ölümə doğru sürükləyən təbii bir qanunun nəticəsi hesab edək.

    Qeyd olunanların nəticəsi kimi Həzrət Məhdi əleyhissalamın uzun ömrü barəsində araşdırma aparırıq və bu barədə yaranan suallara cavab veririk. Uzun ömürlülüyün məntiqi və elmi mümkünlüyü aydın olduqdan sonra, habelə elmin bu nəzəriyyəni əməli olaraq həyata keçirmək barədə sə`y apardığını nəzərə alsaq, təəccüb üçün heç bir yer və dəlil qalmaz. Yeganə bəhanə yeri bu ola bilər ki, Məhdi əleyhissalamın elmində şəkk edək və onun elminin bəşər elmindən irəlidə olmasını qəbul etməyək!

    Əgər «İslam bu rəhbərin həyat və sağlamlığının qorunub saxlanmasında bəşər elmindən necə qabağa keçə bildi?» - deyə soruşsalar, cavabında demək lazımdır:

    Bu yeganə hal deyildir ki, İslam bəşər elminin inkişafından qabağa düşmüş olsun; əksinə çoxlu hallar vardır ki, İslam bəşəriyyətin çata bilmədiyi elmi zirvələri uzun illər bundan öncə fəth etmişdir.

    Məgər İslamın şəriət məcmuəsi öz elmi hərəkətində və insani əndişələrin təbii inkişafında misilsiz nailiyyətlər əldə etməmişdirmi?

    Məgər bu müqəddəs amal insana düzgün rəhbərlik barəsində möhkəm və tutarlı proqramlar təqdim etməmişdirmi ki, bəşər övladı öz müstəqil hərəkətində yüz illər addımladıqdan sonra o proqramlara çatmağa ləyaqət tapmışdır.

    Məgər İslam düzgün və möhkəm qanunlar gətirməmişdirmi ki, son əsrlərdə o qanunların fəlsəfə və sirlərinin yalnız müəyyən bir hissəsini dərk edə bilsin?

    Məgər İslam Peyğəmbəri yaradılış sirlərini bəyan etmirdimi? Hansı ki, o sirlər heç bir insanın xatirindən silinməmiş və yalnız elmi təkamül yolunu qət etdikdən sonra bunlar isbat olunmuşdur.?

    Əgər bütün bunlara inanırıqsa, onda İslam şəriətini göndərən qadir Allahın Məhdi əleyhissalamın elmini zamandan qabağa salmasını necə çətin hesab edə bilərik?!

    Biz burada İslamın elmdən qabağa düşməsinin yalnız bir hissəsini özümüz üçün istinad nöqtəsi seçirik ki, birbaşa onları dərk edə bilək. Mümkündür ki, İslamın qabaqcadan xəbər verdiyi başqa nümunələri də ona əlavə edək ki, hələ bəşər elmi təkamüldə ona çatmamışdır.

    Misal üçün, Allah-təala bizi agah etmişdir ki, öz Peyğəmbərini (bir gecədə) Məkkə evindən Məscidul-əqsaya doğru aparmışdır. Bu aparılmanın necəliyini əgər təbii qanunlar sərhədlərində araşdırsaq, onun təbiət qanunlarına hakim olan qanunlardan bəhrələndiyini görəcəyik. Belə ki, elm hələ də onun xüsusiyyətlərini araşdıra bilməmişdir. Hətta onun keyfiyyəti və necəliyinin bəyan olunması üçün yüz illərlə vaxt lazımdır.

    Allah-təala Peyğəmbəri işıq sür`əti ilə hərəkət etdirmək qüdrətini xəbər vermişdi. Allah-təala əməldə mümkün olmayan belə arzuları Peyğəmbərin axırıncı canişininə müqəddər etmiş və bəşər elmi belə arzulara çatmamışdan əvvəl ona uzun ömür bəxş etmişdir.

    Böyük Allah tərəfindən insanların xilaskarına, intizarı çəkilən belə bir şəxsə uzun ömür əta edilməsi bə`zi insanlar üçün onun varlığında qəti elm hasil etdikləri sərhədlərdə təəccüblü bir iş kimi görünür. Amma bu rəhbərin dünyanı dəyişdirib yenidən quracağı camaatın qəbul edəcəyi sərhədlər daxilində, həmçinin keçmiş tarixi dəyişikliklərin baş verməsi zamanı təəccüblü deyildimi? Məgər dünyanın dəyişdirilməsi və onun bünövrəsinin yeni mədəniyyət əsasında yenidən qurulması onun öhdəsinə qoyulduğu halda həyatının qeyri-adiliyi böyük bir qəribəlik sayılıb təəccüb doğurmalıdır?!

    Bəs nə üçün böyük tapşırığın başlanğıc işləri bizim qəbul edə biləcəyimiz çərçivədən xaricdə olan varlıqlarla qarşılaşdıqda (İmam Zaman əleyhissalamın uzun ömrü kimi) təəccüb edirik? Çünki bu işlərin xüsusiyyətlərindən yaranan təəccüblər o böyük vəzifənin və`də verilən Məhdi tərəfindən yerinə yetirməsindəki təəccübdən heç də böyük deyildir.

    İndi əgər bəşər tarixində belə bir yeganə işin baş verəcəyini qəbul etsək (halbuki keçmiş insanların tarixində belə bir şey görməmişik) onda nə üçün tarixdə buna oxşar bir şeyi görmədiyimizi bəhanə edərək onun uzun ömrünü qəbul etməyək?

    Bəlkə də bu yalnız bir təsadüfi iş ola bilər ki, insan tarixində baş vermiş olsun. Yalnız iki nəfər insan mədəniyyətini və tarixini paklaşdırmaq, fəsad və tüğyançılığın kökünü kəsmək, insan cəmiyyətini yenidən qurmaq üçün əmr olunmuşdu. Onların hər ikisi adi bir insanın ömründən on dəfələrlə artıq ömür sürmüşdülər. Birincisi həzrəti Nuh idi ki, öz vəzifəsini keçmişdə yerinə yetirərək başa çatdırmış və Qur`anın aşkar buyurduğu kimi 950 il öz ümməti arasında təbliğ etmişdir. Nəticədə Nuhun tufanının ardınca dünya mədəniyyəti yenidən quruldu.

    Digəri isə Məhdi əleyhissalamdır ki, öz rolunu gələcəkdə ifa edəcəkdir və indiyə qədər öz qövmünün arasında 1000 ildən artıq ömür sürməkdədir. Allahın təqdiri belə olmuşdur ki, o, və`də verilən gündə zühur edib dünyanı yenidən qursun. Bəs necə ola bilər ki, Nuhun uzun ömürlülüyünü qəbul edək, amma eyni şeyin Həzrəti Məhdiyə aid olunmasında şübhəyə düşək?!

    2 - UZUN ÖMÜRLÜLÜK VƏ MÖ`CÜZƏ

    Mə`lum oldu ki, uzun ömürlülük elmi cəhətdən mümkün bir işdir. Amma burada, gətirdiyimiz dəlil-sübutları nəzərə almırıq və elmi nöqteyi-nəzərdən isə uzun ömürlülük məsələsini qeyri-mümkün, qocalığı isə elə bir qətiyyətli qanun hesab edirik ki, bəşər nə müasir dövrdə, nə də gələcəkdə bu təbii qanuna üstün gəlmək bacarığına malik deyildir. Amma həmin fərzdən alınan nəticə yalnız bu ola bilər ki, yüz illərlə ömür sürmək təbii qanunlarla uyğun gəlmir və bu məsələni elm, müasir texnoloji təcrübələr və statistka təsdiq etmir. Görəsən bundan başqa bir nəticə almaq olmazmı?

    Belə olan halda uzun ömürlük mö`cüzə hesab olunmalıdır, yə`ni Allah-təala belə bir təbii qanunu müəyyən şəraitlərdə tə`sirdən salır ki, səmavi də`vətin keşikçisini məhv olmaq təhlükəsindən qoruyub saxlasın. Və bu, Qur`an ayələri və Peyğəmbər sünnətinin aşkar bəyan etdiyi kimi, müsəlmanların mö`cüzəyə olan e`tiqadıdır. Bu isə öz növbəsində təbii qanunlardan istisna xarakteri daşıyır və burada təəccübə səbəb olacaq heç bir şey yoxdur. Çünki qocalıq qanunu «isti cisimdən soyuq cismə istiliyin nəql olunması və onların hərarətinin bərabərləşməsi» qanunundan heç də üstün deyildir. Halbuki bu qanun İbrahim əleyhissalamın həyatını qoruyub saxlamaq üçün tə`sirdən düşdü. İbrahimi oda atdıqda onun məhv olunmamasının yeganə yolu yalnız bu qanunun qüvvədən, tə`sirdən düşməsi idi. Allah-təala tərəfindən oda əmr olundu ki, «İbrahim üçün sərin və sağlamlıq vasitəsi ol!»

    Odun içərisinə sağlam şəkildə atıldığı kimi, sağlam halda da qırağa çıxdı və ona heç bir zərər və xəsarət dəymədi. Bundan əlavə çoxlu təbii qanunlar peyğəmbərlərə və yer üzündəki ilahi höccətlərə kömək olsun deyə, qüvvədən və tə`sirdən düşmüşdü. O cümlədən:

    Böyük Nil çayı Musa əleyhissalam üçün yarıldı. Romalıların casusu oxşar qiyafəyə düşdü, səhv salındı və İsanın tutulması təsəvvür olundu, halbuki onu tutmamışdılar. Həzrət Muhəmməd (s) Qureyş kafirlərinin mühasirəsində olan zaman kafirlər pusquda durmuşdular ki, onu tutsunlar, lakin o çıxıb getdi və onu heç kəs görmədi. Çünki Allah istəyirdi ki, öz Peyğəmbərini onların gözündən gizli saxlasın.

    Bunların hər biri təbii qanunlardan hansı birininsə tə`sirdən düşməsini göstərir ki, bununla Allahın hikməti onların sağ qalmasını və onlar üçün dayaq olmasını göstərir. İndi bu məsələnin, qocalıq qanununun pozulmasının həmin nümunələrdən olmasının nə kimi iradı vardır?

    Keçən bəhslərdən ümumi bir nəticə alaraq demək olar: hərgah Allahın höccətlərindən birinin həyatının qorunub saxlanması, onun işinin davam etdirilməsi və islahatçılıq vəzifəsinin sona çatdırılması zəruri olarsa Allahın lütfü məsələyə müdaxilə edir və onu qoruyub saxlamaq üçün təbii qanunlardan birini tə`sirdən salır. Bunun əksinə olaraq, onun risaləti və müəyyən olunmuş ilahi vəzifələr sona çatdırılmış olsa, onda həyatın təbii qanunlarına müvafiq olaraq ya təbii ölümlə, ya da şəhadət vasitəsi ilə həyatını başa çatdırır. Burada bir sual qarşıya çıxır ki, görəsən hər hansı bir təbii qanunun tə`sirdən düşməsi necə mümkün ola bilər? Və təbiət varlıqlarının və hadisələrin arasında olan sabit qanunauyğunluqlar necə pozula bilər?

    Sualın cavabında deməliyik ki, təbiət qanunlarının sabit və zəruri olmasını bəyan edən elmin özü bu qanundan bir addım geridədir və məhz bu məsələ yuxarıdakı suallara cavab verir. Təcrübə və müşahidələr bir təbii bağlılığı kəşf edib iki müxtəlif hadisə və varlıq arasında bir növ qanunauyğunluq olduğunu göstərir və bu vəziyyəti təbii qanun adlandıraraq bildirir ki, istənilən vaxt və şəraitdə bu hadisə meydana gəlsə, həmin qanun yenidən təkrarlanacaqdır. Amma heç vaxt bir təbii qanun hadisələrin zatından və dərinliklərindən nəş`ət tapan zəruri və labüd peyvəndlə bağlanmamışdır, çünki labüd və zəruri olmaq aşkar bir şey deyildir, elmi və təcrübi araşdırmalarla onu zəruri saymaq olmaz. Buna görə də müasir elm və məntiq e`tiraf edir ki, hər hansı təbii qanunun elm üçün müəyyən bir formada mə`lum olması heç də labüd bir bağlılığın göstəricisi deyil, sadəcə olaraq iki hadisənin müdavim olaraq bir-birinin ardınca gəlməsini və bir-birinin yanında olmasının təzahürüdür.[13]

    Deməli, əgər mö`cüzə baş verərsə və iki hadisənin arasında olan təbii bağlılıq qırılarsa, deməli bu rabitənin qırılmaması labüd deyildir.

    Doğrudan da mö`cüzənin dini mə`nası yeni elm və məntiq sayəsində keçmişdəkilərdən daha böyük mə`na kəsb etmişdir və «mədrəsə səhabələrinin» səbəb-nəticə arasındakı bağlılıqdan dərk etdiklərindən daha geniş səviyyədə irəli çəkilir.[14]

    Qədim alimlərin nəzəriyyələrindən mə`lum olur ki, əgər iki hadisə biri digərindən sonra baş verirsə, onların arasında labüd və qaçılmaz bir bağlılıq mövcuddur. «Labüd» dedikdə məqsəd budur ki, o iki hadisə bir-birindən ayrı təsəvvür oluna bilməz. Amma müasir elm məntiqində bu labüd bağlılıq prinsipi öz yerini iki hadisənin bağlılığı, bir-birinin ardınca gəlməsi və yanaşı olması kimi ifadələrlə dəyişmişdir. Amma bu iki hadisənin arasında lübüd və qaçılmaz bağlılıq zəruri hesab olunmur. Bununla belə, mö`cüzə o iki hadisənin həmişə yanaşı gəlməsi zərurətindən istisna xarakteri daşıyır və heç də məntiqdə deyilən «labüd» proseslərlə qarşılaşmır ki, qeyri-mümkün hesab olunsun.

    Müasir elm nəzərindən baxdıqda, habelə istiqranın məntiqi əsaslarını araşdırdıqda anlayırıq ki: «İstiqra iki hadisənin arasında labüd zəruri bir bağlılıq üçün dəlil ola bilməz», əksinə bu yalnız o iki hadisənin arasındakı müdavim rabitənin dəlili ola bilər. Halbuki bu müdavim hadisə və bağlılıq ilahi hikmət əsasında iki şeyin arasında yaranmışdır. Başqa sözlə desək, kainatı Yaradanın nəzm hikməti tələb edirdi ki, hadisələr arasında müəyyən bağlılıq müdavim şəkildə olsun və bir-birinin ardınca, yanaşı baş versin. Məhz hikmət əsasında bə`zən bu bağlılıq pozulur və Allah hikmət əsasında təbii bir qanunu təşkil edən hadisələrin arasındakı bağlılığı qırmaqla istisna şəraiti yaradır və mö`cüzə göstərir.

     

     


    [1]“Nəcm” surəsi, ayə:4

    [2]“Həşr” surəsi, ayə:7

    [3]Bu hədis (“Səqəleyn” hədisi) 24 nəfər səhabə tərə-findən nəql olunmuş, əhli sünnə kitablarında hədis mənbələrində, təfsir, tarix və sair kitablarda müxtəlif tə”birlərlə gətirilmişdir. O cümlədən “Səhihi Müslüm”, 8-ci cild, səh.122; “Müstədrəki Haşim Nişapuri”, 3-cü cild, səh.109, 148, 533; “Sünəni Termezi”, 2-ci cild, səh.307

    [4]Mühəddis Bəhrani: “Ğayətul-Məram”, səh.196 Fəraidus Səmtindən nəqlən.

    [5]Məhəmməd ibni Yə”qub Kuleyni: “Üsuli-Kafi”, 2-ci cild, səh.308; “Qeybəti Nö”mani”, səh.130

    [6]“Yənabiul-Məvəddət”, səh. 447; “Əlburhan fi əlamatil Məhdi axirəzzəman”, 12-ci bab, “Əl ülfülvərdi fi əxbaril Məhdi”, 2-ci cild, səh.83.

    [7]“İftitah” duası.

    [8]“Nəhcül-Bəlağə” (Feyzül İslam) 87-ci xütbə.

    [9]Əhməd İbni Əli Təbərsi: “Ehticac”, 1-ci cild, səh.134

    [10] Şəhidi Sani “Münyətül-Murid” (Cə”fəri çapı,Məşhəd) səh.25.

    [11]“Rə”d” surəsi, ayə:7

    [12]Min illər boyu bəşər arzu etmişdir ki, ölümün, müqəddər olunmuş bu hadisənin gəlib çatmasını tə”xirə salsın. Keçmiş əsirlərdə kimyagərlərin əbədi həyata çatması üçün apardıqları sə”ylər heç bir nəticə verməmişdir. 19-cu əsrin axırlarında elmi müvəffəqiyyətlər daha artıq ömür sürməyə olan ümidlərin yenidən rövnəqlənməsinə və bəlkə də yaxın gələcəkdə bu xyalın reallaşacağına ümidləri artırmışdır. Bu barədə alimlər əvvəlcə heyvanların üzərində sınaqlar keçirmişlər. Misal üçün Kornel unversitetinin görkəmli mütəxəssisi Mek Kay və London unversitetindən Aleks Kam Furet insanın qidalanması ilə onun qocalığı arasında tənasübü araşdırmışdır. Aleks Kam Furet öz sınaqlarında siçanlardan bə”zilərinin ömrünü 50 faiz artıra bilmişdir.

    Başqa bir Amerikalı mütəxəssis Riçard Ruçeşledin apardığı dörd illik araşdırmalardan və Beymitel aminu-Atanov adlı kimyəvi dərmandan istifadə edərək siçanın ömrünü artıra bilmişdir. 

    Bu alim və Vakib adlı həmkarı bu nəticəyə çatmışlar ki, Deymitelamini-Ataminoldan istifadə edilməsi siçanların ömrünü sınaq müddətində 6-49 faiz artırmışdır. Milçəklərin üzərində aparılan təcrübələr isə onların ömürlərinin hətta 300 dəfə artırılması ilə nəticələnmişdir.

    [13] Bir hadisə və ya varlığın başqa bir varlıq üçün səbəb olması (günəşin çıxması ilə yerin qızması) birbaşa dərk olunası deyil. Biz yalnız bu məsələni idrak edirik ki, bir hadisə (günəşin çıxması) müntəzəm olaraq yerin səthini qızdırmaq hadisəsini öz ardınca gətirir.

    Həmçinin müşahidə olunur ki, bə”zi hadisələrin başqa hadisələrdən sonra sabit olaraq gəlməsi hadisə və varlıqların xüsusi bağlılığı ilə məhdudlanmır. Əksinə bu, təbiətin xüsusi təzahürüdür. Amma bir səbəb ilə vahid bir nəticənin arasındakı rabitə, habelə təbiəting  gbaşdan-başa bu rabitənin ümumi bir qayda olması birbaşa müşahidə olunmur və bizim təfəkkürümüzün zəruri hissəsini təşkil etmir. (Devid Hiyum)

    [14]Sixolastika ideologiyasının ardıcıllarına mədrəsə səhabələri deyilir. Çünki renosans dövründən qabaq elm və hikmət məsələləri təqribən dini mədrəsələrdə və kilsələrdə tədris olunan şeylərlə xülasələnirdi. Yə ` ni məsihiyyət dininin göstərişi ilə mədrəsələr də sixolas dilində tədris olunurdu. Buna görə də o dövrün bütün elm və hikməti ona mənsub edilərək sixolastika adlandırılmışdır.

    Sixolastika ideyasının ən mühümü aşa ğ ıda k ılardan i b arə t dir :

    1-E lmi təhqiqatlar , hə qiqə tlərin kəş folunması naminə deyil , yalnız üsulidini isbat et mə küçündür . Çünki imanı ə qldən irəli bilib deyirdilər ki, iman üçün idrak heç də zəruri deyildir .

    2-Tə fəkkür və rə`y azadlı ğ ına əsla əhəmi yy ə t v e rmirdilər . Hər k əs m üq əddəs k i t a b ın t ə ` limlərindən k ənara çıx sa y d ı k a f ir h e sa b o lunara q əza b- əzi yy ə t lərə d üç ar o lurdu və tö v b ə et məli idi .

    3-Y u x rıda k ı dəlilə əsasən ə q li qü vvə y alnız b əhslərin , m ü nazirə və m üc adilələrin mən t i q i b əhslərin b azarını q ızışdırma q üçü n idi k i , o nunla da s ö z y ı ğ ımı ilə ö z ü rə k lərini sa k i t ləşdirirdilər . ( Məhəmməd Fü ru ğ i , “ S ey ri hi k mə t dər Avr op a ”)

    [15]  Q an Şak Roso (1712-1778)

    O , məşhur fransız alimi və « İctimai münasibətlər » kitabının müəllifidir . Təfəkkür və fəlsəfə dünyasında ən böyük inqilabçı çağırışlarından və islahatçılardan olmasına baxmayaraq Fransanı padşahsız görməyi təsəvvür edərkən vəhşət hissi keçirirdi. Çünki o, padşah səltənəti dövründə böyüyüb boya-başa çatmış və onun ab-havası ilə nəfəs almışdı.

    [16]  İmam Məhəmməd Əli ibni Cavad və onun oğlu İmam Hadi əleyhissalam hər ikisi 8 yaşlarında müsəlmanların imamı olmuşdular.

    [17] “Məryəm” surəsi, 12-ci ayə.

    [18]  Seyyid Sədrin (müəllifin əmisidir) « Əl-Məhdi » adlı kitabına baxa bilərsiniz.

    [19]  Şeyx Lütfüllah Safinin « Müntəxəbul-əsər fil-imamis-sani əşər » kitabına baxa bilərsiniz.

    Категория: Dini meqaleler | Добавил: al-shia (29.04.2008)
    Просмотров: 2164 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər