Azərbaycanda vəhhabilərin məscidi kimi tanınan "Əbu-Bəkr" məscidində baş verən partlayışdan sonra bu cinayəti törədən həmin təriqət üzvlərinin həbsi həmişəki kimi yenə də İslamın ənənəvi məzhəblərinin ehkamlarına, dini simvollarına qarış təzyiqi artırıb. Məlum olduğu kimi, yeni dərs ilinin ilk günlərində 167 və 162 saylı məktəbin rəhbərliyi iki başıbağlı müəlliməni və məktəbli qızları dərsə buraxmayıb. Məktəb rəhbərliyi hicablı xanımlara başlarını açdıqdan sonra məktəbə daxil olacaqlarını bildirib. Bununla belə, Sumqayıt şəhərində bir neçə gündür ki, şiə məzhəbinə aid adlar altında fəaliyyət göstərən supermarketlərin sahiblərindən həmin loqatiplərin çıxarılması, dini dükanlardan isə şiəçiliklə bağlı kitabların yığışdırılması tələb olunur.
Hərçənd dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan Konstitusiyası, mövcud qanunlar, eləcə də beynəlxalq öhdəliklər belə qadağalara əsas vermir. Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan İslam Partiyası (AİP) sədrinin ictimai məsələlər üzrə müavini Mirhüseyn Haşimi bu cür özbaşınalığın, qanunsuzluğun yolverilməz olduğunu söylədi. Və bildirdi ki, heç bir qanuni əsas olmadan neçə illərdir sözügedən problemlər ortaya çıxır: "Hicab hər bir müsəlman xanımın əqidəsidir, Allah-Təalaya itaətinin təzahürüdür. Dindar xanımları hicabını çıxarmağa məcbur etmək, əslində insanın əqidəsini zorla əlindən almaqdır. Biz bunu kəskin şəkildə pisləyir və hesab edirik ki, müsəlman ölkəsində İslamın rəmzi olan hicaba qanunsuz şəkildə qadağa qoymaq dinimizi təhqir etmək deməkdir".
"Başıörtülü xanımlara qarşı bu cür aqressivliyin nümayişkarcasına həyata keçirilməsi həmçinin demokratik dəyərlərin, vicdan və din azadlığının kobud şəkildə pozulmasıdır", - deyə AİP funksioneri əlavə etdi: "İndiyədək Azərbaycanda dinin azad olduğunu, tolerantlığın mövcudluğunu deyirdilər. Amma sözügedən qadağalar bir daha göstərir ki, ölkədə əslində dini azadlıq yoxdur. Əksinə, əsl İslami dəyərlərə ciddi şəkildə təzyiqlər var. Təəssüf ki, insan haqlarından dəm vuranlar nədənsə belə məsələlərdə susqunluq nümayiş etdirirlər. Belə qənaət hasil olur ki, insan haqları onlara yalnız öz şəxsi maraqlarını təmin etmək üçün lazımdır".
Həmsöhbətimizə görə, dini tolerantlıq yalnız İslama, əqidəmizə zidd olan onlarla təriqətlərin, sektaların formalaşmasına şərait yaradıb ki, ölkə üçün bundan ciddi təhlükə yoxdur: "Qeyri-ənənəvi dini təriqətlər insanların əqidəsini, mənəviyyatını parçalamaqla gələcək ixtilafın toxumunu səpirlər. Azərbaycanda ümummilli bir məsələ ortaya çıxanda artıq müxtəlif əqidələrə xidmət edən insanları bir araya gətirmək mümkün olmayacaq. Qadınların iffətli geyinməsi, başıörtülü olması isə heç bir mənfi xüsusiyyətə malik deyil. Əksinə, onlar cəmiyyətə tərbiyə, gözəl əxlaq aşılayırlar. Təəssüf ki, bayrağında İslami rəmzin yer aldığı Azərbaycanda əsl dini dəyərlər tapdalanır".
Söhbət əsnasında Sumqayıtdakı hadisələrlə bağlı ətraflı məlumat verən M.Haşimi şəhərin 17-ci mikrorayonunda polislər tərəfindən "Əhli-beyt" adı ilə fəaliyyət göstərən mağazanın lövhəsinin qoparıldığını dedi: "Dini dükanlardan isə ehkam kitablarının yığışdırılması prosesi gedir. Halbuki, həmin kitablarda dinlər, məzhəblər arasında ixtilafa səbəb ola biləcək hər hansı fikir, zərərli bilgi yoxdur. Ona görə də müsəlman Azərbaycan xalqını bu kimi məsələlərdə diqqətli olmağa çağırırıq. Dəyərlərimizə hər zaman önəm verilməli və hər kəs tərəfindən qorunmalıdır. Azərbaycan hökumətinə isə tövsiyəmiz budur ki, bura müsəlman məmləkətidir, İslami simvollara, əsl dini dəyərlərə təzyiqləri artırmaq, onlara qadağa qoymaq dövlətə başucalığı gətirməyəcək".
Islamınsəsi Interet qəzeti |