Cüme axşamı, 21.11.2024, 22:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Cahan kəndinin əhvalatı
    Azərbaycanın gözəl guşələrindən birində bir kənd vardı. Bu kəndin adı Cahan idi. Cahan kəndi vaxtilə alma bağları ilə məşhur olmuşdu. Almaları çox gözəl və dadlı olduğundan, bu kəndi Cahan adlandırırdılar; yəni bir dünya ləzzəti vardı bu almaların. Bəli, «vardı» deyirəm, çünki bu kəndin sakinlərinin başı almaları ilə öyünməyə elə qarışmışdı ki, bir də ayılıb görmüşdülər ki, alma ağaclarını qurd basıb. Nə qədər dava-dərman vermişdilərsə, əmələ gəlməmişdi. Təkcə İslam kişinin həyətindəki ağaclar salamat qalmışdı. Bu barədə isə bir qədər sonra danışacağam.
         Cahan kəndinin yaşını heç kəs bilmirdi. Deyirlər Gülnisə arvadın oğlu həyətlərində su quyusu qazanda bir kəllə sümüyünə rast gəlibmiş. Sümüyü götürüb rayon mərkəzinə aparan zaman məlum olub ki, bu kənd qədim yaşayış məskəni imiş. Kənddə ən yaşlı insan isə İslam kişi idi. Buralarda İslam adında bir neçə adam vardı. Hansından söz getdiyini başa düşmək üçün İslam kişiyə «oğullar atası» deyirdilər; çünki Allah ona çoxlu oğul əta eləmişdi. Amma sağ qalan bircə oğlu vardı, onun qalan oğullarının hamısı vətən yolunda şəhid olmuşdular. İslam kişi onlarla fəxr edirdi: Muhəmməd, Əli, Həsən, Hüseyn, Musa, Cəfər... Bir zamanlar İslam kişi ilə hamı hesablaşar, ondan məsləhət almadan bir iş görməzdilər. İndi isə zəmanə dəyişmişdi. Kəndin yeni bələdiyyə rəisi Dünyamalının İslam kişini görməyə gözü yox idi. Elə yeni rəis olmuşdu ki, İslam kişi ilə sözləri çəp gəlmişdi. Kəndlilərdən qeyri-qanuni pul yığdığına görə İslam kişi etiraz eləmiş, kəndliləri ayağa qaldırmışdı. İşin xarab olduğunu görən bələdiyyə rəisi «sənin evinin yerində məktəb tikəcəyik» – deyib, İslam kişini kənd mərkəzindəki evindən çıxarmış, kəndin lap kənarındakı daxmaya yerləşdirmişdi. Beləcə onu necə deyərlər, sürgün eləmişdi.
         Uşaqlarının anası – Fatimə ana uzun illər öncə dünyasını dəyişmişdi. Kiçik oğlu Mehdi şəhərdə aspiranturada oxuyurdu. Kənd təsərrüfatı mütəxəssisliyinə yiyələnmişdi, indi də kənddəki alma qurdlarından xilas olmağın yolları barədə elmi iş yazırdı. İslam kişiyə yazdığı məktublarda bildirirdi ki, kəndə gələn kimi qurdların kökünü kəsəcək.
         Beləcə İslam kişi daxmada tək yaşayırdı. Vəfasız kəndlilər isə bütün bunları bilə-bilə uzun müddət onun qapısını açıb hal-əhval tutmamışdılar. Amma son vaxtlar vəziyyət dəyişmişdi. Kəndə gələn qonaqlara demək olmazdı ki, almalar qurddanıb. Ortaya çıxarılmalı almalar isə ancaq İslam kişinin həyətində idi. Ona görə də bütün kənd üz döndərmişdi İslam kişinin həyətinə. Kimisi bu ağacların salamat qalmağının sirrini öyrənməyə çalışır, kimisi də alma istəyirdi. Hətta qonşu kəndlərdən ağacların müqabilində pul təklif edənlər də vardı. İslam kişi isə ağacları satmağın qəti əleyhinə idi. Əslində o özü də bilmirdi ki, bu ağaclara niyə qurd düşmür. Düzdür, onun həyəti başqa həyətlərdən bir qədər kənarda idi, amma bu yetərli səbəb ola bilməzdi. Əsl məsələ isə ağacların özündə idi.
         İslam kişinin həyətindəki ağaclar adi ağaclardan fərqlənirdi. Onlar sözü bir yerə qoyub alma qurdlarını yaxına buraxmırdılar. Heç bir bəhanəyə uymur, aldanmırdılar. Alma qurdlarına bu iş müqabilində böyük bir mükafat vəd olunmuşdu – bu işi bacarana bütöv bir alma ağacı verəcəkdilər. Amma hələ ki, bu işi bacaran olmamışdı.
         Alma qurdlarının arasında hiyləgərliyi ilə fərqlənən biri vardı. İslam kişinin bağındakı ağaclara batsa-batsa, ancaq o bata bilərdi. O, neçə vaxt idi ki, qonşu bağdan baxaraq ağaclara göz qoyurdu.Almalar sıx olduğundan və onlar qurdlara qarşı birgə mübarizə apardıqlarından bağa yaxın düşmək olmurdu. Bir əlac tapmaq lazım idi.
         Yolun kənarında bitən ağacın üzərində çoxlu alma var idi. Aşağıda bitən kiçik bir budağın üzərində isə bircə alma bitmişdi. Yanaqları yenicə qızarmağa başlayan bu almanın üzəri yarpaqlarla örtülü idi. Hərdən külək əsəndə yarpaqların arasından boylanan alma özünü tənha hiss edirdi. Yoldaşları ondan yüksəkdə bitdiyindən arada-bir, meh əsəndə səslənib xışıldayır, onlarla kef-əhval tuturdu. Alma qurdu üçün bu ələdüşməz fürsət idi.
         Alma qurdu yavaş-yavaş ağaca dırmandı. Heç kəs eşitməsin deyə, pıçıltı ilə səsləndi:
         – Ey! Gözəl alma!
         Alma o tərəf-bu tərəfə baxdı, heç kəsi görmədi. Alma qurdu yenə pıçıldadı:
         – Aşağıya bax. Mən burdayam!
         Alma aşağıya baxıb ağ rəngdə kiçik, uzun bir şeyin ağaca yapışdığını gördü. Almanın yadına dostlarının sözləri düşdü. Onların təsvir etdikləri «alma qurdu» adlı dəhşətli yırtıcı, eynilə bu danışana bənzəyirdi. Amma alma onu daha böyük təsəvvür eləyirdi. Alma soruşdu:
         – Sən kimsən?
         – Mənim kim olduğumun nə mənası var? Əsas odur ki, mən də sənin kimi tək-tənhayam. Ona görə də gəlmişəm səninlə dost olum.
         – Yox, sən alma qurduna oxşayırsan. Mən bilirəm ki, alma qurdu çox dəhşətli bir yırtıcıdır.
         Alma qurdu qarnını tutub güldü:
          – Dəhşətli?! Mən dəhşətliyəm?! Doğrudan da məndən qorxursan?
         – Sən almaları xarab eləyirsən.
         – Bilirsən, bu bəzi almaların uydurmasıdır. Biz qurdlar yeriyə bildiyimiz üçün dünyadakı bir çox şeylərdən xəbər tuturuq. Məsələn, heç sən bilirsənmi ki, qonşu kəndlərdə almaların yarışı keçirilir? Hansı alma qalib olsa, ona «almaların gözəli» deyib, kəndbəkənd gəzdirirlər. Elə bilirsən qalib gələnlər səndən gözəl olur? Bax, belə işlərdən xəbər tutduğumuz üçün bizim haqqımızda pis danışırlar (özünü ağlayan kimi göstərir.). Daha heç kəs bilmir ki, bunu ona görə eləyirlər ki, özləri qalib olsunlar. Bizim isə sığınmaq üçün kiçik bir evə ehtiyacımız var. Bir də yaxın bir dosta.
         Alma xeyli yumşalmışdı. Dilləndi:
         – Yaxşı, məndən nə istəyirsən?
         Alma qurdu cəld cavab verdi:
         – Mənim bildiyim çox şey var. Əgər məni içəri buraxsan, sənə elə şeylərdən danışaram ki, mat-məəttəl qalarsan. Axı, mənim kimi kiçik, kimsəsiz alma qurdu soyuğun, küləyin qarşısında nə qədər dözə bilər?
         Almanın ona yazığı gəldi. Həm də daha nələr bildiyini öyrənmək istəyirdi. Xüsusilə bu gözəllik yarışması məsələsi yaman xoşuna gəlmişdi. Əgər ən gözəl alma kimi onu seçsələr, bütün başqa almalar ona həsəd aparacaqdılar. Bəlkə də, alma qurdu onun yarışmaya qoşulmağına kömək eləyə bilərdi... Beləcə alma qurdu tənha budağın almasına yol tapa bildi.
         İşin çətini arxada qalmışdı. İndi alma qurdu gündə bir əhvalat uydurub almaya danışır, özü isə işi ilə məşğul olurdu. Artıq almanın içərisindəki qurd artıb bir neçə dənə olmuşdu. Onlar da gün-gündən çoxalmaqda idilər. Qısa bir müddət sonra bir qaranlıq gecədə digər almalara da hücuma keçməyə başladılar. Çarəsiz almalar çaşıb qalmışdılar – alma qurdları eyni vaxtda bir neçə tərəfdən təcavüz edirdilər. Əlbəttə, təkcə bu ağacla kifayətlənməyəcəkdilər. İslam kişinin bütün ağacları məhv olmaq üzrə idi.
         Səhər İslam kişi adəti üzrə alma ağaclarına baş çəkməyə yollandı. O hər səhər bağındakı ağacların arasında gəzinər, almalara tumar çəkər, onları bir körpə kimi əzizləyərdi. Belə etdikdə sanki cavanlaşır, dərd-sərini unudurdu. Amma bu gün məyus olmuşdu – almaların bir neçəsinə qurd düşdüyünü görmüşdü. Halbuki, dünən həmin almalar salamat idi. Aydın görünürdü ki, almalara qurd lap təzə düşüb. Amma bir gün ərzində bu qədər qurd ağaca təsadüfən düşə bilməzdi. Haradasa lap yaxında, elə bu ağacın üzərində bu qurdların mənbəyi olmalı idi. Harda idi o satqın alma? Ağaca diqqətlə göz gəzdirdi, yarpaqları bir-bir araladı. Çox axtardı, lakin axtardığından əsər-əlamət yox idi. Ayağına ilişən kiçik budağı ehtiyatla kənara çəkib irəliləmək istəyirdi ki, yarpaqların arasında gizlənən alma göründü. İslam kişi əyilib almanı qopardı, ovcuna alıb diqqətlə tamaşa eləməyə başladı. Alma tanınmaz hala düşmüşdü – üzərində o qədər dəlik var idi ki! Qoca bağban başını buladı. Alma isə hələ də öz havasında idi:
         – Nə var kişi, nə başını bulayırsan? Axır ki, məni görə bildin. Bura bax, mən gözəllik yarışmasının qalibi ola bilərəm. Bu iş sənə bilirsən nə qədər şöhrət qazandırar? Sən belə eləyərsən....
         İslam kişi isə bütün bunları eşitmirdi. Elə yaxşı ki, eşitmirdi. Əlindəki qurddanmış almanı bir daha təəssüflə süzən bağban, onu kənarda yandırılmaq üçün topaladığı zir-zibilin üzərinə tulladı. Alma isə inadından əl çəkmirdi:
         – Sən sadəcə geridə qalmış bir qocasan. Mənim dostlarım var. Onlar mənə kömək edəcəklər. Görərsən!
         Ertəsi gün İslam kişi zibillərə od vurdu. Almanın «dostları» isə gözə görünmürdülər; onlar daha gözəl, saf almalar tapmışdılar. Artıq yanmaq üzrə olan alma düşündü: Bəlkə də indi bir sadə ailənin süfrəsinin bəzəyi, ağzının ləzzəti ola bilərdim...
         İslam kişi narahat idi. Artıq alma qurdları onun da bağına ayaq açmışdılar. Tələsik oturub oğluna məktub yazdı. Əhvalatı eşidən kənd camaatı da ona qoşuldular. İslam kişinin oğlunun rəhbərliyi altında alma qurdlarını məhv etməyə hazır olduqlarını bildirdilər.
         ...və bir işıqlı səhər kəndə səs yayıldı: Gözün aydın, İslam kişi! Oğlun qayıtdı!
         
    Kəmalə Mirməcidli
    Категория: Dini meqaleler | Добавил: media-islam (12.08.2008)
    Просмотров: 2306 | Рейтинг: 2.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər