| 
				
			   RAMAZAN AYINDA ORUC TUTMAĞIN BƏZİ FƏLSƏFƏLƏRİ VƏ FAYDALARI1-NƏFSANİ İSTƏKLƏRİ CİLOVLAMAQ
 Oruc tutmaq insana öz şəhəvani və nəfsani, istəklərini cilovlamağa kömək
 edir. Nəticədə insan öz ağlını həris, azğın şeytani hisslərin
 zindanından azad edərək ruhunu hürriyyətə qovuşdurur. İmam Rza(ə) buyurur
 :" Oruc tutmaq şəhvət və ehtiras alovunu söndürər." ("İləlüş-şəraye",
 fəsil. 103, səh. 379 )
 Allaha xatir oruc tutan şəxs orucunu batil edən şəhəvani əməllərdən uzaq
 qalmaqla pis, xoşagəlməz işlərə arxa çevirərək qəlbini və əməllərini
 paklaşdırır. Bir sözlə oruc insanı ilahi təqvaya doğru yönəldir. Necə ki,
 Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur:
 يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ
 عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى
 الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ
 تَتَّقُونَ
 "Ey möminlər!Oructutmaq sizə vacib oldu, necə ki, sizdən qabaqki ümmətlərə
 də vacib olmuşdu. Bəlkə (orucun vasitəsilə) təqvalı olasınız.”
 2-İNSANİ HİSSLƏRİ OYATMAQ
 Deməli, oruc tutmaq mənəvi hisslərin dirçələrək, inkişafına səbəb olur.
 Uca Yaradanın razılığını əldə etmək istəyən və Tanrı dərgahında
 orucunun ən ali şəkildə qəbul olunması üçün çalışan insan gözəl,
 bəyənilmiş işlərə əl atır. Belə ki, Ramazan ayında oruc tutmağın vacib
 buyurulması insanların aclıq və ehtiyacın nə olduğunu anlamaları
 üçündür. Bir ay oruc tutmaq hər kəsin,  xüsusilə də, zəngin və
 varlıların yoxsul insanların ehtiyaclarını və çətinliklərini dərk
 etmələrinə, onlara yardım əli uzatmalarına səbəb olur. İmam Rza(ə)
 buyurur: "Orucun insanlara vacib edilməsinin hikməti aclıq və susuzluğun nə
 olduğunu dərk etmələri xatirinədir." ("Vəsailüş-şiə", "kitabüs-soum",
 fəsil. 1 əbvabüs-soum, h. 3)
 İmam Sadiq (ə) də, bu barədə buyurur :" Allah Ramazan ayında oruc tutmağı
 insanlara ona görə vacib etdi ki, varlı və kasıb bərabər olsun."
 ("İləlüş-şəraye", fəsil. 108, səh. 378)
 3-İNSANLARA BAĞIŞLANMALARI ÜÇÜN FÜRSƏT VERMƏK
 Şübhəsiz rəhmət və mərhəmət ayı olan Ramazanda oruc tutmağın vacib
 edilməsi insanların günahlarını bağışlatmaları üçün onlara bu mübarək
 ay ərzində verilən dəyərli bir fürsətdir. Şeytanın həbs edildiyi, saleh
 əməllərin düşünüldüyündən dəfələrcə üstün dəyərləndirildiyi və
 hətta mübah işlərin də, savab sayıldığı bu bərəkətli ay, hər bir
 möminin qurtuluş ayi ola bilər. Əlbəttə ki,şeytanı oruc tutan insanların
 pak əməlləri həbs edir. Unutmaq olmaz ki, Həzrət Məhəmməd(s) buyurur: "Oruc
 tutmaq şeytanın üzünü qara edər." ("Vəsailüş-şiə", babüs-soum, fəsil.
 1, h. 2)
 Sözsüz ki, bu fürsətdən yalnız həqiqi oruc tutanlar faydalana bilər.
 Allahın sevimli Rəsulu(s)hədislərin birində Cabirə buyurur :" Hər kəs oruc
 tutub, gecənin bur hissəsini ibadət edə, qarnını, ehtirasını və dilini
 günah işlərdən qoruya, bu aydan çıxdığı kimi bütün günahların
 girdabından da, bağışlanmış halda çlxar."
 Cabir deyir: "Necə də gözəl hədisdir?"
 Peyğəmbər(s) buyurur: "Ey Cabir! De ki, nə yaman çətin şərtlərdir. Çünki,
 nə çox gecə namazı qılan şəxslər ki, ( etdiyi başqa pis əməllərinə
 görə) ondan bəhrəsi yalnız elə oyaq qalmaqdır. Və nə çox oruc tutan
 şəxslər ki, (etdiyi başqa pis əməllərinə səbəbilə) ondan bəhrəsi
 yalnız aclıq və susuzluqdur. Bilin hər kəs Ramazan ayını oruc tuta ,bu ayda
 haramdan , böhtandan uzaq ola Allah ondan razı olar və behişti ona vacib
 bilər." ("Vəsailüş-şiə", c. 93, səh 346)
 4-QƏLBƏ TƏSKİNLİK VERMƏK
 Oruc tutmaq qəlbə təskinlik verir. Necə ki, Həzrət Əli(ə) buyurur: "Oruc
 insanın qəlbini aramlaşdırmaq, sakitləşdirmək üçündür."
 ("Vəsailüş-şiə", babüs-soum, c. 3, h. 5) Məlumdur ki, oruc tutan insan,
 Allahın əmrinə görə oruc tutub, pis əməllərdən çəkindiyi üçün daim Onu
 yad edir, elə bu səbəbə də, aram, sakit qəlbə sahib olur. Qurani-Kərimin
 buyurduğu kimi;
 أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
 "Bilin ki, Allahı yada salmaqla, qəlblər rahatlıq tapar." (Rəd surəsi,28-ci ayə)
 5-SAĞLAMLIGI QORUMAQ
 Əziz Peyğəmbərimiz(ə) buyurur : "Oruc tutun ki, sağlam olasınız." ("
 Vəsailüş-şiə", c. 93, səh. 344)
 Oruc tutmağın faydalarından biri də, bədənin sağlamlığını qorumaqdır.
 İslamın göstərişlərinə uyğun şəkildə oruc tutmaq insan sağlamlığında
 böyük təsirə malikdir. Hətta oruc tutmağın bir çox xəstəliklərin
 müalicəsi üçün dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən
 dəfələrlə məsləhət görülmüşdür. İmam Sadiq(ə) bu barədə belə
 buyurur :" Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc
 tutmaqdır." ("Camei-əhadisüş-şiə", kitabüs-soum, c. 10, səh. 294)
 Əziz müsəlman bacı və qardaşlar! Unutmayın ki, bu bərəkət və rəhmətlə
 dolu Ramazan ayı sizin ilahi mərhəmətinə qovuşmağınız üçün ən gözəl
 vaxtdır. Bu fürsəti əldən verməyin.
 ALLAH ORUC VƏ NAMAZLARINIZI QƏBUL ETSİN. AMİN!
 
 Müəllif:
 Əfzələddin Rəhimov
 
 |