Bismillahir Rəhmanir Rəhim
ŞƏRQŞÜNAS VƏ QURANŞÜNAS
Hələ kiçik yaşlarımdan Qur᾽an oxumağa və onun sirləri ilə tanış olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta hər bir həqiqətsevər insan Qur᾽anı oxuyub dərk etməyə və onun dərin sirlərindən agah olmağa sə᾽y etməlidir. Çünki, Qur᾽an bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını tə᾽min edən asimani kitabların ən sonuncusu və kamilidir. Qur᾽an hər şeyi açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir. Qur᾽an filoloqlar üçün ən böyük söz mənbəyi, dilçilər üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir. Bir sözlə Qur᾽an, alimlərin bütün sahələrdə apardıqları tədqiqatların tükənməz elm və bilik xəzinəsidir.
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s. Qur᾽anda hamının başa düşə biləcəyi bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu asimani kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi formalaşmağa başlamışdır. Qur᾽an, dünyaya hakim olan bir çox qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.
Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi mö᾽cüzə və mükəmməl qanunlar məcmusudur. Bütün bunlar, mənim uşaqlıqdan Qur᾽ana həvəs göstərməyimdə və onun sirləri ilə tanış olmağımda çox tə᾽siri olmuşdur. Doğrusu müntəzəm olaraq Qur᾽anın açılmayan sirlərinə yol tapmağa sə᾽y edir və buna nail olduqda özümdə Qur᾽ana qarşı oyanan yüksək rəğbətin daha da artdığını hiss duyurdum.
Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə zamanı Qur᾽anın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Haqq olaraq qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında nə qədər kiçik və aciz hesab etsə də, o, təsəvvür etdiyindən daha aciz və daha gücsüzdür. Qur᾽an təfsirlərini mütaliə etdikcə onun əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi.
Yazılmış təfsir kitablarını mütaliə edərkən belə qənaətə gəldim ki, təfsir alimlərinin Qur᾽an ayələrindən əldə etdikləri cüz᾽i mə᾽lumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir. Onlar əldə etdikləri mə᾽lumatları bir yerə toplayaraq kitab halına salmış və müxtəlif adlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Qur᾽anın açılmayan sirlərinin hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu, qeyri-mümkündür. Çünki, insan kimi ağıl və şüur baxımından naqis olan bir varlığın, elmi hər şeyi əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-mümkündür.
Amma biz isə necə olursa olsun, bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Qur᾽an ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri lazımınca dəyərləndirməliyik. Çünki onlar, bu müvəffəqiyyətə qəlblərinə saçan Qur᾽an nuru ilə nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər. Ümumiyyətlə, adi insanlardan Qur᾽anın mükəmməl və nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir. Lakin, onların bə᾽zilərinin böyük və bəlkə də bağışlanmaz bir nöqsanı vardır. O da bə᾽zi alimlərin Qur᾽anın əzəmət və böyüklüyündən xəbərsiz olduqları halda, ayələri öz ixtisaslarına uyğun olaraq tərcümə və təfsir etmələridir. Məsələn, dilçi alimlər Qur᾽anı yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə, və bə᾽ziləri də yeni elmi üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, Qur᾽an məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla yanaşı, təfsir kitablarında bə᾽zən başqa bir üslubla da qarşılaşırıq. O da, bə᾽zi alimlərin Qur᾽ana öz şəxsi rə᾽yləri və heç bir e᾽tibarı olmayan şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.
Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmazlıqlar vardır. Buna görə də, hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rə᾽y və əzərlərini kənara qoymalı, Qur᾽anın həqiqi mə᾽nasına yol tapıb, ixtisar və yersiz əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Qur᾽an, müfəssirin şəxsi rə᾽yi ilə deyil, Qur᾽anın öz zahiri ayələri ilə təfsir olunmalıdır.
Sözün əsl mə᾽nasında həqiqi müfəssir o şəxsdir ki, fəlsəfi bəhslərdən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin dərinliklərinə yol tapmış olsun. O, həyatı, cəmiyyəti yaxşıca tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi araşdırmağa qadir olduqdan sonra Qur᾽anı təfsir etməlidir. Qur᾽anda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Qur᾽anı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Qur᾽anın bütün elmi bəhslərindən agah olmalı, bu barədə lazım olan mə᾽lumatları əldə etdikdən sonra Qur᾽anı təfsir etməyə başlamalıdır. Belə olduqda o, bir neçə cilddən ibarət olan Qur᾽an təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını yarada bilər.
Ayətullah Xoyi
“Əl-Bəyan” təfsiri