Şenbe, 21.12.2024, 21:08
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Hədislər

    Mizanul–hikmet (xülasesi)
     
     
     
     
    Mizanul–hikmət (xülasəsi)
    Peyğəmbər (s) və İmamların (ə) mübarək hədisləri
    Müqəddimə
    İlahi dinlər arasında ən kamil və ən əhatəli din olan müqəddəs İslam dini ilahi maarifin bütün sahələrini əhatə edir. Bu müqəddəs din ilahi maarifin tərənnümçüsü qismində, Allah-Taalanın yer üzünün insanlarında görmək istədiyi bütün insani keyfiyyətləri, kamil və dininə bağlı insanın həyatının bütün aspektlərini təsvir edir. İslam maarifi üç prinsip: etiqad, əhkam və əxlaq əsasında qurulmuşdur.
         Etiqad bölümü bir müsəlmanın nəyə və necə etiqad bəsləməli olduğu və bu düşüncə tərzinin yekunu kimi varlıq aləminin hansı reallıqlarına çatması, azğınlıq və zəlillik vadisində səfil qalmaması ətrafındakı insani düşüncə və təfəkkür istiqamətlərinə şamil olunur.
         Əhkam, insanın özbaşına rəftarla və müxtəlif vasitələrlə, Allah-Taalanın onun təbiətində qoyduğu, varlıq aləmi ilə səsləşən fitrətinə zidd üsullara əl atmaqla özünü puç etməməsi üçün onun əməl və rəftarını konkretləşdirən göstərişlər toplusudur.
         Əxlaq bölümü isə mənəviyyatın, ruhun, torpaqdan yaradılmış insanın mələklərdən daha gözəl və əzəmətli olana qədər mənəvi gözəlliklərlə zinətlənməsindən bəhs edir. Bu üç bölümün istinadgahı İslam dinidir. Etiqad, əhkam, əxlaq üçün müraciət olunacaq mənbə isə, ilk növbədə Qurani-Kərim və Qurandan sonra İslamın əziz Peyğəmbəri Həzrət Muhəmmədin (s) və Əhli-beytinin (ə) kəlamları, rəftarlarıdır.
         İslam Peyğəmbərinin (s) və onun Əhli-beyti olan məsum İmamların (ə) hədisləri, əslində birinci prinsipin, yəni Qurani-Kərimin təfsiri və izahıdır. Təbiidir ki, Peyğəmbərin(s) və məsum İmamların (ə) hədisləri olmasaydı, Qurani-Kərimə, onun ruh və təlimləri ilə daban-dabana zidd olan yozum və şərhlər veriləcəkdi. İslamın əziz Peyğəmbərinin (s) öz Əhli-beytini Qurani-Kərimlə birgə əmanət qoyması və Əhli-beytinin Qurandan ayrılmaz olduğunu dönə-dönə təkid etməsi də bununla əlaqədardır ki, Quran bəşərin nəfsani istəklərinin və xəyallarının girdabına düçar olmasın. Onun mətni, İlahinin vədinə görə təhriflərdən qorunub saxlandığı kimi, məzmunu da, Allahın lütfü ilə Peyğəmbər Əhli-beytinin (ə) izah və təfsirləri sayəsində cahil və azğınların hücumlarından müdafiə olunsun. Bu ideoloji əsasa söykənən müsəlmanlar, böyük İslam Peyğəmbərinin (s) və Əhli-beytinin (ə) sözlərini və rəftarlarını yazıya köçürüb saxlamışlar. Hədislərin yazılması və qeydiyyatı, son höccət, məsum İmamın (ə.c.) «qeybəti kubrasına» – 329-cu hicri qəməri ilinə qədər davam etmişdir. Başqa sözlə desək, həmin vaxta qədər Əhli-beyt imamları (ə) silsiləsinin vasitəsilə hər üç prinsipi-etiqad, əhkam və əxlaqı izah edən yeni-yeni hədisləri əldə etmək imkanı olmuşdur. Həmin zamanadək hədislərin toplanması mövzusunda İslam alimləri tərəfindən saysız-hesabsız kitablar yazılmışdır. Ondan sonra da, görkəmli İslam alimləri böyük əziyyət və zəhmətlər bahasına çoxsaylı hədis toplularını hazırlamışlar.
         Bu proses yaşadığımız əsrə qədər ardıcıl, şəkildə davam etmişdir və Allahın istəyi ilə bundan sonra da belə olacaqdır. Ötən dövrlərdə adlı-sanlı İslam alimləri tərəfindən qələmə alınmış hədis kitabları müasir hədis toplularının baza və əsasını təşkil etsələr də, yeni-yeni məsələlərin meydana gəlməsi, cəmiyyətin ehtiyacının artması, elmin, insan həyatının inkişafı hər bir zamanda alimlərin, din xadimlərinin yeni tədqiqatlara başlamalarını, hər üç sahədəki ehtiyacların Peyğəmbər (s) və Əhli-beytinin (ə) hədislərinə istinadən ödənilməsini tələb edir. Təbii ki, bu işin öhdəsindən hədisşünaslıq və ona aid sahələr üzrə mütəxəssis alimlər gələ bilər. Çünki hədis elminin özü də, güclü hədislə zəifi, doğru və yanlışı, bir sözlə hədis növlərinin bir-birindən ayırd edilməsini təmin edən özünəməxsus incəlik və çətinliklərdən xali deyil. Belə ki, hər bir elmin öz mütəxəssisləri var və həmin elmi öyrənmək üçün məhz onlara müraciət olunmalıdır.
         Böyük təşəbbüskarlığın məhsulu olan çox dəyərli «Mizanul-hikmət» kitabı İslam Peyğəmbəri (s) və Əhli-beytinin (ə) hədisləri barədə müasir dövrdə qələmə alınmış kitablardandır. Əsərin on cildlik toplusu ilk dəfə 1981-ci miladi ilində (1360 hicri şəmsi) çap olunaraq dünya müsəlmanlarının ixtiyarına verilmişdir. Kitabın müəllifi, İslam elmlərinin yorulmaz tədqiqatçı alimlərindən olan böyük ustadım, rəbbani alim, Həzrət Ayətullah cənab Muhəmməd Muhəmmədi Reyşəhridir (damət bərəkatuh). O, özünün xüsusi diqqəti və İslam elmlərinə, müasir beynəlxalq vəziyyətə və hazırki cəmiyyətin ehtiyaclarına olan əhatəli baxışı ilə İslam hədislərini tədqiq etmişir. Onun zəhmətlərinin bəhrəsi olan bu kitab, İslam dünyasında böyük rəğbətlə qarşılanmışdır. Bu dəyərli əsər, nəşrindən keçən 22 il ərzində, dəfələrlə yenidən çap və dünyanın bir çox əsas dillərinə tərcümə olunmuşdur. Qiymətli toplunun bir sıra orijinal xüsusiyyətləri var və qısaca, onlardan bəzilərini qeyd edirik:
         1. Çox hörmətli müəllif öz təşəbbüsünə uyğun olaraq, hədisləri Quran ayələrinin ardınca elə formada vermişdir ki, hədis, Qurani-Kərimin mənasının başa düşülməsində açar rolunu oynayır.
         2. Rəvayətlərin seçilməsi və fəsillər üzrə bölgüsü yeni və ürəyə yatan bir metodla həyata keçirilmişdir.
         3. Günümüzün tələblərinə uyğun olaraq, rəvayətlər üçün çoxsaylı başlıq və mövzular çıxarılmışdır. Belə ki, Quran və İslamın həmin məsələlərdə fikrini bilmək istəyənlərin mütləq əksəriyyəti, özlərinin nəzərdə tutduqları mövzuları burada tapa bilərlər.
         4. Rəvayətlər çox diqqətlə və hədis elmindəki xüsusi ekspert tələbkarlığı ilə seçilmişdir.
         5. Kitabda bütün İslam firqələrinin mənbələrindən istifadə olunmuşdur.
         6. Hədislərin verilməsindən əlavə, onun istinad məxəzləri və bu rəvayətin, yaxud da bu mövzuda olan rəvayətlərin digər mənbələri də göstərilmişdir.
         Əlbəttə, bu dəyərli kitabın çoxsaylı başqa üstün cəhət və xüsusiyyətləri də var. Ancaq yazının yığcamlığını gözləmək məqsədi ilə, yazılanlarla kitfayətlənirəm. Əminəm ki, hörmətli oxucu və mütəxəssislərin özləri də, kitabdakı digər üstün cəhətləri görəcəklər.
         İslam hədisləri və ona aid elmlər sahəsində müsəlman dünyasının ən mühüm tədqiqat mərkəzlərindən biri olan və Həzrət Ayətullah cənab Muhəmmədi Reyşəhrinin nəzarəti altında İslam hədisləri sahəsində tədqiqat işləri aparan «Darul-hədis» mərkəzi «Mizanul-Hikmət»in müntəxabatını çap etdirmişdir. Bu iş daşıdığı xüsusi əhəmiyyətlə yanaşı, dünya müsəlmanları üçün də çox faydalı bir işdir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzi İranın və Azərbaycanın müsəlman xalqlarının qırılmaz tellərlə bir-birinə bağlandığını və dost, qardaş Azərbaycan xalqına mədəni xidmətlər göstərilməsi məqsədilə «Mizanul-hikmətin müntəxabatı» kitabının azərbaycan dilinə tərcüməsini təşkil etmişdir. Azərbaycan elmi ictimaiyyətinin və vətəndaşlarının müqəddəs İslam dininin mənbə kitablarına və əsas prinsiplərinə nə səviyyədə ehtiyac duyduğunu nəzərə alsaq, bu işin əzəməti və göstərilən xidmətin böyüklüyü daha da aydın olar. Kitabın Hacı Ağabala Mehdiyev, Məşədi Elşən Mahmudov, Hacı Etibar Quliyev və hörmətli redaktor Hacı xanım Dürdanə Cəfərlidən (əyyədəhumullah) ibarət tərcümə qrupu Mədəniyyət Mərkəzinin dini eksperti, səmimi və köhnə dostum böyük alim höccətül islam vəlmüslimin cənab Hacı Şeyx Adil Mövlayinin (damət ifazatuh) elmi redaktorluğu ilə yorulmaz səy göstərmiş və işdə qarşıya çıxan çoxsaylı çətinlikləri aradan götürməklə kitabın tərcüməsini 6 ay ərzində başa çatdırmışlar. Əlbəttə, mənbə və tərcümə dillərindəki incəliklər, sözlə məna arasında optimal variantın tapılması kimi məqamlar bu sahənin mütəxəssislərinə gizlin deyil. Xüsusilə də, hazırki kitab kimi sırf dini məzmunlu ədəbiyyatların tərcüməsi xüsusi bir diqqət və həssaslıq tələb edir. Belə məqamlara riayət olunması, bir sıra hallarda tərcümədə cüzi qüsurlara gətirib çıxarır ki, bu da olduqca təbiidir. Bununla əlaqədar, hörmətli alim və müttəxəsislərin rəylərinə ehtiyac var və güman edirəm ki, onların faydalı olanlarından növbəti çaplarda istifadə olunacaqdır.
         Nəhayət ki, qiymətli əsəri böyük sevinclə Azərbaycan Respublikasının müsəlman xalqına, ismət və paklıq nümunəsi olan Əhli-beytinin (ə) aşiqlərinə təqdim edərək Həzrət Məhdi Sahibəz-zəmandan (ərvahuna fədah) bu kiçik xidmətimizi qəbul etməsini, acizanə diləyirəm. Həqiqətən də, Onun razılığı haqq olan Allahın razılığı ilə nəticələnər.
         
    İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzinin sədri
    Seyyid Əliəkbər Ocaqnejad


    Источник: http://www.kovser.az
    Категория: Hədislər | Добавил: media-islam (08.07.2008) | Автор: www.kovser.az E W
    Просмотров: 7926 | Рейтинг: 3.1/14
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər