HAQQA BAŞ ƏY, ZİYANINA OLSA DA! - 3 Октября 2008 - ....::İslam::....
Cüme, 09.12.2016, 09:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Oktyabr » 3 » HAQQA BAŞ ƏY, ZİYANINA OLSA DA!
    17:20
    HAQQA BAŞ ƏY, ZİYANINA OLSA DA!
     
     
     
     
    Artıq mübarək Ramazan ayını geridə qoymuşuq. Bu nurani ilahi ziyafətin içnidə bir çox fəzilətlər ilə yanaşı, tövbə və istiğfar üçün fövqəl fürsətlər var idı. Hətta nəinki ümumi bir halda bu imkan mövcud idi, onlarla yanaşı gündəlik əməllərin içində xüsusi zikrlər var idi ki, bunlarda insan tövbə edir və bağışlanmaq istəyirdi. Mərhəmət  ayı olan bu mübarək mənəvi səfərdə müalicə olunmaq üçün böyük fürsət yaranmışdır. Duyğuların sağalması üçün, zövqlərin sağalması üçün, dadbilmənin sağalması üçün, anlamanın sağalmısı üçün böyük bir fürsət. Lakin ən əsası odur ki, bu aydakı tövsiyyə edilən əməllərdən insan ibrət götürüb il boyu bu mənəvi halətini qoruyub saxlaya bilsin. Uca Allahdan hər bir iman əhli üçün mübarək ayda əldə edilən bu imkanlardan il ərzində doğru bəhrələnməni diləyirik! 

        QƏLBİ SAĞALTMAQ

         Ötən söhbətlərdən bəlli oldu ki, günahlar xəstəlik kimidir və xəstənin sağalması üçün öz xəstəliyini bilməsi zəruri olduğu kimi, insanın da günahları tanıması lazımdır. İnsan bilsə ki, xəstədir, xəstəliyini aradan aparmaq üçün əlac axtarar.

        O məsələyə də toxunduq ki, əksər hallarda toplumda tövbənin nə isə böyük günahlara, fövqəladə dərəcədə pis əməllərə görə edilməsi başa düşülür. Halbuki, insan gündə neçə dəfə naşükürlük, rəhmətdən ümidsizlik, yalan, qeybət, pis zənn etmə və digər günahlara mübtəla olur və bunların fərqinə varıb, müalicə olunmaq istəməsə, qəlbinin sağalmasına nail olmayacaq.

        İnsanın kiçikli-böyüklü günahlarının, xətalarının, çatışmazlıqlarının əncamıdır tövbə. İnsan anlasa dərdlərini və tanısa təbibini, təbibinin müəyyən etdiyi müalicə üsullarına üz tutsa – şəfa tapar. Bilsə ki, ən böyük təbibi – Allahdır, və onun göndərdikləri Məsumlar (ə) ən yaxşı müalicə edənlərdir – xəstəliyindən qurtular. Belə durumda olsa,  ilin hər anına, hər dəqiqəsinə fürsət kimi baxar. Həmahənglik yaradar insan öz daxili ilə təbibi arasında.
       
    BATİL – HİYLƏGƏR və ALDADICIDIR

        İslami mətnlərə müraciət etsək, görərik ki, günah xəstəliyindən şəfa tapmağın ən gözəl üsulu – tövbədir, istiğfar, bağışlanma diləməkdir. Və tövbə ilə bağlı ən mühüm məqamlardan biri odur ki, insan necə bilsin ki, tövbə edib, ya etməyib? Necə bilsin ki, sağalıb, ya yox? Necə bilsin ki, tövbələri qəbul olunub, bağışlanıb, ya yox? Necə bilsin ki, daxilindəki «viruslar» məhv olub, ya olmayıb? Əziz Peyğəmbərimizin (s) buyuruşunda bu suala cavab verilir: «Tövbə etmiş şəxsin 4 nişanəsi var: - əməli yalnız Allaha görə xalisləşdirmək; - batili tərk etmək; - haqqa bağlılıq və - yaxşılığa hərislik».

        Gördüyümüz kimi, əziz dinimiz sağalmanın, bağışlanmanın 4 əlamətini göstərib. Birincisi, insan əməllərini yalnız Allaha görə xalisləşdirməlidir. İkincisi: hər bir batili tərk etməlidir – istər böyük günah olsun, istər kiçik, istər xəta olsun, istərsə də mənasız iş. Üçüncüsü – haqqa bağlı olmaq və dördüncü – yaxşılığa qarşı böyük həvəsli olmaq.

        Batili tərk etməyə aid onu qeyd etməliyik ki, insan hər an öz əməllərinə nəzarət etməlidir. Bir parazit təki onun vaxtını, enerjisini, istedadlarını gəmirən boş işlərdən uzaq olmalıdır. Amma nəzərə almaq lazımdır ki, bu – göründüyü kimi asan məsələ deyil. Batil çox vaxt gözəl çərçivələnmiş vəziyyədə gəlir insanın yanına. Həzrət Əli (ə) buyurur: «Batil – hiyləgər və aldadıcıdır».

        Elə deyil ki, batil gəlib özü bəyan etsin ki, bəs mən pisəm, diqqətli olun! Elə elementar misal: içkinin, siqaretin, pis vərdiş və bihudə işlərin reklamı, təqdimatı çalışılır ki, cazibədar və bər-bəzəkli olsun. İndi müxtəif istehlak cəmiyyətləri çalışır ki, bunların ziyanvericiliyi mahiyyəti barədə xəbərdarlıq olsun. Amma xəbərdarlıq olanda da, çox ötəri və yeksənək bir formada olur, amma ziyanlı nəsnənin özü isə gözəl şəkildə təqdim edilir. İblis lənətlik çalışır batili insanın gözündə cazibəli göndərsin batili və yanlışı, bununla da insanın diqqətini yayındırsın.

        HƏR YOLUN BƏLƏDÇİSİ VAR

        Haqqa dəvət edən olan kimi, batilin də dəvətçisi var. İmam Əli (ə) buyurur: «Haqq – cənnət yoludur, batil – od yolu. Və hər bir yolun üzərində (dayanıb ona) dəvət edən var».

        Amma nəzərə almaq lazımdır ki, batili nə qədər gözəl təqdim etməyə çalışsalar da, insanda haqqı tanımaqla bağlı güclü daxili hiss var. İmam Cəfər Sadiq (ə) buyurur: «Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz».

        Əlbəttə ki, qəlbin haqqı batildən ayırması üçün, onun gerçək Təbibi olan Rəbbi ilə əlaqəsi qırılmamalıdır. Əks təqdirə, şeytanın vəs-vəsləri ona təsir edə və o, özünü aldada bilər. Zira, bəzən haqqı etiraf etmək çətin ola bilir ona…

        Qeyd etdik ki, çox adam batili böyük şeylərdə birtəhər görür, amma gündəlik iş-gücündə görməməyə üstünlük verir. Amma unudulmamalı ki, batilin kiçiyi sistemləşəndə, böyük batilə çevrilir. İnsanın daxilində elə şaxələr salır, elə meyvələr verir ki, artıq bunun kökünü tapmaq belə çətin olur.

        Ümumi halda hər şey aydındır. Hər nə ki, insanı Allaha yaxınlaşmağa qoymur – batildir. Hər nə ki, insanın Allah deyən kimi yaşamasına imkan vermir – batildir. Zamanına görə, məkanına görə, şərait və vəziyyətinə görə məsələlər fərqlənə bilər. Ona görə insan diqqətli olmalıdır, ayıq olmalıdır. Sağalmaq istəyirsə, batilə qarşı həssas olmalı, qəlbinin batillə dolmasına imkan verməməlidir.

        ƏN GÖZƏL DAYAQ

        Dinimizin sağalmağın əlaməti kimi haqqa bağlılığı göstərməsini qeyd etdik. Sağlam insanın, tövbəsi ünvana yetişən insanın haqqa bağlılığı əmələ gəlməlidir. İnsan əgər gerçək tövbə, istiğfar etsə onun daxilində haqqa bağlılıq yaranar. Həzrət Əli (ə) buyurur: «Haqq – ən güclü dayaqdır».

        Haqqa bağlanmaq – ən güclü dayağa bağlanmaqdır. Haqq zahirdə ağır ola bilər, amma nicat verəndir. Batil nə qədər asan görünsə də, insanı məhvə sürükləyir. Həzrət Əli (ə) buyurur: «Həqiqətən, haqq ağır, amma safdır. Batilsə yüngül və asan olsa da, öldürəndir».

        Əslində haqqa münasibət insanın keyfiyyətini müəyyən edir. İnsanın Allah Təala yanında dəyər-qiyməti haqqa münasibətlə aşkar olur. Həzrət Əli (ə) buyurur: «Allah yanında ən üstün insan odur ki, haqq onun üçün zərərli və qüssəli, batilsə mənfəətli və artımlı olsa da, haqqa əməl etməyi batilə əməl etməkdən çox sevsin».

        İnsan ola bilər nəyisə zahirən zərərli, nəyisə zahirən mənfəətli görsün. Amma həqiqi zərər və həqiqi mənfəət digər müstəvidə həll olunur. İmtahan dünyasında nəyinsə zərərli görünməsi, nəyinsə xeyirli təqdim olunması insanın aqibətində heç nəyi həll edə bilməz. Əsas odur ki, insan haqqın yanında olsun. Haqqın yanında olan heç zaman uduzmaz. Və şərt odur ki, insan bu seçimini sevsin. Bu seçimin düzgünlüyü ona ruhi rahatlıq və sevinc gətirsin.

        Hər bir insan üçün bu seçim var. Məişətdə, insanlar arasındakı münasibətlərdə, iqtisadi fəaliyyətində, ictimai həyatda. Hərənin bir imtahanı, bir sınağı var. Hərənin bir müstəvidə haqqla batil arasında seçim etməsi var. Və həyat bu imtahanlardan ibarətdir. Xoş olsun o insanın halına ki, haqqı seçə, zahirən ziyanına olsa da belə. Və sevinsin bu seçimindən. Sağlamlıq əlamətidir bu.  

        İZZƏT HAQQA BAŞ ƏYƏNDƏDİR

        Haqqa üstünlük vermək, haqqın qarşısında öz ambisiyalarından əl çəkmək zəlillik deyil, izzətin nişanəsidir. İmam Cəfər Sadiq (ə) buyurub: «İzzət və hörmət  odur ki, haqqla üz-üzə gələndə onun qarşısında baş əyəsən».

        Çox nəcib bir xüsusiyyətdir. Heç də həmişə bu asan olmur. Bəzən ağrılı bir proses olur. Xüsusən də, adam yanlış yolla gedəndə. Bu yolun yanlışlığını ona göstərəndə, razı olub, haqqı qəbul edən də var, inadkarlıq edib, özünü zəlil edən də. Allah Təala həqiqi böyüklüyü, haqqın qarşısında baş əyməyi hamıya qismət etsin.

        Bəzən elə olur ki, adam haqqın harada, nədə olmasını görür. Amma qəbul etmək istəmir. Daxilindəki yanlış komplekslər ona mane olur. Sağlam adam, izzətli adam, ləyaqətli adam odur ki, haqq qarşısında baş əysin.

        Dinimiz fəqət haqqın qarşısında baş əyməyi istəyir. Deyir, narahat olma, izzətinə, ləyaqətinə xələl gəlməyəcək sənin ey insan, əgər haqqın qarşısında baş əysən. İzzət Allahın əlindədir. Əziz edən, izzətli edən Odur. Bütün şərait və vəziyyətlərdə haqqı tanı və baş əy onun qarşısında.

        YAXŞILIQ ETMƏK HƏVƏSİ

        Dördüncü cəhət ki, sağalmış insana aid edir dinimiz – yaxşılıqlara hərislikdir. Millətimiz üçün çox doğma keyfiyyətdir bu. Hər zaman camaat üçün bulaq inşa edən, el-oba üçün su çəkən, yolu təmizləyən insanlarımız olub. Camaat üçün, ümum üçün rahatlıq yaratmaq hər zaman şərəf sayılıb elimizdə. İndiki zamanda bu anlayışlar, bü rəftar tərzi tədricən itməyə doğru bir səmt götürüb. İndi «hər kəs öz marağını güdməlidir» kimi yabançı məfkurələr sırınmaq istənilir topluma. Çalışaq, əldən verməyək yaxşılıq etmək həvəsini, xeyrə-şərə yaramaq ənənəsini.

        Sağalmış insan gərək yaxşılıq etməyin hərisi olsun. İslam Peyğəmbəri (s) buyurur: «Hər kim insanın çöldə əlindən tutub 40 addım yol aparsa, bütün Yer üzü qızılla dolsa belə (və ona verilsə), onun bu işinin mükafatının bir iynə ucu qədərini də verməz. Onu yolda gözləyən təhlükədən uzaqlaşdırsa, Qiyamət günündə bu iş yaxşılıqdlar tərəzisində dünyadan yüz min dəfə artıq gələcəkdir».

        Baxırsan, bir adam çıxır qarşına. Hərəkət edə bilmir, çətinlik çəkir. Tutdunuz əlindən, kömək etdiniz getməyə. Dinimiz deyir ki, bunun savabının müqabilini ölçmək belə mümkün deyil. İstər fiziki mənada, istər mənəvi mənada kömək. İstər fiziki mənada insana yol getməyə kömək edəsən, istər mənəvi mənada. İstər fiziki mənada insanı təhlükələrdən agah edəsən, təhlükələri ondan sovuşdurasan, istər mənəvi mənada. Allah Təala insanın bu nəcib işinin müqabilində təsəvvürə gəlməz səviyyədə savab verir.

        Əməlin xırdası da, irisi də mükafatlandırılır. Təki bəndə ixlasla bu işi görsün. İslam Peyğəmbəri (s) buyurur: «Bir bəndə, müsəlmanların yolundan bir tikan kolunu götürdüyünə görə cənnətə getdi».

        YAXŞILIQ ÖZ ADI KİMİ GÖZƏLDİR

        Yaxşılığın əvəzini yalnız Allah Təala verə bilir. Heç nə onu ödəyə bilmir. İmam Cəfər Sadiq (ə) buyurur: «Yaxşılığı öz adı kimi (yaxşı) gördüm. Onun (Allahın) verdiyi mükafatdan başqa heç bir şey yaxşılıq etməkdən üstün deyil».

        İnsan yaxşılığa diqqət etməlidir. Təşəkkürünü, ehtiramını unutmamalıdır. Hətta ən kiçik işə görə də. Belə etdikdə, cəmiyyətdə yaxşılıqların edilmə ənənəsinin yayılmasına və möhkəmləndirilməsinə, yaxşılığın təşviq olunmasına öz töhfəsini vermiş olar. Eyni zamanda, insan heç bir yaxşı əməli, o cümlədən, kiçicik əxlaqi müsbətlikləri də tərgitməməli, bunlara səhlənkar yanaşmamalıdır. Rəsuli-Əkrəm (s) buyurur: «Heç bir yaxşı əməli aşağı tutma. Hətta qardaşınla gülərüzlə təmasda olmaq (kimi əməl) olsa da belə».

        Demə ki, mənim işim qlobal məsələlərlədir. Mən böyük yaxşılıqlar üçün yaranmışam. Elə kiçicik yaxşı işləri də unutma etməyi, kamil insanlardan olarsan. Bircə dənə gülər üz bəzən elə işlər görər ki, böyük-böyük sayılan işlər o nəticəni verməz.

        Yekunda bir mühüm nöqtəyə də toxunmaq zəruridir. Tövbə çox yaxşı bir işdir, amma insan gərək çalışsın günah iş tutmasın. Çünki, günahın vurduğu yaraları sağaltmaqdansa, bu yaraların heç izini də görməmək daha önəmli və daha asan bir yoldur. Həzrət Əli (ə) buyurur: «Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır».

        İnsan çalışsın ki, heç tövbəlik məsələ də olmasın. Allah Təala hər bir bəndəsini sağalmışlardan, mənəvi sağlam insanlardan qərar versin, inşəallah! AMİN!
    Hacı İlqar İbrahimoğlu
    ilahiyyatçı-filosof
    İçərişəhər «Cümə» məscidinin imam-camaatı
    Категория: Cümə söhbətləri | Просмотров: 1291 | Добавил: media-islam | Рейтинг: 1.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər