Çerşenbe axşamı, 19.03.2024, 09:56
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qurani Kerim

    Quranda fürui din ayələri (2)
    ...(Bəqərə, 238) Hafizu - qoruyun, sipər çəkin, hasar çəkin, ələssələvati - namazlar üzərində. Yəni namazlar üzərində hasar çəkin, qoruyun namazlarınızı.Vəssəlatil vusta - və orta namazı. Və - sözünün mənası burada xüsusən deməkdir. Və qumu - və durun, digər mənası da işi başlayın. Lillahi-Allah üçün, durun ayağa Allah üçün. Qanitin-qunut edən halda. Qanitin - in iki mənası vardır. Bir mənası qunut edən halda və o biri mənası isə təslim olan halda deməkdir. Onda ayənin mənası belə olar: Allaha təslim halında işi başlayın. Bu ayənin tərcüməsi belədir:

        «Namazlarınıza hasar çəkin, xüsusən orta namazını (qoruyun) və durun Allah üçün qunut edən halda və yaxud Allaha təslim olan halda işlərinizi edin.»

       İndi isə bu ayənin təfsirinə nəzər yetirək: Ayədə üç tapşırıq vardır. Birinci tapşırıq namazlarınızı hifz edin, qoruyun. Qeyd edək ki, namazı hifz etmək tapşırığı digər ayələrdə də öz əksini tapmışdır. Hədislər də bunu qeyd edirlər. Namazı qoruyun tapşırığı bir bu ayədədir, bir də «Muminun» surəsində belə bir ayə vardır ki, «Qəd əfləhəl muminun»-yəni möminlər nicat tapanlardır. Sonra da möminlərin əlamətlərini sayır, yəni mömin kimə deyilər? Bildirilir ki, hər kim «Allah sənə qurban olum» deyərsə dönüb mömin olmaz. Möminin əlamətlərindən biri budur ki, möminlər namazlarını hifz edənlərdir. Allah təala ayədə möminlərin əlamətlərini sadalayaraq buyurur: möminlər o adamlardırlar ki, namazlarında (xuşuları var) diqqətlidirlər, təkəbbürlə namaz qılmırlar, boş və mənasız işdən uzaqdırlar, zəkat verirlər, ətəklərini qoruyurlar (saxlayırlar) - yəni şəhvətə aldanmazlar, əmanətlərə xəyanət etmirlər, əhd-peymanlarına riayət edirlər və sairə.

        «Muminin» surəsinin doqquzuncu ayəsində buyurulur ki, möminlərin əlamətlərindən biri də budur ki, namazlarını hifz edirlər, qoruyurlar. Yəni namazını qorumayan mömin olmaz. Bu ayə təqribən Bəqərə surəsindəki ayəni təkmilləşdirir. Deyir ki, möminin əsl əlaməti namazı hifz etməkdir. Təsadüfi deyildir ki, bir başqa ayədə buyurulur: «Vay olsun o namaz qılanlara ki, namazlarında səhlənkardırlar.» Yəni namazlarını hifz etmirlər.

        Namazı qorumaq və hifz etməyin mərhələləri vardır. Hər bir mərhələdə gərək namaz qoransun, hifz edilsin. Bir mərhələsi namazın özünü hifz etməkdir, yəni namaz qılmaqdır. Bir çox adamlar ümumiyyətlə namaz qılmırlar və bununla da namazın mənfəətini əldən verirlər. Bu iş isə onu hifz etməkdən kənardır. Bir az mövzudan kənar söz demək lazım gəlir. O bundan ibarətdir ki, Qurani Kərimdə küfr sözü iki mənada işlənir. Bir mənası etiqad baxımından küfrdür. Yəni Allaha etiqadı olmayan kafirdir. Digər mənası isə əməl baxımından küfrdür. Ola bilər ki, bir insan etiqad baxımından müsəlman, əməl baxımından isə kafir olsun. Yəni imanın zəifliyindən əməli də olmasın. Belə ki, dərs oxumayan şagirdlə dərsə gəlməyən şagird biri-birinə bərabərdir. Qayıdaq mövzuya. Namaz qılmayan adam Allaha, peyğəmbərə inandığını deyir. Bəs bu necə imandır ki, əməldə təzahür etmir? Bunun imanı da əməlinə bərabərdir. Çətin vəziyyətdə o iman qalmaz. Qurani Kərimdə bəzi insanların imanlı olduğundan və bəzi insanların imanının zəif olduğundan söz açılır. Müşahidə etmisiniz, bəzi nazik pərdələr, nazik qabıqlar vardır ki, ona toxunan kimi cırılır və ya deşilir. Bəzilərini isə qoparmaq, cırmaq güc istəyir. İman da belədir. Bir sıra imanlar vardır ki, adi halda davamlıdır, lakin böhranlı və ya gərgin vəziyyətdə çox davamsızdır, tez ram olur. İman qayığa bənzəyir. Kiçik qayıqlar sahilə yaxın yerlərdə gəzinti üçün istifadə olunur. Təlatümlü dənizə bu qayıqla çıxmaq olmaz. O adamı batırar. Lakin bəzi gəmilər tufanda da, təlatümlü okeanlarda üzə bilirlər. Onlar nicat gəmiləridir. Zəif iman sahilə yaxın yerlərdə üzən qayığa bənzəyir. Məsciddə iman vardır. Lakin məsciddən böhranlı həyata qədəm qoyan kimi daha o zəif iman davam gətkə bilməz, misaldakı nazik qabıq kimi tez deşilər və sıradan çıxar. Hadisələrin cərəyanında, böhranlı, gərgin vəziyyətdə tab gətirə bilməz. Yəni nəfsini saxlaya bilməz. Güclü iman isə bütün böhranlara, təlatümlərə, gərginliklərə sinə gərə bilir. O davamlıdır, o nicat gəmisidir. Tufanlara, təlatümlərə dözmək üçün nəzərdə tutulmuşdur.

    Tarixə nəzər salıb, dediklərimizə çoxlu misallar verə bilərik. Məsələn: İmam Hüseyni (ə) Kufəyə dəvət edənlər, belə imanı zəif adamlar idilər. Məktub yazıb imamı dəvət etdilər ki, Kufə məscidində onlara imamlıq etsin. Bəli, böyük şərəfdir. Peyğəmbər balası bunlara pişnamaz olsun. Lakin onlar buna hazır deyildilər. Tufanlı vəziyyət baş verdi və İmam Hüseyn (ə) kufəlilərin dünyası ilə toqquşdu. Bu toqquşmada dünyaları imam sevgisinə qalib gəldi. Onlar dünyanı da sevirdilər, imamı da. Lakin dünyanı birinci dərəcədə, imamı isə 10-cu dərəcedə sevirdilər. Əlbəttə, kufəlilər imamı yalandan çağırmamışdılar. Lakin onlar adi vəziyyəti nəzərdə tutmuşdular, böhranı hesablamamışdılar. İmamla dünyaları toqquşan kimi, dünyanı yaxın tutub, özləri imamı öldürdülər. İmanın zəifliyi budur. İman əməllə qidalanır. Əgər əməl olmazsa, «qida» olmazsa iman zəifləyir. Namaz olmazsa, iman zəifləyib küfrlə bərabər olar. Hədisdə buyurulur ki, imanla küfrün sərhəddi namazdır. Namaz, imanı qidalandırır, möhkəmlədir və onu gərgin vəziyyətlərə tab gətirməyə davamlı edir. Beləliklə, namazın özünü hifz etmək, qorumaq bir məsələdir.

        İkinci mərhələ namazın vaxtını hifz etməkdən ibarətdir. Yəni bir nəfər namaz qılır, lakin vaxtını gecikdirir. Əlbəttə, vacib işi əlindən verməyib namazın vaxtını azacıq gecikdirmək bura aid deyildir. Təsadüfən bir dəfə işin vacibliyi səbəbiylə namazın vaxtı azacıq gecikərsə, bu bağışlanar. Söhbət namazı daima gecikdirəndən gedir. Bu adamın işi-peşəsi namazı gecikdirməkdən ibarətdir. Kinoya baxır, xörək yeyir, hətta bir çay da içib, axır vaxtda yuxulu halda namaz qılır. Bu iş imanla üst-üstə düşmür.

       İmam Sadiq (ə) ömrünün axırında, yaxın qohum-əqrəbaları və bəzi tələbələrini yanına çağıraraq can verən halda gözünü açaraq bir cümlə buyurdu və gözünü yumaraq əbədi həyata qovuşdu.. O, bu cümləni buyurdu: «Bizim şəfaətimiz namazı yüngül sayana aid edilməz (çatmaz)».

       Hədisdə söhbət namaz qılmaqdan deyil, qılıb yüngül saymaqdan gedir. Bəzi insanlar hansı işə vaxt tapırlarsa, onu icra edirlər, hansı işə vaxt tapmırlarsa, onu sabaha saxlayırlar. Onlara namaz qıl dedikdə, «mənim işim namazla tutmur»-deyə cavab verir. Bu cavabın bir mənası da «Allahla dünya tutmur» deməkdir. Sanki Allaha «ilahi, sənə qurban olum, bir az qıraqda dur, mənim işim var» deyir. Bu Allaha hörmətsizlik əlamətidir. Namazın vaxtını da hifz etmək ayədə tapşırılır. Bu ikinci mərhələdir.

        Üçüncü mərhələ namazın keyfiyyətini hifz etmək, namazın keyfıyyəti - yəni ixlaslı, düzgün niyyətlə namaz qılmaq, kimin qarşısında dayandığını fikirləşmək, hərəkətləri və sözləri iradə ilə yerinə yetirməkdir. Bir nəfər Peyğəmbərin hüzurunda namaz qıldı. Lakin çox sürətlə qıldı. Elə tez qıldı ki, heç kəsin xəbəri olmadı. Peyğəmbər (s) buyurdu: -Bu namaz qılmır ki, qarğa kimi yeri dimdikləyir. Qarğa necə elə hey yeri dimdiklədiyi kimi bu da səcdədə sanki yeri dimdikləyir.

       Adam namazı keyfiyyətlə qılmalıdır. Hədisdə vardır ki, bəzən namazı gecikdirmək olar. Qəzaya vermək deyil, yalnız gecikdirmək. Nə vaxt olar? Halın namaz halı olmadıqda, o hal sənə gələnədək gecikdirə bilərsən. Belə ki, yenicə yuxudan oyanan adam dəstəmaz alıb yuxulu halda, əsnəyə-əsnəyə «Allahu əkbər» deyib namaz qılmaq istəyir. O halda hədis buyurur bir on dəqiqə gözlə, özünə gəl, namazı ləzzətlə qıl. Bir yükü boynumuzdan götürmək, qılaq, qoy yaxamız qurtarsın - qəsdi ilə deyil, ləzzətlə namaz qılmaq lazımdır. Kino başlayır - deyə namazın keyfiyyətini sındırmaq olmaz. Elə buna görə də şəriəti bilənlər insana özünəməxsus bir namaz yeri ayırmasını tövsiyə etmişlər. Elə bir yer ayırsın ki, orada onun namazının keyfıyyətinə mane olan bir şey olmasın, onu namazdan ayıran bir əyləncə olmasın, namazın əhəmiyyətini düşünərək onu qılsın. Namazdan qabaq deyilən azan, iqamə də elə bu məqsədlədir. Yəni insan özünü namaza hazırlasın. Bu hazırlıq namazın keyfiyyətinə təsir etsin. Namaz qıldıqdan sonra dərhal durmamağı, dalınca təqibat oxumağı, Fatimeyi Zəhranın (s.ə.) təshibatını zikr etməyi bizə tövsiyə edən hədislər də bu məqsədi güdür. Yəni dərhal durub qaçma. Namazın əhəmiyyətini düşün. Qoy namaz insan həyatının bir hissəsi kimi öz yerini tutsun. Namazı ən gözəl paltarda qılmağı, namaza durarkən ətir vurmağı, namaza durarkən barmağa əqiq üzük taxmağı müstəhəb edən hədislər namazın əhəmiyyətini bizə təlqin edir yə bizdən onun keyfiyyətlə qılınmasını istəyir. Onun yüngül deyil, zəngin olmasını bizə göstərir. İnsan özünə necə vərdiş verərsə, elə də davam edər. Səhər idman etməyi həyatda bir proqram kimi qəbul etmiş insanlar saat altı olan kimi evdən çıxıb qaçmağa başlayırlar. Çünki onlar idmana əhəmiyyət verib ona vaxt ayırmışlar. İnsan nəyi əhəmiyyətli hesab edib ona vaxt ayırsa, ona adət edər. Namaz da belədir. Yəni onu əhəmiyyətli bilib ona vaxt ayırsaq, onun vaxtında və keyfiyyətli qılınmasına nail olarıq. Bu oldu üçüncü mərhələ. Bu mərhələdə keyfiyyəti hifz etməkdən danışdıq.

      Dördüncü mərhələ namazın qəbul olmasını hifz etmək, qorumaqdan ibarətdir. Yəni onun qəbul olmasını təmin etmək, qəbulu üçün zəmin yaratmaqdan ibarətdir. Ola bilər ki, insan namazı vaxtında qılsın, keyfiyyətlə qılsın və dərhal elə bir günaha qurşansın ki, bu namaz qəbul olunmasın. Quranda bu barədə ayə vardır. Ayədə buyrulur ki, insan bir sıra savab işlər görüb dalınca elə bir günah edə bilər ki, o savabları məhv edər. Buna Quran ehbat termini işlətmişdir. Quranda ehbat ayələri mövcuddur. Yəni bəzi günahların bütün savablarla əlaqəsi yoxdur. Burada bir az izahat vermək lazım gəlir. Beləliklə, insanın savab və günahının yazılması üç cür təsvir oluna bilər:

        - birinci təsəvvür bundan ibarətdir ki, günahlar və savablar ayrılıqda müstəqil şəkildə yazılır;

        - ikinci təsəvvür isə belədir ki, insanın günah və savablarını hesablayar və nəticədə hansı çox olarsa, o da qalar. Yəni savab çox olarsa nəticədə savab qalacaq və əgər günah çox olarsa, o qalacaqdır, başqa sözlə, günah və savabı biri-birindən çıxarlar və hansı çoxdursa, nəticədə o qalar;

        - üçüncü təsəvvür Quranda qeyd olunmuşdur. Quran deyir ki, bəzi insanlar birinci təsəvvürdəki kimi, bəziləri isə ikinci təsəvvürdəki kimidirlər. Lakin bir sıra günah və savablar mövcuddur ki, bir-biriləri ilə əlaqələri vardır. Belə ki, savabın dalınca onunla əlaqəsi olan bir günah etsən, o savabı da yuyub məhv edər və əksinə bir sıra günah işləyib ardınca savab işlər görmüsənsə, savab işlər o günahları yuyub məhv edər. Bunların biri ehbat, digəri isə təkfir adlanır. Ehbat-bəzi günahların bəzi savabları məhv etməsinə, təkfir bəzi savabların bəzi günahları yumasına deyilir. Quranda bunların hər ikisinə aid olan ayə vardır. Zumər surəsi 65-ci ayədə Peyğəmbərə xitabən buyurulur: «Sən də şərik qoşsan əməllərin heç olar». Deməli, insan Allaha şərik qoşarsa, bütün yaxşı əməlləri məhv olar. Buna ehbat deyilir. Hucurat surəsi 2-ci ayə də buna aiddir: «Onlar Peyğəmbərin yanında bərkdən danışsalar əməlləri ehbat olar, məhv olar». Quranda ehbat ayələri çoxdur. O cümlədən, bu ayələrdən biri namaz haqqında deyir. Namazdan sonra qeybət edən şəxsin namazı qəbul deyil. Şəriət baxımından düzgün, qəbul nöqteyi-nəzərindən isə qəbul deyildir. Bir insanın bütün qayda-qanunla tutduğu bir ay orucun etdiyi günah ucbatından qəbul olmaması mümkündür. Ehbat buna deyilir. Təkfir isə əksinə, yəni edilən savab günahları heç edər. Məsələn: Sədəqə vermək bir sıra günahları yuyur. Hədisə əsasən, sədəqə günahı aparır. Tövbə - keçmiş günahların bağışlanmasına səbəb olar. Tövbənin təkfır, yəni günahı yumaq xasiyyəti vardır.
    Muhəmməd Baqir

     

    www.ihq.az

    Категория: Qurani Kerim | Добавил: media-islam (12.09.2008)
    Просмотров: 4133 | Рейтинг: 3.4/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər