Bazar, 22.12.2024, 07:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    SARAY ALİMLƏRİ İLƏ MÜBARİZƏ
    SARAY ALİMLƏRİ İLƏ MÜBARİZƏ

    İMAM SƏCCADIN (Ə) ZÜHRİYƏ KƏSKİN MƏKTUBU (DAVAMI)

    Zührinin bu cür səriştəsiz sabiqəsini nəzərə alaraq İmam Səccad (ə) ona kəskin, eyni zamanda xeyirxah və nəsihətamiz bir məktub yazdı. İndi həmin məktubun tərcüməsini oxucuların nəzərinə çatdırırıq:
    (Davamı)
    «Diqqətli və ayıq ol, bu yolla sənə təhlükə xətəri elan olundu. (Özünü islah etmək məqsədilə) addım at, (hələ ki) sənə möhlət verilib. Sənin tərəf müqabilin (qarşında duran) nadan deyil, sənin əməllərinin hesabını çəkən (Allah) heç vaxt (sənin bu tərəddüdlərindən) qafil olmaz. Səfərə hazırlaş, qabaqda səni uzaq bir səfər gözləyir. Qəlbin bərk xəstələnmişdir, günahlarına bir əlac et.
    Elə bilmə ki, mən səni danlayıb tənə etmək istəyirəm, xeyr, istəyirəm Allah sənin keçmiş səhvlərini aradan qaldırsın, əlindən çıxmış dinini özünə qaytarsın. Burada Allahın buyurduğu "Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki, öyüd-nəsihət möminlərə fayda verir" (1) ayəsi yadıma düşür.
    Məgər öz yaşıdlarının ölüb getdiyini və indi tək qaldığını unutmusan? Gör sənin düçar olduğun kimi onlar da düçar olmuşdularmı? Sənin bədbəxt olduğun kimi onlar da bədbəxt olmuşdularmı? Onların unutduqları yaxşı şeyləri sən xatırlayırsanmı? Onların bilmədiyi şeyi sən bilirsənmi? Xeyr, belə deyil, əldə etdiyin nüfuz nəticəsində avam camaatın yanında hörmət qazandın. Sənin bu vəziyyətin camaatı zəhmətə saldı. Çünki onlar sənin nəzərinə əsasən rəftar edir, sənin əmrinə qulaq asır, halal saydığın şeyi halal, haram saydığını isə haram bilirlər. Düzdür, sənin (halal-haram məsələsində) heç bir səlahiyyətin yoxdur, ancaq onların marağını sənə cəlb edən şey onların səndə olan şeyə tamahları, alimlərinin əllərindən getmələri, nadanlığın sənə və onlara qalib gəlməsi, sənin və onların mal-dövlət fikrində olmanızdır.
    Bu qədər nadanlıq və təkəbbürə qərq olduğunu və camaatın fitnə-fəsad içində yaşadığını görmürsənmi? Onları bu müsibətə salan sənsən. Camaat sənin vəziyyət və mövqeyini görməklə öz qazandıqları nəticələri unudub sənin şöhrətinin vurğunu oldular. Onlar sənin elm rütbənə, ya da sənin şöhrət və məqamına nail olmağa can atırlar. Bu yolla da sənin hərəkətlərin nəticəsində dərinliyi bilinməyən (azğınlıq) dənizində boğulub cəhətləri məlum olmayan bir bəlaya düçar oldular. Allah bizim və sənin köməyinə çatsın, həqiqətən O, (ehtiyacı olanların) köməyinə çatandır.
    Keçmiş saleh bəndələrə birləşmək üçün indi bütün bu şan-şöhrətdən əl çək. Elə saleh bəndələr ki, kəfənlərə bürünüb torpağın qucağında yatmışlar, qarınları kürəklərinə yapışıb, onlarla Allah arasında heç bir maneə yoxdur, dünya onları aldatmır, onlar dünya vurğunu olmurlar. Onlar (Allahın görüşünə) ürək bağladılar, sonra da öz məbuduna (məbudun vədəsinə) dəvət olundular. Çox çəkmədi ki, (öz ölülərinə) birləşdilər. Dünya səni bu qoca yaşında, bu elmi məqamınla, bu ölüm ayağında bu cür yoldan çıxarıb öz vurğunu edirsə, bəs onda azyaşlı, nadan və zəif ruhiyyəli gənclərdən nə gözləmək olar? Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Kimə pənah aparmalı, kimdən kömək istəməliyik? Öz müsibətimizdən və səndə müşahidə etdiklərimizdən Allaha şikayət edir, sənin vasitənlə başımıza gəlmiş bu müsibətdə Allah dərgahından əcr və savab gözləyirik.
    Sənə uşaqlıqda və böyüklükdə ruzi vermiş Allahın şükrünü gör necə yerinə yetirdin? Dini sayəsində səni camaat arasında həyalı etmiş Allah qarşısında necə baş əyirsən? Səni camaat arasında bükdüyü İlahi libasın hörmətini necə saxlayırsan? Ona yaxın olub əmrlərinə tabe olmağı əmr etmiş Allaha yaxınlıq, ya uzaqlıq həddin nə qədərdir? Sənə nə olub ki, qəflət yuxusundan oyanmır, günahlarından tövbə etmirsən və "Allaha and olsun indiyədək Allaha görə heç bir hərəkət etməmişəm ki, onda Allah dinini dirçəldib, ya bir batili aradan aparmış olam" deyirsən?! Səni din elmlərinin alimi etmiş Allahın nemətlərinin şükrü budur?
    Qorxuram ki, Allahın buyurduğu "onlardan sonra namazı tərk edib   şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar" (2) ayəsi sənə də aid olsun.
    Allah sənə Quran (elmlərini) öyrətməklə elm və dini sənin yanında əmanət qoydu, sən isə ona xəyanət etdin. Allaha şükr edirəm ki, bizi sənin azğınlığından qorudu. Vəssalam." (3)

    PAK VƏ TƏQVALI OLMAQ DƏRSİ

    Elə bilməyin ki, Əməvi xəlifələri Zühri kimilər üçün hazırladıqları planlardan İmam Səccad(ə) üçün hazırlamırdılar. Xeyr, onlar bu cür planlardan çox çəkirdilər, ancaq İmam Səccad(ə) onların bu kələklərinə uymur, hədələrindən qorxmayıb şirnikdirmələrinə aldanmır, onlara qarşı etinasızlıq edirdi. Nə vaxt o Həzrəti cəlb etmək fikrinə düşürdülərsə, İmam Səccad(ə) onlara rədd cavabı verirdi. Aşağıdakı iki nümunə bu məsələyə doğru şahiddir:
    1)   Əbdülməlik öz xəlifəlik illərində bir dəfə həccə getmişdi. Həcc mərasimində o təvaf  edirdi. İmam Səccad(ə) da onun qarşısında təvafa məşğul idi və Əbdülməlikə heç bir etina etmirdi. İmam Səccadı(ə) yaxından görməyən və onu tanımayan Əbdülməlik dedi: "Bu kimdir ki, bizdən qabaqda təvaf edir və bizə heç etina etmir?" Dedilər ki, o, Əli ibn Hüseyndir (ə) (İmam Səccaddır). Əbdülməlik bir qıraqda oturub dedi: "Onu mənim yanıma gətirin." İmam Səccad(ə) onun yanına gələndə Əbdülməlik dedi: "Ey Əli ibn Hüseyn(ə)! Mən ki sənin atanın qatili deyiləm, niyə mənim yanıma gəlmirsən?" İmam Səccad(ə) buyurdu: "Atamın qatili onun dünyasını puç etdi, atam isə onun axirətini bərbad etdi. İndi sən də əgər atamın qatili kimi olmaq istəyirsənsə, onda ol!" Əbdülməlik dedi: "Yox, məqsədim budur ki, bizim yanımıza gəlib dünyəvi imkanatdan bəhrələnəsən. Bu vaxt İmam Səccad(ə) yerə oturub paltarının ətəyini açaraq buyurdu: "İlahi, Öz övliyalarının qədir-qiymətini ona göstər." Birdən gördülər ki, göz görə-görə o Həzrətin ətəyi gözləri qamaşdıran parlaq gövhərlə doldu. Sonra İmam Səccad(ə) buyurdu: "İlahi, bunları götür, bizim onlara ehtiyacımız yoxdur." (4)
    2)   Əbdülməlikə xəbər çatmışdı ki, Peyğəmbərin qılıncı Əli ibn Hüseyndədir (ə). (Bu da çox yaxşı şey idi. Çünki Peyğəmbərin yadigarı idi və fəxr olunası bir şey idi. Üstəlik bir növ hökumət simvolu hesab edilə bilərdi. Bundan da əlavə o qılıncın imam Səccadda (ə) olması Əbdülməliki narahat edirdi. Çünki İmam(ə) bununla camaatı öz ətrafına yığa bilərdi.) Buna görə də Əbdülməlik o Həzrətin yanına adam göndərib qılıncı ondan istədi. Hələ İmam Səccada(ə) bir məktub da yazıb bildirdi ki, əgər bir işi olsa xəlifə onu yerinə yetirməyə hazırdır. İmam  Səccad(ə) qasidə rədd cavabı verdi. Əbdülməlik təhdidamiz bir məktub yazıb bildirdi ki, əgər qılıncı verməsən, sənin beytül-maldan olan payını kəsəcəyəm. (O vaxt bütün camaat beytül-maldan pay aldığı kimi İmam Səccad(ə) da beytül-maldan pay alırdı.) İmam onun cavabında yazdı: Allah təqvalı bəndələri onların xoşuna gəlməyən şeylərdən qorumağı və gümanlarına belə gəlmədiyi yerdən onlara ruzi verəcəyini Öz öhdəsinə götürmüşdür. Allah Quranda buyurur ki, "Allah, həqiqətən heç bir xaini, nankoru sevməz." (5)

    ƏHKAM, ƏXLAQİ VƏ TƏRBİYƏVİ ƏSƏRLƏRİN NƏŞRİ

    İmam Səccadın(ə) öz dövrünün zülm və fəsadlarına qarşı mübarizə metodlarından biri də İslam hökmlərinin nəşri, əxlaqi və tərbiyəvi məsələlərin bəyan olunması olmuşdur. İmam Səccad(ə) bu sahədə çox böyük addımlar atmışdır. Belə ki, İmamın(ə) bu xidmətləri alimləri heyran qoymuş və onlar bu işi alqışlamağa məcbur olmuşlar. Əhli-beyt (ə) məktəbinin görkəmli alimi Şeyx Müfid bu barədə yazır: "Sünni məzhəbinin fəqihləri ondan (İmam Səccaddan) o qədər elm nəql olunmuş moizələr, dualar, Quran fəzilətləri,  halal-haramlar qeyd etmişlər ki, bunların hamısı bütün alimlər arasında məşhurdur. Onları izah etmək istəsək, söhbət çox uzanar..." (6)
    İmam Səccaddan(ə) yadigar qalmış əxlaqi-tərbiyəvi təlimlərdən bir nümunəsi "Risalətül-hüquq" adlı bir topludur. İmam burada insanın müxtəlif, istər Allah qarşısında, istərsə də özü və başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları İmam(ə) əvvəl qısa şəkildə, sonra isə ətraflı izah etmişdir.

    İmam Səccadın(ə) bəyan etdiyi vəzifələr, insanın boynunda olan haqların ardıcıllığı aşağıdakı şəkildədir:

    1) Allahın haqqı; 2) İnsanın nəfsinin haqqı;  3) Dilin  haqqı; 4) Qulağın haqqı; 5) Gözün haqqı; 6) Əlin haqqı; 7) Ayağın haqqı; 8) Qarının haqqı; 9) Övrətin haqqı; 10) Namazın haqqı; 11) Həccin haqqı; 12) Orucun haqqı; 13) Sədəqənin haqqı; 14)Qurbanlığın haqqı; 15) Hökmdarın haqqı; 16) Müəllimin haqqı; 17) Qul sahibinin haqqı; 18) Rəiyyətin haqqı; 19) Şagirdlərin haqqı; 20) Həyat yoldaşının haqqı; 21) Qulun haqqı; 22) Ananın haqqı; 23) Atanın haqqı; 24) Övladın haqqı; 25) Qardaşın haqqı; 26) Qulu azad edənin haqqı; 27) Azad olmuş qulun haqqı; 28) Yaxşı iş görənin haqqı; 29) Azançının haqqı; 30) Pişnamazın haqqı; 31) Həmnişinin haqqı; 32) Qonşunun haqqı; 33)Dostun haqqı; 34)Şərikin haqqı; 35) Malın haqqı; 36) Borc sahibinin haqqı; 37) Həmsöhbətin haqqı;  38) Düşmənin insana olan haqqı; 39) İnsanın düşmənə olan haqqı; 40) Müşavirə edənin haqqı; 41) Müşavirəçinin haqqı; 42) Nəsihət istəyənin haqqı; 43) Nəsihət edənin haqqı; 44) Böyüyün haqqı; 45) Kiçiyin haqqı; 46) Dilənçinin haqqı; 47) Kömək istəyənin haqqı; 48) İnsanı sevindirənin haqqı; 49) İnsanı qəmləndirənin haqqı; 50) Həmdinlilərin haqqı; 51) Zimmilərin haqqı.

    KİMSƏSİZLƏRƏ YARDIM

    İmam Səccadın(ə) həyatının parlaq cəhətlərindən biri də o Həzrətin o cür acınacaqlı və zülmlə dolu mühitdəki ictimai xidmətləridir. Bu xidmətlər, istər Hirrə faciəsi zamanı kimi Mədinənin böhranlı və qarma-qarışıq günlərində, istərsə də kimsəsiz və miskinlərin nəvazişə ehtiyacı olub onlara tərəf lütf-mərhəmət əli uzaldılması intizarında olduqları sakitlik günlərdə o Həzrətin ömrünün sonunadək davam etmişdir. İmam Səccadın(ə) bu cür seçilən xidmətlərindən nümunələri tarix bəyan edir: İmam Səccad(ə) Mədinənin yüz kasıb ailəsini dolandırırdı. (7)
    Mədinə əhalisinin bir dəstəsi güzəranlarını gecə vaxtı onlara göstərilən yeməklə keçirirdilər. Ancaq yemək gətirənin kim olduğunu bilmirdilər. İmam Səccad(ə) vəfat etdikdən sonra başa düşmüşdülər ki, gecə vaxtı onlar üçün yemək-içmək gətirən şəxs İmam Səccad(ə) olmuşdur. (8) O, gecələr naməlum şəkildə çörək, yemək və s. şeyləri şəxsən öz çiyninə atır, kimsəsizlərin qapısına aparıb buyurardı: «Gizli verilən sədəqə Allahın qəzəb odunu söndürür.» (9)
    Mədinə camaatı deyirdi: Əli ibn Hüseyn(ə) öləndən sonra biz gizli verilən sədəqəni əldən çıxartdıq. (10)
    İmam Səccad(ə) şəxsən un və digər ərzaqla dolu olan kisələri o qədər çiyninə atıb kimsəsizlər üçün aparmışdı ki, onun çiyni döyülərək qabar bağlamışdı. O Həzrətin şəhadətindən sonra ona qüsl verərkən bu qabarlar orada olanların fikrini cəlb etmiş, onun səbəbini soruşduqda "bu, yemək kisələrini çiyninə atıb kimsəsizlər üçün aparmağın nəticəsidir" cavabını eşitmişlər. (11)

    TƏRBİYƏ OCAĞI

    İslam dininin meydana çıxdığı bir vaxtda dünyanın hər tərəfində, hətta o dövrün əsas mədəniyyət mərkəzləri olmuş Yunanıstan və Romada da quldarlıq hökm sürürdü. Belə bir quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini yavaş-yavaş onu aradan qaldırmağa zəmin yaratdı. Bir tərəfdən qul saxlamağı azaldaraq quldarlıq dairəsini məhdudlaşdırdı, digər tərəfdən də qul azad etməyi bir çox günahların kəffarəsi (cəzası) qərar verməklə qulların azadlığı üçün şərait yaratdı. Üçüncü tərəfdən də Peyğəmbər(s) müsəlmanlara tövsiyə edirdi ki, qullarla (bir ailə üzvü kimi) insancasına rəftar etsinlər və onlara əmr etdi ki, qullara da öz yedikləri yeməkdən, öz geydikləri paltarlardan versinlər.
    Bundan əlavə Peyğəmbər(s) qul azad etməyi o qədər dəyərli, qiymətli, savablı bir iş kimi qələmə verdi ki, rəvayətlərdə bir çox yaxşı əməllər savab və fəzilət çoxluğu baxımından qul azad etməyə bənzədilmi&;#351;, bu yolla müsəlmanlar bu işə (qul azad etməyə) cəlb olunmuşlar. Bunlar hamısı bir yerə toplanıb İslamın quldarlıq haqqında mövqeyini müəyyən edir.
    İslamın və onun öncüllərinin qul və quldarlığa nisbət incə və özünəməxsus rəftarını bu baxımdan təhlil etmək lazımdır. İmam Səccadın (ə) həyatında da qul azad etmək məsələsi gözə dəyir. Ancaq bu işin səviyyəsi o qədər genişdir ki, onu təkcə böyük hesablamalarla izah etmək olmaz və belə nəzərə çatır ki, İmam Səccadın(ə) bu işdə ali məqsədləri olmuşdur. Bu sahədə bir az diqqətli olsaq görərik ki, o Həzrətin bu işdə tərbiyəvi-insani məqsədi olmuşdur. Yəni, qulları alaraq onları bir müddət təlim-tərbiyə etdikdən sonra azad edirdi. Onlar da cəmiyyət arasında nümunə olur, mədəni və tərbiyəvi fəaliyyət göstərir və azad olduqdan sonra da İmamla(ə) əlaqələrini kəsmirdilər.
    Əli ibn Tavus Ramazan ayının əməlləri əsnasında yazır: "Əli ibn Hüseyn(ə) (İmam Səccad) Ramazan ayının son gecəsi iyirmi nəfər (ya bir az çox, ya bir az da az) qul azad edib buyurardı: «Allah Təala Ramazan ayının hər gecəsi iftar zamanı olanda cəhənnəm əhlindən yetmiş min nəfəri, Ramazan ayının son gecəsi isə bu ayın bütün gecələrində azad etdiyi qədər qul azad edir. Mən istəyirəm Allah görsün ki, mən dünyada öz qullarımı azad etdim, bəlkə Qiyamət günü O da məni cəhənnəm odundan azad etdi». İmam Səccad(ə) heç bir xadimi bir ildən artıq saxlamazdı. İlin əvvəli, ya ortasında evə gətirdiyi xadimi Fitr (orucluq) bayramı gecəsi azad edər, sonrakı il onun yerinə bir başqasını gətirib onu da növbəti Ramazan ayında azad edərdi. Bu iş o Həzrətin ömrünün axırınadək davam etmişdir.
    İmam Səccad(ə) qaradərili qulları (onlara heç bir ehtiyacı olmadığı halda) alıb həcc mərasimində Ərəfata gətirir, sonra da Məşhərə (12) tərəf gedirdi. Onları azad edərək üstəlik hədiyyələr də verirdi." (13).Yazıçılardan birinin dediyinə görə elə ki, qullar bu məsələdən xəbər tuturdular, əyan-əşrafın qulluqçuluğundan çıxıb gəlib İmam Səccada(ə) xidmət edirdilər. Zaman keçir, günlər ötür, İmam Səccad(ə) yenə də azad etməyə məşğuldur. O, hər il, hər ay və hər gün müxtəlif hadisələr münasibəti ilə bu işi təkrar edirdi. İş o yerə çatmışdı ki, Mədinə şəhərində o həzrətin azad etdiyi qul və kənizlərdən təşkil olmuş bir dəstə əmələ gəlmişdi. (14)
    Qeyd etdiyimiz kimi bunlardan belə nəticə çıxarmaq olar ki, İmam Səccad(ə) bu proqramla əslində bir tərbiyə ocağı yaratmışdır. Qulları alıb bir az onlara təlim-tərbiyə keçir, onları azad etdikdən sonra da hər biri tərbiyə olunmuş və başqalarına örnək ola bilən şəxsə çevrilir. Onlar azad olduqdan sonra İmamla(ə) mənəvi əlaqəni kəsmir, hərə öz növbəsində başqalarına təlim-tərbiyə keçirdi. İmam Səccadın(ə) o dövrün cəmiyyətini birbaşa təlim-tərbiyə etmək məhdudiyyətlərini nəzərə almaqla o həzrətin təqdirəlayiq bu işini geniş şəkildə araşdırmaq lazımdır.

     Ustad Mehdi Pişvayi
    Tərcüməçi: Mais Ağaverdiyev

    MƏNBƏLƏR:
    1«Zariyat», 56
    2 «Məryəm», 59
    3 «Tühəfül-üqul», səh.274-277
    4 «Əl-Xəraicu vəl-cəraih», səh.232
    5 «Həcc»,38; «Əyanuş-şiə» c.1,səh.365
    6 «Əl-İrşad» səh.260
    7 «Hiyətül-övliya» c.3 səh.136
    8 «Kəşfül-qümmə» c.2, səh.289, Nurul-Əbsar səh.140
    9 «Kəşfül-qümmə» c.2, səh.289, Təzkirətul-Xəvas səh.327
    10 «Hilyətül-övliya» c.3, səh.136
    11 «Hilyətül-övliya», c.2, səh.136
    12 Ərəfat və Məşhər - Məkkədə çöl adıdır
    13 «İqbalul-əmal», səh.261
    14 «İmam Səccadın(ə) həyatı», səh.55
    Категория: Dini meqaleler | Добавил: media-islam (06.08.2008)
    Просмотров: 1959 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər