Çerşenbe axşamı, 19.03.2024, 09:30
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    Vətən nədir?
    Biri vardı, biri yoxdu, bir tısbağa balası vardı. O, nənəsi ilə birlikdə gözəl bir kənddə yaşayırdı. Hər gün təzə-tər yarpaqlardan yeyib, sərin bulağın yanındakı gölməçədən su içərdi. Düzdür, kənd evlərinin uzun-uzadı hasarları bəzən onu bezdirirdi. Axı, tısbağalar yavaş-yavaş yeriyirlər! Bir də ki, gecələr cır-cır cırıldayan cırcıramalar onun lap zəhləsini tökürdü. Qalan hər bir şey gözəl idi. Bala tısbağa bu kəndi sevirdi. Onun suyu, havası, hər şeyi ona doğma idi. Hərdən dəcəllik edib özünü bostana verir, oradakı nemətlərdən – kələmdən, üzüm yarpağından, bir sözlə, əlinə nə keçirdisə doyunca yeyirdi. Hərdən ona elə gəlirdi ki, bu kəndi elə bu cür dadlı-dadlı yeməkləri olduğu üçün sevir. Nə isə… Balaca tısbağa beləcə günlərini keçirirdi.
         Qənbərgilin ailəsi bu kəndin kənarından torpaq sahəsi alaraq burada gözəl bir ev tikmişdilər. Bu yay evin bütün şəraiti hazır olduğundan, rahatca dincəlmək olardı. Qənbər ailəsi ilə birlikdə məktəblər açılana qədər bu kənddə qalacaq, dincələcəkdi. Qənbər kənd həyatını çox sevirdi. Heyvanların, bitkilərin həyatı ona çox maraqlı gəlirdi. Qənbər bu səbəbdən xüsusi bir şəkil albomu da almışdı. O, müxtəlif bitkilərin yarpaqlarını oraya düzür, altında da adlarını yazırdı. Heyvanlar və həşəratlar üçün isə başqa bir albomu var idi. Onların şəkillərini fotoaparatla çəkib burada yerləşdirirdi. Qənbər bu il məktəb açılanda hamını öz albomları ilə təəccübləndirməkdə qərarlı idi.
         Kənd sürətlə böyüyürdü. Həm kənd əhalisi artırdı, həm də Qənbərgil kimi şəhərdən gəlib burada məskən salanların sayı artırdı. Artıq kənd küçələrində hər dəqiqəbaşı bir avtomobil keçirdi. Evlər çoxaldığından ağaclar get-gedə azalırdı. Əvvəllər meşə kimi sıx ağacları olan kənddən indi az bir şey qalmışdı. Kəndin kemişi barəsindəki məlumatları balaca tısbağaya nənəsi danışmışdı. Bala tısbağanı kəndin indiki halı da qane edirdi, amma nənəsi elə hey giley-güzar edir, kəndin gözəl, yaşıllıqlarla dolu vaxtlarını xatırlayıb «ah” çəkirdi. Hərdən də uzaqdan görünən yaşıl meşəliyi göstərir, əvvəlki kəndin ora çox bənzədiyini deyirdi. Bala tısbağa dəfələrlə nənəsinə orada gedib yaşamağı təklif etsə də, hər dəfə eyni cavabı eşidirdi: «Vətəni atmaq olmaz, bala”.
         Bu «vətən” nə demək idisə, bala tısbağa başa düşmürdü. Axı, bir yer daha rahatdırsa, dadlı yeməkləri varsa, niyə də köçüb orada yaşamayasan? Bu «vətən” nə olan şeydir, axı? Dəfələrlə nənəsindən soruşmuşdu: «Ay nənə, vətən nədir, axı?” Nənəsi hər dəfə onu başa salmağa çalışmışdı ki, vətən hər bir kəsin doğulub boya-başa çatdığı, yeməyindən yediyi, suyundan içdiyi yerdir. Amma faydası yox idi. Bala tısbağa heç nəyi başa düşmürdü. Onun üçün hər yer bir idi. Təki günü xoş keçsin…
         Yayın sonları idi. Qənbərin albomları maraqlı şəkillərlə, bitkilərlə dolmuşdu. Bir neçə günə məktəb başlayacaqdı. Elə buna görə də, şəhərə qayıtmaq lazım idi. Amma hələ soyuqlar düşmədiyindən bir-iki ay da bu kəndə gəlib-getmək olardı. Qənbərgili şəhərə aparmalı olan maşın artıq qapıda idi. Əşyaları maşına daşımaqda Qənbər də ata-anasına kömək eləyirdi. Bütün əşyalar yığılıb hazır olduqda Qənbər albomlarını götürüb maşına doğru getdi. Qəfildən divarın dibindən gələn xışıltı onun diqqətini cəlb elədi. Yaxınlaşdı, kolları araladı və bizim bala tısbağanın orada qısılıb qaldığını gördü. Bala tısbağa Qənbəri görüb başını qınına saldı. Qənbər onu əlinə aldı, baxdı. Bala tısbağa nə baş verdiyini anlamaq üçün yavaş-yavaş başını çölə çıxartdı. Bir anlıq Qənbərlə göz-gözə baxışdılar. Bala tısbağanın kiçik, sulu gözləri Qənbərin elə xoşuna gəldi ki! Əlindəki albomlara baxdı, birdən ağlına bir fikir gəldi: tısbağanı şəhərə aparıb, evlərində saxlamaq! Əla fikir idi! Tez bir yeşik tapıb bala tısbağanı onun içərisinə qoydu, maşına mindi. Bala tısbağa da, nə baş vediyini başa düşmüşdü. Etiraz eləmək fikri də yox idi. Axı bu cur macəralı bir yolçuluğa çıxmaq, görmədiyi yerləri gəzmək onun çoxdankı arzusu idi!
         Bir neçə saatlıq yorucu yoldan sonra Qənbərgilə çatdılar. Bala tısbağanı iri şüşə qutunun- akvariumun içərisinə qoydular. Çox keçmədi ki, əşyaları yer bə yer elədilər. Bu vaxt ərzində bala tısbağa ancaq qarşısına qoyulan su ilə kifayətlənməli oldu. Artıq əməlli-başlı acımışdı. Qənbərin anası otağın ortasındakı masanın üzərini yemək üçün hazırlayırdı. Qənbər stolun üzərindəki doğranmış tərəvəzlərdən bir neçəsini götürüb akvariumun içərisinə qoydu. Amma sən demə, bu başlanğıc imiş! O gündən bala tısbağanın qarşısına ömründə görmədiyi meyvələr, tərəvəzlər qoyurdular. Qənbər onu evlərinin yaxınlığındakı parka da aparır, yaşıl otların arasında gəzdirirdi. Hətta bir dəfə məktəblərinə də aparmışdı. Orda ona elə baxırdılar ki, elə bil tısbağa yox, dinazavr balasıdır. Sən demə, uşaqların çoxu ilk dəfə idi ki, tısbağa görürdülər. Onların baxışları, bala tısbağa ilə oyuncaqmış kimi rəftar eləmələri bir qədər sıxıcı idi. Neyləmək olar, necə də olsa, dərs saatı bitən kimi evə gedəcək, rahatlanacaqdı. Bala tısbağa çox xoşbəxt idi. Kəndləri heç yadına da düşmürdü…
         Günlər beləcə keçirdi. Bala tısbağa günləri saymırdı. Amma ona elə gəlirdi ki, çoxdan, lap çoxdan şəhərə gəlib. Artıq qarşısına qoyulan yeməklərin də dadı dəyişmişdi; sanki əvvəlki kimi dadlı və sulu deyildilər. Kənddəki meyvə-tərəvəzin ətrini, dadını xatırladıqca bir anlıq orda olmaq, ləzzətlə yeyib, bulaq suyundan içmək istəyirdi. Ona sirli aləm kimi gələn şüşə akvarium indi adi bir qəfəsi xatırladırdı. Kəndin torpağı üstündə istədiyi yerə getmək, ağacların, kolların kölgəsində uzanıb dincəlmək istəyi bala tısbağanı rahat qoymurdu. Qənbər əvvəlki kimi onu parka aparırdı. Orada da torpaq, otlar, ağaclar vardı. Amma bala tısbağa son vaxtlar parkdakı ağaclardan, otlardan gələn tüstü iyinə dözə bilmirdi. Yaxınlıqdakı maşın yolundan keçən avtomobillərin bütün hisi-tozu sanki ancaq bu parka üz tuturdu. Niyə əvvəldən bütün bunları görmədiyini, hiss eləmədiyini başa düşmürdü. Pəncərədən görünən gözəl, hündür binalar ona vahiməli görünürdü. Hətta gecə yarısı yuxudan ayılanda gözlərini açmağa da qorxurdu. Ona elə gəlirdi ki, binalar bu dəqiqə aşacaq. Bala tısbağa artıq dözə bilmirdi. Nə gecə rahatlıq tapa bilirdi, nə də gündüz. Baş götürüb bu şəhərdən qaçmaq, uzaqlaşmaq istəyirdi. Amma nə yolu tanıyırdı, nə də sürətlə qaça bilən ayaqları vardı…
         Qənbərin işləri qaydasında idi. Bütün məktəb uşaqları onun kolleksiyasına maraqla və heyranlıqla tamaşa edirdilər. Onsuz da yaxşı oxumağı ilə seçilən Qənbər, bütün yay boyu zəhmətlə hazırladığı kolleksiyası sayəsində, indi daha da məşhur olmuşdu. Amma Qənbərin fikri tamam başqa yerdə idi: onun kənddən gətirdiyi yeganə canlı – bala tısbağa yeməkdən kəsilmişdi. Qarşısına qoyulan, əvvəl ləzzətlə yediyi meyvə-tərəvəzlər iki gün idi ki, qoyulduğu kimi dururdu. Qənbər tısbağaya qulluq qaydalarını öyrənmişdi və hamısına əməl eləməyə çalışırdı. Ona görə də, bala tısbağanın belə vəziyyətinin səbəbini heç cür başa düşmürdü. Axırda vəziyyəti biologiya müəlliməsinə danışıb, kömək istəmək qərarına gəldi. Biologiya müəlliməsi məsləhət gördü ki, Qənbər zooparka gedib oradakı mütəxəssislərlə məsləhətləşsin. Bu fikir Qənbərin ağlına batdı.
         Qənbər, bala tısbağanı da götürüb zooparka getdi. Oradakı tısbağalar bir qədər başqa cür idilər. Onların bədənləri daha yastı idi. Zooparkın işçisi Qənbəri dinlədi, belə məsləhət gördü ki, bala tısbağa orada – zooparkda qalsın. Ola bilsin ki, təbiət üçün darıxıb.
         Zooparkda heyvanlar üçün təbiətə bənzər şərait yaratmışdılar. Ordakılardan çoxu bu şəraitlə barışmış, hər gün qarşısına qoyulan yeməkləri yeyir, bununla da kifayətlənirdilər. Onsuz da başqa yolları yox idi. Azad ikən çox qorxunc görünən qurd, şir, tülkü kimi heyvanlar, burada quzu kimi sakit idilər. Sanki yaşadıqları saxta təbiət kimi, heyvanların özləri də saxtalaşmış, öz təbiətlərindən çıxmışdılar. Birgə qəfəsə salındığı tısbağalar da heç nə olmamış kimi öz işlərində idilər. Bala tısbağa sıxılırdı, çox sıxılırdı. Hərdən var gücü ilə qışqırmaq, qışqırmaq istəyirdi. Amma kim idi onu eşidən…
         Zooparkın tısbağaya xeyiri olmadı. O, yenə əvvəlki kimi yemək yemir, su içmirdi. Heç yerindən də tərpənmirdi. Görünür, əməlli-başlı zəifləmişdi. Bir neçə gündən sonra zooparkın işçisi bala tısbağanı Qənbərə qaytardıqda, ona belə məsləhət verdi:
         – Bala, sənin bu tısbağan, deyəsən, xəstələnib. Ya da vətən həsrəti çəkir. Yaxşısı budur ki, onu apar qoy götürdüyün yerə. Düzəlsə, ancaq orda düzələr.
         Qənbərgil hər həftənin sonunda kəndə baş çəkirdilər. O gün isə hələ cümə axşamı idi. Qənbər iki gündən sonra tısbağanı geri qaytaracaqdı. Tısbağa çox sevinirdi.
         Hər biri bir ilə bərabər olan iki gün nəhayət ki, gəlib keçdi. Bala tısbağanı geri aparmaq üçün yenidən yeşiyə qoydular. Maşın yola düşdü.
         Bala tısbağa sevindiyindən gecə yatmamışdı. İndi də gözünü avtomobilin pəncərəsindən ayırmır, kəndə çatmaq üçün dəqiqələri sayırdı. Qənbərgil yolboyu bir neçə yerdə dayanıb istirahət elədilər. Bu yerlər də gözəl idi. Lap bizim bala tısbağanın kəndi kimi! Amma heç bir yerdə o, öz kəndlərinin ətrini ala bilmirdi. Tısbağaya elə gəlirdi ki, çox yavaş gedirlər. Əgər əlacı olsaydı, sürücünün ayağının üstünə tullanıb sürəti artırardı. Amma maşın yavaş getmirdi. Kəndə çatmağa isə lap az qalmışdı. Bir qədər də dözmək lazım idi.
         Budur, uzun səfər bitdi. Kəndə gəlib çatdılar. Yeşiyin içərisindən doğma yerlərin ətrini alan bala tısbağanı qəhər bürüdü. Gözləri yaşardı. Qənbər onu götürdüyü yerə aparıb yeşikdən çıxartdı, yerə qoydu. Təsadüfən orada olan bir cırcırama tısbağanı yeşikdən düşərkən görüb təəccübləndi. Bala tısbağa da qarşısında cırcıramanı görəndə əvvəl duruxdu. Bir zamanlar cır səsli cırcıramanı görməyə gözü olmasa da, indi elə bil ona ən əziz olan bir kəsi görürdü. Sevinclə cırcıramanı qucaqladı, bağrına basdı. Sonra əyilib üzünü torpağa qoydu. Ana torpağın ətrini ciyərlərinə çəkdi. O anlar bala tısbağanın həyatında ən unudulmaz anlar idi.
         Nənə tısbağa bağın o başından tələsə-tələsə gəlib özünü yetirdi:
         – Ay bala, harda qalmısan, az qalırdı lap ürəyim partlasın.
         Bala tısbağa isə başqa aləmdə idi. Nənəsini qucaqladı, ağlamsındı. Səsi titrədi:
         – Nənə, sən düz deyirdin.
         – Nəyi, bala?
         – Vətəni atmaq olmaz.
         Nənə bala tısbağanın başına sığal çəkib dedi:
         – Mənim ağıllı balam.
         Beləliklə, bizim balaca tısbağa həyatının ən böyük dərsini aldı. Gözəl yerlər, gəzməli məkanlar çoxdur. Oralarda yaxşı münasibət, dadlı qidalar tapmaq olar. Amma qat-qat daha sevimli və uca bir məfhum var: VƏTƏN! Onu atmaq, satmaq olmaz. Onu dəyişmək mümkün deyil. Oranın suyu, torpağı, havası heç yerə bənzəmir. Hər bir kəs oranın – vətən torpağının bir hissəsi, bir zərrəsidir. Onun yediyi, içdiyi hər bir şeyi bu torpaq yetirir. Onun əti, qanı öz vətən torpağı ilə yoğrulub. Bir sözlə, hər bir kəs öz vətəninin övladıdır, balasıdır. ANA VƏTƏN hər bir şeydən əzizdir.
         
    Kəmalə Mirməcidli
    Категория: Qadın ve Aile | Добавил: media-islam (04.10.2008)
    Просмотров: 3186 | Комментарии: 1 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər