Həmd və səna olsun O Allaha ki, elm və elm əhlinin məqamını pak qərar verib, Öz fəzilət və rəhməti ilə onları xilqətdə ən yüksək varlıq şərəfi ilə zinətləndirmişdir! Allah əməli saleh alimin qələminin mürəkkəbini Allah yolunda şəhid olanların qanından daha fəzilətli bilir. O Allah ki, əməl olunan elmi bəşəriyyətə nicat yolu qərar vermişdir. Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa məbud yoxdur və Məhəmməd (s) onun bəndəsi və sonuncu Peyğəmbəridir. Ona mələk Cəbrail vasitəsi ilə yardım edilmiş və kamil ağılla yaradılmışdır. Onun övladlarından olan məsum İmamlar (ə) məxluqatın ən yaxşısı və Allahın bəşəriyyət üçün göndərdiyi höccətləridir. İslamda elm öyrənmək çox təkid olunub. Qurani-kərimin ayələrində də elm öyrənmək və alimlər bəyənilmiş və Allah insanları elm öyrənməyə əmr etmişdir. Qurani-kərimdə buyurulur: "...Onun bəndələrindən yalnız alimlər Allahdan qorxar..." ("Fatir", 28). "Ey iman əhli! Sizə məclislərdə "Yer verin!"-deyildiyi zaman yer verin ki, Allah da sizə geniş yer versin. Eləcə də sizə -"Qalxın!"- deyildikdə qalxın ki, Allah da sizdən olan iman əhlinin və (xüsusilə) elm bəxş edilmiş şəxslərin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərin hamısından agahdır!" ("Mücadələ",11). "...De: -"Bilənlərlə bilməyənlər birdirlərmi? Yalnız ağıl sahibləri nəsihət qəbul edərlər..." ("Zümər",9). Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) və onun məsum Əhli-beytindən (ə) bu barədə çoxlu hədis və rəvayətlər nəql olunub. Burada o hədislərdən bir neçəsinə işarə etməklə kifayətlənirik. Həzrət Məhəmməd (s) Peyğəmbər buyurmuşdur: "Alimin abiddən üstünlüyü on dörd gecəlik ayın ulduzlardan üstünlüyü kimidir və onlar Peyğəmbərlərin varisləridirlər". İmam Məhəmməd Baqir (ə) belə buyurub: "Öz elmi ilə fayda verən alim yetmiş abiddən üstündür". İmam Sadiq (ə) buyurub: "Allah Təala bir bəndənin xeyrini istəyərsə onu dində fəqih və alim edər". Alimlərin və onların İlahi əmrlərə itaət etməsinin fəziləti haqqında olan ayə və hədislərə diqqət etdikdə din alimlərinin Allah dərgahında olan məqamının aliliyi daha da aydınlaşır. Mələklər onların ayaqlarının altına qanadlarını açır, dəryadakı balıqlar və səmadakı quşlar onların bağışlanmasını Allah Təaladan istəyirlər. Təqvalı alimin Allah yanında məqamı ucadır və onun əmrinə tabe olmaq hamıya vacibdir. Məsum İmamdan (ə) nəql olunan bir rəvayətdə buyurulub: "Öz ləyaqətini qoruyan, nəfsinin istəklərinə qələbə çalan və Allahının əmrlərinə tabe olan alimlərə tabe olmaq bütün insanlara vacibdir". İslam dini Əhli-beyt (ə) məktəbində qorunmuş, tarix boyu tədris edilmiş və edilməkdədir. Əhli-beyt (ə) məktəbinin xüsusi üstünlüyü budur ki, heç bir zaman bu məktəb tətil olmamış və beləliklə, İslam dini zühur edəndən bu günə qədər həmin alimlər İslam dininə saysız-hesabsız xidmətlər etmişlər. Burada İmam Sadiqin (ə) zamanını nümunə kimi göstərmək yerinə düşər. O Həzrətin dövründə siyasi təzyiqlər az olduğu üçün İmam müxtəlif elmlərdə dörd min alim yetişdirməyə nail oldu. Bu alimlər tarix boyu müxtəlif din və məzhəblər qarşısında din və məzhəbimizi qorumaqla yanaşı, İslam elmlərini də rövnəqləndirdilər. Xüsusilə deyilməlidir ki, Əhli-beyt (ə) məktəbində əhəmiyyət verilmiş, camaatı onu öyrənməyə sövq və rəğbətləndirilmiş elm fiqh elmidir. Çünki o, insanın həqiqi həyatının şah damarıdır və onun ölüm-qalım silahını təşkil edir. Əhli-beyt (ə) fiqh məktəbinin ilahi vəhydən qaynaqlanması, onunla sıx və möhkəm birləşməsi və geniş əhatəyə malik olması onun mühüm üstünlüklərindəndir. Əsrlər keçməsinə baxmayaraq şiə fiqhi davamlılığı, inkişaf qabiliyyəti və dərin məfhuma malik olması ilə bütün başqa məzhəblərin fiqhindən seçilir. Buna görə şiə fiqhi tarixdə davam edərək hər dövrdə çoxlu zahid, fəqih, əməli saleh alim və görkəmli mütəfəkkirlər ərsəyə gətirmiş və bu alimlər də öz növbələrində şiə fiqhini müdafə etmişlər. Onlar öz elm, əməl və qələmləri ilə İlahi hökmləri izah etmiş və camaata çatdırmışlar.
Ailəsi və əsil-nəsəbi
Bu nəcabətli ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və mənəviyyatda öncül olub, müvəffəqiyyətlə ədəb və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır.
Təvəllüdü və adı
Onun adı Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyndir. O böyük şəxsiyyət Musəvi seyyidlərindəndir. Onun nəsli Musa ibn Cəfərin (ə) övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.
Babası
Onun babası Ayətullahül-üzma Seyyid Murtəza Xəlxali Ərdəbili öz dövrünün mərcəi-təqlidi idi. O Nəcəf-əşrəf şəhərindən Ərdəbilə qayıtdıqdan sonra böyük bir elmi mədrəsə təsis etdi. Bu məntəqənin tanınmış şəxsiyyətlərindən çoxu bu mədrəsədə elm öyrənmiş və yüksək elmi dərəcələrə nail olmuşlar. Bərəkətli mədrəsənin şöhrəti o qədər dillər əzbəri oldu ki, Cənubi Azərbaycandan əlavə Qafqaz, Bakı, Şirvan, İrəvan, Naxçıvan, Lənkəran və bu kimi başqa yerlərdən də elm və mərifət öyrənmək istəyənlər buraya axışdılar! Bu alim və tələbələrin çoxu sovet hakimiyyətinə tabe olan məntəqələrdən idilər. Hakimiyyətdə olan ateist, kommunist və marksistlər məscid, hüseyniyyə və dini mədrəsələri məhv edir, alimləri isə qətlə yetirir və ya sürgün edirdilər. Şeyx Murtəza Ənsarinin tələbələrindən olan Seyyid Murtəza Xəlxali bir çox kəramət sahibi idi. O hicri qəməri tarixi ilə 1317-ci ildə dünyasını dəyişdi və öz əcdadının dəfn edildiyi Ərdəbilin qədim tikintilərindən olan "Cümə məscidi" adlanan mədrəsədə dəfn edildi.
Atası
Onun atası Ayətullahül-üzma Seyyid Məhəmməd Təqi Müfti-şiə Ərdəbil məntəqəsinin rəhbəri və mərcəi-təqlidi idi. Fiqh və usul elminə aid çoxlu əsərlər yazmışdır. Bunlardan "Şəcərətüt-təqva" və "Zəxirətül-üqba" adlı iki əməli göstəriş risalələrini misal göstərmək olar. Birinci risalə hicri qəməri tarixi ilə 1336-cı il zil-hiccə ayının 18-də və ikinci risalə isə hicri qəməri tarixi ilə 1344-cü ildə çap olunub. O Axund Xorasani, Seyyid Kazim Yəzdi və Seyyid Məhəmməd Fişarəki İsfahaninin tələbələrindən olub. Böyük alim, hicri qəməri tarixi ilə 1361-ci ildə vəfat etmişdir.
Anası
Onun anası "Seyyidül-üləma" ləqəbi ilə məşhur olan seyyid Baqir Ərdəbili Nəcəfinin qızıdır. Seyyid Baqir Ərdəbili Nəcəfi hicri qəməri tarixi ilə 1325-ci ildə öz ustadı, görkəmli mərcəi-təqlid Şeyx Məhəmməd Təqi Şirazidən dərs almağa nail olmuşdur. Seyyid Baqir Ərdəbili Nəcəfi Ayətullah Seyyid Həbibullah Əthari Ərdəbilinin oğlu, mühəqqiq Kərəki Amulinin bacısı oğlu olan müctəhid, Seyyid Hüseynin nəvələrindəndir. Mühəqqiq Kərəki Amuli Səfəvi padşahı şah Təhmasibin zamanında yaşamışdır.
Əmiləri
Biz burada onun əmilərindən ikisini qeyd etməyi məqsədə uyğun bilirik: Birinci: Kamil fəqih olan Ayətullah Seyyid Əhməd Muctəhid. O Şeyx Həsən Mamaqani və Fazil Şərəbyaninin tələbələrindən idi. Keçmişdə möminlərin iqtisadi vəziyyəti çətin olan vaxt öz uzaqgörənliyi və gözəl tədbirləri ilə onların vəziyyətini nizamlayırdı. İkinci: Ayətullah Seyyid Musa Fəqih Murtəzəvi. Abid, arif və zahid olan bu şəxs öz görkəmli ustadlarından və tanınmış mərcəi-təqlidlərdən olan Ayətullah Seyyid Əbulhəsən İsfahani, Mühəqqiq Naini və Mühəqqiq İraqidən ictihad icazəsini almışdır.
Övladları
Allah-Təala ona yeddi oğlan övlad əta etmişdir ki, onların üçü İslam elmləri alimlərindəndir. O üç nəfər bunlardır: - Höccətul-İslam vəl-muslimin Seyyid Məhəmməd Təqi. - Höccətul-İslam vəl-muslimin Hacı Seyyid Məhəmməd Zəki. - Siqətül-İslam Seyyid Əbülfəzl.
Cavanlıq dövrü
Hicri qəməri tarixi ilə 1361-ci il zil-qədə ayının 29-da İmam Məhəmməd Təqinin (ə) şəhadətinə təsadüf edən gün Ayətullahül-üzma Müfti-şiənin atası dünyasını dəyişdi. Onun vəfatı münasibəti ilə ümumi əzadarlıq elan olunaraq, qırx gün matəm məclisi bərpa olundu. Bu məclisin sonuncu günü Müfti-şiə İslamın əziz Peyğəmbərinin (s) libası sayılan, ruhanilik libasını geyinmək iftixarına nail oldu və görkəmli din xadimi, mərcəi-təqlid olan Ayətullahül-üzma Seyyid Yunis Ərdəbili əmmaməni ona təqdim etdi. O zaman, Ərdəbil şəhərində sakin olan Seyyid Yunis sonradan müqəddəs Məşhəd şəhərinə köçdü. Hicri-qəməri tarixi ilə 1363-cü ildə o, alim əmisi Seyyid Musa Fəqih Mürtəzəvinin icazəsi ilə atasının "Bazar məscidi" kimi məşhur olan məscidinin və "Seyyid Əhməd məscidi"nin axundluğunu öz öhdəsinə götürdü. Cavanlıqda xoşrəftar, gözəl əxlaqlı, eyni zamanda alimlərin nəslindən olduğu üçün əhali onun İmamlıq etdiyi camaat namazına xüsusi bir ehtiram və izdihamla yetişir və xüsusi hörmət edirdilər. Camaat özünün və ya ailəsinin problemlərini həll etmək üçün ona müraciət edirdilər. Bunlardan əlavə o, camaat arasında təqva və iffəti, alim və tələbələr arasında isə fəzilət və ədalətli alim kimi tanınırdı.
Əxlaqi xüsusiyyətləri
O, adətən az danışır, elmi müzakirə və ya Allah zikrindən başqa söhbət etmir. Məclislərdə, qədim alimlərin davranış tərzi, onların həyatından ibrətli hadisələr yaxud fiqhi məsələlər və hədislər danışır. Həmişə düşünür və təqva yolunu tutur. O, düz danışan, müstəqil fikirli və öz rəyini sərbəst şəkildə bəyan edən bir şəxsdir. Xalqın, xüsusi ilə öz dostları arasında təqva və ibadətlə özünə rəğbət qazanmışdır.
Təhsil dövrü
Ayətullahül-üzma Müfti-şiə cənabları, güclü zəkaya malikdir, elm və təhsildə zərif elmi məqamları belə gözdən qaçırmır. Dahi və zəkalı olması, onun simasından açıq-aşkar hiss olunur. O, ibtidai, orta və ali dini təhsilini Ərdəbil şəhərinin böyük alimlərindən almışdır. Onların da bir çoxu onun atası Ayətullah Seyid Məhəmməd Təqi Müfti-şiənin tələbələrindən idilər. O, Şeyx Murtəza Ənsarinin qələmə aldığı "Ər-rəsail" kitabını Ayətullah Şeyx Qulam Hüseyn Qərəvidən və Şeyx Murtəza ibn Məhəmməd Əmin Ənsarinin yazdığı "Əl-məkasib" kitabını isə, öz əmisi Ayətullah Seyid Musa Fəqih Murtəzəvidən dərs almışdır.
Qum şəhərinə köçməsi
Hicri qəməri tarixi ilə 1367-ci ildə müqəddəs Qum şəhərinə köçdü və o dövrün görkəmli mərcəi təqlid və dahi alimlərinin dərslərində iştirak etdi. Biz burada onların bəzilərinə işarə edirik: - Ayətullahül-üzma Seyid Hüseyn Təbatəbai Burucerdi cənablarının fiqh elminin "Namaz" mövzusu dərslərində iştirak etmişdir. - Ayətullahül-üzma Seyid Məhəmməd Höccət Kuhkəməri cənablarının fiqh elminin "Müamilə" mövzusu dərsində iştirak etmişdir. - Ayətullahül-üzma Seyid Ruhullah Musəvi Xomeyni cənablarının "Üsul" dərsində iştirak etmişdir. - Ayətullahül-üzma Seyid Məhəmməd mühəqqiq Damad cənablarının fiqh elminin "Təharət" mövzusundakı dərsində iştirak etmişdir. - Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin "Təfsir" və "Fəlsəfə" dərslərində iştirak etmişdir. O zaman Ayətullahül-üzma Müfti-şiə təkcə təhsillə deyil, həm də tədrislə məşğul olurdu. O, ali səthdə "Ər-rəsail", "Əl-məkasib 1" "Kifayətül-üsul 2" və "Mənzumə" kitablarını tədris edərək görkəmli tələbələr yetişdirdi.
Nəcəf-əşrəf şəhərinə köçməsi
Rəbiül-əvvəl ayının 16-da ictihad dərslərini kamilləşdirmək üçün İslam elmlərinin mənbəyi və İmam Əmirəl-möminin Əlinin (ə) şəhəri olan Nəcəf-əşrəf şəhərinə yollandı. Ayətullahül-üzma Müfti-şiə cənabları, o dövrün görkəmli və tanınmış mərcəi təqlidlərinin dərslərində iştirak etdi. Burada onların bəzisinə işarə edirik: - Ayətullahül-üzma Seyid Möhsün Təbatəbai Həkim. - Ayətullahül-üzma Seyid Mahmud Şahrudi. - Ayətullahül-üzma Seyid Əbulqasim Xoyi. - Daha çox Ayətullahül-üzma Hillinin fiqh dərsində, təqribən 10 il müddətində iştirak etmişdir. O, ustadı Ayətullahül-üzma Hillinin dərslərinə izahlar yazmış və onun tələbələrinin ən savadlılarından biri hesab olunurdu. Ayətullahül-üzma Müfti-şiə hicri qəməri tarixi ilə 1388-ci ildə həcc ziyarətindən qayıtdıqdan sonra Ayətullahül-üzma Hillinin hövzəvi dərslərini bitirdi. Sonra özü müstəqil şəkildə fiqh və üsul elmlərini tədris etməyə və qələmə almağa başladı.
Vətənə qayıdışı
Hicri-qəməri tarixi ilə 1379-cu ildə Ərdəbilin tanınmış dindarlarından bir dəstəsi Nəcəf şəhərinə gedərkən Ayətullahül-üzma Həkimin görüşünə getdilər. Onlar görüş əsnasında Ayətullahül-üzma Həkimdən Ayətullah Müfti-şiəni öz nümayəndəsi olaraq Ərdəbilə göndərməyi xahiş etdilər. Mərhum Həkim, onun Nəcəf-əşrəfdə qalmasını istəməsinə baxmayaraq camaatın təkidini və ona olan ehtiyacı nəzərə alaraq, onlara razılıq verib Ayətullah Müfti-şiəni Ərdəbil şəhərinə yolladı. Hicri qəməri tarixi ilə 1380-ci ildə dahi şiə alimi Ayətullahül-üzma Burucerdi vəfat etdi. Bundan sonra Cənubi Azərbaycanda yaşayan möminlər, Ayətullahül-üzma Həkimin şəri və ictimai məsələlərdə fətva və nəzərlərini bilmək üçün, Ayətullah Müfti-şiəni vasitəçi bilərək ona müraciət edirdilər. Ayətullahül-üzma Müfti-şiə bir il yarım Ərdəbil şəhərində qaldıqdan sonra, öz tədqiqat və təhqiqat işlərini təkmilləşdirmək üçün Nəcəf-əşrəf şəhərinə qayıtdı.
Nəcəf-əşrəf şəhərindən çıxarılması
Hicri qəməri tarixi ilə 1396-cı ildə İraqın hakim rejimi Nəcəf-əşrəf elmi hövzəsinin bağlanması barədə qərar qəbul etdi. Çoxlu alim, müctəhid və filosofları özündə cəm edən bu hövzə, Əhli-beyt (ə) məktəbinin möhkəm elmi sütunlara malik olan bir mərkəzi idi. O zaman milliyyəti İran, Hindistan, Türkiyə, Pakistan və Əfqanıstan tələbələrin "əcnəbi" olma bəhanəsi ilə deportasiya olunması əmri verildi. Bundan əlavə bəzi tanınmış şəxsiyyətlər həbs edildi və ya nəzarətə alındı. O cümlədən Ayətullahül-üzma Müfti-şiə bir çox alim və tələbələrlə birgə neçə gün həbsxanada saxlandıqdan sonra İrana deportasiya edildilər.
Qum şəhərinə qayıtması
O, İrana qayıtdıqdan sonra, şəri vəzifəsinə əməl etmək, dərslə məşğul olmaq, nəfsi saflaşdırmaq, kitab yazmaq, camaatın ehtiyaclarını təmin etmək və ictimai problemlərini həll etmək üçün, Qum elmi hövzəsi və Həzrət Məsumənin (ə) hərəmi yaxınlığında məskunlaşdı. Şiə aləminin görkəmli mərcəi təqlidi Ayətullahül-üzma Xoyi vəfat etdikdən sonra, Ayətullahül-üzma Səbzvari, müctəhidlik icazəsi vermək, İranın daxilində və xaricində şəri vəkil və nümayəndə təyin etmək və məsələ və suallara cavab vermək vəzifəsini Ayətullahül-üzma Müfti-şiə cənablarına tapşırdı.
Əsərləri
Ayətullahül-üzma Müfti-şiə, dərslərində iştirak etdiyi ustadlarının fiqh və üsul dərslərini əxz etmiş və onları toplayaraq izah etmişdir. Onun bu əməyi hövzə və fənn alimləri tərəfindən bəyənilmiş və yüksək qiymətləndirilmişdir. Onun aşağıda sayılan əsərlərindən birinci beş əsəri Qum şəhərində, digərləri isə Nəcəf-əşrəf şəhərində olduğu dövrdə qələmə alınmışdır: - "Kitabül-bey" (alver hökmləri), Ayətullahül-üzma Höccət cənablarının ali səth üçün nəzərdə tutulan dərsinin izahı. - "Kitabüs-səlat" (namaz hökmləri), Ayətullahül-üzma Seyid Hüseyn Təbatəbai Burucerdi cənablarının ali səth üçün nəzərdə tutulan dərsinin izahı. - "Kitabüt-təharət" (təharət kitabı), Ayətullahül-üzma Seyid Məhəmməd mühəqqiq Damad cənablarının ali səth üçün nəzərdə tutulan dərsinin izahı. - "Elmül-üsul" (üsul elmi). O, bu kitabda Ayətullahül-üzma Seyid Ruhullah Musəvi Xomeyni cənablarının ali səth üçün nəzərdə tutulan üsul dərsini, xüsusilə "Məbahisul-əlfaz" və "La cəbrə və la təfviz" bölməsini əqli və şəri dəlillərlə izah etmişdir. - Təliqatül-ustazil-əllamə", "Mənzumə" və "Əsfarül-ərbəə" kitabının fəlsəfi əsasları barədə Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin nəzərlərinin izahı. - "Səfər və camaat namazı" və həccin mühüm məsələlərinin bəzisi haqqında Ayətullahül-üzma Seyid Mahmud Şahrudi cənablarının ali səth üçün nəzərdə tutulan dərsinin izahı. - Ayətullahül-üzma Seyid Əbulqasim Xoyi cənablarının ali səth üçün nəzərdə tutulan üsul dərsinin tam izahı. - Ayətullahül-üzma Şeyx Hüseyn Hilli cənablarının "Bey" (alver), "Xiyarat" (ixtiyarlar) və "Ürvətül-vüsqa" kitabının "Təharət" bölməsinin ali səth üçün nəzərdə tutulan dərsinin izahı. - "La zərər və la zirar" qaydası haqqında risalə. - Axund Xorasaninin "Kifayətül-üsul" kitabının şərhi. - "Əl-libasül-məşkuk" (şəkkli paltar) risaləsi. - "Fürıf ül-ilmül-icmali" adlı risalə. - Fiqh elmində olan "iqrar", "Riza" və başqa mühüm qaydalar haqqında risalə. - "Əl-fiqhül-məbsut" kitabı. Alim bu kitabda fiqhi məsələlərə xüsusi tərzlə yanaşmış və onları araşdırmışdır. Kitabın əvvəlində Quran ayələri, hədislər, üsul elminin qanunları və şəri dəlillər özünə geniş yer almaqla yanaşı, onlar izah edilmiş və əməli göstərişlər ətraflı şəkildə şərh olunmuşdur. - "Tovzihül-məsail" (əməli göstərişlər) risaləsi. Bundan əlavə bu görkəmli alim əxlaq elmində və nəfsin saflaşdırılması haqqında bir sıra kitablar yazmışdır ki, hələ çap olunmayıb. Allah Təaladan istəyirik ki, o kitabların çap olunmasında yardımçı olsun!
Elmi məqamı
Ayətullahül-üzma Müfti-şiə cənabları, görkəmli alim və mərcəi təqlidlərdən müctəhidlik icazəsini almışdır. Alimlərin onun üçün yazdıqları icazənamələrdə bu alimin elm və təqvada uca məqama sahib olması barədə yazılar öz əksini tapır. O alimlər Ayətullahül-üzma Müfti-şiə cənablarının uca mənəvi-əxlaqi məqamlarını, təhqiqatçı, nəzər sahibi olmasını və əxlaqi xüsusiyyətlərini xüsusi ilə vurğulamışlar. Hətta görkəmli mərcəi təqlid və alimlərin bəzisi onunla mühüm məsələlərdə məsləhətləşirdilər. Ayətullahül-üzma Seyid Mahmud Şahrudi hicri qəməri tarixi ilə 1390-cı il zil-qədə ayının 26-da onunla bağlı yazdığı məktubda bildirir: "Nəcəf elmi mədrəsəsinin ona və onun kimi böyük alimlərə ehtiyacı çoxdur. Buna görə mən onun Nəcəfdə qalmasını vacib sayıram".
İctimai xidmətləri
Ayətullahül-üzma Müfti-şiə cənabları imkansız şəxslərə xidmət və kömək etməkdə çox çalışır. O, məktəb və xeyriyyə cəmiyyətlərinin inşasında, məscid və tibb məntəqələrinin tikilməsində mühüm rola malikdir. O bəzi alimlərə, ehtiyacı olan və imkansız şəxslər üçün nəzərdə tutulan xeyriyyə tədbirlərində xüms pulundan xərcləməyə icazə verib. Sonda mərhum Ayətullahül-üzma Səbzvari cənablarının onun şəxsiyyəti haqqında buyurduğu sözlə kifayətlənirik: "Siz kamil və ləyaqətli şəxssiniz və sizin yaxşı işlərinizdən razıyıq".
islaminsesi.az |