“PEYĞƏMBƏRİN KARİKATURASINI YAYANLAR HARINLARDIR” Hacı İlqar İbrahimoğlu: “Görünür, Qərbdəki texniki tərəqqi bəzilərinin mənəviyyatında böhran yaradıb”
Məlum olduğu kimi, Danimarkanın beş gündəlik qəzeti Məhəmməd Peyğəmbərin (s) karikaturasını yenidən dərc edib. Qəzet yetkililəri guya rəssamlardan birinə qarşı planlaşdırılan qəsdə etiraz əlaməti olaraq bu hərəkətə yol verdiklərini bildiriblər. Xatırladaq ki, İslam peyğəmbərinin karikaturaları hələ 2005-ci ilin sonlarında Danimarkanın “Jyllands-Posten” qəzetində dərc olunmuşdu və bu hal bir neçə Avropa qəzetlərində təkrar edilmişdi. Nəticədə müsəlman və xristian aləmində ciddi toqquşmalar, qarşıdurmalar yaranmışdı. Hətta Birləşmiş Millətlər Təşkilatının və bir çox dövlətlərin bu qarşıdurmalara müdaxiləsindən sonra hadisələr dinc məcraya salınmışdı. Həmçinin Azərbaycandakı dini təşkilatlar bu hadisələrlə əlaqədar etiraz aksiyaları keçirmiş, “İslamafobiyaya yox” adlı forumlar təşkil etmişdilər. Dini Etiqad və Vicdan Azadlıqları Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu bu hadisəni İslam dünyasına növbəti həqarət kimi qiymətləndirdi. Onun fikrincə, Qərbdə texniki tərəqqi bəzi insanların mənəviyyatında ciddi böhran yaradıb və nəticədə belə xoşagəlməz hadisələr baş verir: “Sonuncu olay onu göstərir ki, inanclara açıq-aydın həqarət olunur. Düşünürəm ki, bu, müsəlman dünyası ilə yanaşı, Qərbi də narahat etməlidir. Çünki heç bir halda başqalarının ən ali bildiyi hissləri təhqir etmək qəbuledilməzdir və baxmayaraq ki, əksər hallarda Qərbdə buna mədəniyyət və inkişafın tərəqqisi kimi baxılır. Amma mən deyərdim ki, bu, əksinə, tərəqqinin məhvi, böhranıdır. Qərb insanı müəyyən texniki tərəqqiyyə çatıb, amma görünür, bu tərəqqi onun mənəviyyatında aşınma yaradıb”. Hacı İlqara görə, bu cür hərəkətləri törədən insanlar harınlayıb: “İnsan təhqirə yol verirsə, bu, onun daxili aləmində, psixologiyasında ciddi çatışmazlığın, natamamlığın təzahürüdür. Görünür, Avropanın daxilində bu böhrana qarşı hazırlıq yoxdur. Belə hərəkətlərin söz azadlığına hər hansı aidiyyəti yoxdur. Mən bunu birmənalı olaraq tərbiyəsizlik kimi başa düşürəm”. Həmsöhbətimizin fikrincə, bu məsələlərin mahiyyəti açılmalıdır, sivil formada müdafiə sistemləri qurulmalıdır: “Elə etmək lazımdır ki, bu cür provakasiyanı törədənlərin istəklərinə uyğun hadisələr baş verməsin. Dini qurumlar, demokratik təşkilatlar hamısı bu məsələdə səfərbər olmalıdır. Odur ki, 30 il sonraya da hazırlıqlı müdafiə işləri görülməlidir. Təəssüflər olsun ki, Azərbaycan toplumunda da “karikatura hadisəsinin” bu və ya digər formada xoşagəlməz nümunələri oldu. Düşünürəm ki, bütün dünya ictimaiyyəti arasında geniş müzakirələr aparılmalı, yeni düşüncəli insanlar birləşməli və belə təhqiramiz hərəkətlərə son qoyulmalıdır”. İcma rəhbəri onu bildirdi ki, həftənin axırınadək son olaylarla bağlı geniş müzakirələr aparılacaq və tədbirlər planı hazırlanacaq. SEVİL /musavat.com/
|